Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-82/2022 30.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Rzayev Məhəmmədəli Əsəd oğlundan ibarət tərkibdə, X1 qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə1, cavabdehin vəkili və nümayəndəsi Nümayəndə2 Vəliyəddin oğlunun iştirakları ilə, İddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı "borcun tutulması” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-90/2021 nömrəli, 08 aprel 2021ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq İşin halları
1. Hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan “satıcı” Cavabdeh (VÖEN: **********) ilə “alıcı” "xxxx" QSC (VÖEN: **********) (əvvəlki adı "xxxx" MMC) arasında bağlanmış 2018-ci il 26 sentyabr tarixli 002-xx/xx/2018 nömrəli alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən, “satıcı” hazırkı müqavilənin ayrılmaz hissəsi sayılacaq qiymətlərin razılaşdırma protokolunda göstərilən malları “alıcı”ya satır və “alıcı” öz növbəsində alınan malların dəyərini razılaşdırılmış qiymətlərə əsasən “satıcı”ya ödəyir.
2. 2018-ci il 26 sentyabr tarixli 002-xx/xx/2018 nömrəli müqavilənin icrası ilə əlaqədar tərtib edilərək təsdiq olunmuş 2018-ci il 12 dekabr tarixli 02 saylı “Qiymətlərin razılaşdırma” Protokoluna (Əlavə 2) görə, həmin protokola əsasən 2018-ci il 26 sentyabr tarixli 002- xx/xx/2018 nömrəli müqavilə üzrə satıcı Cavabdeh tərəfindən alıcı "xxxx" QSCyə cəmi 50.400 (əlli min dörd yüz) manat dəyərində 560 (beş yüz altmış) ədəd “Kobra Led” lampasının satılması barədə razılığa gəlinmişdir.
3. "xxxx" QSC-nin bank hesabından Cavabdeh bank hesabına 2018-ci il 14 dekabrda 10.000 (on min) manat və 2019-cu il 29 martda isə 40.400 (qırx min dörd yüz) manat məbləğində pul vəsaitləri köçürülmüşdür.
4. 50.400 manat dəyərində olan 560 ədəd “led çöl lampası” ilə bağlı Cavabdeh tərəfindən "xxxx" MMC-yə 2018-ci il 29 noyabr tarixli 956376 nömrəli elektron qaimə təqdim edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktlari
5. İddiaçı "xxxx" QSC (bundan sonra mətndə- iddiaçı) Cavabdeh (bundan sonra mətndə- cavabdeh) qarşı borcun tutulması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 50.400 (əlli min dörd yüz) manat məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 2018-ci il 26 sentyabr tarixli 002-xx/xx/2018 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci maddəsinə görə “satıcı” (cavabdeh) hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi sayılacaq qiymətlərin razılaşdırma protokolunda göstərilən malları “alıcı”ya (iddiaçı) satır və alıcı isə öz növbəsində alınan malların dəyərini razılaşdırılmış qiymətlərə əsasən satıcıya ödəyir. İddiaçı müqavilə öhdəliklərini və üzərinə düşən vəzifələri vicdanla, lazımi qaydada və tam olaraq icra etsə də, cavabdeh tərəfindən müqavilənin şərtləri ciddi şəkildə pozularaq icra edilməmişdir. Belə ki, tərəflər arasında 2018-ci il 12 dekabr tarixində müqaviləyə 2 nömrəli əlavə imzalanmışdır. Qeyd edilən əlavəyə görə cavabdeh tərəfindən iddiaçıya 50.400 manatlıq mallar satılmalı, iddiaçı tərəfindən isə malların dəyəri ödənilməli idi. İddiaçı tərəfindən 2 nömrəli əlavədə göstərilən malların dəyəri 2018-ci il 14 dekabr və 2019-cu il 29 mart tarixlərində tam olaraq cavabdehə ödənilsə də, sonuncu tərəfindən əlavədəki mallar bugünədək iddiaçıya təhvil verilməmişdir. Halbuki, müqavilənin 2.4-cü maddəsinə əsasən alıcı ödənişi həyata keçirdikdən sonra 15 təqvim günü müddətində satıcı malları qüsursuz olaraq təhvil verməyi öz üzərinə götürür. Həmçinin, müqavilənin 2.2-ci maddəsinə görə satılan mallar tərəflər arasında imzalanmış təhvil-təslim aktı ilə təhvil verilir. Dəfələrlə haqqında bəhs edilən malların təhvil verilməsi ilə əlaqədar cavabdehlə danışıqlar aparılsa da, heç bir nəticəsi olmamışdır.
7. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə-MM) 385.1, 442, 443.5, 445.1, 445.2, 448.1, 568.1-ci maddələrinə istinad etmişdir.
8. Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2(119)-90/2021 saylı qətnaməsi ilə iddia təmin edilmişdir.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının xeyrinə cavabdehdən 50.400 manat məbləğində borcun tutulması barədə iddia tələbi əsaslıdır. Tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin və həmin müqavilənin icrası ilə əlaqədar tərtib edilərək təsdiq olunmuş 2018-ci il 12 dekabr tarixli 02 saylı “Qiymətlərin razılaşdırma” Protokolunun (Əlavə 2) tələblərinə uyğun olaraq 560 ədəd “Kobra Led” lampasının alınması üçün 2018-ci il 14 dekabrda 10.000 manat və 2019-cu il 29 martda 40.400 manat olmaqla, cəmi 50.400 manat məbləğində pul vəsaiti alıcı tərəfindən satıcının hesabına ödənilməsinə və həmin müqavilə ilə nəzərdə tutulan müddətin bitməsinə baxmayaraq, almış olduğu pul vəsaitinin müqabilində “satıcı” tərəfindən protokolda nəzərdə tutulan “Kobra Led” lampaları “alıcı”ya verilməmişdir.
10. Bundan əlavə, cavabdeh “Kobra Led” lampalarının alınması üçün iddiaçı tərəfindən cəmi 50.400 manat məbləğində pul vəsaitinin ödənildiyini mübahisələndirməsə də, həmin pulun müqabilində nəzərdə tutulan “led” lampalarını heç bir təhvil-təslim aktı tərtib olunmadan iddiaçıya satdığını bildirmişdir. Halbuki, tərəflər arasında bağlanmış müqavilənin tələblərinə görə satılan mallar tərəflər arasında imzalanmış təhvil-təslim aktı ilə təhvil verilməli idi.
11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası MM-in 385.1, 425.1, 427.3, 445.1, 448, 567, 568.1, 569.1, 575.1, 599.3, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 14.2, 77.1, 88, 106.1, 106.3, 217.3, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
12. Birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, onun ləğv olunması xahiş edilmişdir.
13. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 26 oktyabr tarixli, 2-2(105)-125/2021 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin edilməmişdir.
14. Qətnamədən iddiaçı tərəfindən kassasiya şikayəti verilmiş, onun ləğv edilməsi və iddia tələblərinin təmin edilməsinə dair yeni qərar qəbul olunması xahiş edilmişdir.
15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-2(102)-141/2022 nömrəli qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-2(105)-125/2021 saylı qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
16. Kassasiya instansiyası məhkəməsinin mövqeyinə görə apellyasiya instansiyası məhkəməsi 2018-ci il 29 noyabr tarixli elektron qaimənin hazırki işdə sübuti əhəmiyyətini müəyyən edərkən, 2018-ci ilin dekabrında qiyməti və miqdarı barədə razılığa gəlinmiş malın, artıq 2018-cu ilin noyabr tarixli elektron qaimə faktura ilə cavabdehə təhvil verilməsinin mümkünsüz olmasına düzgün hüquqi qiymət verməmiş, bununla da MPM-nin 80-ci maddəsinin tələbləri pozulmuşdur. Məhkəmə qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız 2018-ci il 29 noyabr tarixli elektron qaimə fakturanın mövcud olması əsas götürülməklə işin mübahisələndirilən hallarına qiymət verilməsi MPM-nin 88-ci maddəsinin heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsinin olmamasına dair tələbinə zidd olmuş, eləcə də məhkəmənin qətnaməsində istinad etdiyi maddi hüquq normaları işin faktiki hallarına düzgün tətbiq edilməmişdir. Məhkəmə kollegiyasının mövqeyinə görə, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron qaimə ilkin vergi uçot sənədi olmaqla, mahiyyət etibarilə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir. İşə baxan məhkəmələr hər bir mübahisədə həmin sənədlərə fərdi qaydada (işin hallarına uyğun şəkildə) yanaşmalı, müqavilə şərtləri, tərəflər arasında formalaşmış münasibətlərin xarakteri, işgüzar adət, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla işdəki digər sübutlarla birlikdə məcmu halında qiymətləndirilməlidir. Qərarda göstərilir ki, yeni apellyasiya baxışında MPM-nin 80 və 88-ci maddəsinin tələblərinə əməl edilməklə, tərəflər arasında yaranmış mübahisəyə, onların arasında öhdəlik münasibətlərinin yaranmasının əsasını təşkil edən müqavilənin şərtlərinə və ona tətbiq olunacaq maddi hüquq normalarının tələblərinə uyğun olaraq hüquqi qiymət verilməlidir
Apellyasiya şikayətinin dəlilləri:
17. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" QSC-nin rəhbəri ilə Cavabdeh arasında uzun illər köklü münasibətə dayanan əməkdaşlıqları, həmçinin ticari fəaliyyətdən əlavə yoldaşlıq münasibətləri mövcud olmuş, çətin vəziyyətlərdə bir-birlərinə hər zaman dəstək olmuşlar. Belə ki, xx.xx.2018-ci il tarixində iddiaçı ilə cavabdeh arasında 002-xx/xx/2018 saylı alğı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən satıcı, yəni Cavabdeh sözügedən müqavilənin ayrılmaz tərkib hissəsi sayılan “qiymətlərin razılaşdırma protokolu”nda göstərilən malları alıcıya, yəni hazırki iş üzrə iddiaçı "xxxx" QSC-yə təhvil verməyi, alıcı isə öz növbəsində alınan malların dəyərini razılaşdırılmış qiymətlərə əsasən satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında olan yaxın münasibətindən dolayı, cavabdeh haqlı olaraq iddiaçıya güvənmiş və təhvil-təslim aktı tərtib etməmişdir. Bununla birlikdə, hər iki tərəf üzərlərinə düşən öhdəliyi lazımi qaydada icra etsələr də, iddiaçı üzərindən 3 ilə yaxın bir müddətin keçməsinə baxmayaraq, cavabdeh tərəfindən sözügedən müqavilə ilə razılaşdırılmış malların təhvil verilmədiyini əks etdirən absurd və heç bir hüquqi əsasa söykənməyən iddia tələbi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmiş, sözügedən məhkəmə isə işin hallarını tam və hərtərəfli araşdırmadan, təktərəfli mövqe tutaraq iddia tələbini təmin etmişdir. İddiaçının belə bir əsassız iddiasının altında yatan əsl səbəb cavabdehlə aralarında uzun müddətdir mövcud olan yoldaşlıq münasibətinin pozulmasıdır. Belə ki, məlum olduğu kimi, sözügedən alğı-satqı müqaviləsinin üzərindən 3 ilə yaxın bir müddət keçmişdir. Əgər cavabdeh tərəfindən həmin mallar iddiaçıya təhvil verilməyibsə, nə üçün bu müddət ərzində iddiaçı öz “haqqını” məhkəmə qaydasında tələb etməyib? Və ya 50.400 (əlli min dörd yüz) manat dəyərində olan malların təhvil verilməsi üçün hər hansı gözlə görüləcək və əhəmiyyətli addım atmayıb? Buradan belə nəticəyə gəlinir ki, iddiaçı yalnız şəxsi motivləri ilə hərəkət edərək cavabdeh tərəfindən müqavilə ilə nəzərdə tutulmuş malların təhvil verdiyi halda guya təhvil verilmədiyini irəli sürüb cavabdehin qanunla qorunan hüquq və mənafelərini kobud şəkildə pozmuşdur. Cavabdehin sözügedən alğı-satqı müqaviləsi ilə nəzərdə tutulmuş malları təhvil verdiyinə dair mühüm əhəmiyyətli sübutlar mövcuddur. Belə ki, malların anbara daxil olduğunu təsdiq edən dəftərdə həmin malların miqdarı və anbara daxil olma tarixi dəqiqliklə əks olunmuşdur. Həmçinin cavabdeh və iddiaçı "xxxx" QSC-nin rəhbərinin arasında keçən whatsapp yazışmaları cavabdehin həmin malları təhvil verdiyini bir daha təsdiq edir. Bundan əlavə sözügedən malların Dövlət Gömrük Komitəsindən daxil olduğunu sübut edən hesab fakturaların verilməsi üçün Dövlət Gömrük Komitəsinə sorğu göndərilmişdir. Qeyd edək ki, cavabdeh yaxın dost münasibəti və malların təslimindən uzun müddət keçməsinə görə malların Dövlət Gömrük Komitəsindən daxil olduğunu təsdiq edən hesab faktura sənədləri əlində saxlamamışdır.
Məhkəmə prosesi iştirakçılarının izahatları:
18. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edib onun məzmununa uyğun izahat verərək, təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdi.
19. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.” Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 427. Öhdəliyin icrası müddəti 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 441. Öhdəliklərin qarşılıqlı icrası 441.1. Tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. 441.2. Mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər”. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” Maddə 567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 568. Satıcının əşyanı vermək vəzifəsi 568.1.Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 568.2. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. Maddə 599. Alınan əşyaların qabaqcadan ödənilməsi 599.1. Alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. 599.2. Alıcı əşyanı qabaqcadan ödəmək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir.
21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri ... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.” Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 420. Kassasiya məhkəməsinin göstərişlərinin məcburiliyi Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
22. Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 sentyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 2018-ci il 11 iyun tarixli qərarı
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, aşağıdakı səbəblərdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
24. İş materiallarında olan hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan “satıcı” Cavabdeh (VÖEN: **********) ilə “alıcı” "xxxx" Qapalı Səhmdar Cəmiyyəti (VÖEN: **********) (əvvəlki adı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) arasında bağlanmış xx.xx.2018-ci il tarixli 002- xx/xx/2018 nömrəli Alqı-satqı Müqaviləsinin 1.1-ci maddəsindən görünür ki, “Satıcı” hazırkı Müqavilənin ayrılmaz hissəsi sayılacaq qiymətlərin razılaşdırma Protokolunda (bundan sonra “Əlavədə”) göstərilən malları (bundan sonra “Mallar”) “Alıcı’ya satır və “Alıcı” öz növbəsində alınan malların dəyərini razılaşdırılmış qiymətlərə əsasən “Satıcı”ya ödəyir.
25. Həmin Müqavilənin 2.2-ci maddəsinə əsasən, satılan mallar Tərəflər arasında imzalanmış təhvil-təslim aktı ilə təhvil verilir. Müqavilənin 2.4-cü maddəsinə əsasən, Alıcı ödənişi həyata keçirdikdən sonra 15 təqvim günü müddətində Satıcı malları qüsursuz olaraq təhvil verməyi öz üzərinə götürür.
26. İş materiallarında olan, xx.xx.2018-ci il tarixli 002-xx/xx/2018 nömrəli müqavilənin icrası ilə əlaqədar tərtib edilərək təsdiq olunmuş xx.xx.2018-ci il tarixli 02 saylı "Qiymətlərin razılaşdırma” Protokolundan (Əlavə 2) görünür ki, həmin Protokola əsasən xx.xx.2018-ci il tarixli 002-xx/xx/2018 nömrəli Müqavilə üzrə satıcı Cavabdeh tərəfindən alıcı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə cəmi 50400 (əlli min dörd yüz) manat dəyərində 560 (beş yüz altmış) ədəd “Kobra Led” lampasının satılması barədə razılığa gəlinmişdir.
27. İş materiallarında olan maliyyə-hesabat sənədləri ilə müəyyən olunur ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin bank hesabından Cavabdeh bank hesabına xx.xx.2018-ci ildə 10000 (on min) manat, xx.xx.2019-cu ildə isə 40400 (qırx min dörd yüz) manat məbləğində pul vəsaitləri köçürülmüşdür.
28. İddiaçı iddia tələbində 2018-ci il 26 sentyabr tarixli 002-xx/xx/2018 saylı müqavilə üzrə cavabdehdən 50.400 manat məbləğində borcun tutulmasını xahiş edir.
29. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və hesab etmişdir ki, iddiaçının xeyrinə cavabdehdən 50.400 manat məbləğində borcun tutulması barədə iddia tələbi əsaslıdır. Tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin və həmin müqavilənin icrası ilə əlaqədar tərtib edilərək təsdiq olunmuş 2018-ci il 12 dekabr tarixli 02 saylı “Qiymətlərin razılaşdırma” Protokolunun (Əlavə 2) tələblərinə uyğun olaraq 560 ədəd “Kobra Led” lampasının alınması üçün 2018-ci il 14 dekabrda 10.000 manat və 2019-cu il 29 martda 40.400 manat olmaqla, cəmi 50.400 manat məbləğində pul vəsaiti alıcı tərəfindən satıcının hesabına ödənilməsinə və həmin müqavilə ilə nəzərdə tutulan müddətin bitməsinə baxmayaraq, almış olduğu pul vəsaitinin müqabilində “satıcı” tərəfindən protokolda nəzərdə tutulan “Kobra Led” lampaları “alıcı”ya (satılmamışdır) verilməmişdir.
30. Bundan başqa, məhkəmə qeyd etmişdir ki, cavabdeh “Kobra Led” lampalarının alınması üçün iddiaçı tərəfindən cəmi 50.400 manat məbləğində pul vəsaitinin ödənildiyini mübahisələndirməsə də, həmin pulun müqabilində nəzərdə tutulan “led” lampalarını heç bir təhvil-təslim aktı tərtib olunmadan iddiaçıya satdığını bildirmişdir. Halbuki, tərəflər arasında bağlanmış müqavilənin tələblərinə görə satılan mallar tərəflər arasında imzalanmış təhvil-təslim aktı ilə təhvil verilməli idi.
31. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq apellyasiya şikayətinin müvafiq dəlilləri ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, işin müəyyən edilmiş hallarından görünür ki, tərəflər 2018-ci il 26 sentyabr tarixli müqavilə üzrə 50.400 manat dəyərində malın veriləcəyi barədə qiymət razılaşma protokolunu 2018-ci ilin 12 dekabr tarixində tərtib etmiş, cavabdehin qeyd edilən malların təhvil verilməsini təsdiq edən sübut kimi istinad etdiyi elektron qaimə isə 2018-ci il 29 noyabr tarixində tərtib edilmişdir.
32. Beləliklə, 2018-ci ilin dekabrında qiyməti və miqdarı barədə razılığa gəlinmiş malın artıq 2018-cu ilin noyabr tarixli elektron qaimə faktura ilə cavabdehə təhvil verilməsi mümkünsüzdür.
33. Bundan başqa, zamana görə qüvvədə olmuş, “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli Qərarının 2.2, 2.2.4cü bəndlərinin tələbinə görə elektron qaimə fakturada, onun verilməsinə əsas olmuş sənədlərə- qaimələrə, qəbzlərə, çeklərə, müqavilələrə, təhvil-təslim aktlarına, ödəniş sənədlərinə, malların alınması üçün vəkalətnamə və s-ə istinad olunmalıdır.
34. Hazırki halda, cavabdehin təqdim etdiyi 2018-ci il 29 noyabr tarixli elektron qaimə fakturada, onun tərəflər arasında bağlanmış 2018-ci il 26 sentyabr tarixli müqaviləyə əsasən verildiyi qeyd olunmamışdır.
35. Kollegiya həmçinin qeyd edir ki, MM-in 599.1 və 599.2-ci, habelə 441-ci maddələrinin məzmunundan aydın olur ki, alqı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsi nəzərdə tutulmuşdursa, alıcı ödənişi müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əks halda, satıcı öz öhdəliyinin icrasını dayandıra və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini alıcıdan tələb edə bilər.
36. 2018-ci il 26 sentyabr tarixli alqı-satqı müqaviləsinin şərtlərinə əsasən satılan mallar tərəflər arasında imzalanmış təhvil-təslim aktı ilə təhvil verilir; satıcı malları satıcının anbarında Alıcı ödənişi həyata keçirdikdən sonra 15 təqvim günü müddətində qüsursuz olaraq təhvil verməyi öz üzərinə götürür.
37. Baxılan iş üzrə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin şərtlərindən göründüyü kimi, alqı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam ödəmək (qabaqcadan ödəniş) vəzifəsi nəzərdə tutulmuş və həmin vəzifə iddiaçı olan alıcı tərəfindən yerinə yetirilərək, iddia olunan 50.400 manat məbləğində vəsait cavabdehin (satıcının) hesabına ödənilmişdir. İddiaçının müqavilə şərtlərinə əsasən ödədiyi vəsaitin geri qaytarılmasına dair tələbinin əsasını da məhz müqavilənin qeyd olunan 2.2, 2.4-cü bəndləri təşkil etmişdir.
38. Məhkəmə kollegiyası qeyd edir ki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron qaimə ilkin vergi uçot sənədi olmaqla, mahiyyət etibarilə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir. Bu səbəbdən cavabdehin istinad etdiyi 2018-ci il 29 noyabr tarixli 956376 nömrəli elektron qaimə tərəflər arasında bağlanmış müqavilənin şərtləri və Mülki Məcəllənin yuxarıda istinad edilən normalarının tələbləri baxımından malların təhvil verilməsini təsdiq edən sübut kimi qəbul edilə bilməz.
39. Cavabdehin apellyasiya şikayətində istinad etdiyi və şikayətə əlavə edilmiş whatsapp yazışmalarının malların təhvil verilməsini təsdiq etməsi barədə dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası həmin yazışmaları kimilərin arasında aparılmasının müəyyən edilməməsi və iddiaçının nümayəndəsi tərəfindən iddiaçının səlahiyyətli şəxslərinə aidiyyətinin təkzib olunması, habelə məzmununun müvafiq malların çatdırılmasını müəyyən etnəyə imkan verməməsi səbəbindən mötəbər sübut kimi qiymətləndirməməklə yanaşı, müqavilənin şərtləri baxımından da malların təhvil verilməsini təsdiq edən sübut kimi qəbul etmir.
40. Bu qərarın 23-cü bəndində istinad edilən Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarında da göstərilir ki, .”..tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir.
46. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 402 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-90/2021 nömrəli, 08 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Məhkəmə qətnamənin tam formada təqdim olunduğu gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.