Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-75/2025 09.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və Ağayev Rəşadət Əhməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 08 aprel 2025-ci il tarixli, e-2-2(119)-99/2025 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 30 dekabr 2022-ci il tarixli kredit müqaviləsi üzrə 14030,17 (on dörd min otuz manat, on yeddi qəpik) manat məbləğində əsas borc, 1054,22 (min əlli dörd manat, iyirmi iki qəpik) manat məbləğində faiz borcu, 101,97 (yüz bir manat, doxsan yeddi qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 15186,36 (on beş min yüz səksən altı manat, otuz altı qəpik) manat məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 135,56 (yüz otuz beş manat, əlli altı qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 30 dekabr 2022-ci il tarixli kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən Cavabdeh1 İddiaçı ASC-dən 120 ay müddətinə 100000 manat məbləğində kredit limiti ayrılmışdır. 30 dekabr 2022-ci il tarixli kreditin verilməsinə dair razılaşmaya əsasən Cavabdeh1 İddiaçı ASC-dən illik 21%-lə 24 ay müddətinə 30000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə 30 dekabr 2022-ci il tarixli zaminlik müqavilələri bağlanmışdır. Lakin cavabdeh (borclu) Cavabdeh1 müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini lazımınca icra etməmişdir. 30 iyul 2024-cü il tarixədək Cavabdeh1 30 dekabr 2022-ci il tarixli kredit müqaviləsi üzrə banka 14030,17 manat məbləğində əsas, 1054,22 manat məbləğində faiz, 407,89 manat məbləğində cərimə olmaqla, ümumilikdə 15492,28 manat məbləğində borcu vardır. Həmin kredit müqaviləsi üzrə 407,89 manat məbləğində cərimə hesablanmasına baxmayaraq həmin məbləğin 25 %-i miqdarında olmaqla, yəni 101,97 manat məbləğində tələb edilməkdədir. Cavabdehlərlə mübahisənin pretenziya qaydasında həllinə cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Sumqayıt Kommersiya Məhkəməsinin 08 aprel 2025-ci il tarixli, e-2-2(119)-99/2025 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdеhlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 14030,17 (on dörd min otuz manat, on yeddi qəpik) manat məbləğində əsas bоrc, 1054,22 (min əlli dörd manat, iyirmi iki qəpik) manat məbləğində faiz borcu, 101,97 (yüz bir manat, doxsan yeddi qəpik) manat məbləğində cərimə və 135,56 (yüz otuz beş manat, əlli altı qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 15321,92 (on beş min üç yüz iyirmi bir manat, doxsan iki qəpik) manat məbləğində pul vəsaitinin İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir (hakim Fərman Həmidli). Sumqayıt Kommersiya Məhkəməsinin 08 aprel 2025-ci il tarixli, e-2-2(119)-99/2025 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılması xahiş edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh1 apellyasiya şikayətini Mülki Məcəllənin 385,425,427,443-cü maddələrinə istinad edərək onunla əsaslandırmışdır ki, o, krediti götürdükdən sonra qrafik üzrə ödənişləri lazımi qaydada həyata keçirmiş,lakin ailədə baş vermiş hadisə ilə bağlı ödəmələri tam olaraq həyata keçirə bilməmişdir. Belə ki, onun həyat yoldaşı 2023-cü ilin oktyabr ayında insult keçirmiş, əmək qabiliyyətini itirmiş və o, bu barədə bank rəhbərliyinə məlumat vermiş, xahiş etmişdir ki, qalan borc üzrə yeni qrafik tərtib olunsun, aylıq ödənişlər azaldılmaqla borcun ödənilməsinə şərait yaratsın. Lakin iddiaçı bank bir ildən sonra yeni cədvəl tərtib olunacağını və ona ödənişlərin aparılmasına imkan yaradılacağını bildirmiş, bir ildən sonra isə onun hər ay etdiyi müraciətlərə baxmayaraq heç bir köməklik olmamışdır. O da xx.xx.2025-ci ildə sonuncu olaraq 2000 manat vəsait ödəmiş, iddiaçı qalan borcun qaytarılmasına şərait yaratmaq əvəzinə məhkəməyə hazırki iddia ilə müraciət etmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 elektron kabinet vasitəsilə ərizə ünvanlayaraq iş həcminin çoxluğunu nəzərə alaraq, məhkəmə baxış iclasının iştirakları olmadan keçirələrək Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi və Sumqayıt Kommersiya Məhkəməsinin 08 aprel 2025-ci il tarixli, e-2-2(119)-99/2025 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə a dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 30 dekabr 2022-ci il tarixli 4-MCR-1-1510-22 nömrəli kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən həmin cavabdehə 120 ay müddətinə 100000 manat məbləğində kredit limiti ayrılmışdır. İş materiallarında olan 30 dekabr 2022-ci il tarixli 4-MCR-1-1510-22/1 nömrəli kredit verilməsinə dair razılaşmaya əsasən bank tərəfindən Cavabdeh1 aylıq 1,75 % dərəcəsi ilə 24 ay müddətinə 30000 manat məbləğində kredit verilmişdir. Həmin müqavilənin “Kredit barədə məlumat” bölməsinin 7-ci bəndində cərimə məbləğinin gündəlik 0,2 faiz olduğu qeyd edilmişdir. İş materiallarındakı həmin kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, Cavabdeh1 banka olan borcunun həmin ödəniş cədvəlinə uyğun olaraq son ödəniş tarixi 30 dekabr 2024-cü il olmaqla müvafiq aylar üzrə müəyyən edilmiş vaxtlarda və məbləğlərdə ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. İş materiallarında olan iddiaçı (kreditor) İddiaçı ASC ilə cavabdeh (zamin) Cavabdeh2 arasında bağlanmış 30 dekbar 2022-ci il tariхli Z/21374/22 nömrəli zaminlik müqaviləsinin 4.1-ci bəndinə əsasən, zaminliklə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zamin və ya zaminlər və borcalanla kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin zaminlik müqaviləsinin 4.2-ci bəndinə əsasən, kreditin məbləği, ondan istifadəyə görə hesablanan faizlər,dəbbə pulu (cərimə və peniya), borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. İş materiallarında olan 30 iyul 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 iddiaçıya 14030,17 manat məbləğində əsas borcu, 1054,22 manat məbləğində faiz borcu vardır və 407,89 manat məbləğində cərimə hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən məhkəməyə təqdim edilmiş 28 yanvar 2025-ci il tarixli 9/9625 nömrəli məhkəmə-mühasibatlıq ekspertizasına dair ekspert rəyinin nəticə hissəsində göstərilir ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan ödənişləri özündə əks etdirən çıxarış məlumatları, tərəflər arasında bağlanmış 30 dekabr 2022-ci il tarixli 4-MCR-1-1510-22 nömrəli kredit limitinin ayrılmasına dair müqavilə və həmin müqaviləyə dair eyni tarixli 4-MCR-1-1510-22/1 nömrəli kredit razılaşmasına əsasən Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2024- cü il tarixə olan borcu: əsas borc üzrə 14181,05 manat, faiz borcu üzrə 1447,65 manat, xx.xx.2024-cü il tarixə olan borcu: əsas borc üzrə 14181,05 manat, faiz borcu üzrə 225,03 manat məbləğində müəyyən edilmişdir. İş materiallarına Cavabdeh1 tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci tarixədək olan dövrü əhatə edən, iddiaçı tərəfindən isə xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci tarixədək olan dövrü əhatə edən hesabdan çıxarış sənədləri əlavə edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı və Cavabdeh1 arasında bağlanmış 30 dekabr 2022-ci il tarixli 4-MCR-1-1510-22/1 nömrəli kredit verilməsinə dair razılaşma üzrə tutulmalı olan əsas və faiz borcunun məbləği müəyyən edilərkən 28 yanvar 2025-ci il tarixli 9/9625 nömrəli ekspert rəyinə əsasən deyil, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinin tələbləri (hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır) nəzərə alınmaqla, iddiaçı tərəfindən verilmiş iddia tələbinə uyğun olaraq müəyyən edilməlidir. Belə ki, 28 yanvar 2025-ci il tarixli 9/9625 nömrəli ekspert rəyində iddiaçı və Cavabdeh1 arasında bağlanmış 30 dekabr 2022-ci il tarixli kredit verilməsinə dair razılaşma üzrə 30 iyul 2024-cü il tarixə 14181,05 manat məbləğində əsas, 1447,65 manat məbləğində faiz borcu, 04 noyabr 2024-cü il tarixə 14181,05 manat məbləğində əsas, 2225,03 manat məbləğində faiz borcu olması müəyyən edilmiş olsa da, iddia tələbində iddiaçı tərəfindən 14030,17 manat məbləğində əsas, 1054,22 manat məbləğində faiz borcunun tutulması xahiş edilir. Ona görə də Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinin tələblərinə uyğun olaraq kredit razılaşması üzrə cavabdehlərdən müştərək qaydada iddia tələbində göstərilən məbləğdə, yəni 14030,17 manat məbləğində əsas borc və 1054,22 manat məbləğində faiz borcu tutulmalıdır. Birinci instansiya məhkəməsi əsas borcla bağlı qeyd etmişdir ki, tərəflər arasında bağlanmış 30 dekabr 2022-ci il tarixli 4-MCR-1- 1510-22/1 nömrəli kredit verilməsinə dair razılaşmaya 1 saylı Əlavə olan Ödəniş cədvəlinə əsasən, müqavilə üzrə son ödəniş tarixinin 30 dekabr 2024-cü il olması, qaytarılacaq əsas borcun 30000 (kredit məbləği) manat, faiz borcunun isə 7080,77 manat məbləğində olması tərəflər arasında razılaşdırılmışdır. Cavabdeh1 özü tərəfindən təqdim edilmiş 30 dekabr 2022-ci il tarixdən 04 mart 2025-ci tarixədək olan dövrü əhatə edən hesabdan çıxarışa əsasən onun götürülmüş kredit üzrə etdiyi ödənişlərin əsas borca silinən məbləğlər, ödənişlərin tarixi və onların cəm məbləği aşağıdakı kimidir: 016,57 manat (xx.xx.2023) + 1034,36 manat (xx.xx.2023) + 512,25 manat (xx.xx.2023) + 540,21 manat (xx.xx.2023) + 1070,88 manat (xx.xx.2023) + 89,62 manat (xx.xx.2023) + 1000 manat (xx.xx.2023) + 1108,69 manat (xx.xx.2023) + 1128,09 manat (xx.xx.2023) + 1147,83 manat (xx.xx.2023) + 1167,92 manat (xx.xx.2023) + 1188,36 manat (xx.xx.2023) + 609,15 mamat (xx.xx.2023) + 600 manat (xx.xx.2023) + 730,24 manat (xx.xx.2024) + 0,07 manat (xx.xx.2024) + 100 manat (xx.xx.2024) + 400 manat (xx.xx.2024) + 594 manat (xx.xx.2024) + 247,55 manat (xx.xx.2024) + 396 manat (xx.xx.2024) + 14,29 manat (xx.xx.2024) + 1273,75 manat (xx.xx.2024) = 15969,83 manat. Verilmiş kreditin, yəni əsas borcun məbləği olan 30000 manatla əsas borca silinən məbləğlərin cəmi olan 15969,83 manatın fərqini tapdıqda isə, iddia ərizəsində tutulması xahiş edilən əsas borc məbləği olan 14030,17 manat əldə edilir (30000 manat - 15969,83 manat = 14030,17 manat). Birinci instansiya məhkəməsi faiz borcu ilə bağlı qeyd etmişdir ki, iş materiallarında olan 30 iyul 2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı cavabdehlərə kredit müqaviləsi ilə bağlı öhdəliyin pozulduğunu, borcun bu məktubu aldıqları vaxtdan 5 gün müddətində ödənilməsini, əks halda borcun məhkəmə qaydasında tələb ediləcəyini bildirmişdir. Tərəflər arasında bağlanmış 30 dekabr 2022-ci il tarixli 4-MCR-1-1510-22/1 nömrəli kredit verilməsinə dair razılaşmaya 1 saylı Əlavə olan Ödəniş cədvəlinə əsasən, Cavabdeh1 05 fevral 2023-cü il tarixdən yuxarıda qeyd edilən xəbərdarlıq məktubunun (30 iyul 2024) göndərildiyi 2024-cü ilin iyul ayı daxil olmaqla həmin ayadək ödəməli olduğu faiz məbləğlərinin cəmi 6544,09 manatdır. Cavabdeh1 özü tərəfindən təqdim edilmiş 30 dekabr 2022-ci il tarixdən 04 mart 2025-ci tarixədək olan dövrü əhatə edən hesabdan çıxarışa əsasən onun götürülmüş kredit üzrə etdiyi ödənişlərin faiz borcuna silinən məbləğlər və ödəmə tarixləri və onların cəm məbləği aşağıdakı kimidir (gecikmiş faiz ödəmələri nəzərə alınmadan): 612.5 manat (xx.xx.2023) + 0,93 manat (xx.xx.2023) + 506.23 manat (xx.xx.2023) + 1.36 manat (xx.xx.2023) + 487.75 manat (xx.xx.2023) + 470.69 manat (xx.xx.2023) + 451.95 manat (xx.xx.2023) + 432.88 manat (xx.xx.2023) + 413.48 manat (xx.xx.2023) + 393.74 manat (xx.xx.2023) + 373.65 manat (xx.xx.2023) + 353.21 manat (xx.xx.2023) + 332.42 manat (xx.xx.2023) + 269.76 manat (xx.xx.2024) + 41.5 manat (xx.xx.2024) + 288.6 manat (xx.xx.2024) + 1,12 manat (xx.xx.2024) = 5431,77 manat. Göründüyü kimi, iddiaçı tərəfindən Cavabdeh1 xəbərdarlıq məktubunun göndərildiyi 2024-cü ilin iyul ayındadək onun ödəməli olduğu faiz məbləğlərinin cəmi 6544,09 manat, onun gecikmiş faiz ödəmələri nəzərə alınmadan faktiki ödədiyi faiz məbləğlərinin cəmi 5431,77 manat təşkil edir. Ödəməli olduğu faiz məbləğinin faktiki ödədiyi faiz məbləğinin fərqini tapdıqda isə 1112,32 manat əldə edilir (6544,09 manat - 5431,77 manat = 1112,32). İddia ərizəsində cavabdehlərdən tutulması xahiş edilən faiz borcunun məbləği isə bu məbləğdən az - 1054,22 manat təşkil edir. Birinci instansiya məhkəməsi iddia tələbinin cavabdehlərdən 101,97 manat məbləğində cərimənin tutulmasına aid hissəsi ilə bağlı qeyd etmişdir ki, Cavabdeh1 kredit verilməsinə dair razılaşma üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə təsdiq edildiyindən və həmin müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi də nəzərdə tutulduğundan (kredit müqaviləsinin “Kredit haqqında məlumat” bölməsinin 7-ci bəndi) iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini də tələb etməkdə haqlıdır və iddia tələbi bu hissədə də təmin edilməlidir. Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 739.1-ci və 739.2-ci maddələrinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” 24 fevral 2023-cü il tarixli Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qüvvədə olmuş redaksiyasına əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi əsas borc, faiz borcu və cərimə borcunun cavabdehlərdən tutulmasını iddiaçı bank ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinin müddəalarına və qüvvədə olan qanunvericiliyin tələblərinə əsaslanaraq düzgün nəticəyə gəlmişdir. Cavabdeh apellyasiya şikayətində onun həyat yoldaşının insult keçirməsi, əmək qabiliyyətini itirməsinə görə iddiaçı tərəfindən ödəniş üçün əlavə cədvəl verilmədiyindən ödənişləri gecikdirdiyini bildirmişdir. Bunun əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər müqavilənin dəyişdirilməsi ilə əlaqədar mübahisədir. Belə bir tələblə Mülki Məcəllənin 423.2-ci maddəsinin tələbləri baxımından məhkəməyə müraciət olunmamışdır. Həmin maddəyə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Buna görə məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər cavabdehin öhdəliyinin icra etməməsi üçün əsas deyildir. Belə ki, yuxarıda qeyd edilmiş qanunvericiliyin, həmçinin müqavilənin tələblərinə əsasən də iddiaçı kredit razılaşmasına əsasən borcu ödəyəcəyinə dair öhdəlik götürmüş və onu istisna edən hal işə əsasən müəyyən edilmir. Buna görə də apellyasiya şikayəti formal mülahizələrə əsaslandığından əsassızdır. Beləliklə, yuxarıda qeyd olunanlardan göründüyü kimi birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslandığı üçün təmin edilməməlidir və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 08 aprel 2025-ci il tarixli, e-2-2(119)-99/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(105)-75/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-75/2025
09.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver