Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-86/2023 05.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər "xxxx" Firmasına və Cavabdeh2 qarşı kommersiya işi üzrə (Açar sözlər: kredit borcunun tutulması) X4 Süleymanovanın sədrliyi və məruzəsi, X5 Məmmədov və X1 ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər "xxxx" Firmasına və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 14 mart 2023-cü il tarixli e-2-2(119)-96/2023 nömrəli qətnaməsindən cavabdeh "xxxx" Firmasının nümayəndəsi Qanuni nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti 14 dekabr 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdehlər "xxxx" Firmasına və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və "xxxx" Firmasından 22 aprel 2022-ci il tarixli RB/NM-204 nömrəli kredit müqaviləsi üzrə 100000 (yüz min) manat əsas borc, 9774,54 (doqquz min yeddi yüz yetmiş dörd manat 54 qəpik) manat faiz borcu və 5599,41 (beş min beş yüz doxsan doqquz manat 41 qəpik) manat dəbbə borcu olmaqla, cəmi 115373,95 (yüz on beş min üç yüz yetmiş üç manat 95 qəpik) manat məbləğində borcun, X3 iştirak üçün ödənilmiş 400 manat və iddia ərizəsi verilərkən 5,37 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Borcverən – İddiaçı ASC-nin Nərimanov filialı ilə Borcalan – "xxxx" Firması arasında bağlanmış 22 aprel 2022-ci il tarixli RB/NM-204 saylı kredit müqaviləsinə əsasən sonuncuya illik 17 % (on yeddi) faiz dərəcəsi olmaqla 12 (on iki) ay müddətinə 100000 (yüz min) manat məbləğində kredit verilmişdir (kredit müqaviləsinin 2.1.; 2.3.; 2.4 bəndləri). Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq 22 aprel 2022-ci il tarixdə İddiaçı ASC-nin Nərimanov filialı ilə digər Cavabdeh2 arasında Zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə Cavabdeh2 zamin olaraq 22 aprel 2022-ci il tarixli RB/NM-204 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə Borcalan ilə birlikdə məsuliyyət daşıyır. 22 aprel 2022-ci il tarixli RB/NM-204 saylı kredit müqaviləsinin şərtlərinə görə borcalan "xxxx" Firması kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışlar. Tərəflər arasında bağlanmış 22 aprel 2022-ci il tarixli RB/NM-204 saylı kredit müqaviləsinə görə, Borcalan kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan Ödəniş Cədvəli əsasında, hər ayın 25-dən gec olmayaraq, hər ay 9120,48 (doqquz min yüz iyirmi manat 48 qəpik) manat ödəniş etməli olduğu halda, öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən cavabdeh "xxxx" Firmasının 22 aprel 2022-ci il tarixli RB/NM204 saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borca görə 100000 (yüz min) manat, faiz borcuna görə 9774,54 (doqquz min yeddi yüz yetmiş dörd manat 54 qəpik) manat və dəbbə borcuna görə 5599,41 (beş min beş yüz doxsan doqquz manat 41 qəpik) manat olmaqla, cəmi 115373,95 (yüz on beş min üç yüz yetmiş üç manat 95 qəpik) manat təşkil edir. Həmin kredit “dövriyyə vəsaitlərinin artırılması” məqsədilə götürüldüyü və "Şəhriyar-99” Firması VÖEN ödəyicisi olduğu üçün Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin və Mediasiya haqqında Qanunun tələblərinə əsasən iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl cavabdehlərə (həmçinin zaminə) mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmişdir. Müqaviq müraciətə əsasən Mediasiya Şurası tərəfindən təyin edilmiş mediator tərəfindən mediasiya prosesi təşkil olunsa da, cavabdeh tərəf 10 noyabr 2022-ci il tarixinə təyin edilmiş ilkin mediasiya sessiyasına gəlməmiş və mediasiya xərci kimi hesablanmış 400 manat mediasiya xərci İddiaçı ASC tərəfindən ödənilmişdir. Mediator tərəfindən İddiaçı ASC-yə “X3 (İMS) iştirak edilməməsi barədə Arayış” təqdim edilmiş və həmin Arayışda cavabdehlərə ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə 10 gün əvvəlcədən poçt və telefon vasitəsi ilə məlumat verildiyi qeyd edilmişdir.
3. Həmin iddia ərizəsinə dair kommersiya işinin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 13 yanvar 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə “iddia tələbinin həcminin artırılması” barədə ərizə təqdim edilərək, cavabdehlər "xxxx" Firmasından və Cavabdeh2 22 aprel 2022-ci il tarixli RB/NM-204 nömrəli kredit müqaviləsi üzrə 100000 manat əsas borc, 12182,76 manat faiz borcu və 8819,82 manat cərimə borcu olmaqla, cəmi 121002,58 manat məbləğində borcun, X3 iştirak üçün ödənilmiş 400 manat xidmət haqqının və iddianın verilməsi üçün 11 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur.
4. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.
5. 22 aprel 2022-ci il tarixli RB/NM-204 nömrəli Kredit Müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti – “Kreditor”, "xxxx" Firması – “Borcalan” olmaqla bağlanmış həmin Müqaviləyə əsasən “cari xərclərin qarşılanması və dövriyyə vəsaitlərin artırılması” məqsədilə borcalan "xxxx" Firmasına (VÖEN **********) 12 ay müddətinə illik 17 % dərəcəsi ilə 100000 (yüz min) manat məbləğində kredit verilmişdir.
6. Həmin Müqavilənin 1.1-ci bəndinə əsasən, Borc verən bu Müqavilənin şərtləri daxilində Borc alana dövriyyə vəsaitinin artırılması məqsədilə 100000 (yüz min) manat məbləğdə kredit verməyi, Borc alan isə aldığı krediti bu Müqavilədə nəzərdə tutulan şərtlərlə və onun ayrılmaz tərkib hissəsi olan “Kreditin ödəniş cədvəli”nə (1 saylı Əlavə) uyğun olaraq Borc verənə qaytarmağı və kreditdən istifadəyə görə hesablanmış faizləri ödəməyi öhdəsinə götürür
7. Həmin Müqavilənin 2.3-cü bəndinə əsasən, kreditə görə illik 17% (on yeddi) faiz hesablanır. Müqavilə üzrə faktiki illik faiz dərəcəsi (FİFD) 19% təşkil edir.
8. Həmin Müqavilənin 2.4-cü bəndinə əsasən, kreditdən istifadə müddəti dedikdə, kredit vəsaitlərinin Borc alana verildiyi və onun müvafiq bank hesabına köçürüldüyü andan, faktiki olaraq Borc alanın Borc verəndə olan müvafiq bank hesabına qaytarılan anadək olan müddət hesab edilir. Kreditin Borc verənə tam qaytarıldığı (bağlandığı) gün faiz hesablanmır.
9. Həmin Müqavilənin 2.5-ci bəndinə əsasən, Kredit faizləri hesablanarkən hər ayda 30 (otuz) günün, hər ildə 360 (üç yüz altmış) günün olduğu qəbul edilir.
10. Həmin Müqavilənin 2.14.2-ci bəndinin tələblərinə görə, müqavilə müddəti ərzində Borc alan tərəfindən öhdəliklər vaxtında və lazımınca icra edilmədikdə, yəni “Kreditin ödəniş cədvəli” üzrə ödənişlərin gecikməsi zamanı Borc verən tərəfindən vaxtında ödənilməmiş məbləğin 1 (bir) faizi (gecikmənin birinci günündən başlayaraq gündəlik olaraq) cərimə hesablanır.
11. 25 aprel 2022-ci il tarixli Ödəniş Qrafikindən (Ödəniş Cədvəlindən) görünür ki, həmin Ödəniş Qrafikində 22 aprel 2022-ci il tarixli RB/NM-204 nömrəli Kredit Müqaviləsinə əsasən verilən kreditin və ona hesablanmış faizlərin borcalan "xxxx" Firması tərəfindən müvafiq qrafikə əsasən aylar üzrə müəyyən edilmiş məbləğlərdə (12 ay ərzində, hər ay 9120,67 manat məbləğində olmaqla) və müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuşdur və həmin Ödəniş Qrafikini borcalan "xxxx" Firması imza etmişdir. X6 əsasən ödənişin son tarixi 25 aprel 2023-cü il müəyyən olunmuşdur.
12. 22 aprel 2022-ci il tarixli RB/NM-204 nömrəli Zaminlik Müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti – “Borc verən”, Cavabdeh2 – “Zamin” və "xxxx" Firması – “Borcalan” olmaqla, bağlanmış həmin Müqaviləyə əsasən Cavabdeh2 zamin olaraq, borcalan "xxxx" Firmasının 22 aprel 2022-ci il tarixli RB/NM-204 nömrəli Kredit Müqaviləsi əsasında alınan kreditlər üzrə Bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməsinə görə Borcalanla birgə məsuliyyəti öz üzərinə götürmüşdür.
13. Həmin Müqavilənin 1.1-ci bəndinə əsasən, zamin Cavabdeh2, "xxxx" Firması (bundan sonra mətndə ismin müvafiq halında “Borc alan” adlanacaq) ilə Kreditor (Bank) arasında bağlanmış 22 aprel 2022-ci il tarixli RB/NM-204 nömrəli Kredit Müqaviləsinə (bundan sonra - "Kredit Müqaviləsi") əsasən kredit almış Borc alanın Kreditor (Bank) qarşısında öz öhdəliklərini tamamilə və vaxtında icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
14. Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən, Zamin Kredit Müqaviləsinin aşağıda göstərilmiş şərtlər daxil "olmaqla, bütün şərtləri ilə tanış olmuş və Borc alanın bütün öhdəlikləri üçün tam şəkildə məsuliyyət daşımağa razıdır: kreditin məbləği - 100000 (yüz min) manat; kreditin qaytarılması müdəti - 12 (on iki) ay; kreditin faiz dərəcəsi - 17%; kreditin ödənilməsi (qaytarılma) qaydası - ayliq; cərimə və dəbbə pullarının məbləği və hesablanması qaydası.
15. 25 aprel 2022-ci il tarixli "Sərəncam-order" adlı sənəddən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən "xxxx" Firmasına 100000 (yüz min) manat məbləğində kredit verilmişdir.
16. 13 yanvar 2023-cü il tarixli RB-02/PK-84 nömrəli Maliyyə Arayışından görünür ki, borcalan "xxxx" Firmasının 22 aprel 2022-ci il tarixli RB/NM-204 nömrəli Kredit Müqaviləsi üzrə 13 yanvar 2023-cü il tarixə borcverən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 100000 manat məbləğində əsas borcu, 12182,76 manat məbləğində faiz borcu və 8819,82 manat məbləğində cərimə borcu olmaqla, cəmi 121002,58 manat məbləğində borcu vardır.
17. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 08 iyun 2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir.
18. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 avqust 2023-cü il tarixli 9/4692 nömrəli ekspert rəyinin nəticə hissəsində göstərilmişdir ki, rəyin tədqiqat hissəində göstərildiyi kimi, iş materiallarında olan cari hesabdan çıxarış məlumatları, tərəflər arasında bağlanmış 22 aprel 2022-ci il tarixli RB/NM-204 saylı kredit müqaviləsinə əsasən cavabdeh "xxxx" Firmasının ASC-nin borcu xx.xx.2023-cü il tarixinə əsas borcu 100.000,00 manat, faiz borcu 12.325,00 manat müəyyən edilir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
19. Sumqayıt Kommersiya Məhkəməsinin 14 mart 2023-ci il tarixli e-2-2(119)- 96/2023 nömrəli qətnaməsi ilə (hakim Zülfüqar Sadiqov) iddianın qismən təmin edilməsi, cavabdehlər "xxxx" Firmasından və Cavabdeh2 müştərək qaydada 100000 (yüz min) manat məbləğində əsas borc, 12182,76 (on iki min yüz səksən iki manat 76 qəpik) manat məbləğində faiz borcu, 4000 (dörd min) manat məbləğində cərimə, mediasiya ilə əlaqədar ödənilmiş 400 (dörd yüz) manat məbləğində xidmət haqqı və 11 (on bir) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 116593,76 (yüz on altı min beş yüz doxsan üç manat 76 qəpik) manat məbləğində pul vəsaitinin İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, cavabdehlər "xxxx" Firmasından və Cavabdeh2 müştərək qaydada dövlət rüsumunun qalığı kimi 395,18 (üç yüz doxsan beş manat 18 qəpik) manat məbləğində pul vəsaitinin dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir.
20. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1, 739.2, 470.1, 472.1, 385.1, 425.1, 427.3, 442, 443.1, 445.1, 448, 462.1, 465.2-ci maddələri, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.4 və 9.1-1-ci mddələri, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsi, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.3, 217.4, 119.1, 119.2, 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayəti və onun dəlilləri
21. Cavabdeh "xxxx" Firmasının nümayəndəsi Qanuni nümayəndə apellyasiya şikayəti verərək, Sumqayıt Kommersiya Məhkəməsinin 14 mart 2023-ci il, e-2-2(119)- 96/2023 saylı qətnaməsinin ləğv edilməsi, iddianın qismən təmin olunması, cavabdehlər "xxxx" MMC-dən və Cavabdeh2 100000 (yüz min) manat kredit borcunun və 400 manat mediasiya xərclərinin müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsini iddiaçının məhkəməyə təqdim etdiyi maliyyə arayışına istinad etməklə əsaslandırmış və həmin maliyyə arayışını möhtəbər sübut kimi qəbul etmişdir. Birinci instansiya məhkəməsi heç bir araşdırma aparmadan iddiaçının ilkin iddia ərizəsində və iddiaya əlavəsində göstərdiyi borc mələğini dəbbə pulu hissəsində qismən azaltmaqla iddianın qismən təmin olunmasını qət etmişdir. İddiaçı heç bir əsas olmadan iddianın həcmini artırmışdır. Məhkəmə iddiaya əlavə edilməsi hissəsinə hüquqi qiymət vermədən, məhkəmə mühasibatlıq ekspertizası keçirmədən, şişirdilmiş faiz borcunun və dəbbə pulunun haradan yarandığını araşdırmadan səhv nəticəyə gələrək əsasız qətnamə qəbul etmişdir. Hesab edir ki, iddiaçının iddianın dəbbə pulu və faiz borcu hissəsində tələbi şişirdilmiş məbləğdə göstərilmişdir. Məhkəmə iddia tələbini həmin hissədə araşdırmadan qətnamə çıxartmışdır. Məhkəmə iddia tələbinin qismən təmin olunmasını qət edərkən cavabdeh tərəfin hər hansı bir arqumentinə istinad etməmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, iddiaçı heç bir əsas olmadan iddianın həcmini artırmışdır. Məhkəmə iddianın bu hissəsinə hüquqi qiymət vermədən, mühasibatlıq ekspertizası keçirmədən, şişirdilmiş faiz borcunun və dəbbə pulunun haradan yarandığını araşdırmadan səhv nəticəyə gələrək əsasız qətnamə qəbul etmişdir. Hesab edir ki, iddianın dəbbə pulu və faiz borcu hissəsində şişirdilmiş məbləğdə göstərilmişdir. Digər tərəfdən qeyd etmək istəyir ki, məhkəmə nəzərə almamışdır ki, digər məhkəmə qərarı ilə cavabdeh "xxxx" MMC-nin iddiaçı "xxxx" ASCdəki bank hesablarının üzərinə kredit götrülən vaxt həbs qoyulmuş və iddiaçı bu barədə məlumatlı olmuşdur. Bu səbəbdən də cavabdeh öhdəliklərini icra edə bilməmişdir. Belə ki, Sumqayıt Komersiya Məhkəməsinin e-MTT (119)-16/2022 saylı xx.xx.2022-ci il tarixli Qərardadı ilə "xxxx" MMC-nin iddiaçı "xxxx" ASC-dəki bank hesablarının üzərinə həbs qoyulmuş bu səbəbdəndə cavabdeh müqavilə bağladıqdan sonra ondan asılı olmayan səbəbdən öhdəliklərini icra edə bilməmişdir. Kredit borcu isə 22 aprel 2022-ci ildə kredit müqaviləsi əsasında verilmişdir. Məhkəmə bu faktları araşdırmamış və hüquqi qiymət verməmişdir.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
23. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
24. İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə1 “Elektron Məhkəmə” İnformasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə göndərərək, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini, şikayətin təmin edilməməsini və Sumqayıt Kommersiya Məhkəməsinin 14 mart 2023-cü il tarixli e-2-2(119)-96/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
25. Cavabdeh "xxxx" Firmasının nümayəndəsi və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq, həmin cavabdehlərin iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab edir.
Apellyasiya baxışının hədləri
26. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi cavabdeh tərəf verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
27. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 465.2. Borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.
28. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanmalıdır.
30. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
31. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, borcalan (cavabdeh) "xxxx" Firması (VÖEN **********) və zamin (cavabdeh) Cavabdeh2 22 aprel 2022-ci il tarixli RB/NM-204 nömrəli Kredit Müqaviləsi və 22 aprel 2022-ci il tarixli RB/NM-204 nömrəli Zaminlik Müqaviləsi bağlayarkən götürdükləri öhdəlikləri pozmuş və onları lazımi qaydada icra etməyərək, borcverən İddiaçı ASC-yə ödənilməli olan əsas borcu və əsas borca görə hesablanmış faizləri Ödəniş Cədvəlində nəzərdə tutulan qaydada ödəməmiş və bununla da borcverən İddiaçı ASC-dən alınmış krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişlər. Yəni, 22 aprel 2022-ci il tarixli RB/NM-204 nömrəli Kredit Müqaviləsi üzrə cəmi 100000 manat məbləğində verilmiş kredit Ödəniş Qrafikinə (Ödəniş Cədvəlinə) uyğun olaraq qaytarılmadığı və həmin kredit üzrə heç bir ödəniş olunmadığı üçün borcalan "xxxx" Firmasının 13 yanvar 2023-cü il tarixə 100000 manat məbləğində əsas borc, 12182,76 manat məbləğində faiz borcu və 8819,82 manat məbləğində cərimə borcu olmaqla, cəmi 121002,58 manat məbləğində borcu yaranmış və həmin borcun cavabdehlərdən (borcalan "xxxx" Firmasından və zamin Cavabdeh2) müştərək qaydada tutulması üçün müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur.
32. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehlər "xxxx" Firmasından və Cavabdeh2 müştərək qaydada 100000 (yüz min) manat məbləğində əsas borc, 12182,76 (on iki min yüz səksən iki manat 76 qəpik) manat məbləğində faiz borcu, 4000 (dörd min) manat məbləğində cərimə, mediasiya ilə əlaqədar ödənilmiş 400 (dörd yüz) manat məbləğində xidmət haqqı və 11 (on bir) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 116593,76 (yüz on altı min beş yüz doxsan üç manat 76 qəpik) manat məbləğində pul vəsaitinin İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, cavabdehlər "xxxx" Firmasından və Cavabdeh2 müştərək qaydada dövlət rüsumunun qalığı kimi 395,18 (üç yüz doxsan beş manat 18 qəpik) manat məbləğində pul vəsaitinin dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir.
33. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddia tələbi cavabdehlər "xxxx" Firmasından və Cavabdeh2 müştərək qaydada "100000 manat məbləğində əsas borcun və 12182,76 manat məbləğində faiz borcunun tutulması” hissəsində əsaslıdır və təmin olunmalıdır. Eyni zamanda, məhkəmə hesab etmişdir ki, iddianın "8819,82 manat məbləğində cərimənin tutulması" tələbinə aid hissəsi isə qismən təmin olunmalı və işin halları, o cümlədən də məlum kredit müqaviləsi üzrə alınan kreditə görə heç bir ödənişin edilməməsi nəzərə alınmaqla, cərimə məbləği azaldılaraq, cavabdehlər "xxxx" Firmasından və Cavabdeh2 müştərək qaydada cəmi 4000 (dörd min) manat məbləğində cərimə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
34. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və əsaslandırması ilə razılaşır, hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
35. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.
36. Məhkəmə kollegiyası tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətinin dəlilləri ilə bağlı hüquqi dəyərləndirmə apararaq aşağıda şərh olunanları qeyd etməyi zəruri hesab edir.
37. Göründüyü kimi apellyator şikayətin dəlili olaraq iddia tələbinin həcminin artırılmasını, məhkəmənin iddianın bu hissəsinə hüquqi qiymət verməməsini, məhkəmə mühasibatlıq ekspertizası keçirilməməsini, faiz borcunun və dəbbə pulunun məbləğinin şişirdildiyini mübahisələndirmişdir.
38. Məhkəmə kollegiyası ilk öncə prosessesual qanunvericiliyin göstərişlərindən çıxış edərək qeyd edir ki, MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır.
39. İş materiallarından görünür ki, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər, 13 yanvar 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə “iddia tələbinin həcminin artırılması” barədə ərizə təqdim etmişdir.
40. Bundan başqa, məhkəmə kollegiya xüsusilə qeyd etməyi zəruri hesab edir ki, Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. İşin hallarından görünür ki, araşdırılan kredit müqaviləsi 12 ay müddətə bağlanılmaqla kredit müqaviləsi üzrə son ödəniş müddəti 15 aprel 2023-cü il tarix müəyyən edilmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin faiz və cərimə borcu hissəsində artırılması qanunvericiliyin tələblərinə uyğun olmuşdur.
41. Məhkəmə kollegiyası şikayətin faiz və cərimə borcunun şişirdilməsi ilə bağlı dəlilinin yoxlanılması məqsədi ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmişdir.
42. 22 avqust 2023-cü il tarixli 9/4692 nömrəli ekspert rəyinə əsasən "xxxx" Firmasının ASC-nin xx.xx.2023-cü il tarixinə əsas borcu 100.000,00 manat, faiz borcu 12.325,00 manat müəyyən edilmişdir.
43. Göründüyü kimi iddia tələbi üzrə faiz borcu 12182,76 manatdır.
44. Məhkəmə kollegiyası MPM-nin 218.3-cü maddəsinə əsasən hakimin işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarması göstərişdən çıxış edərək hesab edir ki, birinci instansiya məhkəməsinin faiz borcunun 12182,76 manat tutulması hissədə dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas yoxdur.
45. Eləcə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçı Mülki Məcəllənin 465-cı maddəsinə əsasən dəbbə pulu tələbində haqlıdır. Dəbbə pulunun miqdarına gəlincə məhkəmə kollegyiasının qənaətincə birinci instansiya məhkəməsi düzgün olaraq borclunun əmlak mənafelərini nəzərə alaraq iddia olunan dəbbə pulunun miqdarını azaldaraq 4000 manat müəyyən etmişdir. Həmçinin qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsinin müəyyən etdiyi dəbbə pulu miqdarı əsas borc məbləğinə nisbətdə mütənasiblik və ədalətli tarazlığa cavab verir. Bu baxımdan məhkəmə kollegiyası dəbbə pulunun miqdarının 4000 manat məbləğində müəyyən edilməsini əsas və faiz borcuna nisbətdə ağlabatan məbləğ hesab edir.
46. Apellyasiya şikayətinin digər bir dəlili Sumqayıt Komersiya Məhkəməsinin e- MTT (119)-16/2022 saylı xx.xx.2022-ci il tarixli Qərardadı ilə "xxxx" MMC-nin iddiaçı "xxxx" ASC-dəki bank hesablarının üzərinə həbs qoyulması və bu səbəbdəndə cavabdeh müqavilə bağladıqdan sonra ondan asılı olmayan səbəbdən öhdəliklərini icra edə bilməməsi ilə bağlıdır.
47. Məhkəmə kollegiyası şikayətin bu dəlilini də əsassız hesab edir.
48. Belə ki, Sumqayıt Kommersiya Məhkəməsinin 26 aprel 2023-cü il tarixli e- MTT(119)-16/2022 nömrəli qərardadının məzmunundan görünür ki, Sumqayıt Kommersiya Məhkəməsinin 20 may 2022-ci il tarixli e-MTT(119)-16/2022 nömrəli qərardadı ilə ərizəçi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsi tərəfindən verilmiş “müvəqqəti təminat tədbirinin tətbiq edilməsi” haqqında ərizə qismən təmin edilərək Sumqayıt Kommersiya Məhkəməsinin icraatında olan iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsinin cavabdeh "xxxx" Firmasına qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair e-2-2(119)-691/2022 nömrəli kommersiya işinə mahiyyəti üzrə baxılanadək müvəqqəti təminat tədbiri olaraq "xxxx" Firmasına (VÖEN **********) məxsus Bank hesablarının üzərinə -işçilərin əmək haqqılarının, məcburi dövlət ödənişlərinin (vergi, sosial və s.) ödənilməsinə məhdudiyyət qoyulmadan tərəflər arasına mübahisə predmeti olan 52.598 (əlli iki min beş yüz doxsan səkkiz) manat həcmində həbs qoyulmuşdur.
49. Göründüyü kimi, sözügedən qərardadla cavabdehə məxsus bütün bank hesabına deyil, yalnız iddia tələbi həcmində həbsin qoyulması qərara alınmışdır. Eyni zamanda qeyd olunmalıdır ki, cavabdehin müəyyən həcmdə bank hesabı üzərində həbsin olması onu müqavilə öhdəlikərini icra etməkdən azad edən hal kimi qəbul oluna bilməz.
50. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
51. Ekspertiza təhqiqatının dəyərinin əvəzi olaraq 100 (bir yüz) manat cavabdeh "xxxx" Firmasından alınaraq SAP (XİİS) hesabı X2 kod 210005 VÖEN ********** müxbir hesab AZ41NABZ********************, SWİFT Bik: CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına keçirilməlidir.
52. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 378- 382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh "xxxx" Firmasının nümayəndəsi Qanuni nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 14 mart 2023-cü il tarixli e-2-2(119)-96/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Ekspertiza təhqiqatının dəyərinin əvəzi olaraq 100 (bir yüz) manat cavabdeh "xxxx" Firmasından alınaraq SAP (XİİS) hesabı X2 kod 210005 VÖEN ********** müxbir hesab AZ41NABZ********************, SWİFT Bik: CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.