Məhkəmə qərarları › İş №2-2(105)-71/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-71/2025

16.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-71/2025 16.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Dəmirov İlqar Kamal oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi ilə, İddiaçı “X3 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2nə və Cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 14 aprel 2025-ci il tarixli, e-2-2(119)-475/2025 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ İşin halları

1. İddiaçı “X3 Azərbaycan” QSC ilə Cavabdeh2 MMC arasında bağlanılmış 26 dekabr 2023-cü il tarixli Worldcard Business Kredit Kartı (korporativ kart) müqaviləsinin 1ci bəndinə əsasən, bu müqavilə bank (iddiaçı “X3 Azərbaycan” QSC) və kart və/və ya əlavə kart(ların) sahibi (Cavabdeh2 MMC) bankın emissiya etdiyi (buraxdığı) kartın (bank tərəfindən emissiya edilən kredit kartları (korporativ kartları)) və əlavə kartın, bunların nömrə və gizli şifrələrinin (PİN kod) istifadə edilməsi ilə bağlı şərtlərini və qaydalarını müəyyən etmək məqsədini daşıyır.

2. Müqavilənin 13.5.1-ci yarımbəndinə əsasən, nağd pul vəsaitinin alınması/çıxarılması faizi: kart hesabından nağd vəsait alındığı/çıxarıldığı (nağd vəsait əldə edildiyi) və ya nağd pul vəsaitlərinin istifadəsi üzrə əməliyyatların həyata keçirildiyi gündən edibarən pul balansın (borcun) tam ödənildiyi günə qədər bu maddədə göstərilən faiz dərəcəsinə müvafiq gündəlik olaraq tətbiq edilir. Nağd pul vəsaitinin alınmasİ/çıxarılması faizi illik 28% təşkil edir.

3. Müqavilənin 13.5.6-cı yarımbəndinə əsasən, gecikdirilmə faizi: kart\əlavə kart sahibi, hesab çıxarışında (bildirişində) müəyyən edilən son ödəniş tarixinədək dövr borcunun hesab çıxarışında göstərilən minimum məbləğdən az ödəniş etdiyi təqdirdə, minimum məbləğin ödənilməyən hissəsi üçün hesab faktura tarixindən son ödəniş tarixinədək bu müqavilə üzrə müəyyən edilən alqı-satqı faizini və son ödəniş tarixindən etibarən gecikdirilmə faizini, qalan hesab balansına (borcuna) isə hesab fakturası tarixindən etibarən bu müqavilə üzrə alqı-satqı faizinin tətbiq edilməsini (hesablanmasını) qəbul, bəyan və təsdiq edir. Müqavilənin ləğvi (xitamı) ilə əlaqədar və/və ya hesab bağlanıldığı təqdirdə (müqavilə üzrə borcların geri qaytarılması müddətləri və/və ya şərtləri kart/əlavə kart sahibi tərəfindən pozulduqda), toplam (ümumi) borc məbləğinin (balansının) qalığına (qalıq borca) gecikdirilmə faizi tətbiq edilir və “Kart/əlavə kart sahibi”, göstərilənlərlə əlaqədar toplam (ümumi) qalıq borcuna gecikdirilmə faizininin tətbiq edilməsini (hesablanmasını) qəbul, bəyan və təsdiq edir. Bu hal da daxil olmaqla kart istifadəsindən (tətbiqindən) yaranan borclara mürəkkəb faiz (faizin üstünə laiz hesablanması) tətbiq edilmir. Kart/əlavə kart sahibi aldığı kreditin və ona hesablanmış faizlərin bu müqavilə ilə müəyyən edilmiş qaytarılması müddətlərini və/və ya şərtlərini pozduqda, bu müqavilədə nəzərdə tutulan illik faiz dərəcəsinə pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edilmə günü üçün Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi əlavə edilib hesablamaqla gecikdirilmə faizlərini ödəyir.

4. Müqavilənin 19.2-ci bəndinə əsasən, kart/əlavə kart sahibinin istifadə etmiş olduğu vəsaiti (krediti) və vəsait (kredit) üzrə faizləri, komisyon və digər nəzərdə tutulmuş ödənişləri (haqları) vaxtında, müqavilə ilə müəyyən edilmiş şərtlərlə qaytarılmasını tələb etmək, tələbləri yerinə yetirilmədikdə kartın fəaliyyətini dayandırmaqla (bloklaşdırmaqla), borcun qaytarılması üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün tədbirləri həyata keçirmək, o cümlədən məhkəməyə müraciət etmək bankın hüququdur.

5. Müqavilənin 20.3-cü bəndinə əsasən, kredit kartından istifadə nəticəsində yaranmış borcunu(larını) və/və ya borcu üzrə hesablanmış faizləri, komisyon və digər nəzərdə tutulmuş ödənişləri vaxtında və müqavilə ilə müəyyən edilmiş şərtlərlə ödəmək (qaytarmaq), bu müqavilə üzrə öhdəlikləri lazımınca yerinə yetirilmədikdə yaranmış borcların geri qaytarılması ilə bağlı bankın çəkdiyi (çəkməli olduğu) bütün xərclərin əvəzini, habelə əldən çıxmış faydanı banka ödəmək müştərinin vəzifəsidir.

6. Müqavilənin 25-ci bəndinə əsasən, bu müqaviləyə əsasən bank 20 il müddətinə 14000 manat məbləğində kart/əlavə kart sahibinə kredit kartı limitini (kredit xətti) açır. Kart/əlavə kart sahibi isə həmin kredit kartı limiti (kredit xətti) üzrə istifadə etmiş olduğu vəsaiti (krediti) və ona hesablanmış faizləri, komisyonları və həmçinin nəzərdə tutulmuş digər ödənişləri (bütün borcları) bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə banka qaytarmağı (ödəməyi) öhdəsinə götürür.

7. 26 dekabr 2023-cü il tarixli 01 nömrəli zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən, 26 dekabr 2023-cü il tarixində ”X3 Azərbaycan” QSCi (bank) və "Prestij-Kimya” MMC (müştəri və ya borcaİan) arasında bağlanmış Worldcard Business Kredit Kartı (korporativ kart) kredit kartı müqaviləsi üzrə müştəriyə 14000 (on dörd min) manat məbləğində, 20 (iyirmi) il müddətinə və istifadəsinə görə yuxarı həddi illik 28 % faiz dərəcəsi ödəmək şərti ilə açılmış kredit kartı limiti (kredit xətti) ilə bağlı müştərinin bank qarşısında bütün öhdəlikləri vaxtında və lazımı qaydada yerinə yetirilənədək zamin müştəri ilə tam birgə məsuliyyət daşımağı öhdəsinə götürür və eyni zamanda həmin müqavilə üzrə müştəri öhdəliklərini icra etmədiyi və ya lazımınca icra etmədiyi təqdirdə zamin bankın ilk tələbi ilə kredit kartı limiti üzrə kredit məbləğini (əsas borc), ona hesablanmış faiz və cərimələrlə birlikdə (həmçinin borc tutulması üzrə məhkəmə xərclərinin və müştərinin kredit kartı müqaviləsi üzrə öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində banka dəyən digər zərər də daxil olmaqla) dərhal banka ödənilməsini (qaytarılmasını) öz üzərinə götürür. Zamin əvvəlcədən razılaşaraq həmçinin qəbul, təsdiq və bəyan edir ki, kredit xətti limitinin daxilində yuxarı həddi illik 28 % dərəcəsi ilə ayrılan verilən kreditlər və borclar borcalana azərbaycan manatı ilə yanaşı xarici valyutalarda da (ABŞ dolları, Avro və s.) verilə bilər ki, borcalan borcverən qarşısında bunlarla bağlı öhdəliklərini vaxtında və lazımı qaydada yerinə yetirələnədək zamin borcalanla tam birgə məsuliyyət daşımağı da öhdəsinə götürür və borcalan öhdəliklərini icra etmədiyi və ya lazımınca icra etmədiyi təqdirdə zamin borcverənin ilk tələbi ilə kredit (borc) məbləğini (əsas borc), ona hesablanmış faiz və cərimələrlə birlikdə (həmçinin borcun tutulması üzrə məhkəmə xərclərinin və borcalanın kredit müqaviləsi üzrə öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində borcverənə dəyən digər zərər də daxil olmaqla) dərhal borcverənə ödənilməsini (qaytarılmasını) öz üzərinə götürür. Bununla belə, zamin razılaşır ki, müştəri yuxarıda adı çəkilən kredit kartı müqaviləsi üzrə bank qarşısında müəyyən edilmiş öhdəlikləri icra edilmədikdə və ya lazımınca icra edilmədikdə, bank zaminin “X3 Azərbaycan” QSC-dəki hər hansı bir bank hesabındakı pul vəsaitini(lərini), müştərinin kredit borcu miqdarında onun sərəncamı olmadan müştərinin kredit borcu əvəzinə (əsas borc, faiz və cərimələr, həmçinin borc tutulması üzrə məhkəmə xərclərinin və müştərinin kredit kartı müqaviləsi üzrə öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində banka dəyən digər zərər də daxil olmaqla) mübahisəsiz və qeyd şərtsiz qaydada hesabından silmək və ya müştəriyə qarşı olan (irəli sürülmüş) tələb miqdarında (məbləğində) hesabındaki məxaric əməliyyatlarına məhdudiyyətlər qoymaq hüququna malik olacaqdır.

8. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, bu müqaviləyə əsasən zaminliklə təmin olunan öhdəliyin əsası bank ilə müştəri arasında 26 dekabr 2023-cü il tarixində bağlanmış kredit kartı müqaviləsidir. Zamin həmin müqaviləyə əsasən müştərinin banka kredit kartı limiti üzrə öhdəliyinin vaxtında və lazımı qaydada icra olunmasına görə, o cümlədən krediti və hesablanmış faiz (cərimə) məbləğinin(lərinin) qaytarılmasına, həmçinin açılmış bu kredit kartı limiti ilə əlaqədar yarana biləcək və ya çəkilməli olan hər cür xərclərin və zərərin ödənilməsinə görə məsuliyyət daşıyır. Zaminin bank qarşısında məsuliyyətinin əsasları: müştəri tərəfindən kreditin və ona hesablanmış faizlərin kredit kartı müqaviləsində nəzərdə tutulmuş müddətlərdə və məbləğlərdə ödənilməməsi və qaytarılmaması; borcalan tərəfindən alınmış kreditdən məqsədi və təyinatı üzrə istifadə edilməməsi və s. Müştəri kredit kartı müqaviləsinə əsasən yaranmış öhdəlikləri vaxtında və/və ya lazımınca icra etmədikdə, bankın, öhdəliklərin icrasını müştəridən və/və ya zamindən tələb etmək, o cümlədən qanunvericiliyə müvafiq olaraq öhdəliklərin müştəri və/və ya zamin” tərəfindən məcburi qaydada icrasını təmin etmək məqsədi ilə məhkəmə orqanlarına müraciət etmək hüququ vardır.

9. 23 yanvar 2025-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh2 MMC-nin 26 dekabr 2023-cü il tarixli Worldcard Business Kredit Kartı (korporativ kart) müqaviləsi üzrə iddiaçıya 11638,41 manat məbləğində əsas bоrcu, əsas borc üzrə hesablanmış 1307,73 manat məbləğində faiz borcu və əsas borcun ödənilməsinin gecikdirilməsinə görə hesablanmış 610,99 manat məbləğində faiz borcu оlmaqla, cəmi 13557,13 manat məbləğində borcu vardır.

10. İddiaçı tərəfindən təqdim edilmiş hesabdan çıxarışa əsasən Cavabdeh2 MMC-nin 26 dekabr 2023-cü il tarixli Worldcard Business Kredit Kartı (korporativ kart) müqaviləsi üzrə iddiaçıya 11638,41 manat məbləğində əsas borcu və 18 dekabr 2024-cü il tarixdən 23 yanvar 2025-ci il tarixədək hesablanmış 610,99 manat məbləğində gecikdirilmiş faiz borcu vardır.

Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı “X3 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2nə və Cavabdeh1 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 11638,41 (on bir min altı yüz otuz səkkiz manat, qırx bir qəpik) manat məbləğində əsas borc, əsas məbləğə hesablanmış 1307,73 (min üç yüz yeddi manat, yetmiş üç qəpik) manat məbləğində faiz borcu, hər gecikdirilmiş günə görə hesablanmış 610,99 (altı yüz on manat, doxsan doqquz qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 13557,13 (on üç min beş yüz əlli yeddi manat, on üç qəpik) manat məbləğində pul vəsaitinin və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 130,67 (yüz otuz manat, altmış yeddi qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “X3 Azərbaycan” QSC ilə Cavabdeh2 MMC arasında 26 dekabr 2023-cü il tarixdə Worldcard Business Kredit Kartı (korporativ kart) müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinin şərtlərinə görə, bank tərəfindən borcalana 26 dekabr 2043-cü il tarixədək (20 il müddətində) 14000 manat məbləğində kredit kartı limiti (kredit xətti) açılmışdır. Borcalanın müqavilədən irəli gələn öhdəliyinin icrasının təmin edilməsi məqsədilə, həmçinin Cavabdeh1 ilə 26 dekabr 2023cü il tarixli 01 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə üzrə öhdəliklərini tam şəkildə icra etsə də, Cavabdeh2 MMC müqavilə öhdəliyini lazımınca yerinə yetirməmişdir. Bununla əlaqədar Cavabdeh2 MMC və onun öhdəliyinə görə iddiaçı qarşısında birgə məsuliyyət daşıyan zamin - hazırkı iddia tələbi üzrə digər cavabdeh - Cavabdeh1la mübahisənin pretenziya qaydasında nizama salınmasına cəhdlər edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.

13. Sumqayıt Kommersiya Məhkəməsinin 14 aprel 2025-ci il tarixli, e-2-2(119)- 475/2025 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh2ndən və Cavabdeh1 müştərək qaydada 11638,41 (on bir min altı yüz otuz səkkiz manat, qırx bir qəpik) manat məbləğində əsas borcun, 1307,73 (min üç yüz yeddi manat, yetmiş üç qəpik) manat məbləğində faiz borcunun, 610,99 (altı yüz on manat, doxsan doqquz qəpik) manat məbləğində gecikdirilmiş faiz borcunun və 130,67 (yüz otuz manat, altmış yeddi qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 13687,8 (on üç min altı yüz səksən yeddi manat, səksən qəpik) manat məbləğində pul vəsaitinin iddiaçı “X3 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir.

14. Qətnamədən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti verərək, Sumqayıt Kommersiya Məhkəməsinin 14 aprel 2025-ci il tarixli, e-2-2(119)-475/2025 nömrəli qətnaməsinin qismən ləğv edilərək əsas borc üzrə 1307,73 (min üç yüz yeddi manat yetmiş üç qəpik) manat məbləğində faiz borcunun, 610,99 (altı yüz on manat doxsan doqquz qəpik) manat məbləğində gecikdirilmiş faiz borcunun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin və apellyasiya şikayətinə dair etirazın dəlilləri

15. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, çıxarılmış qətnamə ilə onun maddi və prosessual hüquqları pozulmuşdur. İşin faktiki hallarının bəzi müddəaları qətnamədə qeyd edilmişdir. “X3 Azərbaycan” QSC ilə Cavabdeh2 MMC arasında 26 dekabr 2023-cü il tarixdə Worldcard Business Kredit Kartı (korporativ kart) müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinin şərtlərinə görə, bank tərəfindən MMC-yə 26 dekabr 2043-cü il tarixədək (20 il müddətində) 14000 manat məbləğində kredit kartı limiti (kredit xətti) açılmışdır. Borcalanın müqavilədən irəli gələn öhdəliyinin icrasının təmin edilməsi məqsədilə, həmçinin onunla 26 dekabr 2023-cü il tarixli 01 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı tərəfindən iddia ərizəsində göstərilən məbləğ MMC-yə verilmiş, qanunvericlik tələblərinə uyğun olaraq təsisçi olaraq ona da zaminlik təklif edilmişdir. Həmin məbləğ MMC-nin xərclərinə, məsrəflərinə xərclənmişdir. Həmçinin bank tərəfindən hesablanan faiz və cərimə borcu hədsiz dərəcədə şişirdilmişdir. Həmin müqavilə üzrə borclar 2024-cü ilin iyul ayına kimi ödənilsə də, sonradan MMC-nin maddi sıxıntıları, istehsalatın dayandırılması səbəbindən aylıq ödənişlərdə gecikmələr olmuşdur. "xxxx" MMC-nin maddi sıxıntıları ucbatından onlara aid olan bank hesablarına 2024-cü ilin may ayından Sumqayıt Şəhəri üzrə İcra İdarəsi tərəfindən inkasso sərəncamı qoyulmuşdur. Bundan başqa digər bank hesablarının üzərində də sərəncamlar olduğundan rəsmi şəkildə ödəniş etmək mümkün olmamışdır. Göründüyü kimi MMC-nin maddi vəziyyətində sıxıntıların yaranması müqavilə bağlanılarkən nəzərdə tutulmamışdır. Əksinə müqaviləni bağlamaq məqsədi MMC-nin digər şirkətlərdən xammal alaraq yeni istehsal etməklə əlavə daha çox gəlir etməkdən ibarət olmuşdur. Çünki MMC daha çox mal istehsal edərək malları satış bazarına çıxartmaq, daha çox gəlir əldə etmək niyyətində olmuşdur. Hətta MMC-nin fəaliyyətinin daha da genişləndirilməsi məqsədi ilə işğaldan azad olmuş Cəbrayıl rayonunda da MMC-nin yeni bir filialını açmaq fikrində olmuşdur. Hətta bununla bağlı bir neçə addımlar atılaraq orada zavodun tikintisinə başlanılmışdır. Məlumat olaraq bildirmişdir ki,“X2 Zonası” Sənaye Parkının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən Cavabdeh2 MMC-yə X2 X1 yeni rezidenti qeydiyyat şəhadətnaməsi verilmişdir. Ölkəmizin ərazi bütövlüyü təmin olunduqdan sonra Cəbrayıl rayonunun Soltanlı kəndi yaxınlığında 200 (iki yüz) hektar torpaq sahəsində Cavabdeh2 MMC dezinfeksiya edici, maye yuyucu və ağardıcı məhsulların istehsalını həyata keçirən zavod inşa edəcək. Həmçinin zavodlarının aztəminatlı, şəhid ailələri, müharibə iştirakçılarının işləməsi üçün lazım olan şəraiti yaratmışdır. İstər müharibə, istərsə pandemiya zamanı ölkə üçün mühüm əhəmiyyət kəsb edən xeyriyyə işlərində yaxından iştirak etmiş, lazımi tədbirlərin həyata keçirilməsində maddi, mənəvi səylərini, köməyini əsirgəməmişdir. Bütün bunlar maliyyə dəstəyi tələb etdiyindən MMC bu günki gün bu böhranı yaşayır. Hal-hazırda orada tikinti işləri gedir, hesab edir ki, bütün bu hallar məhkəmə tərəfindən nəzərə alınaraq qərar çıxarılmalı, əlavə hesablanmış faiz və cərimə borcları ləğv edilməlidir. "xxxx" MMC-nın maddi sıxıntıları ucbatından onlara aid olan bank hesablarına 2024-cü ilin may ayından Sumqayıt Şəhəri üzrə İcra İdarəsi tərəfindən inkasso sərəncamı qoyulmuşdur. Bundan başqa digər bank hesablarının üzərində də sərəncamlar olduğundan rəsmi şəkildə ödəniş etmək mümkün olmamışdır. Belə ki, uzun müddətdir MMC maddi sıxıntılar yaşayır. Hal-hazırda bir neçə məhkəmə qətnamələrinin icrası ilə bağlı icra işləri və məhkəmə mübahisələri mövcuddur. Təbii ki, müqavilə öhdəliyindən boyun qaçırmırlar. Sadəcə ödənilməli olan məbləğin faiz və cərimə borcu bank tərəfindən şişirdilmişdir. Ödənişlər inkasso sərəncamından sonra dayandırılmışdır.

16. İddiaçı "xxxx" QSC apellyasiya şikayətinə dair etiraz təqdim edərək bildirmişdir ki, cavabdeh şikayətində Cavabdeh2 MMC ilə kredit müqaviləsinin xx.xx.2023cü il tarixində bağlandığını, zaminlik müqaviləsinin isə həmin tarixdə şəxsən özü ilə imzalandığını təsdiq edir. Deməli cavabdeh bu müqavilələrdən irəli gələn hüquqi məsuliyyətini və maddi öhdəliklərini tam şəkildə bilə-bilə qəbul etmiş və buna razı olmuşdur. Mülki Məcəllənin tələblərinə əsasən zamin borcalanın borcunu ödəmədiyi halda kreditor qarşısında müştərək qaydada məsuliyyət daşıyır. Cavabdeh bildirir ki, MMC maliyyə sıxıntısı yaşayır. İcra idarələri tərəfindən bank hesablarına inkasso sərəncamları qoyulmuşdur. Pandemiya və müharibə dövründə sosial layihələrə qoşulmuşdur və s. halbuki borcun təmin etməmək. Yalnız maliyyə çətinliyi ilə əsaslandırıla bilməz. Mülki Məcəllənin tələblərinə əsasən müqavilə tərəflərinin maddi vəziyyətində sonradan yaranan dəyişikliklər müqavilə üzrə öhdəliklərə təsir etmir. Həmçinin “Banklar haqqında” Qanunun tələblərinə əsasən kredit öhdəlikləri vaxtında və tam şəkildə icra olunmalıdır. Müştəri bu öhdəliklərə əməl etmədikdə faizlər və cərimələr tətbiq olunur. Cavabdeh faiz və cərimələrin şişirdildiyini iddia edir. Halbuki təqdim olunan kredit müqaviləsində faiz dərəcələri, gecikmə hallarında tətbiq olunacaq cərimə faizləri açıq və birmənalı şəkildə əks olunmuşdur. Bu şərtlər azad iradə ilə qəbul edilmişdir. Mülki Məcəllənin tələblərinə əsasən kredit müqaviləsində göstərilən faizlər və cərimələr qanuni hesab olunur və onların məhkəmə tərəfindən ləğvi yalnız qanunsuzluq sübuta yetirilərsə mümkündür. Cavabdeh isə belə sübut təqdim etməmiş, yalnız ümumi və əsaslandırılmamış arqumentlərlə çıxış etmişdir. Cavabdeh MMC-nin işğaldan azad olunmuş ərazilərdə investisiya təşəbbüsləri, şəhid ailələri və aztəminatlı təbəqələrə dəstək yönümlü fəaliyyəti kimi sosial və ictimai əhəmiyyətli məqamları əsas gətirməklə maliyyə öhdəliklərindən yayınmağa çalışır. Şübhəsiz ki, bu kimi təşəbbüslər cəmiyyət üçün müsbət nümunədir. Lakin kredit müqaviləsindən doğan öhdəliklər konkret, hüquqi xarakterli münasibətlərdir və bu münasibətlərdə sosial emosiyalar və mənəvi yanaşmalar hüquqi məsuliyyəti aradan qaldıra bilməz. Birinci instansiya məhkəməsi iş üzrə təqdim olunan sənədləri, kredit və zaminlik müqavilələrini, tərəflərin vəzifələrini nəzərə alaraq qanuni və əsaslandırılmış qətnamə çıxarmışdır. Cavabdehin iddia etdiyi “əsassız qərar” ifadələri yalnız subyektiv narazılığı əks etdirir və hüquqi cəhətdən heç bir dəyərə malik deyil.

Məhkəmə prosesi iştirakçılarının izahatları:

17. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

18. Cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılsalar da, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 448. Əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Maddə 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər.

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

22. Belə ki, tərəflər arasında bağlanmış və şərtləri yuxarıda göstərilmiş 26 dekabr 2023-cü il tarixli müqavilə üzrə Cavabdeh2 MMC üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməyərək iddiaçıya ödənilməli olan kredit məbləğini tam ödəməmiş, bununla da müqavilə öhdəliklərini lazımınca yerinə yetirməmişdir.

23. İddianı təmin edən birinci instansiya məkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilə üzrə Cavabdeh2 MMC üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməyərək iddiaçıya ödənilməli olan kredit məbləğini tam ödəməmiş, bununla da müqavilə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Həmin müqavilə üzrə o, öhdəliklərini müvafiq qaydada yerinə yetirmədiyindən, zaminlik müqaviləsinin şərtlərinə əsasən, onunla birlikdə, həmçinin zamin Cavabdeh1 də kreditor qarşısında borclu ilə eyni həcmdə birgə məsuliyyətləri yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, cavabdehlərdən müştərək qaydada 11638,41 manat məbləğində əsas borcun və əsas məbləğə hesablanmış 1307,73 manat məbləğində faiz borcunun iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Bundan əlavə Cavabdeh2 MMC-nin kredit müqaviləsi üzrə ödənişlərini gecikdirməsi təsdiq edildiyindən və həmin müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə faiz borcunun ödənilməsi də nəzərdə tutulduğundan məhkəmə iddia tələbini 610,99 manat məbləğində faiz borcuna dair hissədə də təmin etmişdir.

24. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, cavabdeh özü də apellyasiya şikayətində müvafiq müqavilələri və 11638,41 (on bir min altı yüz otuz səkkiz manat, qırx bir qəpik) manat məbləğində əsas əsas borcu da mübahisələndirməmiş, əksinə kredit vəsaitinin MMC-nin xərclərinə, məsrəflərinə xərcləndiyini göstərmişdir.

25. Cavabdehin apellyasiya şikayətində qeyd eydiyi 1307,73 (min üç yüz yeddi manat, yetmiş üç qəpik) manat məbləğində faiz borcunun, 610,99 (altı yüz on manat, doxsan doqquz qəpik) manat məbləğində gecikdirilmiş faiz borcunun hədsiz dərəcədə şişirdilməsi ilə bağlı dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Cavabdeh iddia tələbində göstərilən məbləğin düzgün hesablanmaması bağlı sübutlarını prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə nə birinci instansiya məhkəməsinə nə də apellyasiya baxışı zamanı təqdim etməmişdir. İş materiallarından və iddiaçı tərəfindən təqdim edilmiş müvafiq sübutlardan isə həmin məbləğlərin düzgün hesablanması müəyyən olunmuşdur.

26. Şikayətin digər dəlillərinə gəldikdə isə kollegiya hesab edir ki, həmin dəlillər cavabdehin müqavilə üzrə öhdəliklərini icra etməməsinə haqq qazandırmır.

27. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər mötəbər sübutlarla öz təsdiqini tapmadığından birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.

28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası:

Q Ə T E T D İ:

Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 14 aprel 2025-ci il tarixli, e-2-2(119)- 475/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar