Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-84/2025 23.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 29 aprel 2025-ci il tarixli, e-2-2(119)-667/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək kassa aparatına görə 413 (dörd yüz on üç) manat məbləğində borcun, kassa aparatına göstərilmiş servis xidmətinə görə 534 (beş yüz otuz dörd) manat məbləğində borcun və 30 (otuz) manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı rəsmi dövlət qeydiyyatına alınmış ekassa operatorlarından biridir. Şirkət vergi ödəyicilərinə elektron kassaların satışını, proqram təminatının quraşdırılmasını, e-kassa aparatının funksionallığının təmin edilməsi üçün tokenlərin (nəzarət mexanizm qurğusu) quraşdırılması, kassa aparatının zəruri qaydada işləməsi üçün texniki xidməti həyata keçirir. Token "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətidir və vergi ödəyicisi kassanın fəaliyyətini dayandırmaq və kassa aparatını qeydiyyatdan çıxarmaq istədikdə şirkətə yaxınlaşaraq bu işin icrasını iddiaçı vasitəsilə həyata keçirir və tokeni iddiaçıya qaytarır. Məhz bundan sonra kassa qeydiyyatdan çıxmış hesab olunur və iddiaçının xidməti dayanır. Cavabdehlə 21 noyabr 2019-cu il tarixdə NBA-A.Ş-001 nömrəli müqavilə imzalanmış və ona dəyəri ƏDV daxil 413 manat olmaqla PAX A620 kassa aparatı satılmış, lakin həmin məbləğ ödənilməmişdir. Bundan əlavə kassa aparatlarına aylıq xidmət xərci 26 noyabr 2019-cu il tarixli xidmət müqaviləsi ilə hər bir aparat üçün ƏDV daxil 11,8 (on bir manat səksən qəpik) manat müəyyən edilmişdir. Cavabdeh 07 may 2020-ci il tarixdən 30 oktyabr 2023-cü il tarixinədək xidmət haqqını ödəməmiş, tokeni iddiaçıya qaytarmamış və kassa cihazını qeydiyyatdan çıxarmamışdır. Tərəflər arasında imzalanmış xidmət müqaviləsinin 5.4-cü bəndinə əsasən müqaviləyə yalnız online kassa cihazı qeydiyyatdan çıxarıldıqdan sonra xitam verilir. Sumqayıt Kommersiya Məhkəməsinin 29 aprel 2025-ci il tarixli, e-2-2(119)-667/2025 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh kassa aparatına görə 413 (dörd yüz on üç) manat məbləğində borc, kassa aparatına göstərilmiş servis xidmətinə görə 534 (beş yüz otuz dörd) manat məbləğində borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 977 (doqquz yüz yetmiş yeddi) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçınə ödənilməsi qət edilmişdir (hakim Həlimə Alıyeva). Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt Kommersiya Məhkəməsinin 29 aprel 2025-ci il tarixli, e-2-2(119)-667/2025 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ilk növbədə 21 noyabr 2019-cu il tarixdə bağlanmış NBA-A.Ş-001 nömrəli müqavilədəki imza ona məxsus deyildir. Ona verilmiş kassa aparatının pulun o, 21 noyabr 2019-cu il tarixdən əvvəl ödəmişdir, sonra aparat quraşdırılmışdır. Həmçinin aylıq 11,80 manat ödənişlər onun tərəfindən vaxtında ödənilmişdir. Onun hal-hazırda iddiaçı təşkilata heç bir borcu yoxdur. İddiaçı təşkilatın məsul şəxsləri də yaxşı bilirlər ki, indi ondan və digərlərindən tələb olunan pul əslində, iddiaçı təşkilatın əməkdaşı olmuş Elman adlı işçi tərəfindən yığılmış, həmin təşkilata təhvil verilməmişdir. Bu barədə araşdırmalar da aparılmışdır. Bu pullar iddiaçı müəssisənin öz işçisi tərəfindən ödənilməli pullardır. Eyni zamanda hazırki mübahisə üzrə iddia müddəti ötürülmüşdür. Bu barədə məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə ilə müraciət edir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iddiaçınn nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan icraçı İddiaçı ilə sifarişçi Cavabdeh arasında bağlanmış 26 noyabr 2019-cu il tarixli NBA-A.Ş-001 nömrəli müqavilənin 1.1-ci bəndinə əsasən bu müqavilə ilə ilə icraçı sifarişçinin sifarişinə müvafiq miqdarda, keyfiyyətdə, çeşiddə və müvafiq şərtlərlə sifarişçiyə POS terminallar, onlara aid olan ehtiyat hissələrini, proqram təminatını təqdim etməyi, təmir xidmətini göstərməyi, sifarişçi isə icraçı tərəfindən onun sifarişinə əsasən təqdim olunmuş mallara görə bu müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada həmin malların, xidmətlərin dəyərinin ödənilməsini həyata keçirir. İş materiallarında olan 26 noyabr 2019-cu il tarixli NBA-A.Ş-001 nömrəli müqaviləyə 1 nömrəli Əlavə olan Qiymət razılaşdırılması protokoluna əsasən 1 ədəd PAX A620 markalı kassa aparatın qiyməti ƏDV daxil 413 manat razılaşdırılmışdır. İş materiallarında olan icraçı İddiaçı ilə sifarişçi Cavabdeh arasında bağlanmış 26 noyabr 2019-cu il tarixli NBAA.SH-002 nömrəli xidmət müqaviləsinin 1.1-ci bəndinə əsasən icraçı onlayn kassa qeydiyyatı, quraşdırılması, uçotdan çıxarılması, proqram kassa sisteminə vaxtı-vaxtında texniki xidmət göstərilməsi, onlayn kassa təmiri və əvvəlki onlayn kassa yenidən istismara verildiyi ana qədər müvəqqəti onlayn kassa istifadə üçün təqdim olunması xidmətlərini göstərməyi, sifarişçi isə icraçı tərəfindən göstərilən xidmətlərin haqqını ödəməyi və onlayn kassa istifadəsini icraçının və Vergilər Nazirliyinin tələb etdiyi qaydada həyata keçirməyi öhdəsinə götürür. İş materallarında olan 26 noyabr 2019-cu il tarixli NBA-A.SH-002 nömrəli xidmət müqaviləsinə 1 nömrəli Əlavə olan Qiymət razılaşdırılması protokoluna əsasən NKA göstərilən aylıq servis xidmətinə görə xidmət haqqı ƏDV daxil 11,80 manat razılaşdırılmışdır. İş materiallarında olan 11 fevral 2025-ci il tarixli maliyyə arayışında göstərilir ki, Cavabdeh satılmış kassa aparatına və göstərilmiş dəstək xidmətinə görə İddiaçınə cəmi 947 (doqquz yüz qırx yeddi) manat məbləğində borcu vardır. İş materiallarından görünür ki, İddiaçı tərəfindən Cavabdeh kassa aparatının satılması ilə əlaqədar 11 iyun 2020- ci il tarixli, EBAK seriyalı, 969167 nömrəli elektron qaimə-faktura təqdim olunmuşdur. İş materiallarından görünür ki, İddiaçı tərəfindən Cavabdeh nəzarət kassa aparatına 534,12 manat dəyərində servis xidmətinin göstərilməsi ilə əlaqədar xx.xx.2020-xx.xx.2023cü il tarixlərdə 46 ədəd elektron qaimə-faktura təqdim olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Yuxarıda təsvir olunanlara əsasən müəyyən edilir ki, icraçı İddiaçı ilə sifarişçi Cavabdeh arasında 26 noyabr 2019-cu il tarixli NBA-A.Ş-001 nömrəli müqavilə bağlanmış və həmin müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə nəzarət kassa aparatı satılmışdır. Eyni zamanda tərəflər arasında 26 noyabr 2019-cu il tarixli NBA-A.SH-002 nömrəli xidmət müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehin nəzarət kassa aparatına servis xidməti göstərilmişdir. Lakin cavabdeh hər iki müqavilə ilə üzərinə düşən öhdəliklərini lazımi qaydada yerinə yetirməyərək kassa aparatının və göstərilən servis xidmətlərinin dəyərini ödəməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və apellyasiya şikayətinə münasibətdə aşağıdakıları qeyd edir. Cavabdeh məhkəmə kollegiyasının iclaslarında izahatında, həmçinin apellyasiya şikayətində kassa aparatının quraşdırıldığını və pulunu Eldar adlı şəxsə ödədiyini qeyd etmişdir. Göründüyü kimi cavabdeh özü də etiraf edir ki, iddiaçı tərəfindən kassa aparatı ona verilmişdir.Belə olan halda kassa aparatının cavabdehə verilməsi işin mübahisəsiz halı olduğundan müqavilədəki imzanın ona məxsus olub-olmamasının müəyyən edilməsi də hazırki iş üçün əhəmiyyət kəsb etmir. Bundan əlavə cavabdeh kassa aparatının pulunu birbaşa hüquqi şəxsə deyil, onun işçisinə ödədiyini təsdiq etmişdir. Buna görə də iş materiallarına əsasən də cavabdehin müqavilə üzrə öhdəliklərini yerinə yetirirək pulu iddiaçıya ödəməsi öz təsdiqini tapmır. Lakin kollegiya qeyd edir ki, cavabdehin pulu ödədiyi şəxsdən həmin pulun qaytarılmasını tələb etmək hüququ vardır. Həmçinin cavabdeh iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünü mübahisələndirmişdir.Bununla əlaqədar kollegiya qeyd edir ki, Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Lakin görünür ki, cavabdeh iddia müddətinin təbiqi barədə ərizəni işə apellyasiya qaydasında baxılarkən vermişdir. Bununla yanaşı ona birinci instansiya məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş, onun üzrlü səbəbdən məhkəmə iclaslarında iştirak edə bilməməsi barədə hər hansı sübutla təsdiq edilmir. Beləliklə, yuxarıda qeyd olunanlardan göründüyü kimi cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehə münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə, dəyişdirilə bilməz. Buna görə birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslandığı üçün təmin edilməməlidir və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 29 aprel 2025-ci il tarixli, e-2-2(119)- 667/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(105)-84/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-84/2025
23.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver