Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-62/2021 05.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Əhmədov Elman Məmməd oğlu və Babayeva Hökümə Çingiz qızından ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı “Term” Kompaniyasının Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, e-2-2(119)-41/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı “Term” Kompaniyası “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddiaçıya yazılmış 110 241 (yüz on min iki yüz qırx bir) manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş xx xxxxxxx 2019-cu il tarixli bildiriş-xəbardarlıq qaiməsində iddiaçı “Term” Kompaniyasının su borcunun 110241 manat olduğu göstərilmişdir və iddiaçı tərəf həmin hesablanmış borcla razı deyildir. Belə ki, Cavabdeh ASC-nin işçiləri tərəfindən iddiaçının su ilə təchiz olunan obyektinə hər ay bir, bəzi hallarda isə iki dəfə baxış keçirilərək, sayğacın hesabatlarına uyğun qaimələr təqdim edilmişdir. xx xxxx 2019-cu il tarixə su istifadəsinə görə cəmi 1807 manat borcun olması müəyyən edilmiş olsa da, xx xxxxxxx 2019-cu il tarixli bildiriş-xəbardarlıq qaiməsində bu rəqəmin 110 241 manat olduğu göstərilmişdir. Cavabdehin iddiaçıdan ödənilməsini tələb etdiyi 110241 manat məbləğin nəyə əsasən hesablanması aydın deyildir. 2017-ci ilin avqust aynın ilk həftəsində suölçmə cihazının elektron hissəsində nasazlıq olduğu üçün Kompaniyanın əməkdaşları tərəfindən Sumqayıt Sukanal İdarəsinin Sayğacların təmiri və servis şöbəsinə məlumat verilmiş və İdarə tərəfindən xx xxxxxx 2017-ci ildə suölçən cihaz açılaraq təmirə aparılmışdır. Təmir edildikdən sonra həmin sayğac 15/14244 nömrəli akta əsasən yenidən quraşdırılsa da, bir neçə gündən sonra cihazın elektron hesablama hissəsinin işləməməsi müəyyən edilmiş və həmin vaxtdan etibarən də suölçən cihazın mexaniki göstəriciləri əsasında Sumqayıt Sukanal İdarəsinin əməkdaşları tərəfindən təqdim olunan bildiriş əsasında su sərfiyatının haqqı hər ay ödənilmişdir. Bir müddət keçdikdən sonra suölcən cihazın mexaniki hissəsində nasazlıq yaranmış və bununla əlaqədar iddiaçı tərəf yenidən bu barədə Sumqayıt Sukanal İdarəsinin sayğacların təmiri və servisi şöbəsinə məlumat vermişdir. Həmin məlumat əsasında servis xidmətinin əməkdaşları gələrək suölçən cihazı açaraq aparmış və bir gün keçdikdən sonra suölçən cihazı qaytararaq, sayğacın mexaniki hissəsinin pərinə daş qırıntısı düşdüyündən işləmədiyini və istismara yararlı olduğunu bildirib, sayğacı yerinə quraşdırmışlar. Bundan sonra da su sərfiyyatının ödənişləri yuxarıda qeyd edilən qaydada aparılmışdır. 2019-cu ilin avqust ayında isə Kompaniyaya məxsus suölcən cihaz yenidən Sumqayıt Sukanal İdarəsinin əməkdaşları tərəfindən video çəkiliş edilərək açılmış və “X7” İdarəsinə aparılaraq, suölçən cihaza müdaxilə olunması barədə qanunsuz akt tərtib olunmuşdur. Halbuki suölçən cihaz ilk dəfə çıxarılıb aparıldıqda, Sukanal İdarəsinin əməkdaşları özləri üst qapaq plombunu qopararaq sayğacı təmir etmişlər. Suölçən cihaz çıxarılıb aparıldıqdan sonra sayğac gətirilib yerinə quraşdırılmadığına görə iddiaçı tərəfindən yeni suölçən cihaz alınaraq, Sukanal İdarəsinin əməkdaşlarının iştirakı ilə quraşdırılmışdır. xx xxxxxxx 2019-cü il tarixli su sərfiyyatının ödənilməsinə dair hesab fakturada isə 110241 manat sərfiyyat borcunun olması göstərilmişdir. Lakin həmin fakturada borcun əsasları qeyd olunmamışdır. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsinə etirazı onunla əsaslandırmışdır ki, iddiaçı "Term" Kompaniyası ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti arasında xx xxxxxx 2012-ci il tarixli müqavilə bağlanmışdır. Həmin Müqavilə şərtlərinə uyğun olaraq abonentin su təchizatı paylayıcı su şəbəkəsinə qoşulmuş d=100 mm olan boru vasitəsi ilə həyata keçirilir. Abonentin istifadə etdiyi suyun və axıdılmış tullantı sularının həcmi su xəttinin giriş nöqtəsində quraşdırılmış ölçmə cihazı (su sayğacı) göstəricilərinə görə təyin edilir. Müqavilənin 2.2.4-cü bəndinə əsasən abonent ölçü cihazlarına və digər tənzimləyicilərə vurulmuş plombların bütövlüyüni təmin edir, onları daim işlək vəziyyətdə saxlayır və eləcə də ölçü cihazlarını yoxlama dövrülüyünə uyğun olaraq dövlət yoxlamasından keçirir. Həmin Müqavilənin 2.2.5-ci bəndinə əsasən ölçü cihazlarının və tənzimləyici işində qüsurlar yarandıqda və yaxud, sıradan çıxdıqda, vurulmuş plomblar pozulduqda abonent növbəti gündən gec olmayaraq su təchizatı müəssisəsinə dərhal məlumat verir. Abonent sayğacın elektron hissəsinin işləməməsi ilə bağlı təchizatçı müəssisəyə müraciət etməsi ilə əlaqədar abonentin sayğaca məsul şəxsin, X6 İdarəsinin və yerli Sukanal idarəsinin əməkdaşlarının iştirakı ilə xx xxxxxx 2019-cu ildə sayğaca baxış keçirilmiş və həmin baxış zamanı tərtib edilmiş Akt əsasında sayğac şəbəkədən ayrılaraq, abonentin məsul şəxsinə təhvil verilmiş və laborator yoxlamasına göndərilmişdir. Sayğac Cavabdeh ASC X7 İdarəsinin “X4 Labaratoriyası” tərəfindən dövrü yoxlamaya qəbul olunaraq üzərində yoxlama və sınaq keçirilmişdir. Həmin labarotoriyanın xx xxxxxx 2019-cu il tarixli 30523/0046400 nömrəli Rəyində göstərilir ki, “Sayğacın mexaniki hissəsində olan plastik halqanın sırğasından zavod plombunun məftili keçməyib. Sayğacın mexanizmini kipləndirən vintlərin üzərində olan 3 ədəd qurğuşun möhürü yoxdur. Sayğacın hesablama mexanizmində müdaxilə aşkar olundu. Sayğac təmirə və istismara yararsızdır. Göründüyü kimi, sayğaca müdaxilə faktı laborator müayinəsinin nəticəsi olaraq müəyyən edilmişdir. İstehlakçı ilə su təchizatı və kanalizasiya müəssisə arasındakı qarşılıqlı münasibətləri və bununla əlaqədar yaranan digər məsələlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2014-cü il tarixli 262 №-li qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydaları” ilə tənzim olunur. Həmin Qaydalara əsasən suölçən cihazları onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun istismar etmək, istehlakçılara məxsus binalarda, mənzillərdə, fərdi yaşayış evlərində, həyətyanı sahələrdə quraşdırılmış suölçən cihazların işlək vəziyyətdə saxlanılmasını, o cümlədən üzərindəki plombların toxunulmazlığını təmin etmək, suölçən cihazlar və ya onlara vurulmuş plomblar hər hansı səbəbdən zədələndikdə (xarab olduqda), növbəti iş günündən gec olmayaraq, bu barədə STKM-i xəbərdar etmək sudan istifadə edən istehlakçıların vəzifələridir. Suölçən cihazların göstəricilərində istehlakçının təqsiri səbəbindən uyğunsuzluq (səhv) müəyyən edildikdə və (və ya) suölçən cihazların plombu zədələndikdə, istehlakçının vəsaiti hesabına suölçən cihazların növbədənkənar dövlət yoxlaması keçirilməlidir. Suölçən cihaza müdaxilə və pozuntu halları aşkar edildikdə, STKM suölçən cihazın sonuncu dəfə göstəricilərinin qeyd edilməsindən sonrakı dövr üçün sərf edilmiş suyun həcmini pozuntu aşkar edildikdə istehlakçının əvvəlki 12 (on iki) aylıq dövrdə (istehlak dövrü 12 (on iki) aydan az olduqda, faktiki istehlak dövrü üzrə) istifadə etdiyi orta istehlak normasına əsasən müəyyənləşdirir və hesablaşma aparır. Cavabdeh ASC su təchizatı və kanalizasiya xidmətləri sahəsində təbii inhisarçı olmaqla, gəlirləri bu fəaliyyətdən, yəni onun şəbəkə və qurğuları vasitəsi ilə istehlakçılara verilən içməli suyun dəyərindən formalaşır. Müvafiq olaraq Cəmiyyətin balansında olan şəbəkə və qurğulardan istifadə edən istehlakçının su sərfiyyatını ölçən sayğaca müdaxilə etməsi Cəmiyyətə ziyan vurur və belə istifadə halları Cəmiyyətlə sayğacdan kənar gizli istifadəyə yol verən istehlakçı arasında ziyan vurmaqla bağlı mülki-hüquq münasibətləri yaradır. Beləliklə, iddiaçının sudan qanunsuz istifadəsi nəticəsində Cavabdeh ASC-yə 12 aylıq müddətə hesablanmış 110 241 manat məbləğində maddi ziyan dəymişdir. Yaranmış 110241 manat borc mülki hüquq pozuntusundan irəli gələn borcdur və pozuntu aşkar edildiyi günədək bir il ərzində abonent tərəfindən sudan istifadə üzrə ödənilən məbləğ - hesablanan həmin dəymiş ziyan məbləğinə daxil deyildir. Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, e-2-2(119)- 41/2020 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddiaçı “Term” Kompaniyasına (abonent kodu: 150056) hesablanmış 110241 (yüz on min iki yüz qırx bir) manat məbləğində borcun silinməsi qət edilmişdir. (hakim Z.Sadiqov). Qətnamədən narazı qalan cavabdeh «Cavabdeh” Açıq Səhmdar Cəmiyyəti tərəfindən apelyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: Cavabdeh ASC su təchizatı və kanalizasiya xidmətləri sahəsində təbii inhisarçı olmaqla, gəlirləri bu fəaliyyətdən, yəni onun şəbəkə və qurğuları vasitəsi ilə istehlakçılara verilən içməli suyun dəyərindən formalaşır. Müvafiq olaraq, cəmiyyətin balansında olan şəbəkə və qurğulardan suyun sayğacdankənar istifadəsi cəmiyyətə ziyan vurur və belə istifadə halları cəmiyyətlə sayğacdankənar gizli istifadəyə yol verən istehlakçı arasında ziyan vurmaqla bağlı mülki-hüquqi münasibətlər yaratmış olur. İstehlakçı ilə su təchizatı və kanalizasiya müəssisə arasındakı qarşılıqlı münasibətləri və bununla əlaqədar yaranan digər məsələləri - “Su təchizatı və tullantı suları haqqında” AR Qanunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 262 №-li qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydaları” ilə tənzim olunur. “Su təchizatı və tullantı suları haqqında” Qanunun 31.5-ci maddəsinə əsasən su təchizatının düzgün ölçülməsini və qeydiyyatını təmin etmək məqsədi ilə suölçən cihazın yerinin dəyişdirilməsi, təmiri, çıxarılması, quraşdırılması, onun fəaliyyətinə mane olan amillərin aradan qaldırılması və ya hər hansı digər işlər su təchizatı müəssisəsinin səlahiyyətli nümayəndəsi tərəfindən və ya onun iştirakı ilə aparılır. Həmin qanunun 32.2-ci maddəsinə əsasən istehlakçı suölçən cihazların mühafizəsi tələblərinə əməl etmədikdə, su təchizatı müəssisəsinin səlahiyyətli nümayəndəsi istehlakçının vəsaiti hesabına onların təmirini, yenidən quraşdırılmasını və onların işinə mane olan səbəblərin aradan qaldırılmasını və ya su təchizatının ölçülməsi və düzgün qeydiyyatının təmin edilməsi üçün zəruri olan digər işləri yerinə yetirə bilər. Su ölçən cihazın göstəricisi pozulduğu halda su təchizatı müəssisəsi bu dövrdə istifadə olunmuş suyun həcmini əvvəlki müvafiq dövrdəki göstəricini nəzərə almaqla, borunun suburaxma qabiliyyətinə əsasən müəyyənləşdirir. Suölçən cihazın göstəricisinin pozulması dövrünün müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Sudan istifadə Qaydaları"nın 6.13-cü bəndinə əsasən Hüquqi şəxs olan istehlakçılar tərəfindən suölçən cihazın təmiz saxlanılmasına, avadanlığın qorunmasına, donvurmanın qarşısının alınmasına, su sayğacı və su xəttindəki siyirtmə, süzgəc üzərindəki plombların toxunulmazlığına cavabdeh olan şəxs müəyyən edilir. Həmin qərarın 6.15-ci bəndinə əsasən Suölçən cihaza müdaxilə və pozuntu (suölçən cihazın göstəricilərinin xətasının AİBNDA-nın müəyyən etdiyi normalardan artıq olması) halları aşkar edildikdə, STKM suölçən cihazın sonuncu dəfə göstəricilərinin qeyd edilməsindən sonrakı dövr üçün sərf edilmiş suyun həcmini aşağıdakı qaydada müəyyənləşdirir və hesablaşma aparır: Həmin qərarın 6.15.1-ci bəndinə əsasən istehlakçının müdaxiləsi halında Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq; Həmin qərarın 6.15.2-ci bəndinə əsasən pozuntu (suölçən cihazın göstəricilərinin xətasının AİBNDA-nın müəyyən etdiyi normalardan artıq olması) aşkar edildikdə isə istehlakçının əvvəlki 12 (on iki) aylıq dövrdə (istehlak dövrü 12 (on iki) aydan az olduqda, faktiki istehlak dövrü üzrə) istifadə etdiyi orta istehlak normasına əsasən. Həmin qərarın 6.16-ci bəndinə su təchizatı qurğularının, suölçən cihazın və onun üzərindəki plombun zədələnməsi halları aşkar olunduqda, habelə STKM-in nümayəndəsinin suölçən cihaza baxmasına istehlakçı tərəfindən lazımi şərait yaradılmadıqda, müvafiq akt tərtib edilir. Aktın bir nüsxəsi istehlakçıya təqdim edilir. Qeyd edirlər ki, birinci instansiya məhkəməsinin qətnaməsində yuxarıda qeyd olunan normalara istinad edilsə də, lakin işə baxan hakim özünəməxsus şəkildə ona qiymət vermişdir. Belə ki, işin araşdırılması zamanı, sayğaca müdaxilənin hansı formada baş verməsi sualına buna dair laborator rəyin olmasına və yaranacaq əlavə texniki suallara mütəxəssis tərəfindən ətraflı izahat verilə biləcəyini qeyd etmiş, bununla bağlı “Cavabdeh" ASC-nin X7 İdarəsinin Suölçən Cihazların Kalibrlənmə Laboratoriyasının mühəndisi İlqar Kərimov məhkəmə prosessinə dəvət edilmiş və şahid qismində dolğun və ətraflı izahat vermişdir. Beləliklə su sayğacına müdaxilə işin mübahisələndirilməyən halıdır. İddiaçı sayğaca müdaxilə faktı ilə razılaşmır və qüsurun tərəfindən edilmədiyini bəyan edir. Bununla bağlı bir daha qeyd edilir ki, yuxarıda qeyd edilən Qaydalarda sayğacla bağlı baş verəcək hər hansı bir məsuliyyətin bütövlüklə cavabdeh olan müəssisənin üzərinə düşdüyü qeyd edilir. Digər tərəfdən dəymiş zərər məbləğinin həddən artıq olması fikrinə gəldikdə isə qeyd edilir ki, istehlakçı müəssisədə sayğac xx xxxxxx 2017-ci il tarixdə 15/14244 nömrəli aktla istismara təhvil verilmiş, həmin müddətdən sonra "TERM" Kompaniyası su sayğacını dövrü dövlət yoxlamasından keçirməli olduğu halda bunu etməmiş və yalnız təchizatçı müəssisənin xəbərdarlığından sonra razılıq verərək sayğacı dövrü dövlət yoxlamasına göndərmişdir. Daha sonra laborator yoxlamasının rəyinə əsasən sayğaca müdaxilə faktı müəyyən edilmiş, dəymiş zərər məbləği hesablanaraq abonentə təqdim edilmişdir. Tərəflərin izahatları: Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X8 oğlu apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini xahiş etdi. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, müvafiq qanunvericilik aktlarına əsasən yoxlamalar keçirilərsə, bu yoxlamalar müəyyən müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmalıdır. Cavabdeh tərəfrindən aparılmış yoxlama yoxlamaların vahid reyestrində qeydiyyatdan keçirilməmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apelyasiya şikayətinin dəlillərini araşdıraraq, iddiaçının və cavabdehin nümayəndəsini dinləyərək, hesab edir ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və bu zaman ona əsaslanmışdır ki, hazırkı mübahisə üzrə aparılan məhkəmə araşdırması zamanı xx xxxxxx 2019-cu il tarixli Akt əsasında şəbəkədən çıxarılaraq yoxlamaya göndərilmiş sayğacda müəyyən edilən nöqsanlara görə su sayğacı tərəfindən su təchizatının sərfiyyatının düzgün hesablamaması mötəbər subutlar əsasında müəyyən olunmamışdır. Halbuki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə görə bu halları sübut etmək vəzifəsi cavabdeh «Cavabdeh” Açıq Səhmdar Cəmiyyətinin üzərinə düşür. Bununla belə, məhkəmə araşdırması zamanı xx xxxxxx 2019-cu il tarixli Akt əsasında şəbəkədən çıxarılaraq yoxlamaya göndərilmiş sayğacda xx xxxxxx 2019-cu il tarixli Rəylə müəyyən edilən qüsurlara görə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddiaçı "Term" Kompaniyasına 110241 manat məbləğində dəymiş zərər qismində borcun hesablanmasının əsaslılığı müəyyən olunmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin məvqeyi ilə razılaşır və aşağıdakıları qeyd edir. İş materiallarından görünür ki, iddiaçı “Term” Kompaniyasına (VÖEN **********) məxsus qeyri-yaşayış sahəsinin su təchizatı xx xxxxxx 2012-ci ildən etibarən Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə “Su təchizatı və kanalizasiya xidmətlərinə dair qeyri-əhali istehlakçıları üçün” Müqavilə (abonent kodu: 150056) əsasında həyata keçirilir və həmin Müqavilədə müvafiq olaraq tərəflərin, yəni “İstehlakçı” (abonent) olaraq “Term”xxxx“Müəssisə” (təchizatçı) olaraq Cavabdeh ASCnin hüquqları və öhdəlikləri təsbit olunmuşdur. İş materiallarında olan xx xxxxxx 2017-ci il tarixli 15/14244 nömrəli “Quraşdırılan, dəyişdirilən və təmir olunan su sayğacının istismara qəbuluna dair” Akta əsasən müəyyən olunur ki, istehlakçı “Term” Kompaniyasına məxsus obyektə 16avqust 2017-ci ildə “Alfasu100” markalı 50130523 nömrəli su sayğacı quraşdırılmışdır. İş materiallarında olan xx xxxxxx 2019-cuil tarixli Aktın müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ASC-nin əməkdaşları tərəfindən “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq xx xxxxxx 2019-cu ildə Sumqayıt şəhərinin 44-cü məhəlləsində yerləşən istehlakçı “Term” Kompaniyasına məxsus obyektin “su təchizatı və kanalizasiya sisteminə” baxış keçirilmiş və baxış zamanı tərtib edilmiş xx xxxxxx 2019-cu il tarixli Aktda “Sayğacın elektron hissəsi işlək deyil. Mexaniki hissə işləkdir. Sayğacın Cavabdeh loqolu plombu və zavod möhürü üzərindədir” qeydləri yazılmışdır. İş materiallarında olan Cavabdeh Açıq Səhmdar Cəmiyyəti Nəzarət-Ölçü Cihazları İdarəsinin X4 Laboratoriyasının xx xxxxxx 2019-cu il tarixli 30523/0046400 nömrəli Rəyindən görünür ki, “sayğacın mexaniki hissəsində olan plastik halqanın sırğasından zavod plombunun məftili keçməyib. Sayğacın mexanizmini kipləşdirən vintlərin üzərində olan 3 ədəd qurquşun möhür yoxdur. Sayğacın hesablama mexanizmində müdaxilə aşkar olundu. Sayğac təmirə və istismara yararsızdır”. İş materiallarında olan xx xxxxxxx 2019-cu il tarixli 02/04836 nömrəli “Quraşdırılan, dəyişdirilən və təmir olunan su sayğacının istismara qəbuluna dair” Aktın müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ASC-nin əməkdaşları tərəfindən istehlakçı “Term” Kompaniyasına məxsus obyektə xx xxxxxxx 2019-cu ildə CTB-100YD markalı 00202522 nömrəli yeni su sayğacı quraşdırılmışdır. İş materiallarında olan xx xxxxxxx 2019-cu il tarixli ********* nömrəli Hesab Fakturadan görünür ki, “Term” Kompaniyasının 18 faiz ƏDV olmaqla qrunt suyu üçün 81 manat, sudan istifadə üzrə 55080 manat və çirkab suların axıdılması üzrə 55080 manat hesablanaraq, xx xxxxxxx 2019-cu il tarixinə cəmi 110241 (yüz on min iki yüz qırx bir) manat məbləğində ümumi borc müəyyən edilmişdir. İş materiallarında olan “Term” Kompaniyasının su təchizatı ilə əlaqədar tərtib edilmiş Abonent haqqında Məlumatlardan görünür ki, qüsurlu olduğu üçün xx xxxxxx 2019-cu ildə çıxarılmış sayğac tərəfindən və eləcə də, xx xxxxxxx 2019-cu ildə quraşdırılmış sayğac tərəfindən istifadə olunan suyun hesabatı aparılmış və həmin hesabatlar müvafiq dövrləri əhatə edən aylar üzrə bir-birindən əhəmiyyətli dərəcədə fərqlənmir (məsələn, köhnə sayğacın dövründə - 2019-cu ilin may ayında 721 m3, iyun ayında 1110 m3 və iyul ayında 859 m3. Yeni sayğacın dövründə - 2019-cu ilin noyabr ayında 250 m3 və dekabr ayında 520 m3, 2020-ci ilin yanvar ayında 575 m3 və fevral ayında 600 m3). Yəni, sayğacın 2019cu ilin oktyabr ayında yenisi ilə əvəz olunmasına baxmayaraq, köhnə və yeni sayğaclar tərəfindən hesablanmış aylıq hesablanan sərfiyyatlarda kəskin artma və ya azalma müşahidə olunmamışdır. Hətta, qüsurlu olduğu üçün çıxarılmış sayğacın hesabat apardığı sonuncu aylarda, məsələn 2019-cu ilin may ayında - 721 m3, iyun ayında - 1110 m3 və iyul ayında - 859 m3 su sərfiyyatının olmasının ölçüldüyü halda, quraşdırılmış yeni sayğac tərəfindən hesabatın aparıldığı 2019-cu ilin noyabr ayında - 250 m3 və dekabr ayında - 520 m3, 2020-ci ilin yanvar ayında - 575 m3 və fevral ayında - 600 m3 sərfiyyat hesablanmışdır. İş materiallarında olan Müştəri xidmətləri şöbəsinin Fakturalama qrupunun Su kəməri təsərrüfatında nəzarətçisinin Peşə Təlimatına əsasən əhali və qeyri-əhali abonentləri tərəfindən su kəmərində istifadə qaydalarına və normalarına riayət olunmasına, quraşdırılmış smart kartlı tipli sayğac göstəricisinin oxunmasını həyata keçirərək onların düzgün işləməsinə nəzarət etmək (2.1-ci bənd), ayda bir dəfədən az olmayaraq su ölçmə cihazlarının göstəricilərini müvafiq oxuma kodu ilə bazaya daxil etmək və əvvəlcədən təsdiq edilmiş oxuma kodlarından düzgün istifadə etmək (2.5-ci bənd), su təchizatı və kanalizasiya xidmətlərindən qeyri-qanuni istifadə edən istehlakçıları ilkin olaraq aşkara çıxarmaq və müvafiq tədbirlər görmək (2.7-ci bənd), əhali və qeyri-əhali abonentlərinə quraşdırılmış smart kart tipli sayğac göstəricisinin oxunmasını həyata keçirmək, onların düzgün işləməsinə nəzarət etmək (2.8-ci bənd) və su sayğacı olmadıqda, yaxud işləmədikdə hesabatın müvafiq qaydada aparılmasını təmin etmək (2.9-cu bənd) nəzarətçinin vəzifələridir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, təchizatçı Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə istehlakçı "Term" Kompaniyası arasında bağlanmış xx xxxxxx 2012-ci il tarixli müqavilə əsasında sonuncunun su təchizatı paylayıcı su şəbəkəsinə qoşulmuş və bununla əlaqədar xx xxxxxx 2017-ci ildə sayğac quraşdırılmışdır. xx xxxxxx 2019-cu ildə isə həmin sayğac qüsurlu olduğu üçün müvafiq qaydada çıxarılaraq laboratoriya şəraitində yoxlanışa göndərilmiş və həmin yoxlama zamanı sayğacın qüsurlu və istismara yararsız olduğu müəyyən edilmişdir. Məlum yoxlama nəticəsində “sayğacın mexaniki hissəsində olan plastik halqanın sırğasından zavod plombunun məftili keçməyib. Sayğacın mexanizmini kipləşdirən vintlərin üzərində olan 3 ədəd qurquşun möhür yoxdur. Sayğacın hesablama mexanizmində müdaxilə aşkar olundu. Sayğac təmirə və istismara yararsızdır” rəyi verilmiş və bununla əlaqədar məlum qüsurun müəyyən edildiyi dövrdən əvvəlki 12 aylıq dövr üçün cəmi 110241 manat məbləğində dəymiş zərər hesablanmışdır. Kollegiya qeyd edir ki, həmin sayğacın mütəmadi olaraq yoxlanılması və nəzarət edilməsi cavabdeh «Cavabdeh” Açıq Səhmdar Cəmiyyətinin müvafiq struktur bölməsinə aid nəzarətçinin səlahiyyətində olmuş və həmin nəzarətçi iş materiallarında istinad olunan vəzifə təlimatına uyğun olaraq ayda bir dəfədən az olmayaraq keçirilən yoxlama zamanı həmin sayğacda heç bir qüsur (rəydə qeyd olunan qüsurlardan hər hansı birini) aşkar etməmişdir. İstehlakçının sudan istifadəsinin miqdarını və digər göstəricilərini əks etdirən Abonent haqqında Məlumatlarda olan göstəricilərlə isə müəyyən olunur ki, məlum sayğac istehlakçı tərəfindən istifadə edilən suyun hesabatını aparmış və bu hesabatlarda əks olunan rəqəmlər quraşdırılmış yeni sayğacın aylar üzrə apardığı hesabatdan az olmamışdır, hətta artıq olmuşdur. Köhnə sayğac isə şəbəkədən ayrıldığı vaxtdan əvvəlki ayda da, yəni 2019-cu ilin iyul ayında da işlək vəziyyətdə olmuş və su sərfiyyatının qeydiyyatını aparmışdır. «Su təchizatı və tullantı suları haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin 1-ci bəndinə əsasən, fiziki və hüquqi şəxslər bu Qanunda və digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş qaydada və şərtlərlə su ehtiyatlarından istifadə etmək və bu məqsədlə su kəmərləri və kanalizasiya qurğularını tikmək və istismar etmək, tullantı sularını və tullantıları atmaq hüquqlarına malikdirlər. Həmin Qanunun 5-ci maddəsinin 3-cü bəndinə əsasən, su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqı müqaviləsinin nümunəsi, suyun qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, suyun keyfiyyəti, suyun dəyərinin ödəmə şərtləri və digər məsələlər sudan istifadə qaydaları ilə tənzimlənir. Sudan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 30-cu maddəsinə əsasən, su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçıdan tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 1.6-cı bəndinə əsasən, su təchizatı və kanalizasiya müəssisəsi tərəfindən göstərilən su təchizatı və tullantı sularının axıdılması xidmətləri üçün istehlakçı ilə su təchizatı və kanalizasiya müəssisəsi arasında bağlanılmış alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin Qaydaların 2.1.3-cü və 2.1.5-ci bəndlərinə əsasən, fiziki şəxs olan istehlakçılar istisna olmaqla, digər istehlakçıların istismarında olan su qurğularına 6 (altı) ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etmək, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirmək və aktın bir nüsxəsini istehlakçıya təqdim etmək, istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcmini smart-kart tipli olmayan suölçən cihazın göstəricilərinə əsasən, suölçən cihaz quraşdırılmadıqda isə bu Qaydaların 7.2-ci bəndinə uyğun olaraq müəyyənləşdirmək su təchizatı və kanalizasiya müəssisəsinin (bundan sonra - STKM) vəzifəsidir. Kollegiya qeyd edir ki, laborator yoxlama zamanı qeyd olunan qüsurun iddiaçının təqsirli hərəkəti nəticəsinə yaranması iş materialları ilə təsdiqlənmir. Cavabdeh tərəf isə məlum borc məbləğini əvvəlki 12 ay üçün iddiaçıya hesablasa da, istinad olunan abonent haqqında məlumatın aylarla sərfiyyatının müqayisəsi göstərir ki, iddiaçı tərəfindən həmin dövr üzrə kəskin surətdə fərqlənən istifadə müşahidə olunmamışdır. Bundan başqa, «Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2010-cu il tarixli Fərmanının 1.2-ci bəndində sahibkarlıq sahəsində yoxlamaların mütəmadiliyi haqqında məlumatın əldə edilməsini mümkün edən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılan vahid məlumat reyestrinin formasını və aparılması qaydasını hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi qərara alınmışdır. Həmin Fərmanın 2-ci bəndində isə göstərilmişdir ki, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama bu Fərmanın 1.2-ci bəndində göstərilən reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə»nin 1.1-ci bəndində qeyd edilir ki, bu Əsasnamə «Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 aprel tarixli, 246 nömrəli Fərmanının 1.2-ci bəndinə uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin formasını, habelə onun aparılması, istifadə edilməsi və məlumatların mühafizəsi qaydalarını müəyyən edir. Həmin Əsasnamənin: - 1.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. - 1.5-ci bəndinə əsasən, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. - 1.6-cı bəndinə əsasən, yalnız sərhəd-buraxılış məntəqələrində keçirilən yoxlamalar, dəniz və hava limanlarında nəzarətdən irəli gələn yoxlamalar və dövlət mülkiyyətində olan müəssisələrin idarəetməyə verilməsi barədə müqavilələrdən irəli gələn yoxlamalar reyestrdə qeydiyyata alınmır. - 5.2-ci bəndinə əsasən, yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır. -7.1-ci bəndinə əsasən yoxlayıcı orqanların vəzifəli şəxsləri Reyestrdə qeydiyyatdan keçməyən və ya bu Əsasnamənin tələbləri pozulmaqla yoxlamaların aparılmasına görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Qeyd olunan Əsasnamənin tələbinə görə sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik yoxlayıcı orqanlar sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməli, habelə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yoxlayıcı orqan tərəfindən yalnız reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilməlidir. Kollegiya qeyd edir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunda da qanunverici eyni məqsəd güdmüş, yoxlayıcı orqanların apardıqları hər bir yoxlama barədə məlumatı Qanunda nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borclu olduqları öz əksini tapmışdır. Belə ki, həmin Qanunun 1.1.1-ci maddəsində qeyd edilir ki, sahibkarlıq sahəsində aparılan yoxlama (bundan sonra-yoxlama) - yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusudur. Yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur. Qeyd edilən Qanunun 3.1 və 3.2-ci maddələrində də həmçinin təsbit edilmişdir ki, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 31.2 və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Yuxarıda sadalanan normativ aktların təhlili göstərir ki, yoxlayıcı orqanlar (hazırkı halda Cavabdeh ASC tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlamaların reyestrdə qeydiyyata alınması üçün onlar bu barədə məlumatı Ədliyyə Nazirliyinə verməyə borcludurlar. Hazırkı işin hallarından isə görünür ki, Cavabdeh ASC tərəfindən "Term" Kompaniyasına məxsus su sayğacına baxış keçirilməsi ilə bağlı yoxlama sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmadan keçirilmişdir. Halbuki, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçirilməməsi, barəsində yoxlama aparılan şəxs üçün hər hansı hüquqi nəticə yarada və onun barəsində məsuliyyət tədbirlərinin tətbiqi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, istinad olunan həmin Qanunun 2-ci maddəsində təsbit edilmişdir ki, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Bu Qanun (bu Qanunun 3.2-ci, 7.1- 7.3-cü, 7.5-7.10-cu, 8-ci, 11.1-ci, 12-ci, 13-cü və 34.1-ci maddələri istisna olmaqla) vergi yoxlamalarına şamil edilmir. Dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. Qanunun 2.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. Qanunun 17.3-cu maddəsinə əsasən yoxlayıcı orqan tərəfindən plan üzrə (növbəti) yoxlamanın başlanmasına ən azı beş iş günü qalmış sahibkara yoxlamanın aparılması haqqında qərarın surəti, həmçinin yoxlama zamanı sahibkarın və yoxlayıcı orqanın hüquq və vəzifələrinin izahı göndərilir. Plandankənar (növbədənkənar) yoxlamanın aparılması haqqında qərar sahibkara yoxlamanın başlandığı an təqdim edilir. Qanunun 20.1-ci maddəsinə əsasən yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh ASC tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Göstərilənlərlə bağlı məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, e-2-2(119)-41/2020 saylı qətnaməsi qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Hazırki işə apelyasiya qaydasında baxılması üçün «Cavabdeh” Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 15 manat məbləğində dövlət rüsumu apelyasiya şikayətinin təmin edilməməsi səbəbindən onun özünə aid edilməlidir. NƏTİCƏ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh «Cavabdeh” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, e-2-2(119)- 41/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh «Cavabdeh” Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 15 manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: ünvan 2mmersiya Kollegiyasına (ünvan: ünvan 3
Məhkəmə qərarları › İş №2-2(105)-62/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-62/2021
05.04.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver