Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-73/2024 06.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kommersiya işi üzrə (Açar sözlər: borcun tutulması) X5 Süleymanovanın sədrliyi və məruzəsi, X1 və İlqar Kamal oğlu Dəmirovdan ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbi barədə kommersiya mübahisəsi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 09 aprel 2024-cü il tarixli, e-2-2(119)-484/2024 nömrəli qətnaməsindən cavabdeh Əlı̇ yeva Maral Mı̇ rzə qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti sadələşdirilmiş icraat qaydasında cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 27 yanvar 2022-ci il tarixli Kredit müqaviləsi üzrə 3356,09 manat əsas borc, 243,38 manat faiz borcu və 26,34 manat cərimə borcu olmaqla, cəmi 3625,81 manat məbləğində borcun və ödənilmiş 56,26 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
2. Sumqayıt Kommersiya Məhkəməsi İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, Mülki-Prossesual Qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehlərə göndərilmişdir.
3. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.
4. İddiaçının məhkəməyə təqdim etdiyi 05 mart 2024-cü il tarixli iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, kreditor İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan borcalan Cavabdeh2 (VÖEN **********) arasında bağlanmış 21 yanvar 2022-ci il tarixli 4-MZ-1-0- 2115-21 nömrəli Kredit Limitinin ayrılmasına dair Müqaviləyə əsasən kreditor İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən borcalan Cavabdeh2 120 ay müddətinə 100000 (yüz min) manat məbləğində kredit limiti ayrılmışdır.
5. İddiaçı Açıq Səhmdar Cəmiyyəti – “Borc verən” və Cavabdeh2 – “Borc alan” olmaqla bağlanmış 27 yanvar 2022-ci il tarixli 4- MZ-1-0-2115-21/2 nömrəli Kredit Razılaşmasına əsasən biznes məqsədilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan borcalan Cavabdeh2 (VÖEN **********) 30 ay müddətinə aylıq 23 % dərəcəsi ilə 7500 (yeddi min beş yüz) manat məbləğində kredit verilmişdir (Həmin Razılaşmaya 1 saylı Əlavədə göstərilmişdir ki, ödənişin vaxtında aparılmamasına görə ödənilməyən məbləğə gündəlik 0,2 % cərimə hesablanaraq tutulacaqdır).
6. Borcalan Cavabdeh2 Banka olan borcunu müvafiq Ödəniş Cədvəlinə əsasən müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və həmin Ödəniş Cədvəlini borcalan Cavabdeh2 imzası ilə təsdiq etmişdir.
7. 22 aprel 2021-ci il tarixli 4-MZ-1-0-2115-21 nömrəli Zaminlik müqaviləsindən görünür ki, İddiaçı ASC – “Borc verən” və müvafiq olaraq Cavabdeh1 – isə “Zamin” olmaqla bağlanmış həmin Müqaviləyə əsasən, həmin Zamin borc alan Cavabdeh2 21 yanvar 2022-ci il tarixli 4-MZ-1-0-2115-21 nömrəli Kredit limitinin ayrılmasına dair Müqavilə üzrə Bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməsinə görə Borcalanla birgə məsuliyyəti üzərinə götürmüşdür.
8. 26 yanvar 2024-cü il tarixli Maliyyə Arayışından görünür ki, borcalan Cavabdeh2 27 yanvar 2022-ci il tarixli 4-MZ-1-0-2115-21/2 nömrəli Kredit müqaviləsi üzrə 26 yanvar 2024-cü il tarixə borcverən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 3356,09 manat məbləğində əsas borc, 243,38 manat faiz borcu və 52,67 manat məbləğində cərimə olmaqla, cəmi 3652,14 (üç min altı yüz əlli iki manat 14 qəpik) manat məbləğində borcu vardır. İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
9. Sumqayıt Kommersiya Məhkəməsinin 09 aprel 2024-cü il tarixli, e-2-2(119)- 484/2024 nömrəli qətnaməsi ilə (hakim Zülfüqar Sadiqov) iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh2 (VÖEN **********) və Cavabdeh1 27 yanvar 2022-ci il tarixli kredit müqaviləsi üzrə müştərək qaydada 3356,09 (üç min üç yüz əlli altı manat 09 qəpik) manat əsas borc, 243,38 (iki yüz qırx üç manat 38 qəpik) manat faiz borcu, 26,34 (iyirmi altı manat 34 qəpik) manat cərimə və 56,26 (əlli altı manat 26 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 3682,07 (üç min altı yüz səksən iki manat 07 qəpik) manat məbləğində pul vəsaitinin İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 739.2, 470.1, 472.1, 425.1, 427.3, 430.1, 442, 443.1, 445.1, 448, 462.1 və 465.2-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 119.1, 216-220, 222, 227, 233, 284-1 – 284-6, 358, 360 və 362-ci maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyanın 20 may 2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayətinə şifahi icraat qaydasında məhkəmə iclasında baxılması qərara alınmışdır.
Apellyasiya şikayəti və onun dəlilləri
12. Cavabdeh Əlı̇ yeva Maral Mı̇ rzə qızı apellyasiya şikayəti verərək Sumqayıt Kommersiya Məhkəməsinin 09 aprel 2024-cü il tarixli, e-2-2(119)-484/2024 nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, maddi hüquq norması kimi məhkəmə AR Mülki Məcəlləsinin normalarına istinad etmiş və belə bir qənaətə gəlmişdir ki, krediti götürəndən sonra kreditor və o, zamin olaraq bank qarşısında öhdəliyi tam olaraq yerinə yetirməmiş, kredit müqaviləsi şərtlərini pozmuş, ona görə də həm əsas borc, həm də faiz borcu yaranmışdır. Məhkəmə qarşı tərəfin təqdim etdiyi maliyyə arayışına istinad etməklə göstərmişdir ki, guya qeyd olunan kredit müqaviləsi üzrə əsas borc 3356,09 manatdır. Halbuki, həmin kredit müqaviləsi üzrə banka bu müddət ərzində böyük məbləğdə ödənişlər edilmiş və qarşı tərəf banka müraciət edən zaman cəmi borc 1300 manat təşkil etmişdir. Bundan başqa məhkəmə qətnaməsindən sonra da xx.xx.2024-cü il tarixdə 980 manat ödəniş edilmişdir. Lakin onların iştirakı olmadan işə baxan məhkəmə bankdan ödənişlərlə bağlı son çıxarışı tələb etməmiş və araşdırma aparmamış, iddiaçının xeyrinə faktiki borclu olan vəsaitdən 3 dəfə artıq məbləğdə vəsaitin tutulmasına qərar vermişdir. Məhkəmə işə onun iştirakı olmadan baxmış və o, məhkəmə bildirişlərini almamış və bu da məhkəmə tərəfindən yol verilmiş pozuntu kimi qiymətləndirilməlidir. Tərəflərindən aparılan ödəmələrə baxmayaraq, əsas və faiz borcunun hansı səbəbdən yüksək olmasına aydınlıq gətirməmiş, iş üzrə mühasibatlıq ekspertizası təyin etməmişdir. Bu da onun əlavə borc yükü ilə yüklənməsinə səbəb olmuşdur.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
15. Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.
16. İddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq, üzrlü səbəbdən məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi, apellyasiya şikayətinin təmin olunmaması və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
17. İş üzrə Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.
Apellyasiya baxışının hədləri
18. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi Cavabdeh1 verdiyi apellyasiya şikayətində Sumqayıt Kommersiya Məhkəməsinin 09 aprel 2024-cü il tarixli, e-2-2(119)-484/2024 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.
20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, yeni qətnamə qəbul edilməli və iddia rədd edilməlidir.
22. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, kreditor İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan borcalan Cavabdeh2 (VÖEN **********) arasında bağlanmış 21 yanvar 2022-ci il tarixli 4- MZ-1-0-2115-21 nömrəli Kredit Limitinin ayrılmasına dair Müqaviləyə əsasən kreditor İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən borcalan Cavabdeh2 120 ay müddətinə 100000 (yüz min) manat məbləğində kredit limiti ayrılmışdır. Hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan borcalan Cavabdeh2 (VÖEN **********) 27 yanvar 2022-ci il tarixli 4-MZ-1-0-2115-21/2 nömrəli Kredit Razılaşmasını bağlayarkən götürdüyü öhdəlikləri pozmuş və onları lazımınca icra etməyərək borcverən "xxxx" ASC-yə ödənilməli olan əsas borcu müvafiq qaydada ödəməmiş və bununla da, iddiaçıdan aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişdir. Borcalan Cavabdeh2 kredit müqaviləsi üzrə öhdəliklərini müvafiq qaydada yerinə yetirmədiyindən, zamin Cavabdeh1 da borcverən Bank qarşısında öhdəlikləri yaranmışdır.
23. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh2 (VÖEN **********) və Cavabdeh1 27 yanvar 2022-ci il tarixli kredit müqaviləsi üzrə müştərək qaydada 3356,09 (üç min üç yüz əlli altı manat 09 qəpik) manat əsas borc, 243,38 (iki yüz qırx üç manat 38 qəpik) manat faiz borcu, 26,34 (iyirmi altı manat 34 qəpik) manat cərimə və 56,26 (əlli altı manat 26 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 3682,07 (üç min altı yüz səksən iki manat 07 qəpik) manat məbləğində pul vəsaitinin İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir.
24. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, 27 yanvar 2022-ci il tarixli 4- MZ-1- 0-2115-21/2 nömrəli Kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 3356,09 manat məbləğində əsas borcun, 243,38 manat məbləğində faiz borcunun və 26,34 manat məbləğində cərimənin tutulması barədə iddia tələbi əsaslıdır.
25. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan cavabdeh Əlı̇ yeva Maral Mı̇ rzə qızı araşdırılan apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir.
26. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh2 tərəfindən borc məbləği İddiaçı ASC-nə ödənilmişdir, kreditor qarşısında heç bir öhdəliyi qalmamışdır.
27. İddiaçı ASC tərəfindən təqdim edilmiş ərizədən görünür ki, xx/xx/2022-ci il tarixli, 4-MZ-1-0-2115-21/2 saylı Kredit Müqaviləsinə əsasən Cavabdeh2 7500 AZN məbləğində kredit verilmişdir. Hal-hazırda (xx/xx/2024-cü il tarixinə) 4-MZ-1-0-2115-21/2 saylı Kredit Müqaviləsi üzə Cavabdeh2 İddiaçı ASC (əvvəlki adı "xxxx" İKB ASC) qarşısında heç bir öhdəliyi mövcud deyil.
28. Kollegiya eləcə də vurğulamağı zəruri hesab edir ki, bu fakt iş üzrə birinci instansiya məhkəməsi qətnamə qəbul etdikdən sonra yaranmışdır. Məhkəmə bu fakt, yəni ödəliyin borclular tərəfindən tam icra edilməsi qətnamə qəbul edərkən mövcud olmadığı üçün nəzərə ala bilməzdi. Həmin fakt hazırki icraat zamanı aşkar edilmişdir.
29. Qeyd olunmalıdır ki, artıq öhdəliyin icra edilməsi, araşdıran tələbin əhəmiyyətini itirməsinə səbəb olmuşdur.
30. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi işə baxan zaman maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməsə də, qətnamə qəbul edildikdən sonra meydana çıxan hal – öhdəliyin icra edilməsi işin həllinə təsir edən və ərizənin təmin olunmasını istisna edən hal kimi qiymətləndirilməlidir.
31. Kollegiyanın qənaətincə qanunvericiliyin tələbinə görə məhkəmənin qətnaməsi o halda əsaslı sayılır ki, məhkəmənin iş üzrə gəldiyi nəticə işin faktiki hallarna uyğun gəlir.
32. Qeyd olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya olan borc ödənildiyindən, icra edilməmiş borc öhdəliyi qalmadığından apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Kommersiya Məhkəməsinin 09 aprel 2024-cü il tarixli, e-2-2(119)-484/2024 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia rədd edilməlidir.
33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 378- 382, 384.0.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh Əlı̇ yeva Maral Mı̇ rzə qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Kommersiya Məhkəməsinin 09 aprel 2024-cü il tarixli, e-2-2(119)-484/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair iddiası təmin olunmasın. Qətnamə dərhal qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.