Məhkəmə qərarları › İş №2-2(105)-68/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-68/2022

31.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-68/2022 31.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Məmmədov Zaur İkram oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Fuad Əli oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, İddiaçı “xxxxnın Cavabdeh Rafayil oğluna qarşı “borcun tutulması” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 04 may 2022-ci il tarixli e-2- 2(119)-620/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı xxxx “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh Rafayil oğluna qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 04 may 2022-ci il tarixli e-2-2(119)- 620/2022 nömrəli qərardadı ilə iddia ərizəsi iddiaçıya geri qaytarılmışdır. Qərardaddan iddiaçı şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər 06.04.2022-ci il tarixdə Cavabdeh Dövlət Vergi Xidmətinin informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilmişdir (bununla bağlı müvafiq sübutlar iddia ərizəsi verilərkən elektron məhkəmə informasiya sisteminə əlavə edilmişdir). Belə olan halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 70.2-1.3-cü maddəsinə əsasən, elektron üsulla cavadehin elektron kabinetinə göndərildiyi gündən3 iş günü keçdikdən sonra çatdırılmış hesab olunur. İddia ərizəsi isə məhkəməyə 29.04.2022-ci il tarixdə elektron qaydada təqdim edilmişdir. Göründüyü kimi, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qanunvericiliklə nəzərdə tutulmuş qaydada cavabdehə çatdırılmışdır. Həmçinin iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə elektron qaydada göndərilməklə yanaşı kağız daşıyıcıda da cavabdehin qeydiyyat ünvanına göndərilmiş və 12.04.2022-ci il tarixdə cavabdeh tərəfindən müvafiq xəbərnaməyə şəxsən imza etməklə qəbul edilmişdir (xəbərnamə iddia ərizəsinə əlavə olunmuşdur). Qanunvericinin məqsədi iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin cavabdehə çatdırılmasından ibarətdir. İddiaçı ASC “Xalq” Bankı qeyd edilən normalara riayət edərək iddia ərizəsi və ona əlavə edilmiş sənədləri həm cavabdehin Dövlət Vergi Xidmətinin informasiya sistemində yaradılmış elektron kabineti vasitəsilə (qeyd edilən sənədlərin çatdırılmış hesab edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş 3 iş günü müddətini gözləməklə), həm də kağız daşıyıcıda cavabdehin bilavasitə qeydiyyat ünvanına göndərməklə şəxsən çatdırmışdır (12.04.2022-ci il tarixdə poçt qəbzinə imza etməklə). Yuxarıda qeyd edilən sübut növləri ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin qanunvericiliklə nəzərdə tutulmuş qaydada cavabdehə çatdırılması tam təsdiq edilməsinə baxmayaraq, məhkəmə öz formal mülahizələrinə görə iddia ərizəsini icraata qəbul etməməklə geri qaytarmış, bununla da süründürməçiliyə yol vermişdir. İddia ərizəsinin forma və məzmun tələbləri qanunvericilikdə konkret olaraq qeyd edilmişdir ki, iddiaçı tərəfindən həmin tələblərə əməl edilmiş, o cümlədən cavabdehin qeydiyyat ünvanı bilavasitə iddia ərizəsində göstərilmiş və müvafiq sənəd (MAPS-dan arayış) də ərizəyə əlavə edilmişdir. Elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə iddia ərizəsi verilərkən “tərəflər” qrafasında cavabdehin qeydiyyat ünvanı barədə məlumatların əl ilə doldurulması texniki cəhətdən mükün deyildir. Belə ki, cavabdehə aid məlumatlar doldurularkən yalnız şəxsiyyət vəsiqəsinin nömrəsi, ad, soyad, telefon nömrəsi, e-poçt, faktiki ünvan və poçt indeksi məlumatlarının doldurulması mümkündür. Elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə iddia ərizəsi verilərkən “tərəflər” qrafasında cavabdehin qeydiyyat ünvanı barədə məlumatların əl ilə doldurulması texniki cəhətdən qeyri-mümkündür. İddia ərizəsində isə cavabdehin qeydiyyat ünvanı göstərilmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 12 may 2022-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. (hakim Zülfüqar Sadiqov) Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Mülki Prosessual Məcəllənin “İddia ərizəsinə əlavə edilən sənədlər” adlanan 150ci maddəsinə 01.10.2021-ci ildən qüvvəyə minmiş qanunla edilmiş dəyişikliklərə əsasən həmin Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd, habelə müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir (150.1.4 və 150.1.6-cı maddələr). Həmin Məcəllənin 150.2-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. Göründüyü kimi, Mülki Prosessual Məcəllənin 150.2-ci maddəsində müəyyən edilmiş qayda qanunun tələbi olmaqla yanaşı, eyni zamanda kommersiya mübahisəsinin tərəflərinin bir-birinə müvafiq sənədləri (pretenziya məktubu, iddia ərizəsinin surəti və s.) daha operativ şəkildə çatdırılmasını nəzərdə tutur. Bundan başqa, Vergi Məcəlləsinin 13.2.72-ci maddəsinə əsasən elektron kabinet –vergi orqanı ilə vergi ödəyicisi arasında bağlanmış müqaviləyə əsasən yaradılan, vergi orqanı tərəfindən verilən kod-parol ilə daxil olmağa imkan verən, vergi ödəyicisi ilə vergi orqanı arasında qarşılıqlı məlumat mübadiləsini təmin edən fərdi elektron səhifədir. Həmin Məcəllənin 70.2-1.3-ci maddəsinə əsasən sənədlər vergi ödəyicisinə elektron üsulla elektron kabinetinə göndərildikdə elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra çatdırılmış hesab olunur. Məhkəmə kollegiyası şikayətin dəlilləri ilə bağlı qeyd edir ki, Mülki-Prosessual Məcəllənin 150.1.4-cü və 150.1.6-cı maddələrinin mövcud tələblərinə görə kommersiya mübahisələri üzrə verilən iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin cavabdehə çatdırılması və eləcə də, mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsinə dair sənədin cavabdehə çatdırılması birmənalı olaraq həmin Məcəllənin 150.2-ci maddəsində nəzərdə tutulan qaydada yerinə yetirilməlidir. İkincisi, Qanunvericilik qeyd olunan sənədlərin cavabdeh tərəfin almasını, yəni “cavabdehə çatdırılmasını” nəzərdə tutduğundan, bu tələb - həmin qaydalara riayət edilməsini formal olaraq təsdiq edən cavabdehə ünvanlanmış “pretenziya” məktubunun surətinin və yaxud, iddia ərizəsinin surətinin göndərilməsi barədə tərtib edilmiş məktubun məhkəməyə təqdim olunmasını deyil, həmin “pretenziya” məktubunun və iddia ərizəsinin surətinin cavabdehə həqiqətən də 150.2-ci maddədə nəzərdə tutulan qaydada göndərilməsini (cavabdehin almasını) təsdiq edən sənədlərin, yəni “Onlayn Kargüzarlıq” vasitəsi ilə əldə edilən müvafiq çıxarışların da iddia ərizəsinə əlavə edilərək, məhkəməyə təqdim olunmasını nəzərdə tutur. Mülki Prosessual Məcəllənin 152.1.4-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə, 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə, 152.1.1-ci maddəsinə əsasən isə iddia ərizəsinin formasına və məzmununa riayət etmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarılır. Həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə - iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Kollegiya “tərəflər” bölməsində məlumatların doldurula bilməməsi ilə bağlı şikayətin dəlillərini əsassız hesab edir. Belə ki, “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilmiş hazırkı iddia ərizəsinin Giriş hissəsində (“Tərəflər” bölməsində) iddiaçının ünvanı göstərilsə də, iş üzrə Cavabdeh Rafayil oğlunun ünvanı göstərilməmişdir. Halbuki, Mülki-Prosessual Məcəllənin tələblərinə görə iddia ərizəsinin Giriş hissəsində (“Tərəflər” bölməsində) tərəflərin, yəni iddiaçının və cavabdehin ünvanları göstərilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, ərizənin geri qaytarılması barədə birinci instansiya məhkəməsinin qərardadı əsaslıdır. Odur ki, şikayət təmin olunmamalı, Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-620/2022 saylı, 04 may 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Həmin Məcəllənin 398.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 397.2, 398.0.1, 400-üi maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı “xxxxnın şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-620/2022 saylı, 04 may 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar