Məhkəmə qərarları › İş №2-2(105)-80/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-80/2021

26.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki dövriyyənin iştirakçıları arasında hesablaşmalar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-80/2021 26.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Zaur İkram oğlu Məmmədov, hakimlər Fuad Əli oğlu Məmmədov və Hökümə Çingiz qızı Babayevadan ibarət tərkibdə, Gülsaba Xeyrulla qızı Ağayevanın katibliyi ilə, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X1, cavabdehin nümayəndəsi və vəkili X3 iştirakı ilə, Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-334/2018 saylı, xx.xx.2021-ci il tarixli qərardadından İddiaçı MMC tərəfindən verilmiş şikayətə Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qiyabi qətnaməsi ilə iddia təmin edilərək Cavabdeh MMC-dən 69574 manat məbləğində borcun tutularaq İddiaçı MMC-yə ödənilməsi, Cavabdeh MMC-nin İddiaçı MMC-nin anbarında saxladığı malları daşıması qət edilmişdir. Cavabdehin nümayəndəsi X.Musayev qeyd edilən qiyabi qətnamənin ləğvinə dair ərizə verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə ilə müraciət edərək, daha sonra isə ərizəyə əlavə verərək müddətin bərpa edilməsini və qiyabi qətnamənin ləğvi barədə ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, Cavabdeh MMC tərəfindən Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli qiyabi qətnaməsinin ləğvinə dain ərizə verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilmişdir. İddiaçı MMC-nin nümayəndəsi N.Hüseynzadə həmin qərardaddan şikayət verərək onun ləğv edilməsini, əks təqdirdə şikayətin baxılmaq üçün apelyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, savadsızlıq şəxsin qanunu bilməməsi və onun nəticələrinə görə cavabdehlik daşımaması üçün əsas deyil. Qanun hər kəsə eyni səviyyədə şamil olunur və hər kəs qanun qarşısında bərabərdir. Məhkəmə yanlış olaraq cavabdeh hüquqi şəxs ola- ola ona fiziki şəxs kimi yanaşmışdır. Şikayətdə Mülki Məcəllənin 448.3 və 49.3-cü maddələrinə istinad edilməklə göstərilir ki, hazırki iş üzrə məhz hüquqi şəxsin öhdəliklərini yerinə yetirməməsindən söhbət gedir və mübahisənin tərəfi kimi hüquqi şəxs çıxış edir. Belə olduğu halda, məhz hüquqi şəxs öz hərəkətlərinə görə məsuliyyət daşıyır. Qanuni təmsilçisi isə hüquqi şəxsin adından çıxış edən olduğu üçün hüquqi şəxsin hərəkətlərinə görə məsuliyyət daşımalıdır. Qətnamənin hüquqi ünvana çatdırılması və qəbul edilməsi faktı artıq qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə təsdiq olunduğu üçün aktın nəticələri də cavabdeh üçün məcburidir və ona yenidən münasibət bildirilməsi qanuni qüvvəyə minmiş məhkəmə aktlarının preyudisiallığı prinsipinə ziddir. Ərizəyə baxılarkən prosessual qaydalara əməl olunmamış, məhkəmə ərizədə qaldırılan məsələlərdən kənara çıxaraq işə mahiyyəti üzrə baxmışdır. Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxxx 2021-ci il tarixli e-2-2(119)-334/2018 saylı qərardadı ilə şikayətin təmin edilməməsi və iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. (hakim Z.Məmmədov) Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 şikayəti müdafiə edərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və ərizənin rədd olunması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X6 şikayəti qəbul etməyərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 şikayəti qəbul etməyərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə kollegiyası iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyərək, iş materiallarını və şikayəti araşdıraraq hesab edir ki, şikayət ərizəsi təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi xx.xx.2021-ci il tarixli qərardadı ilə ərizəni təmin edərkən qeyd edilən ünvana çatdırılmış qətnamədən cavabdeh hüquqi şəxsin yeganə təsisçisi və qanuni təmsilçisi (direktoru) olan A.Alıyevin məlumatının olmaması, habelə onun savadsız olması səbəbindən qətnamənin ləğvi barədə ərizə ilə vaxtında müraciət etməməsi barədə dəlillərinin əsaslı olmasını qeyd etmiş və hesab etmişdir ki, cavabdehin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə təminat verilmiş məhkəmə müdafiəsi hüququnu reallaşdırılmasına şərait yaradılması üçün buraxılmış prosessual müddətin bərpası məqsədəmüvafiqdir. Əks halda, təsisçisi və qanuni təmsilçisi (direktoru) bir fiziki şəxs olan Cavabdeh MMC-nin məhkəmə müdafiəsi hüququ pozula bilər. Belə ki, Konstituisyasının 60-cı maddəsinin İİİ hissəsi iş üzrə tərəflərin məhkəmə prosesində iştirakını təmin etmək məqsədilə hər kəsin məhkəmə prosesində dinlənilmək hüququnu da nəzərdə tutur. Kollegiya iş materiallarını araşdıraraq birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və qeyd edir ki, hazırkı iş üzrə müddətin bərpa edilməməsi işin halları nəzərə alınmaqla təsisçisi və qanuni təmsilçisi (direktoru) bir fiziki şəxs olan Cavabdeh MMC-nin Azərbaycan Respublikasının Konstitutsiyasının 60-cı maddəsi və Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsi ilə təminat verilən məhkəmə müdafiəsi hüququnun pozulması, məhkəmə əlçatanlığının formal əsaslarla məhdudlaşdırılması ilə nəticələnə bilər. Mülki Prosessual Məcəllənin 244-cü maddəsinə əsasən cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Azərbaycan Respublikası MPM-nin 398-ci maddəsinə əsasən аpellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-334/2018 saylı, xx.xx.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar