Məhkəmə qərarları › İş №2-2(105)-82/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-82/2021

05.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-82/2021 05.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı1 açıq səhmdar cəmiyyətinin nümayəndəsi X4 və cavabdeh “Qafqazenerqoservis” şirkətinin nümayəndəsi X2 iştirakları ilə açıq məhkəmə iclasında Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(85)-820/2010 saylı, 02 aprel 2021-ci il tarixli qərardadından cavabdeh “Qafqazenerqoservis” şirkətinin şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(85)-820/2010 saylı, 02 aprel 2021-ci il tarixli qərardadı ilə (sədrlik edən, hakim Xəqani Tağıyev) İddiaçı1 açıq səhmdar cəmiyyətinin cavabdeh “Qafqazenerqoservis” şirkətinə qarşı borcun tutulması tələbinə dair iş üzrə “Qafqazenerqoservis” şirkətinin Sumqayıt Yerli İqtisad Məhkəməsinin 20.08.2010-cu il tarixli, 2(85)-820/2010 nömrəli qiyabi qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpasına dair vəsatəti təmin edilməmiş, cavabdeh “Qafqazenerqoservis” şirkəti qərardaddan şikayət vermişdir. İŞİN HALLARİ: İş materiallarından görünür ki, İddiaçı1 açıq səhmdar cəmiyyəti iddia ilə məhkəməyə müraciət edərək “Qafqazenerqoservis” şirkətindən cəmiyyətin Abşeron filialının xeyrinə 164600 ABŞ dolları əsas, 27413 ABŞ dolları faiz, 27400 ABŞ dolları dəbbə pulu, cəmi 219413 ABŞ dolları məbləğində kredit borcunun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş “Qafqazenerqoservis” şirkətinə məxsus 1 ədəd Poladəritmə elektrik qövs sobasına yönəldilməsi, sobanın açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin “Qafqazenerqoservis” şirkətinin cəmiyyətə olan 219413 ABŞ dolları borcun ödənilməsinə yönəldilməsi, iddia ərizəsinə görə ödənilən 20 manat dövlət rüsumu xərcinin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş, Sumqayıt Yerli İqtisad Məhkəməsinin 20 avqust 2010-cu il tarixli, 2(85)-820/2010 saylı qiyabi qətnaməsi ilə İddiaçı1 açıq səhmdar cəmiyyətinin iddiası təmin edilmiş, “Qafqazenerqoservis” şirkətindən İddiaçı1 açıq səhmdar cəmiyyətinin xeyrinə 164600 ABŞ dolları məbləğində əsas borc, 27413 ABŞ dolları məbləğində faiz borcu, 27400 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 219413 ABŞ dolları məbləğində kredit borcunun və 20 manat ödənilmiş dövlət rüsumunun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, “Qafqazenerqoservis” şirkətinə məxsus 1 ədəd poladəritmə elektrik qövs sobasına yönəldilməsi, həmin daşınar əmlakın açıq hərracda satılması üçün ixtisaslaşdırılmış açıq hərrac təşkilatının sərəncamına verilməsi, “Qafqazenerqoservis” şirkətinə məxsus 1 ədəd poladəritmə elektrik qövs sobasının açıq hərracda satışından əldə ediləcək vəsait hesabına "Qafqazenerqoservis” şirkətinin İddiaçı1 açıq səhmdar cəmiyyətinə olan kredit borcunun və ödənilmiş dövlət rüsumunun tutulması, artıq qalan hissənin “Qafqazenerqoservis” şirkətinə verilməsi qət edilmişdir. Cavabdeh “Qafqazenerqoservis” şirkəti ərizə ilə məhkəməyə müraciət edərək qiyabi qətnamənin ləğv edilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(85)-820/2010 saylı, 14 oktyabr 2020-ci il tarixli qərardadı ilə “Qafqazenerqoservis” şirkətinin Sumqayıt Yerli İqtisad Məhkəməsinin 20.08.2010-cu il tarixli, 2(85)-820/2010 nömrəli qiyabi qətnaməsinin ləğv edilməsi barədə ərizəsindən imtina olunmuşdur. Cavabdeh “Qafqazenerqoservis” şirkəti həmin qərardaddan şikayət vermişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(85)-820/2010 saylı, 13 noyabr 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(105)-26/2021 saylı, 29 yanvar 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(85)-820/2010 saylı, 14 oktyabr 2020-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Cavabdeh “Qafqazenerqoservis” şirkəti Sumqayıt Yerli İqtisad Məhkəməsinin 20.08.2010-cu il tarixli, 2(85)-820/2010 saylı qiyabi qətnaməsindən apellyasiya şikayəti vermiş, eyni zamanda vəsatətlə məhkəməyə müraciət edərək Sumqayıt Yerli İqtisad Məhkəməsinin 20.08.2010-cu il tarixli, 2(85)-820/2010 saylı qiyabi qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa olunmasını xahiş etmiş və vəsatətini onunla əsaslandırmışdır ki, qiyabi qətnamədən apellyasiya şikayətinin vermə müddətinin ötürülməsi cavabdehdən asılı olmayan subyektiv səbəblərdən baş verdiyindən üzürlü hesab edilib, bərpa olunmalıdır. Belə ki, İddiaçı1 açıq səhmdar cəmiyyətinin “Qafqazenerqoservis” şirkətinə qarşı kredit borcu tələbinə dair işə cavabdehin iştirakı olmadan qiyabi icraatda baxılmışdır. İddiadan, onunla bağlı məhkəmə proseslərindən və daha sonra da qiyabi qətnamədən cavabdehin məlumatı olmamışdır. İş üzrə tərəflər arasında bağlanmış 13.10.2006-cı il tarixli, 65/06 saylı kredit müqaviləsinə əsasən “Qafqazenerqoservis” şirkətinə illik 16 faizə, 12 ay müddətinə 190000 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh bu kreditdən 107611 ABŞ dolları, daha sonra da 56881 ABŞ dolları ödəmişdir. Lakin bank 192000 (164600 ABŞ dolları əsas + 27400 ABŞ dolları faiz) ABŞ dolları borc olduğu tələbi ilə çıxış etdiyindən, aralarında mübahisə yaranmışdır. Tərəflər 05.06.2015-ci il tarixdə kredit müqaviləsi üzrə ümumi borc qalığının 107719 ABŞ dolları olduğuna razılaşmış, bu barədə kredit müqaviləsinə əlavəni təsdiqləmiş və həmin əlavə ilə müəyyən edilən şərtlər cavabdeh tərəfindən tam yerinə yetirilmişdir. Həmin əlavə ilə müəyyən edilmiş borcun təminatı üçün qoyulmuş əmlakın girovdan çıxarılması üçün müraciət ediləndə, iddiaçı bundan imtina etmiş, səbəbini də mübahisə ilə bağlı qiyabi qətnamə olduğunu bildirmiş və qətnamə ilə müəyyən edilmiş borcu tələb etmişdir. Nəticədə şirkətin eyni kredit məbləği üzrə iki dəfə ödəniş etmək məcburiyyətində qalaraq ağır vəziyyətə düşmüşdür. Buna görə də şirkət ipotekanın ləğvi barədə iddia qaldırmış və həm də qiyabi qətnaməni əldə etmək üçün Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmişdir. Qiyabi qətnamə 28.09.2020-ci il tarixdə şirkətə təqdim edilmişdir. Qiyabi qətnamənin ləğvinə dair ərizə müddət baxımından təmin edilməmiş və bununla bağlı Sumqayıt Apellyasiya Məhkəməsi 29.01.2021-ci il tarixdə qərardad qəbul etmişdir. Bu səbəbdən də, yəni qiyabi qətnamənin ləğvi barədə ərizə təmin edilmədiyindən, şirkət adı çəkilən qiyabi qətnamədən ümumi qaydada apellyasiya şikayəti vermə hüququndan istifadə edə bilər. Bundan başqa, qiyabi qətnamənin mövcudluğu eyni borc üçün cavabdehin üzərinə təkrar ödəmək kimi qəbul olunmaz əlavə öhdəliklər qoyulmasına, eyni zamanda iddiaçı tərəfin əsassız varlanmasına real şərait yaratmışdır. Ona görə də şikayət vermə ilə bağlı dəlillər baxımından qiyabi qətnamədən apellyasiya şikayətinin verilməsi müddətinin ötürülməsi cavabdehdən asılı olmayan səbəbdən irəli gəlməsi, həmçinin qətnamənin yaratdığı məcburi icra edilməli olan öhdəlikləri şirkət qanunla verilən hüququnun aşkar şəkildə pozulmasına səbəb olması ədalət baxımından apellyasiya şikayətinin vermə müddəti bərpa edilib, iddia ilə bağlı işin apellyasiya qaydasında baxılması üçün yetərli əsaslardır. Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(85)-820/2010 saylı, 02 aprel 2021-ci il tarixli qərardadı ilə “Qafqazenerqoservis” şirkətinin Sumqayıt Yerli İqtisad Məhkəməsinin 20.08.2010-cu il tarixli, 2(85)-820/2010 nömrəli qiyabi qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpasına dair vəsatəti təmin edilməmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdeh “Qafqazenerqoservis” şirkəti qərardaddan şikayətini onunla əsaslandırmışdır ki, qərardad ləğv edilməli, vəsatət təmin olunmalıdır. Belə ki, İddiaçı1 açıq səhmdar cəmiyyəti şirkətə qarşı kredit borcu tələbi ilə bağlı iş cavabdehin iştirakı olmadan, qiyabi icraatda baxılmışdır. İddiadan, onunla bağlı məhkəmə proseslərindən və daha sonra da qiyabi qətnamənin qəbul edilməsindən şirkətin məlumatı olmamışdır. Qiyabi qətnamənin aid olduğu tərəflərin kredit borcu ilə bağlı münasibətlərin gedişatına diqqət edəkən də bunu aydın görmək olur. İş üzrə tərəflər arasında mövcud olmuş 13.10.2006-cı il tarixli, 65/06 saylı kredit müqaviləsi əsasında “Qafqazenerqoservis” şirkətinə illik 16 faizə, 12 ay müddətinə 190000 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh bu kreditin əsas məbləğindən 107611 ABŞ dolları, daha sonra da 56881 ABŞ dolları, cəmi 164492 ABŞ dolları ödəmişdir. Lakin bank 192000 (164600 əsas + 27400 faiz) ABŞ dolları borc tələbi ilə çıxış etdiyindən, aralarında mübahisə yarandığından ödənişlər dayandırılmışdır. Qiyabi qətnamə ilə də həmin mübahisəli məbləğ tam şəkildə təmin edilmişdir. Bu qəbul olunmaz və ədalətsiz tələbdir. Tərəflər 05.06.2015-ci il tarixdə kredit müqaviləsi üzrə ümumi borc qalığının 107719 ABŞ dolları (qiyabi qətnamədə göstərilənlərdən 84281 ABŞ dolları az) olduğuna razılaşmış, bu barədə kredit müqaviləsinə 1 saylı əlavəni təsdiqləmiş və həmin əlavə ilə müəyyən edilən şərtlər “Qafqazenerqoservis” şirkəti tərəfindən tam yerinə yetirilmişdir. Göründüyü kimi, tərəflərin 2015-ci ildə apardıqları üzləşmə və gəldikləri razılaşmaya görə borcun məbləği 107719 ABŞ dolları müəyyən edilmişdir. Qiyabi qətnamədə tələb olunan borcun məbləği isə 192200 ABŞ dolları qeyd olunur. Nəticədə şirkətin eyni kredit məbləği üzrə 84281 ABŞ dolları hissəsində iki dəfə və üstəlik 27400 ABŞ dolları dəbbə pulu ödəniş etmək məcburiyyətində qalmaqla, ağır maliyyə vəziyyətinə salınmışdır. Barəsində apellyasiya şikayəti verilmiş qiyabi qətnamə qüvvəsində qaldığı müddətdə bundan qurtarmaq mümkün deyildir. Bu da şirkətə qarşı aşkar vəziyyətdə ədalətsiz mövqedir. Bundan başqa, yuxarıda qeyd edilənlərdən aşkar şəkildə göründüyü kimi, iddiaçı tərəf həmin qətnamənin mövcudluğundan sui istifadə edir və qətnamə qüvvəsində qaldığı müddətdə bu sui istifadə davam edəcəkdir. Bu da məhkəmə ədalətliyinə xələl gətirən haldır. Məhkəmə aktına apellyasiya qaydasında baxılmasına imkan verilməməsi, şirkəti aşkar şəkildə ədalətsizliklə üzbəüz qoymuşdur. Qiyabi qətnaməyə apellyasiya qaydasında baxılması ilə həm işin mahiyyəti üzrə həllində ədalətliyin və həm də birinci instansiya məhkəməsinin icraatında cavabdehin iştirakının təmin edilmədiyi baxımdan, tərəflərin məhkəmə qarşısında bərabərlik hüququnun bərpası təmin edilmiş olacaqdır. Lakin birinci instansiya məhkəməsi müddətin bərpası ilə bağlı ərizəyə baxarkən, ərizənin təmininə əsas verən qeyd olunanları nəzərə almamışdır. Cavabdeh şikayətində iş üzrə məhkəmə qərardadının ləğv edilməsi, Sumqayıt Yerli İqtisad Məhkəməsinin 2(85)-820/2010 saylı, 20 avqust 2010-cu il tarixli qiyabi qətnaməsindən apellyasiya şikayətinin verilməsinin qanunda nəzərdə tutulmuş ötürülmüş müddətinin bərpası barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh “Qafqazenerqoservis” şirkətinin nümayəndəsi X5 şikayətdə göstərilənlərə uyğun izahat verdi. İddiaçı1 açıq səhmdar cəmiyyətinin nümayəndəsi X6 məhkəmə iclasında şikayətin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə qərardadın dəyişdirilmədən, şikayətin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, şikayətin dəlillərini araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməməli, iş üzrə məhkəmə qərardadı dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin şikayəti iş üzrə məhkəmə qərardadının ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qərardadının qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarından görünür ki, Sumqayıt Yerli İqtisad Məhkəməsinin 20 avqust 2010cu il tarixli, 2(85)-820/2010 saylı qiyabi qətnaməsi ilə İddiaçı1 açıq səhmdar cəmiyyətinin iddiası təmin edilmiş, “Qafqazenerqoservis” şirkətindən İddiaçı1 açıq səhmdar cəmiyyətinin xeyrinə 164600 ABŞ dolları məbləğində əsas borc, 27413 ABŞ dolları məbləğində faiz borcu, 27400 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 219413 ABŞ dolları məbləğində kredit borcunun və 20 manat ödənilmiş dövlət rüsumunun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, “Qafqazenerqoservis” şirkətinə məxsus 1 ədəd poladəritmə elektrik qövs sobasına yönəldilməsi, həmin daşınar əmlakın açıq hərracda satılması üçün ixtisaslaşdırılmış açıq hərrac təşkilatının sərəncamına verilməsi, “Qafqazenerqoservis” şirkətinə məxsus 1 ədəd poladəritmə elektrik qövs sobasının açıq hərracda satışından əldə ediləcək vəsait hesabına "Qafqazenerqoservis” şirkətinin İddiaçı1 açıq səhmdar cəmiyyətinə olan kredit borcunun və ödənilmiş dövlət rüsumunun tutulması, artıq qalan hissənin “Qafqazenerqoservis” şirkətinə verilməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Yerli İqtisad Məhkəməsinin 20 avqust 2010-cu il tarixli, 2(85)-820/2010 saylı qiyabi qətnaməsi üzrə 23 fevral 2011-ci il tarixdə icra vərəqəsi verilmiş və icra olunması üçün Sumqayıt şəhəri üzrə İcra şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən 30 mart 2011-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 134.1.5-ci maddəsinə görə məhkəmə işdə iştirak edən şəxslərə birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını rəsmi qaydada verməlidir. Həmin Məcəllənin 243-cü maddəsinə əsasən qiyabi qətnamə çıxarıldıqdan sonra 10 gündən gec olmayan müddətdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir. İş materiallarından görünür ki, Sumqayıt Yerli İqtisad Məhkəməsinin 20.08.2010-cu il tarixli, 2(85)-820/2010 saylı qiyabi qətnaməsinin surəti "Qafqazenerqoservis” şirkətinə göndərilmiş, "Qafqazenerqoservis” şirkətində Aynur Novruzova tərəfindən 22 yanvar 2011ci il tarixdə poçt göndərişinin verilməsi barədə xəbərnaməyə imza edilməklə alınmışdır. Azərbaycan Respublikası MPM-nin 244-cü maddəsinə görə cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Cavabdeh "Qafqazenerqoservis” şirkəti qiyabi qətnaməni rəsmi qaydada aldıqdan sonra 28 sentyabr 2020-ci il tarixdə qiyabi qətnamənin ləğvi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, qanunverici qiyabi qətnamənin ləğvi ilə bağlı ərizənin verilməsinin 10 günlük müddətinin axımını, qiyabi qətnamənin surətinin işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi günlə əlaqələndirmişdir. Cavabdeh "Qafqazenerqoservis” şirkəti qiyabi qətnaməni rəsmi qaydada aldıqdan sonra 10 gün müddətində deyil, 9 il 8 ay il 6 gündən sonra verilmiş və qanunla müəyyən edilmiş qiyabi qətnamənin ləğvi barədə ərizə vermək müddəti 9 il 7 ay 24 gün buraxılmışdır. Azərbaycan Respublikası MPM-nin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 253.3-cü əsasən qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra şikayət verə bilərlər. Göründüyü kimi, qanunverici qiyabi qətnamədən şikayət verilməsi ilə bağlı müddətin axımını, qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddətinin bitdiyi günlə əlaqələndirmişdir. “Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyun 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. MPM-də müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim olunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası MPM-nin 128-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. İş materiallarından görünür ki, cavabdeh "Qafqazenerqoservis” şirkətinin Sumqayıt Yerli İqtisad Məhkəməsinin 20.08.2010-cu il tarixli, 2(85)-820/2010 saylı qiyabi qətnaməsindən apellyasiya şikayəti və qətnamədən apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa olunması barədə ərizəsi 05 mart 2021-ci il tarixdə poçta, 10 mart 2021-ci il tarixdə isə Sumqayıt Kommersiya Məhkəməsinə daxil olmuşdur. Göründüyü kimi, məhkəmə qətnaməsini rəsmi qaydada aldıqdan sonra cavabdeh “Qafqazenerqoservis” şirkəti tərəfindən apellyasiya şikayətini qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra deyil, 10 ilə yaxın müddət keçdikdən sonra verilmiş və qanunla müəyyən edilmiş apellyasiya şikayətinin verilməsi müddəti buraxılmışdır. Azərbaycan Respublikası MPM-nin 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. “Könül Namidar qızı Qəribovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qeyd etmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizəsindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhəddində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPMin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Məhkəmə kollegiyası qeyd edir ki, müddətin bərpası hər bir halda fərdi xarakter daşıyır, yəni məhkəmə prosessual müddəti konkret şəxs üçün, özü də prosessual hərəkəti edilməsi üçün bərpa edir. Müddətin bərpasının fərdi xarakter daşıması həm də onunla əlaqədardır ki, məhkəmə müvafiq prosessual müddəti yalnız üzürlü səbəbdən buraxmış şəxs üçün bərpa edə bilər. Ona görə də buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının əsasları, həmçinin ərizəçinin həmin müddətdə müvafiq prosessual hərəkətləri etmək imkanının olmaması haqqında sübutlar göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 133-cü maddəsində qeyd olunan üzürlü səbəblər dedikdə, müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən və ya bunu çətinləşdirən səbəblər başa düşülməlidir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdeh “Qafqazenerqoservis” şirkətinin Sumqayıt Yerli İqtisad Məhkəməsinin 20.08.2010-cu il tarixli, 2(85)-820/2010 saylı qiyabi qətnaməsindən apellyasiya şikayəti verilməsi müddətinin bərpa olunması üçün əsaslar olmadığından iş üzrə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası cavabdeh “Qafqazenerqoservis” şirkətinin şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası sadalanan halları, şikayətdə göstərilən dəlilləri araşdırıb hesab edir ki, iş üzrə məhkəmə qərardadı qanuni və əsaslı olduğundan və qərardadın apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, şikayət təmin edilməməli, iş üzrə məhkəmə qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 133, 263-264, 397, 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh “Qafqazenerqoservis” şirkətinin şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(85)-820/2010 saylı, 02 aprel 2021ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Səyyad Qafari

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar