Məhkəmə qərarları › İş №2-2(105)-73/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-73/2020

24.08.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-73/2020 24.08.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyasının hakimləri Məmmədov Fuad Əli oğlu (sədrlik edən və məruzəçi), X2 və X3 ibarət tərkibdə, Tahirova Lətafət Almazxan qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi X1 və cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X5 iştirakları ilə İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı borcun silinməsi tələbinə dair iş üzrə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-2(085)-27/2019 saylı xx xxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti üzrə işə Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-2(085)-27/2019 saylı xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, “xxxx” ASC tərəfindən iddiaçının Xaçmaz rayonu, Nabran inzibati ərazi vahidinin Şimali kəndində yerləşən “Tropikanka” istirahət evinə hesablanmış 13.322,60 manat məbləğində borcun müvafiq abonent kodundan silinməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim V.Əzizova) Qətnamədən cavabdeh “xxxx” ASC apelyasiya şikayəti vermişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2(105)-103/2019 saylı xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə apelyasiya şikayətinin təmin edilməməsi, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. (hakim Z.Məmmədov) Qətnamədən cavabdeh “xxxx” ASC kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-2(102)- 33/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarı ilə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi qismən – 2439.48 manat hissədə ləğv edilməsi, bu hissədə işin yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. (hakim A.Hüseynov) İŞİN HALLARİ: İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçının Xaçmaz rayonu, Nabran inzibati ərazi vahidinin Şimali kəndində yerləşən “Tropikanka” istirahət evinə hesablanmış 13400 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xaçmaz rayonu, Nabran inzibati ərazi vahidinin Şimali kəndində yerləşən “Tropikanka” istirahət evi İddiaçı məxusdur. İstirahət evi işlədiyi müddətdə elektrik enerjisindən istifadə haqqı sayğacın göstəricilərinə uyğun olaraq və vaxtında ödənilmişdir. 2010-cu ildən hal-hazıradək isə istirahət evi fəaliyyət göstərmir. Buna baxmayaraq cavabdeh metodik hesablama yolu ilə 13400 manat borc hesablamışdır. Hazırda həmin borcun tələbetmə müddəti artıq keçmişdir. Ödənişləri həyata keçirərkən iddiaçı yalnız cari borcların ödənilməsinə yönələn hərəkətlər etmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Cavabdeh “xxxx” ASC birinci instansiya məhkəməsinin qətnaməsindən apelyasiya şikayət verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı məxsus istirahət mərkəzinin xx.xx.2019-cu il tarixə elektrik enerjisindən istifadəyə görə 13322,60 manat borcu yaranmışdır ki, həmin borcun 10833,12 manat hissəsi xx.xx.2015-ci il tarixə qədər, 2439,48 manat hissəsi isə xx.xx.2015-ci ildən xx.xx.2019-cu il tarixədək elektrik hesabat sayğacı əsasında hesablanmışdır. Məhkəmə isə iddia tələbini təmin edərkən işin həqiqi halına və təqdim edilən sübutlara münasibət bildirməmiş, EEİQ-nın 8.4-cü bəndinə istinad edərək enerji təchizatı müəssisəsinin istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş almalı, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmədiyini qeyd etmişdir. Lakin məhkəmə nəzərə almamışdır ki, iddiaçıya məxsus istirahət mərkəzinə elektrik enerjisindən istifadəyə görə hesablanmış 13322 manat məbləğində borcun 1480,54 manat hissəsi xx.xx.2015-ci il tarixdə obyektə quraşdırılmış 111328M nömrəli elektrik hesabat sayğacı əsasında, 958,94 manat hissəsi isə xx.xx.2017-ci il tarixdə quraşdırılmış 185M812846 nömrəli sayğac əsasında hesablanmışdır. Abunə haqqında çıxarışdan görünür ki, iddiaçı xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək sayğac əsasında 2521,48 manat elektrik sərfiyyatı qeydə alınmış iddiaçı isə həmin dövrdə cəmi 220 manat ödəniş etmişdir, Qeyd olunanlar və təqdim edilmiş sübutlar bir daha borcun hansı səbəbdən və nə vaxtdan yarandığını açıq-aşkar göstərir. Məhkəmə isə cavabdeh tərəfin həmin borcun hansı əsasla yəni məhz elektrik hesabat sayğacının göstəricilərinə uyğun olaraq hesablandığını sübuta yetirə bilmədiyini qeyd etmişdir. Lakin məhkəmə yuxarıda qeyd olunanları və iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədiyini nəzərə almamışdır. Bundan başqa, məhkəmə qətnamənin əsaslandırıcı hissəsində qeyd etmişdir ki, hazıradək cavabdeh tərəfindən elektrik enerjisindən istifadə haqqının tutulması ilə əlaqədar iddiaçıya qarşı iddia qaldırmamışdır. Yaranmış borcun tələb olunması ilə bağlı cavabdeh tərəfindən qanunauyğun müvafiq tədbirlər görülmüşdür. Belə ki, iddiaçıya məxsus obyektin enerji təchizatı EEİQ-mn 9.13.2-ci bəndinə əsasən dayandırılmış, yalnız iddiaçı tərəfindən borcun bir hissəsi ödənildikdən sonra yenidən şəbəkəyə qoşulmuşdur. Qeyd olunanlarla yanaşı iddiaçı tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizə verilməsə də, birinci instansiya məhkəməsi iddia müddəti tətbiq edərək borcun silinməsi barədə qətnamə çıxarmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir.Məhkəmə nəzərə almamışdır ki, hazırki mülki iş üzrə iddia müddətinin tətbiq edilməsi ilə bağlı qeyd olunan hüquq normasının hüquqi mahiyyətinə uyğun deyildir. Belə ki, qeyd olunan hüquq normasının mahiyyətindən görünür ki, iddia müddətinin keçməsi yalnız cavabdeh tərəfinin iddiaçıya qarşı belə bir tələblə çıxış etməsini nəzərdə tutur. Həmçinin iddia müddəti tətbiq edilməli olsa belə, iddia müddətinin axımı xx.xx.2017-ci il tarixdən hesablanmalı idi. Çünki iddiaçının məhkəmədə iddia qaldırdığı müddətə qədər sonuncu ödənişi xx.xx.2017-ci il tarixə təsadüf edir. Bu isə iddiaçının yaranmış borcu etiraf etməsini və həmin borcdan məlumatlı olmasını göstərir. Hazırkı iş üzrə iddia müddəti tətbiq edilməməlidir. AR MM-in 551.1-ci maddəsində qeyd olunur ki, bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər 10 il keçdikdən sonra qüvvəsini itirir. Lakin məhkəmə həmin Məcəllənin 553.1.1-ci maddəsinin tələblərini, həmçinin həmin borcun 2439,48 manat hissəsinin xx.xx.2015-xx.xx.2019-cu ii tarixlərdə yarandığını nəzərə almamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X9 apelyasiya şikayətinin təmin edilməsini, iddia tələbinin 2.439,48 manat borcun tutulması hissəsində təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi X4 apelyasiya şikayətinə etiraz edərək, apelyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən, mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi hazırkı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərarında göstərmişdir ki, iddiaçıya elektrik enerjisindən istifadəyə görə hesablanmış borcun bir hissəsi üzrə qanunla müəyyən edilmiş tələbetmə müddətləri keçmişdir, ona görə apelyasiya instansiya məhkəməsinin bu borc hissəsinin iddiaçının tələbi ilə silinməsi haqqında qənaəti düzgün olmuşdur. Lakin borcun qalan 2.439,48 manat hissəsi üzrə apelyasiya instansiya məhkəməsinin qərarı düzgün olmamışdır. Ali Məhkəmə xx xxxxxx 2020-ci il tarixli qərarı ilə Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsini 2439,48 manat hissədə ləğv edərək, işi həmin hissədə yeni apelyasiya baxışına qaytarmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qeyd edilən hissədə müzakirə edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi 2439,48 manat borcun silinməsi hissəsində düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır... Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enejisindən istifadə Qaydaları”nın 8.34-cü bəndinə əsasən, enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin hesablaşma elektrik sayğacına baxış keçirmək və göstərişini yazmaq üçün elektrik sayğacı quraşdırılmış yerə maneəsiz buraxılmalıdırlar. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin tələbi ilə xidməti vəsiqəni təqdim etməyə borcludurlar. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərində hesablaşma elektrik sayğacına baxış keçirərkən, xidməti vəsiqə ilə yanaşı baxışın keçirilməsi haqqında qərarın surətini və baxışın Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidirlər. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 10.17-ci bəndinə əsasən, enerjitəchizatı müəssisəsi sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyən edilmiş göstəricilərin və rejimlərin yerinə yetirilməsinə, satın alınmış elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin “Dövlət Enerjinəzarət” İdarəsinin səlahiyyətli nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə cavabdehlik daşıyır. Qaydaların 8.4-cü bəndinə əsasən, enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Qaydalara görə elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur (8.2); Qaydalaların 9.13, 9.13.1, 9.13.2-ci bəndlərinə əsasən, enerji təchizatı müəssisəsi istehlakçıya elektrik enerjisinin verilməsini aşağıdakı hallarda dayandıra bilər: istehlakçının müvafiq yazılı müraciəti (elektrik enerjisinin verilməsinin dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; enerji təchizatı müəssisəsinin istehlakçıya verdiyi elektrik enerjisinin sayğacla müəyyənləşən hesabı istehlakçıya enerji təchizatı müəssisəsi tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam məbləğdə ödənilmədikdə. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 3 saylı X7 xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, İddiaçı xx.xx.2007-ci il tarixində vergi ödəyicisi kimi uçota alınmışdır. Ona məxsus Xaçmaz rayonu, Şimali qəsəbəsində “Tropikanka” İstirahət Mərkəzi adlı təsərrüfat subyektinin (obyektin) vergi uçotuna alınmadığı müəyyən edilmişdir. İddiaçı tərəfindən Xaçmaz rayonu, Şimali qəsəbəsində sahibkarlıq fəaliyyəti göstərilməsi müəyyən edilməmişdir. İş materiallarında olan **********000038 saylı kod üzrə abunə haqqında arayışın surətindən görünür ki, xx.xx.2015-xx.xx.2020-ci il tarixə abonentə sayğac oxunması üzrə 2873,38 manat borc hesablanmış, 220 manat ödəniş edilmişdir. İşin müəyyən edilmiş hallardan məlum olur ki, iddiaçının xx.xx.2019-cu il tarixə elektrik enerjisindən istifadəyə görə yaranmış 2.439,48 manat borcu xx.xx.2015-ci ildən xx.xx.2019-cu il tarixədək olan müddətdə elektrik sayğacının göstəriciləri əsasında hesablanmışdır (1.480,54 manat hissəsi obyektə xx.xx.2015-ci il tarixdə quraşdırılmış 111328M nömrəli, 958,94 manat hissəsi isə xx.xx.2017-ci il tarixdə quraşdırılmış 185M812846 nömrəli sayğacla). İddiaçı həmin borcdan xx.xx.2017-ci il tarixdə 140 manat, xx.xx.2017-ci il tarixdə isə 80 manat, cəmi 220 manat ödəniş etmişdir. Birinci instansiya məhkəməsi tələbin 2438,48 manat hissəsi ilə bağlı qeyd etmişdir ki, cavabdeh tərəf həmin borcun hansı əsasla, yəni məhz elektrik enerjisi sayğacının göstəricilərinə uyğun olaraq hesablandığını sübuta yetirə bilməmişdir. Halbuki, iş materiallarında olan abunə haqqında arayışlarından müəyyən olunur ki, 2438,48 manat borc sayğac göstəricilərinə əsasən hesablanmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında elektrik enerjisindən istifadə edilməsinə görə öhdəlik münasibətləri yaranmışdır. İddiaçı cavabdehin onu təmin etdiyi elektrik enerjisindən istifadəyə görə müəyyənləşdirilən pul məbləğini ödəmək öhdəliyi daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə “Elektrik Enerjisindən istifadə Qaydaları”-nın 9.10-cu bəndinə görə istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının silinməsini xahiş etdiyi borc məbləğindən 2439,48 manat məbləğində borcu xx.xx.2015-ci ildən xx.xx.2019-cu il tarixədək olan dövrü əhatə etdiyindən, həmin borc sayğac göstəriciləri əsasında hesablandığından və borc ödənilmədiyindən iddia tələbi 2439,48 manat borcun silinməsi hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 384.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh “xxxx” ASC-nin apelyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-2(085)-27/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qətnaməsi qismən - 2439,48 manat borcun silinməsi hissəsində ləğv edilməli və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi 2439,48 manat borcun silinməsi hissəsində təmin edilməməlidir. Qeyd edilənləri və Azərbaycan Respublikası MPM-in 384.0, 384.0.2, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh “xxxx” ASC-nin apelyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-2(085)-27/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qətnaməsi qismən - 2439,48 manat borcun silinməsi hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi 2439,48 manat borcun silinməsi hissəsində təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fuad Məmmədov Hakimlər Fərmayıl Zeynallı Səyyad Qafari

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar