Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-7/2020 03.02.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası, sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər X12 və X7 ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, cavabdeh X4 iştirakı ilə, İddiaçı cavabdeh X5 qarşı cavabdeh X2 4722,22 manat, faiz borcu 1251,36 manat, cərimə 2502,72 manat olmaqla cəmi 8476,66 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçı “Tac” Kredit İttifaqının xeyrinə tutulması tələbinə dair iş üzrə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, e-2-2(085)- 434/2019 saylı qətnaməsindən cavabdeh X6 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh X5 qarşı iddia ərizəsi ilə X8 Məhkəməsinə müraciət edərək cavabdeh X3 4722,22 manat, faiz borcu 1251,36 manat, cərimə 2502,72 manat olmaqla cəmi 8476,66 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçı “Tac” Kredit İttifaqının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı “TAC” Kredit İttifaqı ilə cavabdeh X6 (VÖEN **********) arasında “24 SKMF 14” nömrəli kredit müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən kredit verən həmin müqavilə ilə müəyyən edilmiş şərtlərlə kreditalana 5000 (beş min) manat krediti SKMF-nun vəsaiti hesabına illik 6%-lə və güzəşt müddəti 18 (on səkkiz) ay olmaq şərtilə 36 (otuz altı) ay müddətinə verir. Həmin müqavilənin 4.1-ci maddəsinə əsasən kreditalan “TAC” Kİ qarşısında müqavilədə nəzərdə tutulmuş qaydada şərtlərlə aldığı vəsaiti 36 (otuz altı) ay ərzində qaytarmağı qeyd-şərtsiz olaraq öhdəsinə götürmüşdür. Müqavilənin 4.2-ci bəndinə əsasən kreditalan kredit məbləğini kreditin verilmə tarixindən sonra bu Müqaviləyə 1 saylı əlavədə göstərilmiş ödəmə cədvəli ilə müəyyən olunmuş qaydada ödənilməsini həyata keçiriləcəkdir. Həmin əlavə üzrə ödəniş o halda vaxtında ödənilmiş hesab edilir ki, müvafiq dövr üçün müəyyən olunmuş gün Bankın əməliyyat saatlarında kreditalanın cari hesab hesabına daxil edilmiş olsun. Əgər ödəniş iş günü hesab olunmayan günə təsadüf edərsə, ödəniş həmin gündən sonra gələn növbəti iş günü ödənilməlidir. Lakin borclu bu günədək həmin məbləğdən heç bir ödəniş etməmişdir. Bununla əlaqədar olaraq kreditor borcluya borcun qaytarılması barədə bildiriş göndərsə də, borclu tərəfindən borcun ödənilməsi istiqamətində hər hansı addım atılmamışdır. Müqavilənin 5.1-ci bəndinə əsasən “TAC” Kİ tarif cədvəlinə uyğun olaraq kreditalan kreditverənə kreditin təhsis edilməsinə, müvafiq hesabların açılmasına və verilən kreditin nağd çıxarılmasına görə müvafiq komisyon haqqı ödəyir. Kreditalan kredit üzrə hesablanmış faiz borcunu kredit müddəti bitənədək hər ay öz öhdəsinə götürür. Müqavilənin 5.3-cü bəndinə əsasən kredit üzrə faizlər illik faiz dövrü şərti olaraq 360 gün götürülməklə, illik 6% (altı) faiz dövründə kreditin istifadə edildiyi günlərin faktiki sayına görə hər gün üçün günün əvvəlinə olan qalığa hesablanır. Faizlər kreditin verildiyi gündən hesablanır. Müqavilənin 6.1-ci bəndinə əsasən Müqaviləyə 1 saylı Əlavə ilə müəyyən edilən ödəmə günü həmin gün üçün təyin edilmiş məbləğ ödənilmədikdə ertəsi gündən etibarən vaxtı keçmiş borcun faktiki olaraq ödənildiyi tarixədək 5.3-cü bəndində göstərilmiş faiz dərəcəsinin iki mislinə bərabər cərimə ödəyir. xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, cavabdehin həmin tarixə 4722,22 manat əsas borc, 1251,36 manat faiz borcu və 2502,72 manat cərimə borcu vardır. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, e-2-2(085)- 434/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh X3 əsas borc 4722,22 manat, faiz borcu 401,37 manat, cərimə 1500 manat olmaqla, cəmi 6623,59 (altı min altı yüz iyirmi üç manat əlli doqquz qəpik) manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir (hakim İ.Quliyev). Qətnamədən narazı qalan cavabdeh X6 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçının bütün haqsız tələbləri təmin edilmişdir. Cavabdeh kredit götürmüşdür. Lakin müqavilənin şərtləri və bu kredit müqaviləsinin mahiyyəti tam başqadır. Bu kredit müqaviləsi Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondu dəstəyi əsasında ona toyuq sortlarının saxlanması üçün verilmişdir. Kredit güzəştli şərtlərlə sahibkarlığın dəstəyi məqsədi ilə verilmişdir. Kredit müqaviləsi üzrə 1364 manat tərəfindən qaytarılmışdır. Toyuqların xəstəliyə tutulması və qırılması nəticəsində ziyana düşmüşdür. Bu səbəbdən hər hansı bəhər əldə edə bilməmiş, müqavilə şərtlərinə görə ona güzəştlər edilməli olduğu halda iddiaçı maddi xeyrini güdərək belə bir iddia qaldırmışdır. Dəfələrlə təsərrüfatını, toyuqlarının şəkillərini çəkərək müxtəlif adamlara kreditlər vermişlər. Hazırda isə verdikləri pulu deyil, faiz və cərimə pulu da istəyirlər. Mübahisə məhkəmədə araşdırılarkən bu hallar hərtərəfli və obyektiv araşdırılmamışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X6 apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və cavabdehin izahatını dinləyib hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, e-2-2(085)-434/2019 saylı qətnaməsi cavabehdən cərimə üzrə 1500 manat məbləğində pulun tutulması hissəsində dəyişdirilməli, cavabdehdən tutulacaq dəbbə (cərimə) borcu 100 (yüz) manat məbləğində müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan: Nümayəndə və ortaqlarının tam ortaqlıq "TAC" kredit ittifaqı ilə X6 arasında bağlanmış № 24 SKMF 14 saylı, xx xxxxxx 2013-cü il tarixli müqavilədən görünür ki, kreditverən hazırki müqavilə ilə müəyyən edilmiş şərtlərlə kreditalana 5000 manat krediti- SKMF-in vəsaiti hesabına illik 6%-lə və güzəşt müddəti 18 ay olmaq şərtilə 36 ay müddətinə verməyi, kreditalan bu müqavilə ilə aldığı krediti qaytarmağı, kreditə hesablanmış faizləri ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş digər öhdəlikləri vaxtında və tam yerinə yetirməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx xxxx 2019-cu il tarixli maliyyə arayışından görünür ki, cavabdeh X4 xx xxxxxx 2013-cü il tarixli kredit müqaviləsi üzrə xx xxxx 2019-cu il tarixə vaxtı keçmiş kredit borcu əsas kredit borcu 4722,22 manat, kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2016-cı il tarixə faiz borcu 401,37 manat, tələb qaldırılan günə faiz borcu 1251,36 manat, hesablanmış cərimə 2502,72 manat təşkil edir. İş materialları ilə müəyyən olunur ki, İddiaçı ilə X6 arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli kredit müqaviləsinə görə Nümayəndə və ortaqlarının tam ortaqlıq "TAC" kredit ittifaqı X5 xx xxxxxx 2016-cı il tarixinədək 5000 manat olan kreditlər verməyi, X6 isə alınmış vəsaitin və hesablanmış faizlərin ödənilməsini öz öhdəsinə götürmüşdür. X6 tərəfindən kredit müqaviləsi üzrə borc məbləği qismən ödənilsə də, müqavilə öhdəlikləri icra olunmayaraq borcun tam olaraq ödənilməsi təmin edilməmişdir. Bununla da, X4 İddiaçıNA sözügedən müqavilə üzrə 4722,22 manat əsas borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və həmin Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsədüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2 və 445.2.1-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Birinci instansiya məhkəməsi də iş materiallarına istinad edərək iddiaçı ilə X9 oğlu arasında bağlanmış xx.xx.2013-cü il tarixli, № 24 SKMF 14 saylı kredit müqaviləsinə əsasən V.Baxşaliyevə 36 ay müddətinə, illik 6 faiz ilə 5000 manat kredit verilməsini, kredit müqaviləsinin şərtlərinin cavabdeh tərəfindən pozulmasını, nəticədə kredit müqaviləsi üzrə 4722,22 manat əsas, müqavilə müddətinin xx xxxxxx 2016-cı il tarixində bitdiyini nəzərə alaraq faiz borcunun 401,37 manat və 1500 manat dəbbə borcu olmaqla, cəmi 6623,59 (altı min altı yüz iyirmi üç manat əlli doqquz qəpik) manat məbləğində borcun yaranmasını müəyyən edərək, iddia tələbini cərimə borcu hissəsində qismən təmin etmiş, həmin hissədə gəldiyi nəticəni də Mülki Məcəllənin 467-ci maddəsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh V.Baxşaliyev öhdəliyi lazımınca icra etmədiyi üçün iddiaçının dəbbə (cərimə) pulu almaq tələbinin də qanuni əsasları vardır. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədyi və lazımınca icra edilmədyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin 6.1-ci bəndinə əsasən Müqaviləyə 1 saylı Əlavə ilə müəyyən edilən ödəmə günü həmin gün üçün təyin edilmiş məbləğ ödənilmədikdə ertəsi gündən etibarən vaxtı keçmiş borcun faktiki olaraq ödənildiyi tarixədək 5.3-cü bəndində göstərilmiş faiz dərəcəsinin iki mislinə bərabər cərimə ödəyir. Göründüyü kimi, dəbbə ödənilməsini tərəflər müqavilə ilə müəyyən etmişlər. Bu baxımdan, iddiaçının cavabdehdən dəbbə pulu almaq tələbi qanuni tələbdir. Kredit müqaviləsi üzrə cavabdeh V.Baxşaliyevin 2502.72 manat cərimə borcu olması da iş materiallarında olan arayışla (i.v.14) təsdqini tapır. Mülki Məcəllənin 467-ci maddəsinə görə də məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İş materiallarından görünür ki, iddiaçı təşkilat iddia ərizəsi ilə müraciət edən zaman cavabdehdən 2502.72 manat cərimə borcu tələb etmiş, birinci instansiya məhkəməsi Mülki Məcəllənin 467-ci maddəsinə istinadən cərimə borcunun çox olması qənaətinə gələrək həmin məbləği 1500 manat müəyyən etmişdir. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 467-ci maddəsini düzgün tətbiq edib tələb olunan cərimə məbləğini azaltsa da, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin müəyyən etdiyi cərimənin məbləği ilə razlaşmır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, hər hansı müqavilə, o cümlədən kredit müqaviləsi münasibətlərində dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təmin edilməsi üsulu, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır. Bu səbəbdən dəbbənin məbləği tənasübsüz surətdə yüksək ola bilməz. Bundan əlavə, iş materilallarından görünür ki, kredit müqaviləsi xx.xx.2013-cü ildə 36 ay müddətinə bağlanmış, müqaviləyə əsasən cavabdeh V.Baxşaliyevə 5000 manat kredit verilmişdir. İddiaçı hazırki iddia ilə məhkəməyə xx.xx.2019-cu ildə müraciət etmiş və müqavilənin bitmə tarixi olan xx.xx.2016-cı ilə cavabdehə 2502.72 manat cərimə hesablamışdır. Halbuki həmin tarixə əsas borc 4722.22 manat, faiz borcu isə 401.37 manat olmuşdur. Göründüyü kimi, iddiaçının müqavilə müddəti üzrə hesabladığı cərimənin məbləği əsas və faiz borcunun məbləğinin təxminən yarısı qədər olmuşdur. Nəzərə alınsa ki, müqavilə üzrə verilən kreditin məbləği cəmi 5000 manatdır və cavabdeh kreditdən müəyyən ödənişlər də etmişdir, belə olan halda, kredit müqaviləsinin qüvvədə olduğu 3 il müddətində gecikdirilən günlər üçün 2502.72 manat cərimə hesablanması ağlabatan sayıla bilməz. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, dəbbə pulu hissəsində iddia tələbini qismən – 1500 manat məbləğində təmin edərkən birinci instansiya məhkəməsi işin qeyd olunan bu hallarını tam nəzərə almamışdır. Buna görə də məhkəmə kollegiyası əsas borcun məbləğinə mütənasiblik prinsipini rəhbər tutaraq, cavabdehin həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısını almaq məqsədi ilə hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi gecikdirməyə görə 1500 manat məbləğində dəbbə pulu borcunun tutulması hissəsində dəyişdirilərək, həmin məbləğ 100 (yüz) manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Məhkəmə kollegiyası qətnamənin ləğv edilməli olması barədə apelyasiya şikayətinin dəlilini qəbul etmir. Çünki Mülki Məcəllənin 467-ci maddəsi tənasübsüz surətdə yüksək dəbbə pulunun yalnız azaldıla bilməsini nəzərdə tutur. Dəbbə pulunun tamamilə silinməsi qanunvercilikdə nəzərdə tutulmayıb. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdeh X4 apelyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019cu il tarixli, e-2-2(085)-434/2019 saylı qətnaməsi cavabehdən cərimə üzrə 1500 manat məbləğində pulun tutulması hissəsində dəyişdirilməli, cavabdehdən tutulacaq dəbbə (cərimə) borcu 100 (yüz) manat məbləğində müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1, 372.6, 372.7, 384.0.3-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh X6 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, e-2-2(085)- 434/2019 saylı qətnaməsi X1 cərimə üzrə 1500 (min beş yüz) manat məbləğində pulun tutulması hissəsində dəyişdirilsin. X1 tutulacaq dəbbə (cərimə) borcu 100 (yüz) manat məbləğində müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Zaur Məmmədov Hakimlər Nazim Nəsibov Aqil Abbasov
Məhkəmə qərarları › İş №2-2(105)-7/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-7/2020
03.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver