Məhkəmə qərarları › İş №2-2(106)-105/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-105/2024

14.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-105/2024 14.06.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və Hüseynov Fikrət Cilingir oğlundan ibarət məhkəmə tərkibində, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbi barədə kiçik iddiaya dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(121)-987/2024 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh1 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 5631.16 manat əsas borc, 397.48 manat faiz borcu, 21.39 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 6050.03 manat borcun və 100 manat dövlət rüsumunun (mediasiya ödənişinin) tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh2 xx.xx.2023-cü il tarixli Kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən 120 ay müddətinə 30000 manat məbləğində kredit limiti ayrılmışdır. xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 22 faizlə 24 ay müddətinə 7000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh1 ilə xx.xx.2023-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. 2023-cü il dekabrın 22-dək Cavabdeh2 banka xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 5631.16 manat əsas borcu, 397.48 manat faiz borcu, 42.77 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 6071.41 manat borcu vardır. Cavabdeh2 xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 42.77 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50 faizi miqdarında olmaqla, yəni 21.39 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. İddiaçı ASC ilə cavabdehlər Cavabdeh2, Cavabdeh1 arasında olan kommersiya mübahisəsini mediasiya vasitəsilə həll etmək üçün müraciət edilmiş, lakin tərəflər arasında razılıq əldə olunmamışdır. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(121)-987/2024 saylı qətnaməsi ilə iddia təmin edilərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2023-cü il tarixli 30-MCR-1-201-23/1 nömrəli kredit verilməsinə dair razılaşma üzrə 5631,16 manat əsas borc, 397,48 manat faiz borcu, 21,39 manat cərimə borcu olmaqla, ümumilikdə 6050,03 manat borcun və 100 manat ilkin mediasiya sessiyası ödənişinin tutularaq İddiaçı ASC-yə ödənilməsi, iddia ərizəsinin verilməsinə görə nəzərdə tutulan 80,5 manat məbləğində dövlət rüsumunun cavabdehlərə aid edilməsi və müştərək qaydada cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Cavabdeh2 apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o öhdəliklərini qismən icra etmiş və kreditin ödənilməməsi səbəbi isə onun problemləri olmuşdur. Ardıcıl olaraq qəbzlər üzrə pul köçürülmüş, kredit onun tərəfindən ödənilmişdir ki, bu ödəmələr qəti olaraq nəzərə alınmamışdır. O iş üzrə müqavilə bağlayaraq aybaay pulu ödəməyi öhdəmə götürməklə müqavilənin tələbini lazımı qaydada yerinə yetirməyə çalışmışdır. Müqavilə bağlanan zaman üzərinə öhdəlik qoyulmuşdur ki, kredit borcu aybaay ödənilsin və tərəfindən bu öhdəlik qismən icra edilmişdir. Bu müqavilə üzrə əlavə əsas borcun, faizin və cərimənin hesablanması əsassızdır. Kredit borcundan bir hissəni ödəmiş hesab edən məhkəmə həmin pulların hansı əsasla nəzərə alınmadığını müəyyən etməmişdir. Onun borclu qaldığını etiraf etməyi pulu ödəməkdən imtina kimi qiymətləndirilə bilməzdi. Nədəsə ödənilməmiş dövrlər üçün iddia qaldırılmayan ayların və həmin aylarda faizlərin şişməsi və buna görə də, cərimənin artması nəzərə alınmamışdır. İddia tələbi ilə eynilik təşkil etməsi iş üçün əhəmiyyətli olan ödənilən ayların hansı əsasla nəzərə alınmamsı göstərilməmiş və bu hal sübuta yetirilməmişdir. O kredit müqaviləsi üzrə gecikdirilmiş borcunun olması, yaranmış borcun ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. Bu barədə ona heç bir məlumat verilməmişdir. Buna görə də, araşdırılmalı olan hallar araşdırılmamışdır. Məhkəmə müəyyən edir ki, Cavabdeh2 bankdan pul götürmüş, bir hissəsini ödəmiş, qalan hissəsini isə ödəməkdən boyun qaçırmaqla üzərinə düşən öhdəliyi icra etməkdən imtina etmişdir. Bir hissəni ödəmiş hesab edən məhkəmə həmin pulların hansı əsasla nəzərə alınmadığını müəyyən etməmişdir. Eyni zamanda kredit müqaviləsi üzrə borclu qaldığını etiraf etməyi pulu ödəməkdən imtina kimi qiymətləndirilə bilməz. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşdə olan Cavabdeh2 sahibkarlıq subyekti kimi xx.xx.2021-ci il tarixində vergi ödəyicisinin eyniləşdirmə nömrəsi – VÖEN (**********) verilmişdir və o, hal-hazırda ünvan 1i ünvanında qeydiyyatdadır. İşdə olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit limitinin ayrılmasına dair razılaşmanın surətindən görünür ki, Cavabdeh2 120 ay müddətinə 30000 manat məbləğində kredit limiti ayrılmışdır. İşdə olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, həmin müqavilənin 1.1-ci bəndinə əsasən bu müqavilənin predmeti xx.xx.2023-cü il tarixli 30-MCR-1-201-23/1 nömrəli kredit verilməsinə dair razılaşma ilə bankdan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti zaminin öz üzərinə götürməsidir. İşdə olan İddiaçı ASC-nin Salyan Filialı və Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 30-MCR-1-201-23/1 nömrəli kredit verilməsinə dair razılaşmanın surətindən görünür ki, Cavabdeh2 faktiki illik 22,53 faiz dərəcəsi ilə 24 ay müddətinə kredit ödənişinin gecikdirilməsi halında illik 0.20 faiz cərimə tətbiq edilməklə 7000 manat məbləğində kredit verilmişdir. İşdə olan məxaric qəbzinin surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh2 6896 manat pul vəsaitini təhvil almışdır. İşdə olan Hesabdan çıxarışın və xx.xx.2023-cü il tarixli Maliyyə arayışının surətindən görünür ki, Cavabdeh2 tərəfindən xx.xx.2023-cü il tarixədək ümumilikdə əsas borc üzrə 1368,84 manat, faiz üzrə 747,22 manat ödəniş həyata keçirilmişdir, qeyd edilən tarixə onun kredit müqaviləsinə əsasən əsas borcu 5631,16 manat, faiz borcu 397,48 manat, cərimə borcu 42,77 manat olmaqla, cəmi borc məbləği 6071,41 manat təşkil edir. İşdə olan iddiaçının cavabdehlərə ünvanladığı xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 21 fevral 2023-cü tarixli kredit müqaviləsinə əsasən yaranmış borcun məktub alındığı tarixdən 5 gün ərzində tamamilə ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun İddiaçı ASC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh2 və Cavabdeh1 xəbərdarlıq edilmişdir. İşdə olan İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışın surətindən görünür ki, İddiaçı ASC-nin ərizəsinə əsasən 09 fevral 2024-cü il tarixinə təyin edilən ilkin mediasiya sessiyasında cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirak etməmişlər. İşdə olan Ödəniş tapşırığının surətindən görünür ki, İddiaçı ASC ilkin mediasiya sessiyasının keçirilməsi üçün Salyan 1 saylı Mediasiya Təşkilatının hesabına 100 manat vəsait ödəmişdir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. MM-in 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. MM-in 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. MM-in 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-in 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini cra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. MM-in 462.3-cü maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. MM-in 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. MM-in 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmçinin MM-in 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin hallarından görünür ki, Cavabdeh2 xx.xx.2023-cü il tarixli Kredit limitinin ayrılmasına dair müqavilə ilə 120 ay müddətinə 30000 manat məbləğində kredit limiti ayrılmışdır. xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 22 faizlə 24 ay müddətinə 7000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh1 isə xx.xx.2023-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh iddianın rədd edilməsini xahiş etsə də, apellyasiya şikayətinin dəlillərindən görünür ki, o öhdeliyini qismən yerinə yetirdiyini bildirmiş, beləcə iddianı qismən qəbul etmişdir. Borcun təminatı olaraq Cavabdeh1 isə xx.xx.2023-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Kollegiya cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə bildirməyi zəruri hesab edir ki, Cavabdeh2 iddiaçıdan götürdüyü kredit üçün hər ay müəyyən edilmiş pul vəsaitini ödəməyi öhdəsinə götürmüş, həmin öhdəliyini icra etmədiyi təqdirdə borcun yaradacağı faiz və cərimə ilə razılaşaraq müqaviləni imzası ilə təsdiq etmişdir. Bununla da, cavabdeh həmin öhdəlik çərçivəsində mülki məsuliyyət daşıyır. Şikayətdəki dəlillər isə əsaslı sayıla bilməz. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Bundan əlavə, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin həqiqi hallarına uyğun gəlir və maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmiş, eləcə də işin bütün faktiki halları tam araşdırılmışdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizə hesab edir və cavabdehin yuxarıda qeyd edilən və araşdırılan dəlilləri hazırkı qətnamənin ləğvi üçün əsas ola bilməz. MPM-in 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Ona görə də, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şirvan Kommersiya Məhkəməsinin 04 aprel 2024-cü il tarixli e-2-2(121)-987/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmamalıdır. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14, 77, 135, 217, 217, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq QƏTETDİ: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 04 aprel 2024-cü il tarixli e-2-2(121)-987/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar