Məhkəmə qərarları › İş №2-2(105)-71/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-71/2020

11.08.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-71/2020 11.08.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyasının hakimləri Məmmədov Fuad Əli oğlu (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, Tahirova Lətafət Almazxan qızının katibliyi, Cavabdeh1 vəkili Vəkil1 iştirakı ilə İddiaçı1 MMC-nin Cavabdeh1 qarşı borcun tutulması tələbinə dair iş üzrə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-2(085)-1588/2015 saylı xx xxxxxxx 2015-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-2(085)-1588/2015 saylı xx xxxxxxx 2015-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh1 İddiaçı1 MMC-nin xeyrinə 5690 manat 80 qəpik əsas borc, 300 manat cərimə, cəmi 5990 manat 80 qəpik və 20 manat dövlət rüsumunun tutulması qət edilmişdir. (hakim Vəfa Əzizova) Qətnamədən Cavabdeh1 apelyasiya şikayəti vermişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(105)-117/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (sədrlik edən Zaur Məmmədov) Qətnamədən Cavabdeh1 kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(102)- 60/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı ilə kassasiya şikayətinin təmin edilməsi, Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(105)-117/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. (sədrlik edən Rahib Nəbizadə) İŞİN HALLARİ: İddiaçı1 Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən İddiaçı1 MMC-nin xeyrinə 5690 manat 80 qəpik əsas borc, 5613 manat 52 qəpik cərimə və 30 manat 40 qəpik dövlət rüsumunun, cəmi 11334 manat 72 qəpik məbləğində pulun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 MMC ilə Cavabdeh1 arasında xx xxxxxx 2012-ci il tarixdə alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə uyğun olaraq İddiaçı1 MMC hazırkı müqavilənin ayrılmaz hissəsi olan spesifikasiyaya müvafiq miqdarda, keyfiyyətdə assortimentdə və şərtlərlə, “alıcı”, yəni Cavabdeh1 tərəfindən verilən sifarişin qəbul edilməsi anından sonra malları “alıcı” ya təhvil verməyi, “alıcı” isə malı hazırkı müqavilənin ayrılmaz hissəsi olan spesifikasiyaya müvafiq miqdarda, keyfiyyətdə, assortimentdə və şərtlərlə qəbul eməyi və ödəniş etməyi üzərinə götürmüşdür. İddiaçı1 MMC tərəfindən Cavabdeh1 AEO/3 seriyalı, xx.xx.2013-cü il tarixli, 371782 saylı, AEO/3 seriyalı, xx.xx.2013-cü il tarixli, 371783 saylı, xx.xx.2013-cü il tarixli 372135 saylı, xx.xx.2013-cü il tarixli 373080 saylı, xx.xx.2013-cü il tarixli 528247 saylı qaimə fakturalar əsasında müxtəlif növ mallar verilmişdir. Verilmiş mallar nəticəsində Cavabdeh1 İddiaçı1 MMC-yə 5690,80 AZN məbləğində ödənilməmiş borc qalığı qalmışdır. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Cavabdeh1 birinci instansiya məhkəməsinin qətnaməsindən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı1 MMC ilə aralarında olan bütün müqavilə şərtlərinə əməl edərək ona təhvil verilmiş mal materialları payladıqdan sonra onun pullarının hamısını MMC-nin rəhbərliyinə təhvil vermişdir. MMC-yə heç bir borcu qalmayıb. Əmək haqqını onlardan tələb etdikdə, onlar pulları olmadığından əmək haqqının verə bilməyəcəklərini bildirirək, onlardan şikayət edəcəyini bildirdiyindən, ondan qorxaraq bu cür ərizə ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 vəkili Vəkil1 apelyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən, İddiaçı1 MMC tərəfindən Cavabdeh1 pretenziya ilə müraciət edilməsini əsas götürərək, cavabdehdən 5990 manat məbləğində pul vəsaiti tutmuşdur. Halbuki, həmin pretenziya məktubunda nə qədər malın verilməsi, hansı malın verildiyi göstərilmir. İş materiallarına əlavə edilən qaimələrdə isə mal verən şəxsin başqa, mal alan şəxsin isə başqa şəxs olduğu görünür. Cavabdeh1la alğı-satqı edilməsi, qaimə ilə mal verilməsi öz təsdiqini tapmır. Tərəflər arasında əvvəllər alğı-satqı münasibətləri mövcud olmuşdur və cavabdeh aldığı malların dəyərini ödəmişdir. İş materiallarında olan qaimə-fakturalar əsasında isə cavabdehə mal verilməmişdir. Qaimədə göstərilən malları təhvil alan şəxsləri isə cavabdeh ümumiyyətlə tanımır. Tərəflər arasında alğı-satqı münasibətləri uzun müddət əvvəl olduğundan və cavabdeh əhəmiyyətli hesab etmədiyindən aldığı malların dəyərinin ödənilməsinə dair qəbzləri saxlamamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə İddiaçı1nə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Lakin iddiaçı xx.xx.2020-ci il tarixli apelyasiya şikyətinə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, apelyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən, iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin olunmalı, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. İş materiallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında xx xxxxxx 2012-ci il tarixdə alğı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə görə iddiaçı adı və miqdarı qaiməfakturada göstərilən malları cavabdehə verməyi, cavabdeh isə həmin malı qəbul edib əvəzinə müəyyən edilmiş pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 5.2-ci bəndinə görə əgər alıcı ona satıcı tərəfindən təqdim olunmuş bu Müqavilənin 3.2, 3.3 və 3.4-cü maddələrində nəzərdə tutulmuş müddətdə malın dəyərini ödəməzsə, hər gecikdirilmiş gün üçün ödənilməyən məbləğin 0,1 % miqdarında penya ödəməlidir. Bundan əlavə, satıcı alıcıya xəbərdarlıq etmədən əsas borc və hesablanmış penya tam ödənilənədək bu müqaviləyə xitam verə bilər. Həmin müqaviləyə 1 №-li Əlavədən görünür ki, cavabdeh ilə iddiaçı arasında müqaviləyə əlavə olaraq bu Əlavə bağlanmışdır. Əlavə № 1 ilə Cavabdeh1 müqavilədən irəli gələn şərtlərin icra edilməsi üçün (alıcı adından malların təhvil alınması və qaimə fakturada malın təhvilini sübut edən imzanın atılması) səlahiyyət vermişdir. İddiaçıya görə onun tərəfindən cavabdehə xx.xx.2013-cü il tarixli 371782 saylı, xx.xx.2013-cü il tarixli 371783 saylı, xx.xx.2013-cü il tarixli, xx.xx.2013-cü il tarixli, xx.xx.2013-cü il tarixli qaimə fakturalar əsasında müxtəlif növ mallar verilmişdir. Nəticədə cavabdehin iddiaçıya 5690,80 manat məbləğində ödənilməmiş borc qalığı qalmışdır. Cavabdeh borcunu vaxtında ödəmədiyindən müqavilənin şərtlərinə uyğun olaraq iddiaçı tərəfindən 5613,52 manat məbləğində cərimə hesablanmışdır. İddiaçı tərəfindən cavabdehə pretenziya məktubu ilə müraciət edilərək sözügedən müqavilə əsasında yaranmış borcun ödənilməsi xahiş edilmişdir. Belə ki, iddiaçı tərəfindən tərtib edilmiş xx xxxxx 2015-ci il tarixli bildirişə əsasən cavabdehin xx xxxxxx 2012-ci il tarixli müqavilə üzrə iddiaçıya xx xxxxx 2015-ci il tarixinə borcu 5690,09 manat təşkil etmiş və həmin bildiriş iddiaçının qardaşı X3 tərəfindən imzalanmış və qəbul edilmişdir. Birinci instansiya məhkəməsi yuxarıda qeyd edilənlərə istinad edərək iddia tələbini qismən təmin etmiş, gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 427.2, 442, 445.1, 448.1, 448.2-ci maddələrinə istinad edərəkəsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin hallarına uyğun olaraq əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 387.3-cü maddəsinə əsasən, öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Tərəflərin razılaşmasında nəzərdə tutulmuş hallarda öhdəlik üçüncü şəxslər üçün öhdəliyin bir və ya hər iki tərəfi barəsində hüquqlar yarada bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1 və 568.2-ci maddələrinə əsasən, satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. Həmin Məcəllənin 570.1-ci maddəsinə əsasən, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcının əşyanı alıcıya vermək vəzifəsi aşağıdakı məqamda icra edilmiş sayılır: müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda; əşya alıcıya və ya onun göstərdiyi şəxsə əşyanın olduğu yerdə verməlidirsə, onun alıcının ixtiyarına verildiyi məqamda. Əşya müqavilədə nəzərdə tutulan müddətdə lazımi yerdə verilməyə hazır olduqda və müqavilənin şərtlərinə müvafiq surətdə alıcı bundan xəbərdar olduqda əşya alıcının ixtiyarına verilmiş sayılır. Əgər əşya nişanlanma yolu ilə və ya başqa şəkildə müqavilənin məqsədləri üçün eyniləşdirilməyibsə, verilməyə hazır sayılmır. Alğı-satqı müqaviləsindən satıcının əşyanı çatdırmaq və ya olduğu yerdə alıcıya vermək vəzifəsinin irəli gəlmədiyi hallarda satıcının əşyanı alıcıya vermək vəzifəsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, əşyanın alıcıya çatdırılmaq üçün daşıyıcıya və ya rabitə təşkilatına təhvil verildiyi məqamda icra edilmiş sayılır (MM-in 570.2-ci maddəsi). Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hazırkı iş üzrə 2-2(102)-60/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarında göstərilmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx xxxxxx 2012-ci il tarixdə alğı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə uyğun olaraq iddiaçı hazırkı müqavilənin ayrılmaz hissəsi olan spesifikasiyaya müvafiq miqdarda, keyfiyyətdə assortimentdə və şərtlərlə cavabdeh tərəfindən verilən sifarişin qəbul edilməsi anından sonra malları cavabdehə təhvil verməyi, cavabdeh isə malı hazırkı müqavilənin ayrılmaz hissəsi olan spesifikasiyaya müvafiq miqdarda, keyfiyyətdə, assortimentdə və şərtlərlə qəbul etməyi və ödəniş etməyi üzərinə götürmüşdür. İddiaçı hesab edir ki, cavabdehə müxtəlif çeşidli mallar vermiş, lakin cavabdehin 5.690,80 manat ödənilməmiş əsas borcu qalmışdır. İddiaçı iddiasının əsası kimi AEO/3 seriyalı xx.xx.2013-cü il tarixli 371782 saylı, AEO/3 seriyalı xx.xx.2013-cü il tarixli 371783 saylı, xx.xx.2013-cü il tarixli 372135 saylı, xx.xx.2013-cü il tarixli 373080 saylı, xx.xx.2013-cü il tarixli 528247 saylı qaimə fakturalara istinad etmişdir. xx xxxxxx 2012-ci il tarixli müqaviləyə 1 №-li Əlavədən görünür ki, iddiaçı ilə cavabdeh arasında müqaviləyə əlavə olaraq bu Əlavə bağlanmışdır, alıcı Əlavə 1 № ilə cavabdehə müqavilədən irəli gələn şərtlərin icra edilməsi üçün (alıcı adından malların təhvil alınması və qaimə fakturada malın təhvilini sübut edən imzanın alınması) səlahiyyət verir: (cavabdehin adı var, başqa heç kimin adı qeyd edilməyib). İddiaçının istinad etdiyi qaimə fakturalarda yuxarı hissədə alıcı kimi cavabdehin adı yazılsa da, aşağıda “təhvil aldım” hissəsində cavabdehin deyil, başqa şəxslərin adları yazılmış, 1 №-li Əlavədə həmin şəxslərin adları göstərilməmişdir. Cavabdeh yazılı etirazlarında iddiaçıdan vaxtında malı almasını, borcunu ödəməsini, apelyasiya şikayətində isə iddiaçı ilə arasında olan bütün müqavilə şərtlərinə əməl edərək ona təhvil verilmiş malları payladıqdan sonra onun pullarının hamısını iddiaçının rəhbərliyinə təhvil verdiyini, iddiaçıya borcu qalmadığını bildirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında xx xxxxxx 2012-ci il tarixdə alğı-satqı müqaviləsi bağlansa da, iş materiallarında olan AEO/3 seriyalı xx.xx.2013cü il tarixli 371782 saylı, AEO/3 seriyalı xx.xx.2013-cü il tarixli 371783 saylı, xx.xx.2013-cü il tarixli 372135 saylı, xx.xx.2013-cü il tarixli 373080 saylı, xx.xx.2013-cü il tarixli 528247 saylı qaimə fakturalardan görünür ki, iddiaçı tərəfindən verilən malları Cavabdeh1 deyil, başqa şəxslər qəbul etmişdirlər. Qaimə-faktura isə ciddi hesabat blankıdır və malları təhvil alan şəxslərə dair məlumatlar həmin sənəddə göstərilmişdir. Belə olan halda isə, qaimə-fakturalarda göstərilən malların dəyərinin Cavabdeh1 tələb edilməsi əsaslı hesab edilə bilməz. İş materiallarında həmin malların cavabdeh tərəfindən qəbul edilməsinə və ya cavabdehin həmin malların dəyərini ödəyəcəyinə dair öhdəlik götürməsinə dair sübut yoxdur. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (MPM-in 77.1-ci maddəsi) Göründüyü kimi, cavabdehin iddiaçıya borcunun olması iş materiallarında olan sənədlərlə müəyyən edilmir. Cavabdeh apelyasiya şikayətində iddiaçı ilə alğı-satqı müqaviləsi bağladığı, aldığı malların dəyərini ödədiyini göstərmişdir. İddiaçı isə bunu cavabdehin etirafı kimi qəbul etmişdir. Halbuki, cavabdeh məhz iş materiallarında olan qaimə fakturalarda qeyd edilən malları qəbul etdiyini etiraf etməmişdir. Məhkəmə kollegiyasının iclasında da cavabdehin vəkili Vəkil1 bildirmişdir ki, tərəflər arasında əvvəllər alğı-satqı münasibətləri mövcud olmuşdur və cavabdeh aldığı malların dəyərini ödəmişdir. Tərəflər arasında alğı-satqı münasibətləri uzun müddət əvvəl olduğundan və cavabdeh əhəmiyyətli hesab etmədiyindən aldığı malların dəyərinin ödənilməsinə dair qəbzləri saxlamamışdır. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Sadalananlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Cavabdehin məhkəmə iclaslarında iştirakının təmin edilməməsi ilə bağlı apelyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından görünür ki, cavabdehin mövcud mübahisəyə birinci instansiya məhkəməsində baxılarkən məhkəmə iclasının vaxtı və yeri haqqında məlumatı olmamışdır. Belə ki, məhkəmə bildirişləri həm cavabdehin qeydiyyata olduğu, həm də iddia ərizəsində göstərilən ünvanına göndərilsə də, bildirişlər “bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır. Azərbaycan Respublikası MPM-in 135.1-ci maddəsinə əsasən, bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Həmin Məcəllənin 146-cı maddəsinə əsasən, məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Cavabdeh1 apelyasiya şikayəti təmin edilməli, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-2(085)-1588/2015 saylı xx xxxxxxx 2015-ci il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı1 MMC-nin Cavabdeh1 qarşı cavabdehdən İddiaçı1 MMC-nin xeyrinə 5690 manat 80 qəpik əsas borc, 5613 manat 52 qəpik cərimə və 30 manat 40 qəpik dövlət rüsumunun, cəmi 11334 manat 72 qəpik məbləğində pulun tutulması barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 384.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 384.0, 384.0.2, 385.2, 392, 393, 402-ci maddələrini rəhbər tuturaq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 apelyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-2(085)-1588/2015 saylı xx xxxxxxx 2015-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı1 MMC-nin Cavabdeh1 qarşı cavabdehdən İddiaçı1 MMC-nin xeyrinə 5690 manat 80 qəpik əsas borc, 5613 manat 52 qəpik cərimə və 30 manat 40 qəpik dövlət rüsumunun, cəmi 11334 manat 72 qəpik məbləğində pulun tutulması barədə iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fuad Məmmədov Hakimlər Fərmayıl Zeynallı Səyyad Qafari

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar