Məhkəmə qərarları › İş №2-2(105)-86/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-86/2024

23.07.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-86/2024 23.07.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim X1, hakimlər Məmmədov Zaur İkram oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh Mənzil-Tikinti Kooperativinə qarşı “növbədənkənar ümumi yığıncağın keçirilməsi və sənədlərin verilməsi tələbinə dair” kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin “iddia ərizəsinin geri qaytarılması haqqında” 28 iyun 2024-cü il tarixli, e-2-2(119)-1148/2024 nömrəli qərardadından iddiaçıların vəkili-nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh Mənzil-Tikinti Kooperativinə qarşı “növbədənkənar ümumi yığıncağın keçirilməsi və sənədlərin verilməsi tələbinə dair” iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmişlər. Sumqayıt Kommersiya Məhkəməsinin 28 iyun 2024-cü il tarixli e-2-2(119)-1148/2024 nömrəli qərardadı ilə həmin iddia ərizəsinin iddiaçılara geri qaytarılması qərara alınmışdır (hakim Zülfüqar Sadıqov). Qərardaddan iddiaçıların vəkili-nümayəndəsi Vəkil “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət verərək, Sumqayıt Kommersiya Məhkəməsinin 28 iyun 2024-cü il tarixli e-2-2(119)-1148/2024 nömrəli qərardadının ləğv edilməsi və iddia ərizəsinin baxılması üçün icraata qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 02 iyul 2024-cü il tarixli e-2-2(119)-1148/2024 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi, iddiaçıların vəkili-nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayətin iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Zülfüqar Sadıqov). Şikayət Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası tərəfindən yazılı icraat qaydasında baxılmağa qəbul edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilərək, Sumqayıt Kommersiya Məhkəməsinin 02 iyul 2024-cü il tarixli e-2-2(119)-1148/2024 nömrəli qərardadı ləğv edilməli və iddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh Mənzil-Tikinti Kooperativinə qarşı “növbədənkənar ümumi yığıncağın keçirilməsi və sənədlərin verilməsi tələbinə dair” iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün kommersiya işi həmin Məhkəməyə qaytarılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi iddia ərizəsinin geri qaytarılmalı olması barədə qənaətini onunla əsaslandırmışdır ki, əvvəla, iddiaçılar İddiaçı2 və İddiaçı1 tərəfindən hazırkı iddia ərizəsinin verilməsi üçün İddiaçı1 tərəfindən 100 (yüz) manat məbləğində dövlət rüsumunun 20 iyun 2024-cü il tarixli ********** nömrəli Ödəniş qəbzi ilə Dövlət Büdcəsinə ödənilməsi barədə məlumatlar “Elektron məhkəmə” informasiya sisteminə daxil edilməklə, bununla bağlı zəruri məlumatlar müvafiq qaydada iddia ərizəsinin “Dövlət rüsumunun ödənilməsi haqqında məlumat” bölməsində (qrafasında) qeyd olunsa da, iş üzrə digər İddiaçı2 tərəfindən dövlət rüsumunun ödənilməsi barədə zəruri məlumatlar müvafiq qaydada “Elektron məhkəmə” informasiya sisteminə (iddia ərizəsinin “Dövlət rüsumunun ödənilməsi haqqında məlumat” bölməsinə) daxil edilməmişdir. Halbuki, qeyd olunan bu tələb məhkəməyə verilən bütün iddia ərizələri üzrə hər bir iddiaçı tərəfindən eyni qaydada yerinə yetirilməlidir. Ona görə də, birgə verilən iddia ərizələri üzrə də hər bir iddiaçı tərəfindən öz iddia tələbinə müvafiq olaraq dövlət rüsumu ödənilməli və iddiaçılar tərəfindən məhkəməyə iddia verilərkən ödənilən dövlət rüsumunun məbləği və dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlərin müvafiq rekvizitləri (ödənişin tarixi, nömrəsi, məbləği və ödəyən şəxs haqqında məlumatlar) iddia ərizəsinin “Dövlət rüsumunun ödənilməsi haqqında məlumat” bölməsində (qrafasında) hər biri üçün ayrılıqda qeyd olunmalıdır… Digər tərəfdən, “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilmiş hazırkı iddia ərizəsinin Giriş hissəsində (“Tərəflər” bölməsində) iddiaçıların və cavabdehin adları göstərilsə də, iş üzrə tərəflərin, yəni iddiaçıların və cavabdehin ünvanları göstərilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə görə iddia ərizəsinin Giriş hissəsində (“Tərəflər” bölməsində) iddiaçının və cavabdehin həm adları, həm də ünvanları göstərilməlidir… Göründüyü kimi, iddia ərizəsi Mülki-Prosessual Məcəllənin 149-cu maddəsinin tələblərinə uyğun tərtib olunmamışdır. Ona görə də MPM-in 152.1.1 və 152.1.5-ci maddələrinə əsasən iddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh Mənzil-Tikinti Kooperativinə qarşı “növbədənkənar ümumi yığıncağın keçirilməsi və sənədlərin verilməsi tələbinə dair” iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilməmişdir. İddiaçıların vəkili-nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayətdə isə göstərilir ki, məhkəmə iddia ərizəsini geri qaytarmaq üçün qanuni əsaslara deyil, bəhanələrə istinad etmişdir. Belə ki, iki iddiaçıdan birinin dövlət rüsumu ödəməsi, digərinin ödəməməsi barədə məhkəmənin mülahizəsi tamamilə əsassızdır. Hər iki iddiaçı qanunla tələb olunan məbləğdə dövlət rüsumunu ayrı-ayrılıqda ödəmiş və bunu təsdiq edən ödəniş qəbzləri elektron kabinet vasitəsilə iddia ərizəsinə əlavə edilən sənədlər bölməsinə yerləşdirilmişdir. “Elektron məhkəmə” informasiya sistemində isə müvafiq qrafaya bir ödəniş qəbzinin məlumatlarını daxil etmək mümkündür, ikinci ödəniş qəbzinin də məlumatlarını daxil etmək mümkün olmur. “Elektron məhkəmə” sisteminin bu çatışmazlığının əziyyətini istifadəçilər çəkməməlidirlər... İddia ərizəsinin qaytarılmasının digər səbəbi də prosessual tələblərin pozulması kimi qiymətləndirilə bilməz; iddia ərizəsinin Giriş hissəsində (“Tərəflər” bölməsində) iş üzrə tərəflərin, yəni iddiaçıların və cavabdehin ünvanları göstərilməsə də, lakin “Ərizənin mətni” bölməsində həmin məlumatların hamısı öz əksini tapmışdır... Göründüyü kimi, məhkəmənin irad bildirdiyi hallar əslində pozuntular olmayıb formallığa əsaslanan bəhanələrdir. Hesab edir ki, belə formal mülahizələrə görə iddia ərizəsinin geri qaytarılması qanuni məqsədlərə xidmət etmir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadının motivlərini və həmin qərardaddan şikayətin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi prosessual tələblərin tətbiqində həddindən artıq formal yanaşmaya yol vermiş və bu səbəbdən iddia ərizəsinin geri qaytarılması barədə kifayət qədər əsaslı olmayan nəticəyə gəlmişdir. Belə ki, əvvəla, iddia ərizəsinə əlavə olunmuş 2 ədəd ödəniş qəbzindən görünür ki, hər iki qəbz üzrə xx.xx.2024-cü il tarixdə iddiaçıların adından ayrı-ayrılıqda 100 manat məbləğində ödənişlər edilmişdir. Həmin ödənişlərin (və ya onlardan hər hansı birinin) saxta olduğu müəyyən edilməyən halda iddiaçılar tərəfindən ayrı-ayrılıqda (və ya onların hər birinin adından) Sumqayıt Kommersiya Məhkəməsinə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun ödənilməsi qəbul olunmalıdır və belə vəziyyətdə birgə iddiaçılardan birinin dövlət rüsumunu ödəməməsi əsası ilə iddia ərizəsinin qaytarılması qeyri-qanunidir. Ona görə də birinci instansiya məhkəməsi ödənişlərin həqiqiliyini yoxlayıb bundan irəli gələn qərar qəbul etməli idi. Əks yanaşma məhkəməyə müraciət hüququnun həyata keçirilməsinə süni maneə yaradılmasını ehtiva edir... İddia ərizəsinin qaytarılmasının digər səbəbinə gəlincə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsinin sonrakı (“Ərizənin mətni”) bölməsində tərəflərə aid zəruri məlumatların göstərildiyini nəzərə alaraq bu məlumatların Giriş hissədə (“Tərəflər” bölməsində) olmaması əsası ilə iddia ərizəsini formal səbəbə görə qaytarmamalı idi. MPM-in 149.2.2-ci maddəsinə əsasən, iddia ərizəsində iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir... Bu tələbi müəyyən etməkdə qanunun məqsədi hakim tərəfindən məhkəmə icraatı barəsində işdə iştirak edən şəxslərin məlumatlandırılması və onlara məhkəmə sənədlərinin çatdırılması üçün maksimum şərait yaradılmasını təmin etməkdir. Ona görə də qanunun tələbi baxımından tərəflərə aid zəruri məlumatların iddia ərizəsinin hansı bölməsində göstərilməsi deyil, mütləq göstərilməsi əhəmiyyətlidir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iddiaçıların şikayəti qismən təmin edilərək, Sumqayıt Kommersiya Məhkəməsinin 02 iyul 2024-cü il tarixli e-2-2(119)-1148/2024 nömrəli qərardadı ləğv edilməli və iddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh Mənzil-Tikinti Kooperativinə qarşı “növbədənkənar ümumi yığıncağın keçirilməsi və sənədlərin verilməsi tələbinə dair” iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün hazırkı işin materialları həmin Məhkəməyə qaytarılmalıdır. MPM-in 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadından şikayətə baxdıqda qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək barədə qərardad qəbul edə bilər. Həmin Məcəllənin 399-cu maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə müvafiq olaraq, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının iddia ərizəsinin qaytarılması haqqında qərardadlarından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 152, 395-400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kоllegiyаsı QƏRARA ALDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 vəkili-nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Sumqayıt Kommersiya Məhkəməsinin “iddia ərizəsinin geri qaytarılması haqqında” 28 iyun 2024-cü il tarixli, e-2-2(119)-1148/2024 nömrəli qərardadı ləğv edilsin. İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh Mənzil-Tikinti Kooperativinə qarşı “növbədənkənar ümumi yığıncağın keçirilməsi və sənədlərin verilməsi tələbinə dair” iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün hazırkı işin materialları Sumqayıt Kommersiya Məhkəməsinə qaytarılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar