Məhkəmə qərarları › İş №2-2(105)-7/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-7/2021

19.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki dövriyyənin iştirakçıları arasında hesablaşmalar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-7/2021 19.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Məmmədova Lətifə Məhyəddin qızı və Əsgərova Ruhiyyə Orucəli qızından ibarət tərkibdə, X19 oğlunun katibliyi, iddiaçının nümayəndəsi-vəkili Vəkil2 və cavabdehin nümayəndəsi Seyfullayev Bahadır Mödhəd oğlunun iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı qaz sərfiyyatına görə cavabdeh tərəfindən İddiaçı mülkiyyətində olan Xaçmaz rayonu, Köhnə Xudat kəndində yerləşən istixananın qaz sərfiyyatı üzrə artıq hesablanmış 123.129,40 manat borcun silinməsi tələbinə dair iddiası üzrə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli e-2-2(85)-556/2019 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 18-xx xxxx 2021-ci il tarixlərdə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək qaz sərfiyyatına görə cavabdeh tərəfindən İddiaçı mülkiyyətində olan Xaçmaz rayonu, Köhnə Xudat kəndində yerləşən istixananın qaz sərfiyyatı üzrə artıq hesablanmış 123.129,40 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Xaçmaz rayonu, Köhnə Xudat kəndində yerləşən istixana əvvəllər X3 mülkiyyətində olmuş, sonradan N.Babayev istixananı iddiaçıya satmış və alqı-satqı əsasında X18 Sahəsi tərəfindən abonent kodu da iddiaçının adına keçirilmişdir. X18 Sahəsi tərəfindən təqdim olunmuş, xx.xx.2019-cu il tarixli abonentin saldosunda (abonent kodu **********00000) sayğacın mexaniki göstəricisi 2.144.576 kub.metr, elektron göstərici 2.760.195 kub.metr göstərilmişdir. Göstəricilər arasındakı fərq 615.619 kub.metr, pulla dəyəri 123.123,80 manat təşkil edir (615.619 kub.metr x0,20 manat). Abonentin saldosuna əsasən, qaz borcu sayğacın elektron göstəricisinə (2.760.195 kub.metr) görə hesablanmışdır. Lakin istixanada qaz sərfinin hesablanması mexaniki göstəricilər əsasında aparılmalıdır. Belə ki, göstərilən məsələ ilə əlaqədar, yəni istixanada qaz sərfinin hesablanması sayğacın mexaniki göstəriciləri əsasında aparılmalı olması barədə tərəflər arasında məhkəmə mübahisəsi olmuşdur və qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təsdiq olunmuşdur ki, istixanada qaz sərfinin hesablanması sayğacın mexaniki göstəriciləri əsasında aparılmalıdır. X1 mülkiyyətində olduğu vaxt, N.Babayev yuxarıda göstərilən məsələ ilə əlaqədar iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş, məhkəmənin xx.xx.2016-cı il tarixli, 2-2(85)-41/2016 saylı qətnaməsi ilə iddia təmin edilmiş, istixananın qaz sərfiyyatı üzrə artıq hesablanmış (sayğacın elektron göstəricisi ilə mexaniki göstəricisi arasındakı fərqin dəyəri) məbləğin silinməsi qət olunmuşdur. Qətnamənin 6-cı vərəqinin yuxarıdan birinci abzasında birbaşa göstərilir ki, “X5 qeyd edilən sayğac üzrə qaz sərfiyyatına görə borc hesablanarkən, həmin sayğacın mexaniki göstəricisi əsas götürülməklə hesablanmalı idi”. Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-2(105)- 105/2016 saylı qətnaməsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-2(85)-41/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bu qətnamədə də göstərilmişdir ki, X5 qeyd edilən sayğac üzrə qaz sərfiyyatına görə borc hesablanarkən, həmin sayğacın mexaniki göstəricisi əsas götürülməli idi. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(102)-166/17 saylı qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-2(105)-105/2016 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Beləliklə, göstərilən mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı qəbul olunmuşdur və bu məhkəmə qərarları ilə konkret olaraq təsdiq olunmuşdur ki, qaz sərfiyyatına görə borc hesablanarkən, sayğacın mexaniki göstəricisi əsas götürülməklə borc hesablanmalıdır. Lakin tərəflər arasındakı mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə qaz sərfinin sayğacın mexaniki göstəricisi əsas götürülməklə hesablanmalı olması təsdiq olunmasına baxmayaraq, Cavabdeh İB tərəfindən sahibkarı olduğum istixanada qaz sərfi qanunsuz olaraq yenə də sayğacın elektron göstəricisinə əsasən aparılır. Hal-hazırda istixananın qaz təchizatı yuxarıda göstərilən səbəblərdən Cavabdeh İB tərəfindən süni şəkildə yaradılmış qaz sərfiyyatı borcuna görə dayandırılmışdır. İstehlakçıdan istixananın qaz təchizatının bərpa olunması üçün elektron və mexaniki göstəricilər arasında yaranmış fərqin ödənilməsi tələb olunur ki, bu da qeyri-qanuni tələbdir. İddiaçı cari qaz sərfiyyatı borcunu artıqlaması ilə ödəmiş, lakin Cavabdeh İB cari qaz sərfiyyatı borcumu artıqlaması ilə ödəməyimə baxmayaraq, qaz təchizatının bərpa edilməsindən imtina edir. Bu səbəbdən iddiaçı Cavabdehnə Xaçmaz rayonu, Köhnə Xudat kəndində yerləşən istixanada qaz sərfinin sayğacın mexaniki göstəricisi əsas götürülməklə hesablanmasını, həmçinin xx.xx.2019-cu il tarixinə artıq hesablanmış 123.123,80 manat qaz sərfi məbləğinin (sayğacın mexaniki və elektron göstəriciləri arasındakı fərq) silinməsi barədə ərizəpretenziya ilə müraciət etmişdir. Ərizə-pretenziya Cavabdeh İB-də surətinə qəbul olunma barədə ştamp vurulmaqla xx.xx.2019-cu ildə qəbul olunmuşdur. Lakin bundan sonra, halhazıra qədər Cavabdeh İB-nə dəfələrlə müraciət edərək, ərizənin baxılmasının nəticələri barədə iddiaçı ona məlumat verilməsini xahiş etsə də, ərizəsinə bu vaxta qədər heç bir cavab verilməmişdir. xx.xx.2019-cu il tarixə X18 Sahəsi tərəfindən təqdim olunmuş abonentin saldosunda Dövlət rüsumunun ödənilməsi haqqında məlumat ərizəni imzalayan şəxs haqqında məlumat: (abonent kodu **********00000) sayğacın mexaniki göstəricisi 2.144.669 kub.metr, elektron göstərici 2.760.316 kub.metr göstərilmişdir. Göstəricilər arasındakı fərq 615.647 kub.metr təşkil edir. Fərqin pulda dəyəri 123.129,40 manat təşkil edir (615.647 kub.metr x 0,20 manat) Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli e-2-2(85)-556/2019 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. (hakim V.Əzizova) Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi xx xxxxxx 2019-cu il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, Cavabdeh Xaçmaz RQİİ-nin Xaçmaz xidmət sahəsində qeyri-əhali abonenti kimi qeydiyyatda olan İddiaçı Xaçmaz rayonun Köhnə-Xudat kəndində yerləşən istixananı işlədir. Həmin obyektdə kənd təsərrüfatı məhsulları yetişdirmək üçün müqavilə əsasında təbii qazdan istifadə edir. İstifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə iki tərəfli qaydada müəyyən edilir. Abonent üçün sənaye qaz qurğusundan istifadə edən istehlakçılar üçün nəzərdə tutulmuş Elster tipli G-250 RVG EK-220 markalı sayğac quraşdırılmışdır. İstifadə olunan təbii qazın dəyər məbləğinin vaxtında ödənilməsi barədə tərəf üzərinə öhdəlik götürmüşdür. İddia ərizəsində qeyd olunur ki, cavabdeh təşkilat onun istifadə etdiyi təbii qaza görə borcu sayğacın elektron göstəricisinə əsasən hesablanmışdır. O isə hesab edir ki, onun istifadə etdiyi təbii qaza görə borcu sayğacın mexaniki göstəricisinə əsasən hesablanmalıdır. Faktiki olaraq sayğacdan keçən təbii qazın nisbi miqdarı sayğacın mexaniki göstəricisində əks olunur. Lakin yüksək təzyiqli qazdan istifadə edən abonentlər üçün Elster tipli G-250 RVG sayğaclarının komplektasiyasına EK-220 markalı elektron korrektor əlavə edilir ki, həmin elektron cihaz sayğacdan aldığı mexaniki göstəricisini havanın temperaturu, nisbi rütubətlik və atmosfer təzyiqinin standart şərtlərinə uyğun hesablayaraq həmin amillərin təsiri nəzərə alınmaqla sayğacdan keçən təbii qazın real miqdarı qeyd edilir. Yəni təbii qazdan yüksək təzyiqlə (saatda 10 m3-dan artıq) istifadə olunduqda havanın temperaturu, nisbi rütubət və atmosfer təzyiqi sərf olunan miqdarının müəyyən edilməsinə təsir göstərir. Buna görə də sayğacın elektron göstəricisinin mexaniki göstəricisindən artıq olması qanunauyğun haldır. Bütün bu hesablamalar G-250 qaz sayğaclarının istismarı üzrə rəhbər təlimata, Metrologiya üzrə Qaydalara PR50.2ş019-96”, “Rotasion və turbin sayğacları vasitəsi ilə ölçmələrin yerinə yetirilməsi metodikası”na əsasən aparılır. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən Cavabdehnə qarşı iddia ərizəsində iddianın əsası kimi göstərilmiş məsələ ilə bağlı cavabında bir mənalı olaraq bildirir ki, “Təhvil verilən və qəbul edilən qazın həcminin hesabatı dövlət reyestrinə düşmüş bütün tip elektron kollektorlu qaz sayğaclarında elektron tablonun göstəricilərinə əsasən aparılır. Bundan əlavə xx xxxxxx 2019-cu il tarixli debitor borcun ödənilməsi haqqında iki tərəfli bağlanmış Razılaşma Protokoluna əsasən “İstehlakçı“ 1.1. təbii qazdan istifadəyə görə Cavabdehnə 51598.60 (əlli bir min beş yüz doxsan səkkiz) manat 60 (altmış) qəpik məbləğində borcunun olmasını qəbul edir. 1.2. həmin borcdan, təbii qazın sərfiyyatından əlavə 2019-cu ilin noyabr və dekabr aylarında hər ayın 25-nə kimi 25799.30 (iyirmi beş min yeddi yüz doxsan doqquz) manat 30 (otuz) qəpik olmaqla Cavabdehnə ödəməyi öhdəsinə götürür. 1.3 “İstehlakçı” ya hesab faktura təqdim edildikdən sonra təbii qazın sərfiyyatı və X15n 1.2 yarımbəndinin tələblərinə uyğun olaraq qalıq borcu üzrə ödəniş etmədiyi təqdirdə təbii qazın verilişinin dayandıralacağını qəbul edir və bununla Cavabdehnə qarşı heç bir tələb irəli sürməyəcəyini bildirmişdir. 2. X15 üzrə nəzərdə tutulmayan və tənzimlənməyən digər məsələlər Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun olaraq tənzimlənir. 3. “İstehlakçı X15 üzrə öhdəliklərini yerinə yetirmədiyi təqdirdə Cavabdeh borcun tələb edilməsi üçün məhkəməyə müraciət etmək hüququ öz üzərində saxlayır. X15 tərəflər üçün məcburi şərtlər əks etdirməklə Azərbaycan dilində, eyni hüquqi qüvvəyə malik iki nüsxədə tərtib olunur və tərəflərdə saxlanılır. Cavabdeh İB təbii qazın çıxarılması, emalı ilə məşğul olmur. Birliyin vəzifəsi yalnız SOCAR şirkətindən aldığı təbii qazı qazpaylayıcı funksiyasını yerinə yetirməklə istehlakçıya, fasiləsiz, təhlükəsiz, keyfiyyətli qazın təmin edilməsi və həmin qazın dəyərinin ödənilməsini təmin etməkdən ibarədir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia ərizəsinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi kommersiya kollegiyasının xx xxxx 2020-ci il tarixli 2- 2(105)-30/2020 saylı qətnaməsi ilə cavabdehin verdiyi apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin hazırki iş üzrə xx xxxxxx 2019-cu il tarixli e-2-2(85)-556/2019 saylı qətnaməsi cavabdehə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan cavabdehin verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsi kommersiya kollegiyasının xx xxxx 2020-ci il tarixli 2-2(102)-231/2020 saylı qərarı ilə təmin olunaraq Sumqayıt Apelyasiya Məhkəməsi kommersiya kollegiyasının xx xxxx 2020-ci il tarixli 2-2(105)-30/2020 saylı qətnaməsi ləğv edilmiş və iş yeni apelyasiya baxışına qaytarılmışdır. Yeni apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi Seyfullayev Bahadır Mödhəd oğlu apelyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Yeni apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi-vəkili Vəkil2 apelyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iş üzrə tərəflərin nümayəndələrinin izahatını, apelyasiya şikayətinin dəlillərini müzakirə edərək, işdə olan sübutları qiymətləndirərək, yuxarı instansiya məhkəməsinin qərarında qoyulmuş göstərişləri nəzərə alaraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdən göründüyü kimi, İddiaçı cavabdeh tərəfindən onun mülkiyyətində olan Xaçmaz rayonu, Köhnə Xudat kəndində yerləşən istixananın qaz sərfiyyatı üzrə artıq hesablanmış 123.129,40 manat borcun silinməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən müəyyən etmişdir ki, İddiaçı məxsus istixanada quraşdırılmış sayğacın mexaniki göstəricisi 2144576 kub m, elektron göstəricisi isə 2.760.195 kub m göstərilmişdir, göstəricilər arasındakı fərq 615.619 kub.m təşkil edir. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh İB-nin “istifadə edilmiş təbii qazın dəyərinin elektron göstəricilər əsasında hesablanmalı olması” barədə dəlilləri onun nümayəndəsi tərəfindən əsaslandırılmamış, bu halları təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamışdır. Məhkəmə hesab etmişdir ki, istixanada quraşdırılmış sayğacın mexaniki və elektron göstəriciləri arasında yaranmış fərqin dəyəri İddiaçıdan tutula bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İş materialları ilə müəyyən olur ki, İddiaçı vergi ödəyicisi kimi qeydiyyata alınmış və ona ********** saylı VÖEN verilmişdir. İş materiallarında olan Abşeron rayonu 2 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx xxxxxx 2015-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsindən görünür ki, X8 və İddiaçı arasında Xaçmaz rayonu, Köhnə Xudat kəndində yerləşən 2.16 ha torpaq sahəsində yerləşən əmlak kompleksi kimi müəssisənin (Üzüm emalı zavodu) torpaq sahəsinin bir hissəsini, yəni 1,2285 ha “xxxx” ASC-də girovda qalmaq şərti ilə alıcı-ipoteka qoyanın mülkiyyətinə verilmişdir. İş materiallarından görünür ki, Cavabdeh və fiziki şəxs X10 arasında xx xxxxxx 2016-cı il tarixli, ***-**-** saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmışdır. Həmin müqavilənin 1-ci bəndinə əsasən bu Müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq keyfiyyətli qazla təmin etməyi, İstehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcının hesabına ödəməyi öhdələrinə götürmüşlər. Müqavilənin 4.4-cü bəndində istehlakçının qaz sayğacı haqqında məlumat öz əksini tapmış və sayğacın quraşdırılma tarixi xx xxxxxx 2014-cü il, Dövlət yoxlamasından keçirilməsinin son tarixi isə xx xxxxxx 2014-cü il göstərilmişdir. İş materiallarında olan X20 İstismarı İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, İddiaçı mülkiyyətində olan Xaçmaz rayonu, Köhnə Xudat kəndində yerləşən istixananın xx.xx.2019-cu il tarixədək istifadə olunan təbii qaza görə 53463 manat 60 qəpik qaz pulu borcu vardır. xx.xx.2018-ci il tarixdə 2-2(85)41/2016 saylı xx xxx 2016-cı il tarixli qətnaməyə əsasən 7712 manat 50 qəpik abonentin hesabından silinmişdir. İş materiallarında olan abonentin saldosundan görünür ki, iddiaçıya məxsus obyektdə quraşdırılmış Elster G-250 RVG EK-220 markalı, 75441594 saylı sayğacın 2019-cu ilin sentyabr ayı üzrə mexaniki göstəricisi 2.144.669 kub.metr, elektron göstəricisi isə 2.760.316 kub.metr göstərilmişdir. Həmçinin abonentin saldosundan görünür ki, İddiaçı 123.129,40 manat məbləğində borc hesablanmışdır. Göründüyü kimi həmin sayğacın mexaniki göstəricisi ilə elektron göstəricisi arasında kəskin fərq (615.619 kub metr) mövcud olmuşdur ki, iş üzrə tərəflər arasında da həmin fərqə görə sayğacın mexaniki və ya elektron göstəricisinin əsas götürülməsi ilə bağlı mübahisə yaranmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin kommersiya kollegiyası apelyasiya məhkəməsinin qətnaməsini ləğv edərək göstərmişdir ki, işin hərtərəfli, tam və obyektiv araşdırılması üçün apelyasiya instansiyası məhkəməsi hazırki iş üzrə yuxarıda göstərilən istixanada quraşdırılmış Eltser G-250 RVG EK-220 markalı qaz sayğacının mexaniki və elektron göstəricilərinin arasında fərqin yaranmasının səbəbinin və onlardan hansının sayğacın göstəricisi kimi əsas götürülməsinin müəyyən edilməsi üçün MPM-in 97.1-ci maddəsinə uyğun olaraq iş üzrə ekspertiza təyin etməklə və ya bu Məcəllənin 167.1.9-cu maddəsinə əsasən mütəxəssis cəlb etməklə yenidən araşdırılmalıdır. İşə apelyasiya qaydasında baxılarkən məhkəmə kollegiyası tərəfindən Ali Məhkəmənin göstərişləri və apelyasiya şikayətinin dəlilləri nəzərə alınaraq iş üzrə məhkəmə mühəndistexniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021ci il tarixli 10/2613 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, «RVG Rotasion qaz sayğacları (G16 G400) İstismar üzrə rəhbər sənədi»ndə (ЛГТИ,407273,001РЭ), «RVG Rotasion qaz sayğacları. Yoxlama metodikası»nda (ЛГТИ,407273,001МП) və «Turbin, rotasion və sovrulan sərfiölçənlərin və sayğacların vasitəsi ilə ölçmə metodikası» P8.740-2011 DÜSTndə (dövlət standartında) yoxlama zamanı sayğacın mexaniki hissəsinin, yaxud elektron korrektorun göstəricilərinin əsas göstəricisi kimi götürülməsi qeyd edilmədiyinə görə, yoxlayan sayğacın hər iki hissələrinin göstəriciləri nəzərə alınmalıdır. Həmin hissələrin göstəricilərində etalon (müqayisəli) sayğacın göstəriciləri arasında böyük fərqin (5% artıq) olması, yoxlayan sayğacın xətalarla işlədiyini göstərən amillərdən biridir. İddiaçı fiziki şəxs İddiaçı məxsus istixanada quraşdırılmış «Adirom» markalı qaz sobaların işləmə rejimini, sayınını, sobaların (forsunkaların) maksimal saatlıq qaz sərfiyyatını və bu göstəricilərinə əsasən hesablanmış istixanada işlək vəziyyətdə olan 5 ədəd «Adirom» markalı qaz sobaların bir ayda istifadə edilə bilən maksimal qaz sərfiyyatının 74812,5 m3 olduğunu nəzərə aldıqda, mübahisəli ELSTER G-250 RVG EK-2xx xxxxx 75141594 S/N-li qaz sayğacının göstəriciləri qeydə alınmış «F/Ş İddiaçı - istixana» abonentin saldosunda (abonentin kodu: **********00000) 2013-cü ilin may ayından 2020-ci ilin mart ayına qədər göstərilmiş sərfiyyatlardan 970995 m3 qaz sərfiyyatının (dəyəri isə 156946,6 manat) artıq hesablandığı müəyyən edilir. Ekspert rəyindən də göründüyü kimi Elster tipli G-250 RVG qaz sayğacının mexaniki və elektron göstərici arasında böyük fərqin olması, yoxlayan sayğacın xətalarla işlədiyini göstərən amillərdən biridir. Həmçinin iddiaçıya məxsus istixanada quraşdırılmış 5 ədəd «Adirom» markalı qaz sobaların bir ayda istifadə edilə bilən maksimal qaz sərfiyyatının 74812,5 m3 olması nəzərə alınaraq, 2013-cü ilin may ayından 2020-ci ilin mart ayına qədər göstərilmiş sərfiyyatlardan 970995 m3 qaz sərfiyyatının artıq hesablandığı müəyyən edilmişdir. Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, xx xxxxxx 2019-cu il tarixli debitor borcun ödənilməsi haqqında iki tərəfli bağlanmış Razılaşma Protokoluna əsasən “İstehlakçı“ təbii qazdan istifadəyə görə Cavabdehnə 51598,60 manat 60 qəpik məbləğində borcunun olmasını qəbul etmiş və həmin borcu Cavabdehnə ödəməyi öhdəsinə götürmüşdür. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materialları ilə müəyyən olur ki, Cavabdeh İB və İddiaçı nümayəndəsi X4 arasında iddiaçının mülkiyyətində olan Xaçmaz rayonu, Köhnə Xudat kəndində yerləşən istixanaya təbii qazdan istifadəyə görə hesablanmış 51598,60 manat məbləğində borcun olması barədə xx.xx.2019-cu il tarixli “Debitor borcun ödənilməsi haqqında” razılaşma protokolu imzalanmışdır. Həmçinin iş materialları ilə müəyyən olur ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadə verərək göstərmişdir ki, o, İddiaçı ilə yaxın dost münasibətində olduğu üçün etibarnamə əsasında onun bu və ya digər məsələlərin həllində iştirak etmiş, lakin o, heç bir vaxt iddiaçıya məxsus Xaçmaz rayonu, Köhnə Xudat kəndində yerləşən istixananın işçisi olmamışdır. İstixanaya təbii qazın verilməsi cavabdeh tərəfindən dayandırıldığından və qazın verilməsini bərpa etmək üçün Cavabdeh İB-nin nümayəndələri tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli razılaşma protokolu oxunmadan, məzmunu və mahiyyətini bilmədən imzalamışdır. Həmin vaxt protokolun bir nüsxəsi ona verilməmiş və hazırda da həmin sənədin məzmunundan məlumatsızdır. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh İB və İddiaçı nümayəndəsi X4 arasında iddiaçının mülkiyyətində olan Xaçmaz rayonu, Köhnə Xudat kəndində yerləşən istixanaya təbii qazdan istifadəyə görə hesablanmış 51598,60 manat məbləğində borcun olması barədə xx.xx.2019-cu il tarixli “Debitor borcun ödənilməsi haqqında” razılaşma protokolu toplanmış digər sübutlarla öz təsdiqini tapmayıb təkzib olunduğuna görə, həmin sənəd sübut kimi qəbul edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Cavabdeh İB-yə ünvanlanmış xx xxxxx 2017-ci il tarixli **********72 saylı cavab məktubundan görünür ki, sənaye qaz sayğacları vasitəsi ilə təhvil verilən qaz həcminin hesabatının aparılması zamanı istifadə olunan qaz həcminin hesablanma parametrləri mütəmadi olaraq elektron korrektorlarda qeyd olunur. Ona görə də təhvil verilən və qəbul edilən qazın həcminin hesabatı dövlət reyestrinə düşmüş bütün tip elektron korrektorlu qaz sayğaclarında elektron tablonun göstəricilərinə əsasən aparılır. Bu məktubda həmçinin o da bildirilmişdir ki, ГОСТ Р 8.740-2011 “Расход и количество газа. Методика измерений с помощью турбинных, ротационных и вихревых расходомеров и счетчиков” Rusiya Federasiyasının dövlət standartı Azərbaycan Respublikasının ərazisində qüvvədə deyildir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyinə əsasən «Aəzriqaz» İByi tərəfindən 2013-cü ildə quraşdırılmış ELSTER tipli sayğac X9 Novqorod vilayəti Arzamas şəhərinin Cihazqayırma zavodunun istehsalıdır və yuxarıda qeyd olunmuş standartına əsasən bu tip sayğaclarda sərf olunan qazın ölçülməsi parametrlərinin vahid sistemini müəyyən edir. Həmin metodikanın 3.7.4-cü bəndinə əsasən ölçü vahidlərində qeyri müəyyənlik olarsa RMQ-43-2011 QSİ standartları ilə hesablanmalıdır. Həmin standartlar da «Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma Dövlətlərarası Şurası» tərəfindən təsdiqlənmiş xx xxxxxx 2001-ci il tarixli 20 saylı protokolda əksini tapmışdır. Həmin protokol 30 oktyabr - xx xxxxxx 2001-ci il tarixdə Qırğızıstan Respublikası Bişkek və Çolpan-Ata şəhərində imzalanmış və onun qəbul olunmasında Azərbaycan Respublikasında rəsmi razılıq verilmişdir. Bundan başqa qeyd olunan məktubda qaz sayğaclarında elektron korrektorların sıradan çıxdığı, yaxud elektron tablosunun və mexaniki hissəsindəki tablosundakı göstəricilər arasında böyük fərqin yarandığı halda qazın həcminin hesabatı təsdiq edilmiş hansı metodika və qayda ilə həyata keçirilməsi barədə məktubda qeyd edilməmişdir. Bundan başqa iş materiallarında olan Azərbaycan Respublikasının Energetika Nazirliyinin X2 Agentliyinin xx xxxxxx 2019-cu il tarixli AERA-01-17-506/19 saylı məktubundan görünür ki, sənaye sektorunda quraşdırılan elektron qaz sayğaclarının elektron hissəsinin tablosunda sayğacdan keçən qaz həcmi Vmt(volume at measurement conditions total) kimi, standart şəraitə gətirilmiş qaz həcmi Vbt (volume at base conditions total) kimi əks olunur. İstifadə edilmiş qaz həcminin hesabatı standart şəraitə gətirilmiş qaz həcmi ilə aparılmalıdır («ГОСТ 2939-63 Газы.Условия для определения объеьма» dövlətlərarası standartın 1-ci bəndində deyilir: «Настоящий стандарт распространяется на газы и устанавливает условия для определения их объема при взаимных расчетах с потребительями» ). Elektron hissənin tablosunda əks olunan Vbt və Vmt göstəriciləri arasında fərqin olması sayğacın qüsurla işləməsinə dəlalət etmir. Vmt göstərici ilə mexaniki hissənin göstəricisi arasında fərqin olması isə sayğacın qüsurla işləməsini göstərir. Həmçinin iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Energetika Nazirliyinin X2 Agentliyinin xx.xx.2020-ci il tarixli AERA- 17-17-157/20 saylı məktubundan görünür ki, Respublikada qüvvədə olan ГOCT 2939-63 “Газы. Условия для определения объема” standartının tələblərinə əsasən istehlakçılara təhvil verilən qazın həcmi standart şəraitdə təzyiq 1,01325 bar və temperatur 20 °C olmaqla hesablanmalıdır. Bunun üçün sayğaclar elektron korrektorla təchiz edilir və qazın həcmi turbin və rotor tipli sayğaclar vasitəsi ilə ölçmələrin aparılması metodikasına uyğun olaraq hesablanır. Buna görə də elektron korrektorlu bütün sayğaclarda, o cümlədən RVG G-250 markalı qaz sayğacında elektron göstəricilərin əsas götürülməsi labüddür. Eyni zamanda qaz sayğacının elektron və mexaniki göstəriciləri arasında fərqin olması sayğacın qüsurla işləməsinə dəlalət etmir. Belə ki, elektron və mexaniki göstəricilər arasında fərqin yaranması yuxarıda qeyd olunan standartın tələblərinə uyğundur. Məktublarda qeyd olunanlarla bağlı məhkəmə kollegiyası qeyd edir ki, «Qaz sayğacları. Yoxlama metodikası.» 8,324-2002 DÜST-nin (dövlətarası standartın) 9.3.3 və 9.3.4 bəndlərinin tələblərinə görə, qaz sayğacları müvafiq markalı sayğacların istismar təlimatlarında (rəhbər sənədlərində) göstərilən xətalardan artıq olub-olmaması üzrə yoxlamalardan keçirilməli, bu yoxlamalar aparıldıqda isə sayğacların həm mexaniki həm də elektron korrektorların göstəriciləri nəzərə alınmalıdır. Belə olan halda sayğacın həm mexaniki, həm də elektron korrektorun göstəriciləri əsas götürülməlidir. RVG tipli rotasion qaz sayğacların işləmə prinsipini və konstruktiv quruluşunu nəzərə aldıqda, elektron korrektorların sıradan çıxması və xətalarla işləməsi ehtimalı (mexanikdən əlavə olaraq bu korrektorlarda müvafiq impuls datçiklərin, müstəqil elektrik enerjisi (akkumulyator batareyası) ilə işləyən elektron detalların və s. olması) daha çoxdur. Mexaniki göstəricilərlə qeyd edilmiş qaz həcimlərinin (sərfiyyatının) korreksiyası (qazın temperaturu, təzyiqlərin fərqi və digər parametrlər nəzərə alınmaqla düsturlarla hesablanır və dəqiqləşdirilir) həm «RVG Rotasion qaz sayğacları (G16-G250). İstismar üzrə rəhbər sənədi»ndə (Руководство по эксплуатации. ЛГТИ.407273.001РЭ), həm də «Turbin, rotasion və sovrulan sərfiölçənlərin və sayğacların vasitəsi ilə ölçmə metodikası» P8.740-2011 DÜST-ndə (ГOCT P 8.740-2011 «Расход и количество газа. Методика измерений с помощью турбинных, ротационных и вихревых расходометров и счётчиков») göstərilmiş hesablamalara uyğun aparıla bilər. «RVG Rotasion qaz sayğacları. Yoxlama metodikası»nın (ЛГТИ. 407273.001MП) 7.5.1 bəndinin tələblərinə görə, yoxlama zamanı rotasion qaz sayğacların sərfiyyatları nümunəvi (etalon) qaz sayğacı ilə ölçülmüş sərfiyyyatların həcmində olmaqla, onların fərqi (aşırımın faizi) +/-5% (faizdən) artıq olmamalıdır. İş materiallarına əlavə edilmiş abonentin saldosundan görünür ki, 2020-ci ilin aprel ayına olan mübahisəli sayğacının mexaniki göstəricisi (2406911 m3) və elektron göstəricisi (3122321 m3) arasında yaranmış fərq (715410 m3) 5%-dən artıqdır. Bu da qaz sayğacın artıq xətalarla işlədiyini göstərən amillərdən biridir. Məhkəmə kollegiyası toplanmış sübutları müqayisəli surətdə tədqiq edib və işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, iddiaçıya məxsus istixanada quraşdırılmış qaz sayğacının mexaniki göstəricisi ilə elektron göstəricisi arasında 123.129,40 manat (2.760.316 kub.metr (elektron göstəricisi) - 2.144.669 kub.metr (mexaniki göstəricisi) = 615.647 kub.metr x 0,20 manat = 123.129,40 manat) məbləğində fərq İddiaçı tutula bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1.-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.2-ci maddəsinə görə əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smartkart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir Beləliklə, məhkəmə kollegiyası işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdeh apelyasiya şikayətində göstərdiyi dəlilləri sübut edə bilmədiyindən apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda iş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manat məbləğində ekspertiza xərci iş üzrə İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlaya bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.1, 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli e-2-2(85)-556/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manat məbləğində ekspertiza xərci iş üzrə İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********; Hesab AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ xx xxxx 013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin kommersiya kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim Səadət Bəktaşi Hakimlər Lətifə Məmmədova Ruhiyyə Əsgərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar