Məhkəmə qərarları › İş №2-2(105)-79/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-79/2023

07.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-79/2023 07.11.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdehnə qarşı kommersiya işi üzrə (Açar sözlər: borcun tutulması, sübutların qiymətləndirilməsi) X6 Süleymanovanın sədrliyi və məruzəsi, X1 və Səyyad Ağaəli oğlu Qafaridən ibarət tərkibdə, Samirə Zahid qızı Məmmədovanın katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 24 iyun2022-ci il tarixli, e-2-2(119)-170/2022 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti 07 yanvar 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 14678,33 (on dörd min altı yüz yetmiş səkkiz manat 33 qəpik) manat əsas borc və 4000 (dörd min) manat zərər olmaqla, ümumilikdə 18678,33 (on səkkiz min altı yüz yetmiş səkkiz manat 33 qəpik) manat borcun, iş üzrə ödənilmiş 200 manat mediasiya xidməti xərcinin və vəkilə ödənilmiş 360 manat xidmət haqqının iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti 21 iyun 1996-cı il tarixdən kənd təsərrüfatı sahəsində dərman preparatlarının satışı ilə məşğul olmaqla, sahibkarlıq fəyaliyyəti ilə məşğul olur. İddiaçı QSC kənd təsərrüfatı sahəsində istifadə olunan dərman preparatlarını xarici dövlətlərdən alaraq Azərbaycan Respublikasına gətirir və satışını həyata keçirir. İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti 04 iyun 2020-ci il tarixdə təşkilatı hüquqi formasını dəyişərək İddiaçı Qapalı Səhmdar Cəmiyyəti olmuşdur. İddiaçı QSC tərəfindən Cavabdehnə 2020-ci il ilin sonlarınadək müxtəlif vaxtlarda kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün dəyərinin sonradan ödənilməsi şərtilə dərman preparatları verilmişdir. Lakin, Cavabdeh iddiaçıdan aldığı preparatların dəyəri olan 14678,33 (on dörd min altı yüz yetmiş səkkiz manat 33 qəpik) manat pulu bu günə qədər ödəməmişdir. Cavabdeh ilə aralarında 23 fevral 2021-ci il tarixdə “Qarşılıqlı borcların üzləşdirilməsi barədə” Akt tərtib olunmuş və hər iki tərəf həmin aktı imzalamaqla möhürləmiş və təsdiqləmişlər. Bu Akt tərib edildikdən sonra da dəfələrlə cavabdehə İddiaçı QSC-yə olan 14678,33 manat borcunu ödəməsini bildirsələr də, cavadeh Cavabdeh MMC hər dəfə müxtəlif bəhanələr gətirməklə borcu ödəməkdən yayınmışdır. 25 oktyabr 2021-ci il tarixdə rəsmi qaydada Cavabdehnə həmin borcun 10 gün müddətinə ödənilməsi barədə yazılı təklif verilmiş olsa da, bu günə qədər həmin yazılı məktuba hər-hansı bir münasibət bildirilməmiş və iddiaçıya olan borc ödənməmişdir. Borcun alınması ilə əlaqədar “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq, iddiaçı tərəfindən müvafiq qaydada cavabdehə və Mediasiya Şurasına müraciət edilmiş olsa da, cavabdehin nümayəndəsi gəlmədiyinə görə bu mübahisənin mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır. Bununla bağlı mediator tərəfindən 06 oktyabr 2021-ci il tarixli 005/2021 saylı “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə arayış təqdim edilmiş və ilkin mediasiyanın keçirilməsi üçün iddiaçı tərəfindən mediatorun hesabına 200 manat mediasiya xərci ödənilmişdir. Odur ki, Cavabdeh MMC-dən 14678,33 manat borcu başqa qaydada ala bilmədiyindən İddiaçı QSC məhkəməyə müraciət etmişdir.

3. Cavabdeh nümayəndəsi tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz daxil olmuşdur.

4. Etiraz onunla əsaslandırılmışdır ki, elektron məhkəmə portalı vasitəsi ilə iş materialları ilə tanış olarkən hazırkı məhkəmə mübahisəsi üçün əhəmiyyət kəsb edəcək bir sıra sənədlər, o cümlədən də, mübahisənin əsası kimi çıxış edən müqavilə aşkar edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Yenə Məcəllənin 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Məcəllənin 407.2-ci maddəsinə əsasən isə, sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. İddia ərizəsində qeyd edilmişdir ki, iddiaçı tərəfindən cavabdehə 2020-ci ilin sonlarınadək, müxtəlif vaxtlarda kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün dərman preparatları verilmiş, cavabdeh isə onların dəyərini ödəməmişdir. Lakin, iddiaçı qeyd edilən malları hansı müqavilə və yaxud digər hüquqi əsasla verildiyini qeyd etməmişdir. İş materiallarında da bu cür müqaviləyə rast gəlinmir. İddia ərizəsində qeyd edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında 23 fevral 2021ci il tarixində qarşılıqlı borcların üzləşdirilməsi barədə Akt tərtib olunmuş və hər iki tərəf həmin aktı imzalamaqla möhürləmiş və təsdiqləmişdir. İddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş həmin Akt cavabdeh "xxxx" MMC-in adından imzalanıb möhürlənsə də, onu kimin və hansı vəzifəli şəxsin imzaladığı əks olunmamışdır. İddia ərizəsinə malların, işlərin və xidmətlərin təqdim edilməsinə dair elektron qaimə- fakturalar əlavə olunmuşdur. Lakin, onların heç biri nə iddiaçı, nə də ki cavabdeh tərəfindən imzalanmamışdır.

5. Elekton Qaimələrə əsasən, satıcı "xxxx" QSC tərəfindən alıcı "xxxx" MMC-yə 2020-ci il 22 aprel tarixli EBAJ 048635 nömrəli Elektron Qaimə üzrə 1.686,08 manat dəyərində, 2020-ci il 14 iyul tarixli EBAM 371768 nömrəli Elektron Qaimə üzrə 1.045 manat dəyərində və 2020-ci il 22 sentyabr tarixli EBAQ 306401 nömrəli Elektron Qaimə üzrə 11.947,25 manat dəyərində olmaqla, ümumilikdə cəmi 14.678,33 manat məbləğində müxtəlif dərman preparatları (bitki mühafizə vasitələri) satılmışdır.

6. 23 fevral 2021-ci il tarixli “Qarşılıqlı borcların üzləşdirilməsi barədə” Aktda Cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə cəmi 14678,33 (on dörd min altı yüz yetmiş səkkiz manat 33 qəpik) manat məbləğində borc qalığının olduğu göstərilmişdir. Aktın Cavabdeh MMC-yə aid hissəsində “Direktor” və «Baş mühasib» qrafaları qarşısında imza edilmiş, akt "Sabfruit” MMC-nin möhürü ilə təsdiq edilmişdir.

7. Sumqayıt Kommersiya Məhkəməsinin 2022-ci il 13 aprel tarixli, e-2-2(119)- 170/2022 saylı qərardadı ilə təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının 2022- ci il 19 may tarixli 4/661 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, 2021-ci il 23 fevral tarixli qarşılıqlı borcların üzləşdirilməsi barədə aktda cavabdeh bölməsində “Direktor” qrafasındakı imza – X2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur; 2021-ci il 23 fevral tarixli qarşılıqlı borcların üzləşdirilməsi barədə aktda cavabdeh bölməsində “Direktor” qrafasındakı imza ilə 2022-ci il 9 fevral tarixli 01-22 saylı etibarnamədə “Direktor” qrafasındakı imza – müxtəlif şəxslər tərəfindən icra olunmuşdur.

8. 2021-ci il 6 oktyabr tarixli GDĞ/1 054708 nömrəli Qəbz və 2021-ci il 6 oktyabr tarixli 005/2021 nömrəli mediasiya arayışına əsasən iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə iddiaçı tərəfindən mediatora 200 manat məbləğində xidmət haqqı ödənilmişdir.

9. 2021-ci il 16 noyabr tarixli ********** nömrəli ödəniş tapşırığına əsasən iddia tələbi ilə əlaqədar iddiaçı tərəfindən hüquqi yardımın göstərilməsi ilə əlaqədar 360 manat məbləğində xidmət haqqı ödənilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat

10. Sumqayıt Kommersiya Məhkəməsinin 24 iyun 2022-ci il tarixli, e-2-2(119)- 170/2022 nömrəli qətnaməsi ilə (hakim Zülfüqar Sadiqov) iddianın qismən təmin edilməsi, Cavabdehndən 14678,33 (on dörd min altı yüz yetmiş səkkiz manat 33 qəpik) manat məbləğində əsas borcun, mediasiya ilə əlaqədar ödənilmiş 200 (iki yüz) manat məbləğində xidmət haqqının və hüquqi yardımla əlaqədar ödənilmiş 360 (üç yüz altmış) manat məbləğində xidmət haqqı olmaqla, cəmi 15238,33 (on beş min iki yüz otuz səkkiz manat 33 qəpik) manat məbləğində pul vəsaitinin İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdehndən dövlət nəfinə 134,03 (yüz otuz dörd manat 03 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 124 (yüz iyirmi dörd) manat məbləğində pul vəsaitinin Cavabdehndən dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir.

11. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iş materialları ilə müəyyən edilmişdir ki, hər iki tərəfin imzalamış olduğu yazılı alqı-satqı müqaviləsinin mövcud olmamasına və iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş 2021-ci il 23 fevral tarixli “Qarşılıqlı borcların üzləşdirilməsi barədə” Akt cavabdehin direktoru, yəni qanuni təmsilçisi X2 tərəfindən deyil, başqa şəxs tərəfindən imzalanaraq möhürlənməsinə baxmayaraq (həmin Akt cavabdehin möhürü ilə möhürlənmiş və cavabdeh tərəf möhürü mübahisələndirməmişdir), 2020-ci il 22 aprel tarixli EBAJ 048635 nömrəli, 2020-ci il 14 iyul tarixli EBAM 371768 nömrəli və 2020-ci il 22 sentyabr tarixli EBAQ 306401 nömrəli elektron qaimələrdə qeyd olunan ümumilikdə cəmi 14678,33 dəyərində müxtəlif bitki mühafizə vasitələrinin iddiaçı tərəfindən cavabdehə satıldığı təsdiq olunmuşdur.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının MM-in 329, 385.1, 425.1, 425.2, 427.3, 442, 443.1, 445.1, 448, 567, 600.1, 600.4; “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3; “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1-1, 9.4; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 121.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

13. Sumqayıt Kommersiya Məhkəməsinin 2022-ci il 24 iyun tarixli, e-2-2(119)- 170/2022 saylı qərardadı ilə, iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri aşkar olunduğundan, həmin xüsusat üzrə cinayət işinin başlanması məsələsinin müzakirə edilməsi üçün Xüsusi Qərardad çıxarılaraq, müvafiq araşdırma aparılmasından ötrü ərazi aidiyyəti üzrə Bakı şəhər Sabunçu rayon Prokurorluğuna məlumat verilmişdir.

14. Cavabdeh 2022-ci il 27 iyul tarixində apellyasiya şikayəti verərək Sumqayıt Kommersiya Məhkəməsinin 2022-ci il 24 iyun tarixli, e-2-2(119)-170/2022 saylı Qətnaməsini iddianın təmin edilmiş hissəsində ləğv edərək, həmin hissədə iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

15. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 31 oktyabr tarixli e-2-2(105)-99/2022 saylı qətnaməsi ilə (sədrlik edən İlqar Dəmirov, hakimlər Zahid Məmmədov və Zaur Məmmədov)Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Sumqayıt Kommersiya Məhkəməsinin 24 iyun 2022-ci il tarixli, e-2-2(119)-170/2022 nömrəli qətnaməsinin apellyasiya şikayəti ilə mübahisələndirilən hissədə, yəni İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin iddiasının təmin edilməsi hissəsində ləğv edilməsi, iddianın digər hissədə də təmin edilməməsi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən 124 (yüz iyirmi dörd) manat məbləğində ekspertiza xərcinin alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.

16. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 49.1, 49.2, 49.3, 405.1, 405.2, 406.1, 406.2, 406.3, 407.1, 407.2, 433.1, 433.2, 433.3, ; MPM-in 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

17. İddiaçı 2022-ci il 6 dekabr tarixində kassasiya şikayəti verərək həmin qətnaməni – ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

Kassasiya instansiyası məhkəməsindəki icraat

18. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 07 mart 2023-cü il tarixli 2-2(102)-63/2023 nömrəli Qərarı ilə iİddiaçı QSC tərəfindən verilmiş kassasiya şikayətinin təmin olunması, Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 31 oktyabr tarixli, 2-2(105)-99/2022 saylı qətnaməsinin ləğv olunması, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır.

19. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi həqiqətə nail olmaq üçün tam, hərtərəfli və obyektiv araşdırma aparmamış, sübutların qiymətləndirilməsi ilə bağlı qanunvericiliklə məhkəmələrə verilmiş səlahiyyətlərindən lazımi həcmdə istifadə etməmişdir. Apellyasiya instansiyası məhkəməsi işə yenidən baxarkən sözügedən nöqsanları aradan qaldırmalı, cavabdehin tərəflər arasında tərtib olunmuş borcların qarşılıqlı üzləşmə aktında cavabdehin cavabdehin baş mühasibi hissəsində imzanın mövcudluğunda münasibətdə onun tərəfindən imzalanmasının müəssisənin direktoru tərəfindən sonradan bəyənilib-bəyənilmədiyini, cavabdehin qanuni təmsilçisi möhürün onda olmasını etiraf etdiyi, möhürün itməsi, oğurlanması və onun iradəsindən asılı olmayan səbəblərdən üçüncü şəxslərin əlinə keçməsini təsdiq edən sübutlar olmadığı halda, möhürün qarşılıqlı borcların üzləşdirilməsi aktında mövcudluğunun necə mümkün olmasını və buna baxmayaraq hansı səbəbdən onun məhkəmə tərəfindən inkar və ya qəbul edilməsini iş materiallarında olan digər sübutlarla əlaqəli surətdə tam, obyektiv və hərtərəfli araşdırmaqla düzgün hüquqi nəticəyə gəlməlidir.

Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

a) Apellyasiya şikayəti və onun dəlilləri

20. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin təmin edilmiş hissədə ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən məhkəməyə cavabdehin imzalamadığı, hüquqi əsası olmayan, tərəflərə hər hansı öhdəlik yaratmayan 22 aprel 2020-ci il tarixli, 1/20-069AZ nömrəli «Bitki mühafizə vasitələrinin satışına dair» Müqavilə təqdim edilsə də və məhkəmənin öz qətnaməsində bu faktı ayrıca qeyd etməsinə baxmayaraq, hakim qətnamədə həmin müqaviləyə istinad etməklə (qətnamənin elan olunduğu sonuncu məhkəmə iclasında da mövqe eyni olmuşdur, bunu iclas zalında aparılmış səs və videoyazının təhlili yolu ilə də aydın şəkildə müşahidə etmək mümkündür), mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin öhdəliklərə, əqdlərə və müqavilələrə aid maddələri ilə əsaslandırmağa çalışmışdır. Hakim qətnamədə heç bir hüquq normasına əsaslanmadan, yalnız öz mülahizələri əsasında hüquqi nəticəyə gəldiyini bir neçə dəfə aydın şəkildə ifadə etmiş, iddianı təmin etməsinin yeganə əsası kimi İddiaçı QSC tərəfindən cavabdehə göndərilmiş 22 aprel 2020-ci il, 14 iyul 2020-ci il və 22 sentyabr 2020-ci il tarixli elektron qaimələrin mövcudluğunu göstərmişdir. Hakim hər iki tərəfin imzalamış olduğu yazılı alqı-satqı müqaviləsinin olmamasına və iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş 23 fevral 2021-ci il tarixli «qarşlıqlı borcların üzləşdirilməsi barədə» Aktın cavabdehin qanuni təmsilçisi tərəfindən deyil, başqa şəxs tərəfindən imzalanaraq möhürlənməsinə baxmayaraq, yuxarıda qeyd edilən qaimələrin mövcudluğunu əsassız olaraq iddiaçı tərəfindən cavabdehə bitki mühafizə vasitələri – müxtəlif dərman preparatlarının verilməsinin təsdiq olunması kimi qiymətləndirmiş və heç bir fakta və dəlilə əsaslanmadan bunun məhkəmə araşdırması zamanı müəyyən olunduğunu qeyd etmişdir. Halbuki, məhkəmə araşdırması zamanı belə hal müəyyən edilməmişdir (bunu iclas zalında aparılmış səs və videoyazının təhlili yolu ilə də aydın şəkildə müşahidə etmək mümkündür). Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə isə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Artıq qeyd olunduğu kimi, tərəflər arasında müqavilə mövcud deyildir. Hakim qanunvericiliyin kifayət qədər aydın olan vacib göstərişlərinə məhəl qoymadan, kobud şəkildə pozaraq, iş üçün xüsusi əhəmiyyət kəsb edən sübut növü olan məhkəmə-xətşünaslıq ekspertizasının nəticələrinə dair 19 may 2022-ci il tarixli, 4/661 nömrəli ekspert rəyinin heç bir araşdırmasını aparmamış, qiymətləndirməmiş və razılaşmama səbəbini əsaslandırmamışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual qanunvericiliyinin tələblərinə görə, iş üzrə məhkəmə baxışının əsas prinsiplərindən biri həqiqətə nail olmaq üçün məhkəmələr tərəfindən sübutların araşdırılması və onlardan istifadə edilməsi vəzifəsinin mövcudluğudur. Qanuna görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İddia ərizəsində qeyd edilmişdir ki, iddiaçı tərəfindən cavabdehə 2020-ci ilin sonlarınadək, müxtəlif vaxtlarda kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün dərman pereparatları verilmiş, cavabdeh isə onların dəyərini ödəməmişdir. Lakin, iddiaçı qeyd edilən malları hansı müqavilə və yaxud digər hüquqi əsasla verildiyini qeyd etməmişdir. İş materiallarında da bu cür müqaviləyə rast gəlinmir. Məhkəmə özü də qətnaməsində təsdiq etmişdir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti – «Satıcı», Cavabdeh – «Alıcı» olaraq tərtib olunmuş 22 aprel 2020-ci il tarixli, 1/20-069AZ nömrəli «Bitki mühafizə vasitələrinin satışına dair» Müqavilə «Satıcı» İddiaçı QSC tərəfindən imzalanıb-möhürlənsə də, həmin Müqavilə «Alıcı» Cavabdeh MMC tərəfindən imzalanmamışdır. Tərəflər hər hansı təhvil aktı da imzalamamışlar. Məhkəmə öz qətnaməsini İddiaçı QSC tərəfindən cavabdehə göndərilmiş 22 aprel 2020-ci il, 14 iyul 2020-ci il və 22 sentyabr 2020-ci il tarixli «elektron qaimələr»in mövcudluğu ilə əsaslandırmağa çalışmışdır. Halbuki, qeyd edilən elektron qaimələr tərəflərin heç biri tərəfindən imzalanmamışdır. Əgər məhkəmə həmin elektron qaimələrin heç bir yazılı müqavilə olmadan sadəcə göndərilməsini müqavilə münasibətlərinin mövcudluğu üçün əsas hesab edirsə, onda belə nəticə çıxır ki, istənilən bir sahibkarlıq subyekti heç bir əlavə təsdiqedici sənəd olmadan digər subyektə, hətta fəaliyyətini dayandırmış (dondurmuş) hüquqi şəxsə elektron qaimə göndərərək ondan müvafiq vəsaiti tələb edə bilər. Göründüyü kimi, məhkəmənin yanaşması çox absurd təsir bağışlayır və əsassızdır. Beləliklə, yuxarıda qeyd edilənlərdən də, göründüyü kimi məhkəmə lazımi qaydada rəsmiləşməmiş, heç bir hüquqi əsası olmayan bir «müqavilə» əsasında qətnamə qəbul etməklə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329, 331.1, 386.1, 407.2 və 567-cı maddələrinin və digər əlaqəli müddəalarının tələblərini kobud şəkildə pozmuşdur. Məhkəmə qətnaməsində qeyd etmişdir ki, cavabdehin müvafiq vəsatəti əsasında, iş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının 19 may 2022-ci il tarixli, 4/661 nömrəli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, 23 fevral 2021-ci il tarixli «qarşılıqlı borcların üzləşdirilməsi barədə» 2021ci il tarixli «qarşılıqlı borcların üzləşdirilməsi barədə» Aktın Cavabdehnə aid hissəsinin «Direktor» qrafasındakı imza Cəmiyyətin direktoru, qanuni təmsilçi X3 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49.2ci maddəsinə əsasən, hüquqi şəxs öz iştirakçıları, habelə təmsilçiləri vasitəsilə mülki hüquqlar əldə edə bilər və öhdəsinə mülki vəzifələr götürə bilər. Qeyd edilən müddəanın məzmunundan çıxan nəticəyə görə, hüquqi şəxsi təmsil etmək və onun adından çıxış etmək səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmış sənəd həmin hüquqi şəxs üçün öhdəlik yarada bilməz. Əgər iddiaçı lazımi qaydada rəsmiləşdirilməmiş müqavilə olmadan cavabdehin onun qarşısında öhdəlik daşımasını qeyd edilən aktla əsaslandırmağa çalışırsa, onda bu sənədin cavabdeh hüquqi şəxsi təmsil etmək səlahiyyəti olan şəxs tərəfindən və yaxud onun tərəfindən səlahiyyət verilmiş digər şəxs tərəfindən imzalanması zəruridir. Lakin göründüyü kimi, həmin akt nə qanuni təmsilçi tərəfindən imzalanmamış, nə də ki, bununla bağlı digər şəxsə səlahiyyət verilməsinə dair heç bir sənəd mövcud deyildir. Belə olan halda, məhkəmənin hansı hüquqi əsasla həmin aktın cavabdeh üçün hüquqi öhdəlik yaratması qənaətinə gəlməsi sual doğurur. Bu baxımdan hesab edirlər ki, məhkəmə tərəfindən mülki qanunvericiliyin qeyd edilən müddəası da pozulmuşdur. Hakim qətnamə qəbul edərkən işdə olan sübutları qərəzli və natamam qiymətləndirmiş, öz qətnaməsində iddiaçı tərəfindən məhkəməyə cavabdehin imzalamadığı, hüquqi əsası olmayan və uyğun olaraq, tərəflərə hər hansı öhdəlik yaratmayan müqavilənin təqdim edilməsi faktını ayrıca qeyd etməsinə baxmayaraq, mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin öhdəliklərə, əqdlərə və müqavilələrə aid maddələri ilə əsaslandırmağa çalışmışdır. O, həmçinin iş üçün xüsusi əhəmiyyət kəsb edən sübut növü olan məhkəməxətşünaslıq ekspertizasının nəticələrinə dair 19 may 2022-ci il tarixli, 4/661 nömrəli ekspert rəyinin heç bir araşdırmasını aparmamış, qiymətləndirməmiş və razılaşmama səbəbini əsaslandırmamışdır.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

22. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

23. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.

24. İş üzrə cavabdeh tərəf məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.

25. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək eyni məzmunlu izahat verdi və şikayətin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, 23 fevral 2021-ci il tarixli “Qarşlıqlı borcların üzləşdirilməsi barədə” Aktda olan imza MMC-nin direktoruna məxsus deyildir, bu hal məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmışdır. Aktın MMC-yə məxsus möhurlə təsdiq olunduğu görünür, həmin möhur MMC-nin möhurünə bənzəyir, lakin MMC-yə məxsus möhür deyildir. Eləcə də bildirdi ki, MMC-yə məxsus möhurun oğurlanması və bu kimi hallar olmayıb. Həmçinin bildirdi ki, «Baş mühasib» qrafasındakı imzanın MMC-nin mühasibi tərəfindən imzalanıb-imzalanmaması barədə dəqiq məlumat verə bilmir, bildiyi qədər MMC-nin mühasibinin imzası deyildir. Aktın qanuni təmsilçi tərəfindən imzalanmadığı öz təsdiqini tapdığından və mülki qanunvericilikdə hüquqi şəxsin adından tərtib edilmiş sənədlərdə mühasibin imzasının tələb olunduğuna dair göstəriş olmadığından bu halı mübahisələndirməyə zərurət görmür.

26. 08 iyun 2023-cü il tarixli məhkəmə iclasında cavabdehin nümayəndəsi tərəfindən MMC-yə məxsus möhur gətirilərək müqaisəli tədqiqat üçün möhur əksinin nümunələri məhkəməyə təqdim edilmişdir.

Apellyasiya baxışının hədləri

27. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi cavabdeh tərəf verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsini iddianın təmin edilmiş hissəsində mübahisələndirərək həmin hissədə ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya şikayətinin dəlilləri hüdudlarında, mübahisələndirilən hissədə yoxlanılmasını məqsədəmüvafiq hesab edir.

Tətbiq edilən hüquq

28. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 49.1. Hüquqi şəxslər qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət göstərən öz orqanları vasitəsilə mülki hüquqlar əldə edir və öhdələrinə mülki vəzifələr götürürlər. Hüquqi şəxsin orqanlarının seçilməsi və ya təyin edilməsi qaydası, müvafiq olaraq, nizamnamə, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” və “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyənləşdirilir. Maddə 49.2. Hüquqi şəxs öz iştirakçıları, habelə təmsilçiləri vasitəsilə mülki hüquqlar əldə edə bilər və öhdəsinə mülki vəzifələr götürə bilər. Maddə 49.3. Hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq, ehtiyatlı olmaq, habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. Hüquqi şəxsin nizamnamə kapitalında ən azı 5 faiz paya (səhmə) malik olan iştirakçısının (iştirakçılarının) tələbi ilə o, vəzifələrini pozduğu halda, pozuntu nəticəsində hüquqi şəxsə dəymiş zərərin əvəzini ödəməlidir. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Maddə 405.2. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Maddə 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Maddə 406.2. Əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır. Maddə 406.3. Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər. Maddə 407.1. Müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır. Maddə 407.2. Sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Maddə 433.1. Borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Maddə 433.2. Əgər öhdəliyin icrasını ixtiyarsız şəxs qəbul edərsə, öhdəlik kreditorun buna razılıq verməsi və ya bu icradan fayda götürməsi şərti ilə icra olunmuş sayılır. Maddə 433.3. Öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır.

29. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

30. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

31. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq və təfsir etmiş, qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

32. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" QSC - “Satıcı”, "xxxx" MMC – “Alıcı” olaraq tərtib olunmuş 2020-ci il 22 aprel tarixli 1/20-069AZ nömrəli “Bitki mühafizə vasitələrinin satışına dair” Müqavilə “Satıcı” "xxxx" QSC tərəfindən imzalanıb-möhürlənsə də, həmin Müqavilə “Alıcı” "xxxx" MMC tərəfindən imzalanmamışdır. Lakin, məhkəmə araşdırması zamanı satıcı "xxxx" QSC tərəfindən kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən alıcı "xxxx" MMC-yə bitki mühafizə vasitələri kimi müxtəlif dərman preparatlarının verilməsi və bununla əlaqədar 2020-ci il 22 aprel, 2020-ci il 14 iyul və 22 sentyabr 2020-ci il tarixlərində "xxxx" MMC-yə müvafiq qaydada tərtib olunmuş Elektron qaimələr təqdim olunması, tərəflər arasında “Qarşılıqlı borcların üzləşdirilməsi barədə” 2021-ci il 23 fevral tarixli akt tərtib olunması, həmin akta əsasən Sabfruit MMC-nin "xxxx" QSC-yə 14678,33 manat borcu olduğu, həmin aktın sonunda həm iddiaçı həm cavabdeh hissələrində “direktor” və “baş mühasib” qrafalarının qarşısında imzalar və müəssisələrin möhürlərinin əks edildiyi müəyyən edilmişdir. Həmçinin məhkəmə araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəməxətşünaslıq ekspertizasının 19 may 2022-ci il tarixli, 4/661 nömrəli ekspert rəyi ilə 2021-ci il 23 fevral tarixli tarixli “Qarşılıqlı borcların üzləşdirilməsi barədə” Aktın Cavabdehnə aid hissəsinin “Direktor” qrafasındakı imza X2 (direktor-qanuni təmsilçi) tərəfindən yox, başqa şəxs tərəfindən icra olunduğu müəyyən edilsə də, həmin Akt cavabdehin möhürü ilə möhürlənmiş və cavabdeh tərəf möhürü mübahisələndirməmişdir.

33. Birinci instansiya məhkəməsi müəyyən edilmiş bu hallara əsasən iddianın qismən təmin edilməsi nəticəsinə gəlmişdir.

34. Cavabdeh MMC birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmayaraq apellyasiya şikayəti vermişdir.

35. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, məhkəmə qanunvericiliyin verdiyi bütün mümkün imkanlardan istifadə etməklə işi tam, hərtərəfli və obyektiv araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.

36. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.

37. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

38. Məhkəmə kollegiyası tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətinin dəlilləri ilə bağlı hüquqi dəyərləndirmə apararaq aşağıda şərh olunanları qeyd etməyi zəruri hesab edir.

39. Apellyator şikayətin birinci dəlili olaraq tərəflər arasında müqavilə münasibətlərinin olmadığını, müqavilə bağlanılmadığını, heç bir hüquqi əsası olmayan bir «müqavilə» əsasında qətnamə qəbul edildiyini, bununla da mülki qanunvericiliyin müddəalarının kobud şəkildə pozulduğunu göstərmişdir.

40. Kollegiya şikayətin bu dəlili ilə razılaşmır və əsassız hesab edir, bununla bağlı aşağıda şərh olunanları bildirir:

41. Kollegiya ilk növbədə qeyd edir ki, tərəflər arasında öhdəlik hüquq münasibətlərinin yaranması və bu konteksdən hüquqi dəyərləndirmə aparılmasında birinci instansiya məhkəməsi haqlı olmuşdur.

42. Qeyd olunmalıdır ki, azad sahibkarlıq və bazar iqtisadiyyatı şəraitində əmlak və əmlakla bağlı qeyri-əmlak münasibətlərindən əmələ gələn öhdəliklərin icrasının böyük iqtisadi-sosial əhəmiyyəti vardır. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir.

43. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır.

44. Mülki Məcəllənin müqavilənin forması ilə bağlı qaydaları müəyyən edən 406-cı maddəsinə əsasən, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.

45. Mülki Məcəllə ilə müəyyən edilmiş formalar, belə formalar müəyyən edilmədikdə isə tərəflərin qarşılıqlı razılığı ilə şərtləşdirilmiş formaya riayət edilməlidir. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Şifahi müqavilə onu bağlamaq iradəsi şəxsin rəftarından məlum olduqda bağlanmş hesab olunur (maddə 329).

46. Göründüyü kimi mülki qanunvericilikdə müqavilələrin şifahi və yazılı formada bağlanması nəzərdə tutulmuşdur. Qeyd etmək lazımdır ki, mülki qanunvericilikdə yazılı formada bağlanması tələb olunan müqavilələrə dair imperativ göstərişin olması, digər mülki-hüquqi əqdlərin yazılı və ya şifahi formada bağlanmasını qadağan etmir.

47. İşin müəyyən edilmiş hallarından göründüyü kimi tərəflər arasında yazılı müqavilə bağlanılmamışdır. Lakin yazılı müqavilənin bağlanılmaması tərəflər arasında şifahi razılaşmaya əsaslanan müqavilə münasibətlərinin olmasını inkar edən hal kimi qiymətlədirilə bilməz.

48. Eyni zamanda qeyd edilməlidir ki, qanunvericilik müqavilənin yazılı olmasını tələb edərsə belə müqaviləsinin şifahi forması bir qayda olaraq həmin müqavilənin etibarlılığını şübhə altına alan müstəqil əsas hesab edilə bilməz. Belə ki, mülki hüquq nəzəriyyəsinə görə mülki-hüquqi əqd bağlamaq niyyətini açıq şəkildə göstərən müəyyən hərəkətlər edildikdə şifahi müqavilə bağlanmış hesab edilə bilər.

49. İşin hallarından göründüyü kimi cavabdeh tərəf dərman preparatlarının alqısatqısına dair verilmiş elektron qaimələri qəbul etmiş, ödənişlər etmiş, tərəflər arasında “Qarşılıqlı borcların üzləşdirilməsi barədə” Akt tərtib etməklə tərəflər arasında müqavilə münasibətlərinin yarandığını göstərən aşkar hərəkətlər etmişdir.

50. Kollegiya, Ali Məhkəmənin Qərarının 66-cı bəndində göstərilənlərə diqqət yetirərək hesab edir ki, Qarşılıqlı borcların razılaşdırılması barədə akt və elektron qaimələrin mövcudluğu tərəflər arasında şifahi razılaşma əsasında faktiki müqavilə münasibətlərinin mövcudluğuna dəlalət edən və inkar olunmayan haldır.

51. Bu şərh olunanlara əsasən məhkəmə kollegiyası cavabdehin tərəflər arasında bağlanmış müqavilənin olmaması və bu səbəbdən müqavilə münasibətlərdən irləi gələn öhlədəlik hüquq münasibətlərinin yaranmamasına dair dəlili ilə razılaşmır.

52. Şikayətin ikinci bir dəlili –apellyator nə qanuni təmsilçi tərəfindən, nə də ki, bununla bağlı qanunla nəzərdə tutumuş qaydada səlahiyyət verilmiş digər şəxs tərəfindən imzalanması müvafiq sənədlərlə təsdiqini tapmayan “Qarşılıqlı borcların üzləşdirilməsi barədə” Aktın hansı hüquqi əsasla cavabdeh üçün hüquqi öhdəlik yaratması, iş üzrə sübutların natamam araşdırılması, sübutların düzgün qiymətləndirilməməsi halını mübahisələndirmişdir.

53. İşin müəyyən edilmiş hallarından göründüyü kimi birinci instansiya məhkəməsindəki araşdırma zamanı təyin edilmiş məhkəmə xəttşünaslıq ekspertizanın 19 may 2022-ci il tarixli, 4/661 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, 2021-ci il 23 fevral tarixli Qarşılıqlı borcların üzləşdirilməsi barədə aktda Cavabdeh MMC qrafasının aşağı hissəsində yerləşən “Direktor” qrafasındakı imza- X2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.

54. Birinci intsansiya məhkəməsi ekspert rəyi ilə müəyyən edilmiş bu halla həmin Aktın Cavabdeh MMC-nin möhüru ilə möhürlənməsi və cavabdeh tərəfindən möhürün mübahisələndirilməməsi faktı üzrə müqaisəli qiymətləndirmə apararaq, hesab etmişdir ki, akt və elektron qaimələrlə əsas borcun tutulması hissədə iddia tələbi təsdiqini tapır.

55. Kollegiya bu qiymətləndirmə ilə razılaşaraq qeyd edir ki, hüquqi şəxslər mülki dövriyyənin daha mütəşəkkil subyektləri olmaqla öz üzvləri tərəfindən seçilən (təyin edilən) təmsilçiyə, icra və nəzarət orqanlarına, hüquq münasibətlərinə rəsmi forma verən möhürə və rekvizitlərə, o cümlədən təsis sənədlərinin və digər zəruri rekvizitlərin saxlanılmasına maddi məsul olan şəxslərə malikdir. Möhürlə təsdiq edilmiş sənədi mübahisələndirən tərəf həmin sənədin tərtib edildiyi tarixə möhürün itirilməsi, ücüncü şəxslərin əlinə keçməsi və s. bu kimi halları sübuta yetirmək vəzifəsi daşıyır. Qeyd olunmalıdır ki, sənədi imzalamış şəxsin səlahiyyətli şəxs olmadığının müəyyən edilməsi hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş sənədin birmənalı olaraq qeyri-mötəbər sübut kimi qiymətləndirilməsinə əsas vermir.

56. Ali Məhkəmənin Qərarının 74-cü bəndinin göstərişinə uyğun olaraq şikayətin bəhs edilən dəlili üzrə aparılmış apellyasiya araşdırma zamanı dindilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında MMC-yə məxsus möhurun oğurlanması və bu kimi halların olmadığını, lakin Aktdakı möhürün MMC-yə məxsus möhür olmadğını, MMC-nin möhürünə bənzədiyini bildirmişdir.

57. O da qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsində aparılmış araşdırma zamanı cavabdeh tərəf möhürü mübahisələndirməmişdir, eyni zamanda apellyasiya şikayətinin dəlillərindən də bu hal əksini tapmamışdır.

58. İş materiallarında olan Sabunçu rayon Prokurorluğunun “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 2022-ci il 29 sentyabr tarixli Qərarda cavabdehin qanuni təmsilçisinin izahatında aktdakı möhürün Cavabdeh MMC-nin möhürünə bənzədiyi qeyd olunmuş (cild 1, i/v 176), işə birinci instansiya məhkəməsində baxılarkən cavabdehin qanuni təmsilçisi 2022-ci il 13 aprel tarixli məhkəmə iclasında müəssisənin möhürünün itirilmədiyini bildirmişdir (cild 1, i/v 74).

59. Mübahisələndirilən hala aydınlıq gətirilməsi, sübutlarının mötəbərliyinin, həmçinin hərtərəfli və obyektiv araşdırmanın təmin edilməsi məqsədi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 08 iyun 2023-cü il tarixli qərardadı ilə iş üzrə sənədlərin məhkəmə-texniki ekspertizası təyin edilmişdir.

60. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekpertizası Mərkəzinin 18 sentyabr 2023-cü il tarixli ekspert rəyinin tədqiqatının nəticəsində göstərilmişdir: a) Tədqiqata təqdim edilmiş 23 fevral 2021-ci il tarixli qarşılıqlı borcların üzləşdirilməsi barədə aktda olan "xxxx" MMC-nin möhür əksi axınlı printerdə çap edilmişdir. b) Tədqiqata təqdim edilmiş 23 fevral 2021-ci il tarixli qarşılıqlı borcların üzləşdirilməsi barədə aktda olan "xxxx" MMC-nin möhür əksinin təsviri ekspertizaya təqdim edilmiş "xxxx" MMC-nin möhürün eksperimental əks nümunələri ilə eynilik təşkil edir. c) Tədqiqata təqdim edilmiş 23 fevral 2021-ci il tarixli qarşılıqlı borcların üzləşdirilməsi barədə aktda olan "xxxx" MMC-nin möhür əksinin təsviri ekspertizaya təqdim edilmiş xx.xx.2022-ci il tarixli 01-22 nömrəli etibarnamədə olan "xxxx" MMC-nin möhürün sərbəst əks nümunəsi ilə eynilik təşkil etmir.

61. Göründüyü kimi tədqiqata təqdim edilmiş 23 fevral 2021-ci il tarixli “Qarşılıqlı borcların üzləşdirilməsi barədə” Aktdakı möhür əksi "xxxx" MMC tərəfindən təqdim edilmiş möhür əksinin eksperimental nümunələri ilə eynilik təşkil etdiyi müəyyən edilmişdir.

62. Kollegiya qeyd edir ki, həmin eksperimental nümunələr cavabdeh nümayəndəsi tərəfindən təqdim edilmişdir. Odur ki, həmin nümunələrdə əks olunun möhür nümünələrinin doğruluğu şübhə doğura bilməz.

63. Kollegiya həmçinin qeyd edir ki, 23 fevral 2021-ci il tarixli Qarşılıqlı borcların üzləşdirilməsi barədə Aktda olan "xxxx" MMC-nin möhür əksinin təsviri ekspertizaya təqdim edilmiş xx.xx.2022-ci il tarixli 01-22 nömrəli etibarnamədə olan "xxxx" MMC-nin möhürün sərbəst əks nümunəsi ilə eynilik təşkil etməməsi həmin Aktın birmənalı olaraq qeyri-mötəbər sübut kimi qiymətləndirilməsinə, bu konteksdən yanaşaraq iddianın rədd edilməsinə əsas vermir.

64. Belə ki, göründüyü kimi “Qarşılıqlı borcların üzləşdirilməsi barədə” akt 23 fevral 2021-ci il tarixdə tərtib edilmiş, Etibarnamə isə 09 fevral 2022-ci il tarixdə verilmişdir, həmin müddətlərdə möhürdə hər hansı bir dəyişiklik edilməsi istisna deyildir. Eyni zamanda qeyd edildiyi kimi eksperitmental nümunələr cavabdehin nümayəndəsi tərəfindən cavabdehə məxsus möhür əksi olduğu bildirələrək məhkəməyə təqdim edilmişdir.

65. Kollegiya Ali Məhkəmənin Qərarının 74-cü bəndinin göstərişi üzrə aparılmış araşdırma zamanı izahat vermiş cavabdehin nümayəndəsi 23 fevral 2021-ci il tarixli “Qarşılıqlı borcların üzləşdirilməsi barədə” Aktda «Baş mühasib» qrafasındakı imzanın MMC-nin mühasibi tərəfindən imzalanıb-imzalanmaması barədə dəqiq məlumat verə bilmədiyini, bildiyi qədər MMC-nin mühasibinin imzası olmadığını göstərmiş, Aktın qanuni təmsilçi tərəfindən imzalanmadığı öz təsdiqini tapdığından və mülki qanunvericilikdə hüquqi şəxsin adından tərtib edilmiş sənədlərdə mühasibin imzasının tələb olunduğuna dair göstəriş olmadığından bu halı mübahisələndirməyə zərurət görmədiyini bildirmişdir.

66. Qeyd olunanlar belə qənaətə gəlməyə əsas verir ki, 23 fevral 2021-ci il tarixli “Qarşılıqlı borcların üzləşdirilməsi barədə” aktdakı möhür əksi cavabdehə məxsus möhür əksidir, şikayətin həmin üzləşmə aktının qeyri-mötəbərliyi ilə bağlı dəlili əsassızdır.

67. Şikayətin digər dəlili - apellyator müxtəlif dərman preparatlarının verilməsinə dair elektron qaimələri mübahisələndirərək, həmin qaimələrin sübut növü olaraq qəbul edilməsinin, müqavilə münasibətlərinin əsası kimi qiymətləndirmənin yolverilməz olduğunu göstərmişdir.

68. Kollegiya şikayətin bu dəlilini də əsassız hesab edir.

69. Kollegiya şikayətin bu dəlili üzrə qiymətləndirmə olaraq elektoron qaimə ilə bağlı qanunvericiliyin müdəallarının nəzərdən keçirilməsinə zərurət görür.

70. «Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi» Qaydaları: 1.2. Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir 3.1. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaimə-fakturanı elektron formada göndərir. 3.2. Elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir. 3.3. Cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. 3.4. Bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-sı, 2.2.9-cu və 2.2.10cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir.

71. Qanunvericiliyin müəyyən etdiyini qaydalarından göründüyü kimi Elektron qaimə-faktura elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən ilkin uçot sənədi olmaqla göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən qaytarıla və ya təsdiqlənə bilər.

72. Kollegiya qeyd edir ki, cavabdeh tərəf həmin qaimələrin mötəbərliyini mübahisələndirsə də bu qaimələrin cavabdehə göndərilməsi işin mübahisəsiz halıdır və həmin qaimələrin doğruluğu şübhə yaradırdısa qaimələrin göndərildiyi vaxtdan 5 gün ərzində cavabdeh tərəf onu qaytara bilərdi. Lakin göründüyü kimi qaimələrin qaytarılması halı qeydə alınmamışdır. Nə də cavabdeh tərəfindən qaimələrə etirazla bağlı edilmiş hərəkətlərə dair məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Qeyd olunan bu hallar isə şikayətin dəlillərinin formal mülahizə kimi qiymətləndirilməsinə əsas verir.

73. Məhkəmə kollegiyası vurğulayır ki, məhkəmə icraatı tərəflərin bərabərlik prinsipini əks etdirməklə, hər bir tərəfin irəli sürdüyü dəlillərin özü tərəfindən sübut edilməsini ehtiva edir.

74. MPM-nin sübutetmə yükü ilə bağlı müddəalarında aşağıdakılar müəyyən edilmişdir: məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (MPM-in 14.2, 77.1, 80, 81-ci maddələri).

75. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanıb, heç bir sübutla öz təsdiqini tapmadığına görə birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğvi üçün əsaslı hesab edilə bilməz.

76. Məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

77. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 378- 382, 384.0.1, 392-393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 24 iyun 2022-ci il tarixli, e-2-2(119)-170/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar