Məhkəmə qərarları › İş №2-2(106)-104/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-104/2025

07.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-104/2025 07.08.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əliyev Qasım Vəli oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət məhkəmə tərkibində, Hüseynov Pünhan Sübhan oğlunun katibliyi, Cavabdeh2 nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iş üzrə Şirvan Kommersiya Məhkəməsinin 17 fevral 2025-ci il tarixli e-2-2(121)-31/2025 saylı qətnaməsindən (hakim Z.Abbasov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında, Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, 2237.58 manat əsas, 1207.95 manat faiz, 4941.14 manat cərimə olmaqla cəmi 8705.35 manat borcun, kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 318.68 manat faiz borcu və iş üzrə ödənilmiş 107.06 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 404/14 bank №-li 17 sentyabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə təsərrüfatının genişləndirilməsi məqsədi ilə 18 ay müddətinə illik 30 faiz dərəcəsi ilə 3900 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh1 ilə bank arasında ZM-404/14 bank №-li 17 sentyabr 2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Həmin maüqavilənin 4.2-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Daha sonra 17 sentyabr 2014-cü il tarixli 404/14 saylı bank kredit müqaviləsinə 30 mart 2015-ci il tarixdə əlavə saziş bağlanmışdır. Əlavə sazişə əsasən kreditorun borcalana verdiyi kreditin qalıq məbləği 2807.49 ABŞ dolları təşkil edir. Kreditin müddəti 18 ay tarixədək təyin olunur. Əlavə sazişə əsasən Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanılır. Daha sonra 17 sentyabr 2014-cü il tarixli kredit müqaviləsinə 3 mart 2017-ci il tarixli 02 nömrəli əlavə saziş bağlanmışdır. Əlavə sazişə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) konvertasiya edilməklə (1 USD=1.4 AZN) 3769.11 (üç min yeddi yüz altmış doqquz manat 11 qəpik) manat təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti 48 ay olmaqla 03 mart 2021-ci il tarixədək uzadılır və illik 16 faiz ödənilir. Əlavə sazişə əsasən Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanılır. Kredit müqaviləsinin müvafiq bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********423 saylı 13 dekabr 2023-cü il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Şirvan Kommersiya Məhkəməsinin 17 fevral 2025-ci il tarixli e-2-2(121)-31/2025 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 373.2, 375.1, 375.2, 377.2-ci maddələrinə istinadla gəldiyi hüquqi nəticəni belə əsaslandırmışdır ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına əsasən İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 17 sentyabr 2014-cü il tarixli, 404/14 nömrəli kredit müqaviləsinə xx.xx.2015-ci il tarixli 01 nömrəli və 03 mart 2017-ci il tarixli 02 nömrəli əlavə sazişlər bağlanmışdır. 30 mart 2015-ci il tarixli 01 nömrəli əlavə sazişin “ödəniş cədvəli”nə görə kredit müqaviləsi üzrə son ödəniş tarixi 30 sentyabr 2016-cı il kimi, 3 mart 2017-ci il tarixli 02 nömrəli əlavə sazişin “ödəniş cədvəli”nə görə kredit müqaviləsi üzrə son ödəniş tarixi 3 mart 2021-ci il nəzərdə tutulmuşdur. Cavabdeh2 nümayəndəsi tərəfindən 17 sentyabr 2014-cü il tarixli 404/14 nömrəli kredit müqaviləsinə 3 mart 2017-ci il tarixli 02 nömrəli əlavə saziş mübahisələndirilərək həmin sazişdən məlumatlı olmadıqlarını, sazişin Cavabdeh2 tərəfindən imzalanmadığı bildirilmişdir. Mübahisələndirilən sazişdə olan imzanın Cavabdeh2 məxsus olub-olmamasının müəyyən edilməsinin mümkün olmaması isə təyin edilmiş ekspert rəyində qeyd edilmişdir. Buna görə də tərəflər arasında bağlanmış son kredit müqaviləsi (saziş) kimi 17 sentyabr 2014-cü il tarixli, 404/14 nömrəli kredit müqaviləsinə 30 mart 2015-ci il tarixli 01 nömrəli əlavə saziş qəbul edilməlidir və müddətlərin hesablanması da həmin sazişə əsasən aparılmalıdır. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış kredit müqaviləsindən yaranan tələblər üzrə iddia müddətinin axımının tərəflərin razılaşması ilə son icra müddəti kimi müəyyən edilmiş 30 sentyabr 2016-cı il tarixindən etibarən başlamasına və Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən 30 sentyabr 2019-cu il tarixdə bitməsinə baxmayaraq, iddiaçı hazırki iddia tələbi ilə bağlı cavabdehlərə qarşı ilk tələbini, xəbərdarlıq məktubunu 21 fevral 2023cü il tarixdə göndərmişdir, iddia ərizəsi isə məhkəməyə 21 fevral 2024-cü il tarixdə təqdim edilmişdir. Yuxarıda şərh olunanlara yekun vuraraq məhkəmə müəyyən edir ki, iddiaçı tərəfindən iddia müddəti təxminən 4 il 5 aya yaxın müddətdə ötürülmüşdür. Buna görə də, iddia müddətinin tətbiqinə dair Cavabdeh2 nümayəndəsinin ərizəsi əsaslı hesab edilməli və hazırki mübahisə iddia müddəti tətbiq edilməklə həll edilməlidir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı apellyasya şikayəti verərək ləğv olunması, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia müddətinin keçməsinə görə iddianı rədd etmiş məhkəmə iddiaçının tələbi üzrə dəlilləri araşdırmadan iddia müddətinin keçməsinə əsaslanaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul etmişdir. İddia müddətinin axımı müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Bankla cavabdeh arasında bağlanmış 3 mart 2017-ci il tarixli 2 saylı əlavə saziş üzrə iddia müddəti 3 mart 2024-cü il tarixdə bitsə də, iddiaçı iddia ərizəsi ilə məhkəməyə 20 fevral 2024-cü il tarixdə müraciət etmiş və bununla da iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir. Belə ki, **********1059 qeydiyyat nömrəli 16 fevral 2024-cü il tarixli iddia ərizəsi və ona əlavə edilmiş sənədlər baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə elektron informasiya sistemi vasitəsi ilə 20 fevral 2024-cü il tarixdə təqdim edilmişdir (“Elektron məhkəmə” informasiya sisteminə yüklənmiş iddia ərizəsini təsdiq edən sənəd apellyasiya şikayətinə əlavə edilir). Bildiririk ki, məhkəmə həqiqətin müəyyən edilməsi istiqamətində tam, hərtərəfli və obyektiv araşdırmanın aparılmasını məqsədəmüvafiq hesab etməmişdir. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında bağlanmış son kredit müqaviləsi (saziş) kimi 17 sentyabr 2014-cü il tarixli, 404/14 nömrəli kredit müqaviləsinə 30 mart 2015-ci il tarixli 01 nömrəli əlavə sazişdir və müddətlərin hesablanması həmin sazişə əsasən aparılmalıdır. Bundan başqa birinci instansiya məhkəməsi Cavabdeh2 nümayəndəsinin iddia müddətinin tətbiqi barədə ərizəsinə hüquqi qiymət vermiş, həmin ərizəni əsaslı sayaraq hazırki mübahisəni iddia müddəti tətbiq edilməklə həll edilməli olduğunu hesab etmişdir. Bununla da, iddiaçı LPO "xxxx" ASC-nin Cavabdeh2 kredit müqaviləsi üzrə borcu və həmin borca hesablanmış əlavə ödənişləri tələb etmək hüququ olsa da, iddia müddəti keçdiyinə görə həmin hüququn dövlət məcburetmə vasitələri ilə həyata keçirilməsi imkanının itirildiyi və buna görə də, iddiaçının kredit müqaviləsi üzrə pul tələbinə dair iddiasının təmin edilə bilmədiyi nəticəsinə gəlmişdir. Sonda isə iddia tələbini təmin etməməklə bankın maraqlarına toxunan əsassız qətnamə qəbul etmişdir. Mübahisələndirilən qətnamədə birinci instansiya məhkəməsi iddia müddətini tətbiq edərkən 28 oktyabr 2024-cü il tarixli 4/1533 nömrəli ekspert rəyinə istinad etmiş, lakin özünün bu istinadını tam əsaslandırmayaraq Cavabdeh2 nümayəndəsinin iddia müddətinin tətbiqi barədə ərizəsinə hüquqi qiymət verməklə kifayətlənmişdir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e2-2(121)-845/2024 nömrəli qərardadı əsasında təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizası ilə əlaqədar ekspert Zaur Nəsirov “adından tədqiqat işi aparılacaq şəxsin kifayət qədər imza nümunələrinin təqdim edilməməsi” səbəbindən 21 iyun 2024-cü il tarixli vəsatətlə məhkəməyə müraciət etmiş və Cavabdeh2 3-5 sənəddə sərbəst imza nümunələrinin təqdim edilməsini xahiş etmişdir. Ekspertin vəsatəti tam təmin edilmədiyindən sonuncu əlavə sazişdəki imzanın Cavabdeh2 tərəfindən icra olunub-olunmamasını müəyyən etmək mümkün olmamışdır. 28 oktyabr 2024-cü il tarixli 4/1533 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, 17 sentyabr 2014-cü il tarixli 404/14 saylı kredit müqaviləsinin 3-cü vərəqəsinin 9-cu bəndində "Borcalan Cavabdeh2" qrafasındakı imza, i/v 69-da olan xx.xx.2014-cü il tarixli, 404/14 saylı kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlində "Borcalan: Cavabdeh2" qrafasındakı imza, i/v 70-də olan xx.xx.2014-cü il tarixli, 404/14 saylı kredit müqaviləsinə edilmiş xx.xx.2015-ci il tarixli, 52 saylı əlavə sazişin 4.2-ci bəndində "Borcalan (Birgə Borcalan) Cavabdeh2" qrafasındakı imza, i/v 71-də olan xx.xx.2014-cü il tarixli, 404/14 saylı kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlində "Borcalan: Cavabdeh2" qrafasındakı imza, i/v 72-də olan xx.xx.2014-cü il tarixli kassa məxaric orderində "Orderdə göstərilən məbləği aldım" qrafasındakı imza - Cavabdeh2 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, işin 72-ci vərəqəsində olan xx.xx.2014-cü il tarixli kassa məxaric orderində "Orderdə göstərilən məbləği aldım" qrafasındakı yazılar Cavabdeh2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, işin 74-cü vərəqəsində olan 17 sentyabr 2014-cü il tarixli kredit müqaviləsinə edilmiş 03 mart 2017-ci il tarixli, 2 saylı əlavə sazişin 3-cü bəndində "Borcalan Cavabdeh2" qrafasındakı imzanın Cavabdeh2 tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsviri hissəsinin 3-cü bəndində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmamışdır. Göründüyü kimi məhkəmə araşdırması zamanı təyin edilmiş məhkəməxətşünaslıq ekspertizasının rəyinə əsasən Cavabdeh2 imza nümunələri ilə mübahisələndirilən xx.xx.2014-cü il tarixli, 404/14saylı Kredit müqaviləsindəki, xx.xx.2015ci il tarixli, 52 saylı əlavə sazişdəki, kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlindəki "Borcalan: Cavabdeh2" qrafasındakı imzanın, i/v 72-də olan xx.xx.2014-cü il tarixli kassa məxaric orderində "Orderdə göstərilən məbləği aldım" qrafasındakı imzanın - Cavabdeh2 tərəfindən icra olunması təsdiq edilsə də, 17 sentyabr 2014-cü il tarixli kredit müqaviləsinə edilmiş 03 mart 2017-ci il tarixli, 2 saylı əlavə sazişin 3-cü bəndində "Borcalan Cavabdeh2" qrafasındakı imzanın Cavabdeh2 tərəfindən icra olunubolunmamasını tədqiq olunan imzada qrafik materialın azlığı, cizgilərin sadəliyi, imzanın hərfi tərkibinin olmaması və bütövlükdə quruluşunun sadə olması səbəblərindən müəyyən etmək mümkün olmamışdır. Bununla əlaqədar ekspert həmin rəydə məhkəməyə profilaktik tövsiyyə verərək imza qrafasında imza edən şəxsin öz xətti ilə ad-soyadını icra etməsinin təmin edilməsini bildirmiş, çünki təmin edildiyi təqdirdə bu qrafik materialın artmasına gətirib çıxarar və sənədlərdə imzaların saxtalaşdırılmasına çətinlik törədər. Birinci instansiya məhkəməsi yekun nəticəyə gələrkən şübhə doğuran halları aydınlaşdırmamış, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə işi cavabdehin xeyrinə birtərəfli araşdıraraq əsaslandırılmamış qətnamə qəbul etmişdir. Halbuki, birinci instansiya məhkəməsi ədalətli məhkəmə araşdırılması və hüququnun təmin edilməsindən ötrü mülki iş materiallarında olan 17 sentyabr 2014-cü il tarixli kredit müqaviləsinə edilmiş 03 mart 2017-ci il tarixli, 2 saylı əlavə sazişin 3-cü bəndində "Borcalan Cavabdeh2" qrafasındakı imzanın həqiqətən də Cavabdeh2 tərəfindən icra olunub-olunmaması müəyyən etmək üçün əlavə məhkəməxətşünaslıq ekspertizası təyin edə bilərdi. Belə ki, 17 sentyabr 2014-cü il tarixli kredit müqaviləsinə edilmiş 3 mart 2017-ci il tarixli, 2 saylı Əlavə Sazişdə müştərinin kredit borcu üzrə ödənişlərinin ən geci hansı tarixdə icra etməli olduğu göstərilib ki, bu tarixdən sonra müştəriyə öhdəliyin icrasını gecikdirdiyinə görə müqavilədə qeyd edilən qaydada və miqdarda faiz, cərimələr yazılır. Hesabdan çıxarışlara nəzərə salınsa görülər ki, Bankla müştəri arasında bağlanmış 3 mart 2017-ci il tarixli, 2 saylı Əlavə Sazişə əlavə edilmiş ödəniş qrafiki üzrə onun tərəfindən mütəmadi olaraq ödənişlər edilmiş və həmin ödənişlərin edildiyi tarixlər qeyd edilmişdir. Ekspert rəyi üçüncü şəxs tərəfindən təqdim edilən subyektiv fikirdir və qanunvericilik bu rəyin yanlış olması ehtimalını qəbul edir (əks halda əlavə və təkrar ekspertiza barədə müddəalar olmazdı). Bu müddəaların olmasına baxmayaraq, ekspert rəyinə bu cür əsaslandırmadan, sadəcə qeyd-şərtsiz şübhəsiz olan sübut kimi yanaşması ilə məhkəmə ekspert rəyini özü üçün məcburi bir sənədə çevirib, onu tədqiq etməyərək, Mülki Prosessual Məcəllənin 103-cü maddəsinin 1-ci bəndini pozmuş olur (Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir). Birinci instansiya məhkəməsi sübutlara bu dərəcədə fərq qoyub, ekspert rəyinə bu cür yanaşaraq Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin 1-ci cümləsində sadalanan sübutlara obyektiv və qərəzsiz baxılması müddəalarına da riayət etməmiş olur. Məhkəmə tərəfindən həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktın əsaslı olmasını şübhə altına alır. Nəzərə almaq lazımdır ki, bank peşəkarlıq qaydasında kreditlər verilməsi ilə məşğul olan subyektdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi sübutlara bu dərəcədə fərq qoyub obyektivliyi və düzgünlüyü ciddi şübhələr doğuran ekspert rəyini hüquqi qüvvəsinə görə digər sübutlardan üstün tutmaqla, gəldiyi nəticədə tək ekspert rəyinə əsaslanmaqla Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin 1-ci cümləsində sadalanan sübutlara obyektiv və qərəzsiz baxılması müddəalarına da riayət etməmişdir. Mülki iş materiallarına əlavə edilmiş hesabdan çıxarış məlumatları ilə 3 mart 2017-ci il tarixli, 2 saylı Əlavə Sazişin 3-cü bəndində "Borcalan Cavabdeh2" qrafasındakı imzanın Cavabdeh2 tərəfindən icra olunması tam təsdiq edilir. Əks halda Cavabdeh2 tərəfindən 3 mart 2017-ci il tarixli, 2 saylı Əlavə Sazişə əlavə edilmiş ödəniş qrafiki üzrə ödənişlər edilməzdi. Birinci instansiyası məhkəməsi mülki iş materiallarındakı dəlillərə müfəssəl qiymət verməmiş, iddia tələbininin tam müdafiə edilməsini nəzərə almamış, bununla da ədalətli məhkəmə araşdırılması hüququnu təmin etməmiş, gəldiyi nəticə üzrə hüquqi müəyyənlik prinsipini pozmuşdur. Məhkəmənin qətnamədə gəldiyi nəticə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən qanuni və əsaslı hesab edilməməklə ləğv edilməli və mülki iş üzrə ədalətli məhkəmə araşdırılmasının təmin edilməsi və obyektiv nəticəyə gəlinməsi üçün yenidən baxılmalıdır. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə Cavabdeh2 nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin əsassız olduğunu bildirib təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iddiaçı ləğv prosesində olan İddiaçı ASC məhkəmə iclasında nümayəndə vasitəsi ilə təmsil olunmamışdır, lakin “Elektron Məhkəmə İnformasiya Sistemi” vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq iclasın onların iştirakı olmadan keçirilməsini və apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə iddiaçının iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırki halda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvini və iddia tələbinin tam təmin olunmasını xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər ətraflı araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından iddiaçı tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarında olan ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 17 sentyabr 2014-cü il tarixli, 404/14 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, həmin müqavilə ilə Cavabdeh2 təsərrüfatın genişləndirilməsi məqsədi ilə 18 ay müddətinə illik 30 faiz dərəcəsi ilə 3900 ABŞ dolları məbləğində krеdit verilmişdir. İş materiallarında olan kassa məxaric orderinin surətindən görünür ki, ləğv prosesində olan İddiaçı ASC tərəfindən Cavabdeh2 3900 ABŞ dolları məbləğində pul (kredit) verilmişdir. İş materiallarında olan “Ödəniş cədvəli”nın surətindən görünür ki, 17 sentyabr 2014- cü il tarixli kredit müqaviləsi üzrə son ödəniş tarixi xx.xx.2016-cı il kimi qeyd olunmuşdur. İş materiallarında olan 17 sentyabr 2014-cü il tarixli, 404/14 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2015-ci il tarixli 01 nömrəli Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 2807.49 ABŞ dolları təşkil edir. Kreditin müddəti 18 ay tarixədək təyin olunur, Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanılır. İş materiallarında olan “Ödəniş cədvəli”nın surətindən görünür ki, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə son ödəniş tarixi xx.xx.2016-cı il kimi qeyd olunmuşdur. İş materiallarında olan 17 sentyabr 2014-cü il tarixli, 404/14 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli 02 nömrəli Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 3769.11 manat təşkil edir. Kredit illik 16 faiz olmaqla, xx.xx.2021-ci il tarixədək uzadılır, Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanılır. İş materiallarında olan xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsinin surətindən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh1 İddiaçı ASC Cavabdeh2 arasında bağlanmış 17 sentyabr 2014-cü il tarixli, 404/14 nömrəli kredit müqaviləsi üzrə faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “Maliyyə arayışı”nın surətindən görünür ki, Cavabdeh2 xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə əsas borcu 2237.58 manat, fazi borcu 1207.95 manat, cərimə 4941.14 manat, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 318 manat təşkil edir. İş materiallarında olan iddiaçının cavabdehlərə ünvanladığı xx.xx.2023-cü il tarixli bildirişin surətindən görünür ki, ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əsasən yaranmış 8698.84 manat məbləğində borcun 3 gün ərzində ödənilməsi xahiş edilmiş, əks təqdirdə kredit müqaviləsinə vaxtından əvvəl xitam veriləcəyi, müqavilə üzrə əmələ gəlmiş borcun ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə cavabdehlərə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e2- 2(121)-845/2024 nömrəli qərardadı əsasında təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli 4/1533 nömrəli rəyində, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 404/14 saylı kredit müqaviləsinin 3-cü vərəqəsinin 9-cu bəndində “Borcalan Cavabdeh2" qrafasındakı imza, i/v 69-da olan xx.xx.2014-cü il tarixli, 404/14 saylı kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlində “Borcalan: Cavabdeh2” qrafasındakı imza, i/v 70-də olan xx.xx.2014-cü il tarixli, 404/14 saylı kredit müqaviləsinə edilmiş xx.xx.2015-ci il tarixli, 52 saylı əlavə sazişin 4.2-ci bəndində “Borcalan (Birgə Borcalan) Cavabdeh2” qrafasındakı imza, i/v 71-də olan xx.xx.2014-cü il tarixli, 404/14 saylı kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlində “Borcalan: Cavabdeh2” qrafasındakı imza, i/v 72-də olan xx.xx.2014-cü il tarixli kassa məxaric orderində “Orderdə göstərilən məbləği aldım” qrafasındakı imza - Cavabdeh2 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, işin 72-ci vərəqəsində olan xx.xx.2014-cü il tarixli kassa məxaric orderində “Orderdə göstərilən məbləği aldım” qrafasındakı yazılar Cavabdeh2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. 3.Ekspertizaya təqdim olunmuş, İşin 74-cü vərəqəsində olan 17 sentyabr 2014-cü il tarixli kredit müqaviləsinə edilmiş 03 mart 2017-ci il tarixli, 2 saylı əlavə sazişin 3-cü bəndində “Borcalan Cavabdeh2" qrafasındakı imzanın Cavabdeh2 tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsviri hissəsinin 3-cü bəndində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmaması qeyd olunmuşdur. Rəyə əlavə edilən “ekspertiza xərclərinə dair” bildirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 110 manat təşkil edir. Apellyasiya baxışı zamanı təyin edilmiş əlavə məhkəmə xətşünaslıq ekspertizası üzrə Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 4/899 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş işin 73-cü vərəqində olan ödəniş cədvəlində “Borc Alan” qrafasındaki imza; 74-cü vərəqində olan 452815 nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli 02 nömrəli əlavə sazişdə “Borcalan” qrafasındakı imza – Cavabdeh2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. İşin 66-68-ci vərəqlərində olan xx.xx.2014-cü tarixli 404/14 bank nömrəli kredit müqaviləsinə xx.xx.2015-ci il tarixli 52 nömrəli əlavə sazişdə “Borcalan” qrafasındakı imza; 71-ci vərəqində olan xx.xx.2014-cü il tarixli 404/14 bank nömrəli kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlində “Borcalan” qrafasındakı imza; 72-ci vərəqində olan xx.xx.2014-cü il tarixli kassa mexaric orderində “Orderdə göstərilən məbləği aldım” qrafasındakı imza ilə 73-cü vərəqində olan ödəniş cədvəlində “Borc Alan” qrafasındakı imza; 74-cü vərəqində olan 452815 nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli 02 nömrəli əlavə sazişdə “Borcalan” qrafasındakı imza – müxtəlif şəxslər tərəfindən icra olunmuşdur. Rəyə əlavə edilən “ekspertiza xərclərinə dair” bildirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 127 manat təşkil etmişdir. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır; 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanılır; 377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanılır; 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti 3 il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, iddia müddəti institutu hüquq münasibətləri iştirakçılarının intizamlandırmaq, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etmək, müqavilə və ya maliyyə intizamının nizamlanmasına kömək etmək; mülki hüquq münasibətlərində qeyri müəyyənliyin, qeyri sabitliyin aradan qaldırılmasına xidmət göstərmək, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaratmaq baxımından əhəmiyyətlidir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikincisi, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncüsü iddia müddətləri tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisəni obyektiv əsaslarla həll etmək imkanı yaradır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli qərarına əsasən iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür. “Stanyo Belçikaya qarşı” İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 7 iyul 2009-cu il tarixli qərarındakı hüquqi mövqeyinə görə qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. İş üzrə tədqiq edilmiş sübutlardan müəyyən olunur ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 17 sentyabr 2014-cü il tarixli, 404/14 nömrəli kredit müqaviləsinə xx.xx.2015-ci il tarixli 01 nömrəli və 03 mart 2017-ci il tarixli 02 nömrəli əlavə sazişlər bağlanmışdır. 30 mart 2015-ci il tarixli 01 nömrəli əlavə sazişin “ödəniş cədvəli”nə görə kredit müqaviləsi üzrə son ödəniş tarixi 30 sentyabr 2016-cı il kimi, 3 mart 2017-ci il tarixli 02 nömrəli əlavə sazişin “ödəniş cədvəli”nə görə kredit müqaviləsi üzrə son ödəniş tarixi 3 mart 2021-ci il nəzərdə tutulmuşdur. Cavabdeh2 nümayəndəsi tərəfindən 17 sentyabr 2014-cü il tarixli 404/14 nömrəli kredit müqaviləsinə 3 mart 2017-ci il tarixli 02 nömrəli əlavə saziş mübahisələndirilərək həmin sazişdən məlumatlı olmadıqlarını, sazişin Cavabdeh2 tərəfindən imzalanmadığı bildirilmişdir. Apellyasiya baxışı zamanı təyin olunmuş əlavə məhkəmə xətşünaslıq ekspertizasının rəyi ilə 3 mart 2017-ci il tarixli 02 nömrəli əlavə sazişin Cavabdeh2 tərəfindən imzalanmadığı müəyyən edilmişdir. Məhz bu baxıümdan tərəflər arasında bağlanmış son kredit müqaviləsi (saziş) kimi 17 sentyabr 2014-cü il tarixli, 404/14 nömrəli kredit müqaviləsinə 30 mart 2015-ci il tarixli 01 nömrəli əlavə sazişi qəbul edən və müddətlərin hesablanmasını da həmin sazişə əsasən apararan birinci instansiya məhkəməsinin mövqeyi ilə kollegiya razılaşır. Bundan başqa iddiaçı apellyasiya şikayətində cavabdeh (borc alan) tərəfindən sonuncu 3 mart 2017-ci il tarixli 02 nömrəli əlavə saziş üzrə ödənişlər edilməsi səbəbindən əsas borc məbləğinin azalmasını və bunun etirafedici hərəkətlər olmasını bildirir. Kollegiya apellyasiya şikayətinin həmin dəlilinə münasibət bildirərək qeyd edir ki, əvvəla hətta ödənişlər edilmiş olsa belə, həmin ödənişlərin olmayan, yaxud tərəfin imzalamadığı, tanımadığı bir sazişə aid edilməsi yolverilməzdir. Bundan savayı iş materiallarına əlavə edilmiş problemli kreditlərin kompensasiyası üzrə rəsmi portaldan çıxarışa əsasən (işin 5-ci vərəqi) xx.xx.2019-cu il tarixinə borc alan Cavabdeh2 ləğv prosesində olan İddiaçıASC qarşısında icra edilməmiş kredit öhdəliyi 2946.87 manat təşkil etmiş, borcun azaldılmasına yönəldilən məbləğ kimi 7098.29 manat, qalıq borcun məbləği 2237.58 manat (hazırki iddia ilə tələb olunan əsas borc məbləği) müəyyən edilmişdir. Göründüyü kimi əsas borcun azaldılması borc alan tərəfindən edilən ödənişlər hesabına deyil, ölkə başçısının müvafiq Fərmanı əsasında hesablanan kompensasiya nəticəsində baş vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi ona münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ona münasibətdə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki tələb üzrə mübahisələndirilən hissədə iddianın qiyməti 10000 manatdan az olduğundan, prosessual qanunvericiliyə əsasən qətnamədən kassasiya şikayəti verilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 127 manat ekspertiza xərci iddiaçı ləğv prosesində olan İddiaçı ASC-dən alınaraq dövlət nəfinə keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 382, 384.0.1, 385.2, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 17 fevral 2025-ci il tarixli e-2-2(121)-31/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş əlavə məhkəmə xətşünaslıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 127 (bir yüz iyirmi yeddi) manat ekspertiza xərci iddiaçı ləğv prosesində olan İddiaçı ASC-dən tutularaq dövlət büdcəsinə Az.MEM, VÖEN **********, X1, Kod 210005, VÖEN**********, Müxbir hesab AZ 41NABZ********************, SWİFT BİK CTREAZ 22 hesablaşma hesabına keçirilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Qasım Əliyev Hakimlər: Tale Kərimov Mahir Əsədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar