Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-64/2022 26.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbi barədə kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-1014/2021 saylı, 16 dekabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs -Cavabdeh (VÖEN: 4********) arasında 20 avqust 2018-ci il tarixdə Alkoqollu içkilərin satışına dair 76 saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən satıcı alkoqollu içkiləri alıcıya satır, alıcı isə öz növbəsində malları təhvil alıb, dəyərini razılaşdırılmış qaydada və müddətdə (lakin mallar alındığı vaxtdan 30 (otuz) gündən gec olmayaraq) və müəyyən olunmuş qiymətlərə əsasən satıcıya tam ödəməyi öz öhdəsinə götürür. Qeyd olunan müqaviləyə əsasən, cavabdeh iddiaçıdan müxtəlif tarixlərdə ona məxsus alkoqollu içkiləri dəyərini razılaşdırılmış müddətdə və qiymətlərə əsasən iddiaçıya ödəmək şərti ilə almışdır. Həmin malların alınmasına dair müxtəlif qaimələr, o cümlədən xx.xx.2019-cu il tarixli, Seriya: EAAU № 617730 (10.207,85 manat); xx.xx.2019-cu il tarixli, Seriya: EBAD № 847863 (4.210,89 manat) və xx.xx.2019-cu il tarixli, Seriya: EBAE № 647837 (25.888,79 manat) elektron qaimələr tərtib olunmuş, mallar cavabdehə təhvil verilmiş (təhvil alınmasına dair qaimələrdə müvafiq qeyd aparılmışdır) və qaimələrə uyğun olaraq müəyyən ödənişlər aparmışdır. Əvvəllər tərtib edilmiş qaimələr üzrə ödənişlər aparılsa da, Seriya: EAAU № 617730 (10.207,85 manat) qaimə üzrə qismən - 4.707,85 (dörd min yeddi yüz yeddi manat səksən beş qəpik) manat ödəniş edilmiş (qalıq 5.500 manat), Seriya: EBAD № 847863 (4.210,89 manat) və Seriya: EBAE № 647837 (25.888,79 manat) elektron qaimələr üzrə isə ümumiyyətlə ödəniş aparılmamışdır. Hazırda alıcının satıcıya elektron qaimələr üzrə ödənilməmiş cəmi 35.598,79 (otuz beş min beş yüz doxsan səkkiz manat yetmiş doqquz qəpik) manat borcu qalmışdır. Ötən dövr ərzində həmin mallara dair ödənişin aparılması ilə bağlı cavabdehə dəfələrlə şifahi şəkildə mövcud borcun ödənilməsi bildirilmiş, həmçinin xx.xx.2021-ci il tarixli, 26 saylı Pretenziya məktubu göndərilmiş, lakin bu günə qədər cavabdeh tərəfindən heç bir ödəniş aparılmamışdır. Cavabdehin alınan və dəyəri ödənilməmiş mala görə yaranmış cəmi 35.598,79 (otuz beş min beş yüz doxsan səkkiz manat yetmiş doqquz qəpik) manat borcunu artıq xeyli müddətdir ödəməməsi səbəbindən məsələnin hüquqi müstəvidə həllinə ehtiyac yaranmışdır. Tərəflər arasında bağlanmış 20 avqust 2018-ci il tarixli 76 saylı Alqı-satqı müqaviləsinin 6.2-ci maddəsinə əsasən alıcı qaimə-faktura və ya vergi hesab-faktura əsasında qəbul etdiyi mallara görə ödəmələri razılaşdırılmış qaydada və müddətdə (lakin mal alındığı gündən 30 gün müddətindən gec olmayaraq) aparmazsa, o, hər gecikdirilən gün üçün satıcıya həmin qaimə-faktura (qaiməfakturaları) və ya vergi hesab-faktura (vergi hesab fakturaları) üzrə mallara görə müəyyən olunan məbləğin ümumi dəyərinin 0,1 faizi həcmində faiz ödəməlidir. Nəzərə alınsa ki, müqaviləyə əsasən mala görə ödəniş təhvil veriləndən sonra ən geci 30 (otuz) gün müddətində həyata keçirilməlidir, habelə xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli elektron qaimələrə əsasən mallar həmin tarixlərdə təhvil verilmişdir, o halda gecikdirilən gün üçün faiz üzrə ödəniş aşağıdakı kimi hesablanmalıdır: Seriya: EAAU 617730 №-li, xx.xx.2019-cu il tarixli (10.207,85 manat) müqavilə üzrə - gecikmə müddəti (xx.xx.2019 - xx.xx.2021) nəzərə alınmaqla: 10.207,85 * 0,1/100=10.20 (1 gün üçün)* 689 (gecikmə gün) = 7.027,80 manat. Seriya: EBAD 847863 №-li, xx.xx.2019-cu il tarixli (4.210,89 manat) müqavilə üzrə gecikmə müddəti (xx.xx.2020 - xx.xx.2021) nəzərə alınmaqla: 4.210,89 *0,1/100 = 4.21 (1 gün üçün) * 479 (gecikmə gün) = 2.016,59 manat. Seriya: EBAE 647837 №-li, xx.xx.2019cu il tarixli (25.888,79 manat) müqavilə üzrə -gecikmə müddəti (xx.xx.2020 - xx.xx.2021) nəzərə alınmaqla: 25.888,79 * 0,1/100=25.89 (1 gün üçün) * 463 (gecikmə gün) = 11.987,07 manat. Cəmi: 14.010,69 manat. Bundan əlavə, həmin müqavilənin 10.7-ci maddəsinə əsasən, müqavilənin şərtləri alıcı tərəfindən pozularsa satıcı ondan 15.000 (on beş min) manat həcmində dəbbə pulu tələb etmək və müqaviləyə birtərəfli qaydada xitam vermək hüququna malik olacaqdır. Hazırda müqavilənin şərtləri cavabdeh tərəfindən pozulduğu üçün müqavilə üzrə müəyyən edilmiş dəbbə pulu da tələb edilir. Eyni zamanda bildirilir ki, iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Dövriyyədə nə qədər çox pul olarsa, o qədər çox mal istehsal etmək və daha çox gəlir əldə etmək olar. Faktiki olaraq alıcının qəbul etdiyi mallara görə ödəniş etməməsi əldə etməli olduqları gəlirdən faydalanmaq imkanından məhrum etmişdir. Bunun əksinə cavabdeh qaytarmadığı pul vəsaitindən digər məqsədlər üçün istifadə etməklə, (cavabdehin cari xərcləri, digər borclarının və maliyyə öhdəliklərinin icrası və s.) həmin vəsaitdən faydalanmış və gəlir əldə etmişdir. Cavabdehin də kommersiya fəaliyyəti ilə məşğul olduğu nəzərə alınsa, onun belə fəaliyyətdən gəlir əldə etməsi və faydalanması təkzib olunmazdır. Məhz buna görə də cavabdehin iddiaçıya münasibətdə pul öhdəliyini icra etməməsinə görə MM-nin 449-cu maddəsi üzrə məsuliyyəti istisna edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsində qeyd olunmuşdur ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Beləliklə, qeyd olunanlara əsasən belə qənaətə gəlmək olar ki, Cavabdeh şirkətə ödəməli olduğu 35.598,79 (otuz beş min beş yüz doxsan səkkiz manat yetmiş doqquz qəpik) manat ödənişi hazırkı günədək qanunsuz saxlamış, ondan faydalanmışdır. Hesab edirlər ki, Mülki Məcəllənin 449-cu maddəsinə əsasən cavabdehin malların satışından əldə edilən vəsaitdən faydalanmağa görə ödəməli olduğu faizlər aşağıdakı qaydada hesablanmalıdır: Seriya: EAAU 617730 №-li, xx.xx.2019-cu il tarixli (10.207,85 manat) müqavilə üzrə gecikmə müddəti (xx.xx.2019 - xx.xx.2021) nəzərə alınmaqla: 10.207,85 * 6,25% AMB uçot dərəcəsi: 12*23 = 1.222,81 manat. Seriya: EBAD 847863 №-li, xx.xx.2019-cu il tarixli (4.210,89 manat) müqavilə üzrə - gecikmə müddəti (xx.xx.2020 - xx.xx.2021) nəzərə alınmaqla: 4.210,89 *6,25% AMB uçot dərəcəsi: 12*16 = 350,90 manat. Seriya: EBAE 647837 №-li, xx.xx.2019-cu il tarixli (25.888,79 manat) müqavilə üzrə -gecikmə müddəti (xx.xx.2020 - xx.xx.2021) nəzərə alınmaqla: 25.888,79 * 6,25% AMB uçot dərəcəsi: 12*15 = 2.022,56 manat. Cəmi: 3.595,37 manat. Beləliklə, yuxarıda göstərilənlər bir daha sübut edir ki, cavabdeh 05 dekabr 2019-cu il tarixdə Alkoqollu içkilərin satışına dair NS01/03872019 nömrəli müqaviləyə uyğun olaraq Cəmiyyətin istehsal etdiyi malları götürmüş, lakin həmin müddətdən xeyli vaxt keçməsinə baxmayaraq, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməmiş, bununla da müqavilə şərtlərini, həmçinin qüvvədə olan mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Cavabdeh iddiaçıya ödəməli olduğu pulu vaxtında geri qaytarmamaqla həmin vəsaitdən yararlanmışdır. Göstərilənləri nəzərə alaraq, iddiaçı məhkəmədən 20 avqust 2018-ci il tarixli Alkoqollu içkilərin satışına dair 76 saylı müqaviləyə uyğun olaraq müxtəlif tarixlərdə satıb pulunu ödəmək şərti ilə götürülən mallara görə yaranmış 35.598,79 (otuz beş min beş yüz doxsan səkkiz manat yetmiş doqquz qəpik) manat borcun, adı çəkilən müqavilənin 6.2-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün hesablanmış 14.010,69 (on dörd min on manat, altmış doqquz qəpik) manat faizin, müqavilənin 10.7-ci maddəsinə əsasən müəyyən edilmiş 15.000 (on beş min) manat həcmində dəbbə pulunun, Mülki Məcəllənin 449-cu maddəsinə əsasən hesablanmış 3.595,37 (üç min beş yüz doxsan beş manat otuz yeddi qəpik) manatın, ümumilikdə, cəmi 68.204,85 (altmış səkkiz min iki yüz dörd manat, səksən beş qəpik) manat pulun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonra iddiaçı məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, bildirmişdir ki, məhkəmədə iddiaçının maraqlarının müdafiə edilməsi, ona hüquqi yardım göstərilməsi məqsədilə Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Vəkil2 ilə iddiaçı arasında müqavilə bağlanmışdır. Həmin müqavilə üzrə 160 manat vəsait Vəkil Bürosunun hesabına köçürülmüşdür. Göstərilənləri nəzərə alaraq, iddia tələbinin bu redaksiyada qəbul edilməsi xahiş olunmuşdur: “20 avqust 2018-ci il tarixli Alkoqollu içkilərin satışına dair 76 saylı müqaviləyə uyğun olaraq müxtəlif tarixlərdə satıb pulunu ödəmək şərti ilə götürülən mallara görə yaranmış 35.598,79 (otuz beş min beş yüz doxsan səkkiz manat yetmiş doqquz qəpik) manat borcun, adıçəkilən müqavilənin 6.2-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün hesablanmış 14.010,69 (on dörd min on manat, altmış doqquz qəpik) manat faizin, müqavilənin 10.7-ci maddəsinə əsasən müəyyən edilmiş 15.000 (on beş min) manat həcmində dəbbə pulunun, Mülki Məcəllənin 449-cu maddəsinə əsasən hesablanmış 3.595,37 (üç min beş yüz doxsan beş manat otuz yeddi qəpik) manatın, hüquqi yardım üçün vəkilə ödənilmiş 160 (yüz altmış) manatın, ümumilikdə, cəmi 68.364,85 (altmış səkkiz min üç yüz altmış dörd manat, səksən beş qəpik) manat pulun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edəsiniz.” Bundan sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, bildirmişdir ki, hazırda iş materiallarında olan və cavabdeh tərəfindən də qəbul edilən 20 avqust 2018-ci il tarixli Alkoqollu içkilərin satışına dair 76 saylı müqavilə üzrə cavabdehin iddiaçıya ödənilməmiş cəmi 35.598,79 (otuz beş min beş yüz doxsan səkkiz manat yetmiş doqquz qəpik) manat borcu qalmışdır. Eyni zamanda bildirilir ki, həmin müqavilədə cərimə və faiz nəzərdə tutulmamışdır. Bu səbəbdən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən: Seriya: EAAU 617730 №-li, xx.xx.2019-cu il tarixli (10.207,85 manat (8650,72 manat əsas) müqavilə üzrə - gecikmə müddəti (xx.xx.2019 - xx.xx.2021) nəzərə alınmaqla: 8650,72 * 5/100 = 432,54 (1 il üçün)/12 ay*27 ay = 973,20 manat. Seriya: EBAD 847863 №-li, xx.xx.2019-cu il tarixli (4.210,89 manat (3568,55 manat əsas) müqavilə üzrə-gecikmə müddəti (xx.xx.2019-xx.xx.2021) nəzərə alınmaqla: 3568,55*5/100= 178,42 (1 il üçün)12 ay*20 ay = 297,38 manat. Seriya: EBAE 647837 №-li, xx.xx.2019-cu il tarixli (25.888,79 manat(21.939,66 manat əsas) müqavilə üzrə-gecikmə müddəti (xx.xx.2019 - xx.xx.2021) nəzərə alınmaqla: 21.939,66 * 5/100=1.096,98 (1 il üçün) 12 ay *20 ay = 1.828,30 manat. Cəmi: 3.098,88 manat. Eyni zamanda bildirilir ki, iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Dövriyyədə nə qədər çox pul olarsa, o qədər çox mal istehsal etmək və daha çox gəlir əldə etmək olar. Faktiki olaraq alıcının qəbul etdiyi mallara görə ödəniş etməməsi iddiaçını əldə etməli olduğu gəlirdən faydalanmaq imkanından məhrum etmişdir. Bunun əksinə cavabdeh qaytarmadığı pul vəsaitindən digər məqsədlər üçün istifadə etməklə (cavabdehin cari xərcləri, digər borclarının və maliyyə öhdəliklərinin icrası və s.), həmin vəsaitdən faydalanmış və gəlir əldə etmişdir. Cavabdehin də kommersiya fəaliyyəti ilə məşğul olduğunu nəzərə alsaq, onun belə fəaliyyətdən gəlir əldə etməsi və faydalanması təkzib olunmazdır. Məhz buna görə də cavabdehin iddiaçıya münasibətdə pul öhdəliyini icra etməməsinə görə MM-nin 449-cu maddəsi üzrə məsuliyyəti istisna edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsində qeyd olunmuşdur ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Beləliklə, qeyd olunanlara əsasən belə qənaətə gəlmək olar ki, Cavabdeh şirkətə ödəməli olduğu 35.598,79 (otuz beş min beş yüz doxsan səkkiz manat yetmiş doqquz qəpik) manat ödənişi hazırkı günədək qanunsuz saxlamış, ondan faydalanmışdır. İddiaçı hesab edir ki, Mülki Məcəllənin 449-cu maddəsinə əsasən cavabdehin malların satışından əldə edilən vəsaitdən faydalanmağa görə ödəməli olduğu faizlər aşağıdakı qaydada hesablanmalıdır: Seriya: EAAU 617730 №-li, xx.xx.2019-cu il tarixli (10.207,85 manat (8650,72 manat əsas) müqavilə üzrə - gecikmə müddəti (xx.xx.2019 - xx.xx.2021) nəzərə alınmaqla: 8650,72 * 6,25% AMB uçot dərəcəsi: 12*27 = 1.216,50 manat. Seriya: EBAD 847863 №-li, xx.xx.2019-cu il tarixli (4.210,89 manat (3568,55 manat əsas) müqavilə üzrə - gecikmə müddəti (xx.xx.2019 - xx.xx.2021) nəzərə alınmaqla: 3568,55*6,25% AMB uçot dərəcəsi: 12*20 = 371,72 manat. Seriya: EBAE 647837 №-li, xx.xx.2019-cu il tarixli (25.888,79 manat, (21.939,66 manat əsas) müqavilə üzrə -gecikmə müddəti (xx.xx.2019 - xx.xx.2021) nəzərə alınmaqla: 21.939,66 * 6,25% AMB uçot dərəcəsi: 12*20 = 2.285,38 manat. Cəmi: 3.873,60 manat. Göstərilənləri nəzərə alaraq, iddia tələbinin aşağıdakı redaksiyada qəbul edilməsi xəhiş olunmuşdur: “20 avqust 2018-ci il tarixli Alkoqollu içkilərin satışına dair 76 saylı müqaviləyə uyğun olaraq müxtəlif tarixlərdə satıb pulunu ödəmək şərti ilə götürülən mallara görə yaranmış 35.598,79 (otuz beş min beş yüz doxsan səkkiz manat yetmiş doqquz qəpik) manat borcun, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmış 3.098,88 (üç min doxsan səkkiz manat səksən səkkiz qəpik) manatın, Mülki Məcəllənin 449-cu maddəsinə əsasən hesablanmış 3.873,60 (üç min səkkiz yüz yetmiş üç manat altmış qəpik) manatın, hüquqi yardım üçün vəkilə ödənilmiş 160 (yüz altmış) manatın, ümumilikdə, cəmi 42.731,27 (qırx iki min yeddi yüz otuz bir manat, iyirmi yeddi qəpik) manat pulun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edəsiniz.” Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, bildirmişdir ki, məhkəmə prosesi gedişində cavabdeh elektron qaimələr üzrə verilmiş mallardan əlavə iddiaçı tərəfindən digər qaimələr üzrə də malların verildiyini bildirmiş və bununla əlaqədar ödənişlər də apardığını bildirmişdir. Eyni zamanda, cavabdeh bu ödənişləri iddiaçının istəyi ilə X5 adına göndərdiyini qeyd etmişdir. Həmin ödənişlərin ümumilikdə 55.304 (əlli beş min üç yüz dörd) manat olduğuna dair müvafiq bank qəbzləri təqdim etmişdir. Qeyd edilən sənədlər əsasında müvafiq araşdırma aparılmış və məlum olmuşdur ki, cavabdehə ödəniş etdiyindən artıq, yəni 103.769,22 (yüz üç min yeddi yüz altmış doqquz manat iyirmi iki qəpik) manat məbləğində mallar verilmiş, lakin yalnız qeyd edilən məbləğdə ödənişlər aparılmış, malların dəyərindən 48.465,22 (qırx səkkiz min dörd yüz altmış beş manat iyirmi iki qəpik) manat ödənilməmişdir. Göstərilənləri nəzərə alaraq, iddia tələbinin aşağıdakı redaksiyada qəbul edilməsi xahiş olunmuşdur: “20 avqust 2018-ci il tarixli Alkoqollu içkilərin satışına dair 76 saylı müqaviləyə uyğun olaraq müxtəlif tarixlərdə satıb pulunu ödəmək şərti ilə götürülən mallara görə yaranmış 35.598,79 (otuz beş min beş yüz doxsan səkkiz manat yetmiş doqquz qəpik) manat borcun, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmış 3.098,88 (üç min doxsan səkkiz manat səksən səkkiz qəpik) manatın, Mülki Məcəllənin 449-cu maddəsinə əsasən hesablanmış 3.873,60 (üç min səkkiz yüz yetmiş üç manat altmış qəpik) manatın, hüquqi yardım üçün vəkilə ödənilmiş 160 (yüz altmış) manatın, habelə digər qaimələr üzrə ödənilməmiş 48.465,22 (qırx səkkiz min dörd yüz altmış beş manat iyirmi iki qəpik) manat ümumilikdə, cəmi 91.196,49 (doxsan bir min yüz doxsan altı manat, qırx doqquz qəpik) manat pulun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edəsiniz.” İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə növbəti ərizə verərək, bildirmişdir ki, ötən məhkəmə proseslərindən birində iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə təqdim etmiş və ərizədə cavabdehin elektron qaimələrdən başqa digər qaimələr üzrə malları qəbul etməsi və həmin mallara dair ödənişləri X5 adına göndərdiyini qeyd etmişdir. Eyni zamanda, həmin ödənişlərə dair ümumilikdə 55.304 (əlli beş min üç yüz dörd) manat dəyərində müvafiq bank qəbzlərini məhkəməyə təqdim etdiyini bildirmişdir. Daha sonra cavabdehə həmin qaydada verilmiş malların dəyərindən, yəni 103.769,22 (yüz üç min yeddi yüz altmış doqquz manat iyirmi iki qəpik) manatdan 55.304 (əlli beş min üç yüz dörd) manatın çıxılmaqla yerdə qalan 48.465,22 (qırx səkkiz min dörd yüz altmış beş manat iyirmi iki qəpik) manat vəsaitin cavabdeh tərəfindən ödənilmədiyini göstərmiş və buna uyğun olaraq iddia ərizəsinin “xahiş edirəm” hissəsinin nəzərə alınmasını xahiş etmişdir. Lakin sonradan təqdim edilən ödənişlərə iddiaçı tərəfindən baxış keçirilən zaman məlum olmuşdur ki, cavabdehin təqdim etdiyi ödəniş qəbzləri arasında onun adından deyil, kənar şəxslər tərəfindən edilmiş ödənişlər də mövcuddur. Belə ki, xx.xx.2019-cu il tarixdə "xxxx" QSC vasitəsilə X4 adından 530 (beş yüz otuz) manat və xx.xx.2019-cu il tarixdə "xxxx" QSC vasitəsilə X2 tərəfindən 2311 (iki min üç yüz on bir) manat köçürmə olmuşdur. İddiaçı hesab edir ki, bu ödənişlər cavabdeh tərəfindən ödənilmiş vəsait kimi nəzərə alına bilməz. Göstərilənləri nəzərə alaraq, iddia tələbinin aşağıdakı redaksiyada qəbul edilməsi xahiş olunmuşdur: “20 avqust 2018-ci il tarixli Alkoqollu içkilərin satışına dair 76 saylı müqaviləyə uyğun olaraq müxtəlif tarixlərdə satıb pulunu ödəmək şərti ilə götürülən mallara görə yaranmış 35.598,79 (otuz beş min beş yüz doxsan səkkiz manat yetmiş doqquz qəpik) manat borcun, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmış 3.098,88 (üç min doxsan səkkiz manat səksən səkkiz qəpik) manatın, Mülki Məcəllənin 449-cu maddəsinə əsasən hesablanmış 3.873,60 (üç min səkkiz yüz yetmiş üç manat altmış qəpik) manatın, hüquqi yardım üçün vəkilə ödənilmiş 160 (yüz altmış) manatın, habelə digər qaimələr üzrə ödənilməmiş 51.306,22 (əlli bir min üç yüz altı manat iyirmi iki qəpik) manat ümumilikdə, cəmi 94.037,49 (doxsan dörd min otuz yeddi manat, qırx doqquz qəpik) manat pulun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edəsiniz.” Sumqayıt Kommersiya Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli, e-2-2(119)- 1014/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, tərəflər arasında bağlanılmış “Alkoqollu içkilərin satışına dair” 20 avqust 2018-ci il tarixli, 76 nömrəli müqaviləyə uyğun olaraq müxtəlif tarixlərdə satıb pulunu ödəmək şərti ilə götürülən mallara görə elektron qaimələr üzrə yaranmış 35.598,79 (otuz beş min beş yüz doxsan səkkiz manat yetmiş doqquz qəpik) manat borc, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmış 3.098,88 (üç min doxsan səkkiz manat, səksən səkkiz qəpik) manat, digər qaimələr üzrə ödənilməmiş 30.306,22 (otuz min üç yüzaltı manat iyirmi iki qəpik) manat cəmi, 65.905 (altmış beş min doqquz yüz beş manat) manat pulun Cavabdeh tutularaq, İddiaçı MMC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Xəqani Tağıyev) Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil2 qətnamədə yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsinə dair ərizəsi təmin edilmiş və xx.xx.2021-ci il tarixli, e-2-2(119)- 1014/2021 №-li qətnaməsinin əsaslandırıcı və nəticə hissəsində “35.598,79 (otuz beş min beş yüz doxsan səkkiz manat yetmiş doqquz qəpik) manat borc, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmış 3.098,88 (üç min doxsan səkkiz manat, səksən səkkiz qəpik) manat, digər qaimələr üzrə ödənilməmiş 30.306,22 (otuz min üç yüz altı manat iyirmi iki qəpik) manat cəmi, 65.905 (altmış beş min doqquz yüz beş manat) manat pulun Cavabdeh tutularaq, İddiaçı MMC-yə ödənilsin” ifadəsi “35.598,79 (otuz beş min beş yüz doxsan səkkiz manat yetmiş doqquz qəpik) manat borc, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmış 3.098,88 (üç min doxsan səkkiz manat, səksən səkkiz qəpik) manat, digər qaimələr üzrə ödənilməmiş 30.306,22 (otuz min üç yüz altı manat iyirmi iki qəpik) manat cəmi, 69.003,89 (altmış doqquz min üç manat, 89 qəpik) manat pulun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin” kimi oxunmaqla yol verilmiş yanlışlıq düzəldilmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. apellyasiya şikayətinin dəlilləri: İddiaçı borcun sübutu kimi 3 elektron qaimə üzrə buraxılmış malları və guya həmin qaimələr üzrə 35.598,79 manat məbləğində pulun ödənilmədiyini bildirir. Lakin xx.xx.2018-ci il tarixdə müqavilə bağlandıqdan sonra verilən malların dəyəri həmin mallar cavabdeh tərəfindən realizə olunduqdan sonra ödənilirdi. Bu səbəbdən hər bir qaimə üzrə ödənişlərin hesabatı ayrılıqda aparılmırdı, ümumi verilən malın dəyəri hesablanırdı və ümumi ödənişlər bu ümumi dəyərdən çıxılırdı. Müqavilə bağlandıqdan sonra koronavirus pandemiyası ilə əlaqədar karantin başlayana qədər ödənişlərlə əlaqədar heç bir problem olmayıb. Karantin dövründə ictimai iaşə müəssisələrinin fəaliyyətinin dayandırılması, toy və digər şənliklərin keçirilməməsi səbəbindən spirtli içkilərin satışı demək olar ki, sıfıra endiyindən cavabdeh sahibkar kimi iflasa uğramış və fəaliyyətini dayandırmışdır. Lakin cavabdehin iddiaçıya borcu qalmayıb. Belə ki, yuxarıda qeyd edilən qaydada ödənişlər aparılarkən elə olurdu ki, hərdən cavabdehin MMC-yə borcu olurdu, hərdən də elə olurdu ki, artıq ödənişləri olurdu. Ödənişləri əsasən İddiaçı MMC-nin AccessBank-dakı hesablaşma hesabına ödəyirdi. Cavabdehlə İddiaçı MMC aradındakı ticarət münasibətləri MMC-nin rəhbərliyinin tapşırığı ilə MMC-nin işçisi X9 tərəfindən tənzimlənirdi. Yəni cavabdehə malların buraxılmasına da, həmçinin ödənişlərin hansı qaydada aparılmasına da o nəzarət edirdi. Bir çox hallarda Adil ödənişləri İddiaçı MMC- nin hesablaşma hesabına yox, bank vasitəsi ilə öz adına elətdirirdi. Adil bildirirdi ki, həmin ödənişlər də mallara görə olan hesabından silinir. Lakin İddiaçı MMC cavabdehə qarşı iddia qaldırdıqdan sonra məlum olmuşdur ki, edilmiş ödənişlər onun mallara görə olan hesabından silinməmişdir və bunun hesabına İddiaçı MMC süni borc yaratmaqla, bu pulu ikinci dəfə cavabdehdən almaq istəyir. Məsələyə aydınlıq gətirilməsi üçün İddiaçı MMC verilmiş malların və cavabdeh tərəfindən ödənilmiş məbləğlərin tam siyahısını məhkəməyə təqdim etməli idi ki, müqayisəli şəkildə araşdırma aparıldıqda, İddiaçı MMC-yə borcun olub-olmaması, həmçinin X7 ödənilmiş 73.463 manat məbləğin ödənişlərə daxil edilib-edilməməsi müəyyənləşsin. Lakin göstərilən sənədlər iddiaçı tərəfindən məhkəməyə təqdim olunmamışdır. tərəflərin izahatları: Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, iddiaçı 3 elektron qaimə üzrə pul tələbi ilə məhkəməyə müraciət etmişdir. Qarşı tərəf heç vaxt iddianı tam qəbul etməmişdir. Ümumi dövriyyə ilə bağlı sənədin təqdim olunmasına münasibətdə isə bildirdi ki, iddiaçı artıq fəaliyyətini dayandırmışdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, həmin mallar üzrə vergi hesab-fakturaları təqdim olunmamış, məhkəmə bu hala qiymət verməmişdir. İddiaçı MMC fəaliyyətini dayandırmamışdır. Bu səbəbdən tərəflər arasında ilk gündən başlayaraq fəaliyyətləri ilə bağlı ümumi dövriyyənin iddiaçı tərəfindən təqdim olunmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, iddiaçının nümayəndəsinin izahatını dinləyərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan tərəflər arasında bağlanmış 20 avqust 2018-ci il tarixli alkoqollu içkilərin alqı-satqısına dair 76 saylı müqavilədən görünür ki, “Mal satan” istehsal etdiyi alkoqollu içkilərin satışını mərkəzləşdirilmiş qaydada realizə edir və “Mal alan” malın dəyərini bank və ya posterminal vasitəsilə ödəməlidir. İş materiallarından görünür ki, məhkəməyə alkoqollu içkilərin alqı-satqısına dair eyni tarixli və eyni nömrəli, lakin fərqli məzmunlu iki müqavilə təqdim edilmiş, tərəflər hazırkı mübahisənin həlli üçün cavabdehin təqdim etdiyi qısa məzmunlu sonuncu müqavləni əsas götürmüşlər. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, Seriya: EAAU № 617730 №-li elektron qaiməyə əsasən iddiaçı tərəfindən cavabdehə 10.207,85 manat dəyərində, xx.xx.2019-cu il tarixli, Seriya: EBAD 847863 №-li elektron qaiməyə əsasən 4.210,89 manat dəyərində və xx.xx.2019-cu il tarixli, Seriya: EBAE 647837 №-li elektron qaiməyə əsasən 25.888,79 manat dəyərində alkoqollu içkilər verilmişdir. Həmin elektron qaimələrdə malların təhvil alınmasına dair qrafalarda Cavabdeh imzası var. İş materiallarında olan "xxxx" ASC-yə məxsus hesabdan çıxarışlardan görünür ki, Cavabdeh tərəfindən İddiaçı MMC-yə xx.xx.2019-cu il tarixli, Seriya: EAAU № 617730 №li elektron qaimə üzrə 4.707,85 manat ödəniş edilmişdir. İş materiallarında olan kağız formada tərtib olunmuş 2019-cu ilə aid müxtəlif tarixli 8 ədəd qaimədən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh 87.869 manat dəyərində alkoqollu içki məhsulları təhvil verilmişdir. İş materiallarında olan kağız formada tərtib olunmuş 2019-cu ilə aid müxtəlif tarixli 4 ədəd qaimədən görünür ki, X9 tərəfindən Cavabdeh 15.900 manat dəyərində alkoqollu içki məhsulları təhvil verilmişdir. İş materiallarında olan "xxxx" QSC tərəfindən verilmiş çıxarışdan görünür ki, Cavabdeh tərəfindən X5 adına 60.163 manat pul köçürülmüşdür. İş materiallarında olan "xxxx"ın ödəniş qəbzlərindən görünür ki, İmam Sərxan oğlu tərəfindən X5 adına 13.300 manat pul köçürülmüşdür. İş materiallarında olan "xxxx" QSC-nin xx.xx.2019-cu il tarixli ödəniş qəbzindən görünür ki, X3 adından X5 adına 530 manat pul köçürülmüşdür. İş materiallarında olan "xxxx" QSC-nin xx.xx.2019-cu il tarixli ödəniş qəbzindən görünür ki, X1 adından X5 adına 2311 manat pul köçürülmüşdür. Birinci instansiya məhkəməsində şahid X9 izahatında bildirmişdir ki, o, İddiaçı MMC-də satış meneceri işləyib. İddiaçı MMC hal-hazırda fəaliyyət göstərmir. Cavabdehlə o iş qurmuşdu. Əvvəllər verilən malların müqabilində Cavabdeh ödənişləri vaxtı-vaxtında edirdi, ticarət də yaxşı gedirdi. Sonradan arada problemlər oldu, ödənişlər edilmədi, borc yarandı. "xxxx" QSC-ilə 42004 manat, "xxxx" ASC ilə 13300 manat olmaqla cəmi 55304 manat məbləğində ödəniş onun adına edilib, həmin ödənişləri qəbul edir. Qeyri-elektron qaimələr üzrə Cavabdeh 103.769,22 manat məbləğində mal verilib, o qaimələrdəki malları sürücüsü təhvil verib. Hətta borc qeyd edilən məbləğdən çoxdur. Mallar həm elektron qaimə üzrə, həm də qeyri-rəsmi qaimələr üzrə verilirdi. Mallar təhvil verildikdən sonra Cavabdeh ondan soruşurdu ki, ödənişi hansı qaimə üzrə bağlayım. 55304 manat məbləğində ödəniş qeyri-rəsmi qaimələr üzrə həyata keçirilib. X13 həmçinin bildirdi ki, iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş qeyri-elektron qaimələr arasında onun adından verilmiş 4 ədəd qaimə üzrə Cavabdeh verilən mallar İddiaçı MMC-yə məxsus olub. Qaimələrdə onun, yəni Adil Əliyevin adı yazılsa da, həmin mallar İddiaçı MMC-nin malları olub. Birinci instansiya məhkəməsində şahid X8 izahatında bildirmişdir ki, o, İddiaçı MMC-də bir il sürücü işləyib. 2019-cu ilə işdən çıxıb. Malları aparıb müştərilərə verirmiş, ödəniş ya onlara edilirdi, ya da bank vasitəsi ilə. Cavabdeh ona bir-iki dəfə ödəniş edib. Amma ödənişlərin məbləği və tarixləri yadında qalmayıb. İş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının xx.xx.2021-ci il tarixli, 4/1396 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş işin 24-29-cu vərəqəsində “Azəri MMC ilə Cavabdeh” qrafalarındakı imzalar adından olan 20 avqust 2018-ci il tarixli alkoqollu içkilərin alqı-satqısına dair 76 saylı müqavilənin hər vərəqinin aşağı sağ tərəfində “Alıcı” və sonuncu vərəqində “Alıcı fiziki şəxs: Cavabdeh” qrafalarındakı imzalar, 30-cu vərəqində xx.xx.2019-cu il tarixli 647837 nömrəli elektron qaimədə “Təhvil aldım” qrafasındakı “Cavabdeh” yazıları və imza, 31-32-ci vərəqlərində xx.xx.2019-cu il tarixli 847863 nömrəli, xx.xx.2019-cu il tarixli 617730 nömrəli, 57-ci vərəqində xx.xx.2018-ci il tarixli 913679 nömrəli, 61-ci vərəqində xx.xx.2018-ci il tarixli 170108 nömrəli, 66-cı vərəqində xx.xx.2018-ci il tarixli 792270 nömrəli elektron qaimələrdəki “Təhvil aldım” qrafalarındakı imzalar, 177-180-ci vərəqlərindəki xx.xx.2019-cu il tarixli 386 nömrəli, xx.xx.2019-cu il tarixli 1173 nömrəli, xx.xx.2019-cu il tarixli 1363 nömrəli, xx.xx.2019-cu il tarixli 3097 nömrəli qaimələrdə “Qəbul edilib” qrafalarındakı və “on bir min altı yüz doxsan səkkiz manat əlli beş qəpik” yazıları qarşısındakı “Cavabdeh” yazıları və həmin yazıların qarşısındakı imzalar, 182-ci vərəqindəki xx.xx.2019-cu il tarixli 6387 nömrəli, 184-cü vərəqindəki xx.xx.2019-cu il tarixli 6741 nömrəli, 186-cı vərəqindəki xx.xx.2019-cu il tarixli 8725 nömrəli, 188-ci vərəqindəki xx.xx.2019-cu il tarixli 13125 nömrəli qaimələrdə “Qəbul edilib” qrafalarındakı “Cavabdeh”, “Cavabdeh” yazıları və həmin yazıların qarşısındakı imzalar, 181-ci vərəqindəki 22 iyul 2019-cu il tarixli, 183-cü vərəqindəki 30 iyul 2019-cu il tarixli və 185-ci vərəqində 06 sentyabr 2019-cu il qaimə-fakturalardakı “Təhvil aldı”, “Təhil verdi” qrafalarındakı “Cavabdeh” yazıları və həmin yazıların qarşısındakı imzalar - Cavabdeh tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, işin 31-32-ci vərəqlərində xx.xx.2019-cu il tarixli 847863 nömrəli, cu il tarixli 617730 nömrəli, 57-ci vərəqində xx.xx.2018-ci il tarixli 913679 nömrəli, 61-ci vərəqində xx.xx.2018-ci il tarixli, 170108 nömrəli, 66-cı vərəqində xx.xx.2018-ci il tarixli, 792270 nömrəli elektron qaimələrdəki ”Təhvil aldım” qrafalarındakı “Cavabdeh” yazıları Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etmiş və hesab etmişdir ki, 3 ədəd elektron qaimələrdə malların təhvil alınmasını təsdiq edən iş üzrə Cavabdeh imzası vardır. Bu, cavabdehin məhkəmədə etirafı və iş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının rəyi ilə də təsdiq olunur. Həmçinin məhkəmə iddia tələbinin “Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmış 3.098,88 manatın tutulması” hissəsini əsaslı hesab etmiş və iddianı həmin hissədə təmin etmiş, iddia tələbinin “Mülki Məcəllənin 449-cu maddəsinə əsasən hesablanmış 3.873,60 manatın tutulması” hissəsi ilə bağlı qeyd etmişdir ki, iddiaçı bununla bağlı məhkəməyə hər-hansı sübut təqdim etməmişdir. Ona görə iddia tələbini həmin hissədə təmin etməmişdir. Məhkəmə iddia tələbinin “digər qaimələr üzrə ödənilməmiş 51.306,22 manat pulun tutulması” hissəsi ilə bağlı qeyd etmişdir ki, cavabdeh tərəfin təqdim etdiyi sübutlarla müəyyən olunur ki, Cavabdeh adından İddiaçı MMC-yə "xxxx" QSC vasitəsilə 60.163 manat, "xxxx" ASC vasitəsilə 13.300 manat, cəmi 73.463 manat pul ödənilib. Cavabdehin iddia etdiyi kimi qalan pulların sürücü vasitəsilə ödənilməsinə dair məhkəməyə zəruri mötəbər sübutlar təqdim edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı iddia tələblərinin dəqiqləşdirilməsinə dair bir neçə dəfə ərizə vermiş və son olaraq 20 avqust 2018-ci il tarixli Alkoqollu içkilərin satışına dair 76 saylı müqaviləyə uyğun olaraq müxtəlif tarixlərdə satıb pulunu ödəmək şərti ilə götürülən mallara görə yaranmış 35.598,79 (otuz beş min beş yüz doxsan səkkiz manat yetmiş doqquz qəpik) manat borcun, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmış 3.098,88 (üç min doxsan səkkiz manat səksən səkkiz qəpik) manatın, Mülki Məcəllənin 449-cu maddəsinə əsasən hesablanmış 3.873,60 (üç min səkkiz yüz yetmiş üç manat altmış qəpik) manatın, hüquqi yardım üçün vəkilə ödənilmiş 160 (yüz altmış) manatın, habelə digər qaimələr üzrə ödənilməmiş 51.306,22 (əlli bir min üç yüz altı manat iyirmi iki qəpik) manat ümumilikdə, cəmi 94.037,49 (doxsan dörd min otuz yeddi manat, qırx doqquz qəpik) manat pulun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iddia tələbinin “20 avqust 2018-ci il tarixli Alkoqollu içkilərin satışına dair 76 saylı müqaviləyə uyğun olaraq müxtəlif tarixlərdə satıb pulunu ödəmək şərti ilə götürülən mallara görə yaranmış 35.598,79 manat borcun tutulması” hissəsi ilə bağlı qeyd edir ki, həmin borc məbləğinin yaranmasına səbəb olmuş 3 ədəd elektron qaimələrdə malların təhvil alınmasını təsdiq edən iş üzrə Cavabdeh imzası vardır. Bu, cavabdehin birinci instansiya məhkəməsində etirafı və iş üzrə keçirilmiş məhkəməxətşünaslıq ekspertizasının rəyi ilə də təsdiq olunur. Bununla bağlı Cavabdeh birinci instansiya məhkəməsində ziddiyyətli izahatlar vermiş, əvvəlcə həmin qaimələrlə bağlı aldığı bütün mallar üzrə ödənişləri tam yerinə yetirdiyini, sonradan isə həmin elektron qaimələr üzrə mal almadığını, qaimələrə bilmədən imza etdiyini vurğulamışdır. Kollegiya hesab edir ki, iddia tələbinin bu hissəsi ilə bağlı cavabdeh istinad etdiyi hallara dair məhkəməyə sübut təqdim etmədiyinə görə iddia tələbinin həmin hissədə əsaslı sayılması barədə birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlmişdir. Bundan başqa, iddia tələbinin “Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmış 3.098,88 manatın tutulması” hissəsi ilə bağlı kollegiya qeyd edir ki, həmin maddənin tələbinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Hazırkı iş üzrə Cavabdeh iddiaçıya borclu olduğu pul məbləğinin ödənilməsini gecikdirməsi faktı təsdiq olunur. Bu səbəbdən, qanunun tələbinə uyğun şəkildə irəli sürülmüş iddia tələbi bu hissədə də əsaslı təmin olunmuşdur. Məhkəmə kollegiyası iddia tələbinin “digər qaimələr üzrə ödənilməmiş 51.306,22 manat pulun tutulması” hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı qeyri-elektron qaydada tərtib edilmiş qaimələr üzrə Cavabdeh ümumilikdə 103.769,22 manat dəyərində mal verildiyini, həmin mallara görə cavabdeh tərəfindən 55.304 manat məbləğində ödənişlərə dair müvafiq bank qəbzləri təqdim edilsə də, onlardan 51.306,22 manat məbləğində ödənişləri qəbul etdiyini bildirmişdir. İddiaçının nümayəndəsi və vəkili birinci instansiya məhkəməsində bu mövqeyini onunla izah etmişdir ki, cavabdehin təqdim etdiyi ödəniş qəbzləri arasında onun adından deyil, kənar şəxslər tərəfindən edilmiş ödənişlər də mövcuddur. Belə ki, xx.xx.2019-cu il tarixdə "xxxx" QSC vasitəsilə X4 adından 530 manat və xx.xx.2019-cu il tarixdə "xxxx" QSC vasitəsilə X2 tərəfindən 2311 manat köçürmə olub və bu ödənişlər cavabdeh tərəfindən ödənilmiş vəsait kimi nəzərə alına bilməz. Ona görə də cavabdehə digər qaimələr üzrə verdiyi 103.769,22 manatlıq malların dəyərindən 51.306,22 manat ödənildiyini qəbul etmişdir. Cavabdeh tərəf isə iddianı bu hissədə də qəbul etməyərək bildirmişdir ki, iddiaçıdan qeyri-elektron qaydada aldığı malların müqabilində "xxxx" QSC vasitəsilə 60.163 manat, "xxxx" ASC vasitəsilə 13.300 manat ödəyib. Qalan müxtəlif məbləğlərdə pulları malı gətirən sürücü vasitəsilə ödəyib. "xxxx" QSC vasitəsilə X3 adından 530 manat və "xxxx" QSC vasitəsilə X1 adından 2311 manat köçürməni o özü, yəni Cavabdeh edib. Bundan başqa, iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş qeyri-elektron qaimələr arasında 4 ədəd qaimə var ki, onların üzərində mal verən şəxs kimi İddiaçı MMC-nin yox, Adil Əliyevin adı yazılıb. Həmin mallar İddiaçı MMC tərəfindən deyil, "xxxx" MMC tərəfindən verilib. Hər iki şirkət eyni şəxsə məxsusdur. Cavabdeh həmin qaimələrin nəzərə alınmamasını xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfin təqdim etdiyi sübutlarla müəyyən olunur ki, Cavabdeh adından İddiaçı MMC-yə "xxxx" QSC vasitəsilə 60.163 manat, "xxxx" ASC vasitəsilə 13.300 manat, cəmi 73.463 manat pul ödənilib. Cavabdehin iddia etdiyi kimi qalan pulların sürücü vasitəsilə ödənilməsinə dair məhkəməyə zəruri mötəbər sübutlar təqdim edilməmişdir. Belə ki, cavabdeh qalan pulların iddiaçıya İddiaçı MMC-də sürücü işləmiş X8 vasitəsilə göndərildiyini bildirsə də, birinci instansiya məhkəməsində şahid kimi izahat vermiş X8 bildirmişdir ki, Cavabdeh ona bir-iki dəfə ödəniş edib. Amma ödənişlərin məbləği və tarixləri yadında qalmayıb. Beləliklə, şahid R.Əliyev Cavabdeh İddiaçı MMC-yə çatdırmaq üçün ona hansı tarixlərdə və hansı məbləğlərdə pul verdiyini deyə bilmədiyi üçün bu xüsusatla bağlı cavabdeh tərəfin istinad etdiyi hal məhkəmədə sübut edilmiş kimi sayıla bilməz. Bundan başqa, cavabdeh birinci instansiya məhkəməsində bildirmişdir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş qeyri-elektron qaimələr arasında 4 qaimə üzərində mal verən şəxs kimi İddiaçı MMC-nin yox, Adil Əliyevin adı yazılıb. Həmin mallar İddiaçı MMC tərəfindən deyil, "xxxx" MMC tərəfindən verilib. Cavabdeh həmin qaimələrin nəzərə alınmamasını xahiş etmişdir. Bununla bağlı X13 izahatında bildirmişdir ki, həmin malların İddiaçı MMC-yə məxsus olduğunu təsdiq etmişdir. Beləliklə, məhkəmədə İddiaçı MMC tərəfindən Cavabdeh 103.769,22 manat dəyərində malların verilməsi, həmin malların müqabilində Cavabdeh tərəfindən cəmi 73.463 manat pul ödənildiyi təsdiqini tapmışdır. Bununla da, müəyyən olunmuşdur ki, qeyri-elektron qaydada tərtib edilmiş qaimələr üzrə verilmiş mallara görə Cavabdeh İddiaçı MMC-yə 30.306,22 (otuz min üç yüz altı manat iyirmi iki qəpik) manat borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci madəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 427.2-ci maddəsinə görə əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən,əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir və belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. NƏTİCƏ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 402, 403, 404, 405, 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-1014/2021 saylı, 16 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(105)-64/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-64/2022
26.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver