Məhkəmə qərarları › İş №2-2(105)-74/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-74/2025

18.06.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-74/2025 18.06.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası – hakimlər X1 (sədrlik edən və məruzəçi), Hacıyev Vahid Məcid oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Sumqayıt Kommersiya Məhkəməsinin iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması haqqında xx.xx.2025-ci il tarixli, e-2-2(119)-771/2025 nömrəli qərardadından şikayətin verilməsi üçün buraxılmış müddətin bərpasından imtina barədə həmin Məhkəmənin xx.xx.2025-ci il tarixli e-2-2(119)-771/2025 nömrəli qərardadından iddiaçının vəkili-nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayətə iş materialları ilə birlikdə yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(119)-771/2025 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “sənədlərin təqdim edilməsi tələbinə dair” iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmışdır (hakim Həlimə Alıyeva). İddiaçı vəkili-nümayəndəsi Vəkil 30 aprel 2025-ci il tarixdə həmin qərardaddan şikayət verilməsi müddətinin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmənin xx.xx.2025-ci il tarixli e-2-2(119)-771/2025 nömrəli qərardadından şikayətin verilməsi üçün ötürülmüş müddətin bərpa edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025ci il tarixli e-2-2(119)-771/2025 nömrəli qərardadından 28 aprel 2025-ci il tarixdə şikayət verməyə cəhd etsə də, “Elektron məhkəmə” informasiya sistemində mövcud olan problemə görə şikayəti vaxtında göndərə bilməmişdir. Dəfələrlə təkrar cəhd etdikdən sonra, 17 dəqiqə gecikmə ilə şikayət göndərilmişdir. Ona görə də şikayətin verilmə müddətinin ötürülmə səbəbinin üzrlü sayılaraq bərpa olunmasını və xx.xx.2025-ci il tarixli qərardaddan verilmiş şikayətin baxılmaq üçün icraata qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(119)-771/2025 nömrəli qərardadı ilə İddiaçı vəkili-nümayəndəsi Vəkil Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(119)-771/2025 nömrəli qərardadından şikayət verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi haqqında ərizəsi təmin edilməmişdir (hakim Həlimə Alıyeva). İddiaçı 25 may 2025-ci il tarixdə Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(119)-771/2025 nömrəli qərardadından şikayət verərək həmin qərardadın ləğv edilməsi, xx.xx.2025-ci il tarixli e-2-2(119)-771/2025 nömrəli qərardaddan şikayət verilməsi üçün ötürülmüş müddətin ötürülmə səbəbinin üzrlü hesab olunması və xx.xx.2025-ci il tarixli e-2-2(119)-771/2025 nömrəli qərardaddan verilmiş şikayətə mahiyyəti üzrə baxılması üçün sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(119)-771/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və həmin şikayət baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçı vəkili-nümayəndəsi Vəkil Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(119)-771/2025 nömrəli qərardadından şikayəti Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılmağa qəbul edilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları üzrə tədqiq edib bu nəticəyə gəlir ki, şikayət təmin edilməməli və iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin ötürülmüş şikayət müddətinin bərpasından imtina haqqında xx.xx.2025-ci il tarixli, e-2- 2(119)-771/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(119)-771/2025 nömrəli qərardadının tam mətni həmin gün (18 aprel 2025-ci il tarixdə) İddiaçı və onun vəkili-nümayəndəsi Vəkil “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetində yerləşdirilmişdir. İddiaçı vəkilinümayəndəsi Vəkil həmin qərardaddan 29 aprel 2025-ci il tarixdə şikayət və 30 aprel 2025-ci il tarixdə həmin şikayətin verilməsi üçün buraxılmış prosessual müddətin buraxılma səbəbinin üzrlü hesab edilərək bərpa olunması barədə ərizə vermişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun 28.2-ci maddəsinə əsasən tərəflər arasında müqavilədə başqa hallar müəyyən edilməmişdirsə, elektron sənədin alanın göstərdiyi informasiya sisteminə daxil olduğu an elektron sənədin alınma vaxtı (tarix və vaxt) hesab edilir. Mülki-Prosessual Məcəllənin 268.1-ci maddəsinə əsasən, qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilə bilər. Həmin Məcəllənin 129.1-ci maddəsinə əsasən, illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Göründüyü kimi, Sumqayıt Kommersiya Məhkəməsinin 18 aprel 2025-ci il tarixli e- 22(119)-771/2025 nömrəli qərardadının İddiaçı və onun vəkili-nümayəndəsi Vəkil “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində 18 aprel 2025-ci il tarixdə yerləşdirilməsi ilə əlaqədar növbəti gündən başlayaraq onların həmin qərardaddan 10 gün müddətində şikayət vermək hüquqları olmuş, şikayət müddəti 28 aprel 2025-ci il tarixdə saat 24:00-da bitmiş, 29 aprel 2025-ci il tarixə keçən gün, yəni şikayət müddəti bitəndən sonra vəkil-nümayəndə Vəkil tərəfindən “Elektron məhkəmə” informasiya sistemində qərardaddan şikayət yerləşdirilmişdir. Beləliklə də, xx.xx.2025-ci il tarixli e-2- 2(119)-771/2025 nömrəli qərardaddan şikayətin verilməsi üçün nəzərdə tutulan prosessual müddət şikayətin məhkəməyə verilmiş olduğu 29 aprel 2025-ci il tarixdə artıq ötürülmüş olmuşdur. Mülki-Prosessual Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinin tələbinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab etdiyi halda, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Göründüyü kimi, qanunla müəyyən edilmiş prosesual müddət, işdə iştirak edən şəxsin ərizəsi əsasında hər bir halda deyil, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə bərpa edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X2 şikayəti ilə əlaqədar” xx.xx.2008-ci il tarixli Qərarında qeyd olunur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin irədəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Avropа İnsаn Hüquqları Məhkəməsi “Miraqаll Eskolаno və digərləri İspаniyаyа qаrşı” iş üzrə 25 yаnvаr 2000-ci il tаrixli Qərаrındа qeyd etmişdir ki, аtılmаlı olаn formаl аddımlаrı və şikаyətlərin verilməsi üçün riаyət edilməli olаn müddət məhdudiyyətlərini tənzimləyən normalаr ədаlət mühаkiməsinin lаzımi qаydаdа həyаtа keçirilməsinin və xüsusilə, hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini dаşıyır. Məhkəmə mübаhisəsi üzrə tərəflər bu qаydаlаrın tətbiqinin məcburiliyini nəzərə аlmаlıdırlаr. Hazırkı məhkəmə araşdırması zamanı qərardaddan şikayətin verilməsi müddətinin iddiaçının vəkili-nümayəndəsi Vəkil tərəfindən üzrlü sayıla bilən səbəbdən buraxıldığı müəyyən edilməmişdir. Vəkil-nümayəndə Vəkil şikayət müddətinin bitməsinə 1 saat qalmış şikayət hazırlamağa başlaması və müddət bitənədək şikayətin elektron sistemdə yerləşdirilməsini çatdıra bilməməsi onun öz işini düzgün planlaşdırmamasının nəticəsi kimi təzahür edir və qeyd olunan hal prosessual müddətin ötürülməsinin üzrlü səbəbi qismində qəbul edilə bilməz. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçı tərəfin qərardaddan şikayət vermə müddətini ötürməsi və bunun üzrlü səbəbdən baş verməməsi, həmçinin buraxılmış prosessual müddətin bərpasına əsas olmaması barədə düzgün nəticəyə gəlmişdir. İddiaçının vəkili-nümayəndəsi Vəkil müddətin bərpasından imtina barədə qərardaddan verdiyi şikayətin dəlilləri qəbulolunmazdır. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Sumqayıt Kommersiya Məhkəməsinin ötürülmüş şikayət müddətinin bərpasından imtina haqqında xx.xx.2025-ci il tarixli, e-2-2(119)-771/2025 nömrəli qərardadı qanuni və əsaslıdır, qərardaddan verilmiş şikayətin dəlilləri həmin qərardadın ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas vermir. Odur ki, şikayət təmin edilməməli və Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(119)-771/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadından şikayətə baxdıqda qərardadı dəyişdirilmədən saxlayıb şikayəti təmin etməmək barədə qərardad qəbul edə bilər. Həmin Məcəllənin 400 və 402-ci maddələrinə müvafiq olaraq, birinci instansiya məhkəməsinin prosessual müddətin bərpası və ya bundan imtina haqqında qərardadından şikayətə baxılması əsasında apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilən qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır və apellyasiya məhkəməsinin həmin qərardadı çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 10- 1, 130, 133, 268, 395-400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qəraraaldı: İddiaçı vəkili-nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin iş üzrə xx.xx.2025-ci il tarixli, e-2-2(119)- 771/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Hazırkı qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar