Məhkəmə qərarları › İş №2-2(105)-89/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-89/2023

22.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-89/2023 22.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı kommersiya işi üzrə (Açar sözlər: iddianın baxılmamış saxlanılması) X3 Süleymanovanın sədrliyi və məruzəsi, X1 Qafari və X2 ibarət tərkibdə, Ramilə Camaləddin qızı Məmmədovanın katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdehnə qarşı verilmiş “icarəyə verilmiş sahənin cavabdehin hesabına boşaldılıb əvvəlki vəziyyətinə gətirilərək təhvil verilməsi, icarə müqavilələrinin ləğv olunması və pul tələbi” barədə kommersiya mübahisələrinə dair iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 07 aprel 2023-cü il tarixli 2- 2(119)-504/2023 nömrəli və 19 aprel 2023-cü il tarixli, 2-2(119)-504/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (hazırkı adı İddiaçı) Cavabdehnə qarşı “icarəyə verilmiş sahənin cavabdehin hesabına boşaldılıb əvvəlki vəziyyətinə gətirilərək təhvil verilməsi, icarə müqavilələrinin ləğv olunması və pul tələbi” barədə iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi 1 ünvanında yerləşən iddiaçıya məxsus, icarəyə verilmiş sahənin Cavabdeh öz hesabına boşaldılaraq əvvəlki vəziyyətinə gətirilərək təhvil verilməsi, təhvil verənədək Cavabdehnə icarə borcunun hesablanması, həmçinin Cavabdeh 01 saylı, xx.xx.2015-ci il tarixli və xx.xx.2015-ci il tarixli 34 saylı icarə müqavilələrinin ləğv olunması və müqavilə şərtlərini pozaraq yaranmış icarə haqqı və kommunal xərcləri (elektrik enerjisi, su) haqlarına görə 86004 manat pul vəsaitinin, 31 manat dövlət rüsumunun (cəmi 86035 manat) İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

2. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 28 iyun 2018-ci il tarixli 2-2(85)- 318/2018 nömrəli qiyabi qətnaməsi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı iddiası təmin olunmuşdur.

3. Cavabdeh tərəfindən 28 mart 2023-cü il tarixdə ərizə ilə müraciət olunaraq həmin qiyabi qətnamənin ləğv edilməsi və işə yenidən baxılması məhkəmədən xahiş olunmuşdur.

4. Sumqayıt Kommersiya Məhkəməsinin 07 aprel 2023-cü il tarixli 2-2(119)- 504/2023 nömrəli qərardadı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 28 iyun 2018-ci il tarixli 2-2(85)-318/2018 nömrəli qiyabi qətnaməsi ləğv edilmiş və iş üzrə icraat təzələnərək işin məhkəmə baxışı iclasında mahiyyəti üzrə baxılması 19 aprel 2023-cü il tarixə təyin olunmuşdur.

5. 19 aprel 2023-cü il tarixinə təyin edilmiş məhkəmə baxış iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil2 məhkəməyə “iddia ərizəsinin qaytarılması” barədə ərizə təqdim edərək İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdehnə qarşı verilmiş “icarəyə verilmiş sahənin cavabdehin hesabına boşaldılıb əvvəlki vəziyyətinə gətirilərək təhvil verilməsi, icarə müqavilələrinin ləğv olunması və pul tələbi” barədə iddia ərizəsinin baxılmamış saxlanılaraq geri qaytarılmasını xahiş etmişdir.

6. İddiaçı vəkili və nümayəndəsi Vəkil2 ərizəsi əsasında Sumqayıt Kommersiya Məhkəməsinin 19 aprel 2023-cü il tarixli 2-2(119)-504/2023 nömrəli qərardadı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdehnə qarşı verilmiş “icarəyə verilmiş sahənin cavabdehin hesabına boşaldılıb əvvəlki vəziyyətinə gətirilərək təhvil verilməsi, icarə müqavilələrinin ləğv olunması və pul tələbi” barədə iddia ərizəsi baxılmamış saxlanılmışdır.

7. İddiaçı qanuni təmsilçisi Nümayəndə və Cəmiyyətin vəkili və nümayəndəsi Vəkil2 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət verərək Sumqayıt Kommersiya Məhkəməsinin 07 aprel 2023-cü il tarixli 2-2(119)- 504/2023 nömrəli və 19 aprel 2023-cü il tarixli 2-2(119)-504/2023 nömrəli qərardadlarının ləğv edilməsini, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 28 iyun 2018-ci il tarixli 2-2(85)- 318/2018 nömrəli qiyabi qətnaməsinin qüvvədə saxlanmasını, Cavabdeh ərizəsinin özlərinə geri qaytarılmasını xahiş etmişdir.

8. Sumqayıt Kommersiya Məhkəməsinin 27 aprel 2023-cü il tarixli 2-2(119)- 504/2023 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi və həmin qərardadın qüvvədə saxlanılması, Sumqayıt Kommersiya Məhkəməsinin 07 aprel 2023-cü il tarixli 2-2(119)- 504/2023 nömrəli və 19 aprel 2023-cü il tarixli 2-2(119)-504/2023 nömrəli qərardadlarından İddiaçı tərəfindən verilmiş şikayətin iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

9. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 263, 264, 266 və 269-cu maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

a) Şikayətin dəlilləri

11. Şikayət onunla əsaslandırılmışdır ki, qanuni qüvvəyə minmiş Sumqayıt İnzibati-İqtisad Məhkəməsinin 28 iyun 2018-ci il tarixli, 2-2(85)318/2018 nömrəli qiyabi Qətnaməsi tam icra olunmuş və Cavabdeh MMC İddiaçı SC-nə icarə müqavilələri üzrə icarəyə götürdüyü sahəni boşaldaraq, təhvil vermişdir. Cavabdeh MMC-nin 2015-ci ildə icarə müqavilələrinə əsasən icarəyə götürdüyü və Sumqayıt İnzibati-İqtisad Məhkəməsinin 28 iyun 2018-ci il tarixli, 2-2(85)318/2018 nömrəli qiyabi Qətnaməsinə əsasən İddiaçı MMC-nə təhvil verdiyi həmin sahələr hal-hazırda başqa icarəçilərə icarəyə verilmişdir. Yəni, Cavabdeh MMC ilə “Xəzər" SC-i arasında icarə müqavilələri üzrə heç bir hüquqi münasibət qalmadığına görə Sumqayıt İnzibati-İqtisad Məhkəməsinin 28 iyun 2018-ci il tarixli, 2-2(85)318/2018 nömrəli qiyabi Qətnaməsi tam icra olunduğuna görə həmin Qətnamənin ləğv olunması tamamilə qanunsuz və əsassızdır. Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-504/2023 saylı xx.xx.2023-cü il tarixli Qərardadında Cavabdeh MMC-nin Sumqayıt İnzibati-İqtisad Məhkəməsinin 28 iyun 2018-ci il tarixli, 2- 2(85)318/2018 nömrəli qiyabi Qətnaməsinin ləğv edilməsi” barədə ərizəsi onunla əsaslandırılmışdır ki, guya Cavabdeh MMC-nin məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumatı olmamış, guya qiyabi qətnaməni, yalnız 10 mart 2023-cü ildə almışdır. Yalandır. Çünki Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icara məmurunun xx.xx.2018-ci il tarixli Bildirişi və icraata başlanma haqqında Qərar xx.xx.2018-ci ildə Cavabdeh MMC-yə təqdim edilmiş və həmin məhkəmə sənədləri əsasında icraat başa çatdırılmışdır. Demək, Cavabdeh MMC-nin məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumatı olmuşdur. İddiaçı vəkili və nümayəndəsi Vəkil2 Sumqayıt Kommersiya Məhkəməsinə xx.xx.2023-cü il tarixdə ərizə ilə müraciət edərək “Sumqayıt Kommersiya Məhkəməsinin icraatında olan 2-2(119)- 504/2023 saylı işin baxılmamış saxlanılmasını və Cavabdeh məhkəməyə təqdim etdiyi ərizənin baxılmamış, geri qaytarılmasını xahiş etmişdir. İddiaçı MMC məhkəməyə bildirmişdir ki, “Sumqayıt İnzibati-İqtisad Məhkəməsinin 28 iyun 2018-ci il tarixli, 2- 2(85)318/2018 nömrəli qiyabi Qətnaməsi qanuni qüvvəyə minmiş və tam icra olunmuşdur və Cavabdeh MMC icarəyə götürdüyü sahəni boşaldaraq, təhvil vermişdir. İddiaçı MMC Sumqayıt İnzibati-İqtisad Məhkəməsinin 28 iyun 2018-ci il tarixli, 2-2(85)318/2018 nömrəli qiyabi Qətnamənin ləğv edilməsini tələb etməmişdir və həmin Qətnamə ləğv edilməməlidir. Çünki həmin işə baxılıb və icra olunub. Cavabdeh MMC-nin həmin Qətnamənin icra olunduqdan sonra ləğv edilməsi tələbi qanunsuz və əsassızdır. Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-504/2023 saylı xx.xx.2023-cü il tarixli və 2-2(119)-504/2023 saylı xx.xx.2023-cü il tarixli Qərardadlarının ləğv edilməsi və Sumqayıt İnzibati-İqtisad Məhkəməsinin 28 iyun 2018-ci il tarixli, 2-2(85)318/2018 nömrəli qiyabi Qətnaməsinin qüvvədə saxlanılması və “Ə.S.S.S" Məhdud Məsuliyyətli Cəmiyyətin ərizəsinin özlərinə geri qaytarılması xahiş olunur. Çünki Sumqayıt İnzibati-İqtisad Məhkəməsinin 28 iyun 2018-ci il tarixli, 2-2(85)318/2018 nömrəli Qətnamə üzrə icraatı tam başa çatıb.

b) Şikayətə qarşı etirazın dəlilləri Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

12. Apellyasiya baxışının hədləri Şikayətdən görünür ki, apellyator Sumqayıt Kommersiya Məhkəməsinin 07 aprel 2023-cü il tarixli 2-2(119)-504/2023 nömrəli və 19 aprel 2023-cü il tarixli 2-2(119)-504/2023 nömrəli qərardadlarının ləğv edilməsini xahiş etmişdir. Odur ki, kollegiya Sumqayıt Kommersiya Məhkəməsinin 07 aprel 2023-cü il tarixli 2- 2(119)-504/2023 nömrəli və 19 aprel 2023-cü il tarixli 2-2(119)-504/2023 nömrəli qərardadlarının tam yoxlanılmasını vacib hesab edir.

Tətbiq edilən hüquq

13.Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 259.0.11. İddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Maddə 260.4. İddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Maddə 395.1. İşdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından aşağıdakı hallarda şikayət verə bilərlər: 395.1.1. bu Məcəllədə göstərilən hallarda; 395.1.2. məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda. Maddə 395.2. Birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər. Maddə 398.0.1 Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Maddə 400. Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.

14.Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Kommersiya Məhkəməsinin 07 aprel 2023-cü il tarixli 2-2(119)- 504/2023 nömrəli və 19 aprel 2023-cü il tarixli 2-2(119)-504/2023 nömrəli qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Göründüyü kimi iddiaçı birinci instansiya məhkəməsinin qeyd olunan qərardadlarını mübahisələndirərək ləğv edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi 07 aprel 2023-cü il tarixli 2-2(119)-504/2023 nömrəli qərardaddan verilmiş şikayətin əsassız hesab edilməsi ilə bağlı mövqeyini Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 28 iyun 2018-ci il tarixli 2-2(85)-318/2018 nömrəli qiyabi qətnaməsinin ləğv edilməsi və iş üzrə icraatın təzələnərək mahiyyəti üzrə baxılması barədə Sumqayıt Kommersiya Məhkəməsinin 07 aprel 2023-cü il tarixli 2-2(119)-504/2023 nömrəli qərardadından mülki-prosessual qanunvericilikdə şikayət nəzərdə tutulmaması, 19 aprel 2023-cü il tarixli 2-2(119)-504/2023 nömrəli qərardaddan verilmiş şikayətin əsassız hesab edilməsi ilə bağlı mövqeyini isə iddiaçı tərəfin iddia ərizəsi və əlavə edilmiş sənədlərin geri qaytarılması barədə ərizəsinin olması ilə əsaslandırmışdır. Göründüyü kimi ərizənin baxılmamış saxlanması üçün Mülki Prosessual Məcəllənin 259.0.11-ci maddəsinin təsiri altına düşə biləcək hallar mövcud olmuşdur və birinci instansiya məhkəməsi hər hansı bir yanlışlığa yol verməmişdir. Eləcə də MPM-nin 253.1-ci maddəsinin tələbinə görə qiyabi məhkəmə qətnaməsi ziyanına ləğv olunmuş tərəf çıxarılmış qərardaddan apellyasiya qaydasında şikayət verə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən prosesual normaların tətbiqində pozuntuya yol verilməmişdir. Mübahisələndirilən məhkəmə qərardadını qəbul edərkən birinci instansiya məhkəməsi hər hansı bir yanlışlığa yol verməmiş, prosessual normanı düzgün tətbiq etmişdir. Məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas yoxdur. Odur ki, şikayət təmin edilməməlidir. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə r a r a a l d ı:

İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Vəkil2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 07 aprel 2023-cü il tarixli 2-2(119)-504/2023 nömrəli və 19 aprel 2023-cü il tarixli 2-2(119)-504/2023 nömrəli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar