Məhkəmə qərarları › İş №2-2(105)-97/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-97/2023

19.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-97/2023 19.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zaur İkram oğlu, hakimlər X1 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “qərarın ləğv edilməsi və borcun silinməsi" tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-317/2023 nömrəli, 18 aprel 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İstehlakçı İddiaçı adına tərtib edilmiş 04 yanvar 2019-cu il tarixli ******* nömrəli "Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında" Aktla "Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən istehlakçı İddiaçı məxsus istixanada quraşdırılmış 28098189 nömrəli G-6 markalı qaz sayğacı növbəti Dövlət yoxlamasına göndərilməsi üçün 04 yanvar 2019-cu ildə çıxarılaraq aparılmışdır (Aktda məlum yoxlamanın X4 Reyestrində qeydiyyata alınması barədə heç bir qeydiyyat aparılmamışdır).

2. Cavabdeh itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası tərəfindən 19 aprel 2019-cu ildə təsdiq edilmiş “qeyri-əhali qaz sayğacının yoxlanması haqqında” MS - 29/1640-00230-9 nömrəli Aktla "Azəriqaz” İstehsalat Birliyinin 22 yanvar 2019-cu il tarixli SOCAR**********31791640X0230 saylı məktubuna əsasən 01 mart 2019-cu ildə X8 İstismarı İdarəsindən Dövlət yoxlamasına gətirilmiş Almaniya istehsalı G-4 markalı mexanika tipli qaz sayğacına 15 aprel 2019-cu il tarixdə Metrologiya Departamentinin sayğacların müayinəsi laboratoriyasında baxış keçirilmiş və baxış zamanı yoxlamanın nəticəsi kimi müəyyən edilmişdir ki, “Plastmas qapağın yan tərəfində və kranşteynə birləşən qulaqcıqlarında əzik izləri var. Hesablayıcı mexanizmin rəqəminin üzərində cızıq izləri var. Xətalar normaya uyğundur” (sayğacın zavod nömrəsi – 28098189, mexaniki göstəricisi – 05453 m3, qeyd – yararsız, qüsura görə nəticə müdaxilə, qaz itkisi), (Aktda istehlakçının həmin yoxlamada iştirakı barədə hər hansı bir qeyd yazılmamışdır).

3. Cavabdeh əməkdaşları tərəfindən tərtib olunaraq 21 may 2019-cu il tarixində təsdiq edilmiş və “İstehlakçı: İddiaçı”, “ünvan: Xaçmaz rayonu, Nərəcan kəndi”, “Fəaliyyət növü:- İstixana”, “abonent kodu: **********00004” qeydləri yazılmış “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli Aktla 21 may 2019-cu ildə saat 12:45-də abonent kodu **********00004 olan sahibkarlıq obyektində təbii qazın uçotu və təbii qazdan istifadə qaydalarına riayət olunması yoxlanılmış və həmin yoxlamanın nəticəsi olaraq Aktda "Azəriqaz" İB-nin qeyri-əhali qaz sayğaclarının yoxlanılması haqqında AKT MS 29/1640-00230-9 saylı rəyinə əsasən 28098189 sayğacın "Plastmas qapağın yan tərəfində və kranşteynə birləşən qulaqcıqlarında əzik izləri var. Hesablayıcı mexanizmin rəqəminin üzərində cızıq izləri var.”- qeydi aparılmışdır. Eyni zamanda, Aktla yoxlama zamanı obyektdə bir ədəd PQ-3 tipli qaz plitəsinin, bir ədəd “kombi” avadanlığının və bir ədəd kvadrat şəkilli “katyol”un olduğu müəyyən edilmişdir (Aktda məlum yoxlamanın (baxışın) - X4 Reyestrində qeydiyyata alınması barədə heç bir qeydiyyat aparılmamışdır).

4. Cavabdeh itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası tərəfindən tərtib və təsdiq edilmiş 21 may 2019-cu il tarixli “Dəymiş ziyanın bərpasına dair” Tələbnamədə istehlakçı: “İddiaçı”, fəaliyyət növü: “qeyri-əhali”, ünvan: “Xaçmaz rayonu, Nərəcan kəndi”, “abonent kodu: **********00004” qeyd edilməklə göstərilir ki, “Metrologiya Departamentinin Sayğacların müayinəsi labaratoriyasının Qaz sayğacının yoxlanılması 15 aprel 2019-cu il tarixli 29/1640-00230-9 №-li Aktına əsasən G-4 markalı 28098189 №-li sayğac “plastmas qapağın yan tərəfində və kranşteynə birləşən qulaqcıqlarında əzik izləri aşkar olundu” qüsuruna görə - G-4 markalı sayğacın qaz işlədicilərindən “PQ-3”-ün maksimal saatlıq qaz sərfi 0,8 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün; kombinin maksimal saatlıq qaz sərfi 2,6 m3/saat,qış ayları üçün orta günlük iş rejimi 20 saat və hesabat müddəti 65 gün, yay ayları üçün orta günlük iş rejimi 6 saat və hesabat müddəti 25 gün; kvadrat şəkilli “katyol”un maksimal saatlıq qaz sərfi 6 m3/saat, qış ayları üçün orta günlük iş rejimi 20 saat və hesabat müddəti 65 gün, yay ayları üçün orta günlük iş rejimi 12 saat və hesabat müddəti 25 gün - qəbul edilməklə, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və həmin hesabatda əlavə sərfiyyat qismində ödənilməsi tələb olunan itirilmiş qazın cəmi miqdarı 7214 m3 həcmində müəyyən edilmişdir (əsas: - 21 may 2019-cu il tarixli ******* nömrəli Akt).

5. İstehlakçı İddiaçı adına tərtib edilmiş Abonentin Saldosu (abonent kodu **********00004) ilə 21 may 2019-cu il tarixli ******* nömrəli Akta əsasən istehlakçı İddiaçı məxsus Xaçmaz rayonu Nərəcan kəndində yerləşən sahibkarlıq obyektinin (istixananın) hesabına 2019-cu ilin may ayında bir dəfəyə 1442,80 (min dörd yüz qırx iki manat 80 qəpik) manat məbləğində borc hesablanmışdır. Həmçinin, həmin Abonent Saldosunda olan məlumatlara əsasən, 2016-2019-cu illərdə “istehlakçı” tərəfindən istifadə edilən qazın hesabatı aparılaraq, aylar üzrə müəyyən məbləğlərdə ödənişlər edilmişdir- qaz sərfiyyatları aylar üzrə müvafiq qaydada sayğac tərəfindən hesablanmış və müvafiq aylar üzrə qaz sərfiyyatına görə ödənişlər aparılmışdır (həmin sənəddə istixananda bir ədəd “forsunka”nın quraşdırıldığı qeyd olunmuşdur).

Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı 13 fevral 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdehnə qarşı “qərarın ləğv edilməsi və borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Xaçmaz rayon Qaz İdarəsi tərəfindən aparılmış yoxlamanın nəticələrinə dair komissiyanın qərarının ləğv edilməsi və 21 may 2019-cu il tarixli ******* saylı aktın əsasında yazılmış 1442 manat məbləğində cərimənin silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan İddiaçı (VÖEN **********) Xaçmaz rayonunun Nərəcan kəndində yerləşən özünə məxsus istixana işlədir və kommunal xərclər iddiaçıdan tələb olunur. İddiaçıya məxsus olan istixanada sayğacın plastmass qapağının yan tərəfində və kranşteynə birləşən qulaqcıqlarında güya əzik izləri olması barədə Cavabdeh əməkdaşları 21 may 2019-cu il tarixli ******* nömrəli akt yazaraq, iddiaçını 1442 manat məbləğində cərimə etmişlər. Lakin, iddiaçının sayğacını Qaz İdarəsinin işçiləri elə vəziyyətdə quraşdırmışlar və sayğaca əlavə olaraq hər hansı bir müdaxilə olmamışdır. İddiaçı sayğacda göstərilən nöqsanlar olmaması barədə dəfələrlə Cavabdeh İB-nə müraciət etmişdir. Lakin, cavabdeh təşkilat hər dəfə bir bəhanə gətirərək, iddiaçıya haqsız yerə qanunsuz yerə yazılan cəriməni silməkdən boyun qaçırmışdır. İddiaçı isə hər ay istifadə etdiyi qaz sərfiyatına görə hesablanan pulu ödəmişdir və hal-hazırda sayğacın göstəricilərinə əsasən iddiaçının heç bir borcu yoxdur. 21 may 2019-cu ildə Cavabdeh əməkdaşları tərəfindən ******* nömrəli akt isə əsassız yazılmışdır və Aktın yazılmasından iddiaçının xəbəri olmamışdır. İddiaçı bu borcla bağlı cavabdeh "Azəriqaz" İB-nə və Cavabdeh İB-nin X8 İstismar İdarəsinə müraciət etsə də, əsassız yerə yazılan borc silinməmişdir. Hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi də mümkün olmamış və mediasiya vasitəsi ilə də 1442 manat məbləğində yazılmış cərimənin silinməsi mümkün olmamışdır.

8. Cavabdeh “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə iddia ərizəsinə etiraz təqdim etmiş və etirazını onunla əsaslandırmışdır ki, cavabdeh “Azəriqaz“ X2 RQİİ-nin Xaçmaz xidmət sahəsində qeyri-əhali abonenti kimi qeydiyyatda olan “istixana” sahibi İddiaçı Xaçmaz rayonunun Nərəcan kəndində yerləşən istixananı işlədir və həmin obyektdə becərdiyi tərəvəz məhsullarının istehsalı üçün müqavilə əsasında təbii qazdan istifadə edir. İstifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə ikitərəfli qaydada müəyyən edilir. İstifadə olunan təbii qazın dəyər məbləğinin vaxtında ödənilməsi barədə iddiaçı tərəf üzərinə öhdəlik götürmüşdür. 2019-cu ilin yanvar ayında növbəti dəfə obyektdəki qaz sayğacının göstəricilərini oxuyarkən sayğacın ekranının sol tərəfinə müdaxilə edildiyinə görə sayğac xətdən açılaraq laboratoriyaya göndərilmiş və istixanaya əvəzedici sayğac quraşdırılmışdır. Bu barədə 04 yanvar 2019-cu il tarixdə ******* №-li akt tərtib edilmiş və həmin akt sayğacın çıxarılması zamanı iştirak etmiş abonent İddiaçı işçisi X5 tərəfindən heç bir irad bildirilmədən imzalanmışdır. Dövlət yoxlamasında sayğaca “Plastmas qapağın yan tərəfində və kranşteynə birləşən qulaqcıqlarında əzik izləri var. Hesablayıcı mexanizmin rəqəminin üzərində cızıq izləri var. Xətalar normaya uyğundur” rəyi verilməklə, sayğaca müdaxilə olunduğu aşkar edilmişdir. Buna görə abonent İddiaçı barəsində 21 may 2019-cu il tarixli ******* saylı “Təbii qazdan istifadə Qaydaları”nın pozulması haqqında Akt tərtib edilməklə, itirilmiş qazın bərpası üçün qaz işlədici cihazların saatlıq qaz sərfıyyatına uyğun 7214 m3 və ya 1442,80 manat ziyan hesablanaraq abonentin koduna işlənilmişdir. Tərtib edilmiş aktı istehlakçının nümayəndəsi Feyruz Zülfüqarov heç bir irad bildirmədən imzalamışdır. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarının 1.3-cü bəndinə uyğun bağlanmış “qazın alqı-satqısı” haqqında müqavilənin 2.2.5-ci bəndinə əsasən “Qazpaylayıcı” “İstehlakçı”nın təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində, habelə abonentlə bağlanmış Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini “İstehlakçı”dan tələb etmək hüququna malikdir. “Qaz paylayıcı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə Müqavilənin 2.3.3-cü bəndinə əsasən “İstehlakçı” qaz qurğularına dair layihə və istismar sənədlərinin tələblərinə əməl etməlidir. İstehlakçı İddiaçı “istixana”sının qaz xəttinin üstündə quraşdırılmış qaz sayğacına müdaxilə edildiyi üçün keçən qazı qeydə almaması səbəbindən abonentin hesabına itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyan məbləği işlənilmişdir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarının 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyinə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Abonent İddiaçı obyektində hər hansı yoxlama aparılmamış, istixanadan kənarda yerləşən sayğac əvəz edilərək növbəti oxunuş zamanı xətdən açılaraq laboratoriyaya göndərilmiş, sayğac laboratoriyada yoxlanıldıqdan sonra isə rəyə əsasən iddiaçı barəsində 21 may 2019-cu il tarixli ******* saylı “Təbii qazdan istifadə Qaydalarının pozulması” haqqında Akt tərtib edilmişdir. Bu aktın tərtib edilməsi üçün sahibkarlıq fəaliyyəti ilə bağlı hər hansı yoxlama aparılmamışdır. İddiaçı iddiasının əsası kimi Cavabdeh İB-nin Xaçmaz RQİİ-nin Şabran rayon X6 21 may 2019-cu il tarixli ******* saylı aktını mübahisələndirir. Həmin Akt isə Azərbaycan Meteorologiya departamenti tərəfindən, abonentin qaz xəttinin üzərində quraşdırılmiş “Elster” tipli G-6 markalı 28098189 №-li qaz sayğacının laboratoriyada yoxlanılmasının nəticələrinə görə verilmiş Rəy əsasında tərtib olunan aktdır. Bununla da aydın olur ki, iddiaçının tələbi qanuna, sübut və dəlillərə əsaslanmır və iddiaçının öz şəxsi mülahizələrinə və fərziyyələrinə uyğun irəli sürülən tələbdir.

9. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-317/2023 nömrəli, 18 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakim Zülfüqar Sadiqov) iddia tələbinin qismən təmin edilməsi, 21 may 2019-cu il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Akt əsasında Cavabdeh tərəfindən İddiaçı (VÖEN **********) istifadəsində olan Xaçmaz rayonu ərazisində yerləşən sahibkarlıq obyektinə - “istixana”ya (abonent kodu **********00004) “itirilmiş qazın bərpası məqsədilə dəymiş ziyan olaraq” hesablanmış 1442 (min dörd yüz qırx iki) manat məbləğində borcun silinməsi, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdehndən dövlət nəfinə 34,42 (otuz manat 42 qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, 21 may 2019-cu il tarixli ******* nömrəli Aktın tərtib edilməsi və həmin Akt əsasında 1442,8 (min dörd yüz qırx iki manat 80 qəpik) manat məbləğində əlavə sərfiyyat olaraq dəymiş ziyanın hesablanması ilə nəticələnmiş 21 may 2019-cu ildə istehlakçı İddiaçı istifadəsində olan sahibkarlıq obyektində (abonent kodu: **********00004) quraşdırılmış qaz sayğacına və sayğacdan sonra obyektdə - istixanada quraşdırılmış və obyektin daxilində yerləşən qaz avadanlıqlarına keçirilən baxış, yəni yoxlama tədbirləri - X4 Reyestrində qeydə alınmadan, aparılaraq aktlaşdırılmışdır. Qeyd etmək lazımdır ki, yoxlamanın qanunvericiliyin müəyyən etdiyi qaydada aparılmasını və həmin yoxlama tədbirinin “X4 Reyestri”ndə qeydə alınmış olmasını təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır. Eləcə də, 19 aprel 2019-cu ildə təsdiq olunmuş MS - 29/1640-00230-9 №-li Aktın tərtib edilməsi ilə nəticələnən məlum qaz sayğacına 15 aprel 2019-cu ildə keçirilən baxışda istehlakçı (abonent) də iştirak etməmiş və onun həmin baxışa dəvət edilməsini təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır. İddia tələbinin Cavabdeh Xaçmaz rayon Qaz İdarəsi tərəfindən aparılmış yoxlamanın nəticələrinə dair komissiyanın qərarının ləğv edilməsi” hissəsi ilə bağlı isə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehin əməkdaşlarının müvafiq hərəkətlərin rəsmiləşdirilməsi ilə əlaqədar tərtib olunmuş həmin sənədlərin özü deyil, həmin sənədlərin əsasında qəbul edilmiş qərarla tətbiq edilən tədbirlər (müəyyən məbləğdə borcun hesablanması və s.) iddiaçı üçün hüquqi nəticələr yaradır və hazırkı iddianın predmeti də həmin nəticə ilə əlaqədardır.

11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3, 5.2, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1,2.3, 3.1, 3.2, 13, 20.1, “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 13 aprel 2010-cu il tarixli Fərmanı, Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan X4 reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4, 1.5, 5.1, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 106.1, 106.3, 217.4, 218.3, 119.2, 119.2, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2, 9.1-1-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.

12. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının qaz sayğacı istixananın ərazisindən kənarda yerləşdiyinə görə Cavabdeh İB-nin işçiləri sayğacı xətdən açıb onu başqa sayğac ilə əvəz edən zaman sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerə, yəni istixananın ərazisinə getməmiş, sahibkarlıq fəaliyyəti subyektlərində heç bir yoxlama aparmamışlar. Mübahisə edilən məbləğ sayğacın çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akta əsasən hesablanmamışdır. Sayğacın texniki şərtlərə cavab verməməsi isə laboratoriyada müəyyən edilmişdir. Bu rəyə əsasən iddiaçının hesabına itirilmiş qazın bərpası üçün qaz sərfinin miqdarı işlənilmişdir. Birinci instansiya məhkəməsi iş materiallarını səthi araşdıraraq, işdə olan sübutlara səhv hüquqi qiymət vermişdir. İşdə olan laboratoriya rəyi, tərtib edilmiş aktlar, iddiaçıya verilən cavab məktubu, iddia ərizəsinə etiraz qiymətləndirilməmişdir. Məhkəmə qanunsuz yoxlamaya əsaslanaraq iddianı təmin etmişdir. Halbuki, qanunsuz yoxlama o halda hesab edilir ki, yoxlayıcı sahibkarlıq fəaliyyətinin hayata keçirildiyi yerə getsin və sahibkarlıq fəaliyyəti subyektlərində yoxlama aparsın və bu yoxlama barədə məlumatı vahid reyestrə daxil etməsin. İşdə olan sübutlardan müəyyən olunur ki, Cavabdeh İB-nin işçiləri sayğacı xətdən açıb əvəz edərkən balans mənsubiyyətində hərəkət etmiş, istixananın ərazisinə getməmiş və heç bir yoxlama aparmamışlar.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etdi.

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi.

Tətbiq edilən hüquq

17. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu:

Maddə 11.6. qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”

1.3. Qaz paylayıcısı və istehlakçının bu Qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. 2.11-2. qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma (qaz paylayıcısının razılığı olmadan paylayıcı şəbəkəyə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. 5.2. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

19. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu:

2.1. Bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. 3.2. həmin Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən X4 reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Maddə 13.1. Sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən X4 reyestri aparılır. Maddə 13.2. Sahibkarlıq sahəsində aparılan X4 reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Maddə 13.3. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. 31.2. Yoxlama aktında aşağıdakılar göstərilir: 31.2.3. yoxlama aktında X4 reyestrindən verilən kod.

20. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan X4 reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamə: 1.4. Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. 1.5. Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. 5.1. Yoxlamanın qeydiyyata alınması barədə yoxlayıcı orqanlara qeydiyyat aparıldığı gün (Qanunun 16.1.3-cü maddəsində nəzərdə tutulmuş hallarda yoxlamanın təxirə salınmadan keçirilməsi zərurəti yoxlayıcı orqan tərəfindən əsaslandırıldıqda, yoxlama enerji, su, kanalizasiya və qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən elektrik, su və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə aşkar edilmiş qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı təyin edildikdə isə dərhal), eləcə də yoxlamanın dayandırılması və vergi yoxlamalarının müddətinin artırılması barədə yoxlayıcı orqanlara qeydiyyat aparıldığı gün, habelə yoxlanılan sahibkarlıq fəaliyyəti subyektlərinə sorğu əsasında sorğunun daxil olduğu gündən 1 iş günü müddətində gücləndirilmiş elektron imza ilə təsdiqlənmiş Reyestrdən çıxarış onlayn rejimdə təqdim olunur. 5.2. Yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır.

21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...) Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..) Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...) Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

22. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommmersiya Kollegiyasının 30 may 2023cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

24. Belə ki, işin birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, istehlakçı İddiaçı (VÖEN **********) istifadəsində olan Xaçmaz rayonu ərazisində yerləşən sahibkarlıq obyektinin (abonent kodu **********00004) təbii qazla təmin olunması ilə əlaqədar “paylayıcı” Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş 21 may 2019-cu il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Akt əsasında itirilmiş qazın miqdarı 7214 m3 həcmində müəyyən edilərək, 1442,8 (min dörd yüz qırx iki manat 80 qəpik) manat məbləğində birdəfəlik borc hesablanmışdır. İstehlakçı (iddiaçı) İddiaçı qaz paylayıcısı (cavabdeh) Cavabdeh 21 may 2019-cu il tarixli ******* nömrəli Akt əsasında hesablamış olduğu həmin borc məbləği ilə razılaşmayaraq, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində itirilmiş qazın bərpası məqsədilə dəymiş ziyan olaraq hesablanmış 1442,8 manat məbləğində borcun hamısını deyil, 1442 (min dörd yüz qırx iki) manat hissəsinin silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

25. Məhkəmə kollegiyası qeyd edir ki, 21 may 2019-cu il tarixli ******* nömrəli Aktın tərtib edilməsi və həmin Akt əsasında 1442,8 (min dörd yüz qırx iki manat 80 qəpik) manat məbləğində əlavə sərfiyyat olaraq dəymiş ziyanın hesablanması ilə nəticələnmiş 21 may 2019-cu ildə istehlakçı İddiaçı istifadəsində olan sahibkarlıq obyektində (abonent kodu: **********00004) quraşdırılmış qaz sayğacına və sayğacdan sonra obyektdə - istixanada quraşdırılmış və obyektin daxilində yerləşən qaz avadanlıqlarına keçirilən baxış, yəni yoxlama tədbirləri - X4 Reyestrində qeydə alınmadan aparılaraq aktlaşdırılmışdır. Yoxlamanın qanunvericiliyin müəyyən etdiyi qaydada aparılmasını və həmin yoxlama tədbirinin “X4 Reyestri”ndə qeydə alınmış olmasını təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır. Eləcə də, 19 aprel 2019-cu ildə təsdiq olunmuş MS - 29/1640-00230-9 №-li Aktın tərtib edilməsi ilə nəticələnən məlum qaz sayğacına 15 aprel 2019-cu ildə keçirilən baxışda istehlakçı (abonent) də iştirak etməmiş və onun həmin baxışa dəvət edilməsini təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır.

26. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, cavabdehin apardığı yoxlama iddiaçının sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlıdır. Cavabdeh ona istinad edir ki, əməkdaşlar istixananın ərazisinə getməmiş və bununla da sahibkarlıq fəaliyyəti subyektlərində heç bir yoxlama aparmamışlar. Halbuki yuxarıda isitnad olunan qanunvericilik normalarının tələbindən görünür ki, sahibkarlıq fəaliyyəti subyektlərində keçirilən bütün növ yoxlamalar (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və.s) Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmalıdır.

27. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir.

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-317/2023 nömrəli, 18 aprel 2023cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar