Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-62/2024 02.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Daxı̇ li İ̇şlər Nazı̇ rlı̇ yı̇ nin Baş Mühafı̇ zə İ̇darəsinin Cavabdeh Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinə qarşı kommersiya işi üzrə (Açar sözlər: iddia ərizəsinin geri qaytarılması) X2 Süleymanovanın sədrliyi və məruzəsi, X3 Məmmədov və X1 ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Daxı̇ li İ̇şlər Nazı̇ rlı̇ yı̇ nin Baş Mühafı̇ zə İ̇darəsinin Cavabdeh Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinə qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 02 aprel 2024-cü il tarixli, e-2-2(119)-621/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Cavabdehnə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmişdir.
2. Sumqayıt Kommersiya Məhkəməsinin 02 aprel 2024-cü il tarixli e-2-2(119)- 621/2024 nömrəli qərardadı ilə (hakim Həlimə Alıyeva) həmin iddia ərizəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.2-ci və 284-3.5-ci maddələrinin tələblərinə əsasən iddiaçıya geri qaytarılmışdır.
3. İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Sumqayıt Kommersiya Məhkəməsinin 02 aprel 2024-cü il tarixli e-2-2(119)-621/2024 nömrəli qərardadından şikayət verərək həmin qərardadın ləğv edilməsini, iddia ərizəsinin icraata götürülüb müvafiq prosessual hərəkətlərin edilməsini xahiş etmişdir.
4. Sumqayıt Kommersiya 04 aprel 2024-cü il tarixli e-2-2(119)-621/2024 nömrəli qərardadı ilə (hakim Həlimə Alıyeva) iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin Sumqayıt Kommersiya Məhkəməsinin 02 aprel 2024-cü il tarixli e- 2-2(119)-621/2024 nömrəli qərardadından verdiyi şikayətin təmin edilməməsi, həmin qərardadın qüvvəsində saxlanılması, şikayətin iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
5. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 10-1.1, 151.1, 149.1, 73.1, 73.4, 74.2, 152.1.2, 284-3.5, 149-152, 263, 264, 267 və 268-ci maddələrinin tələblərinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
6. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
a) Şikayətin dəlilləri :
7. İddiaçı Azərbaycan Respublikası Daxı̇ li İ̇şlər Nazı̇ rlı̇ yı̇ nin Baş Mühafı̇ zə ̇İdarəsi şikayəti onunla əsaslandırmışdır ki, Mülki Prosessual Məcəllənin tələblərinə görə iddia ərizəsinin imzalanması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 152.1.2-ci maddəsinə əsasən, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda - iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Təqdim edilmiş etibarnamənin mətninin 3-cü sətrinə diqqətlə nəzər yetirdikdə iddia ərizəsinin imzalanması barədə səlahiyyətin olduğu müəyyən edilir. Ona görə də məhkəmənin qərardadı əsassız və qanunsuzdur. Əlavə edilmiş sənədlərdən də görünür ki, əvvəlki mübahisələrdə də eyni məzmunlu etibarnamə Bakı Kommersiya Məhkəməsinə təqdim edilmiş, həmin məhkəmədə hakimlər işə baxıb, qətnamə qəbul etmişdir. Odur ki, şikayətin təmin edilməsi, Sumqayıt Kommersiya Məhkəməsinin e-2- 2(119)-621/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadının tam ləğv edilməsi, iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Cavabdehnə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinin icraata götürülüb müvafiq prosessual hərəkətlərin edilməsi xahiş olunur.
b) Şikayətə qarşı etirazın dəlilləri
8. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
9. Apellyasiya baxışının hədləri Şikayətdən görünür ki, apellyator Sumqayıt Kommersiya Məhkəməsinin 02 aprel 2024-cü il tarixli, e-2-2(119)-621/2024 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Odur ki, kollegiya Sumqayıt Kommersiya Məhkəməsinin 02 aprel 2024-cü il tarixli, e- 2-2(119)-621/2024 nömrəli qərardadının tam yoxlanılmasını vacib hesab edir.
Tətbiq edilən hüquq
10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Maddə 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Maddə 149.1. İddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Maddə 73.1. Nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. Madə 73.4. Hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxsin imzası ilə həmin hüquqi şəxsin möhürü vurulmaqla verilir. Maddə 74.2. İddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Maddə 152.1.2. İddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda - iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Maddə 284-3.5. Ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Maddə 152.4. İddia ərizəsinin qaytarılması - nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Maddə 398.0.2. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Maddə 400. Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.
11. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Sumqayıt Kommersiya Məhkəməsinin 02 aprel 2024-cü il tarixli, e-2-2(119)- 621/2024 nömrəli və bununla bağlı 04 aprel 2024-cü il tarixli, e-2-2(119)-621/2024 nömrəli qərardadları ləğv edilməli, iddia ərizəsinin icraata qəbul edilməsi məsələsi yenidən müzakirə edilməsi üçün kommersiya işi Sumqayıt Kommersiya Məhkəməsinə qaytarılmalıdır. Belə ki, göründüyü kimi birinci instansiya məhkəməsi iddia ərizəsi və əlavə edilmiş sənədlərin qaytarılmasına dair mövqeyini onunla əsaslandırmışdır ki, “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə verilmiş iddia ərizəsi elektron imza ilə Qanuni nümayəndə tərəfindən imzalanmış olsa da, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş etibarnamədə həmin şəxsin iddia ərizəsini imzalamaq səlahiyyətinin olması göstərilməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin tələblərinə görə iddia ərizəsinin imzalanması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. İddiaçı birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmamış və şikayətin dəlili olaraq etibarnamənin mətnində nümayəndənin iddia ərizəsinin imzalanması barədə səlahiyyətinin olduğunu göstərmişdir. Məhkəmə kollegiyası şikayətin dəlilini əsaslı və qanuni hesab edir və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən qərardad qəbul edildikdə prosessual qanunun tələblərinin pozuntusuna yol verilmişdir. İş materiallarında olan Etibarnamənin mətnindən görünür ki, iddiaçı İdarə tərəfindən nümayəndəyə iddia ərizəsi vermək səlahiyyəti verilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab edilməməklə, şikayət qismən təmin edilməli, qərardad ləğv edilməli, qərardadda göstərilən xüsusatlar araşdırılmaqla iddia ərizəsinin icraata qəbul edilməsi məsələsi yenidən müzakirə edilməsi üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, ərizənin geri qaytarlıması barədə məhkəmə qərardadı ləğv edilməli olsa da, apellyasiya instansiya məhkəməsi hazırkı halda iddianın icraata qəbul edilməsi barədə qərardad qəbul etməkdə haqlı deyildir. Belə ki, iddianın mümkünlüyü məsələsi yalnız mübahisələndirilən halla bağlı deyildir. İddianın icraata qəbul edilməsi üçün digər əsasların da mövcudluğu tələb olunur və bu hallar araşdırılaraq qiymət verilməlidir. Hazırkı halda birinci instansiya məkəməsinin mübahisələndirilən qərardadı ilə prosessual qanunvericilikdə nəzərədə tutulan digər əsaslara qiymət verilməsi görünmür. Odur ki, birinci instansiya məhkəməsi tərəfindən iddia ərizəsinin icraata qəbul edilməsi məsələsi yenidən müzakirə edilərək iddianın mümkünlüyü məsələsinə qiymət verilməlidir.
12. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
Azərbaycan Respublikası İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Sumqayıt Kommersiya Məhkəməsinin 02 aprel 2024-cü il tarixli, e-2-2(119)-621/2024 nömrəli və bununla bağlı 04 aprel 2024-cü il tarixli, e-2-2(119)-621/2024 nömrəli qərardadları ləğv edilsin və iddia ərizəsinin icraata qəbul edilməsi məsələsi yenidən müzakirə edilməsi üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.