Məhkəmə qərarları › İş №2-2(105)-66/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-66/2024

15.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-66/2024 15.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Ağayeva Elnarə Nəriman qızının katibliyi, iddiaçı Açıq Səhmdar Cəmiyyəti "Xalq" Bankının nümayəndəsi Nümayəndə2, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə1 iştirakları ilə, Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı ASC “Xalq” Bankı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Kommersiya Məhkəməsinin 05 iyul 2023-cü il tarixli e-2-2(119)- 584/2023 nömrəli qətnaməsi ilə iddiaçı xxxx tərəfindən Cavabdeh (VÖEN **********) qarşı verilmiş “borcun tutulması tələbinə dair” iddiası təmin edilməmişdir (hakim Zülfüqar Sadiqov). İddiaçı ASC "Xalq" Bankının nümayəndəsi Nümayəndə2 həmin qətnamədən apellyasiya şikayəti verərək Sumqayıt Kommersiya Məhkəməsinin 05 iyul 2023-ci il tarixli, e-2-2(119)-584/2023 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsini, iddia tələbinin təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini və apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş 74,59 manat məbləğində dövlət rüsumu əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. İşin halları İddiaçı ASC “Xalq” Bankı 25 aprel 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “borcun tutulması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2010-cu il tarixli **********10 saylı Kredit müqaviləsi üzrə xx.xx.2012-ci il tarixindən xx.xx.2022-ci il tarixinə kimi olan dövrdə ödənilməsi gecikdirilmiş məbləğə illik 15% dərəcəsi ilə hesablanmış 10.264,82 manat təşkil edən cərimə faizləri üzrə borc və həmin dövr üçün illik 11% dərəcəsi ilə hesablanmış 9.460,56 manat məbləğində zərərin (əldən çıxmış faydanın) əvəzi olmaqla cəmi 19.725,38 manat məbləğində pul vəsaitinin, habelə ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 203 manat məbləğində xidmət haqqı və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 149,18 manat məbləğində dövlət rüsumu əvəzinin iddiaçı ASC “Xalq” Bankının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ASC “Xalq” Bankı ilə Cavabdeh arasında bağlanmış 06 oktyabr 2010-cu il tarixli **********10 nömrəli Kredit müqaviləsinə müvafiq olaraq iddiaçı tərəfindən cavabdehə 24 ay müddətinə, kreditdən istifadəyə görə illik 25% ödənilməsi şərtilə 12000 (on iki min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə Borc alanın öhdəliklərinin icrasını təmin etmək məqsədilə iddiaçı ASC “Xalq” Bankı ilə cavabdeh X9 arasında sonuncunun Xudat şəhərinin Dəmir-yolu küçəsində 0,0123 ha torpaq sahəsindəki 4 nömrəli binada yerləşən 2 nömrəli, 46,2 kv.m ümumi və 36 kv.m yaşayış sahəsindən ibarət, 3 otaqlı mənzilin ipoteka qoyulması barədə 06 oktyabr 2010-cu il tarixli 112002/0227/10/09 nömrəli İpoteka müqaviləsi bağlanmışdır. Cavabdeh tərəfindən Kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməməsinə görə ASC “Xalq” Bankı “Kredit müqaviləsi üzrə borc məbləğinin Borc alandan tutulması haqqında” iddia tələbi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmiş və həmin Məhkəmənin 06 dekabr 2012-ci il tarixli 2(060)-4420/2012 nömrəli qətnaməsi ilə Bankın iddiası qismən təmin edilərək, iddiaçı ASC “Xalq” Bankın xeyrinə Cavabdeh 9500 manat əsas kredit borcu, 2157,64 manat faiz borcu və 1500 manat cərimə borcu olmaqla, cəmi 13157,64 manat borcun və 25 sentyabr 2012-ci il tarixindən başlayaraq iddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 10 faiz dərəcəsi ilə hesablanan cərimə faizlərinin tutulması, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 may 2013-cü il tarixli 2(105)-498/2013 nömrəli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin 06 dekabr 2012-ci il tarixli 2(060)-4420/2012 nömrəli qətnaməsi qismən – yəni, “25 sentyabr 2012-ci il tarixinə qədər əsas borc məbləğinə illik 10 faiz dərəcəsi ilə hesablanan cərimə faizlərinin tutulması” hissəsində ləğv edilərək, iddia tələbi bu hissədə rədd edilmiş olsa da, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Daha sonra iddiaçı ASC “Xalq” Bankı 06 oktyabr 2010-cu il tarixli **********10 №-li Kredit müqaviləsi üzrə iddiaçının tələblərinin təmin edilməsi üçün “ipoteka predmetinə tutmanın yönəldilməsi və satışdan sonra ipoteka predmeti olan mənzildən çıxarma haqqında” iddia tələbi ilə Xaçmaz Rayon Məhkəməsinə müraciət etmiş və həmin Məhkəmənin 27 avqust 2019-cu il tarixli 2(067)-109/2019 nömrəli qətnaməsi ilə ASC “Xalq” Bankının cavabdeh X5 və qeyrilərinə qarşı cavabdehlər tərəfindən mirasın qəbul edilməsi faktı nəzərə alınmaqla, 06 oktyabr 2010-cu il tarixli **********10 nömrəli kredit müqaviləsi üzrə iddiaçının tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi və satışdan sonra ipoteka predmeti olan yaşayış sahəsindən çıxarma tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qətnamədən Bank tərəfindən apellyasiya şikayəti verilmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 iyun 2021-ci il tarixli 2(105)-128/2021 nömrəli qətnaməsinə əsasən iddiaçı ASC “Xalq” Bankının apellyasiya şikayəti qismən təmin edilərək, Xaçmaz Rayon Məhkəməsinin 27 avqust 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamənin qəbul edilməsi, 06 oktyabr 2010-cu il tarixli 112002/0227/10/09 nömrəli kredit müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən Xudat şəhərinin Dəmir-yolu küçəsində 0,0123 ha torpaq sahəsindəki 4 nömrəli binada yerləşən 2 nömrəli, 46,2 kv.m ümumi və 36 kv.m yaşayış sahəsindən ibarət, 3 otaqlı mənzilə tutmanın yönəldilməsi, həmin mənzilin likvid dəyəri 25000 manat müəyyən edilməklə, ipoteka predmetinin açıq hərracda satılması və satışdan əldə edilən vəsait hesabına Cavabdeh ödənilməmiş 10732,31 manat məbləğində borcunun iddiaçı ASC "Xalq" Bankına ödənilməsi, cavabdehlər X7, X4 və X3 ipoteka predmeti olan mənzildən çıxarılması, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra icra icraatı qaydasında "xxxx" MMC tərəfindən keçirilmiş hərraclarda mənzil satılmadığından, həmin ipoteka predmeti əldə edilməsi üçün Banka təklif edilmiş və Bank həmin təklifi qəbul etmişdir. Mənzilin alqı-satqısı Hərrac təşkilatçısı və Bank tərəfindən imzalanmış Hərracın yekunları haqqında 269/22 №-li protokolla və Bank ilə Hərrac təşkilatçısı arasında 14 oktyabr 2022ci il tarixdə bağlanmış İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair müqavilə ilə rəsmiləşdirilmişdir. Həmin müqaviləyə uyğun olaraq əmlakın son satış qiyməti 15937,50 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh tərəfindən qətnamə üzrə müəyyənləşdirilmiş borc məbləğinin bir hissəsinin ödənilməsinə və ipoteka predmeti qismində çıxış edən əmlakın ödənilməmiş borc müqabilində Bankın balansına keçməsinə baxmayaraq, Cavabdeh Banka, kredit xətti müqaviləsinin 2.4-cü bəndinə əsasən, ödənilməsi gecikdirilmiş məbləğə illik 15% dərəcəsi ilə hesablanan cərimə faizini də ödəməlidir ki, əsas borc məbləğinin tam şəkildə qaytarıldığı 14 oktyabr 2022-ci il tarixinə bu məbləğ 10264,82 manat təşkil edir. İddiaçı ilə cavabdeh arasında bağlanmış Kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən həmin müqavilə tərəflərin öz üzərinə götürdükləri öhdəliklərin tam icra edilməsi anına qədər qüvvəsini saxlayır və bu şərt Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsində ifadə olunmuş normaya tam uyğundur. Bu normanın hüquqi mahiyyəti bir daha “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında öz təsdiqini tapmışdır. Həmin qərarda Konstitusiya məhkəməsi qeyd edir ki: “Həmin norma müqavilədən yaranan öhdəliklərin icra olunma anına qədər müqavilənin qüvvədə olması prezumpsiyasına əsaslanır. Bu prezumpsiya isə “öhdəliklər vicdanla yerinə yetirilməlidir” (pacta sunt servanda) hüquqi prinsipindən yaranır. Konstitusiya Məhkəməsi qeyd edilən əsaslardan çıxış edərək daha sonra həmin qərarında göstərir ki, “kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər”… Biznes məqsədləri üçün Bank (iddiaçı) tərəfindən verilmiş kreditlər üzrə orta faiz dərəcəsi illik 11% təşkil edir. Bank kreditləşmə müddətinin bitdiyi 06 oktyabr 2012-ci il tarixindən əsas borc məbləğinin tam şəkildə qaytarıldığı 14 oktyabr 2022-ci il tarixinə kimi əldən çıxmış faydanın hesablanmasında yuxarıda göstərilmiş faiz dərəcəsini əldə rəhbər tutmağı əsaslı hesab edir. Müvafiq hesablanma aparıldıqdan sonra həmin dövr üçün müvafiq məbləğ 9460,56 manat təşkil edir. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, kredit müqaviləsi üzrə borc öhdəliklərinin məcburi icrası müddətinin uzanmasında cavabdehin təqsiri müəyyən olunmamışdır. Belə ki, iddiaçı hazırkı iddia tələbini 06 oktyabr 2010-cu il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin məcburi icrasının 06 oktyabr 2012-ci il tarixdən 14 oktyabr 2022-ci il tarixədək davam etməklə təxminən 10 il gecikməsi nəticəsində məruz qaldığını iddia etdiyi maliyyə itkilərini bərpa etmək məqsədilə qaldırmışdır. İddiaçının mövqeyincə, o, həmin müddətdə vaxtı keçmiş əsas borc məbləğinə illik 11% dərəcəsi ilə hesablanmalı olan əldən çıxmış fayda formasında 9460,56 manat məbləğində zərər çəkmişdir. Bundan başqa, o, müqavilə şərtlərinə uyğun olaraq gecikmə müddəti üçün vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə cərimə faizləri formasında 10264,82 manat məbləğində borc hesablamağa da haqlıdır. Beləliklə, iddiaçı 10 illik gecikmə nəticəsində məruz qaldığını iddia etdiyi maliyyə itkilərinin bərpası üçün cavabbehdən əlavə olaraq cəmi 19.725,38 manat məbləğində pul vəsaiti tələb edir. Lakin birinci instansiya məhkəməsi iddiaçının bu tələbini hüquqdan sui-istifadə kimi qiymətləndirmişdir. Məhkəmə hesab etmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 06 dekabr 2012-ci il tarixli 2(060)-4420/2012 nömrəli qətnaməsi ilə cavabdehdən kredit müqaviləsi üzrə yaranmış borcların iddiaçının xeyrinə tutulması, sonrakı mərhələdə isə məhkəmə qətnaməsi ilə tutmanın ipoteka predmeti olan daşınmaz əmlaka yönəldilməsi qət edilməklə cavabdehə qarşı kredit öhdəliklərinin icrası ilə bağlı məcburi icra tədbirlərinin tətbiqinə başlanılsa də, lakin həmin qətnamələrin vaxtında icra edilməməsi və icra prosesinin uzun müddət gecikməsi iddiaçı tərəfindən hazırkı tələbin irəli sürülməsi üçün əsas kimi çıxış etmişdir. Halbuki, ipoteka ilə təmin edilmiş öhdəliyin icrası üçün lazımi tədbirlərin vaxtında görülməməsinin məsuliyyəti ya iddiaçının özünün, ya da məhkəmə və icra orqanlarının üzərinə düşür. Əks təqdirdə məhkəmə qərarlarının vaxtında icrasına, o cümlədən ipoteka predmetinə tutmanın yönəldilməsinə məhz cavabdeh tərəfindən maneçilik törədilməsi hallarına istinad edilməklə öhdəliyin icrasının gecikməsində cavabdehin məsuliyyət daşıması iddia edilə bilər. Təqsirliliyi müəyyən edilməmiş hala görə isə borclunun mülkihüquqi məsuliyyət daşıması istisna olunur. Məhkəmənin qənaətincə, konkret halda kredit öhdəliyinin məcburi icrasını təmin edən məhkəmə qətnamələri qəbul olunandan sonra icranın gecikməsinin cavabdehin təqsirli hərəkətləri və ya hərəkətsizliyi ilə əlaqəsi müəyyən olunmadığından o, öhdəliyin icrasının gecikməsindən irəli gələn nəticələrə görə cavabdehlik daşımır. İddianın təmin olunmaması barədə Sumqayıt Kommersiya Məhkəməsinin 05 iyul 2023-ci il tarixli, e-2-2(119)-584/2023 nömrəli qətnaməsindən iddiaçı ASC "Xalq" Bankının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə əsaslandırmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 12 oktyabr 2023cü il tarixli, 2-2(105)-125/2023 nömrəli qətnaməsi ilə iddiaçının nümayəndəsinin apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 05 iyul 2023-ci il tarixli, e-2-2(119)-584/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya kollegiyası bu nəticəyə gəlmişdir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 12 oktyabr 2023cü il tarixli, 2-2(105)-125/2023 nömrəli qətnaməsi ilə də razılaşmayan iddiaçı ASC "Xalq" Bankının vəkili X11 vasitəsilə həmin qətnamədən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 01 mart 2024-cü il tarixli, 2-2(102)-68/2024 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 12 oktyabr 2023-cü il tarixli, 2-2(105)-125/2023 nömrəli qətnaməsi qismən – cavabdehdən 2012-ci il 12 oktyabr tarixindən 2022-ci il 14 oktyabr tarixinə qədər illik 11% dərəcəsi ilə hesablanmış 9.460,56 manat məbləğində əldən çıxmış faydanın əvəzinin tutulmasına dair iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilmiş, iş həmin hissədə yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarmış, qətnamə 10.264,82 manat cərimə tələbinin rədd edilməsi hissəsində isə dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin Kommersiya Kollegiyasının 01 mart 2024-cü il tarixli, 2-2(102)- 68/2024 nömrəli qərarında qeyd olunur ki, işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası cərimə tələbinin rədd edilməsi hissəsində məhkəmələrin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiya məhkəməsinin qətnaməsi həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, əvvəllər məhkəmə qərarları ilə müxtəlif dövrlər üçün cərimə borcunun tutulması hissəsində bankın iddia tələbləri əsassız hesab olunaraq təmin edilməmiş və həmin qərarlar qanuni qüvvəsini almışdır. Hazırda bank faiz dərəcəsini dəyişməklə (15% dərəcəsi ilə hesablamaqla) eyni dövr üçün yenidən cərimə borcu hesablayaraq eyni tələbi yenidən irəli sürmüşdür. Belə vəziyyətdə məhkəmələr 06 oktyabr 2012-ci il tarixdən 14 oktyabr 2022-ci il tarixədək kredit müqaviləsinin 2.4-cü bəndinə əsasən hesablanmış 10.264,82 manat cərimə məbləğinin rədd edilməsi barədə düzgün nəticəyə gəlmişlər. Ona görə də məhkəmə kollegiyası bu hissədə apellyasiya məhkəməsinin qətnaməsini qanuni və əsaslı hesab edir. Bununla yanaşı, məhkəmə kollegiyasının qənaətincə, apellyasiya instansiyası məhkəməsi əldən çıxmış fayda formasında zərər tələbini rədd edərkən maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermiş, nəticədə bu hissədə MPM-in 217.1-ci maddəsinə zidd olaraq qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli qərarlarında müəyyən olunmuş hüquqi mövqelərə uyğun olaraq, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Ona görə də işin yeni apellyasiya baxışı zamanı məhkəmə tələb olunan əldən çıxmış fayda formasında zərərin hüquqi əsaslarını, mövcud olub-olmamasını, tərəflər arasında əvvəlki mübahisələr üzrə qəbul edilmiş məhkəmə qətnamələri nəzərə alınmaqla davam etdiyi dövrü və həcmini düzgün müəyyən etməli, iddia tələbinə həmin hissədə də qanuni və əsaslı hüquqi qiymət verilməsini təmin etməlidir. Apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri Qeyd edildiyi kimi, iddianın təmin olunmaması barədə Sumqayıt Kommersiya Məhkəməsinin 05 iyul 2023-ci il tarixli, e-2-2(119)-584/2023 nömrəli qətnaməsindən iddiaçı ASC "Xalq" Bankının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən məhkəmə qətnaməsi üzrə müəyyənləşdirilmiş borc məbləğinin bir hissəsinin ödənilməsinə və ipoteka predmeti qismində çıxış edən əmlakın ödənilməmiş borc müqabilində Bankın balansına keçməsinə baxmayaraq, Cavabdeh Banka, kredit xətti müqaviləsinin 2.4-cü bəndinə əsasən, ödənilməsi gecikdirilmiş məbləğə illik 15% dərəcəsi ilə hesablanan cərimə faizini də ödəməlidir ki, əsas borc məbləğinin tam şəkildə qaytarıldığı 14 oktyabr 2022-ci il tarixinə bu məbləğ 10264,82 manat təşkil edir. İddiaçı ilə cavabdeh arasında bağlanmış Kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən həmin müqavilə tərəflərin öz üzərinə götürdükləri öhdəliklərin tam icra edilməsi anına qədər qüvvəsini saxlayır və bu şərt Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsində ifadə olunmuş normaya tam uyğundur. Eyni zamanda, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında göstərir ki, “kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər”. Biznes məqsədləri üçün Bank (iddiaçı) tərəfindən verilmiş kreditlər üzrə orta faiz dərəcəsi illik 11% təşkil edir. Bu hesabla kredit müqaviləsi müddətinin bitdiyi 06 oktyabr 2012-ci il tarixindən əsas borc məbləğinin tam şəkildə qaytarıldığı 14 oktyabr 2022-ci il tarixinə kimi Banka əldən çıxmış fayda formasında 9460,56 manat məbləğində zərər dəymişdir. İddiaçı cavabdehdən həm ödənilməsi gecikdirilmiş məbləğə illik 15% dərəcəsi ilə hesablanan 10264,82 manat məbləğində cərimə faizini, həm də gecikdirilmiş icra müddəti üçün əldən çıxmış fayda formasında illik 11% dərəcəsi ilə hesablanan 9460,56 manat məbləğində zərər əvəzini tələb etməkdə haqlıdır. Hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə düzgün nəticəyə gəlməyib. Təkrar apellyasiya baxışı iclasında iddiaçı ASC "Xalq" Bankının nümayəndəsi Nümayəndə2 verdiyi izahatında Ali Məhkəmənin müvafiq qərarı kontekstində ASC "Xalq" Bankı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin olunmasını, iş üzrə birinci instansiya və apellyasiya məhkəməsi qətnamələrinin ləğv edilərək yenidən apellyasiya baxışına qaytarılan ( yəni cavabdehdən əldən çıxmış fayda formasında 9460,56 manat məbləğində zərər əvəzinin tutulması tələbi rədd edilən) hissəsində yeni qətnamə qəbul edilib həmin hissədə iddianın təmin olunmasını xahiş etdi. Təkrar apellyasiya baxışı iclasında Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə1 iddiaçının apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə yenidən dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahat və çıxışlarını dinləyib, iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 01 mart 2024-cü il tarixli, 2-2(102)-68/2024 nömrəli qərarının hüquqi mövqeyi və dəyərləndirməsi kontekstində tədqiq edilən sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verib bu nəticəyə gəlir ki, iddiaçı ASC "Xalq" Bankı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Kommersiya Məhkəməsinin 05 iyul 2023-ci il tarixli, e-2-2(119)-584/2023 nömrəli qətnaməsinin Ali Məhkəmənin müvafiq qərarına əsasən ləğv edilmiş “cavabdehdən əldən çıxmış fayda formasında 9460,56 manat məbləğində zərər əvəzinin tutulması tələbinin rədd edilməsi” hissəsi üzrə yeni qətnamə qəbul edilməli və həmin hissədə iddia qismən təmin edilməlidir. Hüquqi məsələlər və apellyasiya instansiyası məhkəməsinin mövqeyi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 77.1-ci mаddəsinə əsаsən, hər bir tərəf öz tələb və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 420-ci maddəsinə əsasən, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli Qərarında qeyd olunur ki, qanunvericiliklə kassasiya məhkəməsinin məcburi olan göstərişlər vermək səlahiyyətinin müəyyənləşdirilməsinin məqsədlərindən biri apellyasiya məhkəməsinin aktlarının çıxarılması zamanı yol verilmiş səhvlərin işə apellyasiya qaydasında yenidən baxılarkən təkrarlanmasının qarşısının alınmasından ibarətdir. Digər tərəfdən, kassasiya məhkəməsi qanunun tətbiqinin düzgünlüyünü yoxlayarkən və onu təfsir edərkən yalnız iş üzrə buraxılan səhvləri düzəltmir, həmçinin məhkəmə təcrübəsini hüquq normalarının dəqiq və vahid qaydada tətbiq olunmasına istiqamətləndirir... Kassasiya məhkəməsi apellyasiya məhkəməsinin qərarını ləğv edərkən, bu məhkəməni işin düzgün həllinə istiqamətləndirərək hüquq normalarını təfsir etməli, buraxılmış səhvlərin mahiyyətinin nədən ibarət olduğunu və qanunun normasının necə başa düşülməli olmasını dəqiq, aydın və inandırıcı formada izah etməlidir... İşin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında kredit müqaviləsi üzrə kredit vəsaitindən istifadə müddəti 2012-ci il 6 oktyabr tarixində bitmiş, kredit müqaviləsi üzrə tələbin ipoteka predmetinə yönəldilməsi haqqında məhkəmə qətnaməsi 2021-ci il 9 iyun tarixdə qəbul edilmiş və həmin qətnamə əsasında icra sənədinin icrası 2022-ci il 14 oktyabr tarixində yekunlaşmış, hazırkı iddia tələbi ilə iddiaçı sözügedən kredit vəsaitindən istifadə müddətinin bitməsi (2012-ci il 6 oktyabr) tarixindən kredit borcunun tam şəkildə qaytarıldığı (2022-ci il 14 oktyabr) tarixədək olan dövr üzrə ona əldən çıxmış faydanın əvəzi və cərimə borcu ödənilməsini cavabdehdən tələb etmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş, apellyasiya məhkəməsi də bununla razılaşmışdır. Lakin Ali Məhkəmə iddianın qismən, əldən çıxmış fayda əvəzi tələbinə aid hissəsinin əsaslı olduğu qənaətinə gəlmişdir. Ali Məhkəmənin Kommersiya Kollegiyasının 01 mart 2024-cü il tarixli, 2-2(102)- 68/2024 nömrəli qərarının hüquqi mövqeyi və göstərişləri baxımından hazırkı təkrar apellyasiya baxışının vəzifəsi birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisəli qalan, yəni “cavabdehdən əldən çıxmış fayda formasında 9460,56 manat məbləğində zərər əvəzinin tutulması tələbinin rədd edilməsi” hissəsinin əsaslılığının yenidən yoxlanılmasından ibarətdir. Məhkəmə kollegiyası qeyd edir ki, sözügedən hissədə iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 399.3 və 399.4-cü maddələri təşkil edir. Həmin maddələrin tələblərinə görə, müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarında formalaşdırılmış hüquqi mövqelərə görə, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Həmçinin, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli Qərarında vurğulanmışdır ki, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Mülki Məcəllənin 443-cü maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. İstinad edilən mülki hüquq normalarının əlaqəli təfsiri belə nəticəyə gəlməyə əsas verir ki, borclu tərəfindən öhdəliyin icrasının gecikdirilməsi kreditora zərər dəyməsinə səbəb olur və borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun pul məbləğinin ödənilməsini gecikdirməsi kreditoru həmin pul məbləğindən təkrar istifadə nəticəsində adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlərdən məhrum etmiş olur ki, bu zaman kreditor əldən çıxmış fayda formasında zərərə məruz qalır. Belə vəziyyətdə kreditor digər əsaslardan çıxış edərək borcludan daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün əsas borcdan illik beş faiz ödənilməsini tələb etməyə haqlıdır. Həm də bu zaman kreditor daha yüksək məbləğ tələb etdiyi digər əsasları sübut etməli olduğu halda, gecikdirilmiş vaxt üçün əsas borcdan illik beş faiz tələbini sübut etməyə borclu deyil; yəni pul məbləğinin ödənilməsinin gecikdirilməsi faktı borclunun üzərinə gecikdirilmiş vaxt üçün əldən çıxmış faydanın əvəzi olaraq ən azı illik beş faiz həcmində borc hesablanmasına əsas verir. Hazırkı iş üzrə iddiaçı cavabdehdən kredit müqaviləsi müddətinin bitdiyi 06 oktyabr 2012-ci il tarixindən əsas borc məbləğinin (8940,25 manat) tam şəkildə qaytarıldığı 14 oktyabr 2022-ci il tarixinə kimi (10 il ərzində) gecikdirilmiş icra müddəti üçün əldən çıxmış fayda formasında illik 11% dərəcəsi ilə hesabladığı 9460,56 manat məbləğində zərər əvəzi tələb edir. İddiaçının mövqeyinə görə, biznes məqsədləri üçün banklar tərəfindən verilən kreditlər üzrə orta faiz dərəcəsi illik 11% təşkil etmişdir. Bu hesabla kredit vəsaitinin (8940,25 manat əsas borcun) qaytarılmasının 10 il ərzində gecikdirilməsi nəticəsində onun əlindən çıxmış faydanın həcmi 9460,56 manat məbləğində olmuşdur. Lakin məhkəmə kollegiyası hesab edir ki, iddiaçının həmin hesablaması yalnız uğurlu ehtimala əsaslanır. Halbuki, borc-kredit müqavilələrində borclular tərəfindən öhdəliklərin vaxtlı-vaxtında və lazımi həcmdə icrası heç də həmişə mümkün olmur. Bu baxımdan iddiaçının pul mübadiləsindən adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlər barədə gözləntiləri bəsit və nəzəri mülahizələrə əsaslanır. Ona görə də məhkəmə kollegiyası iddiaçı tərəfindən əldən çıxmış fayda əvəzinin illik 11% dərəcəsi ilə hesablanıb tələb olunmasını əsassız sayır. Məhkəmə kollegiyasının qənaətinə görə, iddiaçıya əldən çıxmış fayda formasında dəymiş zərərin vaxtı keçmiş əsas borc (8940,25 manat) məbləğindən gecikdirilmiş 10 il müddət üçün illik 5% dərəcəsi ilə hesablanması daha real, cavabdehə münasibətdə ədalətli və qanuni olar. Belə olduqda mübahisələndirilən hissədə iddiaçının tələbi qismən, yəni 4470,12 manat məbləğində təmin olunmalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının əldən çıxmış fayda formasında zərər tələbini rədd edərkən maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermiş, nəticədə bu hissədə MPM-in 217.1-ci maddəsinə zidd olaraq qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. MPM-in 384.0.2-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 119.5-ci maddəsinə görə isə, apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməklə birinci instansiya məhkəməsinin qətnaməsi qismən (mübahisəli qalan hissədə) ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilməlidir. Eyni zamanda, iddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş 74,59 manat məbləğində dövlət rüsumu ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq tərəflər arasında bölüşdürülməlidir. MPM-in 402.1-ci maddəsinə müvafiq olaraq, kommersiya mübahisələrinə dair işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384,385, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı ASC “Xalq” Bankının apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 05 iyul 2023-ci il tarixli, e-2-2(119)- 584/2023 nömrəli qətnaməsi qismən, yəni “cavabdehdən əldən çıxmış fayda formasında 9460,56 manat məbləğində zərər əvəzinin iddiaçının xeyrinə tutulması tələbinin rədd edilməsi” hissəsində ləğv edilsin. Həmin hissə üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilsin. Cavabdeh kredit müqaviləsi müddətinin bitdiyi 06 oktyabr 2012-ci il tarixindən əsas borc məbləğinin tam şəkildə qaytarıldığı 14 oktyabr 2022-ci il tarixinə kimi gecikdirilmiş icra müddəti üçün əldən çıxmış fayda formasında yetirilmiş zərərin əvəzi olaraq 4470,12 manat (dörd min dörd yüz yetmiş manat 12 qəpik) məbləğində pul vəsaiti alınıb iddiaçı ASC “Xalq” Bankına ödənilsin. İddia tələbi mübahisələndirilən qalan hissədə rədd edilsin. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş 74,59 manat məbləğində dövlət rüsumunun 35 (otuz beş) manatı Cavabdeh iddiaçı ASC “Xalq” Bankının xeyrinə tutulsun, qalan məbləğ iddiaçının özünə aid edilsin. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar