Məhkəmə qərarları › İş №2-2(105)-8/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-8/2024

15.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-8/2024 15.01.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər X3 və Rəhimov Elman Gülbaba oğlundan ibarət tərkibdə, Əliyeva Aysel Sərvan qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ”zərərin ödənilməsi” tələbi barədə kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-157/2023 nömrəli, 15 avqust 2023-cü il tarixli qətnaməsindən iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İŞİN HALLARİ

1. Xocalı Rayon Polis Şöbəsinin “Cinayət təqibinə xitam verilməsi haqqında” 01 may 2022-ci il tarixli qərarından görünür ki, 06 fevral 2022-ci il tarixdə Cavabdeh1 idarə etdiyi “Hyundai County” markalı ** EA *** dövlət qeydiyyat nişanlı nəqlliyyat vasitəsi ilə Xocalı rayonu, Sığnaq kəndindən Şuşa şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirdiyindən mikroavtobus aşmış və nəticədə sərnişinlər və Cavabdeh1 müxtəlif bədən xəsarətləri almışdır. 06 fevral 2022-ci il tarixdə Cavabdeh1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılmış, cinayət işinə Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən xitam verilmiş, Cavabdeh1 əməlində İnzibati Xətalar Məcəlləsinin 327.2 və 332.1ci maddələrinin tərkib əlamətləri olduğundan barəsində inzibati protokol tərtib edilməsi üçün qərarın surəti Xocalı Rayon Polis X12 Polis Bölməsinə göndərilmişdir.

2. Xocalı Rayon Polis X12 Polis Bölməsinin “inzibati xəta haqqında” 17 iyul 2022ci il tarixli ******* nömrəli protokolundan görünür ki, Cavabdeh1 “Hyundai County” markalı ** EA *** dövlət qeydiyyat nişanlı avtobusu idarə edərkən İnzibati Xətalar Məcəlləsinin 327.2 və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiyi üçün barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur.

3. Xocalı Rayon Polis X12 Polis Bölməsinin “İnzibati tənbeh vermə haqqında” 17 iyul 2022-ci il tarixli ******* nömrəli Qərarından görünür ki, Mürşüdov X6 Xətalar Məcəlləsinin 327.2 və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiyinə görə 60 manat məbləğində cərimə edilmişdir.

4. X8 Xidmətinin “İnzibati xəta haqqında” 16 fevral 2022-ci il tarixdə inzibati xəta haqqında ******* nömrəli protokoldan görünür ki, əmək müqaviləsi qüvvəyə minmədən Cavabdeh2 tərəfindən Cavabdeh1 işlərin yerinə yetirilməsinə cəlb edilmiş, nəticədə Cavabdeh2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir.

5. X8 Xidmətinin “İnzibati tənbeh vermə haqqında” 24 fevral 2022-ci il tarixli ******* nömrəli Qərarından görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 3000 manat məbləğində cərimə edilmişdir.

6. İcraçı-fərdi sahibkar Cavabdeh2 ilə sifarişçi “X13 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi arasında bağlanmış 11 yanvar 2022-ci il tarixli, KOL-ŞU-120 nömrəli xidmət müqaviləsinə əsasən icraçı qanuni əsaslarla mülkiyyətində (istifadəsində) olan avtonəqliyyat vasitəsi ilə “Hyundai County” markalı, 28+1 nəfərlik, **-BG-*** dövlət nömrə nişanlı avtobus sifarişçiyə sərnişin daşıma xidmətini göstərməyi, sifarişçi isə xidmət haqqını müqavilədə razılaşdırılmış qaydada və müddətdə ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilədə 1 ədəd nəqliyyat vasitəsinin 1 (bir) təqvim ayı üçün xidmət haqqı avtobus üçün 5000 manat, ehtiyac olduqda mikroavtobus üçün 3200 manat müəyyən edilmişdir.

7. 11 yanvar 2022-ci il tarixli KOL-ŞU-120 nömrəli xidmət müqaviləsinə 14 yanvar 2022-ci il tarixli 01 nömrəli Əlavəyə əsasən “Hyundai County” markalı, 28+1 nəfərlik, **- BG-*** dövlət nömrə nişanlı avtobusun yerinə xidmət göstəriləcək texnikaların ** EA *** dövlət nömrə nişanlı, ** EA *** dövlət nömrə nişanlı, ** DS *** dövlət nömrə nişanlı “Hyundai County” markalı 28+1 nəfərlik avtobuslar və ** BL *** dövlət nömrə nişanlı “Mercedes-Benz Sprinter” markalı “15+1” nəfərlik mikroavtobus olduğu qeyd edilmişdir.

8. 05 may 2022-ci il tarixli AA041/1101 nömrəli aktdan görünür ki, “Auto Azərbaycan” şirkəti tərəfindən ban nömrəsi KMJHD17CP8C039826 olan “Hyundai County” markalı, ** EA *** dövlət nömrə nişanlı avtomobilə ilkin baxış keçirilən zaman dəyişdirilməsinə ehtiyac olan ehtiyat hissələrinin dəyəri ümumilikdə 35229,66 manat müəyyən edilmişdir. Eyni zamanda aktda qeyd edilmişdir ki, qeyd olunanlar ilkin baxış zamanı aşkar olunmuşdur, avtomobilin təmiri zamanı aşkar olunacaq təmirə ehtiyacı olan ehtiyat hissələrinin adları son akta əlavə ediləcəkdir.

9. 25 iyul 2023-cü il tarixli 9/4455 nömrəli ekspert rəyindən görünür ki, tədqiq edilən 2007-ci il buraxılışlı “Hyundai County” markalı, ** EA *** dövlət nömrə nişanlı avtomobilin hazırkı vəziyyətdə əksər hissələri dəyişilməklə əsaslı təmir olunması rentabelli hesab olunmur və zərərçəkmişə dəymiş maddi ziyanın məbləği salamat qalan yararlı hissələrin dəyərini çıxmaqla təxminən 21000 (35000-40%) manat müəyyən edilir.

10. 11 aprel 2022-ci il tarixli 220411-079 nömrəli servis iş əmrindən görünür ki, “Auto Azərbaycan” şirkətinə 200 (iki yüz) manat məbləğində servis haqqı ödənilmişdir.

11. “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” 02277 nömrəli 14 noyabr 2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı tərəfindən 400 (dörd yüz) manat məbləğində mediasiya xərci ödənilmişdir.

12. 16 noyabr 2022-ci il tarixli 1600 nömrəli “Hüquqi yardım göstərilməsi” haqqında müqavilədən görünür ki, Vəkil1 tərəfindən İddiaçı hüquqi yardım göstərilməsi müqabilində 100 (yüz) manat məbləğində hüquqi yardım haqqı və 10 (on) manat məbləğində marka pulu ödənilməsi nəzərdə tutulmuşdur.

Birinci instansiya məhkəməsindəki icraat

13. İddiaçı 11 yanvar 2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ”zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək mülkiyyətində olan “Hyundai” markalı, ** EA *** dövlət nömrə nişanlı mikroavtobusa yol nəqliyyat hadisəsi zamanı vurulmuş zərərə görə 35230 (otuz beş min iki yüz otuz) manat məbləğində pulun, vurulmuş zərərə görə məhrum olduğu qazancın əvəzi olaraq 40000 manat məbləğində pulun, hüquqi yardım ilə bağlı ödənilmiş 170 manatın, 400 manat məbləğində ödənilmiş mediasiya xərcinin və 200 manat servis haqqının cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğuldur və mülkiyyətində olan nəqliyyat vasitələrini icarəyə verməklə qazanc əldə edir. İş üzrə Cavabdeh2 İddiaçı “X13 Sanayi və Ticarət Anonim Şirkəti”nin işçilərinin daşınması üçün nəqliyyat vasitəsinə ehtiyac olduğunu və sürücü ilə birlikdə nəqliyyat vasitəsini ona icarəyə verməyini, əvəzində hər ay 4000 manat məbləğində pul verəcəyini bildirmişdir. Aralarındakı şifahi razılaşmadan sonra iddiaçı ona məxsus “Hyundai” markalı “County” model ** EA *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini sürücüsü Şahid1la birlikdə Xocalı rayonu Sığnaq kəndinə göndərmişdir. Bir müddət sonra Cavabdeh2 ona zəng edərək Türkiyə vətəndaşlarının göndərilən sürücüyə etiraz etdiklərini, buna görə sürücünü dəyişdiyini və öz tanışını təyin etdiyini bildirmiş, bir gün sonra - 06 fevral 2022-ci il tarixdə mikroavtobusu idarə edən Cavabdeh1 şirkətin işçilərini işə apararkən mikroavtobusu aşırtmış və avtobusdakı sərnişinlərin xəsarət alması ilə yanaşı mikroavtobus da yararsız hala düşmüşdür. Faktla bağlı araşdırma başlanılmış, Xocalı Rayon Polis Şöbəsinin müstəntiqi tərəfindən 01 may 2022-ci il tarixdə CM-nin 73-1-ci maddəsini əsas gətirməklə cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarılmış, Cavabdeh1 əməlində İnzibati Xətalar Məcəlləsinin 327.2 və 332.1-ci maddələrinin tərkib əlamətləri olduğundan inzibati protokol tərtib edilməsi üçün qərarın surəti RPŞ-nin DYPB-yə göndərilmişdir. İddiaçı tərəfindən qəza törədən Cavabdeh1 etibarnamə verilməmiş, habelə “X13 Sanayi və Ticarət Anonim Şirkəti” ilə hər hansı müqavilə bağlanmamışdır. İddiaçının Cavabdeh2 ilə şifahi razılaşması olmuş, müəyyən qazanc qarşılığında nəqliyyat vasitəsini ona təqdim etmiş, o da şirkətlə xidməti müqavilə bağlayaraq aldığı puldan həm iddiaçının ödənişini etmək, həm də əlavə gəlir götürmək niyyətində olmuşdur. İddiaçı nəqliyyat vasitəsini idarə edərək yol nəqliyyat hadisəsini törədən Cavabdeh1 tanımamış, ona nəqliyyat vasitəsinin idarə edilməsi üçün etibarnamə verməmişdir. Cavabdeh1 Cavabdeh2 işçisi olmuşdur, Cavabdeh2 istəyi ilə nəqliyyat vasitəsini o idarə etmiş və yol nəqliyyat hadisəsini törətmişdir. Belə olan halda Cavabdeh2 həm nəqliyyat vasitəsinə vurulmuş zərərlə, həm də sahibkarlıq fəaliyyətinin subyekti olaraq təqsirli davranışı ilə iddiaçını uzun müddətdir ki, qazanc əldə etməsindən məhrum etmiş, iddiaçı sahibkar olaraq nəqliyyat vasitələrini icarəyə verməklə gəlir əldə etdiyi halda hazırkı nəqliyyat vasitəsinin yararsız hala düşməsinə görə 2022-ci ilin yanvar ayından bu günədək aralarındakı şifahi razılaşmaya əsasən hər ay 4000 manat məbləğində gəlirdən də məhrum olmuşdur.

15. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Məhkəmə iclasında Cavabdeh1 izahatında iddianı qəbul etməyərək bildirmişdir ki, Cavabdeh2 tərəfindən ona nasaz nəqliyyat vasitəsi təqdim edilmiş və nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. Buna görə də baş vermiş qəzada onun heç bir təqsiri yoxdur.

17. Məhkəmə iclasında Cavabdeh2 izahatlarında bildirmişdir ki, o, 2022-ci ilin yanvar ayında “X13 Sanayi və Ticarət Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi ilə sərnişin daşınması ilə bağlı xidmət müqaviləsi bağlamış və müqavilədə bir ədəd nəqliyyat vasitəsinə görə 1 təqvim ayı üçün xidmət haqqı 5000 manat müəyyən edilmişdir. Bundan sonra müxtəlif şəxslərə məxsus nəqliyyat vasitələrini, o cümlədən Şahid2 vasitəçiliyi ilə İddiaçı məxsus “Hyundai County” markalı ** EA *** dövlət qeydiyyat nişanlı avtobusu Xocalı rayonuna göndərmişdir. O, Xocalı rayonuna göndərdiyi hər avtobusdan aylıq 1000 manat qazanc əldə etməli idi. “Hyundai County” markalı ** EA *** dövlət qeydiyyat nişanlı avtobusu əvvəllər İddiaçı verdiyi etibarnamə əsasında Şahid1 sürsə də, o, işdən çıxarıldıqdan sonra nəqliyyat vasitəsini Cavabdeh1 idarə etməyə başlamış və həmin gün-06 fevral 2022-ci il tarixdə yol nəqliyyat hadisəsi törətmişdir.

18. Məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, İddiaçı verdiyi etibarnaməyə əsasən “Hyundai County” markalı ** EA *** dövlət qeydiyyat nişanlı avtobusu təxminən 20 gün sürdükdən sonra Cavabdeh2 sürücü kimi Cavabdeh1 gətirmiş, lakin sonuncu avtobusu idarə etməyə başladıqdan təxminən 10 dəqiqə sonra yol nəqliyyat hadisəsi törətmişdir.

19. Məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid2 izahatında bildirmişdir ki, hazırda o, İddiaçı məxsus avtobusların birinin sürücüsü kimi işləyir. O, Cavabdeh2 ilə 2017-2018-ci illərdə bir yerdə işləmişdir. Əliyev X7 ərazisinə göndərmək üçün avtobus axtarması barədə ona dedikdən sonra onu İddiaçı ilə əlaqələndirmiş, bundan sonra onlar özləri danışıb razılığa gəlmişlər. Cavabdeh1 tərəfindən yol nəqliyyat hadisəsi törədildikdən sonra Cavabdeh2 ona zəng vuraraq qəza barədə məlumat vermiş, bundan sonra o, məsələ ilə bağlı İddiaçı söyləmiş və onunla birlikdə hadisə yerinə getmişlər.

20. Məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid3 ifadəsində “Hyundai County” markalı ** EA *** dövlət qeydiyyat nişanlı avtobusu idarə etdiyi vaxt nəqliyyat vasitəsinin əyləc sisteminin zəif olduğunu və bununla bağlı Şahid1 tez-tez nəqliyyat vasitəsinin sahibi ilə telefon əlaqəsi saxlayaraq məlumat verdiyini bildirmişdir.

21. Məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid4 ifadəsində “Hyundai County” markalı ** EA *** dövlət qeydiyyat nişanlı avtobusun əyləc sisteminin zəif olması barədə eşitdiyini bildirmişdir.

22. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-157/2023 nömrəli, 15 avqust 2023-cü il tarixli qətnaməsi ilə (hakim Həlimə Alıyeva) iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 21000 (iyirmi bir min) manat məbləğində dəymiş maddi ziyan, mediasiya prosesinin keçirilməsi ilə əlaqədar ödənilmiş 400 (dörd yüz) manat məbləğində mediasiya xərci, hüquqi yardımla bağlı ödənilmiş 110 (yüz on) manat məbləğində xidmət haqqı və 200 (iki yüz) manat məbləğində ödənilmiş servis haqqı olmaqla, cəmi 21710 (iyirmi bir min yeddi yüz on) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq X2 ödənilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada dövlət nəfinə 153 (yüz əlli üç) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

23. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəlik hüquq münasibətləri yaranmış, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı əmlakına maddi ziyan vurmuşlar. Buna görə də məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı məxsus nəqliyyat vasitəsinə vurulmuş maddi ziyanın əvəzi tutulmalıdır. Lakin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutulmalı olan dəymiş maddi ziyanın məbləği müəyyən edilərkən iş üzrə keçirilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının 25 iyul 2023-cü il tarixli 9/4455 nömrəli ekspert rəyi mötəbər sübut olaraq nəzərə alınmalı, cavabdehlərdən İddiaçı xeyrinə 21000 (iyirmi bir min) manat məbləğində dəymiş maddi ziyanın əvəzi tutulmalıdır. Bundan başqa iddiaçı iddia tələbində vurulmuş zərərə görə məhrum olduğu qazancın əvəzi olaraq 40000 manat məbləğində pulun cavabdehlərdən tutularaq ona ödənilməsini xahiş etsə də, həmin hissənin əsaslılığını təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Buna görə məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin olunmamalıdır.

24. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 1096.1, 1096.2, 1097.1, 1099.1, 1099.2, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.4, 119.1, 119.2, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3, 9.1- 1, 9.4, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.

25. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işi tam araşdırmaqla yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

26. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki,: - hadisə baş verdiyi gün Hyundai markalı ** EA *** dövlət nişanlı markalı sərnişin avtobusu reysə buraxıldığı zaman əyləc(tormoz) sistemi, sükanı və digər texniki xüsusiyyətləri yoxlanılmadan, müayinə olunmadan avtomobilin istismarına yol verilib. Hadisənin baş vermə səbəbi araşdırılmayıb və avtomobilin əyləc sisteminin saz-nasaz olmağı araşdırılmayıb. Avtoqəzanın baş verməsində təqsiri olub-olmadığı araşdırılmayıb. Sərnişin daşıma sahəsində uzun müddətli sürücülük təcürbəsi vardır. Necə olur ki, Hyundai markalı avtomobili idarə etməyə başladığı ilk gün avtoqəza baş verir. Burda ilk öncə avtomobilin əyləc sisteminin nasaz olmağından və ya sürücülük təcrübəsi olmadığından xəbər verir. Avtomobilin ilk günü avtoqəzaya uğramağı olduqca kəskin bir faktdır. - bundan başqa, iddiaçı Hyundai markalı ** EA *** dövlət nişanlı avtomobilə avtoqəzanın nəticəsində ehtiyyat hissələrinin dəyişikliyə uğraması və yararsız hala düşməsi, dəyişdirilməsinə zərurətin olduğu barədə Auto Azərbaycan şirkətinin nəzdində Auto Azərbaycan Servis Mərkəzində keçirtdiyi ilkin baxış və ehtiyyat hissələrinin dəyişdirilməsinə zərurətin olduğu barədə AKT N AA041/1101 saylı aktı təqdim edir. Həmin aktda göstərilən ehtiyyat hissələrinin həqiqətən həmin məzmunda olmağını təsdiq edən avtomobilin fotoşəkilləri işə əlavə olunmamışdır. Bu da özlüyündə həqiqətən göstərilən sayda və məzmunda ehtiyyat hissələrinin olmağını və həqiqətən yararsız, bərpa olunmaz şəkildə olduğunu bildirmir. Əlavə olaraq avtomobilin sadalanan ehtiyyat hissələri Auto Azərbaycan Servis Mərkəzinin rəyi ilə yanaşı Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin eksperti Qəhramanov Elvin 9/4455 saylı rəyində də sadalanan ehtiyyat hissələrinin köhnəliyinə (amortizasiya) görə real qiyməti müəyyən edilməmişdir. Bu səbəbdən ekspertizaya avtomobilin foto şəkilləri və həqiqətən bərpa olunmaz şəkildə sıradan çıxmış ehtiyyat hissələrinin siyahısı təqdim edilərək onların işlənmiş şəkildə bazar qiymətləri müəyyənləşməlidir. Lakin məhkəmə nə avtoqəzanın baş verməyində təqsirinin olub-olmadığı (əyləc sisteminin nasaz olmağını, avtomobil texniki baxışdan keçməməyinin), nə göstərilən sayda və xüsusiyyətdə yararsız hala düşmüş köhnə ehtiyyat hissələrinin mövcüd olmasında, nə də ki, avtomobilin hazırki vəziyyətini təsdiq edən fotoşəkillərinin məhkəməyə təqdim edilməsində təşəbbus göstərməməsi bunda maraqlı olmadığından xəbər verir. - məsələ mütləq avtomobilin həm fotoşəkilləri, həm də real olaraq yararsız və bərpa olunmaz şəkilə düşən ehtiyyat hissələrinin siyahısı və məzmunu yenidən müəyyən edilərək onların köhnəlmə dərəcəsinə uyğun olaraq qiymətləndirilməlidir. Avtomobilin əyləc sistemi nasaz olduğu bir yerdə onu ən yüksək səviyyədə sürücü idarə etsəydi belə, yenə də avtoqəzanın baş verməyi qaçılmaz idi. Qəzaya uğramış Hyundai markalı ** EA *** dövlət nişanlı avtomobil qeyd olunan zərərdən qat-qat az məbləğ xərcləməklə bərpa olunub və hazırda istifadə olunur və ya istifadəyə verilmək üzrədir. - Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reydqabağı yoxlanılması, sürücülərin reysqabağı müayinəsinin keçirilməsi haqqında qaydaların 2.4, 2.5,2.6, 2.6.1, 2.6.2,2.7,2.8,2.9,2.10-cu maddələrinin tələbləri pozulmuşdur. Hyundai markalı ** EA *** nömrəli dövlət nişanlı sərnişın daşıyan avtobusun reysə buraxılmamış reysqabağı tormoz sistemi və digər hissələrinin texniki sazlığının yoxlanılmasını və bu barədə “Avtonəqliyyat vasitələrinin reysqabağı müayinə jurnalı”nda qeydlərin aparılması və aparılan müayinənin nəticələri barədə möhürlə təsdiq edilmiş arayışı təqdim etməliydi. Avtomobilin texniki vəziyyətinin reysqabağı yoxlanılması barədə arayış olmadan avtonəqliyyat vasitələri daşımalara buraxılmalıdır. Məhkəmə isə nə avtomobilin mülkiyyətçisindən, nə də daşıyıçı şirkətdə bu cür Arayışın məhkəməyə təqdim etməsini təklif etməmişdir. Avtomobilin tormoz sisteminin nasaz olmağı və bu vəziyyətdə olduğu halda reysə buraxılmağı avtoqəzanın baş verməyini qaçılmaz edirdi. Belə olduğu halda sürücünün də hər hansı məsuliyyətindən söhbət gedə bilməz. Göstərilən norma tədbiq edilməklə iddia tələbi rədd olunmalıydı. Çünki avtomobilin tormoz sisteminin saz olmağı iddiaçı tərəfindən sübut olunmayıb. - məhkəmə 2007-ci il buraxılışı olan Hyundai markalı avtomobilə dəymiş ziyanın məbləğinin müəyyənləşdirilməsi üçün Məhkəmə ekspertiza mərkəzinin 25 iyul 2023-cü il tarixli rəyinə əsaslanaraq iddia tələbini 21000 manat dəyərində təmin etmək qərarına gəlmişdir. Lakin avtomobilin ehtiyyat hissələrinin nə dərəcədə köhnəldiyini, həqiqətən də Avto Azərbaycan Servis Mərkəzinin AA041/1101 nömrəli aktda göstərilən sayda və məzmunda olduğunu müəyyənləşdirmədən və ekspertizaya avtomobilin fotoşəkilləri təqdim etmədən Ekspertiza qarşısında avtomobilə dəyən ziyanın nə qədər təşkil etdiyini tələb etmişdir. Bu da ekspert Qəhrəmanov Elvinin “Avto Azərbaycan” Servis Mərkəzinin aktına istinad etmədən, müstəqil rəy verməyini və fotoşəkillər əsasında dəymiş zərərin müəyyənləşdirməyi imkanını mümkünsüz edir. X1 rəyində qiymətləndirilən avtomobilə dəymiş ziyanın dəyərini, yəni ehtiyyat hissələrinin köhnəlmə dərəcəsinə uyğun qiymətləndirməyib. Ziyanın bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Praktiki olaraq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin eksperti X10 markalı avtomobilə dəymiş zərərin qiymətləndirilməsi üçün yalnız iddiaçı tərəfindən əvvəlcədən Avto Azərbaycan Servis mərkəzindən alınan akt təqdim olunmuşdur. Bu da ekspertə həmin akta istinad etməklə rəyin verilməsindən başqa bir yolun olmadığı kimi başa düşülür. Ekspertə avtomobilin şəkilləri təqdim olunmalı idi. Məhkəmə iddiaçıdan qəzalı vəziyyətdə olan avtomobilin şəkillərini tələb etməmiş və ya avtomobilə baxış keçirilməmişdir. Belə olduğu halda ekspert rəyinin obyektivliyindən söhbət gedə bilməz. - avtoqəzanın onun təqsiri, yoxsa nəqliyyatın əyləc sistemində texniki nasazlıq olması üzündən baş verdiyi və avtomobilin ehtiyyat hissələrinin köhnəlmə dərəcəsinə uyğun qiymətləndirilmədiyindən (ehtiyyat hissələrinin real dəyəri) qətnamə qanunsuzdur. - məhkəmə nəqliyyatın əyləc sisteminin texniki vəziyyətini və onun avtoqəzada təqsirinin olmadığı kimi mühüm əhəmiyyət kəsb edən halı aydınlaşdırsaydı qətnaməni qət etməzdi.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

28. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin təmin edilməsini və qətnamənin ləğv edilməsini xahiş etdi.

29. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinin təmin edilməsini və qətnamənin ləğv edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə kollegiyasının əvvəlki iclaslarında iştirak etmiş, məhkəmə iclasları təxirə salınmışdır.

TƏTBİQ EDİLƏN HÜQUQ

30. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Maddə 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Maddə 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.

31. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 18 aprel 2012-ci il tarixli Qərarı

32. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...) Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..) Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...).384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...) Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...) Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

33. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommmersiya Kollegiyasının xx.xx.2023cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

34. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

35. İşin istinad olunan halları ilə müəyyən olunur ki, İddiaçı şifahi razılaşma əsasında “Hyundai County” markalı ** EA *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini hər ay 4000 manat müqabilində Cavabdeh2 vermiş, sonuncu həmin avtobusu “X13 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi ilə bağladığı xidmət müqaviləsinə əsasən şirkətin işçilərini daşımaq üçün Xocalı rayonuna göndərmişdir. Avtobusu əvvəllər iddiaçının verdiyi etibarnamə əsasında Şahid1 idarə etsə də, 06 fevral 2022-ci il tarixdə həmin nəqliyyat vasitəsini Cavabdeh2 tərəfindən işə cəlb olunmuş Cavabdeh1 idarə etmiş və Cavabdeh1 həmin gün yol nəqliyyat hadisəsi törətmiş, nəticədə iddiaçıya məxsus “Hyundai County” markalı ** EA *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə zərər dəymişdir. X8 Xidmətinin 24 fevral 2022-ci il tarixli ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarı ilə müəyyən olunur ki, Cavabdeh1 Cavabdeh2 tərəfindən əmək müqaviləsi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmişdir.

36. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə qiymət verərək aşağıdakıları qeyd edir.

37. Xocalı Rayon Polis X12 Polis Bölməsinin “inzibati xəta haqqında” 17 iyul 2022ci il tarixli ******* nömrəli protokolundan görünür ki, Cavabdeh1 “Hyundai County” markalı ** EA *** dövlət qeydiyyat nişanlı avtobusu idarə edərkən İnzibati Xətalar Məcəlləsinin 327.2 və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiyi üçün barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur.

38. Xocalı Rayon Polis X12 Polis Bölməsinin “İnzibati tənbeh vermə haqqında” 17 iyul 2022-ci il tarixli ******* nömrəli Qərarından görünür ki, Mürşüdov X6 Xətalar Məcəlləsinin 327.2 və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiyinə görə 60 manat məbləğində cərimə edilmişdir.

39. İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən, (Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulması) svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə- altmış manat məbləğində cərimə edilir.

40. İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinə əsasən, (Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsi) nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə- qırx manat məbləğində cərimə edilir.

41. Göründüyü kimi, cavabdeh nəqliyyat vasitəsinin nasaz olduğunu qeyd etsə də, “Hyundai County” markalı ** EA *** dövlət qeydiyyat nişanlı avtobusu idarə edərkən İnzibati Xətalar Məcəlləsinin 327.2 və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiyi üçün barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş və Xocalı Rayon Polis X12 Polis Bölməsinin “İnzibati tənbeh vermə haqqında” 17 iyul 2022-ci il tarixli ******* nömrəli Qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 327.2 və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiyinə görə 60 manat məbləğində cərimə edilmişdir.

42. Ekspert rəyinin əsassızlığı, ekspertə fotoşəkillərin təqdim olunmaması barədə dəlili ilə bağlı isə kollegiya edir ki, ekspert rəyində qeyd olunmuşdur ki, “Malın (işin, xidmətin) bazar qiyməti tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti deməkdir. Malın (işin, xidmətin) bazar qiyməti müəyyənləşdirilərkən və təsbit olunarkən malın (işin, xidmətin) bazar qiymətləri və birca kotirovkaları haqqında rəsmi məlumat mənbələrindən, dövlət və yerli hakimiyyət orqanlarının məlumat bazalarından, vergi ödəyicilərinin dövlət vergi orqanlarına verdikləri məlumatlardan, yaxud reklam mənbələrinin məlumatlarından və digər müvafiq məlumatlardan istifadə edilir. Yuxarıda qeyd olunan xüsusatlara müvafiq aparılmış tədqiqat nəticəsində Bakı şəhərində yerləşən avtomağaza və avtoservis müəssisələrində mövcud olan qiymətlərə, internet saytı məlumatlarına əsasən yol-nəqliyyat hadisəsindən əvvəlki vəziyyətdə, xarici əmtəə görünüşü və hərəkət hissələri saz vəziyyətdə olan təyinatı üzrə istifadəyə yararlı 2007-ci il buraxılışlı “Hyundai County” markalı, **-EA-*** markalı avtomobilin istismar müddəti nəzərə alınaraq hadisə baş verən tarixə respublikadaxili orta bazar pərakəndə satış qiyməti təxminən 35000,0 manat müəyyən edilir. Tədqiq edilən “Hyundai County” markalı, **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobilin hazırki vəziyyətdə əksər hissələri dəyişilməklə əsaslı təmir olunması rentabelli hesab olunmur və həmin avtomobilin salamat qalan yararlı vəziyyətdə hissələri avtomobilin dəyərinin təxminən 40%-ni təşkil edir. Beləliklə, tədqiq edilən 2007-ci il buraxılışlı “Hyundai County” markalı, **-EA-*** dövlət nömrə nişanlı avtomobilin hazırki vəziyyətdə əksər hissələri dəyişilməklə, əsaslı təmir olunması rentabelli hesab olunmur və zərərçəkmişə dəymiş maddi ziyanın məbləği salamat qalan yararlı hissələrin dəyərini çıxmaqla təxminən 21000,0 (35000,0 m - 40%) manat müəyyən edilir.”

43. Bundan başqa, qeyd olunmalıdır ki, ekspert rəyinin istinad olunduğu 05 may 2022-ci il tarixli AA041/1101 nömrəli “Auto Azərbaycan” şirkətinin aktı avtomobilə ilkin baxış keçirilməklə tərtib olunmuş və dəyişdirilməsinə ehtiyac olan ehtiyat hissələrinin dəyəri ümumilikdə 35229,66 manat müəyyən edilmişdir.

44. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq cavabdehin dəlillərini əsassız hesab edir. Belə ki, tərəflər arasında mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəlik hüquq münasibətləri yaranmış, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı əmlakına maddi ziyan vurulmuşdur. Buna görə də, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı məxsus nəqliyyat vasitəsinə vurulmuş maddi ziyanın əvəzinin tutulması, dəymiş maddi ziyanın məbləği müəyyən edilərkən iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 25 iyul 2023-cü il tarixli 9/4455 nömrəli ekspert rəyi nəzərə alınmaqla cavabdehlərdən iddiaçının xeyrinə 21000 manat məbləğində dəymiş maddi ziyanın əvəzinin tutulması barədə birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olmuşdur.

45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-157/2023 nömrəli, 15 avqust 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar