Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-71/2021 24.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və Babayeva Hökümə Çingiz qızından ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı əsassız hesablanmış və ödənilmiş vəsaitin qaytarılması tələbinə dair iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2-2(119)-65/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı ərizə ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 noyabr 2019-cu il tarixli, 2-2(102)-433/2019 saylı qərarı ilə təsdiq edilmiş 70.068,87 (yetmiş min altımış səkkiz manat səksən yeddi qəpik) manat məbləğin «xxxx» ASC-dən tutularaq ona ödənilməsi barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-2(85)- 37/2019 saylı iş üzrə qəbul etdiyi 28 yanvar 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı iddiası təmin edilərək, cavabdeh tərəfindən onun mülkiyyətində olan Quba rayonu, Bakı-Quba yolunda yerləşən soyuducu anbarına yazılmış 70.068,87 manat borc silinmişdir. Həmin qətnamədən cavabdeh «xxxx» ASC tərəfindən apelyasiya şikayəti verilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin 23 may 2019-cu il tarixli, 2-2(105)-71/2019 saylı qətnaməsi ilə cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-2(85)-37/2019 saylı iş üzrə qəbul etdiyi 28 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən «xxxx» ASC tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 27 noyabr 2019-cu il tarixli, 2-2(102)-433/2019 saylı qərarı ilə «xxxx» ASC-nin kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin 23 may 2019-cu il tarixli, 2-2(105)71/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Soyuducu anbara verilən elektrik enerjisinin dayandırılmasının «xxxx» ASC-yə qadağan edilməsinə dair məhkəmə qərardadı olmasına baxmayaraq, «xxxx» ASC tərəfindən 14 sentyabr 2018-ci il tarixli akta əsasən yazılmış 70.068,87 manat məbləğ iddiaçıya elektrik enerjisinin verilməsi dayandırılmasın deyə, məcburi surətdə ödətdirilmişdir. «xxxx» ASC tərəfindən qanunsuz tərtib edilmiş və məhkəmələr tərəfindən ləğv olunmuş akta əsasən ödədiyi 70.068,87 manat pul “xxxx” ASC-nin hesabında əsassız olaraq qalmışdır. Buna görə də iddiaçı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 noyabr 2019-cu il tarixli, 2-2(102)-433/2019 saylı qərarı ilə təsdiq edilmiş 70.068,87 manat məbləğin “xxxx” ASCdən tutularaq ona ödənilməsi barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 02.06.2020-ci il tarixli, 2(027)1162/20 saylı məhkəmə əmri ilə «xxxx» ASC-dən 70.068,87 (yetmiş min altımış səkkiz manat səksən yeddi qəpik) manat məbləğində pulun tutularaq, İddiaçı ödənilməsi əmr edilmişdir. Sonra «xxxx» ASC tərəfindən təqdim olunmuş etiraz ərizəsinə əsasən həmin məhkəmə əmri ləğv edilərək işə iddia icraatı qaydasında baxılmış, Quba Rayon Məhkəməsinin 04.08.2020-ci il tarixli, 2(027)-1162/20 saylı qətnaməsi ilə iddia təmin edilmiş, 70.068,87 (yetmiş min altımış səkkiz manat səksən yeddi qəpik) manat məbləğində pulun «xxxx» ASC-dən tutularaq, İddiaçı ödənilməsi qət olunmuşdur. Cavabdeh «xxxx» ASC tərəfindən həmin qətnamədən apelyasiya şikayəti verilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin 06.11.2020-ci il tarixli, 2(105)-2894/2020 saylı qərardadı ilə Quba Rayon Məhkəməsinin həmin qətnaməsi ləğv edilmiş, iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Kommersiya Məhkəməsində iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, əlavə olaraq 34.642,44 manat məbləğin, ümumilikdə isə 104.711,31 manat məbləğin cavabdeh «xxxx» ASC-dən alınaraq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin iddia ərizəsinə etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı “xxxx” ASC tərəfindən tərtib olunmuş aktları mübahisələndirmiş, lakin məhkəmənin yekun qərarını gözləmədən həmin aktlar əsasında yazılmış borcları ödəmişdir. Bu borclar sonradan məhkəmə qətnamələrinə əsasən “xxxx” ASC tərəfindən silinmişdir. Bundan əlavə, iddiaçının sözügedən aktlar əsasında yazılan borclar üçün ödədiyi məbləğ onun sonradan elektrik enerjisindən istifadə edilməsinə görə yaranan borclarının ödənilməsinə sərf olunacaqdır. Buna görə də, cavabdehin nümayəndəsi iddianı əsassız hesab edərək, onun rədd olunmasını xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2-2(119)-65/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh “xxxx” ASC-dən 104.711,31 manat məbləğində pul tutularaq, İddiaçı ödənilməsi, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun cavabdehə aid edilməsi, cavabdehdən 30 manat dövlət rüsumunun əvəzinin tutularaq, iddiaçıya ödənilməsi qət edilmişdir (hakim X.Tağıyev). Qətnamədən narazı qalan cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən apelyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddia tələbinə dair təqdim edilmiş etirazda qeyd olunmuş halların heç biri məhkəmə tərəfindən araşdırılmamışdır. Həmçinin etiraza əlavə edilmiş sübutlara qiymət verilməmişdir. Etirazdan və etiraza əlavə edilmiş sübutlardan müəyyən edilir ki, İddiaçı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi məhkəməsinə müraciət edərək 70068,87 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə məhkəmə müvafiq qərar çıxararaq iddia tələbini təmin etmiş, 70068,87 manat borcun silinməsi barədə qətnamə qət etmişdir. Sumqayıt Apelyasiya məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin iş üzrə çıxardığı qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali məhkəməsinin iş üzrə 2-2(102)-433/2019 nömrəli qərarı ilə Sumqayıt Apelyasiya məhkəməsinin iş üzrə 70068,87 manat borcun silinməsi barədə qətnaməsi qüvvədə saxlanılmışdır. Qeyd olunanlardan əlavə, iddia tələbinin digər hissəsi olan 34642,44 manat məbləğində vəsait məhkəmənin müvafiq qərarına əsasən iddiaçıya məxsus soyuducu anbarın abunə hesabından 22.12.2020-ci il tarixdə silinmişdir. Göründüyü kimi, iddia tələbi borcun silinməsi ilə bağlı olduğundan və hər bir instansiya məhkəməsinin qərarları borcun silinməsi öhdəliyini cavabdehin üzərinə qoyduğundan Azərbaycan Respublikası İcra haqqında qanunun tələblərinə əsasən iş üzrə digər məhkəmə qərarları da cavabdeh “xxxx” ASC tərəfindən icra olunacaqdır. İddiaçı tərəfindən ödənilmiş pulun “xxxx” ASC-dən alınaraq İddiaçı verilməsi gələcəkdə “70068,87 manat borcun silinməsinə dair” məhkəmə qərarının icrasını dayandırmayacaqdır və onun belə bir iddia tələbini nə ilə əsaslandırdığı məlum deyildir. Həmçinin “xxxx” ASC tərəfindən abunə kodundan silinmiş 34642,44 manat vəsaitin iddiaçıya qaytarılması nəticəsində cavabdeh həmin məbləğin 2 mislinədək iddiaçıya qaytarmış olur. Sözügedən qətnamənin əsaslandırıcı hissəsində birinci instansiya məhkəməsində iddia tələbinə dair təqdim edilmiş etirazda istinad edilmiş qanun və hüquqi aktların rədd edilməsi üçün gətirilmiş dəlillər göstərilməmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi qətnaməsində işin yuxarıda qeyd olunan həqiqi halına və məhkəməyə təqdim edilmiş sübutlara hüquqi qiymət verməmişdir. Tərəflərin izahatları: Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X4 cavabdehin apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, iddiaçının mübahisələndirdiyi 34642,44 manat məbləğ artıq cavabdeh tərəfindən silinmişdir. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili X3 apelyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, cavabdeh apelyasiya şikayətində qətnamənin icra olunacağını bildirmişdir ki, bununla iddianı qəbul etdiyini təsdiqləyir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apelyasiya şikayətinin dəlillərini araşdıraraq, iddiaçının və cavabdehin nümayəndəsini dinləyərək, hesab edir ki, Cavabdeh2-nin apelyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Kommersiya Məhkəməsinin 17.02.2021-ci il tarixli 2-2(119)-65/2021 saylı qətnaməsi qismən- iddianın 34.642,44 manat məbləğdə təmin edilmiş hissəsində ləğv edilməli, iddia həmin hissədə təmin edilməməli, qətnamə apelyasiya şikayəti üzrə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, “xxxx” ASC tərəfindən 14 sentyabr 2018-ci il tarixli, R seriyalı, 022771 №-li akt tərtib olunmuş və həmin akta əsasən iddiaçıya 70.068,87 manat borc hesablanmışdır. İş materiallarında olan abunə haqqında arayışdan görünür ki, iddiaçı həmin borcu ödəmişdir. İş materiallarında olan Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 28.01.2019-cu il tarixli, 2-2(085)-37/2019 saylı qətnaməsindən görünür ki, 022721 №-li akt əsasında “xxxx” ASC tərəfindən İddiaçı mülkiyyətində olan Quba rayonu, Bakı-Quba yolunda yerləşən soyuducu anbarına yazılmış 70.068,87 manat borcun silinməsi qət edilmişdir. Həmin qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirlmədən qüvvədə saxlanılmışdır. İş materiallarından görünür ki, “xxxx” ASC tərəfindən 05 iyul 2019-cu il tarixli, R seriyalı, 027494 №-li akt tərtib olunmuş və həmin akta əsasən iddiaçıya 34.642,44 manat borc hesablanmışdır. İş materiallarında olan 08.04.2020-ci il tarixli abunə haqqında arayışdan görünür ki, İddiaçı 06.07.2019-cu il tarixdə 15000 manat, 14.07.2019-cu il tarixdə 15000 manat, 27.07.2019-cu il tarixdə 5000 manat olmaqla 027494 №-li akt əsasında yazılmış 34.642,44 manat borcunu ödəmişdir. İş materiallarında olan Sumqayıt Apelyasiya Məhkəməsinin 11.08.2020-ci il tarixli, 22(105)-32/2020 saylı qətnaməsindən görünür ki, İddiaçı mülkiyyətində olan Quba rayonu, Bakı-Quba yolunda yerləşən soyuducu anbarında elektrik enerjisindən istifadə qaydalarının pozulması barədə tərtib olunmuş 05 iyul 2019-cu il tarixli, 027494 №-li akt üzrə hesablanmış borcun silinməsi qət edilmişdir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan Quba rayonu, Bakı-Quba yolunda yerləşən soyuducu anbarda 14.09.2018-ci il və 05.07.2019-cu il tarixlərdə elektrik enerjisindən istifadə qaydalarının pozulması barədə müvafiq olaraq 022721 və 027494 №-li aktlar tərtib olunmuşdur. Birinci akt əsasında iddiaçıya 70.068,87 manat məbləğində borc hesablanmış, Sumqayıt İnzibati- İqtisadi Məhkəməsinin 28.01.2019-cu il tarixli, 2-2(085)-37/2019 saylı qətnaməsi ilə həmin borcun silinməsi qət edilmişdir. Digər akt əsasında isə sözügedən anbara 34.642,44 manat borc hesablanmış, Sumqayıt Apelyasiya Məhkəməsinin 11.08.2020-ci il tarixli, 2- 2(105)32/2020 saylı qətnaməsi ilə həmin akt əsasında hesablanmış borcun silinməsi qət edilmişdir. Məhkəmə prosesləri gedən vaxt anbara elektrik enerjisinin verilməsinin dayandırılması məhkəmə qərardadı ilə “xxxx” ASC-yə qadağan edilsə də, cavabdeh tərəfindən həmin qərardada əməl olunmamış, anbara elektrik enerjisinin verilməsi dayandırılmışdır. Buna görə də, iddiaçı məcbur olub məhkəmənin yekun qərarının qəbul edilməsini gözləmədən elektrik enerjisinin verilməsinin bərpa olunması üçün həmin borcları ödəmişdir. «xxxx» ASC tərəfindən qanunsuz tərtib edilmiş və məhkəmələr tərəfindən ləğv olunmuş aktlara əsasən ödədiyi 104.711,31 manat «xxxx» ASC-nin hesabında əsassız olaraq qalmışdır. Hazırda iddiaçı həmin 104.711,31 manat məbləği mübahisələndirir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və hesab etmişdir ki, cavabdeh tərəf iddianı əsassız sayaraq, məhkəmə qətnamələrinin icra olunaraq sözügedən aktlar əsasında hesablanmış borcların silinəcəyini bildirmiş, həmin məbləğin bundan sonra istifadə ediləcək elektrik enerjisinə görə ödənişə sərf olunacağını qeyd etmiş, lakin iddianın əsassız olmasına dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin işin şərh olunan halları ilə razılaşır və hər iki aktla cavabdehin iddiaçıya 104.711,31 manat borcunun mübahisəsiz olduğunu qeyd edir. Həmin məbləğlərin iddiaçı tərəfindən ödənilməsini cavabdeh özü də inkar etmir, sadəcə həmin məbləğlərin elektrik enerjisinə görə ödənişə sərf olunacağını vurğulayır. İşin mübahisəsiz halıdır ki, hər iki aktla hesablanmış borc məhkəmə mubahisəsi predmeti olmuş və həmin aktlar üzrə yuxarıda qeyd edilən məhkəmə aktları qəbul edilmişdir. Lakin apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi məhkəmə kollegiyasına abunə haqqında arayışı təqdim etmişdir. Həmin sənəddən görünür ki, cavabdeh tərəfindən 34.642.44 manat məbləğ iddiaçı tərəfindən istifadə olunmuş enerjiyə görə iddiaçının xeyrinə silinmişdir. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili X3 da həmin məbləğin artıq iddiaçıya qaytarıldığını, onun artıq mübahisələndirilmədiyini bildirmiş, lakin qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etmiş və bildirmişdir ki, gələcəkdə qətnamənin icrası zamanı həmin məbləğ hər bir halda icra orqanı tərəfindən nəzərə alınacaqdır. Göründüyü kimi, cavabdeh tərəfindən silindiyindən, 34.642.44 manat məbləğlə bağlı artıq tərəflər arasında mübahisə mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3 və 560.3.5.2-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. Mülki Məcəllənin 1091.1-1091.2-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. MPM-nin 384.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2-nin apelyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Kommersiya Məhkəməsinin 17.02.2021-ci il tarixli 2- 2(119)-65/2021 saylı qətnaməsi qismən- iddianın 34.642,44 manat məbləğdə təmin edilmiş hissəsində ləğv edilməli, iddia həmin hissədə təmin edilməməli, qətnamə apelyasiya şikayəti üzrə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 393, 402, 403, 404, 405, 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh2-nin apelyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Kommersiya Məhkəməsinin 17.02.2021-ci il tarixli 2-2(119)-65/2021 saylı qətnaməsi qismən- iddianın 34.642,44 manat məbləğdə təmin edilmiş hissəsində ləğv edilsin. İddia həmin hissədə təmin edilməsin. Qətnamə apelyasiya şikayəti üzrə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(105)-71/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-71/2021
24.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver