Məhkəmə qərarları › İş №2-2(106)-10/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(106)-10/2025

18.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-2(106)-10/2025 18.03.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X2 ibarət məhkəmə tərkibində, Əsədzadə Əsəd Saməddin oğlunun katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin (QSC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 01 may 2024-cü il tarixli 2-2(121)-943/2024 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı QSC Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada "xxxx" QSC-nin хеyrinə 022R********** saylı krеdit razılaşması üzrə 8548,32 manat məbləğdə krеdit bоrcu, 1219,98 manat məbləğində faiz bоrcu və 314,58 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 10082,88 manat məbləğdə bоrcun və iddia qaldırmaq üçün ödənilmiş 200 manat məbləğdə mediasiya xərcinin tutulmasını xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(121)-943/2024 saylı qətnaməsi ilə (hakim Zaur Abbasov) iddia qismən təmin edilərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2022-ci il tarixli 022R********** saylı kredit sazişi biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 8548,32 manat əsas borc, 1142,91 manat faiz borcu, 20 manat cərimə borcu, ödənilmiş 200 manat məbləğində mediasiya xərci olmaqla, cəmi 9911,23 manat məbləğdə pul vəsaitinin tutularaq İddiaçı QSC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddia ərizəsinin verilməsinə görə nəzərdə tutulan 117,11 manat məbləğində dövlət rüsumunun cavabdehlərə aid edilməsi və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Cavabdeh2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edərək iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı QSC iddiadan imtina barədə yazılı ərizə verərək məhkəmə iclasında bildirmişdir ki, Cavabdeh2 borcunu tamamilə ödəmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakları olmadan apellyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. MPM-in 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. MPM-in 370.2-ci maddəsinin tələbinə görə ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilibedilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. MPM-in 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. MPM-in 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Yuxarıda qeyd olunan müki prosessual hüquq normalarının hazırkı münasibətə tətbiqi məhkəmə kollegiyasına belə nəticəyə gəlməyə əsas verir ki, məhkəməyə ünvanlanmış iddia tələbindən yazılı şəkildə imtina ərizəsi iddiaçının iradə ifadəsi olmaqla, iddiaçının İdarə Heyətinin sədri tərəfindən imzalanmışdır. Kollegiya qeyd edir ki, iddiaçıya iddiadan imtinanın hüquqi nəticələri aydındır, hazırkı imtina qanuna zidd deyil və iddiaçıların hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Beləliklə, məhkəmə kollegiyası belə yekun nəticəyə gəlir ki, mülki iş üzrə iddiaçının iddiadan imtinası təsdiq edilməli, Şirvan Kommersiya Məhkəməsinin 01 may 2024-cü il tarixli 2-2(121)-943/2024 saylı qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. MPM-in 262.2-ci maddəsinə görə məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. Bundan başqa, MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə tərkibi hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 yanvar 2025-ci il tarixli 9/7705 saylı rəyi üzrə tədqiqin dəyərini təşkil edən 100 (yüz) manat məbləğdə pul vəsaiti Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və MPM-in 14.2, 217.2, 191, 370 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması tələbinə dair iş üzrə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin iddiadan imtinası təsdiq edilsin. Şirvan Kommersiya Məhkəməsinin 01 may 2024-cü il tarixli 2-2(121)-943/2024 saylı qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 yanvar 2025-ci il tarixli 9/7705 saylı rəyi üzrə tədqiqin dəyərini təşkil edən 100 (yüz) manat məbləğdə pul vəsaiti Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar