Məhkəmə qərarları › İş №2-2(105)-9/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-9/2020

17.02.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-9/2020 17.02.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası, sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər X4 və X3 ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, İddiaçı 2 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X2, Cavabdeh «xxxx» mənzil tikinti kooperativinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı 2 saylı Ərazi Vergilər Baş İdarəsinin cavabdeh «xxxx» mənzil tikinti kooperativinə qarşı cavabdehin xx xxxxxx 2019-cu il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 593120,15 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 677048 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması tələbinə dair iş üzrə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2-2(085)-368/2019 saylı qətnaməsindən cavabdeh «xxxx» mənzil tikinti kooperativi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdehin xx xxxxxx 2019-cu il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 593120,15 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 677048 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan cavabdeh Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində büdcəyə ödənilməsi məqsədilə cavabdehə bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin büdcəyə ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq, yaranmış borc məbləği yenə də büdcəyə ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx xxxxxx 2019-cu il tarixli qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin xx xxxxxx 2019-cu il tarixə yaranan 593120,15 manat borcuna görə 677048 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə xx xxxxxx 2019-cu il tarixli **********8 saylı Protokol tərtib edilmiş və protokola həmin əmlakın siyahısını əlavə etmişlər. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin xx xxxxxx 2019-cu il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 523999,26 manat ödənilməmiş borcu qalmışdır. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2-2(085)- 368/2019 saylı qətnaməsi iddia qismən təmin edilmiş, 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən "xxxx" mənzil tikinti kooperativinin siyahıya alınmış 677048 manat məbləğində əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması, əmlakın satılmasından əldə edilmiş məbləğdən Azərbaycan Respublikası dövlət büdcəsinin xeyrinə əmlakın satışı üzrə xərclər, "xxxx" mənzil tikinti kooperativinin dövlət büdcəsinə olan 523999 manat 26 qəpik məbləğində vergi borcu və 10 manat məbləğində dövlət rüsumunun tutulması qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. (hakim Z.Pirverdiyev). Qətnamədən narazı qalan cavabdeh «xxxx» mənzil tikinti kooperativi apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(085)-368/2019 saylı iş üzrə xx.xx.2019-cu il tarixli qətnaməsi qeyri-qanuni və əsassız olduğu üçün ləğv edilməlidir. Belə ki, 2018-ci ilin dekabr ayından Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında X1 Araşdırılması Baş İdarəsinin İstintaq və Təhqiqat İdarəsində "xxxx" MTK-da külli miqdarda vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktı üzrə Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsi ilə başlanmış cinayət işi üzrə istintaq davam edir. Cinayət təqibini aparan orqan ilə iddiaçı arasında ödənişin hissə-hissə icra edilməsi barədə razılıq əldə olunub. X1 Araşdırılması Baş İdarəsi tərəfindən qrafik təqdim edilib və həmin qrafik əsasında iddiaçı vaxtlı-vaxtında ödənişləri icra edir. "xxxx" MTK barəsində faktiki olaraq həm cinayət, həm də vergi təqibi aparılır. Nəticədə bir şəxs eyni əmələ görə iki dəfə məsuliyyətə cəlb edilmiş olur. Azərbaycan Respublikasının Konstitusiyasının 64cü maddəsinə əsasən heç kəs bir cinayətə görə təkrarən məhkum edilə bilməz. Bundan başqa, "xxxx" MTK-nın vergi borcu iddia ərizəsində göstərilən məbləğdən cox aşağıdır. Kooperativin əmlakı siyahıya alındıqdan sonra 150.000 manata yaxın pul ödənilib. TƏRƏFLƏRİN İZAHATLARİ Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, vergi borcu ilə bağlı 2018-ci ilin dekabr ayından cinayət işi gedir. Borc tələbi ilə bağlı iddia ərizəsində göstərilən məbləğ düzgün deyil, çünki iddiaçı tərəfindən borc məbləği xeyli miqdarda ödəndiyinə görə azalmışdır. İddianın məhkəmədə təmin olunması borcun tam ödənilməsinə maneə yaradacaqdır. İddia işin hallarına uyğun deyildir. Belə ki, siyahıya alınmış əmlak mənzillərdir, həmin mənzillər üzərində hüquqlar qeydiyyata alınmadığından həmin əmlakların hərracda satılması mümkün deyildir. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 iddia ərizəsi ilə eyni məzmunda izahat verərək apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, vergiləri külli miqdarda ödəməkdən yayınma faktına görə Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsinə əsasən cinayət işinin başlanması vergilərin ödənilməsi sahəsində vergi orqanlarına qanunla müəyyən edilmiş tədbirlərin görülməsini istisna etmir. Belə ki, Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Həmin Məcəllənin 90.1 -ci maddəsinə əsasən vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 23.1.15-1 -ci maddəsinə əsasən hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması, yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərraclarda satılması barədə məhkəmədə iddia qaldırmaq vergi orqanlarının vəzifələrinə aid edilmişdir. İstinad edilmiş qanun normalarından göründüyü kimi, qanunda vergiləri ödəməkdən yayınma ilə bağlı cinayət təqibi ilə yanaşı vergi orqanlarının vergilərin ödənilməsi istiqamətində qanunla müəyyən edilmiş digər tədbirlərin (o cümlədən, əmlakın siyahıya alınması və s.) görülməsini qadağan edən hər hansı bir norma mövcud deyildir. Cinayət təqibini aparan orqan ilə cavabdeh “xxxx” MTK arasında ödənişin hissə-hissə icra edilməsi barədə razılıq əldə olunmasına və təqdim edilmiş qrafik əsasında ödənişin edilməsinə gəldikdə isə belə bir razılığın olması barədə cavabdeh tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim edilməmiş, təqdim edildiyi halda belə etibarsızdır. Belə ki, Vergi Məcəlləsinin 85.8-ci maddəsinə əsasən vergi ödəyicisinə münasibətdə vergi qanunvericiliyinin pozulması ilə bağlı cinayət işi qaldırılıbsa və ya vergi ödəyicisi riskli vergi ödəyicisidirsə, vergi öhdəliyinin yerinə yetirilməsi müddəti uzadıla bilməz. Apelyasiya şikayətində cavabdeh “xxxx” MTK barəsində faktiki olaraq həm cinayət, həm də vergi təqibinin aparılması, nəticədə bir şəxsin eyni əmələ görə iki dəfə məsuliyyətə cəlb edilmiş olması dəlili irəli sürülərək “bununla belə hər hansı bir şəxs vergi hüquq pozuntusunun törədilməsinə görə əməlin xüsusiyyətindən asılı olaraq yalnız bir növ hüquqi məsuliyyət daşımalıdır” nəticəsinə gəlinmişdir ki, bu hal mübahisə predmetinə münasibətdə düzgün hesab edilə bilməz. Belə ki, Vergi Məcəlləsinin 78.3-cü maddəsinə əsasən vergi öhdəliyinin yerinə yetirilməsi bu Məcəllədə başqa hallar nəzərdə tutulmamışdırsa, bilavasitə vergi ödəyicisi tərəfindən həyata keçirilir. Vergi öhdəliyinin yerinə yetirilməsi ilə əlaqədar olaraq müvafiq bildiriş, xəbərdarlıq vergi ödəyicisinə təqdim edilir, öhdəliyin yerinə yetirilməsi ondan tələb edilir. Öhdəlik qanunla müəyyən edilmiş müddətdə yerinə yetirilmədikdə isə vergi qanunvericiliyində nəzərdə tutulmuş zəruri tədbirlər görülür. Vergi öhdəliyinin yerinə yetirilməməsinə görə cinayət təqibinin başlanması cinayət- hüquqi tədbir olaraq hüquqi şəxs olan vergi ödəyicisi barədə deyil, həmin hüquqi şəxsin təqsirkar vəzifəli şəxslərinə qarşı həyata keçirilir. Göründüyü kimi, bir şəxsin eyni əmələ görə iki dəfə məsuliyyətə cəlb edilmiş olması nəticəsinə gəlinməsi formal mülahizədir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan: Hüquqi şəxs haqqında məlumatdan görünür ki, «xxxx» mənzil tikinti kooperativi xx xxxx 2007-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Şəxsi hesab vərəqəsindən görünür ki, cavabdehin xx xxxxxx 2019-cu il tarixə 593120,15 manat borcu vardır. 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx xxxxxx 2019-cu il tarixli **********7 saylı “Vergi öhdəliyini vaxtında yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında” qərarından görünür ki, vergi borclarını Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödəmədiyi üçün cavabdehin əmlakının siyahıya alınması qərara alınmışdır. Vergilər, faizlər və maliyyə sanksiyaları üzrə yaranmış öhdəlikləri yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında xx xxxxxx 2019-cu il tarixli **********7 saylı protokoldan və ona əlavə edilmiş siyahıdan görünür ki, cavabdehin 677048 manat məbləğində əmlakı siyahıya alınmışdır. 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx xxxxxx 2019-cu il tarixli **********883300 saylı məlumatın təqdim edilməsi haqqında məktubundan görünür ki, xx xxxxxx 2019-cu il tarixə şəxsi hesab vərəqəsinin məlumatına əsasən cavabdehin 523999,26 manat aktiv vergi borcu vardır. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etmiş və ona əsaslanmışdır ki, cavabdehin xx xxxxxx 2019-cu il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 523999,26 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 677048 manat məbləğində siyahıya alınmış əmlak ixtisaslaşdırılmış açıq hərracda satılmalı və iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin 1-ci hissəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1-ci və 23.1.6-cı maddələrinə uyğun olaraq, müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək vergi orqanının hüququdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89.1-ci maddəsinə uyğun olaraq, vergi ödəyicisi vergi öhdəliyini bu məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya ala bilər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 90.1-ci maddəsinə uyğun olaraq, vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə vergi orqanı vergi öhdəliyinin icrasının təmin olunması məqsədilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması barədə məhkəməyə müraciət edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, cavabdehin xx xxxxxx 2019-cu il tarixə 593120,15 manat borcu olmuş, 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx xxxxxx 2019cu il tarixli **********7 saylı “Vergi öhdəliyini vaxtında yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında” qərarı ilə vergi borclarını Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödəmədiyi üçün cavabdehin əmlakının siyahıya alınması qərara alınmışdır. Cavabdehin 677048 manat məbləğində əmlakı siyahıya alınaraq Vergilər, faizlər və maliyyə sanksiyaları üzrə yaranmış öhdəlikləri yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında xx xxxxxx 2019-cu il tarixli **********7 saylı protokol tərtib edilmişdir. Cavabdeh tərəfindən vergi borcu üzrə ödənişlər edilmiş, hazırda cavabdehin xx xxxxxx 2019-cu il tarixə 523999,26 manat aktiv vergi borcu vardır. Cavabdeh apelyasiya şikayətində bir neçə əsasla qətnamənin ləğvi və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya apelyasiya şikayətinin cinayət təqibini aparan orqan ilə iddiaçı arasında ödənişin hissə-hissə icra edilməsi barədə razılıq əldə olunması ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, cavabdeh bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası borc tələbi ilə bağlı iddia ərizəsində göstərilən məbləğin düzgün olmaması, cavabdeh tərəfindən borc məbləğinin xeyli miqdarda ödəndiyinə görə azalması ilə bağlı qeyd edir ki, məhkəmə sorğusuna əsasən iş materiallarına əlavə olunmuş 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx xxxxxx 2019-cu il tarixli **********883300 saylı məlumatın təqdim edilməsi haqqında məktubundan görünür ki, xx xxxxxx 2019-cu il tarixə şəxsi hesab vərəqəsinin məlumatına əsasən cavabdehin 523999,26 manat aktiv vergi borcu vardır. Göründüyü kimi, birinci instansiya məhkəməsi də iddianı qismən təmin edərkən yuxarıda qeyd olunan məbləğə əsaslanmışdır. Borc məbləğinin ondan az olması barədə isə cavabdeh heç bir mötəbər sübut təqdim etməmişdir. Bundan başqa cavabdeh həm apelyasiya şikayətində, həm də cavabdehin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatda borcunun olmasını özü də etiraf edir. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Ona görə də apellyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərclərinin bölüşdürülməsi prinsipinə uyğun olaraq apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. NƏTİCƏ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 402, 403, 404, 405, 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh «xxxx» mənzil tikinti kooperativi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, e-2-2(085)- 368/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş 15 manat dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: ünvan 2 vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına (ünvan: ünvan 3 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Məmmədov Hakimlər Telman Quliyev Fuad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar