Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-86/2025 10.09.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər X1 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 08 may 2025-ci il tarixli, e-2-2(119)-153/2025 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ İşin halları
1. Tərəflər arasında bağlanmış 11 may 2023-cü il tarixli sm6367 nömrəli kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən, borc verən (İddiaçı ASC) bu müqavilənin şərtləri daxilində borc alana (Cavabdeh1) əsas vəsaitlərin artırılması məqsədilə 11000 (on bir min) manat məbləğdə kredit verməyi, borc alan isə aldığı krediti bu müqavilədə nəzərdə tutulan şərtlərlə və onun ayrılmaz tərkib hissəsi olan “Kreditin ödəniş cədvəli”nə (1 saylı Əlavə) uyğun olaraq borcverənə qaytarmağı və kreditdən istifadəyə görə hesablanmış faizləri ödəməyi öhdəsinə götürür.
2. Müqavilənin 2.2-ci bəndinə əsasən, kredit 30 (otuz) ay müddətinə verilir. Borc alana kredit bir dəfə və ya hisssə-hissə verilir. Kreditin ilk dəfə verilən məbləği 11000 manatdan çox olmamalıdır. Kredit borcalan tərəfindən bir dəfəyə və ya hissə-hissə istifadə oluna bilər. Müqavilənin 2.3-cü bəndinə əsasən, kreditə görə illik 22% (iyirmi üç) faiz hesablanır. Müqavilə üzrə faktiki illik faiz dərəcəsi (FİFD) 23% təşkil edir. Müqavilənin 4.1.1-ci yarımbəndinə əsasən, əgər borcalan bu müqavilənin 2.2- ci bəndində təsbit edilmiş kredit şərtlərini müqavilədə göstərilən müddətdə ödəməyərək pozarsa və buna görə də, borcverən borcun tutulması ilə bağlı məhkəməyə və ya icra qeydi almaq üçün notariusa müraciət edərsə, iş üzrə icra sənədi çıxarıldıqdan sonrakı müddət ərzində hesablanmış faizləri, o cümlədən vaxtı keçmiş ikiqat faizləri və borcun tutulması üçün bank tərəfindən çəkilmiş müəyyən xərcləri borcalan özünün borcu kimi etiraf və qəbul edir və həmin faiz və ikiqat faiz borcunu ödəməyi öhdəsinə götürür. Müqavilənin 4.1.3-cü yarımbəndinə əsasən, müqavilə ilə üzərinə götürdüyü vəzifələri vaxtında və lazımi qaydada yerinə yetirmək borcalanın öhdəliyidir. Müqavilənin 6.1-ci bəndinə əsasən, müqavilə üzrə borc alanın öhdəliklərinin icrası dəbbə pulu (cərimə, peniya) girov, ipoteka, zaminlik və digər təminatla təmin edilir. Həmin müqavilənin 6.2-ci bəndinə əsasən, borc alan “Kreditin ödəniş cədvəlinə əsasən ödənişi gecikdirərsə, hər gecikdirilmiş günə görə hazırki müqavilənin 2.13-cü bəndinə əsasən dəbbə pulu (cərimə) ödəməlidir.
3. 11 may 2023-cü il tarixli kassa məxaric orderinə əsasən cavabdehə Cavabdeh1 10777 manat məbləğində kredit nağd qaydada verilmişdir. İş materiallarında olan ödəniş qrafikindən görünür ki, Cavabdeh1nın banka olan borcunun həmin qrafikə uyğun olaraq son ödəniş tarixi 11 noyabr 2025-ci il tarixi olmaqla müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi tərəflər arasında razılaşdırılmışdır.
4. İddiaçı ilə digər cavabdeh (zamin) Cavabdeh2 arasında bağlanmış 11 may 2023cü il tarixli sm6367 nömrəli zaminlik müqaviləsinin 1.1- ci bəndinə əsasən, müqavilənin predmeti 11 may 2023 tarixli sm6367 nömrəli kredit müqaviləsinə əsasən bankdan kredit götürmüş borc alan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti zaminin öz üzərinə götürməsidir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən, borc alan zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin və borcalan borcverən qarşısında birgə məsuliyyət daşıyırlar.
5. 30 oktyabr 2024-cü il tarixli RB-02/PK-5391 nömrəli maliyyə arayışından görünür ki, borcalan Cavabdeh1nın 11 may 2023-cü il tarixli sm6367 nömrəli kredit müqaviləsi üzrə 25 oktyabr 2024-cü il tarixinə iddiaçıya 7594,29 manat məbləğində əsas bоrc, 621,26 manat məbləğində faiz borcu və 82,76 manat məbləğində cərimə оlmaqla, cəmi 8298,31 manat məbləğində borcu vardır.
6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10 aprel 2025-ci il tarixli 9/1420 nömrəli məhkəmə-mühasibatlıq ekspertizasına dair ekspert rəyinin nəticə hissəsində göstərilir ki, rəyin tədqiqat hissəsində göstərilənlər, təqdim edilmiş iş materiallarında olan ödənişləri özündə əks etdirən maliyyə arayışı məlumatları, hesabdan çıxarış məlumatları və tərəflər arasında imzalanmış 11 may 2023cü il tarixli sm6367 nömrəli kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə Cavabdeh1 iddiaçıya 25 oktyabr 2024-cü il tarixə olan borcu: əsas borc üzrə 7590,44 manat, faiz borcu üzrə 616,93 manat, 30 yanvar 2025-ci il tarixə olan borcu: əsas borc üzrə 7590,44 manat, faiz borcu üzrə 1057,6 manat məbləğində müəyyən edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında cavabdehlərə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1ylə aralarında bağlanmış 11 may 2023-cü il tarixli kredit müqaviləsi üzrə 7594,29 (yeddi min beş yüz doxsan dörd manat, iyirmi doqquz qəpik) manat məbləğində əsas borc, 621,26 (altı yüz iyirmi bir manat, iyirmi altı qəpik) manat məbləğində faiz borcu, 82,76 (səksən iki manat, yetmiş altı qəpik) manat məbləğində dəbbə pulu olmaqla, cəmi 8298,31 (səkkiz min iki yüz doxsan səkkiz manat, otuz bir qəpik) manat məbləğində pul vəsaitinin və 103 (yüz üç) manat məbləğində dövlət rüsumunun əvəzinin həmin cavabdehdən və zamin qismində iştirak etmiş digər Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o və Cavabdeh1 arasında bağlanmış 11 may 2023-cü il tarixli sm6367 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə illik 22 % faiz dərəcəsi olmaqla 30 ay müddətinə 11000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq 11 may 2023-cü il tarixdə iddiaçı ilə digər Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə zamin 11 may 2023-cü il tarixli sm6367 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə məsuliyyət daşıyır. Cavabdeh1 müqavilə öhdəliyini lazımınca yerinə yetirməmişdir. Bununla əlaqədar Cavabdeh1 ilə və bağlanmış zaminlik müqaviləsinə əsasən onun öhdəliyinə görə iddiaçı qarşısında birgə məsuliyyət daşıyan zamin - hazırkı iddia tələbi üzrə digər cavabdeh - Cavabdeh2 ilə mübahisənin pretenziya qaydasında nizama salınmasına cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.
9. Cavabdeh1 21 noyabr 2024-cü il tarixində məhkəməyə vəsatətlə müraciət edərək, iddianın əsassız olduğunu, bankla aralarında bağlanmış kredit müqaviləsinin müddətinin 11 noyabr 2025-ci il tarixdə başa çatmasına baxmayaraq vaxtından əvvəl verildiyi üçün iddianın rədd edilməli olduğunu, iddia ərizəsində göstərilən borc məbləğlərini qəbul etmədiyini, hazırkı vaxtadək 5000 manatdan çox ödənişlər etməsinə baxmayaraq 7594,29 manat məbləğində əsas borc, 621,26 manat məbləğində faiz borcu tələb edilməsinin tamamilə əsassız olduğunu bildirmiş və onun iştirakı ilə məhkəmə iclaslarının keçirilməsini və tələb olunan əsas və faiz borcu məbləğlərinin düzgünlüyünün müvafiq ekspertiza təyin edilməklə yoxlanılmasını xahiş etmişdir.
10. Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən hazırkı işə iddia icraatı qaydasında baxılması qərara alınmış, iş üzrə məhkəmə iclası təyin edilməklə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmişdir. Cavabdeh məhkəmə iclaslarında iştirak etməmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 08 may 2025-ci il tarixli, e-2-2(119)-153/2025 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 7590,44 (yeddi min beş yüz doxsan manat, qırx dörd qəpik) manat məbləğində əsas borcun, 616,93 (altı yüz on altı manat, doxsan üç qəpik) manat məbləğində faiz borcunun, 82,76 (səksən iki manat, yetmiş altı qəpik) manat məbləğində cərimənin, 102,9 (yüz iki manat, doxsan qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 8393,03 (səkkiz min üç yüz doxsan üç manat, üç qəpik) manat məbləğində pul vəsaitinin İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
11. Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək, Sumqayıt Kommersiya Məhkəməsinin 08 may 2025-ci il tarixli, e-2-2(119)-153/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
12. Cavabdeh iş üzrə qətnamə ilə müəyyən edilmiş hallara, Mülki Məcəllənin qətnamədə istinad olunmuş normalarına və qətnamənin nəticə hissəsinə istinad etməklə apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, krediti götürdükdən sonra qrafik üzrə ödənişləri lazımi qaydada həyata keçirmiş, lakin iddiaçı tərəfindən ödənilmiş vəsaitlərin çox hissəsini faiz borcuna çıxmışdır. Müqavilə müddətinin 2025-ci ilin noyabr ayında başa çatmasına baxmayaraq ona qarşı iddia ilə məhkəməyə müraciət etmişdir. İş üzrə keçirilmiş ekspertiza rəyi iddiaçının təqdim etdiyi sənədlər əsasında verilmiş, birtərəfli aparılmış, lakin məhkəmə qarşı tərəfin dəlillərinə əsaslanmaqla əsassız iddia tələbini təmin etmişdir.
Məhkəmə prosesi iştirakçılarının izahatları:
13. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Cavabdeh1 məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmiş, məhkəmə iclası təxirə salınsa da növbəti məhkəmə iclasında da iştirak etməmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların nümayəndəsinin iştirakı olmadan keçirilməsini, şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 448. Əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Maddə 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər.
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
16. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
17. Belə ki, tərəflər arasında bağlanmış və şərtləri yuxarıda göstərilmiş 11 may 2023-cü il tarixli, sm6367 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməyərək iddiaçıya ödənilməli olan kredit məbləğini tam ödəməmiş, bununla da müqavilə öhdəliklərini lazımınca yerinə yetirməmişdir.
18. İddianı qismən təmin edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı və Cavabdeh1 arasında bağlanmış 11 may 2023-cü il tarixli sm6367 nömrəli kredit müqaviləsi üzrə tutulmalı olan əsas və faiz borcunun məbləği müəyyən edilərkən 10 aprel 2025-ci il tarixli 9/1420 nömrəli ekspert rəyi mötəbər sübut olaraq nəzərə alınmalı, həmin kredit müqaviləsi üzrə 7590,44 manat məbləğində əsas borc, 616,93 manat məbləğində faiz borcu tutulmalıdır. Belə ki, iddia ərizəsində sözügedən kredit müqaviləsi üzrə 7594,29 manat məbləğində əsas borc, 621,26 manat məbləğində faiz borcunun tutulması xahiş edilsə də, 10 aprel 2025-ci il tarixli ekspert rəyində əsas borcun məbləği 7590,44 manat, faiz borcunun məbləği 616,93 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə belə qənaətə gəlmişdir ki, 11 may 2023-cü il tarixli sm6367 nömrəli kredit müqaviləsi üzrə cavabdehlərdən müştərək qaydada 7590,44 manat məbləğində əsas borc, 616,93 manat məbləğində faiz borcu iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin cavabdehlərdən 82,76 manat məbləğində cərimənin tutulmasına aid hissəsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə təsdiq edildiyindən və həmin müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi də nəzərdə tutulduğundan (kredit müqaviləsinin 6.2-ci bəndi) iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini də tələb etməkdə haqlıdır və iddia tələbi bu hissədə də təmin edilməlidir.
19. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, cavabdeh apellyasiya şikayətində qrafik üzrə ödənişləri lazımi qaydada həyata keçirdiyini, lakin iddiaçı tərəfindən ödənilmiş vəsaitlərin çox hissəsini faiz borcuna çıxıldığını göstərsə də bu halları təsdiq edən hər-hansı sübutları təqdim etməmiş, o cümlədən iş üzrə ekspertiza rəyinin mötəbirliyini şübhə altına alan hər-hansı hallara istinad etməmişdir.
20. Qeyd olunmalıdır ki, mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Cavabdeh iddia tələbində göstərilən məbləğin düzgün hesablanmaması bağlı sübutlarını prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə nə birinci instansiya məhkəməsinə nə də apellyasiya baxışı zamanı təqdim etməmişdir. İş materiallarından və iddiaçı tərəfindən təqdim edilmiş müvafiq sübutlardan və 10 aprel 2025-ci il tarixli 9/1420 nömrəli məhkəmə-mühasibatlıq ekspertizasına dair ekspert rəyindən isə birinci intansiya məhkəməsi tərəfindən cavabdehlərdən tutulmalı olan məbləğin düzgün hesablanması müəyyən olunmuşdur.
21. Şikayətin digər dəlillərinə gəldikdə isə kollegiya hesab edir ki, həmin dəlillər cavabdehin müqavilə üzrə öhdəliklərini icra etməməsinə haqq qazandırmır.
22. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər mötəbər sübutlarla öz təsdiqini tapmadığından birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.
23. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası:
Q Ə T E T D İ:
Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 08 may 2025-ci il tarixli, e-2-2(119)-153/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.