Məhkəmə qərarları › İş №2-2(106)-101/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(106)-101/2024

11.09.2024 · Torpaq mübahisələri - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-2(106)-101/2024 11.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X4 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Kamran Sabir oğlunun katibliyi, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icra orqanının rəhbəri X2 iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “icarə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Şirvan Kommersiya Məhkəməsinin 7 mart 2024-cü il tarixli e-2-2(121)-98/2024 saylı qətnaməsindən (hakim E.Abdullayev) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyənetdi: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “icarə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ünvanında yerləşən 6215 kv.m. torpaq sahəsinə dair aylıq icarə haqqı 2330 (iki min üç yüz otuz) manat olmaqla Əmlak Məsələləri Dövlət Xidməti ilə icarə müqaviləsinin bağlanması öhdəliyinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, dövlət əmlakının qorunub saxlanılması və ondan təyinatı üzrə səmərəli istifadə olunmasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşları tərəfindən aparılan monitorinq zamanı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus qeyri-yaşayış binasının yerləşdiyi, dövlət mülkiyyətində olan, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ünvanında yerləşən 6215 kv.m. torpaq sahəsinin Əmlak Məsələləri Dövlət Xidməti ilə icarə müqaviləsi olmadan istifadə edilməsi müəyyən olunmuşdur. Bununla əlaqədar olaraq Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən cavabdehə “istifadə edilən torpaq sahəsinin satın alınması və ya icarəyə götürülməsi barədə” 22 may 2023-cü il tarixli 3-21-3/2-6514/2023 nömrəli məktubla müraciət edilsə də, cavabdeh tərəfindən torpaq sahəsinin satın alınmasından və ya icarə müqaviləsinin bağlanılmasından imtina edilmişdir. Hesab edilir ki, cavabdehin Əmlak Məsələləri Dövlət Xidməti ilə yuxarıda qeyd edilən ünvanda yerləşən torpaq sahəsinə dair icarə müqaviləsinin bağlanılmasından imtina etməsi qanunsuzdur və məhkəmə qətnaməsi ilə cavabdehin üzərinə xidmətlə müvafiq icarə müqaviləsinin bağlanılması öhdəliyi qoyulmalıdır. Daşınmaz əmlakın dövlət reyestrindən cavabdehə verilmiş 11 iyun 2018-ci il tarixli ********** nömrəli çıxarışa əsasən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ünvanında yerləşən, sahəsi 6215 kv.m. olan qeyri-yaşayış binası cavabdehin mülkiyyətində olsa da, həmin tikilinin yerləşdiyi torpaq sahəsi cavabdehin faktiki sahibliyində olmaqla dövlət mülkiyyətindədir. Şirvan Kommersiya Məhkəməsinin 7 mart 2024-cü il tarixli e-2-2(121)-98/2024 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamədən apellyasiya şikayəti verərək ləğv olunmasını, iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icra orqanının rəhbəri X3 mübahisənin artıq öz hüquqi həllini tapdığını, iddiaçı ilə aralarında mübahisəli torpaq sahəsinə dair icarə müqaviləsinin bağlanıldığını bildirib, işə məhkəmədə baxılmalı olmaması əsası ilə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış iddiaçı məhkəmədə nümayəndəsi vasitəsilə təmsil olunmamış, bunun üzürlü səbəbləri barədə məlumat verməmişdir. Kollegiya MPM-in 376.2-ci maddəsinə müvafiq olaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdeh təşkilatın icra orqanının rəhbərinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddiada qaldırılan məsələ tərəflər arasında öz hüquqi həllini tapdığından, mübahisəli torpaq sahəsinə dair tərəflər arasında icarə müqaviləsi bağlandığından Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata işə məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verilməlidir. Belə ki, apellyasiya baxışı zamanı iş materiallarına əlavə edilmiş icarəyə verən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə (rəis müavini R.Şahbazovun şəxsində) icarəçi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (qanuni təmsilçi X2 şəxsində) arasında 28 mart 2024-cü il tarixdə bağlanmış “Hüquqi və fiziki şəxslərə torpaq sahəsinin icarəyə verilməsi barədə” 7589 saylı müqavilədən görünür ki, müqavilənin predmetini Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində qeyriyaşayış binasının yerləşdiyi 6350 kv.metr torpaq sahəsinin icarəyə verilməsi təşkil etmişdir. Müqavilə üzrə icarə müddəti 28 mart 2024-cü ildən 28 mart 2026-cı il tarixinədək müəyyən edilmişdir. Müqavilənin müddəti qurtardıqdan sonra icarəçi torpaq sahəsini istifadə etdiyi nəzərə alınaraq müqavilədə nəzərdə tutulmuş müddət eyni müddət üçün uzadılmış hesab edilir(icarəyə verənin etirazı olmadıqda). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə görə iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verməlidir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1- 259.0.5-ci və 259.0.8 -259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında mübahisəli torpaq sahəsinə dair tərəflər arasında icarə müqaviləsinin bağlanması mübahisəyə baxılmasını istisna etdiyindən, iş üzrə icraata məhkəmə qaydasında baxılmalı olmaması əsası ilə xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.2-ci maddəsinə əsasən məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Kollegiya hesab edir ki, iş üzrə icraata xitam verildiyindən, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad olduğundan, dövlət rüsumunun tutulması məsələsinə münasibət bildirilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göründüyü kimi prosessual qanunvericiliyə əsasən iş üzrə icraata xitam verilməsi barədə qərardaddan kassasiya şikayəti verilir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 261.0.1, 384.0.5, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan Kommersiya Məhkəməsinin 7 mart 2024-cü il tarixli e-2-2(121)-98/2024 saylı qətnaməsi ləğv edilsin. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “icarə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işin icraatına xitam verilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən qanunla müəyyən olunan qaydada Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Tale Kərimov Hakimlər: Cahid İmanov Pərviz Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar