Məhkəmə qərarları › İş №2-2(105)-77/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-77/2024

08.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-77/2024 08.07.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər X1 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyeva Aysel Sərvan qızının katibliyi ilə, Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 qarşı “borcun tutulması” tələbi barədə kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-443/2024 nömrəli, 05 aprel 2024-cü il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 (VÖEN **********) arasında bağlanmış 11 fevral 2021-ci il tarixli 24-MZ3-1-0-73-21 saylı kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən Cavabdeh3 120 ay müddətinə kredit limiti üzrə faiz dərəcəsi 30 % olmaqla 50000 (əlli min) manat məbləğində kredit limiti ayrılmışdır.

2. 11 fevral 2021-ci il tarixli MZ3-1-0-73-21(Z1) nömrəli zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 11 fevral 2021-ci il tarixli 24MZ3-1-0-73-21 saylı kredit limitinin ayrılmasına dair müqavilə üzrə bankdan kredit götürmüş borcalan Cavabdeh3 tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti üzərinə götürmüşdür.

3. 11 fevral 2021-ci il tarixli MZ3-1-0-73-21(Z2) nömrəli zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh1 11 fevral 2021-ci il tarixli 24-MZ3-1-0-73-21 saylı kredit limitinin ayrılmasına dair müqavilə üzrə bankdan kredit götürmüş borcalan Cavabdeh3 tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti üzərinə götürmüşdür.

4. 11 fevral 2021-ci il tarixli MZ3-1-0-73-21(Z3) nömrəli zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh4 11 fevral 2021-ci il tarixli 24MZ3-1-0-73-21 saylı kredit limitinin ayrılmasına dair müqavilə üzrə bankdan kredit götürmüş borcalan Cavabdeh3 tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti üzərinə götürmüşdür. Həmin zaminlik müqavilələrinin tələblərinə görə zaminliklə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilən qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zamin və borcalan kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

5. 04 mart 2022-ci il tarixli 24-MZ3-1-0-73-21/4 saylı kreditin verilməsinə dair razılaşmaya əsasən borcalan Cavabdeh3 dövriyyə vəsaitlərinin alınması məqsədi ilə 36 ay müddətinə aylıq faiz dərəcəsi 1,83 %, faktiki illik faiz dərəcəsi 22 % olmaqla, 14000 (on dörd min) manat məbləğində kredit verilmişdir. Kredit üzrə gündəlik cərimə faiz dərəcəsi 0,20% müəyyən edilmişdir.

6. 04 mart 2022-ci il tarixli 24-MZ3-1-0-73-21/4 saylı kreditin verilməsinə dair razılaşmaya 1 saylı Əlavədə borcalan Cavabdeh3 banka olan borcunun müvafiq ödəniş cədvəlinə əsasən son ödəniş tarixi 04 mart 2025-ci il olmaqla, müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş planı borcalan Cavabdeh3 imzası ilə təsdiq edilmişdir.

7. 13 noyabr 2023-cü il tarixli maliyyə arayışından görünür ki, borcalan Cavabdeh3 04 mart 2022-ci il tarixli 24-MZ3-1-0-73-21/4 saylı kreditin verilməsinə dair razılaşma üzrə 13 noyabr 2023-cü il tarixinə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 8884,75 manat məbləğində əsas bоrc, 564,29 manat məbləğində faiz və 53,82 manat məbləğində cərimə borcu оlmaqla, cəmi 9502,86 manat məbləğində borcu vardır.

8. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlərə 13 noyabr 2023-cü il tarixdə xəbərdarlıq məktubu göndərilərək cavabdehlərdən 5 gün müddətində banka olan borclarını tam ödəmələri, əks təqdirdə borc məbləğinin tutulması üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir.

9. 12 yanvar 2024-cü il tarixli maliyyə arayışından görünür ki, borcalan Cavabdeh3 04 mart 2022-ci il tarixli 24-MZ3-1-0-73-21/4 saylı kreditin verilməsinə dair razılaşma üzrə 12 yanvar 2024-cü il tarixinə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 8884,75 manat məbləğində əsas bоrc, 892,88 manat məbləğində faiz və 196,63 manat məbləğində cərimə borcu оlmaqla, cəmi 9974,26 manat məbləğində borcu vardır.

BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏKİ İCRAAT

10. İddiaçı Açıq Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə sadələşdirilmiş icraat qaydasında cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 qarşı “borcun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 8884,75 (səkkiz min səkkiz yüz səksən dörd manat yetmiş beş qəpik) manat məbləğində əsas borc, 892,88 (səkkiz yüz doxsan iki manat səksən səkkiz qəpik) manat məbləğində faiz borcu, 98,32 (doxsan səkkiz manat otuz iki qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 9875,95 (doqquz min səkkiz yüz yetmiş beş manat doxsan beş qəpik) manat məbləğində borcun və ödənilmiş 118,76 (yüz on səkkiz manat yetmiş altı qəpik) manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, 11 fevral 2021-ci il tarixli kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən Cavabdeh3 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin 12 saylı filialından 120 ay müddətinə 50000 manat məbləğində kredit limiti ayrılmışdır. Cavabdeh3 04 mart 2022-ci il tarixli kreditin verilməsinə dair razılaşmaya əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyətindən illik 22 faizlə 36 ay müddətinə 14000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 ilə 11 fevral 2021-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. 12 yanvar 2024-cü il taixinədək Cavabdeh3 banka 04 mart 2022-ci il tarixli kreditin verilməsinə dair razılaşma üzrə 8884,75 manat əsas borcu, 892,88 manat faiz borcu, 196,63 manat cərimə borcu olmaqla, cəmi 9974,26 manat borcu vardır. Cavabdeh3 04 mart 2022-ci il tarixli kredit müqaviləsi üzrə banka cərimə borcu 196,63 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50%-i miqdarında olmaqla, yəni 98,32 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər borcu ödəməkdən boyun qaçırır.

12. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-443/2024 nömrəli, 05 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakim Həlimə Alıyeva) iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada 8884,75 (səkkiz min səkkiz yüz səksən dörd manat yetmiş beş qəpik) manat məbləğində əsas bоrc, 564,29 (beş yüz altmış dörd manat iyirmi doqquz qəpik) manat məbləğində faiz borcu, 98,32 (doxsan səkkiz manat otuz iki qəpik) manat məbləğində cərimə və 115,47 (yüz on beş manat qırx yeddi qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 9662,83 (doqquz min altı yüz altmış iki manat səksən üç qəpik) pul vəsaitinin tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh3 04 mart 2022-ci il tarixli 24-MZ3-1-0-73-21/4 saylı kreditin verilməsinə dair razılaşmanı bağlayarkən üzərinə götürdüyü öhdəlikləri pozmuş və onları lazımınca icra etməyərək borcverən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməli olan əsas borcu müvafiq qaydada ödəməmiş və bununla da, iddiaçıdan aldığı krediti müqaviləsi ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış 04 mart 2022-ci il tarixli 24MZ3-1-0-73-21/4 saylı kreditin verilməsinə dair razılaşma üzrə 8884,75 (səkkiz min səkkiz yüz səksən dörd manat yetmiş beş qəpik) manat məbləğində əsas bоrc iddiaçının xeyrinə ödənilməlidir.

14. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 739, 385.1, 425.1,427.3, 442.1, 421.2, 462.1, 463.1, 465.2, 470.1, 472.1, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 88, 119.1, 218.3-cü maddələri ilə əsaslandırmışdır.

15. Qətnamədən Cavabdeh3 apellyasiya şikayəti verərək, cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada 7000 manat məbləğində əsas bоrc, 564,29 (beşyüz altmış dörd manat iyirmi doqquz qəpik) manat məbləğində faiz borcunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi və iddianın qalan hissədə rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən qismən razı olduğuna görə apellyasiya şikayəti verirlər. Birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Belə ki, məhkəmə tərəfindən hazırki iddia tələbi sadələşdirilmiş icraat qaydasında baxıldığına görə məhkəmə prosesi keçirilməmişdir. Məhkəmə tərəfindən ünvanlanmış bildiriş rəsmi qaydada çatmadığına görə hazırki kommersiya işi ilə bağlı heç bir məlumatı olmamışdır. Ona görə də, hazırki iddiaya etiraz edə bilmədiyinə görə məhkəmə işi sadələşdirilmiş icraat qaydasında baxılmışdır. Hesab edir ki, "xxxx" ASC-yə olan borcu hazırki məbləğdən azdır. Ona görə də, Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən xx.xx.2022-ci il tarixli razılaşmaya əsasən hazırda iddiaçıya olan əsas və faiz borcunun müəyyən edilməsi ilə bağlı məhkəmə mühasibatlıq ekspertizası təyin edilməlidir. Hesab edir ki, qətnamə qismən ləğv edilməli və cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada 7000 manat məbləğində əsas bоrc, 564,29 (beş yüz altmış dörd manat iyirmi doqquz qəpik) manat məbləğində faiz borcunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmalıdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər apellyasiya şikayətinin təmin edilməsini və qətnamənin qismən ləğv edilməsini xahiş etdilər. İddiaçının nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq, iddiaçının iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...) Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..) Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...) Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

19. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin Kommmersiya Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi qismən mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı iddianın təmin edilmiş 1884,75 (min səkkiz yüz səksən dörd manat yetmiş beş qəpik) manat məbləğində əsas bоrc, 98,32 (doxsan səkkiz manat otuz iki qəpik) manat məbləğində cərimə hissəsində yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası məruzəçi-hakimi, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

21. Cavabdehin apellyasiya şikayətinin əsas dəlili onunla bağlıdır ki, hazırki kommersiya işi ilə bağlı heç bir məlumatı olmamışdır. Ona görə də, hazırki iddiaya etiraz edə bilmədiyinə görə məhkəmə işi sadələşdirilmiş icraat qaydasında baxılmışdır. Hesab edir ki, "xxxx" ASC-yə olan borcu hazırki məbləğdən azdır.

22. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsində hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat hüququ təsbit olunmuşdur. Bu təminatın əsas mexanizmlərindən biri kimi çıxış edən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində ədalət mühakiməsinin həyata keçirilməsinin konstitusiya prinsipləri öz əksini tapmış, hər kəsin Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqlarının səmərəli müdafiəsi nəzərdə tutulmuşdur. Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi çıxış edir. Bu hüquq yalnız məhkəməyə müraciət edilməsi ilə kifayətlənməyərək, pozulmuş hüquq və azadlıqların, qanunvericilikdə müəyyən edilən hədlər çərçivəsində səmərəli müdafiəsini ehtiva edən ədalət mühakiməsini də nəzərdə tutur.

23. Mülki Prosessual Məcəllənin mülki məhkəmə icraatının vəzifələrini təsbit edən 2ci maddəsinə görə, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Məcəllənin 4.1-ci maddəsinə əsasən isə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Göründüyü kimi, bu maddələrdə fiziki və hüquqi şəxslərin hər cür mənafe və maraqlarının müdafiəsindən deyil, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn, başqa sözlə, qanunla qorunan mənafe və maraqlardan bəhs olunur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403.2-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 24 iyul tarixli Qərarı).

24. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir.

25. İş materialları ilə müəyyən olunur ki, işə sadələşdirilmiş icraat qaydasında baxılması barədə məhkəmə bildirişi xx.xx.2024-cü il tarixdə xəbərnaməli poçt vasitəsilə Cavabdeh3 yaşayış ünvanı üzrə təqdim olunmuş, cavabdeh isə müvafiq maddələrdə qeyd olunmuş müddət ərzində həmin prosessual imkanlardan istifadə etməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası işlə bağlı məlumatlı olmaması barədə cavabdehin dəlillərini əsassız hesab edir.

26. Bununla belə, cavabdehin mübahisələndirilən hissədə iddianın əsaslılığını şübhə altına alan sübutlarını apellyasiya icraatında təqdim etməsi imkanları da aradan qalxmamışdır. Bu səbəbdən məhkəmə kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayətin dəlilləri nəzərə alınmaqla işə iddia icraatı qaydasında baxılması məqsədəmüvafiq hesab edilmiş, məhkəmə baxış iclası təyin olunmuşdur.

27. Məhkəmə kollegiyasının iclasında Cavabdeh3 bildirmişdir ki, səhhətilə əlaqədar olaraq işləyə bilmir, bu səbəbdən kredit borcunu ödəyə bilmir. Borcu olduğunu qəbul edir. Kredit məbləğini almışlar, sadəcə hissə-hissə ödəmək istəyirlər.

28. Məhkəmə kollegiyasının iclasında digər cavabdeh bildirmişdir ki, aprel ayında banka getdiyi zaman 8880 manat borc olduğu, 1000 manat ödəniləcək təqdirdə borcun hissə-hissə ödənilməsi ilə bağlı müqavilə bağlanacağı bildirilmişdi. 1000 manat ödəniş etdikdən sonra bank məhkəmədə iddia qaldırmışdır. İddiaçıya borc məbləğini ödəmək niyyətində olduqlarını bildirmişlər. Hazırkı borcla əlaqədar əmlakı üzərinə həbs qoyulmuşdur. Binəqədi rayon icra şöbəsində bu işlə əlaqədar əmlak üzərinə həbs qoyulduğu bildirilmişdir. Əmlakı girov qoymamışdır. Həm maşının, həm də daşınmaz əmlakımın üzərinə həbs qoyulmuşdur.

29. Beləliklə, Cavabdeh3 qətnaməni 1884,75 manat məbləğində əsas bоrc, 98,32 manat məbləğində cərimə borcu hissəsində mübahisələndirsə də, apellyasiya baxışı zamanı hər iki cavabdeh borcun olduğunu etiraf etmişlər.

30. Məhkəmə kollegiyası şikayətlə əlaqədar, həmçinin öhdəliklərin icrası ilə bağlı normaları nəzərdən keçirərərək bir daha qeyd etməyi vacib bilir ki, mülki dövriyyənin səmərəli fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir.

31. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (Mülki Məcəllənin 425-ci maddəsi).

32. Mülki Məcəllənin 6-cı maddəsində sadalanan mülki qanunvericiliyin prinsipləri sırasına vicdanlılıq prinsipi daxil olmasa da, bu prinsip Mülki Məcəllənin ayrı-ayrı normalarında mülki hüquqların həyata keçirilməsinin və müdafiəsinin hədlərini müəyyən edən qaydalarda nəzərdə tutulmuşdur. Belə ki, Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Mülki Məcəllənin 560.1-ci maddəsinə müvafiq olaraq, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.3-cü maddəsində hüquqdan suiistifadəyə səbəb olan bəzi hallar sadalanmışdır. Qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən normalar vasitəsilə əslində bütün haqların istifadə olunmasına bir əxlaqi hədd və məhdudiyyət qoyulmuşdur. Haqların istifadəsi baxımından tələb olunan vicdanlılıq meyarı obyektiv vicdanlılığı nəzərdə tutmaqla, dürüst, ədalətli bir insanın hərəkət tərzinə dair meyardır. Hüquqdan sui-istifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır (Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarı).

33. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.

35. İşin istinad olunan halları ilə müəyyən olunur ki, iddiaçı ilə cavabdeh arasında müqavilə münasibətləri olmuş, iddiaçı üzərinə düşən öhdəlikləri tam yerinə yetirmiş, cavabdehin isə müqavilə üzrə ödənilməmiş borcu qalmışdır. Məhkəmə kollegiyası hesab edir ki, işin araşdırılan halları ilə cavabdehin dəlilləri öz təsdiqini tapmamışdır.

36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-443/2024 nömrəli, 05 aprel 2024cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar