Məhkəmə qərarları › İş №2-2(106)-10/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-10/2024

27.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-10/2024 27.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), X6 və Kərimov Tale Suliddin oğlundan ibarət məhkəmə tərkibində, X8 oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası X1 nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçılar İddiaçı1 ASC və Azərbaycan Respublikası X1 cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 04 avqust 2023-cü il tarixli e- 2-2(121)-142/2023 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı1 ASC Cavabdeh2 MMC-yə və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 52.463,51 manat məbləğində əsas bоrc və 5.431,8 manat faiz borcu оlmaqla, cəmi 57.895,31 manat borcun və 400 manat məbləğində ödənilmiş mediasiyaya dair xərcin tutularaq İddiaçı1 ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı1 ASC ilə borcalan Mayak Qrup MMC arasında bağlanmış 09 oktyabr 2020 il tariхli 106901-734932/1 nömrəli istehlak krеditi müqaviləsinə əsasən borcluya 24 ay müddətinə illik 15% dərəcəsi ilə 200000 manat məbləğdə krеdit vеrilmişdir. Еyni zamanda, bank və digər Cavabdeh1 arasında 09 oktyabr 2020 il tariхli 106901- 734932/1 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 4.2-ci bəndinə əsasən zamin bank qarşısında bоrcalanla еyni dərəcədə, krеditdən istifadəyə görə faizlərin və cərimələrin ödənilməsi, bоrcalan tərəfindən krеdit müqaviləsi üzrə icra еdilməyən və icrası mümkün оlmayan öhdəliklər üzrə bоrcların yığılması ilə əlaqədar məhkəmə хərclərinin və digər хərclərin ödənilməsinə cavabdеhlik daşıyır. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və krеditin təsdiq оlunmuş hissəhissə ödəmə qrafikini pоzmuşdur. Cavabdehlərə dəfələrlə şifahi və yazılı хəbərdarlıq olunsa da, onlar Banka olan borclarını ödəməmişlər. 29 noyabr 2022-ci il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 52463.51 manat məbləğində əsas bоrcu və 5431.8 manat faiz borcu оlmaqla, ümumilikdə 57895.31 manat məbləğində kredit bоrcu yaranmışdır. Sonradan İddiaçı1 ASC məhkəməyə xx.xx.2023-cü il tarixli ərizə ilə müraciət edərək, Azərbaycan Respublikası Sahibkarlığın İnkişaf Fondunun birgə iddiaçı qismində işə cəlb edilməsini xahiş etmişdir. Məhkəmənin 14 iyun 2023-cü il tarixli iclasında İddiaçı1 ASC-nin ərizəsi təmin edilərək Azərbaycan Respublikası Sahibkarlığın İnkişaf Fondunun birgə iddiaçı qismində işə cəlb olunması qərara alınmışdır. Sonradan xx.xx.2023-cü il tarixdə iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edilərək, cavabdehlərdən müştərək qaydada xx.xx.2020-ci il tarixli 106901- 734932/1 saylı kredit müqaviləsi üzrə 26.282,19 manat əsas borc və 2.907,91 manat faiz borcu olmaqla, cəmi 29.190,10 manat borcun və 400 manat məbləğində ödənilmiş mediasiyaya dair xərcinin tutularaq Azərbaycan Respublikası Sahibkarlığın İnkişaf Fonduna ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin 04 avqust 2023-cü il tarixli e-2-2(121)-142/2023 saylı (hakim Elşən Abdullayev) qətnaməsi ilə iddia təmin edilərək cavabdehlər Cavabdeh2 MMC-dən və Cavabdeh1 müştərək qaydada 26.282,19 manat məbləğində əsas borc, 2.907,91 manat məbləğində faiz borcu və 400 manat məbləğində mediasiya xərci olmaqla, ümumilikdə 29.590,10 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı Azərbaycan Respublikası Sahibkarlığın İnkişaf Fonduna ödənilməsi, 177,57 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh2 MMC-dən və Cavabdeh1 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamədə göstərilən borcla razı deyil və hesab edir ki, rəqəmlər şişirdilib. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən yalnız iddiaçı tərəfin təqdim etdiyi sənədlərə əsaslanmış, edilmiş ödənişlərin hansı qaydada əsas borca, faiz borcuna silinməsi araşdırılmamış və məhkəməmühasibatlıq ekspertiza təyin etmədən yekun nəticəyə gəlmişdir. Onun tərəfindən həm məhkəmə iclaslarından əvvəl, həmdə məhkəmənin gedişatında bir neçə dəfə ödənişlər aparılmışdır. Məhkəmə isə bu halları nəzərə almamış, düzgün hesablamalar aparılmadan, yalnız iddiaçının tələblərinə istinad edərək nəticəyə gəlmişdir. Halbuki, məhkəmə qətnamə üzrə xüsusi bilik tələb edilən hesablamalara münasibətdə ədalətli nəticəyə gəlməyi üçün ekspert rəyinin alınması müstəsna əhəmiyyətə malik məsələdir. Hesab edir ki, iş üzrə mühasibatlıq ekspertizası təyin edilməli və borc məbləği dəqiq müəyyən edilməlidir. Həmçinin, məhkəmə qətnamə qəbul edərkən prosessual qanunvericiliyin tələblərinə də riayət etməmişdir. Məhkəmə qətnamədə də qeyd etdiyi kimi, iddiaçıların və cavabdehlərin iştirakı olmadan işə baxmış, onun da məhkəmə iclaslarında iştirakını təmin etməmişdir. Hesab edir ki, bununla məhkəmə prosessual qanunvericiliyin əsas prinsiplərindən olan çəkişmə prinsipini pozmuşdur. Eyni zamanda, məhkəmə İddiaçı1 ASC olmasına baxmayaraq, iddiaçının birgə iddiaçı kimi cəlb edilməsi barədə ərizəsinə istinad edərək cavabdehlərdən tutulan vəsaitin Azərbaycan Respublikası Sahibkarlığın İnkişaf Fonduna ödənilməsini qət etmişdir. Fondun tələbi olmaya-olmaya xeyrinə vəsaitin tutulmasının qət edilməsi qanunvericiliyin tələblərinə zid olduğu qənaətindədir. Belə ki, Mülki Məcəllənin 194.2-ci maddəsinə əsasən tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. Hazırkı halda isə cavabdeh əvəzlənməmiş, məhkəmə araşdırması yekunlaşana kimi bir iddiaçı digər iddiaçının əvəzinə pulun tutulmasını tələb etmişdir. İddia tələb həcminin azaldılması barədə ərizələr də məhz İddiaçı1ASC-nin nümayəndələri tərəfindən verilmişdir. Yeni kreditor ilk tələb sahibinin yerinə iş üzrə icraata cəlb edilməmiş və İddiaçı1 ASC-nin tələb etmə hüququ olmaya-olmaya Fondun xeyrinə tələb irəli sürmüşdür. O, hesab edir ki, iş üzrə mühasibatlıq-ekspertizası təyin edilməli və borc məbləği dəqiq müəyyən edilməlidir. Məhkəmə tərəfindən müəyyən edilmiş borc məbləği yalnız iddiaçıların verdiyi sənədlərlə əsaslandırılmışdır. Aydın məsələdir ki, iş üzrə tərəf olan şəxs öz xeyrinə tərtib edilmiş maliyyə arayışını təqdim edə bilər. Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu apellyasiya şikayətinə etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, “Koronavirus (Covid 19) pandemiyasının ölkə iqtisadiyyatına mənfi təsirinin azaldılması üçün sahibkarlıq subyektlərinin kreditlərinə dövlət dəstəyinin verilməsi ilə bağlı bir sıra tədbirlər barədə “Azərbaycan Respublikasının Nazirlər kabinetinin 249 nömrəli xx.xx.2023-cü il tarixli qərarının 12.7-ci yarımbəndinə əsasən zəmanət üzrə ödənilmiş vəsaitin geri qaytarılması üşün sahibkarlıq subyektinə və kredit üzrə təminat verən digər şəxslərə (girov (ipoteka ) qoyana, zaminə və s) qarşı Fondun adından və onun xeyrinə tələb hüquqlarını müvəkkil kredit təşkilatı həyata keçirir. Zəmanət üzrə ödəniş edildikdən sonra müvəkkil kredit təşkilatı və Fond arasında bağlanmış əməkdaşlıq müqavilsəinin şərtlərinə uyğun olaraq kredit üzrə daxil olan ödənişlərin təmin edilməsi üzrə tələb hüquqlarının Fond (və ya X4 müəyyən etdiyi üçüncü şəxs) həyata keçirə bilər. Həmçinin, Fondla "xxxx" ASC arasında bağlanmış Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı fondu ilə müvəkkil kredit təşkilatı arasında sahibkarlıq subyektləri tərəfindən alınan kreditlərə dövlət zəmanətinin veriməsi və faizlərn subsidiyalaşdırılmasına dair xx.xx.2020-ci iln tarixli nümunəvi əməkdaşlıq müqaviləsinin 2.2.5-ci bəndinə əsasən tələb hüquqlarını Fondun adından həyata keçirmək səlahiyyətini müvəkkil kredit təşkilatına həvalə etmək vəzifəsi müəyyən edilmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək uçun iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrin müəyyənlədirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Göründüyü kimi, Konstituisya Məhkəməsinin qərarında qeyd etdiyi subyektiv hüquqla bağlı öz hərəkətlərinə hüquqi ixtiyar elementi ”Ekspressbank” ASC-nin məhkəmədə iddia qaldırmaq hüququnu özündə ehtiva edir və bu hüquq Nazirlər Kabinetinin müvafiq qərarında, həm də mövcud müqavilədə öz əksini tapmışdır. Qeyd etmək zəruridir ki, “Ekspressbank ASC ilə borcalan Cavabdeh2 MMC arasında bağlanmış 09 oktyabr 2020-ci il tarixli 106901-734932/1 nömrəli istehlak krediti müqaviləsinə əsasən borcluya 24 ay müddətinə illik 15% dərəcəsi ilə 200000 manat məbləğində kredit verilmişdir. Eyni zamanda bank və Cavabdeh1 arasında 09 oktyabr 2020-ci il tarixli 106901-734932/1 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehlər dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, onlar Bankda olan borclarını ödəməmişlər. 29 noyabr 2022-ci il tarixinə cavbdehin kredit müqaviləsi üzrə 52.463.51 manat məbləğində əsas borcu və 5.431.8 manat faiz borcu olmaqla, ümumilikdə 57.463.51 manat məbləğində kredit borcu ytaranmışdır və bununla əlaqədar olaraq "xxxx" ASC tərəfindən iş üçün əhəmiyyətli kifayət qədər əsaslı sübutlar (ödəniş qrafiki, müqavilələr və borcla bağlı digər sənədlər) təqdim olunmuşdur. Buna baxmayaraq, cavabdeh tərəf işin birinci instansiya məhkəməsində baxılması zamanı borcun düzgün hesablanmamasıyla bağlı, həmçinin iddiaçı "xxxx" ASC-nin təqdim etdiyi sübutların mötəbərliyini aradan qaldıracaq hər hansı sübut təqdim etməmiş və mövqeyini əsaslandırmamışdır. İddiaçı1 ASC-nin nümayəndəsi X5 əvvəlki məhkəmə iclasında izahat verərək bildirmişdir ki, kredit vəsaitini şəxsə Fond ayırır və bank sadəcə vasitəçidir. Ekspert rəyindəki faiz məbləği ilə razıdırlar. Lakin əsas borcla bağlı hissədə razı deyillər. Belə ki, 17929,31 manat məbləğdə pul vəsaiti cavabdeh deyil, Fond tərəfindən banka köçürmüşdür. Vəsaiti borcalan ödəməmişdir deyə, Fond onu bankdan tələb edir. Təminat hissəsinə Fond zamin durur. Fond yenidən iddia qaldırmır, sadəcə olaraq həmin vəsaiti bankdan tələb edir. İddiaçı Azərbaycan Respublikası X1 nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu pandemiya zamanı zərərçəkən sahibkarlara dövlət hesabına, yəni Maliyyə Nazirliyi vasitəsi ilə kreditlərə 60% nisbətində zəmanət verir. Kreditin ödənilməsinin gecikmə müddəti başlayır, 120 günü keçdiyi müddətə nə qədər qalıq borc varsa, Maliyyə Nazirliyi həmin borcu banka ödəyir. Fonda həmin borcdan 17929,31 manat geri ödənilmişdir. Təxminən 2022-23-cü illərdə ödəniş etmişlər. Sənədləri bank təqdim etməlidir. xx.xx.2023cü il tarixdə ödəniş var. 17929,31 manat məbləğdə pul vəsaiti Maliyyə Nazirliyi tərəfindən banka artıq ödənilmişdir. Müvafiq sənəd məhkəməyə təqdim edilmişdir. Bu mexanizm Nazirlər Kabinetinin 2020-ci il tarixli 249 saylı müvafiq qərarı ilə tənzimlənir. Ona uyğun olaraq banka ödənişlər həyata keçirilib. İddiaçı1 ASC, cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası nümayəndənin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin halları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şirvan Kommersiya Məhkəməsinin 04 avqust 2023-cü il tarixli e-2-2(121)-142/2023 saylı qətnaməsi əsas və faiz borcunun tutulması hissəsində dəyişdirilməlidir. İŞİN HALLARİ İş materiallarından görünür ki, İddiaçı1 ASC ilə Cavabdeh2 MMC arasında 106901- 734932/1 saylı xx.xx.2020-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Göstərilən kredit müqaviləsinə əsasən cavabdehə illik 15 faiz dərəcəsi ilə 24 ay müddətinə 200.000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin 1.2-ci bəndinə əsasən cavabdeh kredit üzrə əsas borcu və ona hesablanmış faizləri, o cümlədən mövcud olduğu təqdirdə dəbbə pulunu müqavilədə nəzərdə tutulmuş qaydada iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. İşin materiallarından görünür ki, Cavabdeh1 arasında xx.xx.2020-ci il tarixli 106901- 734932/1 saylı zaminlik müqaviləsi bağlanmışdır. İşə əlavə olunmuş sənədlərdən görünür ki, iddiaçı cavabdehlərə xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubu göndərmişdir. İş materiallarında olan İddiaçı1 ASC ilə Azərbaycan Respublikası Sahibkarlığın İnkişaf Fondu arasında bağlanmış 19 dekabr 2022-ci il tarixli “Sahibkarlıq subyektləri tərəfindən alınan kreditlərə dövlət zəmanətinin verilməsi və faizlərin subsidiyalaşdırılması üzrə” 01 saylı X2 görünür ki, müvəkkil kredit təşkilatı 09 oktyabr 2020-ci il tarixli 106901- 734932/1 №-li kredit müqaviləsinə əsasən borclu olan Cavabdeh2 MMC-yə verilmiş kredit üzrə və 09 oktyabr 2020-ci il tarixli 106901-734932/1 №-li zaminlik müqaviləsi üzrə təminata dair bütün tələb hüquqlarını Azərbaycan Respublikası Sahibkarlığın İnkişaf Fonduna güzəşt etmişdir. İşin materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdehin qeyd edilən kredit müqaviləsi üzrə 26.282,19 manat məbləğində əsas borcu və 2.907,91 manat məbləğində faiz borcu, cəmi 29.190,10 manat məbləğində kredit borcu vardır. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Dispozitivlik prinsipi onu nəzərdə tutur ki, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq və onu geri götürmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olmalıdır. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır. Məhkəmə kollegiyası işin müəyyən edilmiş hallarına maddi və prosessual hüquq normalarına müvafiq hüquqi qiymət verərkən aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn: pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. MM-in 445.2 və 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi halı borclunun icranı gecikdirməsi sayılır. MM-in 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Bundan başqa, MM-in 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. MM-in 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. MM-in 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşlar. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Bununla yanaşı, cavabdeh tərəfindən borcun tam və ya qismən ödənildiyini təsdiq edən mötəbər sübutlar, o cümlədən iddiaya dair əsaslandırılmış etiraz məhkəməyə təqdim edilməmişdir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə eyni zamanda Cavabdeh1 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə alınmış 200.000 manat görə zamin olduğundan qeyd edilən məbləğin və həmin məbləğə hesablanmış faiz borcunun ödənilməməsi üçün məsuliyyət daşıyır. Həmçinin Cavabdeh1 kredit müqaviləsi üzrə İddiaçı1 ASC-yə olan borcu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, Cavabdeh1, Cavabdeh2 MMC-nin iddiaçıya olan kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan, bununla da iddiaçı qarşısında olan Cavabdeh2 MMC-nin pul vəsaitini qaytarmaqla bağlı öhdəliyini üzərinə götürmüşdür. Eyni zamanda qeyd olunmalıdır ki, hazırki işdə zaminliyin xitamı ilə bağlı Mülki Məcəlləsində nəzərdə tutulmuş əsaslar mövcud olmamışdır. Məhkəmə kollegiyası mühasibatlıq-ekspertizası təyin edilərək borc məbləğinin dəqiq müəyyən edilməsinə dair apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, apellyasiya baxışı zamanı Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-2(106)-119/2023 saylı qərardadı ilə təyin olunmuş məhkəməmühasibatlıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 iyun 2024-cü il tarixli 9/2879 saylı ekspert rəyinə əsasən Cavabdeh2 MMC-nin İddiaçı1 ASC-yə 09 oktyabr 2020-ci il tarixli 106901-734932/1 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il (bildirişin göndərildiyi) tarixə əsas borcu üzrə 58024,85 manat, faiz borcu üzrə 870,37 manat, xx.xx.2023-cü il tarixə əsas borcu üzrə 29838,94 manat, faiz borcu üzrə 74,60 manat və xx.xx.2023-cü il (qətnamə çıxarılan) tarixə əsas borcu üzrə 7238,58 manat, faiz borcu üzrə 9,05 manat borcunun olması müəyyən olunur. Rəyə əlavə edilən ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğində təşkil edir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üzrə işin bütün faktiki halları tam araşdırılmamışdır. Belə ki, iddia təmin edilərək cavabdehlər Cavabdeh2 MMC-dən və Cavabdeh1 müştərək qaydada 26.282,19 manat məbləğində əsas borc tutulsa da, məhkəməmühasibatlıq ekspertizası üzrə müəyyən edilmişdir ki, xx.xx.2023-cü il (qətnamə çıxarılan) tarixə əsas borcu 7238,58 manat məbləğdir. Ancaq işdə olan hesabdan çıxarışdan aşkar olur ki, xx.xx.2023-cü il tarixdə 17861,34 manat məbləğində həyata keçirilmişdir. Həmin vəsaitin cavabdeh tərəfindən deyil, Azərbaycan Respublikası Sahibkarlığın İnkişaf Fondu tərəfindən ödənilməsi işdə olan sənədlərlə də təsdiq edilir. Bu səbəbdən, həmin 17861,34 manat məbləğində pul vəsaiti də rəyə əsasən qalıq əsas borc kimi müəyyən edilmiş 7238,58 manat məbləğlə birlikdə cavabdehlərdən tutulmalıdır. Həmçnin Məhkəmə Ekspertizası Mərkəzinin 14 iyun 2024-cü il tarixli 9/2879 saylı ekspert rəyinə əsasən cavabdehlərə xəbərdarlıq bildirişinin göndərildiyi (müqaviləyə birtərəfli qaydada xitam verildiyi) xx.xx.2022-ci il tarixə faiz borcu üzrə 870,37 manat müəyyən edilmişdir. MPM-in 384.0.3-cü maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Şirvan Kommersiya Məhkəməsinin 04 avqust 2023-cü il tarixli e-2-2(121)-142/2023 saylı qətnaməsi 09 oktyabr 2020-ci il tarixli 106901-734932/1 saylı kredit müqaviləsi üzrə üzrə əsas və faiz borcunun tutulması hissəsində dəyişdirilərək həmin kredit müqaviləsi üzrə əsas borcun məbləği (17861,34 manat + 7238,58 manat) 25099,92 manat, faiz borcu isə 870,37 manat, ümumilikdə 25970,29 manat müəyyən edilməlidir. MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 iyun 2024-cü il tarixli 9/2879 saylı ekspert rəyinin verilməsi üzrə ekspertiza tədqiqatının dəyəri qismində 100 manat məbləğdə pul vəsaitinin 50 manatı iddiaçılar İddiaçı1 ASC və Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondundan, 50 manat hissəsi isə cavabdehlər Mayak Qrup” MMC və Cavabdeh1 müştərək qaydada tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14.2, 76, 89.1, 217.2, 372, 384, 385.2, 392-393 və 405-ci maddələrini rəhbər tutaraq QƏTETDİ: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan Kommersiya Məhkəməsinin 04 avqust 2023-cü il tarixli e-2-2(121)-142/2023 saylı qətnaməsi 09 oktyabr 2020-ci il tarixli 106901-734932/1 saylı kredit müqaviləsi üzrə üzrə əsas və faiz borcunun tutulması hissəsində dəyişdirilsin. 09 oktyabr 2020-ci il tarixli 106901-734932/1 saylı kredit müqaviləsi üzrə əsas borcun məbləği 25099 (iyirmi beş min doxsan doqquz) manat 92 (doxsan iki) qəpik, faiz borcu isə 870 (səkkiz yüz yetmiş) manat 37 (otuz yeddi) qəpik, ümumilikdə 25970 (iyirmi beş min doqquz yüz yetmiş) manat 29 (iyirmi doqquz) qəpik məbləğində müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilməsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 iyun 2024-cü il tarixli 9/2879 saylı ekspert rəyinin verilməsi üzrə ekspertiza tədqiqatının dəyəri qismində 100 (yüz) manat məbləğdə pul vəsaitinin 50 (əlli) manat hissəsi İddiaçı1 ASC və Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondundan, 50 (əlli) manat hissəsi isə Mayak Qrup” MMC və Cavabdeh1 müştərək qaydada tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddət ərzində şikayət verilməzsə, qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar