Məhkəmə qərarları › İş №2-2(105)-85/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-85/2021

17.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-85/2021 17.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Məmmədov Fuad Əli oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və Babayeva Hökümə Çingiz qızından ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi İddiaçı və Cavabdeh (hazırki “xxxx” MMC) nümayəndəsi X1 iştirakları ilə İddiaçı Cavabdehnə (hazırki “xxxx” MMC) qarşı pul tələbinə dair iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-148/2021 saylı, 05 mart 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti üzrə işə Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-148/2021 saylı, 05 mart 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddiasının qismən təmin edilməsi, Cavabdeh MMC-dən ödənilməmiş icarə haqqı olaraq 528 manat, mağazanın təmir olunması üçün vurulmuş ziyanın əvəzi olaraq 1252 manat, əldən çıxmış faydaya görə 5600 manat pulun tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, məhkəmə xərclərinin 40%-inin iddiaçıya, 60%-inin cavabdehə aid edilməsi, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumuna görə Cavabdeh MMCdən 18 manatın tutularaq İddiaçı verilməsi, iş üzrə keçirilmiş ekspertiza xərcini təşkil edən 100 manat məbləğin 40%-i, yəni 40 manat məbləğdə pulun İddiaçı, 60%-i, yəni 60 manatın isə Cavabdeh MMC-dən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. (hakim Xəqani Tağıyev) Qətnamədən Cavabdeh (hazırki “xxxx” MMC) apelyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh MMC (VÖEN **********) arasında bağlanılmış müqaviləyə əsasən Quba rayonu Digah kəndində yerləşən ümumi sahəsi 120 kv metr olan iddiaçıya məxsus qeyri-yaşayış binası 10 il müddətinə cavabdehə icarəyə verilmişdir. Sonra tərəflərin razılığı ilə icarə müqaviləsinə xitam verilmiş, 2019-cu ilin yanvar ayının axırında obyekt cavabdeh tərəfindən iddiaçıya təhvil verilmişdir. İcarə müqaviləsinə görə icarə haqqı hər ay üçün 350 manat müəyyən edildiyi halda, icarəçi buna əməl etməyərək, fəaliyyət göstərdiyi 8 (səkkiz) ay ərzində “xxxx” ASCnin Quba rayon filialı vasitəsi ilə iddiaçının hesabına köçürülməli olan (8 ay x 350 manat) 2800 manat məbləğin əvəzinə cəmi 2272 manat pul köçürmüş, 528 manat məbləği isə ödəməmişdir. Digər tərəfdən, aralarında bağlanmış müqavilənin şərtlərinə görə icarəçi icarə müddəti qurtardıqdan sonra mağaza binasını təhvil-təslim aktına əsasən qəbul etdiyi vəziyyətdə təhvil verməli idi. 03.08.2018-ci il tarixli təhvil-təslim aktı ilə mağaza binası iddiaçı tərəfindən təmir edilib əla vəziyyətdə cavabdehə təhvil verilmişdir. Cavabdeh mağaza binasını geri təhvil verərkən təmir etməkdən imtina etdiyinə görə iddiaçı tərəfindən usta çağırılmış, təmir olunmalı divarların ümumi sahəsi 256 kv metr olan mağazanın təmiri üçün lazım olan 1026,5 manat dəyərində mal və materialların siyahısı tutulmuşdur. (5 kisə ağdağ-30 kq (5 x 6,5 m=32,5); üzlük-30 kisə x 8 manat =240,0; binder kley-8 litr -24manat; emulsiya astar və üz 50 kq 130 manat; fasad rəngləmək üçün 2030 kodlu xüsusi rəng 10 kq-150 manat; iri həcmli pəncərələri, döşəməni təmizləmək, materiallarla birlikdə dəyəri 150 manat, usta haqqı 350 manat). Bundan əlavə, mağaza binası təmirsiz olduğundan “Cavabdeh" MMC tərəfindən təhvil verildiyi vaxtdan bu günə qədər mağazanı başqa şəxslərə icarəyə verə bilmədiyinə görə ona külli miqdarda zərər dəymişdir. Bu zərər müqavilə şərtlərinə görə hər ay 350 manat olmaqla qəbul edilərək qətnamə qanuni qüvvəyə minən vaxta qədər hesablanmalıdır. Buna görə də, iddiaçı 528 manat ödənilməmiş icarə haqqının, 1600 manat təmir pulunun, mağaza binasını təmizləyəcək xidmətçi haqqı 400 manat, əldən çıxmış gəlir, yəni dəymiş zərərin əvəzi olaraq 7680 manat pulun “Cavabdeh" MMC-dən alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə qəbul etdiyi 2(060)-167/2020 saylı, 09 iyun 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, “Cavabdeh" MMC-dən İddiaçı xeyrinə təmir xərclərinə görə 1252 manat, dəymiş zərərin əvəzi olaraq 5250 manat, ümumilikdə 6502 manat pul tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Həmin qətnamədən hər iki tərəf apelyasiya şikayəti vermiş, Sumqayıt Apelyasiya Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli, 2(105)-2467/2020 saylı qərardadı ilə apelyasiya şikayətləri təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə ləğv olunaraq, iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Kommersiya Məhkəməsində iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim etmiş, “Cavabdeh" MMC-yə qarşı pul tələbinə dair iddiasının dəymiş zərərin əvəzi olaraq 7680 manat pulun tutulması hissəsində artıraraq 2019-cu ilin mart ayından hər ay üçün icarə haqqı 480 manat (22 ay x 480 manat) hesablanmaqla, əldən çıxmış faydaya görə vurulmuş zərərin əvəzi olaraq 10560 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin həcminin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək icarə haqqının əvəzi olaraq 528 manat, mağazanın təmir pulu olaraq 1600 manat, mağaza binasını təmizləyən xidmətçi haqqını 400 manat, əldən çıxmış gəlir, dəymiş zərərin əvəzi olaraq 10560 manat pulun, bundan başqa İddiaçı ilə obyekti təmir edən H.Ə.Həsənov arasında 02 mart 2021-ci il tarixdə bağlanmış müqaviləni əsas götürərək 500 manat məbləğdə obyektin təmir pulunun cavabdehdən alınaraq ona ödənilməsini xahiş etmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Cavabdeh (hazırki “xxxx” MMC) birinci instansiya məhkəməsinin qətnaməsindən apelyasiya şikayət verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən ödənilməsi qət edilən 528 manat işin həqiqi hallarına qətiyyən uyğun deyildir. Vergi Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, daşınar və daşınmaz əmlak üçün icarə haqqından, həmçinin rezidentin və ya qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinin ödədiyi və ya onun adından ödənilən royaltidə gəlir bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur. Vergi Məcəlləsindən göründüyü kimi ödəmə mənbəyindən vergi icarə haqqından və ödənişin mənbəyindən tutulur. Yəni verginin icarə haqqının tərkibində qeyd edilməsi cavabdehin istəyi deyil, qanunvericiliyin tələbidir. Həmçinin idddiaçının daha əvvəl baş tutmuş məhkəmə işinə aid iddia ərizəsində müqaviləyə xitam verildiyini və icarə haqqını son qəpiyinə qədər tam aldığını və bu barədə heç bir narazılığının olmadığını yazmışdır. İddiaçı Sumqayıt Kommersiya Məhkəməsinə gələrək absurd bir şəkildə 1 il 3 ay ərzində ona ödənilmiş icarə haqqının məbləğindən məlumatlı olmadığını bildirmiş, məhkəmə isə bu izahatı mötəbər, həqiqətə uyğun məlumat hesab etmişdir. 8 aylıq icarə müddəti ərzində icarə haqqından xəbəri olmayan şəxs nə səbəbə icarə haqqını son qəpiyinə qədər tam aldığını və bu barədə heç bir narazılığının olmadığını bildirməlidir? Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Məhkəmə isə hərfi mənadan çıxış etmiş, müqavilənin “vergiləri icarəçi ödəyir” hissəsinə əsaslanmışdır. Tərəflərin həqiqi iradəsinin ifadəsi olan, yəni onların razılaşmasını əyani surətdə göstərən, iddiaçının razılaşdırılmış icarə haqqını tam şəkildə almasını təsdiq edən əvvəlki iddia ərizəsindəki qeydini, icarəçinin Vergi Məcəlləsinə və müqaviləyə uyğun olaraq öncədən icarə haqqını müqaviləyə vergi ilə birlikdə yazmasını daha sonra vergini icarə haqqından tutaraq məhz icarəçinin ödəməsini nəzərə almamışdır. Mağazanın təmir xərci olaraq təmin edilmiş 1252 manata gəldikdə isə, bu rəqəmlər də reallığı əks etdirmir. Ekspert rəyində xərclər bu şəkildə müəyyən edilmişdir: Divarın qaşınması, şpakylovka çəkilməsi, boya, şpakylovka, taxta üzlüyün rənglənməsi, fasadın rənglənməsinə çəkilən xərclər 1122 manat olaraq göstərilmişdir. Göründüyü kimi xərclər yalnız divarın, döşəmənin və fasadın rənglənməsinə çəkilib və həddindən artıq şişirdilmişdir. Ekspert rəyində əlavə və nəqliyyat xərcləri olaraq 100 manat müəyyən edilmişdir. Ekspertiza rəyinə əlavə xərcin qeyri-müəyyən formada daxil edilməsi yolverilməzdir. Nəqliyyat xərclərinə gəldikdə isə obyektin təmir-bərpası üçün yalnız şpaklyovkanın, boyanın və su kranının lazım olması ekspert rəyində aydın şəkildə göstərilmişdir. Bu materialların alınması üçün iddiaçı 2 dəfə rayon mərkəzinə gedib-gəlsə, hər dəfə yol xərcini 15 manatdan hesablasa, cəmi 30 manat edir. Qanunsuz ekspert rəyində isə bu xərc 100 manat olaraq müəyyən edilmişdir. Ekspert rəyinin qanuni olub-olmamasını müəyyənləşdirmək üçün, ekspertizanın tədqiqat obyektlərinə məhkəmədə baxış keçirilməli, ekspertin həqiqətən də Qubaya gedərək obyektə baxış etməsi, yoxsa fotoşəkillər əsasında rəy verməsi araşdırılmalıdır. Mülki Məcəllənin 682-ci maddəsinə əsasən, icarəçinin 8 aylıq istifadəsi nəticəsində obyektin müqaviləyə uyğun pisləşməsi 1252 manatdan çıxılmalı idi. Həmçinin, iddiaçı məhkəməyə 6 ay sonra müraciət edib, ekspertiza isə 8 ay sonra rəy vermişdir. Yəni ekspertizada müəyyən edilmiş 1252 manatdan 22 aylıq amortizasiya və təbii köhnəlmə çıxılmalı idi. Mülki Məcəllənin 682-ci maddəsinə əsasən, kirayəçi kirayəyə götürdüyü əşyanın müqavilə üzrə istifadəsi nəticəsində dəyişməsi və ya pisləşməsi üçün məsuliyyət daşımır. Bu maddə imperativdir və tərəflərin iradəsi ilə dəyişdirilə bilməz. Mülki Məcəllənin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Məhkəmə öz qətnaməsində əldən çıxmış faydanın əvəzi olaraq 5600 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul etmişdir. Məhkəmə “obyekti hansı müddət ərzində təmir etmək olar?” sualını ekspert qarşısında qoymamışdır. 30 manatlıq kranın qurlaşdırılmasına çəkilmiş xərc çıxılsa, iddiaçının həyata keçirməli olduğu “təmir-bərpa” ancaq rəngləmədən ibarətdir ki, bu da ən çoxu 2 həftə çəkə bilər, əgər iddiaçı bu müddət ərzində bilavasitə icarəçinin təqsirli hərəkətləri ucbatından obyektin icarəyə verilmədiyini sübuta yetirərsə, yalnız bu 14 gün ərzində obyektin icarəyə verilməməsi üçün çəkilmiş xərci tələb edə bilər. Mübahisələndirlən qətnamədə ödənilməsi nəzərdə tutulmuş əldə çıxmış fayda, 5600 manat isə 16 aylıq icarə haqqı (vergi daxil) həcmindədir. 8 aya yaxın icarə müddəti ərzində icarəçiyə cəmi 2272 manat pul vəsaiti ödənilmişdir. İndi isə obyektin xarici görünüşünə zərər vurulduğuna və bu müddət ərzində obyektin icarəyə verilə bilməməsinə əsaslanaraq məhkəmə cavabdehdən 5600 manat pul vəsaitinin əldən çıxmış fayda olaraq ödənilməsini qət edir. Bu nəticə qəti şəkildə ədalət prinsipinə, mütənasiblik prinsipinə ziddir. Məlumdur ki, məhkəmə qətnaməsinin yeganə məqsədi ədaləti bərpa etməkdir, 8 ay obyektdən istifadə edərək 16 aylıq əldən çıxmış faydanı ödəmək həm də icarə haqqının real məbləği 300 manat olduğu halda 350-dən ödəmək ədalətliliklə bir araya sığmır. İddia olunan zərərlə zənn edilən pozuntu arasında aydın səbəb-nəticə əlaqəsi olmalıdır. Mülki Məcəllənin 443.4-cü maddəsinə əsasən, əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Hazırki iş üzrə də iddiaçı heç bir tədbir görməmiş, sadəcə olaraq gözləmişdir ki, 2 illik icarə haqqın cavabdehdən tələb edə bilsin. İki halda bu qədər müddət üçün əldən çıxmış fayda ödənilə bilər. 1) borclu dəymiş zərərin aradan qaldırılmasına maneə olduqda; 2) kreditorun dəymiş zərəri aradan qaldırmaq üçün maddi imkanı olmadıqda. İşin hallarından məlumdur ki, bu halların heç biri hazırki iş üzrə mövcud deyildir. İddiaçı yalnız qeyri-müəyyən olaraq hazırlanmış bir müqavilə gətirmiş, həmin müqavilədə şərt qoymuşdur ki, obyekt təmir olunandan sonra təhvil veriləcəkdir. Obyektin xərci 1000 manatdan da azdır. Bu müqavilə ona uyğun hüquqi nəticə yaratmağa yönəlmiyib, yalnız iddiaçının əldən çıxmış faydanı məhkəmə qaydasında tələb edə bilməsinə yönəlib. Mülki Məcəllənin 340.1-ci maddəsinə əsasən, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Mülki Məcəllənin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. İddiaçı ilə həqiqətdə mövcud olmayan icarəçi arasında bağlanmış icarə müqaviləsi isə bu məcburi forma tələbinə uyğun deyildir. Bu səbəbdən bu müqavilə etibarsızdır və etibarsızlığından başqa hüquqi nəticə yarada bilməz. Həmçinin məhkəmə tərəfindən obyektin fəaliyyət göstərdiyi dövr də əldən çıxılmış faydanın verilməli olduğu müddətə daxil edilmişdir. Məhkəmə qərarında göstərilib ki, iddianın yanlış olaraq Sumqayıt Şəhər Məhkəməsinə verilməsi onun təqsiri deyil. İddiaçı fərdi sahibkar olması barədə cavabdehdə heç bir məlumat olmayıb, iddiaçının VÖEN-i bağlanmış icarə müqaviləsində qeyd edilməyib. Bir halda ki, iddia ərizəsini lazımi formada tərtib etmək, dövlət rüsumun ödəmək, tələb olunan sənədləri iddia ərizəsinə əlavə etmək iddiaçının vəzifəsidirsə, düzgün məhkəməyə müraciət etmək də iddaçının üzərinə düşür. Həmçinin məhkəmə fors-major halları, karantin rejimi ilə əlaqədar 2 dəfə məhkməmə iclaslarının təxirə salınmasını cavabdehin təqsiri deyil. Ekspert də 1 ay ərzində rəy verməli olduğu halda, 5 ay ərzində rəy verib və məhkəmə ekspertiza idarəsinin törətdiyi hüquq pozuntusunun da cavabdehin təqsirindən yaranması qənaətinə gəlibdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh (hazırki “xxxx” MMC) nümayəndəsi X2 apelyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya şikayəti əsasında birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilən hissələrində mübahisələndirildiyindən həmin hissələrdə müzakirə edilməlidir. Məhkəmə kollegiyası iş materiallarını, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 158.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ ilə yanaşı girov hüququ, əmlakdan istifadə hüququ, servitutlar da əmlak hüquqları sayılır. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. (Mülki Məcəllənin 158.4-cü maddəsi) Apelyasiya şikayətinin ödənilməmiş icarə haqqı olaraq 528 manatın cavabdehdən tutulması barədə dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan 17.04.2018-ci il tarixli icarə müqaviləsindən görünür ki, İddiaçı Quba rayonu, Digah kəndində yerləşən, ümumi sahəsi 120 kv.m olan qeyri-yaşayış sahəsini 10 il müddətinə Cavabdeh MMC-yə icarəyə verməyi, icarəçi isə həmin sahəni təhvil alaraq müqavilədə nəzərdə tutulan icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.1-ci bəndinə görə icarə haqqı hər ay üçün 350 manat müəyyən edilmişdir. Müqavilənin 3.3-cü bəndinə görə icarəçi qanunvericiliyə əsasən müvafiq vergiləri ödəyir. 2.6-cı bəndinə əsasən isə icarəçi bu müqavilənin 3.1-ci maddəsində göstərilən icarə haqqını hər ayın 10- 15-nə qədər icarə verənə ödəməlidir. İş materiallarında olan ödəniş tapşırıqlarından görünür ki, Cavabdeh MMC İddiaçı bank hesabına 10.07.2018-ci il tarixdə 602 manat, 03.08.2018-ci il tarixdə 301 manat, 07.09.2018-ci il tarixdə 301 manat, 04.10.2018-ci il tarixdə 301 manat, 07.11.2018-ci il tarixdə 301 manat, 05.12.2018-ci il tarixdə 301 manat, 24.01.2019-cu il tarixdə isə 165 manat məbləğdə pul köçürmüşdür. İcarə müqaviləsinin 3.1-ci bəndində qeyd edilmişdir ki, icarə haqqı hər ay üçün 350 manat müəyyən edilir. Müqavilənin 2.4-cü bəndində isə qeyd edilmişdir ki, icarəçi icarəyə götürdüyü sahəni sanitar qaydaları ilə, yanğın əleyhinə olan qaydalarla və binada quraşdırılmış sanitar-texniki və mühəndis qurğuların istismarı qaydaları ilə nəzərdə tutulmuş qaydada saxlamağı, eyni zamanda dövlət vergi və rüsumlarını ödəməyi, tibbi müayinəni öz üzərinə götürür. Müqavilənin 3.3-cü bəndinə görə icarəçi qanunvericiliyə əsasən müvafiq vergiləri ödəyir, 2.6-cı bəndinə əsasən isə icarəçi bu müqavilənin 3.1-ci bəndində göstərilən icarə haqqını hər ayın 10-15-nə qədər icarə verənə ödəməlidir. Cavabdeh apelyasiya şikayətində Vergi Məcəlləsinə istinad edərək göstərmişdir ki, ödəmə mənbəyindən vergi icarə haqqından və ödənişin mənbəyindən tutulur. Yəni, verginin icarə haqqının tərkibində qeyd edilməsi cavabdehin istəyi deyil, qanunvericiliyin tələbidir. Göstərilənlərlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsində icarə haqqı üzrə 14%-lik vergini, yəni 49 manatı icarəçinin icarə haqqından çıxmaqla, icarəyə verənə 301 manat məbləğində icarə haqqı ödəməsi ilə bağlı müddəalar nəzərdə tutulmamışdır. Vergi Məcəlləsinin 124.1-ci maddəsinə görə icarə haqqı vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxs tərəfindən ödənildikdə icarəyə verən bu maddəyə uyğun olaraq 14 faiz dərəcə ilə vergini özü ödəyir və bu Məcəllənin 33-cü və 149-cu maddələrinə uyğun olaraq vergi uçotuna alınıb bəyannamə verir. Müqaviləyə əsasən cavabdeh hər ay icarə verənə 350 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Lakin, o, müqavilə öhdəliklərini lazımınca yerinə yetirməmiş, icarə haqqını tam ödəməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Belə olan halda, birinci instansiya məhkəməsi iddia tələbini həmin hissədə təmin edərək düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin mağazanın təmir olunması üçün vurulmuş ziyanın əvəzi olaraq 1252 manatın tutulması barədə dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan 03.08.2018-ci il təhvil-təslim aktından görünür ki, mağaza əla təmir olunmuş vəziyyətdə İddiaçı tərəfindən Cavabdeh MMC-nin nümayəndəsinə təhvil verilmişdir. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 16 mart 2020-ci il tarixli, 26803 nömrəli ekspert rəyindən görünür ki, Quba rayonu, Digah kəndində yerləşən, İddiaçı ümumi sahəsi 120 kv.m. olan qeyri-yaşayış sahəsində mövcud olan qüsurların aradan qaldırılması üçün aparılmalı tikinti-təmir işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 1252 manat məbləğində müəyyən olunmuşdur. Cavabdeh apelyasiya şikayətində təmir üçün çəkilən xərcin şişirdildiyinə və həqiqəti əks etdirmədiyinə istinad etsə də, həmin halı təsdiq edəcək sübutlarını məhkəməyə təqdim etməmişdir. Halbuki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (MPM-in 77.1-ci maddəsi) Təmir üçün çəkilən xərcin məbləği ekspert rəyi ilə müəyyən olunmuşdur və məhkəmə həmin rəyi sübut kimi qəbul etmişdir. Cavabdeh tərəf Mülki Məcəllənin 682-ci maddəsinə istinad edərək iddia tələbinin bu hissədə rəddini tələb etsə də, tərəflər arasındakı icarə müqaviləsinin 2.7-ci bəndinə əsasən cavabdeh icarə müddəti qurtardıqdan sonra həmin sahəni icarəyə götürdüyü vəziyyətdə təhvil verməyi öhdəsinə götürmüşdür. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi üçün əsaslardan biridir. (Mülki Məcəllənin 14.2.1-ci maddəsi) Bundan başqa, iş materiallarında olan (səh. 170) ərizədən görünür ki, iddiaçının nümayəndəsi A.Q.Hüseynov iddia tələbini 1152 manat dəymiş zərər hissədə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Əldən çıxmış faydaya görə 5600 manat pulun tutulması ilə bağlı birinci instansiya məhkəməsi qətnaməsində göstərmişdir ki, icarə müqaviləsinə xitam verildikdən sonra icarə obyekti olan qeyri-yaşayış sahəsinin Cavabdeh MMC tərəfindən təmir edilərək iddiaçıya təhvil verilməməsi səbəbindən sonuncunun ziyana düşməsi faktı və bu vəziyyətin yaranmasında Cavabdeh MMC-nin təqsirli olması məhkəmədə sübuta yetirilmişdir. Məhkəmədə cavabdehin nümayəndəsi bu faktı əvvəlcə etiraf edərək, vurulmuş ziyanın məbləğini mübahisələndirmiş və qeyri-yaşayış sahəsinin yalnız 1 ay ərzində istifadə edilə bilməməsi səbəbindən dəymiş ziyanı ödəməyə hazır olduqlarını bildirmiş, sonda isə bütövlükdə iddia tələbinə etiraz etmişdir. İddiaçı isə qeyri-yaşayış sahəsini təhvil aldığı 2019-cu ilin yanvar ayından etibarən icarəyə verə bilmədiyini göstərərək, bu səbəbdən 22 ay ərzində hər ay 480 manat icarə haqqı şəklində gəlirindən məhrum olduğunu iddia etmiş, ona dəymiş maddi ziyanı 10560 manat məbləğində qiymətləndirmişdir. Əldən çıxmış fayda şəklində vurulmuş ziyanın məbləğinin müəyyən edilməsi ilə bağlı məhkəmə hesab etmişdir ki, iddiaçı özünə məxsus qeyri-yaşayış sahəsini Cavabdeh MMC-yə aylıq icarə haqqı 350 manat olmaqla icarəyə vermişdir və bu, real fakt olaraq öz təsdiqini tapır. İddiaçının məhkəməyə təqdim etdiyi fiziki şəxs H.Həsənovla aralarında bağlanılmış 01.03.2019-cu il tarixli icarə müqaviləsində isə həmin qeyri-yaşayış sahəsinin aylıq icarə haqqı 480 manat nəzərdə tutulsa da, həmin icarə müqaviləsi reallaşdırılmamışdır. Bu səbəbdən İddiaçı ilə Cavabdeh MMC arasında bağlanılmış 17.04.2018-ci il tarixli icarə müqaviləsində müəyyən edilən və artıq mübahisə doğurmayan fakt kimi mövcud olan aylıq 350 manat icarə haqqı daha real və ağlabatan rəqəm sayılmaqla əsas götürülməlidir. Bundan başqa, iddiaçı qeyri-yaşayış sahəsini təhvil aldığı 2019-cu ilin yanvar ayından etibarən icarəyə verə bilmədiyini göstərərək, bu səbəbdən 22 ay ərzində icarə haqqından məhrum olduğunu qeyd etmişdir. Bu xüsusatla bağlı məhkəmə qeyd etmişdir ki, iddiaçı qeyri-yaşayış sahəsini 2019-cu ilin yanvar ayında təhvil alsa da, aralarında yaranmış mübahisə ilə bağlı hazırkı iddia ərizəsi ilə məhkəməyə həmin ilin avqust ayının axırlarında, yəni 7 ay sonra müraciət etmişdir. Məhkəməyə müraciət etmək hər bir şəxsin hüququ olsa da, bu hüquqdan sui-istifadə və ya üzürsüz səbəbdən istifadə etməmə digər şəxslərin mənafeyinə ziyan vurulmasına gətirib çıxarırsa, bu hala müvafiq qiymət verilməlidir. Bu baxımdan məhkəmə hesab etmişdir ki, mübahisənin yarandığı vaxt, yəni iddiaçının qeyri-yaşayış sahəsini təmirsiz halda təhvil aldığı 2019-cu ilin yanvar ayı real və ağlabatan başlanğıc müddət kimi götürülsə, İddiaçı 1 ay ərzində məhkəməyə müraciət etmək imkanı olmuş, lakin o, bu imkandən istifadə etməmişdir. İddiaçı hazırkı iddia ərizəsi ilə imkanı olduğu halda 6 ay ərzində məhkəməyə müraciət etməməsini əsaslandırmamışdır. Ona görə də, İddiaçı 2019-cu ilin mart ayından avqust ayının sonunadək olan dövr üçün əldən çıxmış fayda tələb etməsi əsassızdır. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab etmişdir ki, icarə müqaviləsinə xitam verildikdən sonra icarə obyekti olan qeyri-yaşayış sahəsinin Cavabdeh MMC tərəfindən təmirsiz halda təhvil verilməsi səbəbindən İddiaçı dəymiş ziyanı müəyyən etmək üçün əldən çıxmış faydanın hesablanması müddətinin əvvəli onun hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi tarixdən hesablanmalıdır. İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi tarixdən işə baxılması, ekspertiza rəyinin gec verilməsi, o cümlədən Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsinin apelyasiya instansiyasında ləğv edilərək işin məhkəmə aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi, eləcə də COVİD-19 pandemiyası ilə əlaqədar işə baxılması zamanı fasilələr yaranmasına, bütün bunlar iddiaçının təqsiri üzündən baş vermədiyinə görə həmin dövr ərzində (22 ay-6 ay=16 ay, 16 ay x 350 manat=5600 manat) əldən çıxmış faydanın iddiaçı tərəfindən tələb olunması əsaslıdır. Əldən çıxmış faydanın tutulması barədə apelyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən cavabdeh həmin müqaviləyə xitam verildikdən sonra qeyri-yaşayış sahəsini icarəyə götürdüyü vəziyyətdə iddiaçıya təhvil verməli olması, lakin ötən müddət ərzində müqavilənin bu şərtinə əməl etməməsi nəticəsində icarə müqaviləsi bağlamaqla qazanc əldə edən iddiaçının zərərə məruz qalması halı mübahisəsizdir. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini bu hissədə qismən təmin edərək düzgün nəticəyə gəlmişdir. İş materiallarında olan cavabdeh tərəfindən verilmiş kəsici müddətin tətbiq olunmasına dair ərizədə göstərilmişdir ki, İddiaçıla Quba rayonu, Digah kəndində yerləşən qeyri-yaşayış sahəsi ilə bağlı bağlanmış icarə müqaviləsinə 16 yanvar 2019-cu ildə xitam verilmişdir. İddiaçı isə ilk dəfə Sumqayıt Şəhər Məhkəməsinə 19 avqust 2019-cu ildə müraciət etmişdir. Yəni, kirayə hüquq münasibətlərinə xitam verildikdən 7 ay sonra məhkəməyə müraciət etmiş, bununla da Mülki Məcəllənin 697.4-cü maddəsində göstərilən kəsici müddəti ötürmüş və kirayəyə verənin kirayəyə verilmiş əşyanın dəyişməsi və ya pisləşməsi nəticəsində zərərin əvəzinin ödənilməsi barədə iddia hüququ qüvvəsini itirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia tələbinə kəsici müddət tətbiq edilməməldir. Belə ki, kəsici müddət-şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Mülki Məcəllənin 372.2-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Məhkəmə kollegiyası hesab edir ki, mövcud iddia tələbi üzrə kəsici müddət deyil iddia müddəti tətbiq edilə bilər ki, hazırda bu müddət də ötməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında baxıldıqda dəyişdirmədən, apelyasiya şikayətini təmin etmədən saxlanması üçün əsasdır. Qeyd edilənləri və Azərbaycan Respublikası MPM-in 384.0, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-148/2021 saylı, 05 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar