Məhkəmə qərarları › İş №2-2(105)-76/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-76/2023

01.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-76/2023 01.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər X2 və Rzayev Məhəmmədəli Əsəd oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, İddiaçı Sumqayıt Texnologiyalar Parkı Məhdud Məsuliyyəti Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 31 mart 2023-cü il tarixli e-2-2(119)-383/2023 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında yazılı icraatda baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 03 mart 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh 293204 manat məbləğində əsas borc, 400 manat məbləğində mediasiya xərci və 183,20 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 293787,20 manat məbləğində pulun iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh 30 mart 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə hazırkı iş üzrə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “sazişin etibarsız hesab edilməsi və pul tələbi" barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia üzrə iddiaçı "xxxx" MMC-nin iddiasının əsassız olduğundan rədd edilməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilə "xxxx" MMC arasmda bağlanmış 16 mart 2021-ci il tarixli 1791 nömrəli Sazişin etibarsız hesab edilməsi və ödənilmiş 27000 manat məbləğində pulun "xxxx" MMC-dən tutularaq Cavabdeh verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 31 mart 2023-cü il tarixli e-2-2(119)-383/2023 nömrəli qərardadı ilə qarşılıqlı iddia ərizəsinin icraata qəbul olunmasından imtina edilmişdir. Cavabdeh həmin qərardaddan şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC tərəfindən iddia ərizəsinin surəti və ona əlavə edilmiş sənədləri Cavabdeh məxsus Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “AVİS” - X1 Sistemində mövcud olan elektron kabinetinə 10 fevral 2023-cü ildə göndərilmişdir. Həmçinin iddia ərizəsinin surəti və ona əlavə edilmiş sənədlər kağız daşıyıcıda poçt vasitəsilə xx.xx.2023-cü il tarixdə Cavabdeh qeydiyyatda olduğu ünvan 1 ünvanına çatdırılmışdır. Kağız daşıyıcıda poçt vasitəsi ilə çatdırılmış məktubu Cavabdeh qeydiyyatda olduğu evdə müvəqqəti yaşayan qohumları götürmüş və cavabdehə bu barədə məlumat verməmişlər. Cavabdeh faktiki yaşadığı ünvan Xaçmaz şəhəri 61-ci məhəllə olduğu üçün iddia ərizəsinin surəti və ona əlavə edilmiş sənədlərin çatdırılmasından xx.xx.2023-cü il tarixdə qeydiyyatda olduğu ünvana gedərkən məlumatı olmuşdur. Elektron kabinetə qeyd olunan sənədlərin göndərilməsindən də bundan sonra xəbəri olmuşdur. Məlumdur ki, qarşılıqlı iddia ərizəsinin icraata qəbul olunmasından imtina barədə qərardad işə mahiyyəti üzrə baxılmasını həll etmədiyi üçün həmin iddianı gələcəkdə ümumi əsaslarla qaldırılması mümkündür. Lakin iddianın gələcəkdə ümumi əsaslarla ayrıca qaldırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş məhkəməyə qədər nizamlama (pretenziya) qaydasma riayət etməklə verilməsi nəzərdə tutulmuşdur. Bu da işin uzanmasına səbəb olacaqdır. Hazırkı vəziyyətdə qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəldiyindən, qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırdığından, həmçinin qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqənin olmasnı nəzərə alaraq onlara birlikdə baxılması mübahisəyə daha tez və düzgün baxmaqla nəticələndiyindən birlikdə baxılması zəruridir. Bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 dekabr 2022-ci il tarixli Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 155-ci maddəsinin həmin Məcəllənin 4.3-4.6, 55.2, 152.1.6 və 156.1.6-1- ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair qərarı vardır. Cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırdığını nəzərə alaraq hesab edirlər ki, məhkəmə həmin müddəti üzrlü hesab etməlidir. Qarşılıqlı iddianın ilkin iddia ilə bir icraatda baxılması məhkəmənin iş yükünün azaldılmasına, fəaliyyətinin səmərəliliyinin artırılmasına və məhkəmə prosesinin uzadılmasının aradan qaldırılmasına xidmət etdiyindən qarşılıqlı iddia icraata qəbul olunmaqla ilk iddia ilə birlikdə baxılmalıdır. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-383/2023 xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi və işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. (hakim Zülfüqar Sadiqov) Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materialları ilə müəyyən olunur ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi ilə nəzərdə tutulan qaydada iddia ərizəsinin surəti və ona əlavə edilmiş sənədləri Cavabdeh məxsus Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “AVİS” – X1 Sistemində mövcud olan elektron kabinetinə 10 fevral 2023-cü ildə göndərilmiş və bu barədə məlumat elektron qaydada ona çatdırılmışdır. Lakin, Cavabdeh tərəfindən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı verilmiş “pul tələbi" barədə qarşılıqlı iddia ərizəsi ilk dəfə 30 mart 2023-cü ildə, yəni iddia ərizəsinin surətini aldıqdan 45 gündən çox müddət keçdikdən sonra məhkəməyə təqdim edilmişdir. Halbuki, Mülki-Prosessual Məcəllənin tələblərinə görə cavabdeh iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilərdi. "Elektron imza və elektron sənəd haqqında" Azərbaycan Respublikası Qanununun 28.2-ci maddəsinə əsasən, tərəflər arasında müqavilədə başqa hallar müəyyən edilməmişdirsə, elektron sənədin alanın göstərdiyi informasiya sisteminə daxil olduğu an elektron sənədin alınma vaxtı (tarix və vaxt) hesab edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 154.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. Həmin Məcəllənin 155.1-ci maddəsinə əsasən, cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir. Həmin Məcəllənin 155.2-ci maddəsinin tələblərinə görə, bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra bu Məcəllənin 156.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslarla (qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə) da qarşılıqlı iddianın verilməsinə yol verilmir. Həmin Məcəllənin 155.3-cü maddəsinə əsasən, qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir. "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 155-ci maddəsinin həmin Məcəllənin 4.3‒4.6, 55.2, 152.1.6 və 156.1.6-1-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 dekabr 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, Mülki Prosessual Məcəllənin 156.1.1 və 156.1.2-ci maddələrindəki hallardan fərqli olaraq, həmin Məcəllənin 156.1.3-cü maddəsində göstərilən, yəni qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqənin olduğu və onlara birlikdə baxılmasının mübahisənin daha tez və düzgün həlli ilə nəticələndiyi hallarda (məsələn, qarşılıqlı iddianın təmin edildiyi təqdirdə ilk iddianın əsassız olduğunu müəyyən edildiyi hal) qarşılıqlı iddianın yalnız Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə verilməsi imperativ qaydada göstərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, qarşılıqlı iddia istinad olunan prosessual normaların tələblərinə uyğun verilmədiyindən, şikayətin dəlilləri əsassızdır. Belə ki, Mülki-Prosessual Məcəllənin 150.1.4-cü və 150.2-ci maddələrinə əsasən iddia ərizəsinin surəti və ona əlavə edilmiş sənədlər vergi ödəyicisi olan cavabdehə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “AVİS” – X1 Sistemində mövcud olan elektron kabinet vasitəsi ilə çatdırılmalı olduğundan həmin sənədlərin cavabdehə çatdırılma vaxtı 10 fevral 2023-cü ildir. Mülki-Prosessual Məcəllədə həmin sənədlərin poçt vasitəsi ilə göndərilməsi nəzərdə tutulmadığından, iddia ərizəsinin surətinin poçt vasitəsi ilə alınması vaxtı kimi ehtimal edilən tarix - qarşılıqlı iddia ərizəsinin verilməsi müddətinin hesablanması zamanı nəzərə alına bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 398-ci maddəsinə əsasən аpellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALİR: Cavabdeh şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 31 mart 2023-cü il tarixli e-2-2(119)-383/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar