Məhkəmə qərarları › İş №2-2(106)-108/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-108/2025

15.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-108/2025 15.05.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iş üzrə Q Ə T N A M Ə S İ İş № 2-2(106)-108/2025 Açar sözlər: kredit müqaviləsi üzrə borc tələbi, tutmanın ipoteka predmetinə yönəldirlməsi. Şirvan şəhəri, 15 may 2025-ci il X6 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, X4 və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 və Cavabdeh1 iştirakları ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iş üzrə Şirvan şəhər Məhkəməsinin 24 fevral 2025-ci il tarixli, e- 2-2(121)-23/2025 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 055R********** saylı krеdit razılaşması üzrə 43304.48 manat məbləğində krеdit bоrcu, 4707.01 manat məbləğində faiz bоrcu və 1662.91 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 49674 manat 40 qəpik məbləğində bоrcun, 200 manat mediasiya xərcinin, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 39.02 manat məbləğində dövlət rüsumunun tutulması, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 36 manat xidmət haqqının tutulması; Tələbin Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında xüsusi mülkiyyətdə olan 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, açıq hərracdan satılması və ümumilikdə cəmi 49674 manat 40 qəpik məbləğində bоrcun, 200 manat mediasiya xərcinin, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 39.02 manat məbləğində dövlət rüsumunun tutulması, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 36 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-ə ödənilməsi; Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 ümumi müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh3 "xxxx" QSC ilə bağladığı xx.xx.2022-ci il tarixli 055L**********23 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə ******* manat məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq Krеdit razılaşması ilə müəyyən оlunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh3 "xxxx" QSC ilə bağladığı xx.xx.2022-ci il tarixli 055R********** sayl krеdit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.5833% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 50000 manat məbləğində krеdit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2022-ci il tarixli 055R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh3 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2023-cü il tarixdən banka qaytarmamışdır. Cavabdeh3 götürdüyü krеdit bоrcundan 6695.52 manat ödəmiş, onun 43304.48 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh3 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2023-cü il tarixə 192 gün üçün hesablanmış faiz borcu 4707.01 manat təşkil edir. Krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0.1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2023-cü il tarixə 192 gün üçün hеsablanmış cərimə 1662.91 manat təşkil edir. Uzunmüddətli krеdit müqaviləsinin 3.1.2-ci bəndinin “a” yarımbəndinə əsasən krеdit alan müvafiq оlaraq krеditi və faizi ödəniş planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vеrmək, qalan krеdit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hеsablanmış cəriməni tələb еtmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh3 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər Cavabdeh1, Cavabdeh2 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən yuхarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh3 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidirlər. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh3 öhdəliyinin icrasını təmin etmək məqsədi ilə cavabdeh ipoteka qoyan və zamin Cavabdeh1və Bank arasında bağlanılmış xx.xx.2022-ci il tarixli 055M**********01 nömrəli ipoteka müqaviləsi əsasında ona məxsus ünvan 1 ünvanında xüsusi mülkiyyətdə olan 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. İddiaçı QSC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Buna görə də onların mövqeyini müəyyən etmək mümkün olmamışdır. Şirvan Kommersiya Məhkəməsinin 24 fevral 2025-ci il tarixli, e-2-2(121)-23/2025 saylı qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2022-ci il tarixli 055R********** nömrəli kredit razılaşması üzrə 42661,13 manat məbləğində əsas borc, 3962,74 manat məbləğində faiz borcu, 100 manat məbləğində cərimə borcu, mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 200 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu, 36 manat xidmət haqqı və ödənilmiş 39,02 manat dövlət rüsumu olmaqla, cəmi 47013,89 manat məbləğində pul tutularaq İddiaçı QSC-yə ödənilməsi, tələb ipoteka predmeti olan Cavabdeh1 xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 71000 manat məbləğində müəyyən edilməsi, həmin əmlakın açıq hərracdan satılması və satışdan əldə edilən vəsait İddiaçı QSC-nə ödənilməsi, iddia qalan hissədə təmin edilməməsi, iddia ərizəsinin verilməsinə görə nəzərdə tutulan 191,15 manat məbləğində dövlət rüsumu cavabdehlərə aid edilməsi və cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməsi və Ekspertiza tədqiqatlarının dəyəri olaraq 300 manat məbləğində pul vəsaiti müştərək qaydada cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə (VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 Hesab №AZ43CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək, Şirvan Kommersiya Məhkəməsinin 24 fevral 2025-ci il tarixli e-2-2(121)-23/2025 saylı qətnaməsini ləğv edərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qeyd edilən maddi hüquq normasına istinad edərək evin ilkin satış qiymətini 71.000 manat müəyyən etmişdir. Lakin ona məxsus fərdi yaşayış evinin dəyəri qoyulan qiymətdən iki dəfə artıqdır. Belə ki, məhkəmə qərardadı ilə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 10/3831-9/4087 nömrəli, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, ünvan 1 ünvanında xüsusi mülkiyyətdə olan 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən xüsusi mülkiyyətdə olan, ümumi sahəsi 250,3 kv.m olan fərdi yaşayış evinin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 169000 manat (675 x 250,3), 10% azalma əmsalı tətbiq edilməklə həmin evin likvid dəyəri təqribən (169000- 10%) 152000 manat məbləğində müəyyən olunmuşdur. Nədənsə məhkəmə qeyd edilən qiymətlər razılaşmamışdır. Birinci instansiya məhkəməsi sübutlara düzgün hüquqi qiymət verməyərək düzgün olmayan nəticəyə gəlmişdir. ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Kollegiyanın iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini müdafiə etmiş və şikayətinin təmin edilməsini xahiş etmişdir. Göstərmişdir ki, onun narazılığı və şikayətinin dəlili yalnız evinin ilkin satış qiymətinin dəyəri ilə bağlıdır. Bildirmişdir ki, evinin dəyəri MEM-nin rəyi ilə 169000 manat qiymətləndirilsə də onun evinin ilkin satış qiyməti qətnamədə 71000 manat müəyyən edilmişdir. Halbuki, onun evi 2 mərtəbəlidir və Şivan şəhərinin mərkəzində köhnə şəhərdə yerləşir. Onun evinin ilkin satış qiyməti evin real dəyərindən aşağı qiymətləndirilmişdir. Kollegiyanın iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərini əsassız hesab etmiş, dəlillərin formal mülahizələrdən ibarət olduğunu, apellyasiya şikayətinin cavabdehin müəyyən vaxt əldə etməsi və qətnamənin icrasının gecikdirilməsi məqsədilə verildiyini bildirmişdir. Həmçinin göstərmişdir ki, iş üzrə 3 ekspert rəyi movcuddur. İpoteka müqaviləsində də evin qiyməti 52500 manat qiymətləndirilmişdir. İpoteka müqavilə 2022-ci ildə bağlanmış 2 il sonra həmin dəyərinin 3 dəfə artamsı inandırıcı deyil. Buna görə də evin ilkin satış qiymətinin 71000 manat olması ilə razılşmışlar. Buna görə də şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Digər cavabdehlər Cavabdeh3 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, onlar apellyasiya baxışına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki işi üzrə cavabdehlərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etməklə qətnaməni qismən mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin Cavabdeh1 münasibətdə, apellyasiya şikayətinin dəlili üzrə qismən yохlanılmasını düzgün hеsab еdir. İşə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Azərbaycan Respublikası Mülki Məcəllənin tələblərinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir (maddə 425.1.). Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (maddə 425.2.). Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər (maddə 427.1.). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (maddə 442.). Mülki Məcəllənin 432.4-ci maddəsinə əsasən əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. Mülki Məcəlləsinin kredit müqaviləsi bağlanan zaman qüvvədə olan 739.1-ci maddəsinə görə, borcalan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 445.2-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 269.1-ci maddəsinə görə, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 317.1-ci maddəsinə görə, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319-cu maddəsinə görə; 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. 319.2. İpoteka ilə təmin edilən tələb icra edilmədikdə, ipoteka saxlayan və borclu ipoteka tələbi təmin edilən anda satışın açıq hərracdan fərqli olan başqa formaları barədə razılığa gələ bilərlər. Razılıqda həmçinin nəzərdə tutula bilər ki, ipoteka predmeti borclunun borclarının tam hesablanması şərtilə bazar qiymətinə satılsın və (və ya) satış zamanı ipoteka predmeti olmuş mənzili (yaşayış sahəsini) əldə edən şəxs qarşısında gələcəkdə borcluya və onun ailə üzvlərinə həmin mənzilin (yaşayış sahəsinin) kirayəçisi olmaq hüququ verən şərt qoyulsun. 319.3. İpoteka ilə yüklü edilmiş obyektin alıcısı satınalma qiymətini ödəməyə borcludur. İpoteka ilə yüklü edilmiş obyektin tutmaya yönəldilməsi xərcləri satınalma qiymətindən tutulur. 319.4. Açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. 319.5. Hərrac “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş hallarda baş tutmamış elan edildikdə, təkrar hərrac keçirilir. Təkrar hərrac birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, təkrar hərracın birinci hərracın iştirakçısı olmadığı səbəbindən keçirildiyi halda isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur. 319.6. İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə görə, borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1.1-ci maddəsinə görə, əsas öhdəliyin və yaxud onun bir hissəsinin vaxtında icra olunmaması anı, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququnun yaranmasına səbəb olur. Qanunun 36.1-ci maddəsinə görə, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. «İpoteka haqqında» Qanunun 39.3.3-cü maddəsinə görə, Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə, hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 055L**********23 nömrəli uzunmüddətli kredit müqaviləsinə əsasən, Cavabdeh3 120 ay müddətinə ******* manat məbləğində krеdit хətti açılmışdır. İş materiallarında olan uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh3 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə İddiaçı QSC ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən, zamin uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh3 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidir. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 055R********** saylı nömrəli kredit razılaşmasının 1.1-ci bəndinə əsasən, Bank məbləği 50000 manat olan krediti aylıq faiz dərəcəsi 1.5833% olmaqla 36 ay müddətinə Kredit Alana verir. İş materiallarında olan kreditin verilməsinə (köçürmə) dair qəbzin surətindən görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh3 bank hesabına xx.xx.2022-ci il tarixdə 50000 manat məbləğində pul (kredit) köçürülmüşdür. İş materiallarında olan “Ödəniş planı”nın surətindən görünür ki, xx.xx.2022-ci il tarixli 055R********** nömrəli krеdit razılaşması üzrə son ödəniş tarixi xx.xx.2025-ci il kimi qeyd olunmuşdur. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 055R********** saylı nömrəli kredit razılaşması üzrə bağlanmış xx.xx.2022-ci il tarixli 055R**********S nömrəli krеdit sazişi ilə kredit müqaviləsinə və ödəniş planına dəyişikliklər edilmişdir. İş materiallarında olan “Ödəniş planı”nın surətindən görünür ki, xx.xx.2022-ci il tarixli 055R**********S nömrəli krеdit sazişi üzrə son ödəniş tarixi xx.xx.2025-ci il kimi qeyd olunmuşdur. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, ünvan 1 ünvanında xüsusi mülkiyyətdə olan 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən xüsusi mülkiyyətdə olan, ümumi sahəsi 250,3 kv.m olan fərdi yaşayış evi ( yeni qaydalarla Şirvan şəhəri, Şirin Şükürov küçəsi, ev 13) İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 055L**********23 nömrəli kredit xətti müqaviləsi üzrə borc alanın öhdəliklərinin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. Həmin müqavilə ilə ipoteka predmeti tərəflərin razılığı ilə 52500 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında 0.06 ha torpaq sahəsi və onun üzərində yerləşən 250,3 kv.m olan fərdi yaşayış evi İddiaçı QSC-nin xeyrinə ipoteka hüququ ilə yüklü edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli bildirişin surətindən görünür ki, İddiaçı QSC Cavabdeh3 “ipoteka predmetinə tutmanın yönəldilməsi” barədə bildiriş göndərmişdir. İş materiallarında olan “Maliyyə arayışı”nın surətindən görünür ki, xx.xx.2022-ci il tarixli 055R********** nömrəli kredit razılaşmasına əsasən xx.xx.2023-cü il tarixə əsas borc 43304,48 manat, faiz borcu 4707,01 manat, cərimə borcu 1662,91 manat məbləğində olmaqla, cəmi borc məbləği 49674,4 manat təşkil edir. İş materiallarında olan iddiaçının cavabdehlərə ünvanladığı xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktublarından görünür ki, İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 055R********** nömrəli kredit razılaşmasına əsasən yaranmış 48692,15 manat məbləğində (43304,48 manat əsas, 4027,9 manat faiz, 1359,77 manat cərimə) borcun ödənilməsi xahiş edilmiş, əks təqdirdə kredit müqavilələrinə vaxtından əvvəl xitam veriləcəyi, müqavilələr üzrə əmələ gəlmiş borcun İddiaçı QSC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə cavabdehlərə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e2- 2(121)-283/2024 nömrəli qərardadı ilə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 9/1208 nömrəli, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 055R********** nömrəli kredit razılaşmasına əsasən Cavabdeh3 xx.xx.2023-cü il tarixə əsas borc üzrə 42661,13 manat, faiz borcu üzrə 3962,74 manat,xx.xx.2023-cü il tarixə əsas borc üzrə 42661,13 manat, faiz borcu üzrə 4728,28 manat borcunun olması müəyyən olunur. Rəyə əlavə edilən “ekspertiza xərclərinə dair” bilidirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. İş materiallarında olan "xxxx" MMC-nin əmlakın dəyərinin müəyyən edilməsinə dair xx.xx.2024-cü il tarixli qiymətləndirmə hesabatına əsasən, ünvan 1 ünvanında xüsusi mülkiyyətdə olan 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən xüsusi mülkiyyətdə olan, ümumi sahəsi 250,3 kv.m olan fərdi yaşayış evinin xx.xx.2024-cü il tarixə bazar dəyərinin 75090 manat, likvid dəyərinin 63827 manat məbləğində olması müəyyən olunmuşdur. İş materiallarında olan Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e2- 2(121)-283/2024 nömrəli qərardadı ilə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 10/3831-9/4087 nömrəli, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, ünvan 1 ünvanında xüsusi mülkiyyətdə olan 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən xüsusi mülkiyyətdə olan, ümumi sahəsi 250,3 kv.m olan fərdi yaşayış evinin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 169000 manat (675 x 250,3), 10% azalma əmsalı tətbiq edilməklə həmin evin likvid dəyəri təqribən (169000-10%) 152000 manat məbləğində müəyyən olunur. Rəyə əlavə edilən “ekspertiza xərclərinə dair” bilidirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 200 manat təşkil edir. İş materiallarında olan "xxxx" MMC-nin əmlakın dəyərinin müəyyən edilməsinə dair xx.xx.2025-ci il tarixli qiymətləndirmə rəyinə əsasən, ünvan 1 ünvanında xüsusi mülkiyyətdə olan 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən xüsusi mülkiyyətdə olan, ümumi sahəsi 250,3 kv.m olan fərdi yaşayış evinin xx.xx.2025-ci il tarixə bazar dəyərinin 71000 manat, likvid dəyərinin 60000 manat məbləğində olması müəyyən olunmuşdur. İşə əlavə edilmiş məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən təqdim olunmuş məktubdan və həmin məktuba əlavə edilmiş alqı-satqı müqavilələrindən görünür ki, son 1 il ərzində ünvan 1 ünvanı ərazisinə yaxın ərazilərdə yerləşən 3 fərdi yaşayış evinin alqı-satqı qiymətləri müvafiq olaraq, ümumi sahəsi ümumi sahəsi 0,02767 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 50,5 kv.metr olan fərdi yaşayış evinə münasibətdə 20000 manat, ümumi sahəsi 0,03 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 91,5 kv.metr olan fərdi yaşayış evinə münasibətdə 14000 manat, ümumi sahəsi 0,03 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 91,3 kv.metr olan fərdi yaşayış evinə münasibətdə 25000 manat təşkil etmişdir. Göründüyü kimi iddia qismən təmin edilmiş, ipoteka predmeti olan Cavabdeh1 xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 71000 manat məbləğində müəyyən edilmişdir. Qətnamədən Cavabdeh1 narazı qalmış və apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin əsas dəlili ipoteka predmeti olan evin ilkin satış qiymətinin aşağı qiymətləndirilməsi ilə bağlıdır. Kollegiya hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlili əsassızdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, ipoteka müqaviləsi 19 may 2022-ci ildə bağlanmış və tərəflər ipoteka predmeti olan evi öz aralarında 52500 manat qiymətləndirilmişdir. İddia ərizəsi 2023-cü ilin dekabr ayında məhkəməyə daxil olmuş, evin ilkin satış qiyməti isə təxminən 2024-cü illərdə 3 dəfə qiymətləndirilmişdir. MEM-nin rəyi ilə evin bazar dəyəri 169000, likvid dəyəri isə 152000 manat, "xxxx" MMC-nin rəyi ilə bazar dəyəri 75090, likvid dəyəri isə 63827 manat, "xxxx" MMC-nin rəyi ilə bazar dəyəri 71000, likvid dəyəri isə 60000 manat qiymətləndirilmişdir. Birinci instansiya məhkəməsi evin ilkin satış qiyməti kimi "xxxx" MMC-nin rəyinə əsasən müəyyən edilən evin bazar dəyəri olan 71000 manatı əsas götürmüşdür. İddiaçı da qeyd edilən qiymətləndirmə ilə razılaşmış və qətnaməni mübahisələndirməmişdir. Müəyyən edilir ki, ipoteka müqaviləsi 19 may 2022-ci ildə bağlanmış ipoteka predmeti olan evi öz aralarında 52500 manat qiymətləndirilmişlər. Həmin tarixdən keçən təxminən 1.6-2 il müddətində evin dəyəri apellyatorun dediyi kimi 3 dəfə artaraq 169000 manat olması ağlabatan hesab edilə bilməz. Bundan başqa birinci instansiya məhkəməsi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinə sorğu vermiş və Ərazi İdarəsi tərəfindən təqdim olunmuş məktubdan və həmin məktuba əlavə edilmiş alqı-satqı müqavilələrindən görünür ki, son 1 il ərzində ünvan 1 ünvanı ərazisinə yaxın ərazilərdə yerləşən 3 fərdi yaşayış evinin alqı-satqı qiymətləri müvafiq olaraq, ümumi sahəsi ümumi sahəsi 0,02767 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 50,5 kv.metr olan fərdi yaşayış evinə münasibətdə 20000 manat, ümumi sahəsi 0,03 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 91,5 kv.metr olan fərdi yaşayış evinə münasibətdə 14000 manat, ümumi sahəsi 0,03 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 91,3 kv.metr olan fərdi yaşayış evinə münasibətdə 25000 manat təşkil etmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi məqsədi ilə təyin edilmiş ekspertizanın nəticəsinə dair rəydə və qiymətləndirmə hesabatında göstərilən məbləğlər arasında kəskin fərq olduğuna görə, həmin rəy və hesabatla yanaşı ipoteka müqaviləsi, ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi üçün iddiaçı tərəfindən təqdim olunmuş digər qiymətləndirmə rəyi və məhkəmənin sorğusuna əsasən reyestr orqanı tərəfindən təqdim olunmuş məlumatlar birgə təhlil edilərək nəzərə alınmalıdır. Məhkəmə, adı çəkilən sənədlərdə gəlinən nəticələri və onlarda qeyd edilən satış qiymətlərini ağlabatanlıq meyarlarına əsasən qarşılıqlı təhlil əsasında qiymətləndirərək bu qənaətə gəlir ki, ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin 71000 manat olaraq müəyyən edilməsi məqsədə uyğun və ədalətli hesab etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə bağlı gəlmiş olduğu nəticə ilə razılaşır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Hazırkı halda birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsinin ümumi məbləği 10000 manatdan çox olduğundan, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Apellyasiya şikayəti təmin edilmədiyindən şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, mülki mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və mülki kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və mülki kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 404-407-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası Qət etdi: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 24 fevral 2025-ci il tarixli, e-2-2(121)-23/2025 saylı qətnaməsi cavabdehə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti təmin edilmədiyindən şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar