Məhkəmə qərarları › İş №2-2(105)-88/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-88/2024

29.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-88/2024 29.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər X1 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Elbəyli Vüsalə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakları ilə , İddiaçı Cavabdeh qarşı borcun və digər ödənişlərin tutulması tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 03 iyun 2024-cü il tarixli, e-2- 2(119)-334/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış icarə müqaviləsi üzrə 9633,34 (doqquz min altı yüz otuz üç manat, otuz dörd qəpik) manat məbləğində borc, 258,22 (iki yüz əlli səkkiz manat, iyirmi iki qəpik) manat məbləğində cərimə olmaqla cəmi 9891,56 (doqquz min səkkiz yüz doxsan bir manat, əlli altı qəpik) manat məbləğində pul vəsaitinin, 110 (yüz on) manat məbləğində mediasiya xərcinin və 18,79 (on səkkiz manat, yetmiş doqquz qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, icarəyə verən qismində çıxış edən iddiaçı ilə icarəçi qismində çıxış edən cavabdeh arasında qeyri-yaşayış sahəsinin sonuncunun icarəsinə verilməsi ilə bağlı 01 fevral 2018-ci il tarixli icarə müqaviləsi bağlanılmış, həmin müqavilənin şərtlərinə əsasən cavabdeh razılaşdırılmış icarə haqlarını tam ödəməyərək icarə öhdəliyini lazımınca icra etməmişdir. Bununla əlaqədar cavabdehin ünvanına pretenziya məktubu göndərilmiş, o cümlədən mübahisənin mediasiya vasitəsilə həllinə cəhd edilmiş, lakin göstərilənlər hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdeh iddia ərizəsinə etiraz verərək və etirazda cavabdehin iddiaçıya hər hansı borcunun olmadığını qeyd edərək iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, icarə müqaviləsinə xitam verilməsi üçün tərtib edilən 29 aprel 2022-ci il tarixli aktda müqaviləyə xitam verilməsinin səbəbi kimi borc deyil, məhz müqavilənin dəyişməsi qeyd edilmişdir. Yəni icarə müqaviləsinin 2.1.5-ci yarımbəndinin tələbləri də nəzərə alındıqda. hər hansı borc mövcud olduğu təqdirdə, iddiaçı tərəfindən müqaviləyə xitam verilməklə bərabər borcun tutulması üçün məhkəməyə müraciət olunmalıydı. Üstəlik, müqaviləyə xx.xx.2018-ci il tarixli və xx.xx.2022-ci il tarixli əlavə və dəyişikliklərin edilməsi cavabdeh tərəfindən icarə haqqlarının vaxtında ödənilməsini göstərir. Etirazda, həmçinin göstərilmişdir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilən maliyyə arayışı və obyektin əməliyyat tarixçəsində bir sıra yanlışlıqlar mövcuddur. Həmin sənədlərdən göründüyü kimi, xx.xx.2020-ci il tarixində həmin ay üzrə ödənilməli olan icarə haqqının (2500 manatın) 1200 manatı ödənilmişdir. Sənədlərin məzmunundan aşkar olur ki, icarə haqqı məbləğinin artdığı vaxtdan başlayaraq (xx.xx.2018-ci il) aylığı 2500 manat olan icarə haqqı hissəvi olaraq ayda 2 dəfə olmaqla ödənilmiş, lakin, xx.xx.2020-ci il tarixində ödənilən son ödənişdən sonra “COVİD-19” pandemiyası ilə əlaqədar fors-major vəziyyəti yaranmış, ölkə ərazisində bütün ictimai iaşə obyektlərinin fəaliyyətinə qadağa tətbiq edildiyi kimi, cavabdehin icarəyə götürdüyü kafe də öz fəaliyyətini dayandırmışdır. İcarə müqaviləsinin 7.1-ci bəndində də bu hal tənzimlənməkdədir. Buna baxmayaraq 2020-ci ilin mart ayı üzrə yerdə qalan 1300 manat icarə haqqı borc məbləği hesab edilmişdir. Halbuki 12 mart 2020-ci il tarixindən başlayaraq 01 iyul 2021-ci il tarixinə qədər icarəyə götürülən yeməkxana fəaliyyət göstərməmişdir. Bundan başqa, maliyyə arayışının məzmunu ilə obyektin əməliyyat tarixçəsi arasında da uyğunsuzluq mövcuddur. Belə ki, xx.xx.2020-ci il tarixindən başlayaraq xx.xx.2021-ci il tarixinə qədər icarəyə götürülən kafe fəaliyyət göstərmədiyindən obyektin əməliyyat tarixçəsində 2020-ci ilin iyun ayının 1-i tarixinə və 2021-ci ilin iyun ayının 10-u tarixinə “hesablanmış icarə haqqı” qrafasında iki dəfə olmaqla 1666,67 manat və 1666,67 manat icarə haqqı hesablanmışdır. Halbuki, tərəflər arasında bağlanmış həm icarə müqaviləsində, həm də sonradan imzalanmış əlavə dəyişiklik və razılaşmada məhz bu məbləğlə bağlı razılaşma olmamışdır. Bundan əlavə, pandemiya ilə əlaqədar olaraq ölkə ərazisindəki bir çox xəstəxanalarda, poliklinikalarda, eləcə də dövlət əhəmiyyətli obyektlərdə pandemiya əleyhinə peyvənd məntəqələri təşkil olunduğundan yeməkxananın yerləşdiyi Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksində də pandemiya əleyhinə peyvənd məntəqəsi təşkil edilmişdir və orada çoxlu sayda həkim personalı fəaliyyət göstərmişdir. Avtovağzal kompleksinin rəhbərliyi tərəfindən də həmin personalın gündəlik yeməklə təmin olunması öhdəliyi yeməkxananın üzərinə qoyulmuş, bununla əlaqədar müəyyən güzəştlərin edilməsi ilə bağlı şifahi razılaşmalar olmuşdur. Məhz bu səbəbdən 2021-ci ilin iyul, avqust, sentyabr və oktyabr ayları üzrə aylıq 1000 manat və həmin ilin noyabr ayı üzrə isə 1855 manat məbləğində icarə haqları ödənilmişdir. 2021-ci ilin dekabr ayından isə pandemiya ilə əlaqədar vəziyyət nisbətən düzəldiyindən aylıq icarə haqları tam olaraq ödənilmişdir. 2022-ci ilin yanvar ayında 2100 manat ödənilsə də (xx.xx.2022-ci il 1000 manat və xx.xx.2022-ci il 1100 manat) həmin ay üzrə ödənilməli olan kəsr (400 manat) xx.xx.2022-ci il tarixində əvəzləşdirilmişdir. Belə ki, cavabdeh tərəfindən İddiaçı MMC-yə yazılmış xx.xx.2022-ci il tarixli ərizəyə əsasən icarə haqqına bir ay müddətinə güzəşt olunaraq aylıq icarə haqqının 1900 manat təyin edilməsi xahiş edilmişdir. xx.xx.2022-ci il tarixində isə 1900 manat əvəzinə 2300 manat ödəniş edilmişdir. Bütün bu qeyd edilənlər onu deməyə əsas verir ki, cavabdehin iddiaçıya hər hansı borcu yoxdur. 01 fevral 2018-ci il tarixində icarə müqaviləsi əsasında yeməkxananı icarəyə götürdükdən sonra yeməkxana cavabdehin istəyi əsasında deyil, məhz Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin rəhbərliyinin istəyinə uyğun olaraq təmir edilmiş, bu məqsədlə yeməkxananın təmiri üçün cavabdeh tərəfindən 100000 manata yaxın xərc çəkilmişdir. Bütün bunlar gələcəkdə ödəniləcək icarə haqqları üzrə müəyyən güzəştlərin ediləcəyinə bir işarə olsa da, hər hansı güzəşt tətbiq edilməmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 03 iyun 2024-cü il tarixli, e-2-2(119)-334/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 01 fevral 2018-ci il tarixli icarə müqaviləsi üzrə 9633,34 (doqquz min altı yüz otuz üç manat, otuz dörd qəpik) manat məbləğində borc və 258,22 (iki yüz əlli səkkiz manat, iyirmi iki qəpik) manat məbləğində cərimə, 110 (yüz on) manat məbləğində mediasiya xərcinin əvəzi və 7,31 (yeddi manat, otuz bir qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 10008,87 (on min səkkiz manat, səksən yeddi qəpik) məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh dövlət nəfinə 111,6 (yüz on bir manat, altmış qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir (hakim Fərman Həmidli). Sumqayıt Kommersiya Məhkəməsinin 03 iyun 2024-cü il tarixli, e-2-2(119)-334/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iddianın təmin olunmaması haqqında yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı MMC tərəfindən məhkəməyə maliyyə arayışı və obyektin əməliyyat tarixçəsi təqdim edilmişdir. Qeyd olunan hər iki sənəddə də çoxlu yanlışlıqlar mövcuddur. Sənədlərdən də göründüyü kimi, 27 fevral 2018-ci il tarixindən 12 mart 2020-ci il tarixinə qədər olan dövr üzrə onun İddiaçı MMC-yə borcu olmamışdır. Bunu özləri də təsdiq edirlər. 12 mart 2020-ci il tarixində isə onun tərəfindən həmin ay üzrə ödənilməli olan icarə haqqı üzrə 2500 manatdan 1200 manatı ödənilmişdir. Qeyd olunan sənədlərə də diqqət etdikdə görmək olur ki, icarə haqqının məbləğinin artdığı vaxtdan başlayaraq (xx.xx.2018-ci il) aylığı 2500 manat olan icarə haqqını o, hissəvi olaraq ayda 2 dəfə olmaqla ödəmişdir. Lakin, 12 mart 2020-ci il tarixində ödədiyi son ödənişdən sonra “COVİD-19” pandemiyası ilə əlaqədar olaraq bütün ölkədə fors-major vəziyyət yarandığından bütün iaşə obyektlərinin fəaliyyətinə qadağa olduğu kimi, onun da icarəyə götürdüyü yeməkxana öz fəaliyyətini dayandırmışdır. Bu hal hətta onların müqaviləsində də öz əksini tapmışdır. Belə ki, Müqavilənin 7.1-ci maddəsində qeyd edilmişdir ki, tərəflərdən heç biri bu müqavilə üzrə öhdəliklərini tərəflərin iradəsindən asılı olmayan müharibə, mülki iğtişaşlar, epidemiya, mühasirə, embarqo, zəlzələ, daşqın, yanğın və digər təbii fəlakətlər kimi fors-major hallarının nəticəsində meydana çıxan səbəblərdən yerinə yetirə bilmədikdə tərəflər bu zaman məsuliyyətdən azad edilir. 12 mart 2020-ci il tarixindən başlayaraq 01 iyul 2021-ci il tarixinə qədər icarəyə götürdüyü yeməkxana fəaliyyət göstərməmişdir. Bundan başqa,iddiaçı tərəfindən məhkəməyə təqdim edilən maliyyə arayışı ilə obyektin əməliyyat tarixçəsi arasında uyğunsuzluq mövcuddur. Belə ki, yuxarıda da qeyd etdiyi kimi, 12 mart 2020-ci il tarixindən başlayaraq 01 iyul 2021-ci il tarixinə qədər icarəyə götürdüyü yeməkxana fəaliyyət göstərmədiyindən obyektin əməliyyat tarixçəsində 2020-ci ilin iyun ayının 1-i tarixinə və 2021-ci ilin iyun ayının 10-u tarixinə “hesablanmış icarə haqqı” qrafasında ona iki dəfə olmaqla 1666,67 manat və 1666,67 manat icarə haqqı hesablanmışdır. Halbuki, aralarında bağlanmış həm icarə müqaviləsində, həm də sonradan imzalanmış əlavə dəyişiklik və razılaşmada məhz bu məbləğlə bağlı razılaşmaları olmamışdır. Həm də icarəyə götürdüyü yeməkxana fəaliyyət göstərmədiyi halda qeyd olunan məbləğ borc olaraq hesablanmamalıdır. Məhkəmə heç bu hissədə araşdırma aparmamışdır.Məhkəmə tərəfindən qətnamədə məbləğ hesablanarkən yalnız riyazi tərəfdən yanaşılmışdır. Nazirlər Kabinetinin müvafiq qərarları qeyd edilsə də, əslində məsələyə hüquqi nöqteyi nəzərdən yanaşılmamışdır. Belə ki, məhkəmə tərəfindən qərara əsasən ictimai iaşə məkanlarında, eləcə də restoran, kafe və çay evlərində müştərilərə saat 08:00-dan 22:00-dək yerində xidmətlərin göstərilməsinə 31 may 2020-ci il tarixindən bərpa olunduğu və 21 iyun 2020-ci il tarixindən 30 sentyabr 2020-ci il tarixinədək dayandırıldığı, 10 iyun 2021-ci il tarixindən təkrarən bərpa edildiyi qeyd edilmişdir. İcarə müqaviləsi üzrə icarə haqqının 2500 manat olduğunu, ay üzrə günlərin sayının standart olaraq 30 gün olduğunu və icazə müddətinin də 20 gün olduğu nəzərə alınsa, bu zaman ortaya belə bir riyazi hesablama çıxır: 2500:30=83,33 (1 gün üçün ödənilən icarə haqqı), 83,33x20(gün)=1666,66 manat (məhkəmənin qətnamədə qeyd etdiyi kimi icarə haqqı günlərin sayına uyğun olaraq). Qeyd olunanlar onu deməyə əsas verir ki, maliyyə arayışında və obyektin əməliyyat tarixçəsində qeyd olunan hər iki icarə haqqı iddiaçı tərəfindən qəsdən və bilərəkdən hesablanmış icarə haqlarıdır. Baxmayaraq ki, Nazirlər Kabinetinin qərarlarında qeyd olunan tarixlərdə ictimai iaşə obyektlərində xidmətlərin göstərilməsinə icazə verilmişdir, qeyd olunan tarixlərdə obyekt fəaliyyət göstərməmişdir. Bunu hətta şahid qismində dindirilmiş Şahid ifadəsində təsdiq etmişdir. Şahid qeyd etmişdir ki, pandemiya ilə əlaqədar 19 mart 2020-ci il tarixində obyekt bağlanılmış və 2021-ci ilin iyun ayının 20-si fəaliyyətə başlanılmışdır. Məhkəmə isə bu məsələyə öz qətnaməsində bu formada qiymət vermişdir: Cavabdeh izahatında icarəyə götürdüyü qeyri-yaşayış sahəsinin 2020-ci ilin mart ayının ortalarından 2021-ci ilin iyul ayının ortalarınadək pandemiya ilə əlaqədar fəaliyyət göstərmədiyini, buna baxmayaraq 2020-ci ilin iyun və 2021-ci ilin iyun aylarına görə icarə haqqı borcunun hesablandığını göstərmişdir. Bu xüsusat onun vəsatəti əsasında ifadə verən şahidin ifadəsində də əksini tapmışdır. Göründüyü kimi, şahid məhkəmədə qeyd edilən pandemiya dövründə yeməkxanannın fəaliyyət göstərmədiyini bildirsə də, məhkəmə şahidin ay ərzində ara-sıra obyektə baxış üçün gedilmişdir ifadəsini obyektin fəaliyyət göstərməsi kimi qələmə vermişdir. Məhkəmə MPM-nin 259-cu maddəsinin tələblərini pozmuşdur. Belə ki, iddiaçı tərəfindən dövlət rüsumu tam ödənilmədiyi halda məhkəmə tərəfindən icraata götürülmüşdür. İddiaçı iddia ərizəsində tərəflər arasında bağlanmış icarə müqaviləsi üzrə 9633,34 manat məbləğində borc və 258.22 manat məbləğində cərimə olmaqla cəmi 9891,56 manat məbləğində pul vəsaitinin tutulmasını istəmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən, hazırkı iddia tələbinin təmin edilmiş hissəsinə (9633,34 manat məbləğində borc + 258,22 manat məbləğində cərimə = 9891,56 manat) mütənasib olaraq ödənilməli olan dövlət rüsumunun məbləği 118,91 manat təşkil edir. Elektron məhkəmə sisteminə əlavə edilmiş sənədlərdən də görünür ki, iddiaçı mediasiya xərci olaraq 100 manat və dövlət rüsumu olaraq 7,31 manat (hazırda idddiaçının bu məbləği necə müəyyən etdiyi sual doğurur), cəmi 107,31 manat ödəniş etmişdir. Lakin, yerdə qalan 11,60 manatın ödənilməsi nə məhkəməyə qədər, nə də ki, məhkəmə ərəfəsində iddiaçıdan istənilməmişdir. Belə olan halda isə məhkəmə tərəfindən iddia ərizəsi ya icraata götürülməməli, ya da ki, icraata götürüldükdən sonra baxılmamış saxlanılmalı idi. Lakin, məhkəmə məsələyə başqa mövqedən yanaşaraq hüquqi qiymət vermişdir.Məhkəmə iddiaçının şifahi mülahizələrinə əsaslanmış və bütün sübutların təqdim edilməsini məhz onun üzərinə qoymuşdur. Halbuki, iddiaçı bütün sübutları özü təqdim etməli idi. Bundan başqa, iddiaçı pandemiya zamanı müəyyən qapanma və açılmalarla əlaqədar sözügedən ayların müəyyən qismində obyektin fəaliyyət göstərdiyini qeyd etmişdir. Bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Bundan başqa, iddiaçı tərəfindən məhkəməyə vergi qəbzləri təqdim edilməmişdir. Əgər iddiaçının qeyd etdiyi kimi pandemiya dövründə yeməkxana fəaliyyət göstərmişsə, o halda İddiaçı MMC tərəfindən fəaliyyət göstərilən dövrlə əlaqədar vergi ödənişləri ödənilməli idi. Lakin, bu məsələ də məhkəmənin gözündən yayınmışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunaraq iddianın təmin edilməməsinə dair yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə qismən, yəni 258,22 manat cərimə borcunun tutulması hissəsində ləğv edilməli və həmin hissədə iddia tələbi təmin edilməməli, qətnamə digər hissədə dəyişdirilmədən saxlanılmalı və cavabdehdən cəmi 9750,65 (doqquz min yeddi yüz əlli manat altmış beş qəpik) manat alınıb İddiaçınə ödənilməlidir. Belə ki, iş materiallarında olan 01 fevral 2018-ci il tarixli icarə müqaviləsinin 1.1-ci və 1.2-ci bəndlərinə əsasən, müqavilə ilə müəyyən olunmuş şərtlərə və qaydalara uyğun olaraq icarəyə verən (İddiaçı MMC) Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında yerləşən Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin ticarət mərkəzində yerləşən sahəsi 200 kvadrat metr olan “Az kafe yeməkxana” nömrəli qeyriyaşayış sahəsini icarəçiyə (Cavabdeh) icarəyə verməyi və icarəçi isə icarəyə verənə icarə haqqı və icarədən yaranan digər ödənişləri ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.1.1-ci və 2.1.5-ci yarımbəndlərinə əsasən, icarəçinin öz üzərinə götürdüyü vəzifələri vaxtında və lazımi qaydada icra olunmasını və onların pozulmasına yol verilməməsini ondan tələb etmək, onun bu müqavilə üzrə icarə haqqı ilə bağlı öhdəliklərini müqavilə ilə müəyyən edilmiş müddətdə tam və ya qismən yerinə yetirmədikdə, 15 (on beş) təqvim günü gözləməklə və gözləmə müddətinə cərimə tətbiq etməklə və ya etməməklə müqaviləni birtərəfli qaydada ləğv etmək icarəyə verənin hüququdur. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən, müqavilə qüvvədə olduğu müddət ərzində icarəçi icarəyə verənə hər ay kommunal və sair xərclər daxil olmamaqla 1800 manat (ƏDV daxil) məbləğində icarə haqqı ödəyir. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən, təqvim ayının tam icarə haqqı həmin ayın 5-dan gec olmamaqla icarəçi tərəfindən icarəyə verənin hesabına manatla, köçürülmə yolu ilə, icarəyə verənin razılığı olduqda isə nağd ödənilir. Həmin müqavilənin 4.3-cü bəndinə əsasən, icarəçi icarə haqqını vaxtında ödəməzsə və ya ödənişdən imtina edərsə, bu halda icarəyə verənin tələbi ilə ona hər ayın 11-dən etibarən ödənişini gecikdirdiyi məbləğin 1 (bir) faizi həcmində cərimə ödəməlidir. Həmin müqavilənin 6.1-ci bəndinə əsasən, icarəyə götürülmüş qeyri-yaşayış sahəsinin təmiri, texniki xidməti icarəçi tərəfindnə həyata keçiriləcəkdir. Həmin müqavilənin 7.1-ci bəndinə əsasən, tərəflərdən heç biri bu müqavilə üzrə öz öhdəliklərini tərəflərin iradəsindən aslı olmayan müharibə, mülki ixtişaşlar, epidemiya, mühasirə, embarqo, zəlzələ, daşqın, yanğın və digər təbii fəlakətlər kimi fors major halların nəticəsində meydana çıxan səbəblərdən yerinə yetirə bilmədikdə tərəflər bu zaman məsuliyyətdən azad edilir. Həmin müqavilənin 7.2-ci bəndinə əsasən, müvafiq səlahiyyətli orqan tərəfindən verilmiş sənəd fors-major halın mövcüdluğunu və onun davamlılığını təsdiq etməlidir. Həmin müqavilənin 7.4-cü bəndinə əsasən, əgər fors-major halları və şəraiti 3 ay davamlı olaraq davam edərsə və onun bitməsi əlamətləri görünmürsə, bu müqavilə bir tərəfin digər tərəfə bildiriş göndərməsi yolu ilə icarəçə və ya icarəyə verən tərəfindən xitam oluna bilər. Həmin müqavilənin 9.3-cü bəndinə əsasən, hər iki tərəfin digər tərəfi 15 təqvim günü əvvəlcədən xəbərdarlıq etməklə müqaviləyə birtərəfli qaydada xitam vermək hüququ var. İş materiallarında olan 01 fevral 2018-ci il tarixli icarə müqaviləsinə 14 sentyabr 2018-ci il tarixli 1 nömrəli əlavə və dəyişikliyin 1-ci bəndinə əsasən, icarə haqqının məbləği 01 oktyabr 2018-ci il tarixindən 2500 manat məbləğində müəyyən edilir. İş materiallarında olan 01 fevral 2018-ci il tarixli icarə müqaviləsinə 01 mart 2022-ci il tarixli 2 nömrəli əlavə razılaşmaya əsasən, tərəflər qeyri-yaşayış sahəsinə görə aylıq icarə haqqının məbləğinin 01 mart 2022-ci il tarixdən 01 aprel 2022-ci il tarixinədək 1900 manat məbləğində olması barədə razılığa gəlmişlər. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 29 aprel 2022-ci il tarixli ərizənin məzmunundan görünür ki, cavabdeh iddiaçıdan icarə müqaviləsinə 29 aprel 2022-ci il tarixindən xitam verilməsini xahiş etmişdir. İş materiallarına icarə müqaviləsinə xitam verilməsi üçün akt (29 aprel 2022-ci il tarixli) əlavə edilmişdir. Həmin akt cavabdehin özü və iddiaçı təşkilatın əməkdaşları tərəfindən imzalanmış və aktın məzmununda cavabdehin 9633,34 manat məbləğində icarə haqqı borcunun olması, o cümlədən obyektdə mövcud olan sayğac göstəriciləri qeyd edilmişdir. İş materiallarına iddiaçı və cavabdeh arasında bağlanmış icarə müqaviləsinə xitam verilməsi barədə 29 aprel 2022-ci il tarixli saziş əlavə edilmişdir. Həmin sazişin 1-ci bəndinə əsasən sazişlə tərəflər arasında bağlanmış 01 fevral 2018-ci il tarixli icarə müqaviləsinə tərəflərin razılığı ilə xitam verilir. Sazişin 4-cü bəndində qeyd edilmişdir ki, icarəçi hazırkı müqaviləyə əsasən icarəyə verənə 9633,34 manat icarə haqqı borcunun olduğunu qəbul edir. İş materiallarında olan 25 iyul 2023-cü il tarixli 02-02/388 nömrəli maliyyə arayışında qeyd olunmuşdur ki, 29 aprel 2022-ci il tarixinə icarəçinin icarəyə verənə icarə haqqı borcu 9633,34 manat, ona hesablanmış cərimə 258,22 manat, cəmi borc isə 9891,56 təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəlləsinin 675-ci maddəsinə əsasən, əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin ticarət mərkəzində yerləşən sahəsi 200 kvadrat metr olan “Az kafe yeməkxana” nömrəli qeyri-yaşayış sahəsini icarəsinə dair 01 fevral 2018-ci il tarixli icarə müqaviləsi imzalamış və mülki qanunvericiliyə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər götürmüşlər. İş materiallarında olan obyektin əməliyyat tarixçəsinə əsasən müəyyən edilir ki, xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək hesablanmış icarə haqlarının cəmi 81088,34 manat, ödənilmiş icarə haqlarının cəmi isə 71455 manat təşkil edir. Bundan əlavə tərəflər arasında bağlanmış “İcarə müqaviləsinə xitam verilməsi üçün” AKT-la icraəçinin icarəverənə borcunun 9633,34 manat olması öz əksini tapmış və icarəçi Cavabdeh bunu imzası ilə təsdiq etmişdir. Buna görə də cavabdehin hazırki halda öhdəliyinin icra edilməməsinə görə 9633,34 manat borcu yaranmış və birinci instasniya məhkəməsi borc məbləğini müəyyən edərkən onu iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh apellyasiya şikayətində yuxarıda qeyd olunan dəlillərində borcunun olmamasını göstərsə də, borcunun olmamasının təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməmişdir.Buna görə apellyasiya şikayətinin qeyd olunan dəlili əsassızdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası cərimə borcunun müəyyən edilməsinə münasibətdə isə qeyd edir ki, birinci instasniya məhkəməsi qətnamə ilə cərimə borcunun olmasını müəyyən edərkən düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, iş materiallarına əsasən də müəyyən edilir ki, tərəflər 29 aprel 2022-ci il tarixdə “İcarə müqaviləsinə xitam verilməsi barədə” Saziş imzalamış və icarə müqaviləsindən əmələ gələn öhdəliklərə xitam verilmişdir. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465-ci maddəsinə əsasən əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir (465.1). Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər(465.2). Göründüyü kimi yuxarıda qeyd edilən mülki hüquq normalarına əsasən müəyyən edilir ki, qanunverici cərimə borcunu öhdəliyin lazımınca icra edilmədiyi halda tutulmasını nəzərdə tutmuşdur. Lakin birinci instasniya məhkəməsi nəzərə almamışdır ki, tərəflər arasında icarə müqaviləsinə xitam verilməsi barədə 29 aprel 2022-ci il tarixdə bağlanmış sazişin 3-cü bəndinə əsasən hazırki müqavilə qüvvəyə mindiyi andan tərəflər arasında bağlanmış olan 01 fevral 2018-ci il tarixli, “Az kafe yeməkxana” adlı icarə müqaviləsinə xitam verilir. Hazırki halda 01 fevral 2018-ci il tarixli müqavilə üzrə tərəflər arasında öhdəliyə xitam verildiyi üçün iddiaçının cavabdehdən cərimə borcunun tutulmasını tələb etmək hüququ yoxdur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə qismən, yəni 258,22 manat cərimə borcunun tutulması hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi təmin edilməməli, qətnamə digər hissədə dəyişdirilmədən saxlanılmalı və cavabdehdən cəmi 9750,65 (doqquz min yeddi yüz əlli manat altmış beş qəpik) manat alınıb İddiaçınə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Kommersiya Məhkəməsinin 03 iyun 2024-cü il tarixli, e-2-2(119)-334/2024 nömrəli qətnaməsi 258,22 (iki yüz əlli səkkiz manat iyirmi iki qəpik) manat cərimə borcunun tutulması hissəsində ləğv edilsin. Həmin hissədə iddia tələbi təmin edilməsin. Qətnamə digər hissədə, yəni Cavabdeh 9633,34 (doqquz min altı yüz otuz üç manat, otuz dörd qəpik) manat məbləğində borcun, 110 (yüz on) manat məbləğində mediasiya xərcinin və 7,31 (yeddi manat, otuz bir qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin İddiaçı xeyrinə tutulması hissəsində və Cavabdeh dövlət nəfinə 111,6 (yüz on bir manat, altmış qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Cavabdeh cəmi 9750,65 (doqquz min yeddi yüz əlli manat altmış beş qəpik) manat alınıb İddiaçınə ödənilsin. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar