Məhkəmə qərarları › İş №2-2(105)-70/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-70/2025

23.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-70/2025 23.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, İddiaçı nümayəndəsi vəkil Nümayəndə1, Cavabdeh nümayəndəsi vəkil Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 09 aprel 2025-ci il tarixli, e-2-2(119)-251/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək 119302,49 (yüz on doqquz min üç yüz iki manat, qırx doqquz qəpik) manat məbləğində borcun və 410 (dörd yüz on) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən ididaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 01 fevral 2023-cü il tarixli 2023-A-03 nömrəli nəqliyyat vasitələrinin subicarəsi müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, subicarəyə verən iddiaçı öhdəliyinə götürdüyü işləri yerinə yetirməli və cavabdeh isə öz növbəsində müqavilə şərtlərinə uyğun olaraq göndərilmiş elektron qaimə-faktura üzrə ödəniş etməli idi. İddiaçı tərəfindən işlər 2023-cü ildə yekunlaşdırılmışdır. Cavabdeh isə yerinə yetirilmiş işlərin dəyərinin bir hissəsini ödəmiş, iddiaçıya 119302,49 manat məbləğində borcu qalmışdır. Cavabdehlə mübahisənin pretenziya qaydasında nizama salınmasına cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Sumqayıt Kommersiya Məhkəməsinin 09 aprel 2025-ci il tarixli, e-2-2(119)-251/2025 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdehndən 82563,59 (səksən iki min beş yüz altmış üç manat, əlli doqquz qəpik) manat məbləğində borc, hüquqi yardımla bağlı ödənilmiş 300 (üç yüz) manat məbləğində xidmət haqqının və 337,69 (üç yüz otuz yeddi manat, altmış doqquz qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 83201,28 (səksən üç min iki yüz bir manat, iyirmi səkkiz qəpik) manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Fərman Həmidli). Cavabdeh tərəfindən Sumqayıt Kommersiya Məhkəməsinin 09 aprel 2025-ci il tarixli, e-2-2(119)-251/2025 nömrəli qətnaməsindən şikayət verilərək qətnamənin dəyişdirilərək, iddia tələbinin qismən təmin edilməsi və cavabdehdən 23623,01 manat borcun tutularaq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh tərəfindən apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında müqavilə münasibətləri 2023-cü ilin may ayında dayandırıldığı üçün, 2023-cü ilin may ayı da nəzərə alınmaqla, 01 iyun 2023-cü il tarixli Üzləşmə Aktı imzalanmışdır. Üzləşmə aktından da göründüyü kimi, cavadehin iddiaçıya ödədiyi ƏDV daxil olmaqla 17110 manat ödənişlər nəzərə alınmaqla, yekun borc məbləği ƏDV daxil olmaqla 107823,01 manat kimi müəyyən olunmuşdur. Lakin birinci instansiya məhkəməsi öz qətnaməsini əsaslandırarkən, 2023-cü ilin may ayına aid tərtib edilmiş Təhvil-Təslim aktının tarixinin 08 iyun 2023-cü il, Üzləşmə Aktının tarixinin isə 01 iyun 2026-cü il olmasını əsas gətirərək, Üzləşmə Aktında sonuncu Təhvil-Təslim Aktında nəzərdə tutulmuş ƏDV daxil olmaqla 21940,59 manat məbləğində icarə haqqının ehtiva edilmədiyini göstərmiş və yanlış riyazi hesablama apararaq cavabdehin üzləşmə aktının tərtib edildiyi 01 iyun 2023-cü il tarixdən sonra borcun 129763,59 (107823+21940,59=129763,59) manat məbləğində təşkil etdiyini bildirmişdir.Sonuncu təhvil-təslim aktı 08 iyun 2023-cü il tarixdə təsdiqlənsə də, həmin Akt 2023-cü ilin may ayında göstərilmiş icarə xidmətləri barədədir və 01 iyun 2023-cü il tarixə həmin rəqəmlər də məlum olduğu üçün, Üzləşmə Aktında nəzərə alınmışdır. Beləliklə, xx.xx.2023-cü il tarixli Üzləşmə Aktı həmin tarixə olan bütün xidmətləri və cavabdehin etdiyi ödənişləri özündə ehtiva edir və beləliklə də, həmin tarixə cavabdehin iddiaçıya ƏDV daxil olmaqla borcu 107823,01 manat olmuşdur və tərəflərin imza və möhürü ilə təsdiqlənmişdir. Üzləşmə Aktının tərtib edilməsindən sonra isə, cavabdeh tərəfindən əsas borc üzrə 15 iyul 2023-cü il tarixdə 7200 manat məbləğində pul vəsaiti, ƏDV borcu üzrə 17 iyul 2023-cü il tarixdə 40000 manat məbləğində pul vəsaiti iddiaçının hesabına köçürülmüşdür. İddiaçının məhkəməyə təqdim etdiyi 25 iyul 2023-cü il tarixli EBDK seriyalı 618737 nömrəli və 25 iyul 2023-cü il tarixli EBDF seriyalı 617070 nömrəli elektron qaimə-fakturalara münasibətdə qeyd edilir ki, bu icarə xidmətləri cavabdehə göstərilməmişdir. 2023-cü ilin avqust ayında cavabdehin bank hesablarında vergi sərəncamı olduğuna görə nağd şəkildə 12000 manat və 25000 manat olmaqla, ümumilikdə 37000 manat vəsait ödənilmişdir. Göstərilən nağd ödənişləri iddiaçı tərəf öz iddiasında məhkəmənin nəzərinə çatdırmamışdır. Beləliklə, yekun olaraq cavabdehin iddiaçıya borc məbləği ƏDV daxil olmaqla 23623,01 (60623,01 – (25000 + 12000) = 23623,01) manat təşkil edir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən Cavabdeh nümayəndəsi vəkil Nümayəndə2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi vəkil Nümayəndə1 apellyasiya şikayətinin qismən təmin olunmasına etiraz etmədiyini bildirməklə cavabdeh tərəfindən nağd şəkildə 12000 manat və 25000 manat məbləğində borcun ödənilməsi hissəsində apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu qeyd etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, tərəflərin nümayəndələrinin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə qismən ləğv edilməklə iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan tərəflər arasında bağlanmış 01 fevral 2023-cü il tarixli 2023-A03 nömrəli nəqliyyat vasitələrinin subicarəsi müqaviləsinin 1.1-ci bəndinə əsasən, subicarəyə verən (İddiaçı MMC) onun mülkiyyətində və qanuni istifadəsində olan bu müqaviləyə Əlavədə siyahısı qeyd edilmiş maşın və texnikanı icarəçinin (Cavabdeh MMCnin) istifadəsinə verməyi, icarəçi isə bu müqavilə ilə nəzərdə tutulmuş icarə haqqını müəyyən edilmiş vaxtda və qaydada icarəyə verənə ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, hər bir maşın və texnika üçün icarə haqqı məbləği bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən Əlavə 1-də öz əksini tapmışdır. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən, bu müqavilənin bağlanması icarəçinin müqavilə üzrə maşın və texnikaya mülkiyyət hüququ əldə etməsinə səbəb olmur. Həmin müqavilənin 1.7-ci bəndinə əsasən, bu Subicarə Müqaviləsi üzrə Personal (sürücü) Subicarəyəverən tərəfindən seçilməklə işə buraxılır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, icarəçi bu müqavilənin Əlavə 1-də qeyd edilmiş hər təqvim ayı üçün icarə haqqını növbəti ayın ilk iş günü hər nəqliyyat vasitəsi üçün hər ay 2000 (iki min) manat icarəyə verənə avans şəklində ödəyir və qalan vəsait hər 3 aydan bir ayın sonuna qədər tam ödəyir. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən, tərəflər arasında olan bütün hesablaşmalar nağdsız bank köçürmə yolu ilə həyata keçirilir. Həmin müqavilənin 3.1.2-ci yarımbəndinə əsasən, icarə haqqının vaxtında ödənilməsini icarəçidən tələb etmək subicarəyə verənin hüququdur. Həmin müqavilənin 3.4.1-ci yarımbəndinə əsasən, icarə haqqını bu müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada ödəmək icarəçinin vəzifəsidir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən, əmlakın təhvil verilməsi hər iki tərəfdən səlahiyyətli şəxsin imzası ilə təsdiq edilən təhvil-təslim aktına əsasən həyata keçirilir. Həmin müqavilənin 6.1-ci bəndinə əsasən, müqavilə imzalandığı andan hüquqi qüvvəyə minir və 6 ay müddətinədək qüvvədə qalır. Müqavilə müddətinin bitməsinə 1 ay qalmış tərəflərdən heç biri müqaviləyə xitam verilməsi baradə yazılı müraciət etməzsə, müqavilə davamlı olaraq eyni müddət(lər)ə uzadılmış hesab edilir. İş materiallarında olan 01 fevral 2023-cü il tarixli icarə müqaviləsinə 01 nömrəli Əlavədən görünür ki, müqavilə üzrə icarəyə veriləcək texnikanın adı, təsviri, həcmi və qiyməti və həmin qiymətlərə ƏDV məbləğinin daxil olmadığı tərəflər arasında razılaşdırılmışdır. İş materiallarında olan tərəflərin nümayəndələri tərəfindən imzalanmış 10 mart 2023cü il tarixli fevral ayı üzrə göstərilmiş icarə xidməti haqqında təhvil-təslim aktından görünür ki, iddiaçı tərəfindən cavabdehə ƏDV daxil cəmi 27979,96 manat məbləğində icarə haqqı hesablanmışdır. İş materiallarında olan tərəflərin nümayəndələri tərəfindən imzalanmış 06 aprel 2023cü il tarixli mart ayı üzrə göstərilmiş icarə xidməti haqqında təhvil-təslim aktından görünür ki, iddiaçı tərəfindən cavabdehə ƏDV daxil cəmi 34351,96 manat məbləğində icarə haqqı hesablanmışdır. İş materiallarında olan tərəflərin nümayəndələri tərəfindən imzalanmış 05 may 2023cü il tarixli aprel ayı üzrə göstərilmiş icarə xidməti haqqında təhvil-təslim aktından görünür ki, iddiaçı tərəfindən cavabdehə ƏDV daxil cəmi 40660,5 manat məbləğində icarə haqqı hesablanmışdır. İş materiallarında olan tərəflərin nümayəndələri tərəfindən imzalanmış 08 iyun 2023cü il tarixli may ayı üzrə göstərilmiş icarə xidməti haqqında təhvil-təslim aktından görünür ki, iddiaçı tərəfindən cavabdehə ƏDV daxil cəmi 21940,59 manat məbləğində icarə haqqı hesablanmışdır. İş materiallarında olan tərəflərin nümayəndələri tərəfindən imzalanmış və möhürlənmiş 01 iyun 2023-cü il tarixli 01 nömrəli üzləşmə aktından görünür ki, 01 fevral 2023-cü il tarixli 2023-A-03 nömrəli subicarəsi müqaviləsi üzrə cavabdehin iddiaçıya 91375,43 manat məbləğində əsas, 16447,57 manat məbləğində ƏDV borcu olmaqla, cəmi 107823 manat məbləğində borcu vardır. İş materiallarında olan 11 fevral 2025-ci il tarixli hesabdan çıxarış sənədindən görünür ki, cavabdeh tərəfindən iddiaçının bank hesabına 19 aprel 2023-cü il tarixdə 10000 manat, 28 aprel 2023-cü il tarixdə 4500 manat, 17 iyul 2023-cü il tarixdə 40000 manat məbləğində pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan ƏDV sub-uçot hesabından çıxarış sənədindən görünür ki, cavabdeh tərəfindən iddiaçının bank hesabına ƏDV borcu üzrə 19 aprel 2023-cü il tarixdə 1800 manat, 22 may 2023-cü il tarixdə 810 manat, 15 iyul 2023-cü il tarixdə 7200 manat məbləğində pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan 08 iyun 2023-cü il tarixli EBDH seriyalı 462681 nömrəli elektron qaimə-faktura üzrə 21940,64 manat, 13 aprel 2023-cü il tarixli EBDD seriyalı 535728 nömrəli elektron qaimə-faktura üzrə 27979,96 manat, 13 aprel 2023-cü il tarixli EBDD seriyalı 543733 nömrəli elektron qaimə-faktura üzrə 34351,96 manat, 10 may 2023cü il tarixli EBDF seriyalı 290146 nömrəli elektron qaimə-faktura üzrə 40660,49 manat, 25 iyul 2023-cü il tarixli EBDK seriyalı 618737 nömrəli elektron qaimə-faktura üzrə 20692,48 manat, 25 iyul 2023-cü il tarixli EBDF seriyalı 617070 nömrəli elektron qaimə-faktura üzrə 37986,96 manat məbləğində icarə haqqı borcu hesablanmışdır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı ilə Cavabdeh arasında 01 fevral 2023-cü il tarixli 2023-A-03 nömrəli nəqliyyat vasitələrinin subicarəsi müqaviləsi bağlanmış, müqavilə öhdəliyinə uyğun olaraq iddiaçı həmin müqaviləyə 01 nömrəli əlavədə göstərilən maşın və texnikaları cavabdehin subicarəsinə versə də, cavabdeh müqavilə öhdəliklərinə riayət etməyərək həmin texnikaların icarəsi ilə əlaqədar aylıq icarə haqlarını tam olaraq iddiaçıya ödəməmiş, nəticədə onun iddiaçıya icarə haqqı borcu yaranmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin göstərilən mövqeyi ilə qismən razılaşır və qeyd edir ki, iş materiallarına əsasən müəyyən edilir ki, tərəflərin nümayəndələri tərəfindən imzalanaraq möhürlənmiş 01 iyun 2023-cü il tarixli 01 nömrəli üzləşmə aktı ilə tərəflər 01 fevral 2023-cü il tarixli 2023-A-03 nömrəli subicarəsi müqaviləsi üzrə cavabdehin iddiaçıya 91375,43 manat məbləğində əsas, 16447,57 manat məbləğində ƏDV borcu olmaqla, cəmi 107823 manat məbləğində borcun olması ilə bağlı razılığa gəlmişlər. Birinci instansiya məhkəməsi borc məbləğinə münasibətdə isə həmin üzləşmə aktındakı borcdan əlavə üzləşmə aktının tərtib edildiyi tarixdən (01 iyun 2023-cü ildən) sonra tərtib edilmiş 08 iyun 2023-cü il tarixli göstərilmiş icarə xidməti haqqında təhvil-təslim aktını da nəzərə almışdır. Lakin məhkəmə həmin təhvil-təslim aktının may ayı üzrə tərtib olunduğu və orada nəzərdə tutulmuş ƏDV daxil olmaqla cəmi 21940,59 manat məbləğin həmçinin üzləşmə aktında da hesablandığını, onunla bilikdə ümumi borcun 107823 manat məbləğində olmasını nəzərə almamışdır. Belə ki, tərəflər arasında 4 ay - fevral, mart, aprel və may ayları ərzində subicarə müqaviləsi əsasında xidmətlər göstərilmişdir. Qeyd edilən üzləşmə aktı da bundan sonra 01 iyun ayında tərtib edilmiş və aktda da qeyd edilmişdir ki, həmin üzləşmə aktı xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərini əhatə edir. Eyni zamanda, iş materiallarında olan xx.xx.2025-ci il tarixli hesabdan çıxarış və ƏDV sub-uçot hesabından çıxarış sənədlərindən görünür ki, üzləşmə aktının tərtib edildiyi 01 iyun 2023-cü il tarixdən sonra cavabdeh tərəfindən əsas borc üzrə 15 iyul 2023-cü il tarixdə 7200 manat məbləğində pul vəsaiti, ƏDV borcu üzrə 17 iyul 2023-cü il tarixdə 40000 manat məbləğində pul vəsaiti iddiaçının hesabına köçürülmüşdür. Bundan əlavə cavabdeh apellyasiya şikayətinin dəlillərində qeyd etmişdir ki, üzləşmə aktı tərtib edildikdən sonra 2023-cü ilin avqust ayında cavabdehin bank hesablarında vergi sərəncamı olduğuna görə nağd şəkildə 12000 manat və 25000 manat olmaqla, ümumilikdə 37000 manat vəsait ödənilmişdir.Lakin həmin ödənişlərin ödənilməsi barədə hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi cavabdehin hazırki dövrə qalıq borcu 60623 (107823-47200=60623) manat təşkil edir. Mülki Məcəllənin: 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 700.1-ci və 700.2-ci maddələrinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3-cü maddəsinə əsasən, əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 675-ci maddəsinə əsasən, əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən qanunvericilik normalarının tələbləri üzrə işin faktiki hallarını tam nəzərə almadan və işin hallarını düzgün araşdırmadan düzgün olmayan hüquqi nəticəyə gəlmişdir. Buna görə də apellyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə qismən ləğv edilməklə iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Kollegiya həmçinin qeyd edir ki, yuxarıda qeyd edilmiş MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 272 (iki yüz otuz yetmiş iki) manat hissəsi, həmçinin hüquqi yardımla bağlı ödənilmiş 300 manat xidmət haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Kommersiya Məhkəməsinin 09 aprel 2025-ci il tarixli, e-2-2(119)- 251/2025 nömrəli qətnaməsi qismən ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. Cavabdehndən 60.623 (altmış min altı yüz iyirmi üç) manat məbləğində borc, hüquqi yardımla bağlı ödənilmiş 300 (üç yüz) manat məbləğində xidmət haqqı və 272 (iki yüz otuz yetmiş iki) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 61.195 (altmış bir min yüz doxsan beş) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar