Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-98/2023 22.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "Accessbank” Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kommersiya işi üzrə (Açar sözlər: borcun tutulması) X3 Süleymanovanın sədrliyi və məruzəsi, X1 və Zaur İkram oğlu Məmmədovdan ibarət tərkibdə, Nigar Natiq qızı Təhməzlinin katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair kommersiya iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 11 aprel 2023-cü il tarixli e-2-2(119)-221/2023 nömrəli qətnaməsindən iddiaçının nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti 25 yanvar 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 005R********** saylı Kredit Razılaşması üzrə 1935,16 manat kredit borcu, 212,63 manat faiz borcu və 469,72 manat cərimə borcu olmaqla, ümumilikdə 2617,51 (iki min altı yüz on yeddi manat 51 qəpik) manat məbləğində borcun və 60 manat mediasiya xərcinin tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, kredit alan Cavabdeh2 kredit verən İddiaçı QSC tərəfindən 12 aprel 2013-cü il tarixli 05L000003430 saylı Kredit xətti müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 30000 (otuz min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Həmin Kredit xətti müqaviləsi üzrə Cavabdeh2 "xxxx" QSC ilə bağladığı 17 sentyabr 2020-ci il tarixli 005R********** saylı kredit razılaşması əsasında 18 ay müddətinə, aylıq faiz dərəcəsi 2,0833% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 3500 (üç min beş yüz) manat məbləğində kredit götürmüşdür. Borc alan Cavabdeh2 Kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq “kredit razılaşması” üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 17 mart 2022-ci il tarixdən etibarən banka qaytarmamışdır. Borc alan Cavabdeh2 götürdüyü kredit borcundan 1564,84 manat ödəmiş və onun 1935,16 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirilir ki, kredit alan Cavabdeh2 kredit borcu və faiz borcundan ibarət olmaqla, ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 02 sentyabr 2022-cü il tarixə 169 gün üçün hesablanmış faiz borcu 212,63 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borc alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. 02 sentyabr 2022-cü il tarixə 169 gün üçün hesablanmış cərimə 469,72 manat təşkil edir. Uzunmüddətli kredit müqaviləsinin 3.1.2-ci bəndinin “a” yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə, Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh Məmmədov X2 müqaviləsinə əsasən Bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin Zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən göstərilən Kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və Kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. Hazırki mübahisə kommersiya mübahisəsi olduğundan, məhkəməyə müraciət etməmişdən əvvəl təşkil edilmiş ilkin mediasiya sessiyasında iddiaçı tərəf iştirak etmiş olsa da, cavabdehlər iştirak etməmiş və ona görə də, bu barədə 26 dekabr 2022-ci il tarixli arayış verilmişdir. Mediasiya xərci olaraq İddiaçı QSC tərəfindən 60 manat məbləğində pul vəsaiti ödənilmişdir
3. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.
4. 12 aprel 2013-cü il tarixli 05L000003430 nömrəli Kredit Xətti Müqaviləsindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti – “Kredit verən”, Cavabdeh2 – “Kredit alan” olmaqla bağlanmış həmin Müqaviləyə əsasən Bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün (bundan sonra «kredit» adlandırılacaq) Kredit alana 30000 (otuz min) ABŞ dollar məbləğində kredit xəttini (bundan sonra «kredit xətti» adlandırılacaq) açır. Kreditlər tərəflər arasında “Kredit Razılaşması” və “Bank qarantiyası verilməsi haqqında müqavilə” formasında bağlanmış ayrıca razılaşma (bundan sonra “Kredit Razılaşması”) əsasında veriləcək (1.1-ci bənd). Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən, bu müqavilə və Kredit razılaşmaları əsasında istənilən məbləğ 120 (yüz iyirmi) ay, 12 aprel 2023-cü il tarixdən gec olmayaraq verilməlidir. Həmin Müqavilənin 1.3cü bəndinə əsasən, verilən hər bir kreditin məbləği, faiz dərəcəsi, müddəti, məqsədi və digər şərtləri hər dəfə tərəflər arasında bağlanan və bu müqavilənin ayrılmaz hissəsi olan Kredit Razılaşmaları ilə müəyyən edilir.
5. 12 aprel 2013-cü il tarixli 05L000003430 nömrəli Kredit Xətti Müqaviləsi əsasında bağlanmış 17 sentyabr 2020-ci il tarixli 005R********** nömrəli Kredit Razılaşmasından görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti – “Kredit verən”, Cavabdeh2 – “Kredit alan” olmaqla bağlanmış həmin Razılaşmaya əsasən məqsəd və təyinatı “fərdi mikro kredit” olmaqla hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan kredit alan Cavabdeh2 (VÖEN **********) 18 ay müddətinə aylıq 2,0833 % dərəcəsi ilə 3500 (üç min beş yüz) manat məbləğində kredit vermişdir.
6. 17 sentyabr 2020-ci il tarixli 005R********** nömrəli Kredit Razılaşmasının 1.1-ci bəndinə əsasən, Bank məbləği 3500 (üç min beş yüz) manat olan krediti (bundan sonra «Kredit») aylıq faiz dərəcəsi 2,0833 (iki tam on mində səkkiz yüz otuz üç) % olmaqla 18 (on səkkiz) ay müddətinə Kredit Alana verir.
7. Həmin Razılaşmanın 1.2-ci bəndinə əsasən, kredit alan bu Kredit Razılaşmasının ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilmiş Ödəniş Planına (“Ödəniş Planı) əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə Banka qaytarmağı öz öhdəsinə götürür. Həmin Razılaşmanın 4.2.2-ci bəndinə əsasən, ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməyə bocludur.
8. 17 sentyabr 2020-ci il tarixli 005R********** nömrəli Kredit Razılaşmasında göstərilən kreditin və ona hesablanmış faizlərin 17 sentyabr 2020-ci il tarixli Ödəniş Planından (Ödəniş Cədvəlindən) görünür ki, kredit alan Cavabdeh2 Banka olan borcunun müvafiq qrafikə əsasən aylar üzrə müəyyən edilmiş məbləğlərdə (hər ay 236 manat məbləğində olmaqla) və müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuşdur və həmin Ödəniş Planını kredit alan Cavabdeh2 imza etmişdir. X7 əsasən ödənişin son tarixi 17 mart 2022-ci il müəyyən olunmuşdur.
9. İş materiallarında olan 23 noyabr 2022-ci il tarixli 13914 nömrəli Maliyyə Arayışından görünür ki, borcalan Cavabdeh2 17 sentyabr 2020-ci il tarixli 005R********** nömrəli Kredit Razılaşması üzrə 02 sentyabr 2022-ci il tarixə kredit verən İddiaçı QSC-yə 1935,16 manat məbləğində əsas borc, 212,63 manat məbləğində faiz borcu və 469,72 manat məbləğində cərimə borcu olmaqla, cəmi 2617,51 manat məbləğində borcu vardır (cərimə hesablanmış gecikdirilən günlərin sayı: 169 gün).
10. 31 may 2019-cu il tarixli 005S**********01 nömrəli Zaminlik Müqaviləsindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti – “Borc verən”, Cavabdeh1 – “Zamin” olmaqla, bağlanmış həmin Müqaviləyə əsasən Cavabdeh1 zamin olaraq borcalan Cavabdeh2 12 aprel 2013-cü il tarixli 05L000003430 nömrəli Uzunmüddətli Kredit xətti Müqaviləsi əsasında alınan kreditlər üzrə Bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməsinə görə Borcalanla birgə məsuliyyəti öz üzərinə götürmüşdür: Uzunmüddətli Kredit Müqaviləsinin məbləği 30000 (otuz min) ABŞ Dolları, müddəti: 120 (yüz iyirmi) ay, faiz dərəcəsinin yuxarı həddi: 28 (iyirmi səkkiz) %; Ödənişlərin dövriliyi: hər təqvim ayında bir dəfə olmaqla.
İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
11. Sumqayıt Kommersiya Məhkəməsinin 11 aprel 2023-cü il tarixli e-2-2(119)- 221/2023 nömrəli qətnaməsi ilə (hakim Zülfüqar Sadiqov) iddianın qismən təmin edilməsi, Cavabdeh2 (VÖEN **********) 1935,16 (min doqquz yüz otuz beş manat 16 qəpik) manat məbləğində əsas borc, 212,63 (iki yüz on iki manat 63 qəpik) manat məbləğində faiz borcu, 100 (yüz) manat məbləğində cərimə və mediasiya ilə əlaqədar ödənilmiş 60 (altmış) manat məbləğində xidmət haqqı olmaqla, cəmi 2307,79 (iki min üç yüz yeddi manat 79 qəpik) manat məbləğində pul vəsaitinin İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh2 dövlət nəfinə 42,47 (qırx iki manat 47 qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir.
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 427.3, 442, 443.1, 445.1, 448, 462.1, 465.2, 467, 470.1, 472.1, 477.0.1 və 739.1-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 31 may 2018-ci il tarixli Qərarı və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 25 iyul 2019-cu il tarixli Qərarı, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 106.1, 119, 217.4 və 218.3-cü maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayəti və onun dəlilləri
13. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayəti verərək Sumqayıt Kommersiya Məhkəməsinin 11 aprel 2023-cü il tarixli e-2-2(119)-221/2023 nömrəli qətnaməsinin Cavabdeh1 aid hissəsində ləğv edilməsi və həmin hissədə də iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi hüquq normasının düzgün tətbiq edilməməsi ilə qətnamə qəbul etmişdir. Belə ki, Mülki Məcəllənin 477.0.1-ci maddəsinə əsasən “...zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda, zaminliyə xitam verilir.” Zaminliyə xitam verilməsi üçün qeyd olunan maddi hüquq normasının dispozitiv şərti ondan ibarətdir ki, zaminin razılığı olmadan öhdəlik dəyişdirilmiş olsun və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olsun. Bununla yanaşı öhdəliyin dəyişdirilməsi özülüyndə zaminliyin xitamına səbəb olmur, mütləq şəkildə bu dəyişiklik zaminin məsuliyyətinin artmasına və yaxud digər əlverişsiz nəticələrə səbəb olmalıdır. İş materiallarına əlavə edilmiş zaminlik müqaviləsindən göründüyü kimi, tərəflər arasında zaminlik müqaviləsi ilə zaminin öhdəliyi 30000 ABŞ dolları məbləğində, 120 ay müddətində 28 % dərəcəsi ilə müəyyən edilmiş və razılaşdırılmışdır. Məhkəmə Mülki Məcəllənin 477.0.1-ci maddəsinə istinad etsə də, həmin maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Hazırda mübahisələndirilən məhkəmə qətnaməsində Plenumun müvafiq qərarına istinad edilsə də, məhkəmə yekun aktı qəbul edən zaman həmin qərarda ifadə olunmuş mövqelərə zidd nəticəyə gəlmişdir. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, kredit xətti müqaviləsində mühüm şərtlər qeyd edilməlidir, lakin həmin şərtlər qeyd edilmədiyi təqdirdə zaminin razılığı alınmalıdır. Belə ki, kredit xətti müqaviləsində mühüm şərtlərin (halbuki, hazırki kommersiya mübahisəsi üzrə kredit xətti müqaviləsində məbləğ, müddət müəyyən edilmiş və faiz dərəcəsi ilə bağlı kredit razılaşmasına istinad edilmişdir ki, həmin razılaşmada faiz dərəcəsi zaminlik müqaviləsində müəyyən edilmiş həddə olmuşdur (bax kredit xətti müqavilsəinin 1.2 və 1.3-cü bəndlərinə)) göstərilməməsi birmənalı şəkildə zaminlik öhdəliyinin xitamını ehtiva etmir. İş materiallarında olan zaminlik müqaviləsindən aşkar şəkildə görünür ki, kredit öhdəliyi üzrə mühüm bütün şərtlər (məbəğ, faiz dərəcəsi, müddət) zaminlə razılaşdırılmışdır. İş materiallarına əlavə edilmiş kredit xətti müqaviləsinin, kredit razılaşmasını və zaminlik müqaviləsinin təhlili zamanı məlum olur ki, qərarın 4-cü bəndində vurğulanan hal, yəni öhdəliyin artması baş verməmişdir. İş materiallarına əlavə edilmiş sübutlar birinci instansiya məhkəməsi tərəfindən tam və hərtərəfli araşdırılmadığından və həmin sübutlara düzgün qiymət verilmədiyindən maddi hüquq normalarının pozuntusuna yol verilməklə nəticədə mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmamış və bununla da qətnamədə göstərilmiş nəticələr işin halları ilə uyğunsuzluq təşkil etmişdir.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
15. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
16. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.
17. İddiaçı QSC xx.xx.2023-cü il tarixində “Elektron Məhkəmə” sistemi vasitəsilə ərizə ilə müraciət edərək apellyasiya şikayətini müdafiə etdiklərini bildirmiş, məhkəmə iclasının nümayəndələrinin iştirakı olmadan keçirilməsini və apellyasiya şikayətinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya baxışının hədləri
18. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi iddiaçı verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsini qismən - Cavabdeh1 aid hissəsində ləğv edilməsini xahiş etdiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının mübahisələndirilən hissədə yoxlanılması təşkil edir.
19. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır.
20. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri həcmində mübahisələndirilən hissəsində və həmin hissədə məhkəmənin maddi hüquq normalarına riayət etməsini, həmçinin Azərbaycan Respublikası MPM-nin 387-ci maddəsində nəzərədə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Bu mövqe həm də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur.
21. Həmin qərarda qeyd olunur ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.
22. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda, apellyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır.
Tətbiq edilən hüquq
23. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 739. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 477.0. Zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.1. zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda;
24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 31 may 2018-ci il tarixli Qərarı Zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur. Zaminlik müqaviləsinin bağlanması üçün kredit xətti müqaviləsinin əsas şərtləri aydın müəyyən olunmalıdır. Zaminin sonradan əmələ gələcək öhdəliyə görə məsuliyyətinin həcmini müəyyən etməyə imkan verən hallar mühüm şərtlər hesab edildiyindən, onlar kredit xətti müqaviləsində dəqiq göstərilməlidir. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən, bank krediti - bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin uzadılması hüququ ilə) və faizlər (komisyon haqlar) ödənilmək şərti ilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir. Göründüyü kimi, kredit müqaviləsinin mühüm şərtlərinə kreditin məbləği, müddəti, illik faiz dərəcəsi və s. aid edilə bilər. Zaminin razılığı alınmadan bağlanmış kredit müqavilələrində nəzərdə tutulmuş öhdəliyin konkret həcmi kredit xətti müqaviləsi ilə müəyyən edilmiş ümumi məbləğ və müddət həddində olmalıdır.
25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 25 iyul 2019-cu il tarixli Qərarı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Bu baxımdan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin məzmununa uyğun olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütövlükdə xitam verilir.
26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini müqaisəli araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanmalıdır.
28. Belə ki, məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. Məhkəmə kollegiyası tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətinin dəlilləri ilə bağlı hüquqi dəyərləndirmə apararaq aşağıda şərh olunanları qeyd etməyi zəruri hesab edir.
30. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
31. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”.
32. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi apelyator zamin Cavabdeh1 aid hissədə iddia tələbinin təmin edilməməsi ilə razılaşmayaraq birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirir.
33. İddiaçı apellyasiya şikayətinin dəlillərində birinci instansiya məhkəməsinin maddi hüquq normasının düzgün tətbiq etməməsinə və mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmamasına istinad edərək göstərmişdir ki, zaminlik müqaviləsində kredit öhdəliyi üzrə mühüm bütün şərtlər (məbəğ, faiz dərəcəsi, müddət) zaminlə razılaşdırılmış, kredit xətti müqaviləsinin, kredit razılaşmasını və zaminlik müqaviləsinin təhlili zamanı məlum olur ki, öhdəliyin artması baş verməmişdir.
34. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, kreditor İddiaçı QSC və borcalan Cavabdeh2 arasında bağlanmış 12 aprel 2013-cü il tarixli 05L000003430 nömrəli Kredit Xətti Müqaviləsi əsasında bağlanmış 17 sentyabr 2020-ci il tarixli 005R********** nömrəli Kredit Razılaşması əsasında borcalan Cavabdeh2 verilmiş kreditin məbləği, müddəti, faiz dərəcəsi, valyuta növü və s. zamin Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış 31 may 2019-cu il tarixli 005S**********01 nömrəli Zaminlik Müqaviləsində öz əksini tapmamışdır. Kredit Razılaşmasının şərtləri və eləcə də, həmin Kredit Razılaşmasında göstərilən kreditin və ona hesablanmış faizlərin 17 sentyabr 2020-ci il tarixli “Ödəniş Planı” ilə zamin Cavabdeh1 tanış edilməsi və bu şərtlərlə əlaqədar Zaminin razılığının alınması mövcud sübutlarla təsdiq edilmir. 31 may 2019-cu il tarixli Zaminlik Müqaviləsi 30000 (otuz min) ABŞ dolları məbləğində kredit xəttinin açılması ilə əlaqədar bağlanılmış 12 aprel 2013-cü il tarixli 05L000003430 nömrəli Kredit Xətti Müqaviləsi (həmin Kredit Xətti Müqaviləsində kreditin Azərbaycan manatı ilə verilməsi, faiz dərəcəsi, cərimə hesablanması qaydaları və s. bu kimi şərtlər qeyd olunmamışdır) üzrə imzalanmış olsa da, hazırkı iddia tələbi üzrə iddianın əsaslandırıldığı 17 sentyabr 2020-ci il tarixli 005R********** nömrəli Kredit Razılaşması əsasında borcalan Cavabdeh2 kredit “ABŞ dolları” ilə deyil, “Manat”la verilmiş və məlum Kredit Xətti Müqaviləsində öz əksini tapmamış faiz (aylıq 2,0833 % dərəcəsi), cərimə və s. digər şərtlər nəzərdə tutulmuşdur. Göründüyü kimi 31 may 2019-cu il tarixli 005S**********01 nömrəli Zaminlik Müqaviləsi 17 sentyabr 2020-ci il tarixli 005R********** nömrəli Kredit Razılaşmasında olan şərtlər əsasında deyil, 12 aprel 2013-cü il tarixli 05L000003430 nömrəli Kredit Xətti Müqaviləsinin müvafiq şərtlərinə (kredit xəttinin ABŞ dolları ilə açılması və s.) istinad olunaraq bağlanmışdır və 17 sentyabr 2020-ci il tarixli 005R********** nömrəli Kredit Razılaşması üzrə zaminlə Saziş bağlanılmamışdır.
35. Məhkəmə kollegiyası işin şərh olunan hallarına hüquq normalarına istinadən qiymət verərək birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, 31 may 2019-cu il tarixli Zaminlik Müqaviləsində qeyd olunan 12 aprel 2013-cü il tarixli 05L000003430 nömrəli Kredit Xətti Müqaviləsində borcalana açılan kredit xəttində kreditin valyuta növü kimi “ABŞ dolları” qeyd olunmuş, kreditin faiz dərəcəsi, cərimə hesablanması və digər zəruri şərtlər isə göstərilməmiş, kreditin bu Müqavilə əsasında bağlanan “Razılaşmalar” və s. əsasında veriləcəyi göstərilməsinə baxmayaraq, zamin Cavabdeh1 17 sentyabr 2020-ci il tarixli Razılaşmaya əsasən “manat”la verilən kreditlə bağlı məlumatlandırılmamış, kredit razılaşmasının şərtlərində olan dəyişikliklərə razılığı alınmamış, həmin Razılaşma üzrə tərtib edilərək təsdiq olunmuş 17 sentyabr 2020-ci il tarixli “Ödəniş Planı” sənədi zamin Cavabdeh1 tərəfindən imzalanmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, göstərilən bu hallar zaminin məsuliyyətinin artmasına səbəb olan dəyişiklik kimi qiymətləndirilməlidir.
36. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın Cavabdeh1 aid hissədə təmin edilməməsi bağlı gəldiyi nəticə işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğvi üçün əsaslı hesab edilə bilməz.
37. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min matadan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.
39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384, 385, 392-393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
İddiaçı "Accessbank” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 11 aprel 2023-cü il tarixli e-2-2(119)-221/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən şikayət verilə bilməz.