Məhkəmə qərarları › İş №2-2(105)-66/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-66/2022

27.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-66/2022 27.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, İddiaçı Bank Olmayan Kredit X4 Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair Sumqayıt Kommersiya Məhkəməsinin 27 aprel 2022-ci il tarixli, e-2-2(119)-224/2022 saylı qərardadından İddiaçı Bank Olmayan Kredit X4 Cəmiyyəti tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bank olmayan Kredit X4 Cəmiyyəti Cavabdeh qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 27 aprel 2022-ci il tarixli e-2-2(119)-224/2022 nömrəli qərardadı ilə İddiaçı Bank olmayan Kredit X4 Cəmiyyəti tərəfindən Cavabdeh qarşı verilmiş “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən baxılmamış saxlanılmışdır (hakim Xəqani Tağıyev). İddiaçı Bank olmayan Kredit X4 Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinin 27 aprel 2022-ci il tarixli e-2-2(119)-224/2022 nömrəli qərardadından şikayət verərək, həmin qərardadın ləğv olunmasını xahiş etmiş və həmin şikayət - iddiaçının nümayəndələrinin keçirilən ilk dörd hazırlıq iclasında iştirak edib, iddianı müdafiə edərək öz izahatlarını verdiklərindən və artıq iddiaçının mövqeyi məhkəməyə bildirildiyindən, 5-ci dəfə hazırlıq iclasında iştirak etmək zərurəti olmadığı ilə əsaslandırılmışdır. Sumqayıt Kommersiya Məhkəməsinin 11 may 2022-ci il tarixli e-2-2(119)-224/2022 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi, Sumqayıt Kommersiya Məhkəməsinin 27 aprel 2022-ci il tarixli e-2-2(119)-224/2022 nömrəli qərardadının qüvvəsində saxlanılması, Sumqayıt Kommersiya Məhkəməsinin 27 aprel 2022-ci il tarixli e-2-2(119)-224/2022 nömrəli qərardadından İddiaçı Bank olmayan Kredit X4 Cəmiyyəti tərəfindən verilmiş şikayətin iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Zülfüqar Sadıqov). Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, məhkəmənin icraatında İddiaçı Bank Olmayan Kredit X4 Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair kommersiya işi vardır. İşin məhkəmə hazırlıq iclası 27 aprel 2022-ci il tarixə, saat 11:30-a Sumqayıt Məhkəmə Kompleksinə təyin edilmişdir. Lakin tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 10 nömrəli Qərarının 5-ci bəndində məhkəmələrə izah edilir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Buna görə də, Sumqayıt Kommersiya Məhkəməsinin 27 aprel 2022-ci il tarixli, e-2-2(119)-224/2022 saylı qərardadı ilə İddiaçı Bank Olmayan Kredit X4 Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı Finoko” Bank olmayan Kredit X4 Cəmiyyəti tərəfindən Cavabdeh qarşı verilmiş “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işi üzrə 11 aprel 2022-ci il tarixinə və 27 aprel 2022-ci il tarixinə təyin edilmiş məhkəmə hazırlıq iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən iddiaçı Finoko” Bank olmayan Kredit X4 Cəmiyyətinin nümayəndəsi məhkəmə hazırlıq iclasına təkrarən gəlməmişdir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin “tərəflərin təkrarən iştirak etməməsinin və bu haqda məhkəməyə məlumat verməməsinin” üzrlü səbəblərdən baş verməsinin müəyyən olunmaması barədə dəlili əsaslı deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 166.3-cü maddəsinə əsasən “ Məhkəmənin hazırlıq iclası ərizə məhkəməyə daxil olduqdan sonra 40 (qırx) gü ndən gec olmayaraq keçirilir. Sonrakı müddətdə işin xüsusiyyətlərindən asılı olaraq daha bir neçə hazırlıq iclası keçirilə bilər”. Həmin Məcəllənin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmçinin Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsinə əsasən ərizənin baxılmamış saxlanılması hallarından biri kimi işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçının məhkəmənin birinci çağırışında gəlməməsi, cavabdehin isə işin mahiyyəti üzrə baxılmasını tələb etməməsi göstərilmişdir. İş materiallarından görünür ki, iddiaçının nümayəndəsi X2 birinci instansiya məhkəməsinin 17.02.2022-ci il tarixə təyin olunmuş ilkin məhkəmə iclasında iştirak etmiş, həmin məhkəmə iclası təxirə alınmış, 02.03.2022-ci il tarixə təyin olunmuş növbəti məhkəmə iclası isə cavabdehin koronavirus infeksiyası əleyhinə 1-ci doza vaksin olunmamasına görə təxirə alınmış, 29.03.2022-ci il tarixli növbəti ilkin məhkəmə iclası isə yenə cavabdehin məhkəmə iclasında iştirak etməməsi ilə əlaqədar təxirə alınmış, 11.04.2022-ci il tarixə təyin edilmiş məhkəmə iclası isə iddiaçının nümayəndəsinin üzrlü səbəbdən iştirak etməməsi ilə bağlı ərizəsi nəzərə alınaraq təxirə alınmış, 27.04.2022–ci il tarixə təyin olunmuş məhkəmə iclasında isə tərəflər məhkəmə iclasında iştirak etmədiklərindən birinci instansiya məhkəməsi tərəfindən qərardad çıxarılaraq iddia ərizəsi baxılmamış saxlanılmışdır. İş materiallarında İddiaçı Bank Olmayan Kredit X4 Cəmiyyətinin nümayəndəsi Nümayəndə tərəfindən məhkəməyə ünvanlanmış ərizəsi mövcuddur. Həmin ərizə ilə iddiaçını təmsil edən Nümayəndə 11.04.2022-ci il tarixdə saat 10-15-də Bakı şəhəri Yasamal Rayon Məhkəməsində X1 iddiası üzrə məhkəmə prosesi olduğundan və həmin prosesdə iştirak etdiyindən qeyd olunan vaxtda məhkəmədə iştirak edə bilmədiyindən həmin günə təyin edilmiş məhkəmə iclasına onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Kollegiya qeyd edir ki, İddiaçı Bank Olmayan Kredit X4 Cəmiyyətinin nümayəndəsi Nümayəndə tərəfindən məhkəməyə ünvanlanmış həmin ərizədə üzrlü səbəbdən məhkəmə iclasında iştirak etməməsinə görə məhkəmə hazırlıq iclasının təxirə salınması yox, onun iştirakı olmadan iclasın keçirilməsi xahiş olunmuşdur. Yuxarıda qeyd olunanlardan göründüyü kimi birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.6 və 259.0.7-ci maddəsinin tələblərini tam nəzərə almadan düzgün hüquqi nəticəyə gəlməmişdir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı Bank Olmayan Kredit X4 Cəmiyyətinin şikayəti təmin edilməli, Sumqayıt Kommersiya Məhkəməsinin 27 aprel 2022-ci il tarixli e-2-2(119)-224/2022 nömrəli qərardadı və həmin qərardadın dəyişdirilmədən saxlanılmasına dair Sumqayıt Kommersiya Məhkəməsinin 11 may 2022-ci il tarixli e-2-2(119)-224/2022 nömrəli qərardadı ləğv edilməli və iş baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-in 398.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Azərbaycan Respublikası MPM-in 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Həmin Məcəllənin 399-cu maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apelyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 397.2, 398.0.2, 400-cü, 401-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı Bank Olmayan Kredit X4 Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilsin. Sumqayıt Kommersiya Məhkəməsinin 27 aprel 2022-ci il tarixli e-2-2(119)-224/2022 nömrəli qərardadı və həmin qərardadın dəyişdirilmədən saxlanılmasına dair Sumqayıt Kommersiya Məhkəməsinin 11 may 2022-ci il tarixli e-2-2(119)-224/2022 nömrəli qərardadı ləğv edilsin və iş iddia ərizəsinə mahiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar