Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-9/2024 08.01.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı İsmayılova Lalə Malı̇ k qızının cavabdeh “Polı̇ mer Sənaye Parkı” Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinə qarşı kommersiya işi üzrə (Açar sözlər: icarə haqqı borcunun tutulması) X8 Süleymanovanın sədrliyi və məruzəsi, X6 Əhmədov və X2 ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı İsmayılova Lalə Malı̇ k qızının cavabdeh reṁ ıloP“ Sənaye Parkı” Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinə qarşı “icarə haqqı borcunun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli, e-2- 2(119)-801/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı X7 cavabdeh “X12” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “icarə haqqı borcunun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2014-cü il tarixli icarə müqaviləsi üzrə icarə obyekti olan ünvan 1 ünvanında 0,75 ha torpaq sahəsində yerləşən əmlak kompleksi kimi müəssisənin 1180 kv.m zirzəmi və 2370,8 kv.m istehsalat və satış pavilyonundan ibarət cəmi 3550,8 kv.m sahəsini xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövrdə qanunsuz özündə saxladığı müddət üçün hesablanmış 85000 manat məbləğində icarə haqqı borcunun və çəkilmiş məhkəmə xərclərinin əvəzini cavabdeh “X12” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq iddiaçı X5 ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, icarəyə verən X7 ilə icarəçi “X12” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx.xx.2014-cü il tarixdə bağlanmış qeyri-yaşayış sahəsinin icarəsi haqqında müqaviləyə əsasən iddiaçı ünvan 1 ünvanında mülkiyyətində olan 0,75 ha torpaq sahəsində yerləşən əmlak kompleksi kimi müəssisənin 1180 kv.m zirzəmi və 2370,8 kv.m istehsalat və satış pavilyonundan ibarət cəmi 3550,8 kv.m sahəsini cavabdehin istifadəsinə verməyi, cavabdeh isə bunun qarşılığında müqavilə ilə müəyyən edilmiş icarə haqqını hər ayın 5-dən gec olmayaraq nağd və ya köçürmə qaydasında iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə ödənilməli olan aylıq icarə haqqının məbləği xx.xx.2017-ci il tarixdən etibarən 5000 manat müəyyən olunmuşdur. Cavabdeh müqavilə üzrə icarə haqqının ödənilməsi ilə bağlı üzərinə düşən öhdəliyini pozaraq lazımınca icra etmədiyi üçün iddiaçı xx.xx.2022-ci il tarixdə müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, icarə obyektinin cavabdeh tərəfindən tam şəkildə boşaldılaraq iddiaçıya geri qaytarılması, cavabdehdən iddiaçının xeyrinə xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üçün hesablanmış 145000 manat icarə haqqı borcunun tutulması və icarə obyekti təhvil verildiyi günədək qanunsuz özündə saxlama müddəti üçün aylıq 5000 manat olmaqla hesablanmış icarə haqqının əvəzinin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(119)-222/2022 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin olunaraq xx.xx.2014-cü il tarixli icarə müqaviləsi üzrə icarə obyekti olan ünvan 1 ünvanında 0,75 ha torpaq sahəsində yerləşən əmlak kompleksinin 1180 kv.m zirzəmi və 2370,8 kv.m istehsalat və satış pavilyonundan ibarət olmaqla, cəmi 3550,8 kv.m sahəsinin cavabdeh tərəfindən tam şəkildə boşaldılaraq iddiaçıya geri qaytarılması, cavabdehdən iddiaçının xeyrinə xx.xx.2014-cü il tarixli icarə müqaviləsi üzrə ödənilməmiş 68000 manat məbləğində pul vəsaitinin tutulması və iddianın qalan hissədə (xx.xx.2014-cü il tarixli icarə müqaviləsi üzrə 77000 manat icarə haqqı borcunun və icarə obyekti təhvil verildiyi günədək qanunsuz özündə saxlama müddəti üçün aylıq 5000 manat olmaqla hesablanmış icarə haqqının cavabdehdən tutulub iddiaçıya ödənilməsi) təmin edilməməsi qət edilmişdir. Bu qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-2(105)-80/2022 saylı qətnaməsi ilə qismən təmin olunaraq, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qismən - iddianın təmin edilməyən 77000 manat icarə haqqı borcu hissəsində ləğv edilmiş, həmin hissədə iddia təmin olunmaqla, cavabdehdən ümumilikdə 145000 manat iddiaçının xeyrinə tutulmuş, qətnamə mübahisələndirilən qalan hissədə (icarə obyekti təhvil verildiyi günədək qanunsuz özündə saxlama müddəti üçün aylıq 5000 manat olmaqla hesablanmış icarə haqqının ödənilməsi) dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-2(102)-77/2023 saylı qətnaməsi ilə təmin edilməmiş və apellyasiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə (icarə obyekti təhvil verildiyi günədək qanunsuz özündə saxlama müddəti üçün aylıq 5000 manat olmaqla hesablanmış icarə haqqının ödənilməsi) dəyişdirilmədən saxlanılmışdır. Qeyd edilən iş üzrə məhkəmə aktı xx.xx.2023-cü il tarixdə qanuni qüvvəyə minmiş və Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən xx.xx.2023-cü və xx.xx.2023-cü il tarixlərdə icra vərəqələri verilərək icraya göndərilmişdir. Cavabdeh icra sənədinin icrasını təmin etməmiş və müvafiq iddia tələbi ilə məhkəməyə müraciət edildiyi 2022-ci ilin yanvar ayından etibarən indiyədək icarə obyekti boşaldılmayaraq cavabdehin qanunsuz sahibliyində və istifadəsində qalmaqda davam etmişdir. Göstərilənləri nəzərə alaraq, cavabdehdən iddiaçının xeyrinə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövrdə (17 ay) qanunsuz özündə saxlama müddəti üçün aylıq 5000 manat olmaqla hesablanmış 85000 manat məbləğində icarə haqqı borcu tutulmalıdır. Qeyd edilən məbləğdə icarə haqqı borcunun ödənişi ilə bağlı mübahisənin mediasiya vasitəsilə həll edilməsi üçün iddiaçı tərəfindən cavabdehə mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmiş, ilkin mediasiya sessiyası üçün mediasiya təşkilatına ərizə verilmiş və mediasiyanın nəticəsinə dair müvafiq arayış alınmışdır. Həmçinin iddiaçı tərəfindən cavabdehə sözügedən icarə haqqı borcunun ödənişini təmin etməyə dair pretenziya göndərilmiş, lakin nəticəsi olmamışdır.
3. İddiaçı X3 vəkili və nümayəndəsi Nümayəndə1 17 iyul 2023-cü il tarixdə “iddia tələbinin həcminin artırılmasına dair” ərizə təqdim edərək bildirmişdi ki, iddia ərizəsində xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üçün pul tələbi irəli sürülmüşdür. Lakin icarə obyekti 2023-cü ilin 15 iyul tarixinədək də cavabdeh tərəfindən geri qaytarılmayaraq özündə saxlanılmışdır. Odur ki, iddia tələbinin həcmi xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək olan müddət üçün hesablanmış 7500 manat hissəsində artırılmalıdır. Göstərilənləri nəzərə alaraq cavabdeh “X12” Məhdud Məsuliyyətli Cəmiyyətindən xx.xx.2014-cü il tarixli icarə müqaviləsi üzrə icarə obyekti olan ünvan 1 ünvanında 0,75 ha torpaq sahəsində yerləşən əmlak kompleksi kimi müəssisənin 1180 kv.m zirzəmi və 2370,8 kv.m istehsalat və satış pavilyonundan ibarət cəmi 3550,8 kv.m sahəsini xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövrdə qanunsuz özündə saxladığı müddət üçün hesablanmış 92500 manat məbləğində icarə haqqı borcunun və çəkilmiş məhkəmə xərclərinin əvəzinin tutularaq iddiaçı X5 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.
5. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş MH seriyalı, ******* nömrəli Çıxarışın notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Abşeron rayonu Masazır kəndində yerləşən X5 məxsus məqsədli istifadə növü sahibkarlıq (tikinti) olan kənd təsərrüfatı təyinatlı torpağın (ümumi sahəsi 0,75 ha) X3 mülkiyyətində olması Daşınmaz Əmlakın Dövlət Reyestrində 12 nömrəli reyestr kitabının 115 nömrəli vərəqində qeydiyyata alınmışdır (Reyestr nömrəsi– **********05; Qeydiyyat nömrəsi–160606430; Qeydiyyat tarixi–27 oktyabr 2006-cı il).
6. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli Çıxarışdan görünür ki, ünvan 1 ünvandakı 0,75 ha torpaq sahəsində yerləşən əmlak kompleksi (ümumi sahəsi 7771 kv.metr) X3 xüsusi mülkiyyətində olması Daşınmaz Əmlakın Dövlət Reyestrində 3 nömrəli reyestr kitabının 67 nömrəli vərəqində qeydiyyata alınmışdır ((Reyestr nömrəsi – **********05- 12301); Qeydiyyat nömrəsi – **********; Qeydiyyat tarixi – 27 dekabr 2014-cü il).
7. X1 (VÖEN **********) ilə icarəçi “X12” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) arasında bağlanmış 01 fevral 2014-cü il tarixli “qeyri-yaşayış sahəsinin icarəsi haqqında” müqavilənin 1.1-ci bəndinə əsasən bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə icarəyə verən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş MH seriyalı ******* nömrəli Çıxarışa əsasən Abşeron rayonu Masazır kəndi ərazisindəki mülkiyyətində olan 0,75 ha torpaq sahəsindəki Abşeron rayon İcra Hakimiyyəti Başçısının 29 aprel 2011-ci il tarixli 667 saylı Sərəncamı ilə istismara qəbul olunmuş istehsalat və satış kompleksinin yol kənarında yerləşən 1180 kv.m zirzəmi sahəsi və 2370,8 kv.m satış pavilyonu (istehsalat və satış pavilyonu) olan obyekti icarəçinin istifadəsinə verməyi, icarəçi isə bunun qarşılığında müqavilə ilə müəyyən edilmiş icarə haqqını ödəməyi öhdəsinə götürür.
8. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən bu müqavilə üzrə icarəyə verənə ödənilməli olan aylıq icarə haqqının xalis məbləği aşağıdakı cədvələ müvafiq olaraq aparılacaqdır: 1. 01 aprel 2014-cü ildən 01 aprel 2015-ci il üçün 2000 (iki min) manat; 2. 01 aprel 2015-ci ildən 01 aprel 2016-cı il üçün 3000 (üç min) manat; 3. 01 aprel 2016-cı ildən 01 aprel 2017-ci il üçün 4000 (dörd min) manat; 4. 01 aprel 2017-ci ildən 01 aprel 2018-ci il üçün 5000 (beş min) manat; 5. 01 aprel 2018-ci ildən 01 aprel 2019-cu il üçün 5000 (beş min) manat təşkil edir.
9. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən icarəçi icarə haqqını hər ayın 5dən gec olmayaraq nağd və ya köçürmə qaydasında icarəyə verənə ödəməyi öhdəsinə götürür.
10. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən bu müqavilə 01 aprel 2014-cü il tarixdən qüvvəyə minir və 01 aprel 2019-cu il tarixədək qüvvədədir.
11. İş materiallarından görünür ki, iddiaçı X7 14 yanvar 2022-ci il tarixdə cavabdeh “X12” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “icarə obyektinin boşaldılaraq geri qaytarılması və icarə haqqı borcunun ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01 fevral 2014-cü il tarixli icarə müqaviləsi üzrə icarə obyekti olan ünvan 2 ünvanındakı 0,75 ha torpaq sahəsində yerləşən əmlak kompleksinin 1180 kv.m zirzəmi və 2370,8 kv.m istehsalat və satış pavilyonundan ibarət olmaqla, cəmi 3550,8 kv.m sahəsinin cavabdeh “X12” MMC tərəfindən tam şəkildə boşaldılaraq iddiaçı X5 geri qaytarılması, cavabdeh “X12” MMC-dən iddiaçı X3 xeyrinə 01 fevral 2014-cü il tarixli İcarə müqaviləsi üzrə 145000 manat və 15 may 2020-ci il tarixli icarə müqaviləsi üzrə 30000 manat olmaqla, cəmi 175000 manat icarə haqqı borcunun tutulması və icarə obyekti təhvil verildiyi günədək qanunsuz özündə saxlama müddəti üçün aylıq 5000 manat olmaqla hesablanmış icarə haqqının və məhkəmə xərclərinin əvəzinin cavabdeh “X12” MMC-dən tutulub iddiaçı X5 ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
12. Sumqayıt Kommersiya Məhkəməsinin 29 aprel 2022-ci il tarixli e-2-2(119)- 222/2022 saylı qətnaməsinə əsasən iddia qismən təmin olunaraq, xx.xx.2014-cü il tarixli icarə müqaviləsi üzrə icarə obyekti olan ünvan 1 ünvanında 0,75 ha torpaq sahəsində yerləşən əmlak kompleksinin 1180 kv.m zirzəmi və 2370,8 kv.m istehsalat və satış pavilyonundan ibarət olmaqla, cəmi 3550,8 kv.m sahəsinin cavabdeh tərəfindən tam şəkildə boşaldılaraq iddiaçıya geri qaytarılması, cavabdeh “X12” Məhdud Məsuliyyətli Cəmiyyətindən 01 fevral 2014-cü il tarixli icarə müqaviləsi üzrə ödənilməmiş 68000 (altmış səkkiz min) manat məbləğində icarə haqqı borcu, 15 may 2020-ci il tarixli icarə müqaviləsi üzrə ödənilməmiş 30000 (otuz min) manat məbləğində icarə haqqı borcu, mediasiya ilə əlaqədar ödənilmiş 400 (dörd yüz) manat məbləğində xidmət haqqı və 65 (altmış beş) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 98465 (doxsan səkkiz min dörd yüz altmış beş) manat məbləğində pul vəsaitinin iddiaçı X3 xeyrinə tutulması, iddianın qalan hissədə təmin olunmaması, eyni zamanda cavabdehdən dövlət rüsumunun qalığı kimi 319 (üç yüz on doqquz) manat məbləğində pul vəsaitinin dövlət nəfinə tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
13. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 05 oktyabr 2022-ci il tarixli 2-2(105)-80/2022 saylı qətnaməsinə əsasən cavabdeh “X12” Məhdud Məsuliyyətli Cəmiyyətinin apellyasiya şikayətinin təmin edilməməsi, iddiaçı X3 apellyasiya şikayətinin qismən təmin edilməsi, iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin e-2- 2(119)-222/2022 nömrəli, 29 aprel 2022-ci il tarixli qətnaməsinin qismən- iddianın təmin edilməyən 77000 manat icarə haqqı borcu hissəsində ləğv ediməsi, həmin hissədə iddia təmin olunması, cavabdeh “X12” Məhdud Məsuliyyətli Cəmiyyətindən ümumilikdə 145 000 (yüz qırx beş min) manat iddiaçı X3 xeyrinə tutulması, iddiaçının apellyasiya şikayətinin qalan hissədə təmin edilməməsi, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-2(102)-77/2023 saylı qərarı ilə iddiaçı X7 tərəfindən və cavabdeh “X12” MMC tərəfindən verilmiş kassasiya şikayətlərinin təmin edilməməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 5 oktyabr 2022-ci il tarixli, 2-2(105)- 80/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
15. 18 iyul 2023-cü il tarixli aktdan görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 19 aprel 2023-cü il tarixli 2-2(105)- 80/2022 nömrəli icra sənədinin icrası ilə əlaqədar Masazır kəndi, Əliağa Vahid küçəsi, 233 ünvanında 0.75 ha torpaq sahəsində yerləşən əmlak kompleksi kimi müəssisənin 3550.8 kv.m sahəsi borclu “X12” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən boşaldılaraq tələbkara təhvil verilmişdir.
16. İş materiallarından görünür ki, İcarə haqqı borcunun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdeh “X12” Məhdud Məsuliyyətli Cəmiyyətindən ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə iddiaçı X7 tərəfindən 400 (dörd yüz) manat məbləğində mediasiya xərci ödənilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
17. Sumqayıt Kommersiya Məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli, e-2- 2(119)-801/2023 nömrəli qətnaməsi ilə (hakim Həlimə Alıyeva) iddianın təmin edilməsi, cavabdeh “X12” Məhdud Məsuliyyətli Cəmiyyətindən 92500 (doxsan iki min beş yüz) manat məbləğində icarə haqqı borcu və mediasiya ilə əlaqədar ödənilmiş 400 (dörd yüz) manat məbləğində mediasiya xərci olmaqla, cəmi 92900 (doxsan iki min doqquz yüz) manat məbləğində pul vəsaitinin tutularaq X5 ödənilməsi, cavabdeh “X12” Məhdud Məsuliyyətli Cəmiyyətindən dövlət nəfinə 367,50 (üç yüz altmış yeddi manat 50 qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
18. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 675, 697.1, 697.2, 700.1, 701.2.4, 705, 385.1, 425.1, 427.3 və 442-ci maddələri, “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 13.5-ci maddəsi, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3, 9.1-1 və 9.4-cü maddələri, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.4, 119.1, 119.2, 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayəti və onun dəlilləri
19. Cavabdeh reṁ ıloP" Sənaye Parkı" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayəti verərək, Sumqayıt Kommersiya Məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli, e-2-2(119)-801/2023 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış icarə müqaviləsi 2014-cü ildən 2019-cü ilədək qüvvədə olmuş və müqavilə müddəti 4 il əvvəl bitmişdir. Müqaviləyə əsasən icarə haqqı əvvəl 2000 manat müəyyən edilmiş və hər il icarə haqqının qiyməti artaraq 5000 manata çatmışdır. İcarəyə verən tərəfindən icarə obyektində işlər görülməsi şərti ilə icarə haqqı məbləğinin artırılması nəzərdə tutulmuşdur. Müqavilə müddəti 2019-cu ildə bitdikdən sonra tərəflər arasında icarə münasibətləri əslində mövcud olmamışdır. Əgər tərəflər arasında icarə münasibətləri davam etmiş olsa idi, bununla bağlı yenidən müqavilə bağlanardı. 2021-ci ilin iyul ayından isə obyektə girişin iki qapısı dəmir barmaqlıqlarla bağlı olduğundan cavabdehin obyektə heç bir formada giriş imkanı belə mövcud olmamışdır. Lakin Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2023cü il tarixli, e-2-2(119)-801/2023 saylı qətnaməsinə əsasən iddia tələbi təmin edilmişdir. İddiaçı tərəf icarə obyektini 2021-ci ilin iyul ayından etibarən faktiki olaraq bağlamış və cavabdeh tərəfin həmin obyektə girişi məhdudlaşdırılmışdır. Belə ki, obyektə girişin hər iki qapısı dəmir çərçivələrlə qaynaqlanmışdır. Bununla bağlı iş materiallarında müvafiq fotoşəkillər də əlavə edilmişdir və bu məhdudlaşdırma 2021-ci ilin iyul ayından 2023-cü ilin aprel ayına qədər davam etmişdir. Göründüyü kimi iddiaçı tərəf cavabdeh şirkətin həmin obyektə girişinə əngəl törədərək faktiki olaraq vicdanlı davranmamış və müqavilə üzrə öhdəliklərini pozmuşdur. İndiki halda isə təqsirli davranan tərəf cavabdeh deyil iddiaçı olmuşdur. Belə ki, iddiaçı tərəf obyektə girişi bağlayaraq illərcə cavabdehə məxsus malları girov saxlamış və bununla da təqsirli davranmışdır. Qeyd edək ki, daha əvvəl də eyni predmet və eyni tərəflər arasında eyni mübahisədən dolayı iş məhkəmədə mübahisələndirilmiş, birinci instansiya məhkəməsi hal-hazırkı iddia tələbinə uyğun ilkin iddia tələbinin həmin hissəsini əsaslı hesab etməmiş və rədd etmişdir. İlkin iddia tələbi üzrə Sumqayıt Apellyasiya Məhkəməsi öz qətnaməsində əlavə şərh olaraq bildirmişdir ki, iddianın rədd edilmiş hissəsi dəqiq olmaması səbəbilə rədd edilməlidir. Lakin bu apellyasiya məhkəməsinin yeni mövqeyi kimi qiymətləndirilə bilməz. Çünki yeni mövqe irəli sürülmüş olsa idi birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə ləğv edilməli və yeni qətnamə qəbul edilməli idi. Lakin qətnamənin dəyişdirilmədən saxlanılması apellyasiya məhkəməsinin də birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşdığını göstərir. Həmçinin AR Ali Məhkəməsi də apellyasiya instansiya məhkəməsinin qərarını qüvvədə saxlayaraq, əslində birinci instansiya məhkəməsinin mövqeyini düzgün hesab etmişdir. Artıq sözügedən iş üzrə 22(102)-77/2023 saylı, xx.xx.2023-cü il tarixli yekun məhkəmə aktı qanuni qüvvəyə minmişdir. Bununla bağlı Sumqayıt Kommersiya Məhkəməsinə vəsatət verilsə də təmin edilməmişdir. Təkcə bu səbəb belə qətnamənin ləğv edilməsi üçün təkbaşına əsasdır. İndiki halda iddiaçı tərəf obyektin cavabdeh tərəfindən istifadəsi səbəbi ilə məruz qaldığını iddia etdiyi zərərin həcmini əsaslandıra biləcək heç bir sübutu iddia ərizəsinə əlavə etməmişdir. İddiaçı tərəf öz mülahizəsinə əsasən obyekt üçün aylıq 5000 manat icarə haqqı hesablamış, bu məbləği nəyə əsaslandırdığını qeyd etməmiş, həmin aylıq ödəniş məbləğinin müəyyən edilməsi üçün müvafiq ekspertizanın keçirilməsi məqsədi ilə tərəfindən ünvanlanmış vəsatət də əsassız olaraq təmin edilməmişdir. Belə çıxır ki, iddiaçı tərəf həmin obyekt üçün aylıq 100.000 manat da tələb etsə məhkəmə tərəfindən təmin ediləcəkmiş. Bu səbəblə də iddiaçı tərəf katastrafik rəqəm tələb etməməklə əslində ciddi bir mənfəətdən məhrum qalmışdır. Hətta müqavilə ilə tənzimlənən iddia tələbləri çərçivəsində cavabdeh tələb edilən pul məbləği ilə razılaşmadığı halda iş materiallarının müvafiq ekspertizaya göndərildiyi bir məhkəmə praktikası mövcud olduğu halda hazırda heç bir yazılı müqaviləyə əsaslanmayan aylıq ödəniş məbləğinin ekspertiza vasitəsi ilə dəqiqləşdirilməməsi ciddi prosessual pozuntudur.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
21. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
22. Cavabdeh reṁ ıloP" Sənaye Parkı" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.
23. İddiaçı X3 nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.
Apellyasiya baxışının hədləri
24. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi cavabdeh tərəf verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
25. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 675. Əmlak kirayəsi müqaviləsinə əsasən kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Maddə 697.1. Kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. Torpaq sahəsinin kirayəçisi kirayəyə götürdüyü torpaq sahəsini kirayəyə verənə qarşı pretenziyaları əsasında saxlamaq hüququna malik deyildir. Kirayəçi əşyanı hər hansı üçüncü şəxsin istifadəsinə verdikdə kirayəyə verən kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra üçüncü şəxsdən həmin əşyanı qaytarmağı tələb edə bilər. Maddə 697.2. Əgər kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra kirayəçi kirayəyə götürdüyü əşyanı qaytarmırsa, kirayəyə verən kompensasiya olaraq əşyanın saxlandığı müddət üçün müəyyənləşdirilmiş kirayə haqqının verilməsini tələb edə bilər; otaqların kirayəsi üzrə hüquq münasibətlərində bunun əvəzinə kompensasiya kimi o, həmin ərazidə bu cür otaqların kirayəsi üçün adətən tutulan məbləğdə kirayə haqqı verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ da istisna edilmir. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Maddə 701.2.4. İcarəyə xitam verildikdən sonra icarəçi mövcud ləvazimatı icarəyə verənə qaytarmalıdır. Maddə 705. Əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsi barədə iddia da istisna edilmir.
26. “İcarə haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 13.5. Müqavilənin müddəti qurtardıqdan sonra ona xitam vermək və ya onu dəyişdirmək haqqında tərəflərdən birinin ərizəsi olmadıqda o, müqavilədə nəzərdə tutulmuş eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir.
27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanmalıdır.
29. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, iddiaçı X5 məxsus ünvan 2 ünvanındakı 0,75 ha torpaq sahəsində yerləşən əmlak kompleksinin 1180 kv.m zirzəmi və 2370,8 kv.m istehsalat və satış pavilyonundan ibarət olmaqla, cəmi 3550,8 kv.m hissəsi 01 fevral 2014- cü il tarixli “qeyri-yaşayış sahəsinin icarəsi haqqında” müqaviləsinə əsasən cavabdeh “X12” Məhdud Məsuliyyətli Cəmiyyətinə icarəyə verilmiş, həmin müqavilə 01 aprel 2019-cu il tarixədək qüvvədə olmuşdur. İddiaçı İcarə müqaviləsinin müddəti bitdikdən sonra da sözügedən icarə obyektinin cavabdeh tərəfindən boşaldılaraq iddiaçıya təhvil verilmədiyini, tərəflər arasında icarə münasibətlərinin obyektin boşaldılaraq təhvil verildiyi 18 iyul 2023-cü il tarixədək davam etdiyini iddia edərək araşdırılan tələblə məhkəməyə müraciət etmişdir.
31. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia təmin edilərək, məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 05 oktyabr 2022-ci il tarixli e-2-2(105)-80/2022 saylı qətnaməsində icarə müqaviləsinin müddəti 2019-cu ilin aprel ayında bitsə də, tərəflər arasında icarə münasibətlərinin davam etməsi göstərilmiş və cavabdehdən icarə müqaviləsinin müddətinin bitdiyi 2019-cu ilin aprel ayından 2021-ci ilin dekabr ayı da daxil olmaqla hər ay 5000 manat olmaqla icarə haqqı borcu tutulmuşdur. Həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 22 fevral 2023-cü il tarixli 2- 2(102)-77/2023 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. 18 iyul 2023-cü il tarixli aktdan görünür ki, həmin tarixdə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 19 aprel 2023-cü il tarixli 2-2(105)-80/2022 nömrəli icra sənədinin icrası ilə əlaqədar Masazır kəndi, Əliağa Vahid küçəsi, 233 ünvanında 0,75 ha torpaq sahəsində yerləşən əmlak kompleksi kimi müəssisənin 3550,8 kv.m sahəsi borclu tərəfindən boşaldılaraq tələbkara təhvil verilmişdir.
32. Məhkəmə həmçinin hesab etmişdir ki, cavabdeh “X12” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi izahatında iddiaçının cavabdehə icarə obyektinə daxil olmasına maneələr yaratmasını qeyd etsə də, bu halı təsdiq edəcək hər hansı mötəbər sübut məhkəməyə təqdim edə bilməmişdir.
33. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və əsaslandırması ilə razılaşaraq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.
34. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Cavabdeh iddiaya etirazı əsaslandığı hallara dair nə birinci instansiyadakı araşdırma zamanı, nə də apellyasiya icraatı zamanı heç bir sübut təqdim etməmişdir.
35. Kollegiya həmçinin şikayətin dəlilləri üzrə dəyərləndirmə apararaq həmin dəlilləri əsassız hesab edir və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir:
36. Şikayətin dəlili olaraq apellyator iş üzrə müvafiq ekspertizanın keçirilmədən aylıq ödəniş məbləğinin müəyyən edilməsini ciddi prosessual pozuntu olaraq qeyd etmişdir.
37. Kollegiya şikayətin bu dəlili ilə razılaşmır və qeyd edir ki, araşdırılan mübahisə üzrə tələb olunan borcun miqdarının müəyyən edilməsi xüsusi bilik tələb etməyən hal olmaqla, həmin məbləğin sadə riyazi yolla hesablanması mümkündür. Bu baxımdan kollegiya iş üzrə ekspertizanın keçrilməsinə zərurət görmür və bu əsasdan çıxış edərək hesab edir ki, birinci isntstansiya məhkəməsi tərəfindən ekspertiza təyin edilməməsi prosessual normaların pozuntusu kimi qiymətləndirilə bilməz. Kollegiyanın qənaətincə əsassız ekspertizaların təyin edilməsi işə vaxtında baxılmasına maneə olmaqla, lüzumsuz yerə məhkəmə araşdırmasının davam etməsinə şərait yaradan hal kimi qiymətləndirilməlidir.
38. Şikayətin digər dəlili olaraq apellyator əvvəl də eyni predmet və eyni tərəflər arasında eyni mübahisə olduğunu və məhkəmə tərəfindən artıq bu mübahisəyə qiymət verildiyini göstərmişdir.
39. Kollegiya apellyatorun bu dəlili ilə də razılaşmır və iş materiallarına istinadən bildirir ki, (Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 05 oktyabr 2022-ci il tarixli e-2-2(105)-80/2022 saylı qətnaməsi) icarə obyektinin təhvil verildiyi günədək qanunsuz özündə saxlama müddəti üçün aylıq 5000 manat olmaqla hesablanmış icarə haqqının cavabdehdən tutulması hissədə iddia tələbi, həmin tələbin qeyri-müəyyən olması əsası ilə təmin edilməmişdir.
40. Kollegiya hesab edir ki, araşdırılan mübahisə üzrə tələb apellyatorun şikayətinin dəlilində göstərildiyi kimi eyni predmet və eyni tərəflər arasında eyni mübahisə kimi qiymətləndirilə bilməz.
41. Kollegiya hesab edir ki, araşdırılan mübahisə yeni əsasa (icarə obyektinin 18 iyul 2023-cü tarixdə boşaldılmasına) istinad edir və eləcə də icarə haqqının tələb olunduğu dövr dəqiq göstərilməklə irəli sürülmüşdür ki, bu da düzgün olaraq yeni tələb kimi qiymətləndirilmişdir.
42. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
43. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 378- 382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh reṁ ıloP" Sənaye Parkı" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinin nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli, e-2-2(119)- 801/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.