Məhkəmə qərarları › İş №2-2(105)-90/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-90/2021

07.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-90/2021 07.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Zaur İkram oğlu Məmmədov, hakimlər Hökümə Çingiz qızı Babayeva və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Gülsaba Xeyrulla qızı Ağayevanın katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı X2 Cavabdeh qarşı “pul tələbi” barədə kommersiya işi ilə bağlı iddianın təmini tədbiri barədə ərizəsi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)- 644/2021 saylı 07 may 2021-ci il tarixli qərardadından iddiaçı X5 tərəfindən verilmiş şikayətə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı X5 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının xeyrinə Cavabdeh dəymiş maddi ziyana görə 49669 manat məbləğində pul vəsaitinin və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi ilə birlikdə məhkəməyə daxil olmuş iddiaçının “iddianın təmin tədbirinin tətbiq edilməsi” haqqında ərizəsi ilə iddianın təmin tədbiri olaraq işə mahiyyəti üzrə baxılıb qurtaranadək “mübahisə predmeti olan, Sumqayıt şəhəri, 2ci mikrorayon, Sülh küçəsində yerləşən, 70 kv.m sahəsi olan qeyri-yaşayış sahəsindən cavabdeh və üçüncü şəxslərin istifadə etməsinin qadağan olunması” barədə qərardad qəbul edilməsi xahiş olunmuşdur. Sumqayıt Kommersiya Məhkəməsinin 07 may 2021-ci il tarixli e-2- 2(119)644/2021 saylı qərardadı ilə iddiaçı X2 “iddianın təmin tədbirinin tətbiq edilməsi” barədə ərizəsi təmin olunmamışdır. Qərardaddan narazı qalan iddiaçı şikayət verərək, Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-644/2021 saylı 07 may 2021-ci il tarixli qərardadının ləğv edilməsini və ərizənin təmin olunması barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, mübahisəli qeyri-yaşayış sahəsi hazırda icarə müqaviləsi əsasında iddiaçının istifadəsindədir və həmin sahədə sahibkarlıq fəaliyyəti göstərmək üçün 49.669 manat məbləğində pul xərclənmişdir. Hazırda cavabdehin qanunsuz hərəkətləri nətiəsində dəymiş maddi ziyanın tələb edilməsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia ərizəsinə əlavə edilmiş cavabdehin xəbərdarlıq məktubundan da görünür ki, cavabdeh mübahisəli sahəni başqa şəxsə icarəyə verdiyini bildirir və 01 mart 2021-ci il tarixədək qeyriyaşayış sahəsini boşaltmağı tələb edir. Sumqayıt Kommersiya Məhkəməsinin 07.05.2021-ci il tarixli, e-2-2(119)-644/2021 saylı qərardadı ilə ərizəsi təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Sumqayıt Kommersiya Məhkəməsinin 18 may 2021-ci il tarixli e-2- 2(119)644/2021 saylı qərardadı ilə şikayət ərizəsi təmin edilməmiş və işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir.(hakim Z.Sadiqov) İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq, iddiaçının iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını və iddianın təmin tədbiri haqqında ərizəni araşdıraraq hesab edir ki, şikayət ərizəsi təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Qeyd olunan qanun normasının təhlilindən aydın olur ki, iddianın təmin tədbiri qəbul ediləcək qətnamənin icrasını çətinləşdirəcək və ya mümkünsüz edəcək halların aradan qaldırılması-daha dəqiq desək-qətnamənin icrasını təmin etmək məqsədilə tətbiq edilir. Qanunverici, məhkəməyə, hələ yekun qərar qəbul etmədən çıxarılacaq məhkəmə qərarının icrasının mümkünlüyünü realizə etmək üçün belə bir hüquq vermişdir və belə bir hüququnun həyata keçirilməsi işdə iştirak edən şəxslərin ərizəsi əsasında prosesin istənilən mərhələsində yol verilir. İstənilən mərhələ dedikdə, iddia ərizəsinin icraata qəbul olunmasından iş üzrə qəbul ediləcək yekun qərar çıxarılanadək dövr başa düşülməlidir. İddianı təmin etmə tədbirlərinin tətbiq olunmasının MPM-in 157.2-ci maddəsində göstərilən məqsədi (qətnamənin gələcəkdə icrasının təmin edilməsi) o halda realizə olunur ki, görülən tədbir məhz iddianın təmin edilməsinə yönəlmiş olsun. Həmçinin nəzərdən qaçırmaq olmaz ki, iddianın təmin edilməsi haqqında ərizələrə baxılarkən işin konkret halları nəzərə alınmalı və məsələyə iddianın əsaslılığı prezumpsiyası baxımından yanaşılmalıdır. Kollegiya qeyd edir ki, iddianın təmin tədbirləri məhkəmənin qəbul edəcəyi qətnamənin icrasının təmin edilməsi məqsədi ilə tətbiq edildiyi üçün, tətbiq edildiyi zaman həmin tədbirlərin zəruriliyi və əsaslılığı sübut olunmalıdır. Lakin hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malik olduğundan, zəruriliyi kifayət qədər əsaslandırılmadan iddianın təmin tədbirinin tətbiqi - mülkiyyət hüququnun əsassız olaraq məhdudlaşdırılmasını qadağan edən Azərbaycan Respublikasının müvafiq qanunvericilik normalarının tələblərinin pozulması ilə yanaşı, həm də İnsan Hüquqlarının və X3 haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinin tələblərinə də ziddir. Kollegiya həmçinin qeyd edir ki, iddiaçı tərəfindən şikayət ərizəsində hazırkı iddianı təmin etmə tədbiri görülmədiyi təqdirdə, gələcəkdə bu iş üzrə qəbul ediləcək qətnamənin icrasının çətinləşəcəyi və ya qeyri-mümkün ola biləcəyinə əsaslı şübhələrin olması, beləliklə də iddianı təmin etmə tədbirinin zəruriliyi əsaslandırılmamışdır. Belə olan halda məhkəmə kollegiyası iddianı təmin etmə institutunun yuxarıda qeyd edilən məqsədlərinə, mahiyyətinə əsasən belə nəticəyə gəlir ki, iddianın əsaslılığı şübhə altına alındığından, iddiaçı tərəfindən iddianın təmin tədbirinin tətbiqi yetərincə zəruri əsaslandırılmadığından və müvafiq tədbirinin tətbiqini zəruri edəcək sübutlar məhkəməyə təqdim edilmədiyindən iddiaçının şikayəti təmin edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395- 396, 398, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: İddiaçı X2 şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-644/2021 saylı 07 may 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar