Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-90/2023 16.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər X1 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Əliyeva Aysel Sərvan qızının katibliyi ilə, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndələri Nümayəndə2, Nümayəndə1, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “krеdit razılaşmasının ləğv edilməsi və borcun tutulması” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-57/2023 nömrəli, 31 mart 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. 02 oktyabr 2009-cu il tarixli 01L000002032 nömrəli Kredit Xətti Müqaviləsi əsasında bağlanmış 29 yanvar 2015-ci il tarixli 01L000002032S nömrəli “Uzunmüddətli Kredit müqaviləsinə dəyişiklik və əlavələrin edilməsi” haqqında Sazişin 1-ci bəndindən görünür ki, Bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün (bundan sonra «kredit» adlandırıacaq) Kredit Alana 100000 (bır yüz min) ABŞ dolları məbləğində Uzunmüddətli Kredit Müqaviləsini (bundan sonra «Uzunmüddətli Kredit Müqaviləsi» adlandırılacaq) açır. Uzunmüddətli Kredit Xətti bu Müqavilə üzrə və onun qüvvədə olduğu müddətdə istənilən ana Kredit Alanın Bank qarşısında faizlər nəzərə alınmadan maksimum borclanma həddidir (1.1-ci bəndi). Kreditlər tərəflər arasında «Kredit Razılaşması», «Bank qarantiyası verilməsi haqqında müqavilə» və «Akkreditiv açılması üçün razılaşma» formasında bağlanacaq ayrıca razılaşmalar (bundan sonra «Kredit Razılaşması») əsasında veriləçək. Вu müqavilə Bankın kredit vermək vədini ifadə etmir (1.2-ci bəndi). Bu müqavilə və Kredit razılaşmaları əsasında istənilən məbləğ 184 (yüz səksən dörd) ay müddətinə, 02 fevral 2025-ci il tarixdən gec olmayaraq verilməlidir». Verilən hər bir kredit məbləği, faiz dərəcəsi, müddəti, məqsədi və digər şərtləri hər dəfə Tərəflər arasında bağlanan və bu müqavilənin ayrılmaz hissəsi olan Kredit Razılaşmaları ilə müəyyən edilir (1.3-cü bəndi).
2. 02 oktyabr 2009-cu il tarixli 01L000002032 nömrəli Kredit Xətti Müqaviləsindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti – “Kreditor”, Cavabdeh1 – “Borcalan” olmaqla bağlanmış həmin Müqaviləyə əsasən Bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün (bundan sonra «kredit» adlandırılacaq) Kredit Alana 10000 (on min) ABŞ dollar məbləğində kredit xəttini (bundan sonra «kredit xətti» adlandırılacaq) açır. Kreditlər tərəflər arasında «Kredit Razılaşması» və «Bank qarantiyası verilməsi haqqında müqavilə» formasında bağlanmış ayrıca razılaşma (bundan sonra «Kredit Razılaşması») əsasında veriləcək (1.1-ci bənd). Müqavilənin 1.2-ci bəndinə əsasən, bu müqavilə və Kredit razılaşmaları əsasında istənilən məbləğ 120 (yüz iyirmi) ay, 02 oktyabr 2019-cu il tarixdən gec olmayaraq verilməlidir.
3. 02 oktyabr 2009-cu il tarixli 01L000002032 nömrəli Kredit Xətti Müqaviləsi və 29 yanvar 2015-ci il tarixli 01L000002032S nömrəli “Uzunmüddətli Kredit müqaviləsinə dəyişiklik və əlavələrin edilməsi” haqqında Saziş əsasında bağlanmış 20 fevral 2020-ci il tarixli 001R********** nömrəli Kredit Razılaşmasından görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti–“Kreditor”, Cavabdeh1–“Borcalan” olmaqla bağlanmış həmin Razılaşmaya əsasən fərdi mikrokredit məqsədilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan borcalan Cavabdeh1 (VÖEN **********) 24 ay müddətinə illik 1,8333 % dərəcəsi ilə 20000 (iyirmi min) manat məbləğində kredit verilmişdir. 20 fevral 2020-ci il tarixli 001R********** nömrəli Kredit Razılaşmasının 1.2-ci bəndinə əsasən, kredit alan bu Kredit Razılaşmasının ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilmiş Ödəniş Planına («Ödəniş Planı») əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə Banka qaytarmağı öz öhdəsinə götürür. Həmin Razılaşmanın 4.2.2-ci bəndinə əsasən, ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməyə bocludur.
4. 20 fevral 2020-ci il tarixli 001R********** nömrəli Kredit Razılaşmasında göstərilən kreditin və ona hesablanmış faizlərin 20 fevral 2020-ci il tarixli Ödəniş Planından (Ödəniş Cədvəlindən) görünür ki, borcalan Cavabdeh1 Banka olan borcunun müvafiq qrafikə əsasən aylar üzrə müəyyən edilmiş məbləğlərdə (hər ay 1046 manat məbləğində olmaqla) və müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuşdur və həmin Ödəniş Planını borcalan Cavabdeh1 imza etmişdir. X3 əsasən ödənişin son tarixi 28 fevral 2022-ci il müəyyən olunmuşdur.
5. 20 fevral 2020-ci il tarixli 001R********** nömrəli Kredit Razılaşması üzrə bağlanmış 26 iyul 2021-ci il tarixli 001R**********SA nömrəli “Kredit Razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi” haqqında Sazişdən və həmin Saziş üzrə tərtib edilmiş 26 iyul 2021-ci il tarixli yeni Ödəniş Planından görünür ki, borcalan Cavabdeh1 20 fevral 2020-ci il tarixli 001R********** nömrəli Kredit Razılaşması üzrə verilmiş kreditin 26 iyul 2021-ci il tarixli Ödəniş Planı əsasında aylar üzrə müəyyən edilmiş məbləğlərdə və müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuşdur və həmin Ödəniş Planını borcalan Cavabdeh1 imza etmişdir. X3 əsasən ödənişin son tarixi 03 iyul 2023-cü il müəyyən olunmuşdur.
6. 16 aprel 2019-cu il tarixli 017S**********01 nömrəli Zaminlik Müqaviləsindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti–“Borc verən”, Cavabdeh2–“Zamin” və Cavabdeh1–“Borcalan” olmaqla, bağlanmış həmin Müqaviləyə əsasən Cavabdeh2 zamin olaraq borcalan Cavabdeh1 02 oktyabr 2009-cu il tarixli 01L000002032 nömrəli Kredit xətti Müqaviləsi əsasında alınan kreditlər üzrə Bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməsinə görə Borcalanla birgə məsuliyyəti öz üzərinə götürmüşdür. Həmin Müqavilənin 1.1-ci bəndinə əsasən, borcalanın kredit müqaviləsidən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün Zamin də Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və Borcalanla birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır.
7. Kredit alan Cavabdeh1 ilə kredit verən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış 20 fevral 2020-ci il tarixli 001R********** nömrəli Kredit Razılaşması üzrə və 26 iyul 2021-ci il tarixli 001R**********SA nömrəli Saziş üzrə tərtib edilərək təsdiq olunmuş müvafiq 20 fevral 2020-ci il tarixli “Ödəniş Planı” və 26 iyul 2021-ci il tarixli “Ödəniş Planı” sənədləri zamin Cavabdeh2 tərəfindən imzalanmış və həmin imza ilə birlikdə yazılmış qeydlərdən görünür ki, o, Zamin olaraq qeyd olunan sənədlərlə tanış olmuş və həmin sənədlərə öz razılığını bildirmişdir.
8. 24 oktyabr 2022-ci il tarixli 2751 nömrəli Maliyyə Arayışından görünür ki, borcalan Cavabdeh1 20 fevral 2020-ci il tarixli 001R********** nömrəli Kredit Razılaşması üzrə 31 avqust 2022-ci il tarixə borcverən İddiaçı QSC-yə 16161,36 manat məbləğində əsas borc, 6173,95 manat məbləğində faiz borcu və 1522,40 manat məbləğində cərimə borcu olmaqla, cəmi 23857,71 manat məbləğində borcu vardır (cərimə hesablanmış gecikdirilən günlərin sayı: 580 gün).
9. 19 yanvar 2023-cü il tarixli qərardadla təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası əsasında verilmiş 28 fevral 2023-cü il tarixli 9/965 nömrəli Ekspert Rəyi ilə müəyyən edilmişdir ki, 31 avqust 2022-ci il tarixə (sualda göstərilən tarixə) əsas borc üzrə 19598,86 manat məbləğində, faiz borcu üzrə 4196,14 manat məbləğində borc vardır.
Birinci instansiya məhkəməsindəki icraat
10. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti 28 oktyabr 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 20 fevral 2020-ci il tarixli 001R********** saylı Krеdit Razılaşması üzrə 16161,36 manat məbləğində krеdit bоrcu, 6173,95 manat məbləğində faiz bоrcu və 1522,40 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 23857,71 (iyirmi üç min səkkiz yüz əlli yeddi manat 71 qəpik) manat məbləğində bоrcun və mediasiya prosesi ilə əlaqədar ödənilmiş 210 manat məbləğində mediasiya xərcinin tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, kredit alan Cavabdeh1 kredit verən İddiaçı QSC tərəfindən 02 oktyabr 2009-cu il tarixli 01L000002032 saylı krеdit xətti müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 10000 (on min) ABŞ dolları məbləğində krеdit хətti açılmışdır. 29 yanvar 2015-ci il tarixli 01L000002032S saylı Sazişlə həmin kredit xəttinin məbləği 100000 (yüz min) ABŞ dolları, müddəti isə 184 (yüz səksən dörd) ay müəyyən edilmişdir. Bu müqavilənin şərtlərinə görə kredit alana vеriləcək məbləğ və müddət ayrıca оlaraq Krеdit Razılaşması ilə müəyyən оlunur. Kredit xətti müqaviləsi üzrə borc alan Cavabdeh1 kredit verən İddiaçı QSC ilə bağlanmış 20 fevral 2020-ci il tarixli 001R********** saylı Krеdit Razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1,8333 % оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20000 (iyirmi min) manat məbləğində krеdit götürmüşdür. Sonradan tərəflərin imzaladıqları 26 iyul 2021ci il tarixli 001R**********SA saylı Sazişlə həmin Razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Borc alan Cavabdeh1 Krеdit Razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri 01 mart 2022-ci il tarixdən etibarən Banka qaytarmamışdır. Kredit alan Cavabdeh1 götürdüyü krеdit üzrə əsas bоrcundan 3838,64 manat məbləğində ödəniş etmiş və onun 16161,36 manat məbləğində əsas kredit borcu qalmışdır. Kredit Razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün Bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu Kredit Razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirilir ki, kredit alan Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 31 avqust 2022-ci il tarixə 580 gün üçün hesablanmış faiz borcu 6173,95 manat təşkil edir. Krеdit Razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda, hər gеcikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. 31 avqust 2022-ci il tarixə 580 gün üçün hеsablanmış cərimə 1522,40 manat təşkil edir. Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən krеdit alan müvafiq оlaraq krеditi və faizi ödəniş planına uyğun оlaraq qaytara bilmədikdə, Kreditor müqaviləyə vaxtından əvvəl xitam vеrmək və qalan krеdit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hеsablanmış cəriməni tələb еtmək hüququna malikdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеh Cavabdeh2 ilə bağlanmış zaminlik müqaviləsinə əsasən sonuncu Bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. Cavabdеh Cavabdeh2 həmin zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən yuхarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün Bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidir. Cavabdehlərə müvafiq qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar müqavilə üzrə yaranmış borcu ödəməmişlər. Həmçinin, bu mübahisə kommersiya mübahisəsi olduğundan məhkəməyə müraciət olunmamışdan əvvəl bu mübahisə ilə əlaqədar mediasiya prosesinin təşkil olunmasına baxmayaraq, mediasiya vasitəsi ilə də mübahisənin həll edilməsi mümkün olmamış və mediasiya xərci olaraq İddiaçı QSC tərəfindən mediatora 210 manat haqq ödənilmişdir.
12. İddiaçı 16 dekabr 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə “iddia tələbinin həcminin artırılması” barədə ərizə təqdim edilərək, cavabdеh Cavabdeh1 ilə bağlanmış 20 fevral 2020-ci il tarixli 001R********** nömrəli Kredit Razılaşmasının ləğv edilməsi, cavabdеhlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 001R********** saylı Krеdit Razılaşması üzrə 16161,36 manat məbləğində krеdit bоrcu, 6173,95 manat məbləğində faiz bоrcu və 1522,40 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 23857,71 (iyirmi üç min səkkiz yüz əlli yeddi manat 71 qəpik) manat məbləğində bоrcun və mediasiya prosesi ilə əlaqədar ödənilmiş 210 manat məbləğində mediasiya xərcinin tutulması barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur.
13. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edib, iddianın təmin edilməsi və cavabdеh Cavabdeh1 ilə bağlanmış 20 fevral 2020-ci il tarixli 001R********** nömrəli Kredit Razılaşmasının ləğv edilməsi, cavabdеhlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə həmin 001R********** nömrəli Krеdit Razılaşması üzrə 16161,36 manat məbləğində krеdit bоrcu, 6173,95 manat məbləğində faiz bоrcu və 1522,40 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 23857,71 manat məbləğində bоrcun və mediasiya prosesi ilə əlaqədar ödənilmiş 210 manat məbləğində mediasiya xərcinin tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
14. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qismən qəbul etdiyini, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduğuna görə biznes fəaliyyəti ilə əlaqədar qohumu Cavabdeh2 zaminliyi ilə 20 fevral 2020-ci il tarixli Krеdit Razılaşmasına əsasən borcverən İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən 24 ay müddətinə 20000 manat məbləğində krеdit götürdüyünü, həmişə kredit ödənişlərini vaxtlı-vaxtında etdiyini və bu kredit üzrə təxminən 7000 manat məbləğində pul ödəmiş olduğunu və təxminən cəmi 13000 manat məbləğində əsas borcunun qaldığını, lakin pandemiya dövründə yaranan problemlərə görə sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməyərək, iflas olduğunu və buna görə də kredit ödənişlərini edə bilmədiyini, müqavilənin ləğv edilməsinə və ondan əsas borc olaraq 13000 manat məbləğində pulun tutulmasına razı olsa da, iddia tələbi ilə qalan hissələrdə, o cümlədən də faiz və cərimə borclarının tutulması hissələrində razı olmadığını bildirib, məhkəmədən faiz və cərimə borclarının tam olaraq silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
15. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-57/2023 nömrəli, 31 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakim Zülfiqar Sadiqov) iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 (VÖEN **********) və Cavabdeh2 müştərək qaydada 16161,36 (on altı min yüz altmış bir manat 36 qəpik) manat məbləğində əsas borc, 6173,95 (altı min yüz yetmiş üç manat 95 qəpik) manat məbləğində faiz borcu, 200 (iki yüz) manat məbləğində cərimə və mediasiya ilə əlaqədar ödənilmiş 210 (iki yüz on) manat məbləğində xidmət haqqı olmaqla, cəmi 22745,31 (iyirmi iki min yeddi yüz qırx beş manat 31 qəpik) manat məbləğində pul vəsaitinin İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, Cavabdeh1 ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış 20 fevral 2020-ci il tarixli 001R********** nömrəli Kredit Razılaşmasının ləğv edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh1 dövlət nəfinə 157,6 (yüz əlli yeddi manat 60 qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq, Dövlət Büdcəsinə ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada dövlət nəfinə tutularaq, dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, borcalan (cavabdeh) Cavabdeh1 (VÖEN **********) və zamin (cavabdeh) Cavabdeh2 02 oktyabr 2009-cu il tarixli 01L000002032 nömrəli Kredit xətti Müqaviləsi, 29 yanvar 2015-ci il tarixli 01L000002032S nömrəli “Uzunmüddətli Kredit müqaviləsinə dəyişiklik və əlavələrin edilməsi” haqqında Saziş, 20 fevral 2020-ci il tarixli 001R********** nömrəli Kredit Razılaşması, 26 iyul 2021-ci il tarixli 001R**********SA nömrəli Saziş və 16 aprel 2019-cu il tarixli 017S**********01 nömrəli Zaminlik Müqaviləsi bağlayarkən götürdükləri öhdəlikləri pozmuş və onları lazımi qaydada icra etməyərək, borcverən İddiaçı QSC-yə ödənilməli olan əsas borcu və əsas borca görə hesablanmış faizləri Ödəniş Cədvəlində nəzərdə tutulan qaydada ödəməmiş və bununla da, borcverən İddiaçı QSC-dən alınmış krediti müqaviləsi ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişlər.
17. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 425.1, 427.3, 442, 443.1, 445.1, 448, 462.1, 465.2, 421, 467, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3, 9.1-1, 9.1.20, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 88, 217.4, 218.3, 119.1, 119.2-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.
18. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki,: - birinci instansiya məhkəməsi cavabdeh tərəfindən ödənilmiş vəsaitlərin şişirdilmiş faizlərə silinməsini qanunvericiliyin tələbləri baxımından araşdırmadan, həyata keçirilmiş ödənişlərin əksəriyyətinin faizə silinməsi qənaətinə gələrək cavabdehin hüquqlarını kobud surətdə pozan qətnamə qəbul etmişdir. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilsə də, həmin şərtlərin məzmunu qanunvericiliyin tələbləri baxımından qanuni olmalıdır. Qeyd edilən səbəbdən, məhkəmə maddi hüquq normalarının tələblərini pozaraq qətnamə qəbul etmişdir. Faizdən faiz ödənilməsi qanunvericiliyin tələbləri baxımından yolverilməz olsa da, məhkəmə bu halı araşdırmadan hazırki normanın tələblərini pozaraq qətnamə qəbul etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
21. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdi.
22. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndələri Nümayəndə2, Nümayəndə1 apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdilər.
Tətbiq edilən hüquq
23. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 448.1. Əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 448.2. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...) Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..) Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...).384.0.3. qətnaməni dəyişdirə bilər; (...) Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
25. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommmersiya Kollegiyasının xx.xx.2023cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin tam ləğv edilməsi xahiş olunsa da, qətnamə əsas borc və faiz borcu ilə bağlı hissədə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə faiz borcunun tutulması hissəsində dəyişdirilməlidir.
27. Cavabdehin apellyasiya şikayətinin dəlilləri nəzərə alınaraq məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-2(105)-90/2023 nömrəli qərardadı ilə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, iş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertiza Mərkəzinə göndərilmişdir.
28. Məhkəməyə daxil olmuş 15 sentyabr 2023-cü il tarixli, 9/4694 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 20 fevral 2020-ci il tarixli 001R********** saylı Kredit Razılaşması üzrə Cavabdeh1 xx.xx.2022-ci il tarixə banka olan borcu 21.388,13 manat məbləğində müəyyən olunur, o cümlədən: əsas borc üzrə 16.446,95 manat; faiz borcu üzrə 4.941,18 manat.
29. Rəyin tədqiqat hissəsində həmçinin qeyd olunmuşdur ki, xx.xx.2023-cü il tarixli, 9/965 nömrəli ilkin ekspertiza rəyi ilə xx.xx.2023-cü il tarixli, 9/4694 nömrəli təkrar ekspert rəyi arasındakı fərq onunla izah olunur ki, xx.xx.2023-cü il tarixli, 9/965 nömrəli ekspert rəyində hesablamalar Kredit Razılaşması bağlanan tarixdən, yəni xx.xx.2020-ci il tarixdən başlayaraq aparılmış, hazırki ekspertiza tədqiqatı isə xx.xx.2021-ci il tarixli, 001R200511095SA nömrəli Əlavə Razılaşma üzrə tərtib edilmiş ödəniş cədvəlində göstərilən qalıq borcdan sonrakı dövrü əhatə etməklə hesablamalar aparılmışdır.
30. Göründüyü kimi hazırki ekspert rəyində də əsas borc məbləği iddia tələbindən artıq məbləğdə hesablanmışdır.
31. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Odur ki, əsas borcun məbləği iddia tələbindən artıq ola bilməz.
32. Bu səbəbdən apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-57/2023 nömrəli, 31 mart 2023-cü il tarixli qətnaməsi cavabdehlər Cavabdeh1 (VÖEN **********) və Cavabdeh2 müştərək qaydada 6173,95 (altı min yüz yetmiş üç manat 95 qəpik) manat məbləğində faiz borcunun tutulması hissəsində dəyişdirilməli, cavabdehlər Cavabdeh1 (VÖEN **********) və Cavabdeh2 müştərək qaydada 16161,36 (on altı min yüz altmış bir manat 36 qəpik) manat məbləğində əsas borc, 4941,18 (dörd min doqquz yüz qırx bir manat 18 qəpik) manat məbləğində faiz borcu, 200 (iki yüz) manat məbləğində cərimə və mediasiya ilə əlaqədar ödənilmiş 210 (iki yüz on) manat məbləğində xidmət haqqı olmaqla, cəmi 21512, 54 (iyirmi bir min beş yüz on iki manat 54 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 (yüz qırx beş) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilməılidir.
33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-57/2023 nömrəli, 31 mart 2023-cü il tarixli qətnaməsi cavabdehlər Cavabdeh1 (VÖEN **********) və Cavabdeh2 müştərək qaydada 6173,95 (altı min yüz yetmiş üç manat 95 qəpik) manat məbləğində faiz borcunun tutulması hissəsində dəyişdirilsin. Cavabdehlər Cavabdeh1 (VÖEN **********) və Cavabdeh2 müştərək qaydada 16161,36 (on altı min yüz altmış bir manat 36 qəpik) manat məbləğində əsas borc, 4941,18 (dörd min doqquz yüz qırx bir manat 18 qəpik) manat məbləğində faiz borcu, 200 (iki yüz) manat məbləğində cərimə və mediasiya ilə əlaqədar ödənilmiş 210 (iki yüz on) manat məbləğində xidmət haqqı olmaqla, cəmi 21512, 54 (iyirmi bir min beş yüz on iki manat 54 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlansın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 (yüz qırx beş) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.