Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-81/2025 03.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏTNAMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası sədrlik edən hakim Məmmədov Zaur İkram oğlu, məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu və hakim Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 24 aprel 2025-ci il tarixli, e-2-2(119)-642/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında işə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İşin halları
1. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 11 dekabr 2023-cü il tarixli AT/250/2023/45 nömrəli “mühasibat uçotunun audit xidmətinin göstərilməsinə dair” müqavilənin 1.1-ci bəndinə əsasən icraçı sifarişçinin mühasibat uçotunun təqdim etdiyi sanədlər əsasında müəssisədə mühasibat uçotunun 2022-ci il audit yoxlamasını həyata keçirməsini və xidmətin nəticəsi olaraq müayinə aktı təqdim etməyi, sifarişçi isə həmin xidmətin dəyəri olaraq bu müqavilə ilə nəzərdə tutulmuş məbləği ödəməyi öhdəsinə götürmüşdür.
2. 11 dekabr 2023-cü il tarixli qiymətlərin razılaşdırılması protokoluna əsasən 2022ci il üzrə maliyyə hesabatlarının audit xidmətlərinin göstərilməsi üçün xidmət məbləği 6535 manat olaraq müəyyən edilmişdir.
3. 07 yanvar 2024-cü il tarixli xidmətlərin təhvil-qəbul aktına əsasən İddiaçı tərəfindən Cavabdehnə göstərilmiş 6535 manat dəyərində xidmət təhvil alınmışdır.
4. İddiaçı tərəfindən Cavabdehnə 6535 manat dəyərində audit xidmətlərinin göstərilməsi ilə əlaqədar xx.xx.2024-cü il tarixli MT2404 seriyalı 00824081 nömrəli elektron qaimə-faktura təqdim olunmuşdur.
5. İddiaçı tərəfindən Cavabdehnə 18 noyabr 2024-cü il tarixdə X1 Sistemi vasitəsilə pretenziya məktubu göndərilərək 11 dekabr 2023-cü il tarixli AT/250/2023/45 nömrəli “mühasibat uçotunun audit xidmətinin göstərilməsinə dair” müqavilə üzrə yaranmış 6535 manat manat borcun və ödənişin vaxtında ödənilməməsinə görə illik 5 faiz olmaqla əlavə ödənişin 5 iş günü müddətində iddiaçının müqavilədə göstərilmiş bank hesabına ödənilməsi xahiş olunmuşdur.
Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı sadələşdirilmiş icraat qaydasında Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 6535 (altı min beş yüz otuz beş) manat məbləğində əsas borc, 1176,3 (min yüz yetmiş altı manat otuz qəpik) manat məbləğində ƏDV borcu, gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 385,56 (üç yüz səksən beş manat əlli altı qəpik) manat və 106 (yüz altı) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 8202,86 (səkkiz min iki yüz iki manat səksən altı qəpik) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında 11 dekabr 2023-cü il tarixli AT/250/2023/45 nömrəli mühasibat uçotunun audit xidmətlərinin göstərilməsinə dair müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən 11 dekabr 2023-cü il tarixli qiymətlərin razılaşdırılma protokoluna əsasən maliyyə hesabatlarının audit xidmətlərinin göstərilməsinin (2022-ci il üzrə) qiyməti 6535 manat müəyyənləşdirilmişdir. Bundan sonra iddiaçı tərəfindən müvafiq xidmət həyata keçirilmişdir. Cavabdeh xidmətlərin təhvil-qəbul aktını imza möhürlə təsdiq edərək xidməti qəbul etmişdir. Qeyd edilən xidmət üzrə 6535 manat əsas borc ödənilməmişdir. Bununla bağlı xx.xx.2024-cü il tarixli pretenziya ilə cavabdehə müraciət olunsa da, cavabdeh ödənişi ödəməkdən yayınır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.
8. Sumqayıt Kommersiya Məhkəməsinin 24 aprel 2025-ci il tarixli, e-2-2(119)- 642/2025 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdehndən 6535 (altı min beş yüz otuz beş) manat məbləğində əsas borcun, gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 88,63 (səksən səkkiz manat altmış üç qəpik) manat məbləğində pulun və 86,24 (səksən altı manat iyirmi dörd qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 6709,87 (altı min yeddi yüz doqquz manat səksən yeddi qəpik) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçınə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
9. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Sumqayıt Kommersiya Məhkəməsinin 24 aprel 2025-ci il tarixli, e-2-2(119)-642/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin və apellyasiya şikayətinə etirazın dəlilləri
10. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən iddia ərizəsində görülən xidmətlərin dəyərinin ödənilməməsi qeyd edilsə də, müqavilə üzrə ödənilməli olan məbləğ MMC-yə əlbəəl şəkildə ödənilmişdir. Şikayətdə göstərilir ki, müqavilə şərtlərinə uyğun olaraq MMC-yə ödəniş həmin müqavilədə qeyd olunan bank hesabından ödənilməli idi. "xxxx"MMc-nın maddi sıxıntıları ucbatından onlara aid olan bank hesablarına 2024-cü ilin may ayından Sumqayıt Şəhəri üzrə İcra İdarəsi tərəfindən inkasso sərəncamı qoyulmuşdur. Bundan başqa digər bank hesablarının üzərində də sərəncamlar olduğundan rəsmi şəkildə ödəniş etmək mümkün olmamışdır. Belə ki, uzun müddətdir MMC maddi sıxıntılar yaşayır. Hal-hazırda bir neçə məhkəmə qətnamələrinin icrasl ilə bağlı icra işləri və məhkəmə mübahisələri mövcuddur. Müqavilə öhdəliyindən boyun qaçırmırlar. Sadəcə ödənilməli olan məbləği iddiaçı MMC-yə əlbəəl şəkildə ödəmişdir, rəsmi şəkildə ödənilmədiyindən müqavilə də ləğv edilməmişdir. Göründüyü kimi MMC-nin maddi vəziyyətində sıxıntıların yaranması müqavilə bağlanılarkən nəzərdə tutulmamışdır. Əksinə müqaviləlni bağlamaq məqsədi MMC-nin mühasibatlıq məsələlərinin həlli ilə bağlı olmuşdur. Çünki MMC daha çox mal istehsal edərək malları satış bazarına çıxartmaq, daha çox gəlir əldə etmək niyyətində olmuşdur. MMC-nin fəaliyyətinin daha da genişləndirlməsi məqsədi ilə işğaldan azad olmuş Cəbrayıl rayonunda da MMC-nin yeni bir filialını açmaq fikrində olunmuş. Hətta bununla bağlı bir neçə addımlar atılaraq orada zavodun tikintisinə başlanılmışdır. Məlumat olaraq bildirmişdir ki, “X3 Zonası” Sənaye Parkının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən, Cavabdeh MMC-yə X3 X2 yeni rezidenti qeydiyyat şəhadətnaməsi verilmişdir. Ölkənin ərazi bütövlüyü təmin olunduqdan sonra Cəbrayıl rayonunun Soltanlı kəndi yaxınlığında 200 (iki yüz) hektar torpaq sahəsində Cavabdeh MMC dezinfeksiyaedici, maye yuyucu və ağardıcı məhsulların istehsalını həyata keçirən zavod inşa edəcək. Həmçinin zavodları aztəminatlı, şəhid ailələri, müharibə iştirakçılarının işləməsi üçün lazım olan şəraiti yaratmışdır. İstər müharibə, istərsə pandemiya zamanı ölkə üçün mühüm əhəmiyyət kəsb edən xeyriyyə işlərində yaxından iştirak etmiş, lazımi tədbirlərin həyata keçirilməsində maddi, mənəvi səylərini, köməyini əsirgəməmişdir. Bütün bunlar maliyyə dəstəyi tələb etdiyindən MMC bu günki gün bu böhranı yaşayır. Hesab edir ki, bütün bu hallar məhkəmə tərəfindən nəzərə alınaraq qərar çıxarılmalı, pulun əlbəəl ödənilməsini rəsmi sənəd kimi qəbul edilməsi üçün addımlar atılmalı idi. MMC-nin maliyə problemləri ilə bağlı bank hesablarında hal-hazırda da inkasso sərəncamları var. İddiaçı MMC-yə pulu əlbəəl ödəsələr də, məhkəməyə təqdim ediləcək heç bir sübutları yoxdur. Lakin hesablara qoyulmuş inkasso sərəncamları, məhkəmə icraatında olan işlər həmin pulu əlbəəl şəkildə ödəmələrinin əyani sübutudur. Məhkəmə qətnaməsi qanunvericiliyi səhv tətbiq edilməklə və lazımi əsaslandırılmadan, yalnızca iddia ərizəsinə istinad etməklə qəbul edilmişdir. Ona görə də qətnamə tamamilə qanunsuz və əsassızdır. İş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır.
Məhkəmə prosesi iştirakçılarının izahatları:
11. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
12. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Maddə 752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
15. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
16. Belə ki, müəyyən ediilmişdir ki, tərəflər arasında 11 dekabr 2023-cü il tarixli AT/250/2023/45 nömrəli “mühasibat uçotunun audit xidmətinin göstərilməsinə dair” müqavilə bağlanmış, həmin müqavilə üzrə İddiaçı tərəfindən Cavabdehnə 6535 manat dəyərində audit xidməti göstərilmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməyərək həmin xidmətlərin dəyərini ödəməmişdir. İddianı qismən təmin edən birinci isnstansiya məhkəməsi iş materiallarına əsasən düzgün olaraq müəyyən etmişdir ki, tərəflər arasında mühasibat uçotunun audit xidmətinin göstərilməsinə dair müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, lakin cavabdeh müqavilə ilə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetiməmişdir. Buna görə məhkəmə hesab etmişdir ki, iddia tələbi müqavilə üzrə ödənilməmiş 6535 (altı min beş yüz otuz beş) manat məbləğində əsas borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində əsaslıdır və təmin edilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. İddiaçı qətnamə ilə razılaşaraq iddianın təmin olunmayan hissəsindən apellyasiya şikayəti verməmişdir.
17. Cavabdehin apellyasiya şikayətində qeyd eydiyi müqavilə üzrə ödənilməli olan məbləği MMC-yə əlbəəl şəkildə ödənilməsi dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz.
18. Cavabdeh müqavilə üzrə ödənilməli olan məbləği MMC-yə ödənilməsini təsdiq edən mötəbər sübutları prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə birinci instansiya məhkəməsinə təqdim etməmişdir. Hətta hazırkı işə sadələşdirilmiş icraat qaydasında baxılmasına baxmayaraq məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə tərəflərin izahatlarının alınması zəruri olduğundan, işə iddia icraatı qaydasında baxılmasını qərara almış, lakin cavabdeh hər-hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi isə apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək cavabdeh tərəfindən müqavilə üzrə hər-hansı ödənişin həyata keçirilmədiyini bildirmiş, apellyasiya şikayətinin məqsədinin də ödəniş vaxtının makasimum uzadılması olduğunu bildirmişdir.
19. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər mötəbər sübutlarla öz təsdiqini tapmadığından birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.
20. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası:
Q Ə T E T D İ:
Cavabdeh Prestij-Kimya” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 24 aprel 2025-ci il tarixli, e-2-2(119)- 642/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.