Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-67/2025 04.06.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və X1 ibarət tərkibdə, Sumqayıt Kommersiya Məhkəməsinin 30 aprel 2025-ci il tarixli, 2-2(119)-81/2025 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Sumqayıt Kommersiya Məhkəməsinin 26 fevral 2025-ci il tarixli, 2-2(119)-81/2025 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiasının qismən təmin edilməsi, Cavabdeh 107235 (yüz yeddi min iki yüz otuz beş) manat məbləğində borc və 397,24 (üç yüz doxsan yeddi manat iyirmi dörd qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 107632,24 (yüz yeddi min altı yüz otuz iki manat iyirmi dörd qəpik) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 138 (yüz otuz səkkiz) manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq X2 ödənilməsi qərara alınmışdır (hakim Həlimə Alıyeva). Cavabdeh 20 aprel 2024-cü il tarixdə həmin qətnamədən apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Sumqayıt Kommersiya Məhkəməsinin 26 fevral 2025-ci il tarixli, 2-2(119)- 81/2025 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin üzrlü hesab edilərək bərpa olunmasını və verilmiş apellyasiya şikayətinin baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Sumqayıt Kommersiya Məhkəməsinin 26 fevral 2025-ci il tarixli 2-2(119)-81/2025-ci il tarixli qətnaməsi elektron məhkəmə sisteminə 18 mart 2025-ci il tarixdə yerləşdirilmişdir. Hüquqi cəhətdən savadsız olduğundan və birinci dəfədir Sumqayıt Kommersiya Məhkəməsində iştirak etdiyindən cavabdeh qətnamədən apellyasiya şikayətinin verilməsi üçün müddəti 1 gün ötürmüşdür. Belə ki, cavabdeh qətnamənin poçt vasitəsilə gələcəyini gözləmiş, lakin qətnamə poçt vasitəsilə gəlmədiyindən hüquqşünasa müraciət etmişdir. Bu zaman artıq qətnamənin 18 mart 2025ci il tarixdə elektron məhkəmə sisteminə yükləndiyini, həmin qətnamədən şikayət vermə müddətini 18 aprel 2025-ci il tarixindən ötürdüyünü bildirmişlər. Göründüyü kimi, qətnamədən şikayət vermə müddətini üzrlü səbəbdən, yəni hüquqi savadsızlığından ötürmüşdür. Sumqayıt Kommersiya Məhkəməsinin 30 aprel 2025-ci il tarixli, 2-2(119)-81/2025 nömrəli qərardadı ilə Cavabdeh Sumqayıt Kommersiya Məhkəməsinin 26 fevral 2025-ci il tarixli 2-2(119)-81/2025 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında ərizəsi təmin edilməmişdir (hakim Həlimə Alıyeva). Cavabdeh 12 may 2025-ci il tarixdə Sumqayıt Kommersiya Məhkəməsinin 30 aprel 2025-ci il tarixli, 2-2(119)-81/2025 nömrəli qərardadından şikayət verərək həmin qərardadın ləğv edilməsi, apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizəsinin təmin edilməsi və apellyasiya şikayətinin baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Şikayət ərizə ilə eyni əsaslandırılaraq həmçinin qeyd edilmişdir ki, xx.xx.2025-ci il tarixli qərardadı qəbul edərkən, məhkəmə buraxılmış müddətin bərpa edilməməsinə səbəb kimi qətnamənin xx.xx.2025-ci il tarixində nüməyəndəsi vəkil Nümayəndə2 və onun şəxsi kabinetinə yerləşdirilməsini əsas götürmüşdür. nüməyəndəsi vəkil Nümayəndə2 onu təmsil etmək üçün verdiyi etibarnamə qüvvədə olsa da, məhkəmə qətnamə çıxarmadan öncəki prosesdə maddi imkanının olmaması səbəbindən onunla faktiki təmsilçilik münasibətlərinə qarşılıqlı razılıq əsasında son qoymuşdur. Yəni artıq özü cavabdeh kimi məhkəmə proseslərində iştirak etməklə özünü müdafiə etməli olmuşdur. Qüvvədə olan qanunvericiliklə tərəfin apellyasiya şikayətini etməsi üçün müəyyənləşdirilmiş formasının olmasını və yalnız elektron məhkəmə sistemi vasitəsi ilə edilməli olduğunu, hətta əgər onun elektron şəxsi kabineti varsa, məhkəmə qətnaməsinin poçtla rəsmi ünvana gəlməyəcəyini tanıdığı bir hüquqşunasla şifahi məsləhət əsnasında bilmişdir. Onun iştirakı ilə 20 apreldə EMS-də şəxsi kabinetinə daxil olarkən, ona məlum olmuşdur ki, qətnamə 18 mart 2025-ci il tarixində sistemə yerləşdirilib və artıq o, şikayət üçün qanunun nəzərdə tutduğu müddəti 1(bir) gün ötürmüşdür. Həmin hüquqşunasın köməkliyi ilə qətnamədən şikayət ərizəsini yazmışdır və həmin gündə tərəfindən sistemə əlavə edilmişdir. Üzrlü səbəb olaraq nəzərə alınması vacib olan hal odur ki, onun heç bir hüquqi savadı və praktiki təcrübəsi yoxdur ki, o, qanunvericiliyin bu tələblərindən xəbərdar olsun. Qətnamə elan edilərkən, məhkəmə prosesində iştirak etmişdir, lakin zənn etmişdir ki, məhkəmə qərarları hər bir halda tərəflərə poçtla göndərilir və həmin vaxtdan sonra göstərilən müddətdə şikayət etmək olar. Göründüyü kimi qətnamədən şikayət vermə müddətini 1 günü üzrlü səbəbdən yəni hüquqi savadsızlığından ötürmüşdür. Burada qanunun bu tələbinə bilərəkdən riayət etmə halı mövcud deyil. Yəni, onun 1(bir) gün prosessual müddəti ötürməyi barəsində çıxarılan qərardan şikayət etmə hüququnu məhdudlaşdırmaqla, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində nəzərdə tutulan konstitusion hüquqlarının aşkar surətdə məhdudlaşdırılması deməkdir. Qanunun nəzərdə tutduğu müddəti günlərlə və ya aylarla bilərəkdən ötürməmişdir. Azərbaycan Respublikasının vətəndaşı olaraq, onun ziyanına çıxarılan məhkəmə qətnaməsindən şikayət etmə hüququnun əsassız məhdudlaşdırılması məhkəmə müdafiəsi hüququndan məhrum qalmama səbəb olmuşdur. Sumqayıt Kommersiya Məhkəməsinin 15 may 2025-ci il tarixli, 2-2(119)-81/2025 nömrəli qərardadı ilə Cavabdeh Sumqayıt Kommersiya Məhkəməsinin 30 aprel 2025-ci il tarixli 2-2(119)-81/2025 nömrəli qərardadından şikayətinin təmin edilməməsi və həmin qərardadın qüvvəsində saxlanılması, Sumqayıt Kommersiya Məhkəməsinin 30 aprel 2025-ci il tarixli, 2-2(119)-81/2025 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətin iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Həlimə Alıyeva). Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin geri qaytarılması barədə qərardadını MPM-in 10-1.1, 10-1.3, 10-1.5, 129.1, 133.1 və 360-cı maddələrinə istinad edərək haqlı olaraq onunla əsaslandırmışdır ki, iş materialları ilə müəyyən olunur ki, Sumqayıt Kommersiya Məhkəməsinin 26 fevral 2025-ci il tarixli, 2-2(119)-81/2025 nömrəli qətnaməsinin tam mətni 18 mart 2025- ci il tarixdə Cavabdeh və onun nümayəndəsi vəkil Nümayəndə2 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetində yerləşdirilmişdir. Cavabdeh həmin qətnamədən 20 aprel 2025-ci il tarixdə apellyasiya şikayəti və apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin üzrlü hesab edilərək bərpa olunması barədə ərizə vermişdir. Cavabdeh isə Sumqayıt Kommersiya Məhkəməsinin 26 fevral 2025-ci il tarixli, 2-2(119)-81/2025 nömrəli qətnaməsindən apellyasiya şikayətini məhkəməyə 20 aprel 2025-ci il tarixdə vermişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadı ilə razılaşaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, ...qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Kollegiya cavabdehin dəlillərini müddətin buraxılmasına səbəb olan üzrlü səbəblər kimi qəbul etməyərək qeyd edir ki, buraxılmış prosessual müddətin bərpası üçün elə üzrlü səbəblər mövcud olmalıdır ki, bunun nəticəsində tərəf prosessual hərəkətləri etmək imkanından məhrum olsun. Hazırkı vəsatətdə qeyd edilən hal da yuxarıda qeyd edilmiş Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarına əsasən də “üzrlü səbəblər” dairəsinə aid edilə bilməz. Belə ki, qətnamə cavabdehə rəsmi qaydada 18 mart 2025-ci il tarixdə elektron kabinet vasitəsilə çatdırılsa da, qanunvericilikdə nəzərdə tutulan bir aylıq müddət ötürülməklə sonra şikayət vermişdir. Mülki Prosessual Məcəllənin: 10-1.1-ci maddəsinə əsasən elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 10-1.5-ci maddəsinə əsasən Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. 10-1.5-ci maddəsinin tələblərinə görə Mülki Prosessual Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. 129.1-ci maddəsinə əsasən illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. 135.6-cı maddəsinə əsasən “elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi prosessual müddətin bərpa olunmamasına dair mahiyyətcə düzgün qərardad çıxarmışdır. Ona görə də şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 30 aprel 2025-ci il tarixli, 2-2(119)-81/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(105)-67/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-67/2025
04.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver