Məhkəmə qərarları › İş №2-2(105)-7/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-7/2022

21.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-7/2022 21.02.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Məmmədov Fuad Əli oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və Ağayev Rəşadət Əhməd oğlundan ibarət tərkibdə, Tahirova Lətafət Almazxan qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə1 və cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı verilmiş borcun tutulması tələbinə dair iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 29.09.2021-ci il tarixli, e-2-2(119)-908/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Kommersiya Məhkəməsinin 29.09.2021-ci il tarixli, e-2-2(119)-908/2021 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim Zülfüqar Sadiqov) Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən İddiaçı MMC-nin xeyrinə 5511,97 (beş min beş yüz on bir manat 97 qəpik) manat (ƏDV daxil) məbləğində pul vəsaitinin və 30 (otuz) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə "xxxx" MMC arasında 25 oktyabr 2017-ci il tarixdə “Tikinti avadanlıqlarına texniki xidmət göstərilməsi və ehtiyat hissələrinin satışı” barədə AZTPT/25 OKTYABR/2017 saylı müqavilə imzalanmışdır. 25 yanvar 2019-cu ildə həmin şirkətlər arasında qarşılıqlı borclar barədə üzləşmə aktı tərtib edilmişdir. Bununla da göstərilən tarixə "xxxx" MMC-nin "Premium Transport” MMC-yə 8861,60 manat (ƏDV daxil) borcu olduğu dəqiqləşdirilmiş və bu borc üzləşmə aktında öz əksini tapmışdır. Bundan əlavə aşağıda göstərilən "xxxx" MMC-nin özünə məxsus satış qaimələri ilə İddiaçı MMC-yə ehtiyat hissələri verilmişdir: 1) 07 mart 2019-cu il tarixli AZ00003616 saylı qaimə - 300,66 manat (ƏDV daxil) 2) 30 mart 2019-cu il tarixli AZ00003849 saylı qaimə - 1715,11 manat (ƏDV daxil) 3). 23 sentyabr 2019-cu il tarixli AZ00004497 saylı qaimə - 1334,06 manat (ƏDV daxil); Cəmi: 3349,83 manat (ƏDV daxil). Bunları nəzərə alaraq, "xxxx" MMC-nin 25 yanvar 2019-cu il tarixdə İddiaçı MMC-yə olan 8861,60 manat (ƏDV daxil) borcunda yuxarıda göstərilən tarixlərdə verilmiş ehtiyat hissələrinin məbləği, yəni 3349,83 manat (ƏDV daxil) çıxıldıqdan sonra 5511,97 manat (ƏDV daxil) "xxxx" MMC-nin İddiaçı MMC-yə borcu qalmışdır. Həmin borc hal-hazıra kimi geri qaytarılmamışdır. Daha sonra, iddiaçı “iddia tələbinin həcminin artırılması” barədə ərizə təqdim edərək, cavabdeh "xxxx" MMC-dən İddiaçı MMC-nin xeyrinə 5511,97 (beş min beş yüz on bir manat 97 qəpik) manat (ƏDV daxil) məbləğində pul vəsaiti, qanunvericiliklə nəzərdə tutulmuş 688,80 (altı yüz səksən səkkiz manat 80 qəpik) manat cərimə və 30 (otuz) manat dövlət rüsumu olmaqla, cəmi 6230,77 (altı min iki yüz otuz manat 77 qəpik) manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı olaraq cavabdehdən əsas borc məbləğinin tutulması xahiş edilmiş, lakin müqavilə üzrə cərimələrin tutulmasının təmin edilməsi xahiş edilməmiş və cavabdehlə barışıq əldə etmək üçün qeyd edilən cərimələr tətbiq edilməmişdir. Lakin, cavabdeh birmənalı olaraq barışıq əldə etmək üçün addımlar atmır, əksinə bundan yayınır və borcun ödənişini gecikdirir. Bu səbəbdən tərəflər arasında imzalanmış müqavilənin 5.1-ci maddəsinə əsasən İddiaçının cərimə tətbiq etmək hüququ vardır. 25 oktyabr 2017-ci il tarixli müqavilənin 5.1-ci maddəsinə əsasən tərəflər bu müqavilə üzrə öhdəliklərini yerinə yetirmədikdə Azərbaycan Respublikasının mülki qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Hər hansı itkilərin və cərimələrin təzminatların maksimal məbləği icraçının öz öhdəliklərini yerinə yetirmədiyi və ya lazımi şəkildə yerinə yetirmədiyi texniki xidmətlərin və/və ya ehtiyyat hissələrin dəyərinin 10%-ni aşmamalıdır. Beləliklə, cavabdeh qeyd olunan borcu 30 ay gecikdirməklə iddiaçıya 688,80 manat məbləğində cərimə ödəməlidir. Faizin hesablanması: 5511,97 manat x 5% = 275,60 manat :12 = 22,96 x 30 ay = 688,80 manat. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia ərizəsi borcun tutulması tələbi ilə bağlı olmamış, iddia tələbi vurulmuş maddi ziyanın ödənilməsi ilə bağlı olmuşdur. Məhkəmə işi hərtərəfli araşdırmamışdır. Tərəflər arasında imzalamış 25 oktyabr 2017-ci il tarixli müqavilə üzrə xidmətlər göstərilmiş və iddiaçı tərəfindən cavabdehə qaimələr üzrə göstərilən xidmətdən artıq ödənişlər etmişdir. Bunun da nəticəsində qeyd edilən artıq ödəməni qaytarmamaqla cavabdeh iddiaçıya maddi ziyan vurmuşdur. Məhkəməyə həm müqavilə üzrə göndərilən qaimələr təqdim edilmiş, həm də ödəniş sənədləri təqdim edilmişdir. Həmin sənədlər məhkəmə tərəfindən hərtərəfli araşdırılsaydı qeyd edilənin artıq ödəniş olunduğu müəyyən edilərdi. Lakin məhkəmə bunu etməyərək qanunsuz qətnamə qəbul etmişdir. Bundan əlavə məhkəmə qəbul etdiyi qətnamədə qeyd edir ki, tərəflər arasında bağlanmış üzləşmə aktı qəbul edilməzdir. Məhkəmənin gəldiyi bu nəticə də əsassızdır. Belə ki, üzləşmə aktı iki müəssisə arasında olan müəyyən dövrlər üzrə hesablaşmaları əks etdirən maliyyə sənədidir və qeyd edilən sənədlərin rəsmiləşdirilməsi müəssisələrin baş mühasibləri tərəfindən aparılır və təsdiq edilir. Lakin, məhkəmə cavabdehin qəbuledilməz çıxışına əsaslanaraq bu qərara gəlmişdir. Məhkəmə qətnaməsində qeyd edilir ki, 25 yanvar 2019-cu il tarixi üzləşmə aktının məzmunu ilə müəyyən olunur ki, 25 yanvar 2019-cu il tarixinə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin İddiaçınə 8861,80 manat məbləğində ödənilməmiş borcu vardır. Lakin, həmin üzləşmə aktında qeyd olunan borcun hansı əməliyyat (alğı-satqı, xidmət və s.) və hansı maliyyə sənədləri əsasında yaranmış olduğu göstərilməmişdir. Üzləşmə aktına əsaslanan bütün maliyyə sənədləri (qaimələr, ödənəniş tapşırıqları) təqdim edilmiş, lakin məhkəmə bunlara əhəmiyyət verməmişdir. Qeyd edək ki, İddiaçı MMC-nin "xxxx" MMC-yə ödəmiş olduğu artıq ödəmənin müəyyən edilməsi üçün məhkəmə tərəfindən mühasibatlıq ekspertizası da təyin edilərək artıq ödəniş edildiyi sübuta yetirilməsi mümkündür. Məhkəmə kollegiyasının iclasında iştirak edən İidiaçı İddiaçı vəkili və nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci və 327.7-ci maddələrinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında tam mahiyyəti üzrə baxır, şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materialları ilə müəyyən olunur ki, sifarişçi İddiaçı (VÖEN **********) ilə icraçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) arasında 25 oktyabr 2017-ci il tarixli AZTPT/25 OKTYABR/2017 nömrəli “Tikinti avadanlıqlarına texniki xidmət göstərilməsi və ehtiyat hissələrinin satışı” barədə müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndindən görünür ki, müqavilə ’’İcraçı” tərəfindən "Sifarişçi”nin texnikasına texniki xidmətin göstərilməsi və ehtiyat hissələrinin təminatı ilə əlaqədar bağlanmışdır. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən, “İcraçı” lazımi sənədləri (iş kartı, qaiməfaktura, hesab və s.) ”Sifarişçi”yə işin tam yerinə yetirilməsindən 3 (üç) iş günü müddətində təqdim edir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən, hər bir servis xidməti, o cümlədən, ehtiyat hissələrinin qiyməti göstərilən xidmətdən öncə təqdim olunacaq və müqavilənin ayrılmaz hissəsi kimi qəbul ediləcəkdir. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən, hesablaşmalar köçürmə yolu ilə həyata keçirilir. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən, tərəflər bu müqavilə üzrə öhdəliklərini yerinə yetirmədikdə Azərbaycan Respublikasının mülki qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Hər hansı itkilərin və cərimələrin təzminatının maksimal məbləği icraçının öz öhdəliklərini yerinə yetirmədiyi və ya lazımi şəkildə yerinə yetirmədiyi texniki xidmətlərin və/və ya ehtiyyat hissələrin dəyərinin 10%-ni aşmamalıdır. İş materiallarında olan və imzalanma tarixi kimi “25 yanvar 2019-cu il tarixi” göstərilən üzləşmə aktının məzmunu ilə müəyyən olunur ki, 25 yanvar 2019-cu il tarixinə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin İddiaçınə 8861,80 manat məbləğində ödənilməmiş borcu vardır. Lakin, həmin üzləşmə aktında qeyd olunan borcun hansı əməliyyat (alğısatqı, xidmət və s.) və hansı maliyyə sənədləri əsasında yaranmış olduğu göstərilməmiş və eyni zamanda, həmin üzləşmə aktı "xxxx" MMC-nin baş mühasibi Əhməd Hüseynov tərəfindən imzalanaraq, “mühasibat sənədləri üçün” nəzərdə tutulan möhürlə möhürlənmişdir. Yəni, həmin üzləşmə aktı cavabdeh "xxxx" MMC-nin adından 25 oktyabr 2017-ci il tarixli AZTPT/25 OKTYABR/2017 nömrəli “Tikinti avadanlıqlarına texniki xidmət göstərilməsi və ehtiyat hissələrinin satışı” barədə müqaviləni imzalamış səlahiyyətli şəxs tərəfindən deyil, buna hər hansı bir səlahiyyətinin olması müəyyən edilməyən “baş mühasib” tərəfindən imzalanmış və eləcə də, həmin akt hüquqi şəxs "xxxx" MMC-nin rəsmi möhürü ilə təsdiq olunmamışdır. İş materiallarında olan İddiaçı tərəfindən tərtib olunmuş maliyyə arayışında göstərilir ki, "xxxx" MMC ilə İddiaçı MMC arasında 25 yanvar 2019-cu il tarixli üzləşmə aktı imzalanmışdır. Həmin akta əsasən "xxxx" MMC-nin İddiaçı MMC-yə 8861,80 (səkkiz min səkkiz yüz altmış bir manat 80 qəpik) manat borcu vardır (ƏDV ilə birlikdə). Bundan sonrakı tarixlərdə, yəni 07 mart 2019-cu il tarixdə 300,66 manat, 30 aprel 2019-cu il tarixdə 1715,11 manat, 23 sentyabr 2019-cu il tarixdə isə 1334,06 manat (bütün məbləğlərə ƏDV daxildir) "xxxx" MMC-dən mallar alınıb, İddiaçı MMC-nin anbarına mədaxil edilmişdir. Həmin məbləğlər 25 yanvar 2019-cu il tarixli Üzləşmə Aktında göstərilən məbləğdən çıxıldıqdan sonra "xxxx" MMC-nin İddiaçı MMC-yə hal-hazırda 5511,97 (beş min beş yüz on bir manat 97 qəpik) manat borcu vardır. İş materiallarında olan cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərtib olunmuş maliyyə arayışında göstərilir ki, "xxxx" MMC ilə İddiaçı MMC arasında aparılan əməliyyatlar zamanı "xxxx" MMC tərəfindən 33338,06 (otuz üç min üç yüz otuz səkkiz manat altı qəpik) manat əsas məbləğ və 6000,85 (altı min səksən beş qəpik) manat ƏDV məbləği dəyərində ehtiyyat hissələri, 4906,50 (dörd min doqquz yüz altı manat əlli qəpik) manat əsas məbləğ və 883,17 (səkkiz yüz səksən üç manat on yeddi qəpik) manat ƏDV məbləği dəyərində servis xidməti İddiaçı MMC-yə göstərilmişdir. İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə 37082,51 (otuz yeddi min səksən iki manat 51 qəpik) manat əsas məbləğ və 7724,83 (yeddi min yeddi yüz iyirmi dörd manat 83 qəpik) manat ƏDV məbləği ödənilmişdir. Birinci instansiya məhkəməsi qətnaməsində göstərmişdir ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı MMC ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 25 oktyabr 2017-ci il tarixli AZTPT/25 OKTYABR/2017 nömrəli “Tikinti avadanlıqlarına texniki xidmət göstərilməsi və ehtiyat hissələrinin satışı” barədə müqavilə əsasında həmin tərəflər “Sifarişçi” və “İcraçı” olaraq ehtiyat hissələrinin satışı və servis xidmətlərinin göstərilməsi ilə əlaqədar əməkdaşlıq etmiş və həmin əməkdaşlıq üzrə ehtiyat hissələrinin alınmasına və servis xidmətlərinin göstərilməsinə görə müvafiq məbləğlərdə ödənişlər edilmişdir. Lakin, məhkəmə araşdırması zamanı iddia tələbinin əsaslandırıldığı 25 yanvar 2019-cu il tarixli üzləşmə aktına görə yaranmış 5511,97 (beş min beş yüz on bir manat 97 qəpik) manat məbləğində borcun mövcud olması öz təsdiqini tapmamışdır. Qeyd etmək lazımdır ki, cavabdeh tərəf həmin üzləşmə aktının mötəbərliyini mübahisələndirmiş olsa da, iddiaçı tərəf həmin akt əsasında 5511,97 manat məbləğində borcun mövcud olmasını hər hansı bir digər mötəbər sübutla sübut edə bilməmişdir. Halbuki, qanunvericiliyin tələblərinə görə bunu sübut etmək vəzifəsi iddiaçı tərəfin üzərinə düşür. Eyni zamanda, iddiaçı tərəfindən məhkəməyə müxtəlif ödənişlərin edilməsi ilə əlaqədar təqdim olunmuş bank sənədləri və elektron-qaimələrlə də cavabdehin “5511,97 manat məbləğində” borcunun olması təsdiq edilmir. Birinci instansiya məhkəməsi qeyd olunanlara əsasən iddia tələbini təmin etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin hallarına uyğun olaraq əsaslı və qanuni hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 779.1-ci maddəsinə əsasən, vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır... İddiaçı tərəflər arasında borc münasibətlərinin olduğuna istinad etsə də, hazırkı işin hallarından cavabdehin iddiaçıya borcunun olması, o cümlədən maddi ziyan vurması müəyyən olunmur. İşdən görünür ki, İddiaçı MMC ilə cavabdeh "xxxx" MMC arasında 25 oktyabr 2017-ci il tarixli AZTPT/25 OKTYABR/2017 nömrəli “Tikinti avadanlıqlarına texniki xidmət göstərilməsi və ehtiyat hissələrinin satışı” barədə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, iddiaçı tərəfindən ehtiyat hissələrinin alınmasına və servis xidmətlərinin göstərilməsinə görə cavabdehə müvafiq məbləğlərdə ödənişlər edilmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi bildirmişdir ki, tələb edilən məbləğ artıq ödəmədən qalan məbləğdir. Cavabdehin göstərəcəyi xidmətə görə ona əvvəlcədən avans ödənilmişdir, lakin müəyyən dövrdən sonra cavabdehin xidmətlərinə ehtiyac qalmamışdır və nəticədə həmin dövrə qalıq borc yaranmışdır. Məhkəmə kollegiyası, iddiaçının vəsatətini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 yanvar 2022-ci il tarixli, 9/9428 nömrəli rəyində göstərilmişdir ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan "xxxx" MMC ilə İddiaçı MMC arasında imzalanmış 25 yanvar 2019-cu il tarixli üzləşmə aktında qeyd olunanların düzgünlüyü məhkəmə tərəfindən nəzərə alınmaqla, "xxxx" MMC-nin İddiaçı MMC-yə ödənilməli olan borcu 8861,80 manat (ƏDV ilə birlikdə) müəyyən edilir. Bundan başqa, 25.01.2019-cu il tarixli üzləşmə aktından sonrakı tarixlərdə, yəni 07 mart 2019-cu il tarixdə 300,66 manat, 30 aprel 2019-cu il tarixdə 1715,11 manat, 23 sentyabr 2019-cu il tarixdə isə 1334,06 manat (bütün məbləğlərə ƏDV daxildi) məbləğində İddiaçı MMC tərəfindən "xxxx" MMC-dən alınmış mallar nəzərə alınmaqla, həmin məbləğlər 25 yanvar 2019-cu il tarixli üzləşmə aktında göstərilən məbləğdən çıxıldıqdan sonra "xxxx" MMC-nin İddiaçı MMC-yə 5511,7 manat borcu müəyyən edilir. Ekspert rəyinin tədqiqat hissəsində göstərilmişdir ki, cavabdeh tərəfindən təqdim edilmiş maliyyə arayışında ehtiyat hissələrinin təqdim edildiyi, xidmətlərin göstərildiyi qeyd olunsa da, iş materiallarında bununla bağlı mühasibatlıq sənədlərinin öz əksini tapmadığı müəyyən edildi. Həmçinin, iş materiallarında İddiaçı MMC tərəfindən cavabdeh "xxxx" MMC-yə ödənilmiş vəsaitləri özündə əks etdirən ödəniş sənədləri mövcuddur ki, onların da 25.01.2019-cu il tarixli üzləşmə aktından əvvəl ödənildiyi müəyyən edildi. Mülki Prosessual Məcəllənin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. İddiaçı iddia tələbinin əsası kimi üzləşmə aktına istinad etsə də, məhkəmə kollegiyası üzləşmə aktını mötəbər sübut kimi qəbul etmir. Belə ki, üzləşmə aktının hansı sənədlər əsasında tərtib edilməsi müəyyən olunmur. Bundan başqa, üzləşmə aktı hər iki MMC-nin mühasibləri arasında tərtib edilmişdir. Cavabdeh MMC üzləşmə aktını mübahisələndirərək göstərmişdir ki, akt MMC-nin qanuni təmsilçisi tərəfindən imzalanmayıb və hüquqi şəxsin möhürü ilə möhürlənməyib. Üçüncü şəxslər qarşısında öhdəlik yarada biləcək hər hansı bir rəsmi sənəd cavabdeh "xxxx" MMC-nin qanuni təmsilçisi tərəfindən imzalanaraq, həmin hüquqi şəxsin möhürü ilə möhürlənməlidir. Üzləşmə aktı isə buna səlahiyyəti olmayan baş mühasib tərəfindən imzalanıb və hüquqi şəxsin rəsmi möhürü ilə deyil, daxili sənədlər üçün, yəni hüquqi şəxsin daxili idarə edilməsində daxili dövriyyə üçün istifadə olunan “mühasibat sənədləri üçün” möhürü ilə möhürlənmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyi üzləşmə aktında qeyd olunanların düzgünlüyünün məhkəmə tərəfindən nəzərə alındığı hala əsaslanır ki, həmin üzləşmə aktındakı borc barədə məlumat isə iş materiallarında olan digər sübutlarla təsdiqini tapmadığından mövcud mübahisə üzrə mötəbər sübut deyil. Məhkəmə kollegiyası hesab edir ki, həmin sənəd eyni zamanda cavabdehin qanuni təmsilçisi və ya səlahiyyətli nümayəndəsi tərəfindən imzalanaraq hüquqi şəxsin möhürü ilə təsdiq edildiyi halda iş üzrə mötəbər sübut kimi qəbul oluna bilərdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. İddiaçı tərəf cavabdehin ona borcunun olması və ya ona hər-hansı pul məbləği ödəməli olması barədə mötəbər sübut təqdim etmədiyindən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməyərək düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə mövcud apellyasiya şikayəti əsasında məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, apellyasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iş üzrə keçirilmiş məhkəməmühasibatlıq ekspertizası tədqiqatının dəyəri 145 (bir yüz qırx beş) manat İddiaçındən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 382, 384.0.1, 385.1.2, 392 və 402-ci maddələrini rəhbər tuturaq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 29.09.2021-ci il tarixli, e-2-2(119)-908/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri 145 (bir yüz qırx beş) manat İddiaçındən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar