Məhkəmə qərarları › İş №2-2(105)-77/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-77/2020

21.07.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-77/2020 21.07.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyasının hakimləri Məmmədov Fuad Əli oğlu (sədrlik edən və məruzəçi), X5 və X1 ibarət tərkibdə, Tahirova Lətafət Almazxan qızının katibliyi İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 və Cavabdeh iştirakları ilə İddiaçı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iddiaçıya dəymiş maddi ziyana görə 250.000 manat, icarə haqqı və kommunal xərcləri (elektrik enerjisi, su) haqlarına görə 15.600 manat məbləğində borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə tələbinə dair iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(085)-219/2019 saylı xx xxx 2020-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, müəyyən etdi: Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-2(085)-219/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, İddiaçı Səhmdar Cəmiyyətinə dəymiş maddi ziyana görə 250000 manat, icarə haqqı və kommunal xərcləri haqlarına görə 15600 manat məbləğində borcun Cavabdeh tutularaq İddiaçı Səhmdar Cəmiyyətinə ödənilməsi, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. (hakim Zaur Pirverdiyev) Qətnamədən Cavabdeh apelyasiya şikayəti vermiş və buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(085)-219/2019 saylı xx xxx 2020-ci il tarixli qərardadı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-2(085)-219/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qətnaməsindən apelyasiya şikayəti verilməsi ilə əlaqədar Cavabdeh buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Qərardaddan Cavabdeh şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ağır stasionar xəstə olmuşdur və şikayət vermək iqtidarında olmamışdır. Bu barədə tibbi sənədləri mövcuddur. Ağır xəstəlik qanunvericiliyə görə üzürlü hal hesab edilməlidir. Sumqayıt Kommersiya Məhkəməsinin xx xxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin işlə birlikdə baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. (hakim Zülfüqar Sadiqov) Məhkəmə iclasında iştirak edən Cavabdeh şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək, prosessual müddətin bərpa edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 şikayətin təmin edilmədən birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Həmçinin bildirdi ki, cavabdehin və onun nümayəndəsinin qətnamədən və onun icrasından məlumatları olmuşdur. Cavabdehin qətnamədən vaxtında apelyasiya şikayəti vermək imkanı da olmuşdur. Sadəcə olaraq hazırda o, qətnamənin icrasını yubatmaq üçün bu cür vasitələrdən istifadə edir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçini dinləyib, eləcə də, şikayətin dəlillərini müzakirə edərək, hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(085)-219/2019 saylı xx xxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan (səh.77) qəbzdən görünür ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-2(085)-219/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qətnaməsi xx xxxxxxxx 2019-cu il tarixdə Cavabdeh təqdim edilmişdir. Azərbaycan Respublikası MPM-in 360-cı maddəsinə əsasən, apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsindən apelyasiya şikayəti, qətnamə rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində verilə bilər. Bu müddət şəxsin qətnaməni rəsmi qaydada aldığı vaxtdan hesablanır. Əgər şəxs məhkəmə aktını aldığı vaxtdan bir ay müddətində apelyasiya şikayəti vermirsə, məhkəmə aktı qanuni qüvvəyə minir. Bir aylıq prosessual müddətdən sonra apelyasiya şikayəti verilərsə, apelyasiya şikayəti ilə yanaşı prosessual müddətin bərpasına dair ərizə də verilməlidir. Cavabdeh tərəfindən mübahisələndirilən qətnamədən apelyasiya şikayəti verilməsi üçün sonuncu prosessual müddət xx xxxxxxx 2019-cu il tarixdə başa çatmasına baxmayaraq, apelyasiya şikayəti xx xxxx 2020-ci il tarixdə verilmişdir. Bununla da, cavabdeh tərəfindən apelyasiya şikayəti verilməsi üçün prosessual müddət ötürülmüşdür. Cavabdeh qətnamədən apelyasiya şikayəti vermə müddətinin üzrlü səbəbdən buraxılmasının əsası kimi xəstə olduğuna və müalicə aldığına istinad etsə də, prosessual müddətin bərpa edilməsinə dair ərizəyə əlavə edilmiş “ambulator kitabçadan çıxarış”dan görünür ki, cavabdeh stasionar şəraitdə müalicə almamışdır. Belə olan halda isə cavabdeh qanunla müəyyən edilmiş müddət ərzində apelyasiya şikayəti verə və yaxud apelyasiya şikayətinin verilməsi üçün nümayəndəsinə tapşırıq verə bilərdi. Azərbaycan Respublikası MPM-in 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Göründüyü kimi cavabdeh qətnamədən apelyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddəti ötürmüş və apelyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddətin üzürlü səbəbdən buraxılması halı isə işin hər-hansı halı ilə məhkəmə iclasında iş materialları ilə müəyyən olunmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, qətnamədən istənilən vaxt apelyasiya şikayəti verilməsi qətnamə ilə hüquqları bərpa edilən və ya təmin edilən şəxsin hüquqlarının realizəsini xəyali etmiş olacaqdır ki, bu da qanunun aliliyi və hüquq müəyyənlik prinsipləri ilə ziddiyyət təşkil edir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edirki, şikayəti təmin olunmamalı, Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(085)-219/2019 saylı xx xxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 398.0.1-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-269, 398.0.2, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(085)-219/2019 saylı xx xxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Fuad Məmmədov Hakimlər Zaur Məmmədov Fərmayıl Zeynallı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar