Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-60/2023 01.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zaur İkram oğlu, hakimlər X2 və Rzayev Məhəmmədəli Əsəd oğlundan ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2, Cavabdeh “X8” Məhdud Məsuliyyətli Cəmiyyətinin vəkili və nümayəndəsi Vəkil, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" X5 Cəmiyyətinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdeh “X8” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı verilmiş “icarə müqaviləsinin ləğv edilməsi və icarə haqqının ödənilməsi” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-273/2023 nömrəli, 30 dekabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh “X8” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. “X8” Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2021-ci il tarixdə daxil olmuş ərizəsindən görünür ki, “X8” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 430 kv.m qeyri-yaşayış sahəsinin 01 mart 2021-ci il tarixindən müvafiq qaydada sənədləşdirmə yolu ilə “X8” Məhdud Məsuliyyətli Cəmiyyətinə icarəyə verilməsi xahiş edilmişdir.
2. 25 fevral 2021-ci il tarixli icarə müqaviləsinə əsasən icarədar "xxxx" Açıq Səhmdar Cəmiyyəti ünvan 1 ünvanında yerləşən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ərazisindən 430 kv.metrlik sahəyə malik olan qeyri-yaşayış sahəsini müvəqqəti olaraq istifadə üçün icarəyə verməyi, icarəçi – “X8” Məhdud Məsuliyyətli Cəmiyyəti isə icarəyə götürdüyü sahəni qəbul edərək bu müqavilə ilə nəzərdə tutulmuş şərtlərə sözsüz əməl etməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin “X8” MMC-nin direktoru kimi qeyd olunmuş Nümayəndə1 adının yazıldığı qrafasında imza olsa da, müqavilə həmin MMC-nin möhürü ilə təsdiqlənməmişdir.
3. Həmin müqavilənin 2-ci bəndinə əsasən icarəçi aylıq icarə haqqını 1300 (bir min üç yüz) manat ƏDV-ilə birlikdə Cəmiyyətin bank hesabına köçürülmə yolu ilə ödəməyi öz öhdəsinə götürmüşdür.
4. Həmin müqavilənin 3-cü bəndinə əsasən icarə müddəti 01 mart 2021-ci il tarixdən 31 dekabr 2021-ci il tarixədək müəyyən olunmuşdur.
5. Həmin müqavilənin 5-ci bəndinə əsasən icarə haqqı icarəçi tərəfindən hər ayın 1dən 5-nə kimi mütləq qaydada "xxxx" Açıq Səhmdar Cəmiyyətinin bank hesabına ödənilməlidir, əks təqdirdə icarəçinin işçiləri və nəqliyyat vasitələrinin Cəmiyyətin ərazisinə buraxılmayacaqdır.
6. 15 noyabr 2021-ci il tarixli aktda göstərilir ki, "xxxx" ASC-nin Kadrlar şöbəsinin rəisi - Nümayəndə2, Mərkəzi anbarın rəisi - R.S.Allahverdiyevin, mühafizəçi - H.A.Həsənquluyevin, “X8” MMC-nin direktoru Nümayəndə1 və onunla iş birliyində olan "xxxx" MMC-nin baş anbardarı Ş.P.Soltanovun və "xxxx" ASC-dən avadanlıq üzrə mütəxəssis kimi dəvət olunmuş baş mühəndis R.Ə.Həsənovun iştirakı ilə “X8” MMC-nin "xxxx" ASC-dən götürdüyü 430 kv.m. anbarın icarə haqqını ödəmədiyi üçün (bu borc 11700 manat təşkil edir) yeni borcun yaranmamasının qarşısını almaq, eləcə də bu anbarın "xxxx" ASC-nin özünə ehtiyac olduğunu nəzərə alaraq, videoçəkiliş aparılmaqla həmin anbar açılmışdır. Açılmış anbara baxış keçirilən zaman “X8” MMC-nin direktoru Nümayəndə1 anbarda olan mal, material və avadanlıqların (avadanlıq TİMS 200 AXA - OSOD190175 - 51 ədəd; mebran – 14 ədəd kiçik ölçülü; mebran - 7 ədəd böyük ölçülü; dəzgah nasos - 1 ədəd; mebel aksesuarları - küllü miqdarda; parça materiallar; dekorativ güllər; taxta və karton materiallar və sair.) onunla iş birliyində olan "xxxx" MMCyə məxsus olduğunu bildirdi. Həmin mal, material və avadanlıqların anbardan boşaldılması üçün və "xxxx" ASC-yə olan 11700 manat borcun tezliklə ödənilməsi məqsədi ilə girov şəklində "xxxx" MMC-nin nümayəndəsi baş anbardar Ş.P. Soltanova təhvil verildi. "X8" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Nümayəndə1 aktın doğruluğunu öz imzası ilə təsdiq etmiş və aktda qeyd olunanlara etiraz etməmişdir (həmin Aktın surətini "X8" MMC-nin direktoru Nümayəndə1 almışdır).
Birinci instansiya məhkəməsindəki icraat
7. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdeh “X8” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “icarə müqaviləsinin ləğv edilməsi və icarə haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh "X8" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 25 fevral 2021-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi, 10 ay ərzində icarə haqqının ödənilməməsinə görə yaranmış 13000 (on üç min) manat məbləğində borcun, mediasiya ilə əlaqədar ödənilmiş 100 (yüz) manat məbləğində mediasiya xərci və 29 (iyirmi doqquz) manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh "X8" Məhdud Məsuliyyəli Cəmiyyəti arasında bağlanmış 25 fevral 2021-ci il tarixli icarə müqaviləsinə əsasən ünvan 2 ünvanında yerləşən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus 430 kv.m qeyri-yaşayış sahəsi 01 mart 2021-ci il tarixdən 31 dekabr 2021-ci il tarixinədək hər ayın 1-dən 5-nə kimi 1300 manat (ƏDV ilə birlikdə) icarə haqqı ödənilməsi şərti ilə cavabdeh "X8" Məhdud Məsuliyyətli Cəmiyyətinə icarəyə verilmişdir. Müqavilə bağlandığı gündən cavabdeh özünə məxsus əmlaklarını icarəyə götürdüyü qeyri-yaşayış sahəsinə gətirərək oradan istifadə etmişdir. İcarə müqaviləsində göstərilir ki, icarə haqqı "İcarəçi" tərəfindən hər ayın 1-dən 5-nə kimi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin bank hesabına ödənilməlidir. "X8" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbərliyinə dəfələrlə icarə haqqını və ƏDV-ni ödəməsi barədə bildirilsə də, cavabdeh bir müddət vaxt istəmiş, lakin icarə haqlarını ödəməmişdir. Müqavilə şərtləri pozulduğundan iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Mediasiya Şurasına müraciət edilmişdir. İlkin mediasiya sessiyasında iştirak etmək üçün iddiaçı tərəfindən 50 manat ödəniş edilmiş, cavabdeh mediasiya sessiyasının iclasında iştirak etmədiyinə görə onun əvəzinə yenidən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 50 manat xidmət haqqı ödənilməklə, ümumilikdə 100 manat xidmət haqqı Mediasiya Şurasına ödənilmişdir. Mediator tərəfindən mediasiya sessiyasında iştirak edilməməsi və 100 manat xidmət haqqının "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilməsi barədə arayış verilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti icarə müqaviləsinin tələblərinə əməl edərək cavabdeh "X8" Məhdud Məsuliyyətli Cəmiyyətinə müqavilənin ləğv edilməsinin və borcun ödənilməsinin təklif olunmasına dair pretenziya göndərmiş, cavabdeh 23 dekabr 2021-ci il tarixdə həmin pretenziyanı qəbul etsə də, icarə haqqını könüllü ödəməkdən yayınmış və icarə müqaviləsinin ləğv edilməsinə münasibət bildirməmişdir. Cavabdeh “X8” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2021-ci il tarixinə ümumilikdə 13000 manat borcu vardır.
9. Cavabdeh “X8” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Nümayəndə1 Exan oğlu “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə iddia tələbinə etiraz təqdim edərək iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh “X8” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı aralarında bağlanmış 25 fevral 2021-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi, 10 ay ərzində icarə haqqının ödənilməməsinə görə yaranmış 13000 (on üç min) manat borcun, 100 manat məbləğində ödənilmiş mediasiya xərcinin və 29 manat ödənilmiş dövlət rüsumunun cavabdeh “X8” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi tələbinə dair iddiasının əsassız sayılaraq təmin edilməməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Həmin etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, guya “X8” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə aralarında bağlanmış xx.xx.2021-ci il tarixli icarə müqaviləsinə əsasən “X8” Məhdud Məsuliyyətli Cəmiyyəti "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına xx.xx.2021-ci il tarixdən etibarən xx.xx.2021ci il tarixədək hər ay 1300 (min üç yüz) manat ödəməyi öhdəsinə götürmüş, həmin öhdəliyi yerinə yetirməmiş və nəticədə iddiaçıya 13000 (on üç min) manat borcu yaranmışdır. Lakin iddia həqiqətə uyğun deyildir. Belə ki, o, “X8” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri və qanuni nümayəndəsi olaraq belə bir müqaviləni nə imzalamış, nə də möhürlə təsdiq etmişdir. “X8” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2021-ci il tarixli icarə müqaviləsi ona 29 mart 2022-ci il tarixdə məhkəmənin iş materialları onun şəxsi kabinetinə yerləşdirdikdən sonra məlum olmuşdur. Əslində isə o, fevral ayının əvvəllərində anbar kimi istifadə etmək məqsədilə müəyyən bir sahə verilməsi üçün "xxxx" Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyi ilə şifahi olaraq razılaşmış, ilkin razılaşma üzrə əşyaların bir hissəsi boş olan anbarların birinə yığılmışdır. Təxminən bir həftə, on gün sonra-25 fevral 2021-ci il tarixdə o, şifahi razılaşmanı rəsmiləşdirmək məqsədilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin sədri O.Q.Xəlilova ərizə ilə müraciət edərək anbar kimi istifadə olunması məqsədilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin qeyri – yaşayış sahəsindən 430 kv.m sahəni xx.xx.2021-ci il tarixdən etibarən icarəyə verməsini xahiş etmişdir. Həmin tarixədək icarə qiymətindən xəbərsiz olmuşdur. O, ərizəni özü imzalayıb möhürlə təsdiqləyərək iddiaçıya təqdim etmişdir. Lakin aylıq icarə haqqının hər ay üçün 1300 (min üç yüz) manat olduğunu bildikdən sonra razılaşmayaraq heç bir müqavilə bağlamamış və öhdəlik götürməmişdir. Bir neçə gündən sonra isə gətirdiyi əşyaları anbardan çıxarmış, O.Q.Xəlilova anbarda qalan bir neçə stol-stulu qoymağa yeri olmadığını bidirmiş və bir müddətdən sonra həmin əşyaları da oradan götürərək anbarı təhvil vermişdir.
10. Məhkəmə araşdırması zamanı cavabdeh tərəfin etirazı nəzərə alınaraq, mübahisənin obyektiv həlli məqsədi ilə iş materiallarında olan 25 fevral 2021-ci il tarixli icarə müqaviləsindəki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 430 kv.m qeyri-yaşayış sahəsinin 01 mart 2021-ci il tarixindən “X8” Məhdud Məsuliyyətli Cəmiyyətinə icarəyə verilməsinin xahiş olunması barədə ərizədəki və 15 noyabr 2021-ci il tarixli aktdakı imzanın Nümayəndə1 tərəfindən icra olunub-olunmamasının müəyyən edilməsi üçün iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir.
11. 04 oktyabr 2022-ci il tarixli 4/1384 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş işin 102-ci vərəqində olan 15 noyabr 2021-ci il tarixli “Akt”ın aşağı hissəsində “Nümayəndə1” yazılarının qarşısındakı imza və həmin “Akt”ın arxa tərəfində “AKTİN SURƏTİN ALDİM Çıngız Eynalov” yazılarının yanındakı imza - Nümayəndə1 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, işin 34-cü vərəqində olan “Ərizə”də “Direktor:” qrafasında “Nümayəndə1” yazılarının yuxarı hissəsində olan imza - Nümayəndə1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.
12. Lakin 04 oktyabr 2022-ci il tarixli 4/1384 nömrəli ekspert rəyi verilərkən iş materiallarında olan 25 fevral 2021-ci il tarixli icarə müqaviləsindəki imzanın Nümayəndə1 tərəfindən icra edilib-edilmədiyi, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 430 kv.m qeyri-yaşayış sahəsinin 01 mart 2021-ci il tarixindən “X8” Məhdud Məsuliyyətli Cəmiyyətinə icarəyə verilməsinin xahiş olunması barədə ərizədəki və 25 fevral 2021-ci il tarixli icarə müqaviləsindəki imzanın eyni şəxs tərəfindən icra olunub-olunmaması müəyyən edilmədiyindən məhkəmənin 24 oktyabr 2022-ci il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir.
13. 01 dekabr 2022-ci il tarixli 4/1693 nömrəli ekspert rəyində göstərilir ki, ekspertizaya təqdim edilmiş işin 34-cü vərəqində olan “Ərizə”də “Direktor:” qrafasında “Nümayəndə1” yazılarının yuxarı hissəsində olan imza ilə işin 33-cü vərəqində olan 25 fevral 2021-ci il tarixli “İcarə müqaviləsi”də “İcarəçi” “X8” MMC hissəsində “Direktor:” qrafasında “Nümayəndə1” yazılarının qarşısında olan imza - öz aralarında eyni şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş işin 33-cü vərəqində olan 25 fevral 2021-ci il tarixli “İcarə müqaviləsi”də “İcarəçi” “X8” MMC hissəsində “Direktor:” qrafasında “Nümayəndə1” yazılarının qarşısında olan imza Nümayəndə1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.
14. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-273/2023 nömrəli, 30 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Həlimə Alıyeva) iddia tələbi qismən təmin edilmiş, cavabdeh "X8" Məhdud Məsuliyyətli Cəmiyyətindən 11700 manat məbləğində icarə haqqı borcu, mediasiya ilə əlaqədar ödənilmiş 100 manat məbləğində mediasiya xərci və dövlət rüsumu kimi ödənilmiş 29 manat məbləğində pul olmaqla, cəmi 11829 manat məbləğində pul vəsaitinin iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, cavabdeh “X8” Məhdud Məsuliyyətli Cəmiyyətindən dövlət nəfinə 96,1 (doxsan altı manat 10 qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 248 (iki yüz qırx səkkiz) manat məbləğində pul vəsaitinin cavabdeh “X8” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq X1 ödənilməsi qət edilmişdir.
15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qeyriyaşayış sahəsi ilə əlaqədar tərəflər arasında icarə münasibətləri mövcud olmuş, iddiaçı tərəfindən sözügedən qeyri-yaşayış sahəsi faktiki olaraq cavabdehə müvəqqəti olaraq istifadə üçün icarəyə verilmiş, cavabdeh isə öhdəliyini yerinə yetirməyərək 15 noyabr 2021-ci il tarixədək yaranmış 11700 manat məbləğində icarə haqqı borcunu ödəməmişdir. Məhkəmə iddia tələbini -"xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə “X8” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 25 fevral 2021-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi hissəsində əsassız olduğundan təmin etməmiş və hesab etmişdir ki, icarə müqaviləsinin müddəti 31 dekabr 2021-ci il tarixində bitdiyindən və eyni zamanda, 15 noyabr 2021-ci il tarixdə həmin sahə cavabdehin qanuni təmsilçisinin iştirakı ilə boşaldılaraq iddiaçıya qaytarılmış olduğundan müqavilənin məhkəmə qaydasında ləğv edilməsinə zərurət qalmır.
16. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 385.1, 675, 700.1, 425.1, 427.3, 442, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.4, 119.1,119.2ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.
17. Qətnamədən cavabdeh "X8" Məhdud Məsuliyyətli Cəmiyyəti apellyasiya şikayəti verərək, Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(119)-273/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunmasına dair yeni qətnamə qəbul edilməsini etmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
18. -"X8" MMC ilə iddiaçı arasında müqavilə yoxdur. - işə üçüncü şəxs kimi cəlb edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi məhkəmədə verdiyi ifadəsində onların cavabdehlə heç bir iş birliyinin olmaması, anbarda olan mal-materialın onlara aid olmasını sadəcə tanışlığa əsaslanaraq yağışdan xarab ola biləcək həmin mal-materialı müvəqqəti olaraq anbara yığdıqlarını bildirmişdir. Bundan başqa, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi cavabdehin anbardan nə qədər istifadə etdikləri barədə suala cavab verə bilməyəcəyini yəni bunu xatırlamadığını bildirmişdir. Lakin məhkəmə bu faktı nəzərə almamış və həmin mal-materialların anbarda saxlanılması üçün kirayə haqqını "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin deyil, cavabdehin üzərinə qoymuşdur. - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti illər öncə və hazırda da iddiaçının icarədarıdır. - 01 dekabr 2022-ci il tarixli 4/1693 nömrəli ekspert rəyində göstərilir ki, ekspertizaya təqdim edilmiş işin 33-cü vərəqində olan 25 fevral 2021-ci il tarixli “İcarə müqaviləsi”də “İcarəçi” “X8” MMC hissəsində “Direktor:” qrafasında “Nümayəndə1” yazılarının qarşısında olan imza Nümayəndə1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Göründüyü kimi sözügedən müqaviləyə nə cavabdehin rəhbəri, nə də vəkil etdiyi şəxs tərəfindən imza edilməməsinə baxmayaraq sonda yenə öhdəlik cavabdehin üzərinə qoyulmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh “X8” Məhdud Məsuliyyətli Cəmiyyətinin vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdi.
21. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi.
22. Məhkəmə kollegiyasının iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" X5 Cəmiyyətinin nümayəndəsi X6 məhkəmə qətnaməsinin qəbul olunmasını məhkəmə kollegiyasının mülahizəsinə buraxdığını bildirdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
23. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
24. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
25. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
26. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
27. Maddə 675. Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.
28. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
29. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)
32. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
33. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
34. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
35. Maddə 103.2. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır.
36. Maddə 206.1. Ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə, yaxud əlavə və ya təkrar ekspertiza təyini haqqında qərardadda əsaslandırılmalıdır.
37. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
38. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
39. Maddə 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)
40. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
41. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommmersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
43. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, “X8” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru (qanuni təmsilçisi) Nümayəndə1 tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 430 kv.m qeyri-yaşayış sahəsinin 01 mart 2021-ci il tarixindən müvafiq qaydada sənədləşdirmə yolu ilə “X8” Məhdud Məsuliyyətli Cəmiyyətinə icarəyə verilməsi barədə ərizə verilmiş, tərəflər arasında tərtib edilmiş 25 fevral 2021-ci il tarixli icarə müqaviləsi icarəçi olaraq “X8” MMC-nin direktoru Nümayəndə1 tərəfindən deyil, başqa şəxs tərəfindən imzalanmışdır. Lakin “X8” MMC-nin direktoru Nümayəndə1 da iştirakı ilə tərtib edilmiş və onun özü tərəfindən də imzalanaraq təsdiq edilmiş 15 noyabr 2021-ci il tarixli aktın məzmunu ilə müəyyən olunur ki, 15 noyabr 2021-ci il tarixində anbar açılan zaman iddiaçı "xxxx" ASC-yə məxsus 430 kv.m. anbarda cavabdeh “X8” MMC ilə iş birliyində olan "xxxx" MMC-yə məxsus müxtəlif avadanlıqlar olmuş və həmin tarixdə “X8” MMC-nin direktoru Nümayəndə1 da iştirakı ilə avadanlıqlar sonuncunun icarəsində olan sahə kimi qeyd olunan anbardan çıxarılmış və anbar iddiaçı "xxxx" ASC-nin faktiki sahibliyinə qaytarılmışdır. Həmin Aktda bu çıxarılmanın səbəbi kimi anbarın ödənilməyən icarə haqqı borcunun 11700 manat məbləğində olması və həmin məbləğin artmasının qarşısını almaq olduğu göstərilmişdir. Aktın məzmunu ilə təsdiq olunur ki, icarə obyektində cavabdeh “X8” MMC ilə iş birliyində olan "xxxx" MMC-yə məxsus avadanlıqlar saxlanılmaqla, həmin obyekt qeyd olunan dövrdə iddiaçının deyil, cavabdeh tərəfin faktiki sahibliyində və istifadəsində olmuş və Aktda qeyd olunan konkret hallara, o cümlədən də icarə haqqı borcunun “11700 manat məbləğində” olmasına və məlum icarə sahəsində cavabdehlə iş birliyində olan digər bir MMC-nin əmlakının saxlanılmasına həmin Aktla təsbit olunan hərəkətlərin yerinə yetirilməsində və Aktın tərtib olunaraq imzalanmasında bilavasitə iştirak edən cavabdeh “X8” MMC-nin direktoru Nümayəndə1 tərəfindən heç bir etiraz və irad, hər hansı bir fərqli mövqe bildirilməmişdir. Bununla da, cavabdeh “X8” MMC-nin direktoru Nümayəndə1 doğruluğunu öz imzası ilə təsdiq etdiyi və heç bir etiraz bildirmədiyi15 noyabr 2021-ci il tarixli Aktla və işin digər mübahisələndirilməyən halları ilə cavabdehin 11700 manat icarə haqqı borcu olması təsdiq olunmuşdur.
44. Məhkəmə kollegiyası apellyasiya şikayətinin "X8" MMC ilə iddiaçı arasında müqavilə olmaması ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, bu dəlil əsassızdır. Belə ki, iş materiallarında istinad olunan sənədlərlə və aktla müəyyən olunur ki, iddiaçı ilə cavabdeh arasında icarə münasibətləri olmuşdur.
45. Apellyasiya şikayətinin icarə haqqının cavabdehdən deyil, üçüncü şəxsdən tutulmalı olması, orada üçüncü şəxsin mallarının olması, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin illər öncə və hazırda da iddiaçının icarədarı olması ilə bağlı apellyasiya şikayətinin dəlillərini isə məhkəmə kollegiyası formal mülahizələr kimi qiymətləndirir. Belə ki, konkret halda cavabdehin hazırki mübahisə üzrə tərəf olmaması, icarə müqaviləsini səlahiyyətli nümayəndənin imzalamaması haqda dəlilləri ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir.
46. Cavabdeh “X8” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Nümayəndə1 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə ünvanlanmış iddia tələbinə etirazında və apellyasiya şikayətində “X8” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri və qanuni nümayəndəsi olaraq belə bir müqaviləni nə imzaladığını, nə də möhürlə təsdiq etdiyini bildirsə də, məhkəmə kollegiyası bu dəlilləri həqiqətə uyğun və məntiqli hesab etmir. Belə ki, “X8” MMC-nin direktoru Nümayəndə1 15 noyabr 2021-ci il tarixli aktın tərtib olunmasında iştirak etmiş, onun doğruluğunu öz imzası ilə təsdiq etmiş və aktda qeyd olunanlara etiraz etməmişdir.
47. İddia tələbinin "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə “X8” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 25 fevral 2021-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi hissəsi ilə bağlı isə məhkəmə kollegiyası hesab edir ki, həmin hissədə də birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Belə ki, icarə müqaviləsinin müddəti 31 dekabr 2021-ci il tarixində bitdiyindən və eyni zamanda, 15 noyabr 2021-ci il tarixdə həmin sahə cavabdehin qanuni təmsilçisinin iştirakı ilə boşaldılaraq iddiaçıya qaytarıldığından müqavilənin məhkəmə qaydasında ləğv edilməsinə zərurət qalmır.
48. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir.
49. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-273/2023 nömrəli, 30 dekabr 2022ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.