Məhkəmə qərarları › İş №2-2(105)-91/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-91/2024

06.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-91/2024 06.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim X1, hakimlər Dəmirov İlqar Kamal oğlu və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul və müqavilənin ləğv edilməsi tələblərinə dair” kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin “iddia ərizəsinin geri qaytarılması haqqında” 04 iyul 2024-cü il tarixli, e-2-2(119)-1181/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul və müqavilənin ləğv edilməsi tələblərinə dair” iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 04 iyul 2024-cü il tarixli, e-2-2(119)-1181/2024 nömrəli qərardadı ilə həmin iddia ərizəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinin tələbinə əsasən iddiaçıya geri qaytarılmış və eyni zamanda, iddiaçıya iddia ərizəsinin qaytarılmasının nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə müvafiq məhkəməyə müraciət etməyə mane olmaması da izah edilmişdir (hakim Zülfüqar Sadıqov). Bu qərardadla razılaşmayan İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Sumqayıt Kommersiya Məhkəməsinin 04 iyul 2024cü il tarixli, e-2-2(119)-1181/2024 nömrəli qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsini, iddia ərizəsinin icraata götürülməsini və bundan sonra əgər Məhkəmə iddia ərizəsinə Bakı Kommersiya Məhkəməsində baxılmalı olması qənaətində israrlı olarsa, işi baxılması üçün aidiyyəti üzrə sonuncu Məhkəməyə göndərməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 12 iyul 2024-cü il tarixli, e-2-2(119)-1148/2024 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi, İddiaçı tərəfindən verilmiş şikayətin iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Zülfüqar Sadıqov). Şikayət Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası tərəfindən yazılı icraat qaydasında baxılmağa qəbul edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilərək, Sumqayıt Kommersiya Məhkəməsinin 04 iyul 2024-cü il tarixli, e-2-2(119)-1181/2024 nömrəli qərardadı ləğv edilməli və İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul və müqavilənin ləğv edilməsi tələblərinə dair” iddia ərizəsi icraata qəbul edilib mahiyyəti üzrə baxılması üçün kommersiya işinin materialları ilə birlikdə həmin Məhkəməyə qaytarılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi iddia ərizəsinin geri qaytarılmalı olması barədə qənaətini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən verilmiş hazırkı iddia tələbləri İddiaçı ilə Cavabdeh2 arasında bağlanılmış 25 noyabr 2020-ci il tarixli İcarə müqaviləsi üzrə yaranan mübahisə ilə əlaqədardır. Yəni, tərəflər arasındakı mövcud mübahisə onların arasında bağlanmış 25 noyabr 2020-ci il tarixli İcarə müqaviləsi üzrə yaranmış icarə münasibətlərindən irəli gəlir. Lakin, iddiaçı tərəfindən iddia ərizəsində Cavabdeh2 ünvanı “Naxçıvan MR, Babək rayonu, Dividar küçəsi”, digər cavabdeh olan Cavabdeh1 ünvanı isə “ünvan 2rək, həmin iddia ərizəsi Sumqayıt Kommersiya Məhkəməsinə verilmişdir. Halbuki, "AZEMİS" Elektron Məhkəmə İnformasiya Sistemində olan məlumat bazası ilə müəyyən olunur ki, Cavabdeh2 rəsmi qeydiyyat yeri (rəsmi ünvanı) Naxçıvan MR, Babək rayonu, Didivar kəndidir və cavabdehin rəsmi ünvanı olan həmin ərazi vahidi, yəni Babək rayonu Sumqayıt Kommersiya Məhkəməsinin yurisdiksiyasına deyil, Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Eyni zamanda, "AZEMİS" Elektron Məhkəmə İnformasiya Sistemində olan məlumat bazası ilə müəyyən olunur ki, digər Cavabdeh1 rəsmi qeydiyyat yeri (rəsmi ünvanı) “ünvan 5bdehin rəsmi ünvanı olan həmin ərazi vahidi, yəni Bakı şəhərinin Yasamal rayonu Sumqayıt Kommersiya Məhkəməsinin yurisdiksiyasına deyil, Bakı Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Buna görə də, həmin iddia ərizəsi ərazi aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsində baxılmalı deyil. Çünki, tərəflər arasında olan mübahisə - onların arasında bağlanmış icarə müqaviləsi əsasında yaranmış icarə münasibətlərindən irəli gəldiyinə görə, hazırkı iddia ərizəsinə cavabdehlərdən birinin rəsmi qeydə alındığı yerin aid olduğu yurisdiksiya üzrə kommersiya məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Göründüyü kimi, birinci instansiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasındakı mübahisəyə baxılması kommersiya məhkəməsinə aid olsa da, lakin ərazi yurisdiksiyasına görə Sumqayıt Kommersiya Məhkəməsinə aid deyildir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, hazırkı iş üzrə iddiaçı iddia ərizəsini, MPM-in 35.1-ci maddəsinin tələbinə uyğun olaraq, cavabdehlərdən hər hansı birinin rəsmi qeydiyyatda olduğu yerin aid olduğu yurisdiksiya (Naxçıvan Muxtar Respublikası və ya Bakı şəhəri) üzrə kommersiya məhkəməsinə verməlidir. Məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi hazırkı işin ərazi üzrə məhkəmə aidiyyətini müəyyən edərkən prosessual normaların tətbiqində səhvə yol vermiş və bu səbəbdən iddia ərizəsinin geri qaytarılması barədə əsaslı olmayan nəticəyə gəlmişdir. Belə ki, birinci instansiya məhkəməsi tərəflər arasındakı mübahisənin onlar arasında bağlanmış İcarə müqaviləsi üzrə münasibətlərdən yarandığını düzgün qeyd etmişdir. İcarə müqaviləsinin predmeti isə Abşeron rayonu Xırdalan şəhərində yerləşən qeyri-yaşayış sahəsidir. Deməli, tərəflər arasında bağlanmış İcarə müqaviləsinin icra yeri də həmin qeyri-yaşayış sahəsinin olduğu ərazidir. Belə olan halda Mülki-Prosessual Məcəllənin 36.11-ci maddəsi iddiaçıya imkan (hüquq) verir ki, iddia ərizəsini icarə müqaviləsinin icra yeri üzrə məhkəməyə versin. İstinad edilən maddədə deyilir ki, icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər… Bu baxımdan İddiaçı icarə müqaviləsinin icrasından yaranmış kommersiya mübahisəsi ilə bağlı cavabdehlərə qarşı iddianı həmin müqavilənin icra yeri üzrə Sumqayıt Kommersiya Məhkəməsində də qaldırmağa hüququ olmuş və o, iddia ərizəsi ilə məhz adı çəkilən Məhkəməyə müraciət etmiş, bu zaman ərazi aidiyyəti qaydalarını pozmamışdır. Digər tərəfdən isə, qeyd olunduğu kimi, tərəflər arasında bağlanmış İcarə müqaviləsinin predmeti qeyri-yaşayış sahəsi, yəni daşınmaz əmlakdır. İddiaçı hal-hazırda da sözügedən əmlakın icarəçisi olmaqla icarə müqaviləsinin qüvvədə olduğu müddətdə həmin əmlakın qanuni sahibi və istifadəçisidir. Mülki Məcəllənin 158-ci maddəsinə müvafiq olaraq, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Əmlakdan istifadə hüququ əmlak hüququ sayılır. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir... Göründüyü kimi, iddiaçı iddia ərizəsində icarəyə götürdüyü daşınmaz əmlakdan istifadə ilə bağlı cavabdehlər tərəfindən hüquqlarının pozulmasının aradan qaldırılmasına yönəlmiş tələblər irəli sürmüşdür. Belə halda iddianın predmeti və mübahisəli hüquq münasibətlərinin xarakteri baxımından həmin iddiaya müstəsna aidiyyətin tətbiqi uyğundur. Müstəsna aidiyyəti tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinə görə, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyriqanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir... Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 iyun 2021-ci il tarixli Qərarında qeyd olunur ki, qanunla xüsusilə daşınmaz əşya ilə bağlı tələblər üzrə müstəsna aidiyyətin müəyyən edilməsi mübahisə predmeti olan əşyanın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasının təmin edilməsinə xidmət edir. Müstəsna aidiyyət müvafiq işlərin düzgün və vaxtında həlli üçün əhəmiyyətli dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsinə yönəlmişdir. Müstəsna aidiyyət qaydalarını tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsi daşınmaz əşyalarla bağlı bütün mübahisələri deyil, yalnız həmin maddədə sadalanan konkret tələblər üzrə iddiaları ehtiva edir. Müstəsna aidiyyətin mahiyyəti ondan ibarətdir ki, iddiaçının konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanı istisna olunur və müvafiq işə yalnız Mülki Prosessual Məcəllənin 39-cu maddəsində göstərilmiş məhkəmədə baxılır. MPM-in 39.1-ci maddəsində müstəsna aidiyyət qaydasında daşınmaz əmlakın olduğu yer üzrə məhkəməyə verilməsi müəyyən olunmuş tələblər sırasına mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar da daxildir. Konkret halda İddiaçı də icarə hüququ üzrə qanuni sahibliyində olan daşınmaz əmlakdan istifadə ilə bağlı hüquqlarının pozulmasının aradan qaldırılması məqsədilə iddia tələbləri irəli sürmüşdür. Ona görə də məhkəmə kollegiyasının qənaətincə, həmin kommersiya iddiasına mübahisəli qeyri-yaşayış sahəsinin yerləşdiyi ərazi üzrə Sumqayıt Kommersiya Məhkəməsində baxılmalıdır və İddiaçı iddia ərizəsi ilə həmin Məhkəməyə müraciət edən zaman ərazi aidiyyəti qaydalarını pozmamışdır. İddiaçı şərh olunan arqumentlərə şikayətində istinad etməsə də, lakin həmin şikayətdə ifadə olunmuş onun hüquqi marağı iddia ərizəsinin Sumqayıt Kommersiya Məhkəməsi tərəfindən icraata qəbul edilməsinə yönəlmişdir. Bu baxımdan iddiaçının şikayəti qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, İddiaçı şikayəti qismən təmin edilərək, Sumqayıt Kommersiya Məhkəməsinin 04 iyul 2024-cü il tarixli, e-2- 2(119)-1181/2024 nömrəli qərardadı ləğv edilməli və İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul və müqavilənin ləğv edilməsi tələblərinə dair” iddia ərizəsi icraata qəbul edilib mahiyyəti üzrə baxılması üçün kommersiya işinin materialları ilə birlikdə həmin Məhkəməyə qaytarılmalıdır. MPM-in 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadından şikayətə baxdıqda qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək barədə qərardad qəbul edə bilər. Həmin Məcəllənin 399-cu maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Həmin Məcəllənin 400 və 402-ci maddələrinə müvafiq olaraq, birinci instansiya məhkəməsinin iddia ərizəsinin ərazi aidiyyəti pozulmaqla verilməsinə görə geri qaytarılması haqqında qərardadından şikayətə baxılması əsasında apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilən qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır və apellyasiya məhkəməsinin həmin qərardadı çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsasən və Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 36, 39, 152, 395-400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kоllegiyаsı QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Sumqayıt Kommersiya Məhkəməsinin “iddia ərizəsinin geri qaytarılması haqqında” 04 iyul 2024-cü il tarixli, e-2-2(119)-1181/2024 nömrəli qərardadı ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul və müqavilənin ləğv edilməsi tələblərinə dair” iddia ərizəsi icraata qəbul edilib mahiyyəti üzrə baxılması üçün kommersiya işinin materialları ilə birlikdə Sumqayıt Kommersiya Məhkəməsinə qaytarılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar