Məhkəmə qərarları › İş №2-2(105)-97/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-97/2025

08.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-97/2025 08.08.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası – hakimlər X1 (sədrlik edən və məruzəçi), Quliyev İsmayıl Rza oğlu və X2 ibarət tərkibdə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı tərəfindən cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş “borcun tutulması tələbi barədə” iddia ərizəsi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin “iddia ərizəsinin qaytarılması haqqında” xx.xx.2025-ci il tarixli, e-2-2(119)-1247/2025 nömrəli qərardadından İddiaçı QSC BOKT tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “borcun tutulması tələbi barədə” iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(119)-1247/2025 nömrəli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmışdır (hakim Həlimə Alıyeva). Qərardad onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 150.2-ci maddəsində nəzərdə tutulan qaydada iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin Cavabdeh1 tərəfindən alınmasını, eləcə də, cavabdehlər Cavabdeh1 və Cavabdeh4 ilə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən müvafiq sənədlər hazırkı iddia ərizəsinə əlavə edilərək məhkəməyə təqdim olunmamışdır. Halbuki, MPM-in 150.1.4-cü maddəsinə əsasən, bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilməlidir. Habelə, MPM-in 150.1.6-cı maddəsinə görə, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilməlidir... MPM-in 152.1.4-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Eləcə də, həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən, kommersiya mübahisələri üzrə müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Habelə, MPM-in 284-3.5-ci maddəsinə görə, bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Beləliklə, Mülki Prosessual Məcəllənin yuxarıda qeyd olunan tələblərinə riayət edilməklə verilmədiyinə görə hazırkı iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir və bu səbəbdən iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. İddiaçı QSC BOKT Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2- 2(119)-1247/2025 nömrəli qəradadından şikayət verərək, qərardadın ləğv edilməsini və iddia ərizəsinin baxılması üçün icraata qəbul edilməsini xahiş etmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, Mülki-Prosessual Məcəllənin 150.1.4cü, 150.1.6-cı və 150.2-ci maddələrinin tələblərinə riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.4-cü maddəsinə əsasən hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Hesab edir ki, İddiaçı QSC tərəfindən qanunvericiliyin qeyd olunan normalarda nəzərdə tutulmuş tələblərinin pozuntusuna yol verilməmişdir. Belə ki, iddiaçı tərəfindən göndərilmiş pretenziya Cavabdeh4 tərəfindən alınmış və bununla bağlı xəbərnamə müvafiq qaydada iddia ərizəsinə əlavə olunaraq elektron məhkəmə kabinetində yerləşdirilmişdir. Eyni qaydada iddia ərizəsi də cavabdehə poçt vasitəsi ilə göndərilmiş və ərizənin cavabdeh tərəfindən alınmasına dair xəbərnamə iddia ərizəsinə əlavə olunaraq elektron kabinetdə yerləşdirilmişdir. İddia ərizəsi və ona əlavə olunan sənədlər fərdi sahibkar olan digər cavabdehin vergi orqanında olan elektron kabinetinə göndərilmiş və qeydiyyata alınmışdır. Bununla bağlı sənədlər iddia ərizəsinə əlavə olunmuşdur. Pretenziya və iddia ərizəsinin cavabdehlərə müvafiq qaydada çatdırılmasına dair işdə kifayət qədər sübutlar olduğu halda, bu sübutlar məhkəmə tərəfindən nəzərə alınmamış və məhkəmə özünün subyektiv mövqeyinə əsaslanaraq iddia ərizəsinin geri qaytarılmasına dair qərardad qəbul etmişdir. İddiaçı QSC-nin iddia ərizəsinin məhkəmə tərəfindən əsassız olaraq geri qaytarılması səhmlərinin 100%-i dövlətə məxsus olan İddiaçı QSC BOKT-nin məhkəmə müdafiəsi hüququnun pozulmasına gətirib çıxarmışdır ki, bu da yolverilməzdir. Hesab edir ki, Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(119)-1247/2025 saylı Qərardadı əsassız olduğundan ləğv olunmalıdır. Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(119)-1247/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və İddiaçı QSC BOKT-nın Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(119)-1247/2025 nömrəli qərardadından verdiyi şikayətin baxılması üçün iş materialları ilə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Həlimə Alıyeva). Şikayət Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası tərəfindən yazılı icraat qaydasında baxılmağa qəbul edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, iddiaçının şikayəti təmin edilməməli və Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025ci il tarixli, e-2-2(119)-1247/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmalı olması barədə qənaəti və bu qənaətə gəlməsinin əsasları ilə razılaşaraq qeyd edir ki, iddia ərizəsinin qaytarılmasına səbəb olan pozuntular (nöqsan və çatışmazlıqlar) zahirən formal xarakterli görünsə də, lakin qanunvericiliyin müəyyən etdiyi tələb və qaydalar olduğundan onlara dürüst riayət olunması zəruridir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 150.1.4-cü maddəsinə əsasən, bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilməlidir. Mülki-Prosessual Məcəllənin 150.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilməlidir. Həmin Məcəllənin 150.2-ci maddəsinə əsasən, kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.72-ci maddəsinə əsasən, elektron kabinet – vergi orqanı ilə vergi ödəyicisi arasında bağlanmış müqaviləyə əsasən yaradılan, vergi orqanı tərəfindən verilən kod-parol ilə daxil olmağa imkan verən, vergi ödəyicisi ilə vergi orqanı arasında qarşılıqlı məlumat mübadiləsini təmin edən fərdi elektron səhifədir. MPM-in 152.1.4-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 284-3.5-ci maddəsinə müvafiq olaraq, … bu Məcəllənin 152.1.2- 152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Hazırkı iddia ərizəsinə əlavə olunmuş pretenziyadan, həmin pretenziya məktubunun cavabdehlərə göndərilməsini və cavabdehlər tərəfindən alınmasını təsdiqləyən poçt sənədlərindən görünür ki, pretenziya xx.xx.2024-cü il tarixdə tərtib olunmuş, xx.xx.2024-cü il tarixdə sifarişli poçt vasitəsilə göndərilmiş və xx.xx.2024-cü il tarixdə cavabdehlər tərəfindən alınmışdır. İddia ərizəsi isə xx.xx.2025-ci il tarixdə məhkəməyə verilmişdir. Göründüyü kimi, cavabdehlərə pretenziya göndərildiyi vaxtdan təxminən 1 il 2 ay keçəndən sonra onlara qarşı məhkəməyə iddia ərizəsi verilmiş, bu müddətdə tələbin məzmunu (tələb olunan borcun məbləği) dəyişmişdir. Ona görə də həmin pretenziyanı hazırkı iddia ərizəsinə aid etmək mümkün deyil. Pretenziyada irəli sürülən tələb cavabdehlər tərəfindən könüllü icra olunmadıqda onlara qarşı eyni tələb məhkəmədə qaldırılmalıdır. Bu baxımdan pretenziya məktubunda və iddia ərizəsində irəli sürülən tələblər fərqli olmamalı, iddiaçı pretenziyaya cavab almadıqda və ya aldığı cavab onu qane etmədikdə uzun müddət ötürmədən eyni tələblə məhkəməyə müraciət etməlidir. Qanunvericiliyin pretenziya qaydasına riayət olunması ilə bağlı tələbinin məqsədi ondan ibarətdir ki, iddiaçı məhkəməyə müraciət etməzdən bilavasitə əvvəl bu barədə cavabdehə (cavabdehlərə) xəbərdarlıq etsin və onu (onları) mübahisənin məhkəmədən kənar həllinə dəvət etsin. Bu təşəbbüs nəticəsiz qaldıqda isə iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət etməyə haqlı olur. Qeyd olunanlara əsasən birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, iddiaçı tərəfindən mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınması ilə bağlı tələbə riayət edilmədən məhkəməyə iddia ərizəsi verilmişdir. Bundan başqa, iddiaçı iddia ərizəsinin surətini və ona əlavə edilmiş sənədləri sahibkar olan Cavabdeh4 (VÖEN **********) MPM-in 150.2-ci maddəsinin tələbinə uyğun qaydada (vergi orqanında yaradılmış elektron kabineti vasitəsilə) göndərsə də, lakin sahibkar olan digər Cavabdeh1 (VÖEN **********) münasibətdə həmin qaydaya əməl etməmişdir. Ona görə də birinci instansiya məhkəməsi haqlı olaraq bu nəticəyə gəlmişdir ki, iddia ərizəsinin surəti və ona əlavə edilmiş sənədlər Cavabdeh1 qanunla tələb olunan qaydada çatdırılmamışdır (onun tərəfindən həmin sənədlərin alınmasını təsdiq edən müvafiq sübut məhkəməyə təqdim olunmamışdır). MPM-in 284-3.5-ci maddəsindən göründüyü kimi, bu Məcəllənin 152.1.4 və 152.1.6cı maddələrinin tələbi kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilən iddia ərizələrinə də aiddir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(119)-1247/2025 nömrəli qərardadı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı tərəfindən cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş “borcun tutulması tələbi barədə” iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin icraata qəbul edilmədən iddiaçıya geri qaytarılması qanuni və əsaslı olmuşdur. MPM-in 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi İddiaçı QSC BOKT-nin iddia ərizəsini (və ona əlavə edilmiş sənədləri) geri qaytarmaqda haqlı olmuşdur. İddiaçının şikayəti birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsinə əsas vermir və həmin şikayətlə bağlı qərardadın ləğvi üçün başqa əsaslar da müəyyən olunmamışdır. Ona görə də şikayət təmin edilməməli və Sumqayıt Kommersiya Məhkəməsinin “iddia ərizəsinin qaytarılması haqqında” xx.xx.2025-ci il tarixli, e-2-2(119)-1247/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadından şikayətə baxdıqda qərardadı dəyişdirilmədən saxlayıb şikayəti təmin etməmək barədə qərardad qəbul edə bilər. MPM-in 400 və 402-ci maddələrinə müvafiq olaraq, birinci instansiya məhkəməsinin ərizənin qaytarılması haqqında qərardadından şikayətə baxılması əsasında apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilən qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır və apellyasiya məhkəməsinin həmin qərardadı çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsasən və Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 150, 152, 395-400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kоllegiyаsı QƏRARA ALDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı tərəfindən verilmiş şikayət təmin edilməsin. İş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin “iddia ərizəsinin qaytarılması haqqında” xx.xx.2025-ci il tarixli, e-2-2(119)-1247/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Hazırkı qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar