Məhkəmə qərarları › İş №2-2(105)-84/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-84/2024

06.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-84/2024 06.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim X1, hakimlər Dəmirov İlqar Kamal oğlu və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağayeva Elnarə Nəriman qızının katibliyi, İddiaçı, Cavabdeh vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pulun tutulması tələbinə dair” kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 13 may 2024-cü il tarixli, 2-2(119)-185/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Kommersiya Məhkəməsinin 13 may 2024-cü il tarixli, 2-2(119)-185/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 13700 manat borc və ödənilmiş 131,10 manat dövlət rüsumunun əvəzi olmaqla cəmi 13831,10 manat (on üç min səkkiz yüz otuz bir manat 10 qəpik) məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Fərman Həmidli). Qətnamədən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İŞİN HALLARİ İddiaçı 08 may 2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdeh qarşı “pulun tutulması tələbinə dair” iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək 20800 manat məbləğində əsas borcun, 1456 manat məbləğində faiz borcunun və 157 manat məbləğində dövlət rüsumu əvəzinin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehə 51000 manat dəyərində müxtəlif çeşiddə olmaqla meyvə-tərəvəzlərin qablaşdırılaraq saxlanılması və daşınması üçün istifadə edilən plastmas yeşiklər satmış, cavabdeh həmin puldan 30200 manatını qaytarsa da, 20800 manat məbləğində borcunu qaytarmamışdır. Bu barədə müraciəti əsasında Quba Rayon Polis Şöbəsində aparılan araşdırma zamanı cavabdeh 13700 manat borcunun qalmasını etiraf etmiş, lakin hazırkı vaxtadək qalan borcunu ona qaytarmamışdır. Cavabdehlə mübahisənin pretenziya qaydasında nizama salınması cəhdləri nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Quba Rayon Məhkəməsinin 14 iyul 2023-cü il tarixli e-2(027)-1254/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, 20800 manat məbləğində pulun, həmçinin 157 manat məbləğində dövlət rüsumu əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 oktyabr 2023-cü il tarixli 2(105)1823/2023 nömrəli qərardadı ilə şikayət qismən təmin edilmiş, Quba Rayon Məhkəməsinin sözügedən qətnaməsi ləğv edilmiş və iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Kommersiya Məhkəməsi iş üzrə yuxarıda qeyd olunan qətnaməni qəbul etmişdir. Həmin qətnamə ilə razılaşmayan Cavabdeh ondan apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edərkən məhkəmənin istinad etdiyi yeganə sübut Quba rayon Polis Şöbəsində verdiyi izahatdır. Halbuki, həmin izahat təhrif edilmiş formada yazılıb və İddiaçı tərəfindən aldadılaraq o formada izahat ona yazdırılıb. Quba Rayon Məhkəməsində isə mübahisə üzrə işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmadan, maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul edilmişdir. İşin faktiki hallarından görünür ki, İddiaçı onunla aralarında işgüzar münasibətlərdən yaranmış öhdəlikləri layiqincə yerinə yetirməmişdir. İddiaçı ona satmaq üçün göndərdiyi yeşiklər lazımi keyfiyyətdə olmamışdır. Yeşiklər standarta cavab vermədiyi üçün o, həmin yeşikləri xaricə məhsul ixrac edən müştərilərə sata bilməmişdir. O, Valehə bildirmişdir ki, ya gəlib yeşikləri geri aparsın, ya da onları aşağı qiymətə daxili bazarda, yaxın məsafəyə yükdaşıma üçün istifadə edən müştərilərə sata bilər. Valeh də yeşikləri aşağı qiymətə satmasına razılıq vermişdir. O, yeşikləri aşağı qiymətlə satıb pulunu Valehə göndərmişdir... Quba rayon Polis Şöbəsində verdiyi izahatla razılaşmamasına baxmayaraq, məhkəmə həmin izahata da düzgün hüquqi qiymət verməyib və onun izahatı təhrif olunmuş formada qeyd edilib. Halbuki, o, məhkəmədə verdiyi izahatında qeyd edib ki, onun iddiaçıya borcu yoxdur, əgər Valeh aralarındakı razılığı inkar etsə belə, yenə də onun ən çox halda 2-3 min manat arası borcu qala bilər. Bundan başqa, məhkəmənin istinad etdiyi Quba rayon Polis Şöbəsindəki izahatı xx.xx.2022-ci il tarixdə tərtib edilib və həmin tarixdə öz izahatında 13700 manat borcunun qaldığını bildirib. Halbuki, həmin tarixdən sonra o, iddiaçıya dəfələrlə hissə-hissə qalan borcunu qaytarıb. Düzdür, o, iddiaçıya verdiyi bütün pulları rəsmiləşdirməyib, qaytardığı pulların çox hissəsini aralarındakı inama va etibara əsaslanıb, arxayın olub rəsmiləşdirmədən vermişdir... İddiaçı bu gün onunla aralarındakı razılığı təkzib etməklə, məhkəməni aldadıb onun hesabına daha çox pul qazanmağa çalışır. Apellyasiya baxışı iclasında Cavabdeh vəkili-nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək, şikayətin dəlillərinə uyğun izahat verdi və apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya baxışı iclasında İddiaçı cavabdehin apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə bildirdi ki, Cavabdeh göndərilən yeşiklərin keyfiyyətsizliyi barədə ona vaxtında heç nə deməmiş və yeşikləri aşağı qiymətə satmaqla bağlı aralarında söhbət olmamışdır. Aqşin satdığı yeşiklərin pulunu ona göndərməyi gecikdirdiyinə görə tez-tez Aqşinə telefonla zəng etmiş, ilk vaxtlar Aqşin bəzi müştərilərin borclu qaldıqlarını və onlardan pulu alıb tezliklə göndərəcəyini demiş, sonralar yeşiklərin keyfiyyətsiz olmasını və onları satmaqda çətinlik çəkməsini, bir hissəsinin satılmamış qalmasını, bir hissəsini isə aşağı qiymətlə satmağa məcbur olmasını bəhanə gətirərək aralarındakı haqq-hesab üzrə qalan pulu ödəməkdən yayınmağa başlamışdır. Son vaxtlar Aqşin telefon zənglərinə də cavab vermədiyindən Quba rayon Polis Şöbəsinə müraciət etməyə məcbur olmuşdur. Polis şöbəsində Cavabdeh ona olan borcunun 13700 manatını etiraf etmiş və bunu yazılı izahatında da qeyd etmişdir. O, borcun 20800 manat məbləğində olmasını sübut edə bilmədiyi üçün Aqşinin etiraf etdiyi məbləğlə razılaşmaq məcburiyyətində qalmışdır. Aqşinə izahat yazmasında heç bir formada təsir-təzyiq göstərilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə tədqiq edilən sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verib bu nəticəyə gəlir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 13 may 2024-cü il tarixli, 2-2(119)-185/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər və apellyasiya instansiyası məhkəməsinin mövqeyi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. İşin müəyyən olunmuş mübahisəsiz hallarından görünür ki, iddiaçı və cavabdeh arasında meyvə-tərəvəzlərin qablaşdırılması üçün istifadə olunan plastmas yeşiklərin nisyə alqı-satqısına dair şifahi razılaşma olmuş (şifahi formada alqı-satqı müqaviləsi bağlanmış), bu əqd (sövdələşmə) üzrə satıcı qismində iştirak edən iddiaçı 2021-ci il ərzində həmin malları yük avtomobili vasitəsilə bir neçə partiya olmaqla müxtəlif vaxtlarda satması üçün cavabdehə göndərmiş, cavabdeh isə həmin malları qəbul edərək Quba şəhərində yerləşən mağazada satmağa başlamış və satışdan əldə edilən pul vəsaitindən iddiaçıya müxtəlif məbləğlər göndərmişdir. Tərəflər arasında hər hansı yazılı müqavilə bağlanılmamış, malların təhvil verildiyini və qəbul edildiyini təsdiqləyən təhvil-təslim aktı, üzləşmə aktı və ya başqa hər hansı sənədlər tərtib edilməmiş, aralarında rəsmi qaydada hesabatlılıq aparılmamış, onların hər ikisinin izahatlarına əsasən göndərilən malların dəyəri 51 min manatdan bir qədər çox olmuş, təhvil aldığı mallara görə müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürmüş cavabdeh öhdəliyini lazımınca yerinə yetirməyərək həmin malların dəyərini tam ödəməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 567-ci madəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə görə, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Hazırkı işin mübahisəli halı cavabdehin iddiaçıya olan borcunun məbləği ilə bağlıdır. İddiaçı cavabdehin ona 20800 manat məbləğində borcu olduğunu iddia etsə də, lakin bunu sübuta yetirə bilməmiş, cavabdeh özü isə Quba rayon Polis Şöbəsində vermiş olduğu izahatında 13700 manat borcunun qaldığını bildirdiyinə görə birinci instansiya məhkəməsi iddianı cavabdehin etirafı həddində, yəni 13700 manat məbləğində təmin etmiş, iddia tələbini qalan hissədə təmin etməmişdir. İddiaçı məhkəmənin qətnaməsini iddia tələbinin təmin edilməyən hissəsi ilə bağlı mübahisələndirməmiş, iddiasının təmin olunmuş hissəsi ilə razılaşmışdır. Cavabdeh isə iddianın təmin olunmuş hissəsi ilə razılaşmayaraq qətnamənin həmin hissəsindən apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh iddiaçıya borcunun olmasını inkar etməsə də, lakin borcun məbləği ilə bağlı fərqli etiraflar etmişdir. Belə ki, əvvəlcə Quba rayon Polis Şöbəsində vermiş olduğu izahatında borcunun 13700 manat məbləğində qaldığını bildirmişdir... Bundan sonra birinci instansiya məhkəməsində (hazırlıq iclasında) verdiyi izahatında iddianı qəbul etmədiyini bildirməklə yanaşı göstərmişdir ki, onun iddiaçıya 2000 ABŞ dolları, yəni 3400 manat məbləğində borcu vardır. Bu borcu qaytarmaq fikri var, lakin hazırda maddi vəziyyəti buna imkan vermir. O, iddiaçının şikayəti üzrə polis şöbəsində izahat verərkən iddiaçı ona borcunu 10000 manatdan yuxarı məbləğ kimi qeyd etməsini, həmin sənədi şirkətə göstərməli olduğunu demiş, o da bununla əlaqədar iddiaçıya 13700 manat məbləğində borcunun olması barədə izahat vermişdir... Apellyasiya şikayətində isə göstərmişdir ki, o, birinci instansiya məhkəməsində verdiyi izahatında qeyd edib ki, onun iddiaçıya borcu yoxdur, əgər İddiaçı aralarındakı razılığı inkar etsə belə, yenə də onun ən çox halda 2-3 min manat arası borcu qala bilər. Bundan başqa, məhkəmənin istinad etdiyi Quba rayon Polis Şöbəsindəki izahatı xx.xx.2022-ci il tarixdə tərtib edilib və həmin tarixdə öz izahatında 13700 manat borcunun qaldığını bildirib. Halbuki, həmin tarixdən sonra o, iddiaçıya dəfələrlə, hissə-hissə qalan borcunu qaytarıb... Göründüyü kimi, cavabdeh Quba rayon Polis Şöbəsində verdiyi izahatında iddiaçıya 13700 manat məbləğində borcunun olmasını etiraf etdikdən sonra bu etirafından boyun qaçırmağa səy göstərmiş, lakin ilkin etirafını həqiqətə uyğun və inandırıcı dəlillərlə təkzib edə bilməmişdir. Xüsusən də, cavabdeh apellyasiya şikayətində xx.xx.2022-ci il tarixdə Polis Şöbəsində iddiaçıya 13700 manat borcu olmasına dair izahat yazdıqdan sonra “qalan borcunu hissə-hissə iddiaçıya qaytardığını” göstərməklə dolayısı ilə “qalan borcunun 13700 manat məbləğində olmasını” bir daha təsdiqləmişdir. Cavabdehin apellyasiya şikayətində qeyd etməsinə görə, o, Quba rayon Polis Şöbəsində xx.xx.2022-ci il tarixdə yazdığı izahatında 13700 manat borcunun qaldığını bildirəndən sonra iddiaçıya dəfələrlə, hissə-hissə həmin (qalan) borcunu qaytarmışdır. Lakin o, iddiaçıya qaytardığı pulların çox hissəsini aralarındakı inama va etibara əsaslanıb rəsmiləşdirmədən vermişdir. Apellyasiya baxışında cavabdeh tərəfə iddiaçıya xx.xx.2022-ci il tarixdən sonra pul ödənilməsi barədə məhkəməyə sübutlar təqdim etməsi təklif olunmuş, lakin tərəf belə sübutların olmadığını, iddiaçı isə ona həmin tarixdən sonra heç bir ödəniş edilmədiyini bildirmişdir. MPM-in 77-ci mаddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir... İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Mülki Məcəllənin 433.3-cü maddəsinə görə isə, öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. İstinad edilən normaların mənası kontekstində hazırkı iş üzrə cavabdeh iddiaya (iddianın təmin olunmuş hissəsinə) etiraz etdiyi üçün etirazının əsası kimi istinad etdiyi halları, yəni mübahisəli borc məbləğini iddiaçıya ödədiyini (qaytardığını) sübut etməlidir. Cavabdehin qalan borcun ödənilməsi barədə müvafiq sübutlar təqdim edə bilməməsi onun etirazının əsassızlığına və etiraz dəlillərinin qəbuledilən olmamasına dəlalət edir. Cavabdeh iddia edir ki, o, iddiaçı ilə aralarındakı inama va etibara əsaslanıb qaytardığı pulları rəsmiləşdirmədən vermişdir... Lakin, əvvəla, bu arqument cavabdehi sübutetmə vəzifəsindən azad etmir. Mülki Məcəllənin 9.3-cü maddəsinə əsasən, qanunu bilməmək və ya onu yanlış başa düşmək qanunun tətbiq edilməməsinə və ya nəzərdə tutulmuş məsuliyyətdən azad edilməyə əsas verə bilməz… Digər tərəfdən isə, iddiaçının cavabdehdən polis orqanına şikayət etməsi, həmin orqanda cavabdehdən izahat alınması və onun qalan borcu barədə yazılı izahat verməsi göstərir ki, tərəflər arasında münasibət pozulmuş və onların bir-birinə inamı-etibarı qalmamışdır. Belə vəziyyətdə cavabdehin iddiaçıya pul ödəməsini təsdiqləyən sübutlar təqdim edə bilməməsi əslində onun heç bir ödəniş etməməsini təsdiqləyir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətini əsassız hesab edir. Kollegiyanın qənaətincə, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, maddi hüquq normalarını düzgün tətbiq etmiş və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Ona görə də məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Eyni zamanda, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız və qəbulolunmaz hesab edir, həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvinə əsas vermir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 13 may 2024-cü il tarixli, 2-2(119)-185/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin iş üzrə 13 may 2024-cü il tarixli, 2-2(119)- 185/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Hazırkı qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində tələbləri təmin olunmayan şəxslər tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar